Hörmətli müşavirə iştirakçıları!
Bugünkü müşavirə, toplantı respublikamızın həyatının daxili məsələlərinə – sosial-iqtisadi problemlərə həsr olunmuşdur. Biz 1997-ci ilin altı ayını başa çatdırmışıq. Bu altı ay müddətində respublikamızın iqtisadiyyatı inkişaf etməyə başlayıbdır. Ancaq bununla yanaşı, bir çox problemlər, həll olunmamış məsələlər, çətinliklər də vardır. 1997-ci il Azərbaycanda iqtisadi islahatların, respublikanın sosial-iqtisadi həyatında bütün islahatların sürətlə həyata keçirilməsi dövrü hesab oluna bilər. Bu baxımdan bir çox işlər görülüb və xeyli müsbət nəticələr əldə olunubdur. Ancaq, bir də qeyd edirəm, nöqsanlar, çatışmazlıqlar, problemlər də mövcuddur.
Ona görə ilin altı ayının yekunlarını müzakirə etməyə ehtiyac var.
Bu ilin birinci yarısının son aylarında respublikamızda görünməmiş təbii fəlakətlər baş veribdir. Həddindən artıq yağışlar, dolu, sel, tufan və küləklər respublikamızın həyatına, iqtisadiyyatına, insanların həyatına çox böyük zərər vurubdur. Bu hadisələr baş verən zaman lazımi tədbirlər görülübdür, onların bir qisminin qarşısı alınıbdır. Ancaq eyni zamanda təbii fəlakət təbii xarakter daşıyır, onun vurduğu ziyan çox böyükdür. Bu, ümumiyyətlə bizim həyatımızı gərginləşdirib və çox ciddi təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Ona görə də bu gün biz təbii fəlakətlərlə əlaqədar məlumatı dinləməliyik, ümumi fikrimizi müəyyən etməliyik və qarşıda duran vəzifələri müzakirə etməliyik.
Qeyd etdiyim kimi, 1997-ci il iqtisadi islahatların keçirilməsi ilə səciyyələnir. Bu sahədə, demək olar, çox iş görülübdür. Ancaq məlumdur ki, iqtisadi islahatlar haqqında proqramımız bir neçə ilə nəzərdə tutulubdur. Ona görə də həyata keçirilən işlər haqqında məlumatı dinləməyə və iqtisadi islahatların sürətləndirilməsi üçün lazımi tədbirlər görməyə ehtiyac var.
Beləliklə, bunların hamısı bir-biri ilə bağlı məsələlərdir. Ona görə də mən belə bir respublika müşavirəsinin, toplantısının məhz bu vaxt keçirilməsi haqqında qərar qəbul etmişəm və sizi bu müşavirəyə dəvət etmişəm. Hesab edirəm ki, işimizi səmərəli aparmaq üçün onu aşağıdakı qaydada qurmaq lazımdır: altı ayın yekunları, sosial-iqtisadi sahənin vəziyyəti və islahatların keçirilməsi haqqında Baş nazir Artur Rasizadənin məruzəsini dinləməliyik. Təbii fəlakətlər və onların vurduğu ziyan, bunun operativ surətdə aradan qaldırılması və bundan sonra da aradan qaldırılması tədbirləri barəsində baş nazirin müavini, Fövqəladə hallar üzrə Respublika Komissiyasının sədri Abid Şərifovun məruzəsini dinləmək nəzərdə tutulubdur. Sonra həm müşavirə iştirakçılarının geniş məlumatlandırılması, həm də mövcud olan məsələləri müzakirə etmək üçün aqrar sektorda islahatların və xüsusən torpaq islahatının həyata keçirilməsi və onun nəticələri haqqında kənd təsərrüfatı naziri İrşad Əliyev məlumat verməlidir. Özəlləşdirmə proqramının həyata keçirilməsi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibov məlumat verməlidir.
Bir də qeyd edirəm, bu məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır, hamısı birlikdə respublikamızın sosial-iqtisadi problemlərini təşkil edir. Ona görə də belə hesab edirəm ki, biz bu məruzələri, məlumatları ardıcıl surətdə, dediyim şəkildə dinləyib bundan sonra müzakirələrə başlaya bilərik.
Yekun nitqi
Hörmətli müşavirə iştirakçıları! Məruzələr və çıxışlar bugünkü müşavirənin, toplantının nə qədər zəruri olduğunu bir daha nümayiş etdirdi. Həqiqətən, belə bir görüş, belə bir müzakirə lazım imiş və mən hesab edirəm ki, bu, çox əhəmiyyətlidir. Bu gün bu salonda toplaşanlar və televiziya vasitəsilə respublikanın sakinləri ölkəmizin iqtisadiyyatının vəziyyəti haqqında, iqtisadi islahatların həyata keçirilməsi haqqında, təbii fəlakətin Azərbaycana vurduğu ziyanlar, nəzərdə tutulan tədbirlər haqqında və bir çox başqa məsələlər haqqında təəssürat alırlar.
Bugünkü müzakirə onu göstərir ki, respublikamızda iqtisadiyyat sahəsində müəyyən olunmuş strateji xətt ardıcıl surətdə həyata keçirilir, öz müsbət nəticələrini verir və sosial-iqtisadi sahədə müsbət dəyişikliklərin baş verməsinə gətirib çıxarır. Bu, həqiqətən çox tarixi bir hadisədir. Çünki əgər statistik məlumatları götürsək, 1989-cu ildən respublikanın iqtisadiyyatında tənəzzül başlayıbdır. İqtisadiyyat ardıcıl surətdə aşağı düşübdür və bunlar hamısı da əhalinin rifah halının, onun səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıbdır.
