Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli bəstəkar, Azərbaycanın xalq artisi Tofiq Quliyevin 80 illiyinə həsr edilmiş yubiley gecəsində çıxışı - Respublika sarayı, 19 noyabr 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Əziz Tofiq!

Mən sənin 80 illik yubileyin münasibətilə sənə təbrik məktubu göndərmişəm. Onu da bil ki, mən göndərdiyim və ümumiyyətlə, yazdığım məktubların hamısını əvvəldən axıradək özüm yazıram. Siz də, hamınız da bilirsiniz ki, mənim dediyim sözlərin də hamısı öz beynimdən gələn sözlərdir, heç vaxt əlimdə kağız olmayıbdır. Sənin bu yubileyini belə təntənəli şəkildə keçirməklə biz hamımız borcumuzu yerinə yetirmişik. Bəlkə də mən buraya qalxmazdım. Ancaq hesab edirəm, sən bu yubileydə mənim haqqımda o qədər sözlər dedin ki, mən buraya gəldim sənə deyəm ki, bu sənin yubileyindir, bu gün sənin günündür.

Azərbaycan xalqı bəşəriyyətə çox görkəmli insanlar - şairlər, yazıçılar, alimlər, sərkərdələr, siyasətçilər bəxş etmişdir. Əziz Tofiq, onların sırasında sənin xüsusi layiqli yerin var.

Bu gün bu təntənəli mərasimdə, bu gözəl axşamda biz sənin həyatını başdan-ayağa izlədik. Əziz qardaşım, 80 yaşın tamam olarkən fəxr edə bilərsən ki, sən şərəfli bir ömür yaşamısan, böyük işlər görmüsən, xalqına sədaqətlə xidmət etmisən və xalqın üçün gözəl əsərlər yaratmısan. Ona görə biz hamımız sənə minnətdarıq, təşəkkür edirik. Sənin yaratdığın əsərlərə, xalqımıza bəxş etdiyin gözəl mahnılara, musiqinə, bəstəkarlığına, təşkilatçılığına, Azərbaycanın ictimai həyatında daim fəal iştirak etdiyinə görə sənə təşəkkür edirik. Sən böyük işlər görmüsən. Bugünkü bu mərasim sənin üçün bəlkə də azdır. Sən bundan da böyük şöhrətə və hörmətə layiqsən.

Azərbaycan xalqı 60 ildir ki, sənin mahnılarının təsiri altında yaşayır. Sənin mahnıların bizim xalqımıza, təkcə bizim xalqımıza yox, bəşəriyyətə, dünyaya böyük töhfələrdir. Sənin mahnıların, musiqin bizim xalqımıza sevinc gətirir, ilham verir, hər bir insan üçün yaşamağa, yaratmağa güc verir.

Musiqi ümumiyyətlə, insan üçün çox əziz olan bir sənət nümunəsidir. Musiqinin hər bir sahəsi həmişə insanlar tərəfindən sevilibdir. Ancaq mahnı, şərqi insanlara daha yaxın olubdur. Yəni əgər opera musiqisini, simfonik musiqini bir çox adamlar qəbul edir, ancaq o hamıya çatmırsa, amma mahnı və xüsusən sənin kimi bəstəkarın mahnıları demək olar ki, insanları - kiçikdən böyüyə qədər, cocuqdan yaşlıya qədər, qadını da, kişini də, hamını sevindirir və hamıya təsir edir. Ona görə də mahnı daim yaşayır.

Tofiq, sən fəxr edə bilərsən ki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yaradacaqsan. Mən sənə cansağılığı arzu edirəm. Sənə yeni yaradıcılıq uğurları arzu edirəm.

Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır.

Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2004, səh.214-215.

Tarixi arayış

MƏDƏNİYYƏT