Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə şəhəri İcra hakimiyyətində keçirilən müşavirədən sonra jurnalistlərin suallarına cavabı - 12 sentyabr 2002-ci il


Sual: Cənab Prezident, Sizin indiki çıxışınız bizdə o qədər gözəl təəssürat yaratdı ki, hər şey ürəyimizcə oldu. Konkret olaraq, hansı addımlar atıla bilər?

Heydər Əliyev:Burada hamısını dedim. Fərhad Əliyevə göstəriş verdim, onlar xüsusi bir sənəd hazırlayacaqlar.

Jurnalist: Çox acınacaqlı haldır.

Heydər Əliyev:Siz qulaq asdınız. Mən düz deyirdim, yoxsa yox?

Jurnalist: Tamamilə düz deyirdiniz. Ürəyimizdən tikan çıxardınız.

Heydər Əliyev:Demək, mən səhv etməmişəm.

Jurnalist: Xeyr, xeyr, əksinə, hər şeyi açıq dediniz. Biz hər şeyi hava limanına düşərkən gördük. Camaatı danışdıranda dəhşətə gəlirsən.

Heydər Əliyev: Camaatı danışdırmısınız? Mən bilirəm necə danışdırmısınız, bəzən onlar demək istəmədiyi şeyləri də siz danışdırmısınız.

Jurnalist: Siz elə camaatın dediklərini çıxışınızda bildirdiniz. Ümumiyyətlə, İcra hakimiyyəti başçısının taleyi necə olacaq?

Heydər Əliyev: Belə şeylərlə tale həll olunmur. Sadəcə, tənqid etmişəm ki, düzəltsin. İndi gərək düzəltsin.

Jurnalist: Mən bir həftə əvvəl Naxçıvanda olmuşam. Sizin Naxçıvana səfərinizdən sonra. Moskvadan gələn qonaqları aparmışdım. Vəzifəli şəxslər deyildilər, adi qonaqlar idilər. Gördülər ki, necə gözəl təmizlik, abadlıq var. Adətən, belə olanda deyirlər ki, prezidentin gəlişinə görə ediblər. Amma belə deyil, doğrudan da Naxçıvan çox təmizdir, abaddır. Mən iki ildən bir Naxçıvana gedirəm, indi oranı tanımadım. Batabata qədər yeni yol çəkilibdir. Moskvalı qonaqlar Yerevanda da olmuşdular. Biri məşhur jurnalist və yazıçıdır, Lyudmila Lavrova idi. O, dörd-beş gün Naxçıvanı gəzdikdən sonra mənə dedi ki, Naxçıvan blokadadadır? Dedim, bəli, blokadadadır. Dedi ki, siz deyirsiniz, uduzmusunuz. Yox, siz uduzmamısınız, uduzan ermənilərdir. Mən bir neçə gün əvvəl Yerevanda oldum. Yerevan ölü şəhərə çevrilibdir. Amma Bakı gələcəyin şəhəridir. Naxçıvan da inkişafda olan şəhərdir. Cənab Prezident, mən onu Naxçıvanda müayinə üçün tibbi mərkəzə apardım. O, Moskvada iki il idi ki, müayinə oluna bilmirdi. Amma Naxçıvanda bunu etdi.

Heydər Əliyev: Bilirsiniz, mən Naxçıvanı nümunə gətirmək istəmirəm. Çünki deyəcəklər ki, Heydər Əliyevin vətənidir. Ancaq elektrik enerjisi ilə bağlı dedim. İş bundadır ki, Naxçıvana yol bağlıdır. Dəmir yolu yoxdur, avtomobil yolu yoxdur. İrandan bəzən buraxırlar, bəzən buraxmırlar. Tikinti materialları, başqa şeylər yoxdur. Mən Naxçıvanda yaşamışam, bilirəm.

Jurnalist:  Muxtar respublikanin ucqar kəndlərində neçə təzə məktəb tikiblər. Mən özüm görmüşəm.

Heydər Əliyev: Artur Rasizadə idi, Fatma Abdullazadə, Misir Mərdanov idi – dərslərin başlanması ilə əlaqədar onlara dedim ki, görün nə qədər məktəb tikilibdir. Deyirlər ki, Naxçıvanda əlli məktəb, qalan yerlərdə isə cəmi üç məktəb tikilibdir. Belə şey olmaz. Sonra gətiriblər, deyiblər, bax, budur, budur, budur. İndi belədir, kim işləyir, düzəldə bilir. Gəncənin bu küçələrini, hesab edirəm, on günə tamam qaydaya salmaq olar.

Sual: Elə bil ümidsizlik var. Özü də Siz çox düz dediniz, Gəncə qədim vaxtlardan məşhur ticarət şəhəri olubdur. Cənab Prezident, Gəncə Avtomobil zavodunun taleyi necə olacaq?

Heydər Əliyev: Biz «Reno» şirkətini cəlb etmişik. Onlar işə başlayacaqlar. Bilirsiniz, o vaxt bu avtomobil zavodunu çətinliklə Moskvada Siyasi Büronun iclasından keçirdik. Ancaq indi müasir dövrdə bu cür avtomobil zavodunu işlədə bilmirik. «Reno» şirkəti ilə danışıq aparmışıq, onlar gəliblər. Onlar orada müəyyən sex yaradacaqlar, görək nə çıxır.

Sual:Cənab Prezident, sahibkarlığın inkişafına yardımla bağlı regional güzəştlər olacaqmı?

Heydər Əliyev: Bilirsiniz, mən indi bu gecə vaxtı detallara varmaq istəmirəm. Hər halda, tədbirlər görüləcəkdir.

Tarixi arayış

MÜSAHİBƏLƏR