Biz bu illər ərzində böhran içərisində olmuşuq, bu gün də hələ sosial-iqtisadi böhrandan tam çıxmamışıq. Ancaq əgər bir il, iki il bundan öncə biz bu böhranın tam içindəydiksə, indi bu böhrandan artıq çıxırıq və nəticələr onu göstərir ki, böhrandan çıxacağıq. Azərbaycanın iqtisadiyyatı, əhalinin sosial vəziyyəti gələcəkdə də ardıcıl surətdə inkişaf edəcəkdir. Bunlar birinci növbədə iqtisadi islahatların həyata keçirilməsinin və ümumiyyətlə, iqtisadiyyat sahəsində görülən bütün tədbirlərin nəticəsidir.
Bildiyiniz kimi, biz iqtisadiyyatı 1994-cü ildə də, 1995-ci ildə də, 1996-cı ildə də ətraflı təhlil edirdik, yaranmış vəziyyəti müzakirə edirdik və daim iki fikir yan-yana mövcud olurdu. Birincisi, Azərbaycanın mövcud iqtisadi potensialından, onun imkanlarından, mövcud idarəetmə formalarından səmərəli istifadə etmək və bununla yanaşı iqtisadi islahatları hazırlayıb həyata keçirmək. Son illər və xüsusən 1988-1989-cu illərdən sonra Azərbaycanın iqtisadiyyatında tənəzzül tək bir ona görə deyildi ki, iqtisadiyyatda islahatlar keçirmək lazımdır; birinci növbədə ona görə idi ki, çünki o vaxt hələ o illərdə mövcud olan iqtisadi potensial buna imkan verirdi; ona görə idi ki, idarəetmə səviyyəsi aşağıya düşmüşdü, respublikada nizam-intizam pozulmuşdu, özbaşınalıq mövcud idi və buna görə də o böyük sənaye potensialı, kənd təsərrüfatı potensialı, inşaat potensialı inkişaf etmək əvəzinə tənəzzülə uğramağa başlamışdı. Sonrakı dövrdə isə, şübhəsiz ki, həmin bu meyl yenə də davam etmiş, amma eyni zamanda iqtisadi islahatların aparılması zəruri olduğu zaman respublikamız buna hazır olmamışdır. Bunun obyektiv səbəbləri də var. Əgər biz özümüzü keçmiş Sovetlər İttifaqının digər respublikaları ilə müqayisə etsək, bu obyektiv səbəblər daha da aydın görünəcəkdir. Məsələn, bir çox respublikalarda, o cümlədən Orta Asiya respublikalarında, yaxud Rusiyada, Ukraynada, Belorusiyada, – mən Qafqazı götürmürəm, – bu respublikalarda daim sabitlik olubdur, daxili ictimai-siyasi vəziyyət sabit olubdur və islahatların hazırlanması, həyata keçirilməsi üçün imkanlar Azərbaycana nisbətən daha çox olubdur. Amma Azərbaycanda bir tərəfdən Ermənistanın hərbi təcavüzü və bununla əlaqədar döyüşlər, müharibə, ikinci tərəfdən Azərbaycanın daxilində olan çəkişmələr, toqquşmalar, ictimai-siyasi vəziyyətin pozulması, gərginləşməsi, sabitliyin olmaması, – bunlar hamısı şübhəsiz ki, iqtisadiyyata ümumən çox mənfi təsir göstərmiş, o cümlədən xüsusən iqtisadi islahatların hazırlanmasına və keçirilməsinə imkan verməmişdir.
Bir də bilirsiniz ki, bu iqtisadi islahatların hazırlanması, keçirilməsi sahəsində də respublikada cürbəcür fikirlər olmuşdur. Bəziləri çox mühafizəkar mövqedə idilər ki, müharibə gedən ölkədə, 1 milyona qədər qaçqın olan ölkədə heç bir islahat keçirmək olmaz, biz gərək müharibəni qurtaraq, işğal edilmiş torpaqları azad edək, ondan sonra islahatları keçirək. Digərləri isə hesab edirdilər ki, hər şeyi dağıtmaq lazımdır, hər şeyi pozmaq lazımdır, onda bu islahatları keçirmək olar. Şübhəsiz ki, bu fikirlərin hər ikisi Azərbaycanın mənafeyinə zidd fikirlərdir, ancaq təəssüf ki, bunlar var idi, bunlar mövcud idi, bəzən bunlar bir-biri ilə də toqquşurdu. Bunlar da bizim iqtisadiyyat sahəsində işlərin planlı şəkildə görülməsinə mane olurdu.
1994-cü ildə atəşi dayandırandan sonra və xüsusən – 1994-cü il başa çatandan sonra, 1995-ci ildə, 1996- cı ildə bu iqtisadi islahatların həyata keçirilməsi üçün biz respublikada daha əlverişli şərait yarada bildik və bu dövrdə çox işlər gördük. Amma eyni zamanda biz görürdük, – mən şəxsən özüm haqqımda deyirəm, – mən görürdüm ki, respublikalar, xüsusən Müstəqil Dövlətlər Birliyinə mənsub olan respublikalar bu islahatların keçirilməsində nə kimi səhvlər buraxırlar, nə kimi çətinliklərlə üzləşirlər. Ona görə də onların təcrübəsini və buraxılan səhvləri, əldə etdikləri nəticələri öyrənmək lazım idi. Biz bu işlə də çox ətraflı, ciddi məşğul olduq. Mən o illərdə də, xüsusən 1995-ci, 1996-cı illərdə tam əmin idim ki, biz bu yolla ardıcıl surətdə gedərək respublikanın iqtisadiyyatını geniş iqtisadi islahatlar keçirilməsi vəziyyətinə gətirib çıxara biləcəyik. Amma bunun üçün həm təmkin lazım idi, həm təcrübədən səmərəli istifadə etmək lazım idi, həm də yaranmış iqtisadi potensialı qoruyub saxlamaq lazım idi.
