Beynəlxalq Qırmızı Xaç Komitəsinin ümumiyyətlə dünyada, o cümlədən Azərbaycanda fəaliyyəti çox yüksək qiymətə layiqdir. Mən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda gördüyü işlərlə bağlı tədbirlərdə, görüşlərdə əvvəllər də iştirak etmişəm. Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığı, respublikamızın böyük itkilər verdiyi bir zamanda və müharibə nəticəsində ölkəmizdə insanların həlak olduqları, şikəst, əlil olduqları bir zamanda BQXK-nin fəaliyyəti bizim üçün daha da əhəmiyyətlidir.
BQXK yarandığı dövrdən indiyədək insanlar arasında sülh, əmin-amanlıq yaratmağa, müharibə alovlarını söndürməyə çalışmışdır. Müharibələr, hərbi münaqişələr, silahlı toqquşmalar baş verdiyi zaman BQXK nümayəndələri öz həyatlarını belə təhlükə altına alaraq insanlara yardım etməyə səy göstərmişlər.
Mən keçən il respublikamızda BQXK-nin tarixinə həsr olunmuş bir sərgidə iştirak etdim. Bu sərgi BQXK-nin yarandığı dövrdən indiyədək nə qədər böyük işlər gördüyünü nümayiş etdirdi. Məhz buna görə də BQXK dünyada, beynəlxalq təşkilatlar arasında özünəməxsus çox hörmətli yer tutur. Mən bir daha qeyd edirəm ki, Azərbaycanın bu ağır dövründə BQXK-nin nümayəndəliyinin respublikamıza gəlməsi və geniş fəaliyyət göstərməsi çox əhəmiyyətlidir və ölkəmizin bu ağır vəziyyətdən çıxmasına yardım edir. BQXK-nin Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı da çox böyük əhəmiyyət kəsb edir. Qnun Türkiyənin "Qızıl Ay", İranın "Hilal Əhmər" cəmiyyətləri ilə əməkdaşlığı da mühümdür. BQXK-nin respublikamızda açdığı Protez-Qrtopedik Mərkəz bu təşkilatın fəaliyyətində yeni bir addımdır. Bu münasibətlə mən sizə təşəkkürümü bildirirəm.
Azərbaycanda apardığımız fəaliyyətin tərkib hissəsi kimi bunu yüksək qiymətləndirirəm, sizi təbrik edirəm. Bütün Azərbaycan ictimaiyyətini təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, indi burada fəaliyyətə başlayan Protez-Qrtopedik Mərkəz Azərbaycanda Ermənistanın təcavüzü nəticəsində əlil, şikəst olmuş adamların sağalması, əmək fəaliyyətinə qayıtması üçün çox faydalı olacaqdır.
Bu çox xeyirxah işdir və bunu insanlar heç vaxt unutmayacaqlar. Nəinki burada müalicə olunub əmək fəaliyyətinə qayıdanlar, öz səhhətini normallaşdıranlar, hətta onların nəvələri, nəticələri də bunu yaddan çıxarmayacaqlar. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Sizə bir daha təşəkkür edirəm. Bu münasibətlə hamınızı təbrik edirəm və bu mərasimdə böyük məmnuniyyətlə iştirak edirəm.
* * *
Mən bildirmək istəyirəm ki, sizin burada yaratdığımız Protez-Ortopedik Mərkəzlə tanışlıqdan yaxşı təəssüratlar əldə etdim. Çox layiqli, səliqəli və xüsusən əlillərə, şikəstlərə yaxşı yardım göstərmək imkanına malik olan bir mərkəz yaratmısınız. Mən lövhəni açarkən və qapıdan içəri girərkən də bunu belə təsəvvür edirdim, ancaq gördüklərim təsəvvür etdiklərimdən də üstün oldu.
Bu xeyirxah işinizə, respublikamıza etdiyiniz bu humanitar yardıma görə sizə bir daha təşəkkür edirəm. Mən sizin planlarınız barədə burada söylədiyiniz fikirləri də bəyənirəm. İstərdim ki, siz bu mərkəzin ikinci, üçüncü mərtəbələrini də lazımi səviyyəyə çatdırıb bu məqsədlər üçün istifadə edəsiniz. Həmin mərtəbələrdən özünüzün, yaxud Qızıl Aypara cəmiyyətinin istifadə etməsini fərqi yoxdur, çünki buradan Azərbaycanın mənafeyi üçün istifadə olunacaqdır. Mən sizin bu təkliflərinizi dəstəkləyirəm.
Siz Azərbaycanda gördüyünüz işlər haqqında indi qısa məlumat verdiniz. Bu məni çox məmnun edir. Ümumiyyətlə, mənim bu barədə məlumatım var, ancaq sizin özünüzün bilavasitə verdiyiniz məlumatlar mənim üçün çox maraqlı və əhəmiyyətlidir. Azərbaycan ona edilən təcavüz nəticəsində indi elə bir ağır vəziyyətə düşüb ki, onun daim cürbəcür formalarda və cürbəcür istiqamətlərdə humanitar yardımlara böyük ehtiyacı var. Hərbi təcavüz nəticəsində Azərbaycana vurulan yaraların sağalması hələ bir çox illər çəkəcəkdir. Biz humanitar yardımları nə qədər çox əldə etsək, o yaralar da o qədər tez sağala bilər. Ona görə də sizin təşkilatın bu istiqamətdə etdiyi yardımlar bizim üçün olduqca gərəkli, olduqca əhəmiyyətlidir. Mən sizdən rica edirəm ki, bunu davam etdirəsiniz və genişləndirəsiniz. Hansı sahədə, hansı humanitar yardım edə bilərsinizsə, buna nəinki etiraz ola bilməz, hətta biz bunu əvvəlcədən dəstəkləyirik.
Burada xarici ölkələrin səfirləri və başqa beynəlxalq təşkilatların nümayəndələri də var. Fürsətdən istifadə edərək onu da qeyd etmək istəyirəm ki, Azərbaycana edilən humanitar yardımların bir nöqtədə mərkəzləşdirilməsi lazımdır. Bu mərkəzləşdirmə indiyədək lazımi səviyyədə təşkil olunmadığına görə humanitar yardımların bəzən haradan, nə cür edilməsindən az məlumat alırıq. Bu barədə bizim prinsipimiz ondan ibarətdir ki, hansı sahədə, hansı təşkilat, hansı ölkə humanitar yardım göstərə bilərsə, göstərsin. Yəni buna nə məhdudiyyət qoyulub, nə də biz bunun hamısını bir yerə yığmağa çalışmayacağıq. Ancaq sadəcə olaraq bu yardımlar sahəsində aparılan işlər müəyyən dərəcədə əlaqələndirilməli, müəyyən mərkəzdə məlumatlar toplanmalıdır. Həmin yardımların hansı sahəyə daha əlverişli, yaxud gərəkli olduğu bu mərkəzdən müəyyən ediləndə yardımlar daha səmərəli olacaqdır. Bu işlərin daha da səmərələşdirilməsi, mərkəzləşdirilməsi məsələlərini baş nazirin müavini İzzət Rüstəmova həvalə etmişəm. Mən ona əmr vermişəm ki, humanitar yardım göstərən təşkilatların hamısı ilə əlaqələri genişləndirsin, əgər ehtiyac varsa-mərkəzləşdirilmiş yeni bir struktur da yaratsın və bu məsələlərin əlaqələndirilməsi işləri ilə daha yaxından məşğul olsun. Onda ümumiyyətlə Azərbaycana göstərilən humanitar yardımların həcmi, onların əhəmiyyəti, hansı ölkədən, hansı beynəlxalq təşkilatdan nə qədər gəlməsi barədə Azərbaycan hökumətində, dövlətində, şəxsən məndə hərtərəfli məlumat olacaq, bu yardımların bir-birinə nisbəti daha da aydınlaşacaq. Belə bir təşkilati iş humanitar yardım göstərən bütün təşkilatlar üçün də əhəmiyyətlidir. Çünki onların da hər biri biləcək ki, nə qədər yardım göstərilib və bu, dövlət, hökumət tərəfindən bilinir, qəbul olunur və qiymətləndirilir. İzzət Rüstəmov bu işlərlə daha ciddi məşğul olmalıdır və siz də onunla sıx əlaqədə işləməlisiniz.
Siz təşkilatınızın Azərbaycanda gördüyü bəzi işlər haqqında da məlumat verdiniz. Bu baxımdan sizin təşkilatın müharibə, hərbi münaqişə ilə əlaqədar Azərbaycanın itkin düşmüş vətəndaşlarının axtarılması və tapılması, əsirlikdə olan vətəndaşlarımızın tapılması və geri qaytarılması sahəsində gördüyü işləri mən yüksək qiymətləndirirəm. Məhz sizin fəaliyyətiniz nəticəsində, Ermənistanda əsirlikdə olan bəzi vətəndaşlarımızı geri qaytarmağa nail olmuşuq, Ancaq siz bilirsiniz ki, Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşları hələ çoxdur.
Biz Cenevrə konvensiyasını imzalamışıq, ona riayət edirik və istəyirik ki, bütün dövlətlər ona riayət etsinlər. Ona görə də Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşlarının qaytarılması sahəsində sizin gördüyünüz işlərə görə təşəkkür edərək, eyni zamanda bu sahəyə hələ çox böyük ümidlər bəslədiyimizi bildirmək istəyirəm. Biz dəfələrlə demişik ki, hər ölkə əsirlərin hamısını qaytarmalıdır. Biz buna hazır idik və bunu da etdik. Siz bilirsiniz və bütün dünya ictimaiyyəti də bilir ki, Azərbaycanda ermənistanlı əsirlər yoxdur. Tək-tək, orada-burada təsadüf nəticəsində əsir düşmüş adamları da ya danışıqlar vasitəsilə qaytarırıq, yaxud da sizin vasitənizlə qaytarmağa hazırıq. Amma Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşları çoxdur və bunların siyahıları, hətta hansı əsirin harada olması, ünvanı da bizə məlumdur. Biz bunu sizə də vermişik, Ermənistan tərəfinə də vermişik, dünyanın bütün beynəlxalq təşkilatlarına da təqdim etmişik. Ermənistan tərəfinin bu sahədə ədalətsiz, beynəlxalq normalara zidd olan hərəkətləri dözülməzdir. Hərdənbir beş-altı əsir qaytararaq dünyaya car çəkirlər ki, guya əsirləri qaytardılar. Ancaq əslində yüzlərlə, minlərlə Azərbaycan vətəndaşı orada əsirlikdədir. Onların arasında qadınlar da, uşaqlar da, qocalar da var. Bu, həqiqətdir. Ona görə də biz tələb edirik və bundan sonra da tələb edəcəyik ki, beynəlxalq təşkilatlar bu ədalətsizliyə öz münasibətini bildirsinlər və nəhayət Ermənistanı məcbur etsinlər ki, bu əsirləri geri qaytarsın.
Bilirsiniz ki, ikitərəfli saziş əsasında atəşi dayandırmışıq və on beş aydır atəşkəs rejimi şəraitində yaşayırıq, yəni atəşin yenidən başlanmasına imkan vermirik. Belə bir şəraitdə əsirlərin geri, öz vətənlərinə qaytarılması əsas şərtlərdən biridir. Mən arzu edərdim ki, siz bu işlərlə daha ciddi məşğul olasınız. Biz indiyə qədər olduğu kimi, sizin təşkilata yenə də böyük ümidlər bəsləyirik.
Siz arzu etdiniz ki, elə olsun, daha bundan sonra insanlar şikəst, əlil olmasınlar. Yəni müharibə olmasın, münaqişə olmasın və insanlar da həlak olmasınlar, şikəst olmasınlar, qan tökülməsin. Biz də bu arzularla yaşayırıq və buna daim sadiq olacağıq. Ancaq mən indi o otaqda bir qadınla görüşdüm - burada xidmətçi işləyir. O, qulağıma astaca bir neçə söz dedi. Sadəcə xidmətçi işləyən bu qadın - bilmirəm haradandır, bəlkə də o da qaçqındır, yaxud qaçqın deyil, hər halda Azərbaycan vətəndaşıdır - mənə dedi ki, bir arzum var: torpaqlarımız geri qaytarılsın. Bu onu göstərir ki, tək mənim yox, yalnız dövlət adamlarının yox, sadə adamların, adi bir xidmətçi qadının da - ola bilsin, onun həyatında cürbəcür çətinliklər var, yaşayışı da çətindir – bir arzusu var, torpaqlarımız işğaldan azad olunsun. Bu arzu hər bir Azərbaycan vətəndaşının, bütün Azərbaycan xalqının arzusudur. Bizim ümumi arzumuz, istəyimiz və tələbimizdir. İşğal olunmuş torpaqlarımız azad edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Bir daha müharibə olmamalıdır, sülh olmalıdır, insanlar da həlak olmamalı, əlil, şikəst olmamalıdırlar.
Əminəm ki, vaxt gələcək, bu mərkəz müharibə nəticəsində deyil, yalnız və yalnız təbii fəlakətlər nəticəsində xəsarət almış, yaxud şikəst olmuş adamlara xidmət edəcəkdir. Amma eyni zamanda, işğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının əsas məqsədidir və bu məqsəd yolunda da Azərbaycan xalqı sona qədər mübarizə aparacaq, çalışacaq, tədbirlər görəcək, vuruşacaqdır.
Siz burada gözəl süfrə açmısınız, qeyd etdiniz ki, Azərbaycanın ənənəsinə uyğun olan bir süfrədir. Bu, həqiqətdir. Ancaq mən arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının öz ailəsində, evində belə süfrə açmağa imkanı olsun. Mərkəziniz mübarək olsun, bir daha təbrik edirəm. Süfrənizdən də qoy mərkəzin işçiləri və buraya gəlib müalicə olunan adamlar istifadə etsinlər. Sağ olun!