Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstandan Bakıya qayıdarkən Binə Hava Limanında jurnalistlərin suallarına cavabı - 23 mart 2000-ci il


Sual: Cənab prezident, Gürcüstana rəsmi səfəriniz başa çatdı. Səfərin nəticələri barədə nə deyə bilərsiniz?

Cavab: Mən belə başa düşdüm ki, səfərin gedişi Azərbaycan televiziyası vasitəsilə canlı yayımlanıbdır. Siz bunların əsas hissəsini görmüsünüz, eşitmisiniz və bu barədə təəssüratlarınız vardır. Mənə gəldikdə isə, hesab edirəm ki, bu, çox vacib bir səfər idi.

Gürcüstan ilə Azərbaycan arasında çox sıx dostluq, əməkdaşlıq münasibətləri vardır və bu əlaqələr həmişə inkişaf edibdir. Biz tez-tez görüşürük - mən Gürcüstanda oluram, Gürcüstan prezidenti də Azərbaycana gəlir. Sonra bizim ölkələrin baş nazirləri görüşürlər və qarşılıqlı səfərlər edirlər. Biz beynəlxalq təşkilatların toplantılarında da çoxlu görüşlər keçiririk. Ancaq Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri 1996-cı ilin mart ayında olubdur. Ona görə də indi belə bir rəsmi səfər zəruri idi. Mən dəvət almışdım və ona görə də Gürcüstana getdim.

Hesab edirəm ki, bütün danışıqlarımızın hamısı çox səmərəli oldu. Biz Şevardnadze ilə təkbətək görüş keçirdik, bütün məsələləri müzakirə etdik. Sonra isə nümayəndə heyətlərimizin iştirakı ilə görüş oldu və nəhayət, biz çox mühüm bir bəyanat imzaladıq. Bu bəyanat mətbuatda dərc olunacaqdır, siz onu oxuyacaqsınız. Bizim əməkdaşlığımızın bütün sahələri, yəni indiyədək görülən işlər, əldə olunan nəticələr və ölkələrimizin bundan sonrakı əməkdaşlığının əsas istiqamətləri orada öz əksini tapıbdır. Söhbət ondan gedir ki, biz bütün sahələrdə - siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır. Biz bunları əks etdirdik.

Tbilisi Dövlət Akademik Opera və Balet Teatrında Gürcüstan ictimaiyyəti ilə görüşdə prezident Eduard Şevardnadzenin çıxışı və mənim çıxışım, təbii ki, Gürcüstan-Azərbaycan dostluğunun gözəl bir nümunəsinə çevrildi. Siz gördünüz ki, mən "İstiqlal" ordenini ona təqdim etdim.

Bu gün parlamentdə mənim çıxışım da çox böyük hərarətlə qarşılandı. Onların bildirdiyinə görə, hamı - təkcə Şevardnadzenin tərəfdarları yox, bütün müxalifət nümayəndələri də mənim dediyim sözləri alqışlarla qarşılayırdılar. Təkcə orada yox, Dövlət Akademik Opera və Balet Teatrında keçirilən görüşdə də bu ölkənin müxalifət nümayəndələrinin hamısı iştirak edirdi. Onların da hamısı mənim dediyim bütün sözləri dəstəkləyirdilər, alqışlayırdılar, əl çalırdılar. Eduard Şevardnadze, Baş nazir, parlamentin sədri bunu mənə söyləyirdilər. Çünki salondakılardan kimin müxalifət, kimin iqtidar nümayəndəsi olduğunu onlar bilirlər. Mən onları o qədər də seçə bilmirəm və belə məqsəd də daşımıram. Yəni bunların hamısı ümumiyyətlə, Gürcüstanın ictimaiyyəti tərəfindən çox müsbət qarşılanıbdır. Təbiidir ki, bu görüşün mənası, bəlkə də əsas mənalarından biri ondan ibarətdir ki, aprelin 9-da Gürcüstanda prezident seçkiləri keçiriləcəkdir. Mənim bu ölkəyə səfərim, Azərbaycanın Gürcüstana münasibəti, Azərbaycan prezidenti kimi mənim Eduard Şevardnadzeyə şəxsi münasibətim, onun haqqında dediyim sözlər və sair - əlbəttə ki, bunlar hamısı Eduard Şevardnadzenin seçilməsinə bizim tərəfdən göstərilən dəstəkdir. Mən bunu orada açıq demişəm, bildirmişəm.