Mən bunu dəfələrlə demişəm, – dağıtmaq böyük bir ağıl, böyük bir qəhrəmanlıq tələb etmir və çox vaxt da istəmir. Bu, çox asan bir şeydir. Amma qurmaq, yaratmaq, – bu, çox böyük zəka, ağıl, təcrübə, bilik tələb edir, vaxt tələb edir, iradə tələb edir. Azərbaycanda isə, Allaha şükürlər olsun ki, böyük iqtisadi potensial toplanıbdır, indi də bunu demək olar. Təsadüfi deyil ki, Sovetlər İttifaqının dağılması prosesi zamanı o vaxtkı ən böyük iqtisadçılar dəfələrlə belə fikirlər söyləyirdilər ki, Sovetlər İttifaqına mənsub olan yalnız Rusiya və Azərbaycan iqtisadi cəhətdən müstəqil yaşamaq imkanına malikdirlər, digərləri isə yox. Çünki o illərdə də biz heç vaxt mərkəzdən dotasiya almamışdıq, özümüz özümüzü təmin etmişdik. İndi aydın olur ki, respublikamızın, ölkəmizin bir çox sahələrində o illərdə qurduğumuz sənaye potensialı, kənd təsərrüfatı potensialı bizim iqtisadi cəhətdən həqiqətən tam müstəqilliyimiz üçün əsas yaradıbdır, təməl yaradıbdır.
Bu gün bu müzakirə zamanı biz elektrik enerjisi istehsalı haqqında danışdıq. Mən bir daha bunu böyük məmnuniyyət hissi ilə təkrar edirəm, qeyd edirəm və mən çox iftixar edirəm ki, o illər Azərbaycanın tam müstəqil yaşaması üçün onun güclü elektrik enerjisi potensialını yarada bilmişik. Ona görə də bu potensialı qoruyub saxlamaq lazımdır, buna çox diqqətlə yanaşmaq lazımdır, buna çox qayğı göstərmək lazımdır. Çünki on illərlə bir çox nəsillərin fədakar əməyi nəticəsində Azərbaycan bugünkü Azərbaycan səviyyəsinə gəlib çatıbdır, Azərbaycanın böyük iqtisadi potensialı yaranıbdır. Bunu qoruyub saxlamaq lazımdır. Bu baxımdan da mən özlərini radikal hesab edən, ancaq əslində dağıtmaq, xaos yaratmaq və bundan şəxsi məqsədləri üçün istifadə etmək məramında olan bəzi adamlarla heç vaxt razı olmamışam, onların bu hərəkətlərinə yol verməmişəm və beləliklə, biz Azərbaycanın bu iqtisadi potensialının qorunub saxlanmasına nail olmuşuq.
İndi açıq-aydın görünür ki, Azərbaycanda iqtisadi islahatlar ağıllı, səriştəli, təmkinli, planlı, ardıcıl surətdə həyata keçirilir və bunlar öz nəticəsini verir. Xatirinizdədir, 1995-ci ilin yanvar ayında mən İsveçrədə Davos şəhərində iqtisadi forumda iştirak edirdim. O vaxt mənim bir çox görüşlərim olmuşdur, o cümlədən o vaxt Rusiyanın baş nazirinin müavini, Dövlət Əmlak Komitəsinin sədri olan Anatoli Çubaysla orada görüşdüm. Mən bu görüşə çox böyük maraq göstərdim və ondan xahiş etdim ki, Rusiyada onların özəlləşdirmə sahəsində və islahatlar sahəsində gördüyü işlər haqqında danışsın. O da çox həvəslə, məmnuniyyətlə bunu danışdı. Təxminən saat yarım, bəlkə də ondan da bir az çox mən onu dinlədim. Onun bütün bu söhbətini bizim televiziya yazırdı. Bu məndə çox böyük maraq doğurdu və respublikamızda da insanları bu islahata alışdırmaq üçün mən Bakıya qayıdandan sonra bizim o görüşümüzü televiziya ilə tamamilə verdirdim və hətta bir dəfə yox. Çünki mən istərdim ki, Anatoli Çubaysm o fikirləri bizim ictimaiyyətə çatsın. O vaxt mən o təcrübənin həqiqətən çox əhəmiyyətli olduğunu hiss etdim, ondan istifadə etməyə çalışdım və istədim ki, respublikamızın ictimaiyyəti də bundan imkan dairəsində istifadə etsin.
Bir o deyil, biz bir çox işlər görmüşük. Məsələn, mən bu dəfə Moskvada olarkən Boris Nemtsovla çox ətraflı söhbətlər edirdik. Sonra bilirsiniz ki, o, Bakıya da gəlmişdi, burada da söhbətlər edirdik. O, Nijni Novqorodda qubernator idi və orada – hər halda Rusiyanın mətbuatında belə bir geniş fikir yaranmışdır ki, – orada iqtisadi islahatlar daha müvəffəqiyyətlə həyata keçirilir. Biz ora böyük bir nümayəndə heyəti göndərdik, – Arif Rəhimzadə getmişdi ora, xatirindədir?
Nümayəndə heyəti göndərdik ki, getsinlər, öyrənsinlər, – orada nə var, nə yox. Sonra Oryol vilayətinə də getdilər, Rusiyanın başqa vilayətlərinə də getdilər. Tofıq Əzizovun xatirindədir, – o, Əmlak Komitəsinin sədri olan zaman mən ona göstəriş verdim ki, sən get, həm Rusiyanı, həm Qazaxıstanı, həm Orta Asiyanı gəz. Göndərdim onu, getdi, bir xeyli vaxt o respublikalarda görülən işlərlə tanış oldu, gəldi, həm öz biliyini genişləndirdi, həm də bizə məlumat verdi.
