Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan rəssamlarının sərgisindəki söhbətindən - 24 iyul 1998-ci il


Xanımlar və cənablar! Əziz soydaşlarımız.

Bu gün burada, London şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli Azərbaycan rəssamlarının əsərlərinin nümayiş etdirildiyi sərginin açılışında iştirak etmək mənə xüsusi zövq verdi. Vətənimizdən çox uzaqlarda, Avropanın ən qabaqcıl ölkələrindən birində xüsusi zövqlü Qərb tamaşaçısını əsasən, neft mövzusunda çəkilmiş Səttar Bəhlulzadənin "Neft ritmləri", Ömər Eldarovun "Fəhlə portreti", Elbəy Rzaquliyevin "Kompozisiya", Tağı Tağıyevin "Neft Daşlarında gecə", Mirismayıl Cəfərovun "Neft Daşları", Ələkbər Rzaquliyevin "Bayılda rezervuarlar", Nadir Qasımovun "Xəzər mənzərəsi", Arif Hüseynovun "Abşeron motivləri", Mirzağa Qafarovun "Xəzər mənzərəsi", Anar Ələsgərovun "Qara sahil", Toğrul Dadaşovun "Konstruksiya" əsərləri ilə tanış edən Azərbaycan Mədəniyyət Mərkəzi bu məqsədlə, göründüyü kimi, rəssamlarımızın ən maraqlı əsərlərini cəlb etmişdir. Xalq rəssamı, görkəmli heykəltəraşımız Ömər Eldarov mənimlə yanaşı, mədəniyyətimizin burada toplanan pərəstişkarlarını, Londonda yaşayan soy-daşlırımızı, eləcə də ölkəmizdə iş görən və sərginin açılışında iştirak edən bir sıra xarici şirkətlərin rəhbərlərini əsərləri sərgidə nümayiş etdirilən rəssamların işləri və fəaliyyəti ilə tanış etdi.

Mən Londonda belə bir sərginin təşkil edilməsini yüksək qiymətləndirir, sərginin təşkilatçılarına təşəkkür edirəm. Burada mənə Londonda buraxılan "Caspian" jurnalının son nömrəsi təqdim edildi. Belə bir jurnalın nəşr olunması, əlbəttə ki, çox təqdirəlayiq işdir. Jurnalın naşirlərindən olan Müslüm Eldarov bu son nömrədə dərc edilmiş materiallar haqqında mənə məlumat verdi. Jurnalın səhifələrində maraq doğuran vacib məsələlər əhatə olunur. Bir daha sərginin təşkilatçılarına təşəkkürümü bildirir, sizə vətənimiz haqqında həqiqətləri, mədəniyyətimizi dünyaya çıxarmaq işində uğurlar diləyirəm.