Hesab edirəm, bu seçkilərdə Şevardnadze seçilməlidir və ümid edirəm ki, seçiləcəkdir. Burada da biz Gürcüstan xalqına və Gürcüstan prezidentinə öz dostluq münasibətimizi göstərdik. Bu qədər. Yenə də sözünüz var?

Sual: Cənab prezident, Siz Rusiyada seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz və bu vəziyyət demokratik normalara, Sizcə, nə dərəcədə uyğundur?

Cavab:  Bilirsiniz, təəssüf ki, mən bu barədə çox az informasiyaya malikəm. Gördüyünüz kimi, iki gündür respublikadan ayrılmışam və televiziya ilə heç nə görməmişəm və sair. Bundan əvvəl, hesab edirəm ki, orada hər şey normal gedir. Şübhə etmirəm ki, Vladimir Putin prezident seçiləcəkdir. Ona görə ki, seçkilərə hazırlıq demokratik yolla gedir. Bəs sizin bu hazırlığın demokratik getmədiyini söyləməyə hər hansı əsasınız varmı? Əgər sizin əsasınız yoxdursa, mənim də əsasım yoxdur.

Sual: Cənab prezident, Siz tariflər barədə Tbilisidə çox gözlənilməz bir qərar verdiniz. Mümkünsə, bu barədə bir qədər ətraflı söhbət açasınız.

Cavab: Bəli, qərar verdim və məsuliyyəti də öz üzərimə götürdüm.

Sual: Bunun əsas səbəbi nə idi?

Cavab: Əsas səbəbi o idi ki, biz noyabr ayında İstanbulda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında sazişi imzaladıq. Bunu Türkiyənin, Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın prezidentləri və Amerikanın prezidenti cənab Bill Klinton imzaladılar. Bu sazişin bir sıra kommersiya cəhətləri vardır. Bundan sonra onları həll etmək lazım idi. Onları da bizim nümayəndə heyətləri - Türkiyənin, Gürcüstanın, Azərbaycanın nümayəndə heyətləri həll edirdilər, müzakirə edirdilər.

Türkiyədə, Azərbaycanda, Gürcüstanda bir neçə dəfə görüşlər keçirilmişdi. Aparılan bu görüşlər nəticəsində ardıcıl surətdə həmin məsələlər barədə hər bir tərəfdən olan bəzi müəyyən narazılıqların, yaxud təkliflərin hamısı ilə əlaqədar razılıq əldə edilmişdi.

Gürcüstan bir neçə təklif irəli sürmüşdü. Onlar həm ekologiya, həm əsas ixrac boru kəmərinin təhlükəsizliyinin təmin olunması, həm bu kəmərin keçdiyi ərazilərdə yerin alınması, həm də tariflər ilə əlaqədar təkliflər irəli sürmüşdülər. Bu təkliflərə bir neçə dəfə baxılmışdı. Nəhayət, Gürcüstan tərəfi həmin dörd təklifdən üçünü götürmüşdü, yəni Türkiyənin, Azərbaycanın təklifləri ilə razılaşmışdı. Ancaq onlar tariflər barədə danışıqlar aparır, deyirdilər ki, Gürcüstan tranzit ölkəsidir, iqtisadi cəhətdən onun imkanları azdır. Ona görə də onlar daha yüksək tarif əldə etmək istəyirdilər. Ancaq, təbiidir ki, bu tarifin də bir iqtisadi qanunu var. Bu tariflər əsas ixrac boru kəmərinin uzunluğu, yəni nə qədər kilometr olması, onun neft ixracetmə imkanları və başqa parametrlərə görə hesablanır. Türkiyənin tarifləri hesablanmışdı, onlar bunu qəbul etmişdilər. Gürcüstanın və Azərbaycanın da tarifləri hesablanmışdı.

Ancaq Gürcüstan daim bizə müraciət edirdi ki, onların tariflərini qaldıraq. Onların tariflərini artırmaq üçün gərək biz ya Türkiyənin tariflərindən nə isə kəsəydik, ya da Azərbaycanın tarifindən götürəydik. Biz Türkiyəyə toxunmadıq, öz tariflərimizdən bir hissəsini onlara təklif etdik. Amma bu da onları qane etmədi. Vəziyyət belə idi ki, bundan çıxış yolu tapmaq lazım idi. Çünki bu kommersiya müqavilələri gərək tezliklə imzalansın, aprelin axırına qədər tamam olsun və parlamentlərin ratifikasiyasına verilsin. Ratifikasiya da tez olmalıdır ki, artıq iyun ayının axırında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasının başlanması üçün investorlar öz işlərini görsünlər və tikinti işləri başlansın. Əgər biz bu sahədə müəyyən qədər geciksək, investorların prinsiplərinə görə, onda ola bilər ki, həmin gecikmə bizə daha da çox zərər gətirsin, ola bilər, bu işin başlanması hətta bir il təxirə düşsün.