Biz dünya təcrübəsindən çox istifadə edirik. Beynəlxalq iqtisadi təşkilatlar, maliyyə təşkilatları, Avropa Birliyi ilə əməkdaşlıq edərək, Dünya Bankı ilə, Beynəlxalq Valyuta Fondu ilə daim əməkdaşlıq edərək, onların tövsiyələrini dinləyirdik. Bax, bunların hamısının nəticəsində biz, hesab edirəm ki, bir çox dəyərli sənədlər, dəyərli qanunlar, dəyərli proqramlar qəbul etdik. Ancaq tələm-tələsik, vurub-dağıtmaq, nəyin bahasına olursa- olsun yox, məsələləri öyrənərək, dəfələrlə müzakirə edərək qəbul etdik – həm özəlləşdirmə proqramını, həm aqrar sektorda kolxozların, sovxozların ləğv olunması haqqında qanunu, aqrar sektorda islahatlar haqqında qanunu, ondan sonra, nəhayət, keçən ilin ortalarında "Torpaq islahatı haqqında" qanunu, başqa qanunları, bir çox başqa normativ sənədləri qəbul etdik. Burada artıq deyildi, – son zamanlar mən normativ xarakter daşıyan bir çox fərmanlar, bir çox sərəncamlar imzaladım ki, bunlar hamısı bu islahatların keçirilməsini təmin etsin.
Biz məhz bu yolla gedərək, artıq 1996-cı ilin sonunda müsbət meylləri hiss etdik. Amma eyni zamanda, – əvvəlki illərdə mən demişdim, bu gün də deyirəm, – mövcud potensialdan istifadə etmək yolu ilə getmək lazımdır. Mövcud potensialı vurub-dağıtmaq olmaz. Baş Dövlət Vergi Müfəttişliyinin rəisi Vəkilov indi öz çıxışında dedi ki, 943 milyard manat vergi yığılmışdır. 943 milyard manat verginin 700 milyardını dövlət müəssisələrindən alıbdır. Əgər bunları işlətməsən, əgər bunları qorumasan, bunlardan səmərəli istifadə etməsən, elə vurub-dağıtsan, onda haradan vəsait gələcəkdir? Bu o demək deyil ki, biz bundan sonra da bu müəssisələri dövlət müəssisəsi kimi saxlayacağıq. Bir dövr var, bunlar hamısı get-gedə səhmdar cəmiyyətlərinə çevriləcəkdir, özəlləşdiriləcəkdir – bu, şübhəsizdir. Ancaq bu proses paralel getməlidir.
Amma xatirinizdədirsə, bir neçə müşavirədə bəzi şəxslər, o cümlədən Milli Məclisdə deyirdilər ki, "Bunu da dağıdaq, onu da dağıdaq", ancaq nə olduğunu heç bilmirdilər. İndi görürsünüz, kolxozlar öz-özünə ləğv olunur. Amma mənim xatirimdədir ki, iki il bundan öncə radikal çıxışlar olurdu ki, kolxozlar tamam məhv olmalıdır. Mən o vaxt da dedim, bu gün də deyirəm: həmin o kollektivləşmə zamanı – 20-ci illərin sonunda, 30- cu illərin əvvəllərində böyük səhvlər, böyük cinayətlər etmişdilər. Həm insanlara çox böyük zərbələr vurulmuşdu, həm də iqtisadiyyata zərbələr dəymişdi. 30-cu illərin o aclıqları, insanların qırılması – hamısı onun nəticəsi olmuşdur ki, o vaxtlar kənd təsərrüfatını zorla kollektivləşdirmək istəmişdilər. Şübhəsiz ki, əsrlər boyu mövcud olan istehsal sistemi pozulmuşdu, Şəxsi mülkiyyət pozulmuşdu, adamların bir qismi buna etiraz etmiş, bir qismi çəkilmiş, bir qismi bu yeni formalara alışmamışdı. Buna görə də o vaxtlar Sovetlər ittifaqı, o cümlədən Azərbaycan da nə qədər ağır bir dövr yaşadı. Bunların hamısını biz tarixdən bilə-bilə, indi bir ilin içərisində, yarım ilin içərisində vur, dağıt kolxozları ki, kim nəyi aparır-aparsın, nə eləyir-eləsin, – olarmı bu? Qətiyyən olmaz.
İndi burada Bərdənin icra hakimiyyəti başçısı çıxış edirdi, komplekslər haqqında danışırdı. Həqiqətən, o kompleksləri görməyən adamlar, bunların tikintisində iştirak etməyən adamlar, o küçədən gəlmiş adamlar, ancaq qəzetlə danışan adamlar bilə bilməzlər bunlar nədir. Onlar da, bizim içimizdə olan bəzi adamlar da dünənə qədər nə o kompleksin üzünü görmüşdü, nə ona nə qədər vəsait qoyulub – onu görmüşdü, nə ona nə qədər zəhmət qoyulub, – onu görmüşdü, onun nə qədər qiyməti var bu xalq üçün – onu da bilmir. Axı o, göydən düşməmişdir ki! O komplekslər bu insanların zəhmətinin nəticəsində əldə olunmuş vəsaitlə tikilibdir. İndi onları özbaşına buraxıb dağıtmaq olarmı? Görürsünüz, deyir qiyməti artıqdır, almaq da mümkün deyil, icarə haqqı da bahadır. Demək, iqtisadi cəhətdən çətinliklər yaranır. Amma bu o demək deyil ki, bu çətinlikdən çıxmaq olmaz. Çıxmaq olar. Mən tapşırdım islahat komissiyasına, İrşad Əliyevə tapşırdım və güman edirəm, onlar axtarıb bunun yolunu tapacaqlar. Bəlkə də indi, ola bilər, onun qiymətində bir balaca güzəşt eləmək olar ki, insanlar bunu özəlləşdirib istifadə edə bilsinlər, yaxud başqa bir yol tapmaq olar. Ancaq bunu dağıtmaq yox, bundan səmərəli istifadə etmək yollarını aramaq lazımdır. Yenə də deyirəm, bunu ancaq o adamlar bilərlər ki, onlar bütün bunların yaranmasının iştirakçısı olublar, bunu görüblər, bunların nə qədər çətin vəziyyətdə yaranmasını görüblər.
