"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti, bəstəkar Arif Məlikova təbrik məktubu"(12 sentyabr 2003-cü il) sənədinə tarixi arayış


Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbinin tar sinfində təhsil alıb. Həmin illərdə o, ilk yaradıcılıq addımlarını atmağa başlayıb. Belə ki, orada təhsil alan zaman piano üçün ilk prelüdlərini bəstələyib və sevimli tar aləti üçün kiçik miniatürlər yazıb.

1951-ci ildə Şuşaya dərs deməyə göndərilən Arif Məlikov iki ildən sonra Bakıya qayıdaraq sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına təqdim edib. Qəbul imtahanlarını uğurla başa vuraraq Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və orada məşhur bəstəkar Qara Qarayevdən musiqi sənətinin sirlərini öyrənməyə başlayıb. Konservatoriyada təhsil alan zaman bir sıra gözəl və rəngarəng musiqi əsərləri -prelüdlər, sonatina, suita, mariasiya, romans və mahnılar bəstələyib.

Arif Məlikovun ilk böyük uğuru 1956-cı ildə keçirilən Azərbaycan bəstəkarlarının birinci qurultayında olub. Həmin qurultayda onun "Suita"sı ilk dəfə olaraq səslənib.

Bəstəkarın tələbəlik illərində yazdığı "Nağıl" simfonik poeması musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu simfonik poema Moskvada, həmçinn, Avropa ölkələrində böyük uğur qazanıb. Arif Məlikovun "Füzuliyə ithaf" simfonik poeması Məhəmməd Füzulinin 400 illik yubileyinə həsr edilib.

Sənət yolunun müxtəlif mərhələlərində bəstəkar səhnə musiqisinə maraq göstərib, baletlər ( "İki nəfər", "İki qəlbin dastanı", "Əlibaba və qırx quldur"), operetta ("Dalğalar"), dram tamaşalarına musiqi bəstələyib. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti isə dünya şöhrəti qazanıb. Bu balet dünyanın 70-ə yaxın ölkəsində böyük uğurla tamaşaya qoyulub və musiqi pərəstişkarlarının rəğbətini qazanıb. ABŞ-ın Nyu-York, Çikaqo və digər şəhərlərində, Fransanın paytaxtı Parisdə, Moskvada, Rusiyanın digər şəhərlərində, Polşa, Finlandiya, Avstriya, Rumıniya və digər ölkələrdə bu balet oynanılaraq, Azərbaycan musiqisinə şöhrət qazandırıb. Balet 2002-ci ildə İstanbul şəhərində yeni quruluşda nümayiş etdirilib və böyük uğur qazanıb.

Arif Məlikov bir sıra Azərbaycan filmlərinə də musiqi bəstələyib. "Sehrli xalat", "Ulduzlar sönmür", "Axırıncı aşırım", "İşarəni dənizdən gözləyin" və s. filmlərə bəstələdiyi musiqi onun bu janrı da sevdiyinin bariz nümunəsidir.

Arif Məlikov həm də görkəmli ictimai xadimdir. Hələ SSRİ xalq deputatı olarkən Moskvanın Qurultaylar Sarayında Qarabağ həqiqətləri barədə danışıb, erməni terrorçularını ifşa edərək yüksək tribunadan tənqid edib.

Məşhur bəstəkar musiqi sahəsində göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara, fəxri adlara layiq görülüb, o cümlədən 1998-ci ildə Azərbaycanın ali mükafatlarından biri olan "İstiqlal" ordeni ilə təltif edilib.

Arif Məlikov bu gün də öz fəaliyyətini davam etdirir. Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 70 illik yubileyi münasibətilə Arif Məlikova təbrik məktubu göndərib. Məktubunda Arif Məlikovu Azərbaycan musiqi sənətinin aparıcı simalarından biri hesab edən prezident onu həmçinin dünya səviyyəli bəstəkar kimi xarakterizə edib: "Yarım əsrlik bir dövrü əhatə edən səmərəli və məhsuldar yaradıcılıq yolunuz bəstəkar kimi xalqa sədaqətlə xidmətin, musiqi sənətinə sonsuz bağlılığın nümunəsinə çevrilmişdir. Sizin yaradıcılığınız dəfələrlə ali mükafatlara layiq görülmüşdür. Ən ali mükafatınız isə qazandığınız dünya şöhrətidir". 

Tarixi arayış 24 dekabr 2007-ci ildə tərtib edilib.