Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şotlandiyada yaşayan soydaşlarımızla görüşdəki söhbətindən - 23 iyul 1998-ci il


Hörmətli prezidentimiz, biz Sizi böyük səmimiyyətlə salamlayır və Sizinlə görüşdən çox böyük şərəf duyduğumuzu bildiririk.

Heydər Əliyev: Hörmətli soydaşlarımız, mən də sizi səmimi qəlbdən salamlayıram. Sizə uğurlar arzulayıram, sizin qayğılarınız, əlbəttə ki, çoxdur. Mən vətəndən uzaqda yaşayan sizlərin qayğısı, güzəranı ilə tanış olmaq istərdim.

Əziz prezidentimiz, biz gənc, müstəqil Azərbaycan Respublikasına Sizin kimi dünyada tanınan görkəmli dövlət xadiminin başçılıq etməsindən böyük iftixar hissi duyduğumuzu demək istəyirik. Biz Sizin müdrik rəhbərliyinizlə doğma vətənimizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyirik. Çox sağ olun ki, Siz müstəqil Azərbaycanı qısa vaxtda bütün dünyada tanıtdınız. Biz çox sevinirik ki, doğma respublikamız indi dünya birliyində özünə layiq yer tutub və ən nüfuzlu ölkələr, şirkətlər Azərbaycanla qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük maraq göstərirlər.

Heydər Əliyev: Əziz həmvətənlərimiz, qardaşlar və bacılar!

Mən sizin hamınıza səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Sizə Azərbaycanla sıx əlaqə saxlamağı, xarici ölkələrdə doğma vətənimizin layiqli təmsilçisi olmağı tövsiyə edirəm. Biz xaricdə yaşayan soydaşlarımızla daha sıx əlaqələr yaratmaq məqsədilə qarşımıza məqsədyönlü vəzifələr qoymuşuq. Bir sözlə, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması, onun fəaliyyətinin gündən-günə daha da güclənməsi və əlaqələrin dərinləşməsi üçün bütün tədbirləri görməyə səy edirik. Son illər Azərbaycanın əldə etdiyi nailiyyətləri təbliğ etmək lazımdır. Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərin birləşdirilməsinin vacib olduğunu xüsusi vurğulamaq istəyirəm. Əzizlərim, vətənimizi, doğma dilimizi, xalqımızın layiqli adət-ənənələrini heç vaxt unutmayın, respublikamızla daim sıx əlaqə yaradın.