Yadımdadır, vaxtilə, 1975-ci ildə bu böyük komplekslərin yaranması dəb düşdü. Yarış keçirilirdi. Hətta bizim respublikanın kənd təsərrüfatı sahəsində göstəriciləri çox vaxt onunla hesablanırdı, nəinki, məsələn, kənd təsərrüfatı istehsalından alınan əyani nəticələrlə. Kim nə qədər kompleks tikibdir. kompleks nə boydadır, ora nə qədər inək yerləşir, o nə qədər mexanikləşdirilibdir, yaxud başqa göstəricilər o vaxtın, o dövrün hökmü idi. Ancaq məlum şey odur ki, həmin o komplekslər – bir o deyil, kənd təsərrüfatı sahəsində o vaxtlar ixtisaslaşdırma və təmərküzləşdirmə şüarı ki var idi, – o şüar altında, o şüarı həyata keçirmək üçün çox böyük kapitallar qoyulmuşdur və çox böyük qurğular yaradılmışdır. Onları dağıtmaq, onları pozmaq və o vəsaiti itirmək qətiyyən olmaz.
Bir bu deyil. Ümumiyyətlə, həm sənayedə, həm kənd təsərrüfatında, həm inşaatda – iqtisadiyyatın bütün sahələrində yaranmış potensialı qoruyub saxlamaq lazımdır və onu, şübhəsiz ki, indi dövlət üçün, xalq üçün, hökumət üçün səmərəli surətdə özəlləşdirmək lazımdır. Bundan da biz gəlir götürməliyik, bundan da bizim büdcə bəhrələnməlidir. Ancaq sahibkarlar bunu özəlləşdirəndən sonra bundan şübhəsiz ki, daha da səmərəli istifadə edəcəklər.
Yəni, bax, bu misallarla mən onu demək istəyirəm ki, iqtisadi islahat keçirilməsi heç vaxt şüar kimi ola bilməz. Keçmişdə – sovetlər vaxtında şüarlardan – həmin o kollektivləşdirmə şüarından və başqa şüarlardan xalqımız nə qədər əziyyət çəkib, bunu biz heç vaxt unutmamalıyıq. Ona görə də indi onun əksinə olan şüarlar irəliyə sürüb, onların altında iqtisadiyyatımızı dağıtmağa yol vermək olmaz.
Ona görə də biz bunların qarşısını aldıq və indi hamı görür ki, bizim apardığımız planlı siyasət islahatların keçirilməsində ən düzgün siyasətdir və bunların da nəticələrini biz əldə edirik.
Mən 1995-ci ilin yanvar ayında Davosda Anatoli Çubaysla görüşümü sizə xatırlatdım. İndi Moskvada olarkən mən onunla bir daha görüşdüm, çox ətraflı söhbət etdim. Şübhəsiz ki, o, birinci növbədə iqtisadiyyatla maraqlandı. Mən ona bizim islahatlar sahəsində həyata keçirdiyimiz tədbirlər haqqında danışdıqca və konkret qərarlarımız, qanunlarımız haqqında məlumat verdikcə, o təəccüblənirdi və bəzən deyirdi: "Ola bilməz. Siz bunları etmisiniz?". Nəhayət, bizim söhbətimiz onunla qurtardı ki, o dedi – o vaxt siz bizdən həqiqətən geridə idiniz, amma indi siz bizi çox qabaqlamısınız, biz bu təcrübədən istifadə etməliyik. Məsələn, bu gün burada bu rəqəmlər deyildi. Rasizadə öz məruzəsində, başqa çıxış edənlər də dedilər. Yarım il müddətində ümumi daxili məhsul 5,2 faiz artıbdır. Bu, çox sevindirici bir rəqəmdir. Ancaq bizə bənzər başqa respublikalarda belə rəqəm yoxdur. Yaxud, sənaye istehsalının aşağı düşməsi dayandırılıbdır və indi sənaye istehsalı artır. Bu da çox böyük bir hadisədir. Kənd təsərrüfatı istehsalı keçən il 3 faiz artıb, bu il də artım davam edir. Bu da, mən bayaq dedim, tarixi həqiqətdir. Neçə illərdir biz bu göstəricilərdən məhrum olmuşduq və bu göstəricilər haqqında heç düşünə bilməzdik. Yaxud da ki, vergilərin toplanması. Siz yaxşı bilirsiniz ki, başqa respublikalarda vergilərin toplanması ilə əlaqədar nə qədər tədbirlər keçirildi, hətta fövqəladə komissiyalar yaradıldı, inzibati orqanlar bu işə cəlb olunurdu. Təsadüfi deyil ki, başqa respublikada daxili işlər naziri eyni zamanda vergi toplanması işinə də rəhbərlik edir. Ancaq bizdə vergilər nəinki toplanıbdır, hətta keçən ilin müvafiq dövrünə nisbətən 40 faiz, 65 faiz artıb. Bunlar hamısı təsadüfi deyil, bunlar göydən düşmüş bir şey deyil. Bu rəqəmləri mən deyən kimi bu böyük təəccüb doğurdu. Yaxud da ki, məsələn, bizim məvaciblər və pensiyalar üzrə heç bir borcumuz yoxdur. Birinci yarımildə büdcə təşkilatlarında heç bir borc yoxdur. Amma siz televiziyadan görürsünüz ki, bizə bənzər başqa respublikalarda vəziyyət nə cürdür. Ümumiyyətlə, iqtisadiyyatda liberallaşdırma və xüsusən xarici ticarətin liberallaşdırılması çox böyük müsbət nəticələrə gətirib çıxarıbdır. Əgər bu il bizdə idxal-ixracda keçən illərə nisbətən dəyişiklik əmələ gəlibsə və artıq müsbət saldo yaranıbsa, yəni ixrac idxaldan çoxdursa, bu, iqtisadi cəhətdən çox dəyərli göstəricidir və bunu da mən onlara çatdıranda, şübhəsiz ki, bu, təəccüb doğurdu.