Ona görə də onların dəfələrlə müraciətini və dünən mənə çoxlu xahişlərini nəzərə alaraq ölçdüm-biçdim, fikirləşdim və qərar qəbul etdim ki, Azərbaycan öz tariflərini Gürcüstana verir və beləliklə də Gürcüstana yenidən yardım edir. Mən belə bir qərar qəbul etdim və bununla da məsələ həll olundu.

Sual: Cənab prezident, Bakı-Ceyhan neft kəməri ilə bağlı problemlər həll edildikdən sonra ehtimal olunan "İran variantı" gündəlikdən çıxır, yoxsa qalır?

Cavab: Bilirsiniz, gəlin tələsməyək. Biz beş ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi üzərində işləyirik. Görürsünüz, biz noyabr ayında sazişi imzalamışıq, indi mart ayı sona çatır, hələ bu işi başa çatdıra bilmirik. Burada bir çox ciddi hərəkətlər etmək, risklərə getmək lazımdır. Mən dünən çox böyük bir riskə getdim və məsuliyyəti də öz üzərimə götürdüm. Bilirsiniz, Azərbaycan 40 il ərzində ona məxsus olan tariflərdən imtina etmədi, onları Gürcüstana bağışladı. Mən bunu etdim ki, məsələ həll olunsun. İndi hələ bu məsələləri həll edirik. Sən İran haqqında niyə narahat olursan? Vaxt gələcək, o suallara da cavab verəcəyik.

Sual: Cənab prezident, bu, birtərəfli güzəşt idi, yaxud da bunun əvəzində Azərbaycan nə isə alacaq?

Cavab: Güzəşt birtərəflidir. Burada ikitərəfli güzəşt ola bilməz. Onlar bizdən xahiş edirlər, bunun əvəzində onlar bizə nə verə bilərlər? Bir halda ki, onlar xahiş edirlər ki, biz onlara kömək edək, burada ikitərəfli güzəşt ola bilməz.

Sual: Başqa çıxış yolu yox idi? Onların inadkarlığı nə ilə bağlıdır?

Cavab: İstəyirlər özlərinə müəyyən qədər iqtisadi yardım alsınlar. Aydındır.

Sual: Cənab prezident, bu layihədə Qərb də maraqlıdır. Bəs Qərb Azərbaycana nə isə vəd edə bilərmi?

Cavab:  Ay kişi, nə vəd edəcəkdir? Biz böyük bir layihə həyata keçiririk. Demək olar ki, XX əsrin sonunda, prezident Bill Klintonun İstanbulda dediyi kimi, dünyanın ən böyük layihələrindən birini həyata keçiririk. Biz durub burada Qərbdən nə gözləyəcəyik? Layihənin öz xüsusiyyətləri vardır. Həmin layihənin həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün böyük faydalar verəcəkdir. İndi burada işə hələ başlamamış deyək ki, biz bunu etdik, Qərb də bizə bir kömək göstərsin, - bu, gülünc bir şeydir. Yaxşı olar ki, mənə elə-belə sualları verməyəsiniz.

Sual: Cənab prezident, Sizin gəlişinizi hamı səbirsizliklə gözləyirdi. Əfv ilə bağlı məlumat yayıldı, ən çox da bəzi ailələr gözləyirlər ki, Siz gələn kimi bu barədə fərman imzalayacaqsınız. Bu məlumat nə dərəcədə düzgündür? Bütün qəzetlər yazır ki, əfv olunanlar arasında İsgəndər Həmidov ilə Ənvər Qafarlı da vardır.

Cavab: Bilirsən, mən neçə dəfə əfv etmişəm, amnistiya haqqında Milli Məclisə neçə dəfə təkliflər vermişəm. Son illərdə 50 mindən artıq insan cəza yerlərindən məhz mənim təşəbbüsümlə qəbul edilən amnistiyalar və əfvlər nəticəsində azad olunubdur. Mən bu siyasətimi ardıcıl surətdə aparıram və aparacağam, bir qrup adamları da əfv edəcəyəm. Amma kimi əfv edəcəyəm - o, mənim işimdir. Sağ olun.