Hörmətli müəllimlər!
Əziz şagirdlər!
Milli təhsil sistemimizin inkişafına öz töhfəsini vermiş Sabirabad rayonundakı Nizami Gəncəvi adına 5 nömrəli şəhər orta məktəbinin yaradılmasının 20 illik yubileyi münasibətilə sizi, məktəbinizin məzunlarını və ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm.
70-80-ci illərdə Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri sırasında yeni təhsil ocaqlarının tikintisinə xüsusi diqqət yetirilirdi. Bu məsələyə böyük əhəmiyyət verərək 1979-cu ildə məktəbinizin təntənəli açılış mərasimində iştirakımı da yaxşı xatırlayıram.
Çox şadam ki, ötən dövrdə məktəbiniz təlim-tərbiyə və tədris işinin təşkilində, böyüməkdə olan nəslin savədlanmasında, gənclərimizin şəxsiyyət kimi formalaşmasında və onlara vətənpərvərlik hisslərinin aşılanmasında uğurlar qazanmışdır.
Məktəbinizin məzunları arasında yüzlərlə yüksək ixtisaslı mütəxəssis yetişmişdir və bu gün onlar müstəqil Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir, həyatımızın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərirlər.
Hazırda ölkəmizin təhsil sistemində geniş islahatlar keçirilir. Əminəm ki, maarif işimizdə öz yeri olan Nizami Gəncəvi adına 5 nömrəli şəhər orta məktəbi də təhsil islahatlarını müvəffəqiyyatlə həyata keçirəcək, Azərbaycanımızın gələcəyi naminə hərtərəfli hazırlığa malik bilikli və vətənpərvər gənclər yetişdirilməsi vəzifəsinin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Bu əlamətdar gündə Sabirabad rayonundakı Nizami Gəncəvi adına 5 nömrəli şəhər orta məktəbinin müəllim və şagirdlərinə, məzunlarına, bütün sabirabadlılara böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.