Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edərkən söhbətindən - 1 may 2000-ci il


Heydər Əliyev: Azərbaycana yenidən xoş gəlmisiniz! Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasındakı əməkdaşlıq artıq böyük tarixə malikdir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və hesab edirik ki, o, daha da sürətlə inkişaf etməlidir.

Son illər Azərbaycanda həyata keçirdiyimiz iqtisadi siyasətimizdə, maliyyə siyasətimizdə, iqtisadi islahatların aparılmasında Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımızın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun bizə göstərdiyi yardımları da qiymətləndiririk. Güman edirəm ki, gələcəkdə də bizim əməkdaşlığımız uğurlu olacaqdır. Ona görə də sizin buraya yenidən gəlməyinizi məmnuniyyətlə qəbul edirəm.

Bilirəm ki, burada bizim Maliyyə Nazirliyi ilə, Milli Bankla, baş nazirlə, digərləri ilə maraqlı görüşləriniz olubdur. Mən də sizi dinləməyə hazıram.

Con Odunq-Smi: Çox sağ olun, cənab prezident, buraya yenidən gəlmək həqiqətən xoşbəxtlikdir. Mənim son dəfə buraya gəlməyimdən, demək olar ki, iki il keçir. Lakin özümü elə hiss edirəm ki, heç vaxt buradan uzaq düşməmişəm. Çünki həmkarlarım burada çox çalışıblar, sizin nazirlərlə, Milli Bankın rəhbəri ilə görüşüblər.

Biz də onlarla vaxtaşırı Avropada da, Vaşinqtonda da görüşmüşük. Ona görə də burada işlərin gedişi haqqında tam məlumatım vardır.

Mən bilirəm ki, son iki il sizin üçün heç də asan illər olmamışdır. Hər şeydən əvvəl, neftin qiymətləri aşağı düşmüşdür. Baxmayaraq ki, son vaxtlar qiymətlər bir qədər yuxarı qalxıbdır, lakin neftin qiymətlərinin aşağı düşməsi ümumiyyətlə iqtisadiyyata çox təsir edir. Ancaq xoşbəxtlikdən, sizin iqtisadi siyasətinizdə elə bir böyük problem olmamışdır.

Deməliyəm ki, həm hökumətiniz, həm Maliyyə Nazirliyi, həm Milli Bankınız, həm də baş nazir bizimlə həmişə əla əməkdaşlıq etmişlər. Elə bilirəm, nəticə hər iki tərəf üçün xeyirli olubdur və indiyə qədər verdiyimiz məsləhətlər, tövsiyələr Sizə də kömək edibdir.

Mən Sizinlə bir qədər spesifik məqamları müzakirə etmək istəyirəm və zənnimcə, bunları bir az sonra saxlaya bilərik.

Heydər Əliyev: Bəli, siz doğru dediniz, dünya bazarında neftin qiymətinin düşməsi çox ölkələrin iqtisadiyyatına, o cümlədən bizim iqtisadiyyatımıza da mənfi təsir göstərdi. Ancaq, görünür, biz iqtisadiyyatımızı elə qurmuşuq ki, mənfi təsir oldu, amma iqtisadiyyatımızda böyük, çətin dəyişikliklər olmadı.

Rusiyada olan iqtisadi böhran həm Rusiyanın özünün iqtisadiyyatına böyük zərər vurdu, həm də bir çox MDB ölkələrinin və başqa ölkələrin iqtisadiyyatına zərər vurdu. Ondan öncə Cənub Şərqi Asiyada olan iqtisadi böhran bir çox ölkələrə zərər vurdu. Ancaq biz öz iqtisadiyyatımızı bütün bu təsirlərdən qoruyub saxlaya bildik. Bu, ona görədir ki, biz düzgün iqtisadi siyasət aparırıq, sizin məsləhətlərinizdən istifadə edirik və iqtisadi islahatlar həyata keçiririk.

Düzdür, siz çox ölkələrə məsləhətlər verirsiniz. Rusiyaya və başqalarına da çoxlu məsləhətlər verirsiniz, bizə də məsləhətlər verirsiniz. Amma onlar bu böhrana, neftin qiymətinin düşməsinə dözə bilmədilər. Biz dözdük. Bununla mən özümüzü tərifləmək istəmirəm, sadəcə, bunu qeyd edirəm. Ancaq problemlərimiz çoxdur və mən razıyam ki, bu barədə sizinlə ətraflı danışıqlarımız olsun.

"Azərbaycan" qəzeti, 2 may 2000-ci il.