Burada deyildi, biz güzəştlərin ləğv olunması haqqında qərar qəbul etdik, Milli Məclis qanun qəbul etdi. Bu, şübhəsiz ki, çətin bir qərardır. Amma bunu qəbul etmək lazım idi. Mən bu gün bir daha bildirmək istəyirəm ki, bu qərarın qəbul edilməsi tam zəruridir. Çünki bazar iqtisadiyyatı sistemi ilə gedərkən keçmiş sosialist iqtisadiyyatının ünsürlərini yanaşı aparmaq olmaz. Müəyyən müddət bunlar yan-yana gedə bilərlər. Müəyyən müddət. Ancaq bu müəyyən keçid dövrü ola bilər. Əgər biz istəyiriksə, artıq irəliyə gedək, bu olmaz. Biz bunu heç kəsə zərər vurmadan etmişik. Əgər biz güzəştləri götürdüksə, o güzəştlərdən istifadə eləyən adamların məvaciblərini artırdıq, müavinətlər verdik və mən göstəriş vermişəm, – indi, düzdür, maliyyə naziri burada dedi ki, təbii fəlakət bizdən çox vəsait tələb edir, ona görə çətin olacaq, – nə qədər çətin olsa, biz məvacibləri yenə də artıracağıq. Artıracağıq. Siz görürsünüz, burada rəqəmlər gətirildi. Orta əmək haqqı 121 min manata çatıbdır, məvaciblər 56 faiz artıbdır. Biz bunları ödəyəcəyik və bunları etmək üçün, bunlara nail olmaq üçün sosial-iqtisadi sahənin bütün istiqamətlərini bazar iqtisadiyyatı istiqamətinə gətirib çıxarmalıyıq.
Bizdə son vaxtlara qədər, bu güzəştləri ləğv edənə qədər polis, prokurorluq işçiləri şəhər nəqliyyatından pulsuz istifadə edirdilər. Bilmirəm niyə indiyə qədər buna yol verilmişdir. Keçmişdə belə çıxırdı ki, bunlar dövlət işi ilə məşğuldurlar, ona görə də pulsuz gedirlər. Biz bunu ləğv elədik. Amma mən Moskvada olanda öyrəndim ki, nəinki polis, prokurorluq və ya digər inzibati orqanların işçiləri, hətta bütün hərbi qulluqçular şəhər nəqliyyatından pulsuz istifadə edirlər. Mənə dedilər ki, Moskvada şəhər nəqliyyatından, ola bilər ki, 80 faiz camaat pulsuz istifadə eləyir, cəmi 20 faizi pul verir.
İndi ola bilər, hələ ki, Moskva şəhərinin, yaxud digər şəhərlərin başqa iqtisadi imkanları var ki, onlar dotasiyanı verirlər, nəqliyyatı saxlayırlar. Amma bu da daimi deyil. Bunu çox saxlaya bilməyəcəklər. Bu, mümkün deyil.
Ona görə də biz bu güzəştləri ləğv etdik. Tamamilə düz etmişik və bunu da düzgün başa düşmək lazımdır. Eşitmişəm ki, bəzi ayrı-ayrı qüvvələr istəyirlər ki, bu təbəqələrdən istifadə etsinlər, bunları qızışdırsınlar, bunlar bir hay-küy salsınlar. Bunlar əhəmiyyətsizdir. Çünki bu insanlar bizim siyasətimizə, o cümlədən iqtisadi siyasətimizə də, sosial siyasətimizə də inanırlar. Əgər kimisə yoldan çıxaracaqlarsa, biz onların da qarşısını almağa qadirik.
Mən hesab edirəm ki, çox düzgün iş görmüşük və bunun da nəticələri alınacaqdır. Bu nə cür ola bilər? Rasizadə dəfələrlə gəlib mənə danışır ki, Müslüm İmanov – energetika sisteminin rəisi elektrik enerjisinə pul vermir. Niyə vermir? Çünki arvadı müəllimədir. Yaxud, böyük bir biznesmen bilmir pulu hara qoysun, amma elektrik pulu vermir, çünki arvadı müəllimədir.
Bilirsiniz, bunlar tək-tək hallar deyil, belələri çoxdur. Ailədə 5-6 adam var, biri biznesmendir, biri başqa yerdə işləyir, yaxşı məvacib alır, amma biri müəllimdir, ya müəllimədir, – onun hesabına bunlar elektrik enerjisinin pulundan, ya qaz pulundan, başqa şeylərdən, – hamısından azaddırlar. Bu, ədalətlidirmi belə? Ədalətli deyil. Biz müəllimlərin məvacibini artırdıq, o cümlədən Müslüm İmanovun arvadının məvacibini artırdıq. Amma Müslüm İmanov elektrik enerjisinin pulunu verməlidir. O biznesmenin də arvadının məvacibini artırdıq. Amma o biznesmen də elektrik enerjisinin, yaxud başqa məişət xidmətinin pullarını verməlidir.
Bilirsiniz, belə bir qərarı qəbul etməyi də biz bir gün, iki gün yox, bir ildir müzakirə edirdik. Bir ildir. Dəfələrlə bunu istəmişik, amma kənara qoymuşuq. Nə üçün? Çünki o məvacibləri artırmağa, müavinətləri verməyə imkanımız yox idi. O imkanları əldə edəndən sonra biz bunu etdik. Yəni görürsünüz, bax, bunların hamısını bəlkə də çoxları adi hal hesab edir, amma bunlar radikal addımlardır. İqtisadi islahatlar sahəsində radikal addımlardır.
Yaxud, "Torpaq islahatı haqqında" qanunumuz. Biz keçən il bu vaxt "Torpaq islahatı haqqında" qanun qəbul etmişik, – bir il bundan öncə. Torpağın xüsusi mülkiyyətə verilməsi artıq həyata keçirilir. Bu müddətdə neçə dəfə belə toplantılar keçirmişik. Hər dəfə mən soruşuram, bu gün də soruşuram, – camaatda, ictimaiyyətdə, kənd yerində buna münasibət necədir, narazılıq varmı? Yoxdur. Əksinə, razıdırlar.
