Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq rəssamı Tokay Məmmədova təbriki - Bakı şəhəri, 7 avqust 2002-ci il


Hörmətli Tokay Məmmədov!

Sizi - heykəltəraşlıq sənətinin tanınmış nümayəndəsini 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərlərinizlə milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olan görkəmli sənətkarlardansınız. Heykəltəraşlığın müxtəlif janrlarında yaratdığınız əsərlər zəngin bədii ənənələrə malik milli heykəltəraşlıq tarixində özünəməxsus yer tutur.

Siz Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını diqqətəlayiq gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk etmisiniz. Sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləriniz Azərbaycan heykəltəraşlığının gözəl və kamil nümunələridir. Öz bədii-estetik təsir gücü, plastik formaların rəngarəngliyi və milli koloriti ilə seçilən bu monumental abidələr insanlara xoş duyğular aşılayır.

Bakının küçə və meydanlarını bəzəyən abidələriniz paytaxtımızın görkəminin ayrılmaz hissəsinə çevrilərək onu daha da gözəlləşdirir, milli-mədəni irsə dərin ehtiram və məhəbbət duyğuları oyadır. Bu, doğma torpağa, xalqına bağlı olan sənətkar kimi Sizin müstəqil Azərbaycanımıza, onun mədəniyyətinin çiçəklənməsi naminə verdiyiniz əvəzsiz töhfədir.

Ölkəmizdə gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işinə xidmət edən pedaqoji fəaliyyətiniz də təqdirəlayiqdir. Siz böyük sənət yolunda əldə etdiyiniz zəngin təcrübəni gənc istedadlarla həvəslə bölüşürsünüz. Dünyanın bir çox ölkələrində təşkil edilmiş sərgilərdə nümayiş etdirilən əsərləriniz Azərbaycan mədəniyyətinə şöhrət gətirmişdir.

İnanıram ki, Azərbaycan höykəltəraşlığı xəzinəsinin gizli fonduna daxil olan bir çox əsəriniz hələ xalqımızın neçə-neçə nəslinin zövqünü oxşayacaq, böyük sənət məktəbinin nümunələri kimi həmişə örnək olacaqdır.

Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 avqust 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT