Xalq artisti Arif Məlikova - 12 sentyabr 2003-cü il


Hörmətli Arif Məlikov!

Sizi - Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan görkəmli bəstəkarı 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz xalqımızın yetirdiyi böyük sənətkarlar nəslinin gözəl və nəcib sənət ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan musiqi salnaməsinə parlaq səhifələr yazmısınız. Zəmanəmizin dahi bəstəkarı Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçısı olub, hələ gənc yaşlarından bəstələdiyiniz əsərlərlə siz musiqi həvəskarlarının dərin hörmət və sevgisini qazanmısınız. Milli musiqi mədəniyyətinin çoxəsrlik tarixə malik bünövrəsi üzərində yüksələn sənətkar kimi mahir professionallıqla simfoniya, balet, operetta, kantata, vokal, kamera və digər janrlarda yaratdığınız bu nümunələr Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasına əbədi daxil olmuşdur. Bəşəri idealları özündə əks etdirən, zamanın yüksək sənət qarşısında qoyduğu tələblərə layiqincə cavab verən musiqi əsərləriniz dünyanın ən məşhur teatrlarında səhnə təcəssümünü tapmışdır.

Bir çox görkəmli sənətkarlar kimi siz də musiqi yaradıcılığınızla yanaşı, pedaqoji fəaliyyəti uğurla həyata keçirirsiniz. Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi öz zəngin təcrübənizdən bəhrələnərək yeni gənc bəstəkarlar nəslinin yetişdirilməsində indi də əvəzsiz xidmətlər göstərirsiniz.

Doğma Azərbaycanın üzləşdiyi ən ağır sınaq günlərində nümayiş etdirdiyiniz vətəndaşlıq mövqeyi sizə xalq arasında böyük hörmət və rəğbət qazandırmışdır.

Yarım əsrlik bir dövrü əhatə edən səmərəli və məhsuldar yaradıcılıq yolunuz bəstəkar kimi xalqa sədaqətlə xidmətin, musiqi sənətinə sonsuz bağlılığın nümunəsinə çevrilmişdir. Sizin yaradıcılığınız dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. Ən ali mükafatınız isə, heç şübhəsiz, fitri istedad və musiqi sənəti ənənələrinə sədaqətiniz sayəsində qazandığınız dünya şöhrətidir.

İnanıram ki, geniş yaradıcılıq potensialına malik bir bəstəkar və pedaqoq olaraq siz bundan sonra da Azərbaycan musiqi mədəniyyətinin inkişafı, ölkəmizdə gənc sənətkarların hazırlanması üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 13 sentyabr 2003-cü il.