Mən Anatoli Çubaysla danışarkən ona deyəndə ki, biz belə bir radikal qanun, torpağın xüsusi mülkiyyətə verilməsi haqqında qanun qəbul etmişik və onu həyata keçiririk, – bu, onu həddən artıq təəccübləndirdi. O mənə dedi ki, bu yaxın vaxtlarda Rusiyanın parlamenti torpaq kodeksi qəbul edibdir, o da torpaq islahatı sahəsində heç bir nəticə verməyəcək, – onun fikridir, – ancaq hər halda, torpağın xüsusi mülkiyyətə verilməsi haqqında qanun qəbul olunmayıbdır. Amma biz bunu qəbul etmişik. Bu, radikal qanundur, çox ciddi qanundur. Artıq biz görürük ki, bunun nə gözəl nəticəsi olacaqdır.
İndi görürsünüz, burada çıxış edənlər mal-qaranın özəlləşdirilməsi haqqında çox böyük həvəslə məlumat verirlər. Amma xatırlayın, keçən il mən bu məsələni bax, belə toplantılarda neçə dəfə çox təkidlə irəli sürmüşəm və tələb etmişəm ki, tezliklə mal-qaranı kolxozlardan, sovxozlardan götürün və camaata verin. Verilib. İndi çıxış edənlər rəqəmlər gətirir, o cümlədən xızılı fermer də, icra hakimiyyəti başçıları da rəqəm gətirdilər ki, nə qədər iribuynuzlu, nə qədər xırdabuynuzlu mal artıbdır və ümumiyyətlə, sürünün keyfiyyəti nə qədər dəyişibdir. Məsələ tək sayda deyil ki! Əgər Tovuzda iribuynuzlu malların içində ana mal 41 faiz təşkil edirsə, bu, səmərəliliyin ən yüksək səviyyəsidir.
İcra hakimiyyəti başçısı çıxış edərkən mən dedim, – vaxtilə biz burada işləyəndə bu rəqəmlərlə məşğul idik. Biz iribuynuzlu mal-qaranın içində ana malın sayını orta hesabla 30 faizə qaldıra bilmirdik, 23-24 faizdən yuxarıya qalxmırdı. Amma indi 41 faizə qalxıbdır. Həm də bu, tək orada deyil, güman edirəm ki, başqa rayonlarda da belədir.
Beləliklə, görürsünüz, heyvandarlıq sektorunun özəlləşdirilməsi böyük bir çətinlik tələb etmədi. Amma nəticəsi göz qabağındadır. Bizdə ət problemi yoxdur, süd-yağ problemi yoxdur, ətin də qiyməti başqa yerlərə nisbətən ucuzdur. Tam əminəm ki, biz torpaq islahatını axıra çatdırandan sonra kənd təsərrüfatımızda böyük dəyişikliklər olacaqdır, insanların yaşayışı da yaxşılaşacaqdır və biz bütün tələbatımızı da özümüz ödəyə biləcəyik.
Yaxud, bizim həyata keçirdiyimiz struktur dəyişikliklərini götürək. Burada məruzələrdə göstərdilər. Nə qədər nazirlikləri ləğv elədik, nə qədər konsernləri ləğv elədik. Bu qərarları qəbul edərkən biz müzakirə edirdik, biri deyirdi olar, biri deyirdi olmaz, bunu ləğv eləsək belə olacaq. Heç bir şey olmadı, əksinə, nəticəsi odur ki, işlər yaxşılaşdı. İndi bizim çörəklə təminat problemimiz tamamilə yoxdur. Amma keçən ilin əvvəlindəki vəziyyəti deyim. Keçən il biz xahiş etmişdik, Qazaxıstandan bizə buğda versinlər, ora xeyli miqdarda valyuta da keçirmişdik. Bu dəyişiklikləri aparandan sonra, respublikada taxıl məhsulları sahəsi özəl sektora keçəndən sonra bizim buna ehtiyacımız yoxdur. İndi bizim o valyutamızı da geriyə qaytarmırlar. Yəni bu problemdən də biz canımızı qurtardıq. Amma bu nə qədər bizə əziyyət verirdi. Yenə də deyirəm, bunlar hamısı onu göstərir ki, biz iqtisadi islahatları ardıcıl surətdə həyata keçiririk. Cəsarətlə həyata keçiririk, bu sahədə çox irəli getmişik və bunların əməli nəticələrini görürük.
Struktur dəyişiklikləri davam etməlidir. Hesab edirəm ki, bu sahədə görüləsi işlərimiz hələ çoxdur. Dərhal demək istəyirəm və baş nazirə tapşırmaq istəyirəm ki, birinci növbədə yaxın zamanlarda bizim inşaat təşkilatlarının strukturu sahəsində dəyişikliklər haqqında təklif versin. Doğrudur, bu barədə Abid Şərifov bir-iki dəfə öz fikirlərini deyibdir. Amma bunu konkretləşdirmək lazımdır. Bu barədə bizim müzakirəmiz olubdur. Bizdə nə qədər inşaat nazirliyi, şirkəti var! Nə bilim, sənaye tikintisi şirkəti, kənd tikintisi şirkəti, aqrar tikinti şirkəti, başqaları... Hərəsi nə qədər aparat saxlayır, hərəsi nə qədər bina saxlayır. O binaların da çoxu boşdur. Çünki onların o qədər işi də yoxdur. Yəni, əvvəlkinə nisbətən işi yoxdur, hərəsinin işi ola bilər ki, 10-15 dəfə ixtisara düşüb. Amma biz də bunları elə-belə qoymuşuq. Məsələn, indi Şəmsəddin Xanbabayev bunu deməliydi, amma demədi. O, çıxışını bir az başqa istiqamətdə qurdu. Amma onların bir yaxşı göstəricisi var, bunu deyə bilərdi. Vasif Talıbov vaxtilə mənə müraciət etdi. Mən də onlara razılıq verdim. Naxçıvanda olan inşaat təşkilatlarının hamısını birləşdirdilər. Elədirmi?
Vasif Talıbov(Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri): Bəli.
Heydər Əliyev: Neçə təşkilatı birləşdirdiniz?
Vasif Talıbov: Dörd təşkilatı.
Heydər Əliyev: İndi bir təşkilatdır. Nə qədər adam ixtisar olundu. 500-ə qədər adam ixtisar olundu. Onlar da şübhəsiz ki, özlərinə iş tapacaqlar və biz də onlara iş tapacağıq. Amma, görürsünüz, nə qədər vəsaitə qənaət olundu. Elədirmi? Naxçıvanda bunu mənə təklif etdilər, – mən dedim, – sən gözləmə respublikada bu barədə tədbirlərin görülməsini, özünüz edin. Mən onlara razılıq verdim, onlar da etdilər. İndi mən Şəmsəddin Xanbabayevə kömək edirəm. Onların islahat sahəsində gördükləri işləri deyirəm. Bu, təcrübədir, biz tezliklə bunu etməliyik. Bizim bir çox başqa nazirliklər, komitələr var. Onların da haqqında düşünmək lazımdır, onların ləğv olunması haqqında qərarlar qəbul etmək lazımdır və nəhayət, bizim Nazirlər Kabinetinin tərkibini artıq təkmilləşdirmək lazımdır.
Burada bəzi adamlar, yenə də deyirəm, təcrübəsiz olduqlarına görə dəfələrlə deyirlər ki, nə vaxt Azərbaycanda Nazirlər Kabineti formalaşacaqdır, nə vaxt onun tərkibi müəyyən olunacaqdır. Bilirsiniz, strukturun təkmilləşdirilməsi prosesi gedən zaman bunu etmək olmaz. Bunu o vaxt etmək olar ki, məsələn, Nazirlər Kabinetinin, yaxud da bütün nazirliklərin strukturu tam müəyyən olunsun. Bu, müəyyən bir dövrdə – üç ilə, beş ilə müəyyən olunur. Onda məlum olur ki, neçə nazirlik lazımdır, neçə komitə lazımdır və Nazirlər Kabineti də formalaşır. Amma bizdə iqtisadi islahatlar prosesi getdiyinə görə struktur dəyişiklikləri, struktur islahatları apardığımıza görə bunu bir dəfəyə, iki dəfəyə etmək olmaz. Biz bu barədə çox iş görmüşük. Burada artıq məlumatlar verildi, – nə qədər nazirlik, konsern ləğv olunub. Ancaq hələ çox işlər də görülməlidir. Mən Baş nazirə göstəriş verdim ki, xüsusən inşaat sahəsində gərək bu təkliflər yaxın vaxtlarda mənə təqdim olunsun.
Amma bir bu deyil. Ümumiyyətlə, islahatların keçirilməsində çox başqa işlər də var. Burada özəlləşdirmə haqqında Əmlak Komitəsinin sədri məlumat verdi. Aqrar sektorda islahatlar haqqında kənd təsərrüfatı naziri məlumat verdi. Hesab edirəm ki, bu sahələrdə xeyli iş görülübdür, yaxşı təcrübə toplanıbdır. Amma hələ qarşıda görüləsi çox işlər var. Ona görə də ilin ikinci yarısında, yəni bu ilin sonuna qədər özəlləşdirmə proqramının həyata keçirilməsi daha da sürətlə aparılmalıdır. Aqrar sektorda, xüsusən torpaq islahatının həyata keçirilməsi və başqa iqtisadi tədbirlərin həyata keçirilməsi sahəsində ilin ikinci yarısında mütləq iş aparılmalıdır. Məsələn, aqrar sektorda emal müəssisələri sürətlə özəlləşdirilməlidir. Yaxşı ki, pambıq zavodlarının özəlləşdirilməsi təmin olunur, amma bizdə nə qədər şərab emalı müəssisələri var, nə qədər meyvə- tərəvəz emalı, başqa konserv zavodları var. Bunların da tezliklə özəlləşdirilməsinə başlamaq lazımdır və bunları həyata keçirmək lazımdır. Hər halda təcrübə onu göstərir ki, bu tədbirlər həyata keçirilərkən biz bunun müsbət nəticələrini əldə edirik.
Beləliklə, hesab edirəm ki, biz iqtisadiyyatda müsbət meyllərin şahidiyik, müsbət nəticələrin şahidiyik. Xatırlayın, düz bir il bundan öncə – 1996-cı il iyul ayının 18-19-da burada, bu salonda mən Nazirlər Kabinetinin geniş iclasını keçirdim. O vaxt biz çox ciddi danışıq apardıq. Mən bir neçə təşkilati tədbir görmək məcburiyyətində oldum və onları etdim. Bir neçə adam vəzifəsindən azad olundu, o cümlədən baş nazir, bəzi nazirlər, konsern rəhbərləri vəzifəsindən azad edildilər. Yeni adamlar təyin olundu. Bu gün mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bir il keçəndən sonra xeyli müsbət dəyişikliklər var. Nazirlər Kabinetinin işində də nəhayət, canlanma hiss olunur, müsbət meyllər hiss olunur və mən bu gün bunu qiymətləndirirəm.
Demək, əgər yüksək vəzifəyə təyin olunan şəxslər öz məsuliyyətini dərk edə bilsələr, işləmək də olar, nəticə də əldə etmək olar. Amma təəssüflər olsun ki, ən çox keçən illərdə mən bununla rastlaşmışam, indi bu son illərdə də mən burada yenidən işləyərkən bununla rastlaşıram, – bəzi adamlara yüksək vəzifə verərkən hesab edirlər ki, bu vəzifəni ancaq onun şəxsi mənafelərini təmin etmək üçün veriblər və onun heç bir başqa məsuliyyəti yoxdur. Bütün başqa şeyləri unudurlar. Bu, həm ümumi işimizə zərər gətirir, həm də bu insanların özlərini sonra çox pis vəziyyətdə qoyur. Bu dörd il müddətində mən neçə-neçə yüksək vəzifəli adamları, özüm vəzifəyə təyin etdiyim adamları özüm də o vəzifələrdən kənar etmişəm. Nə üçün? Çünki mən o vəzifəyə təyin edərkən onlara inanmışam, böyük ümid bəsləmişəm. Bəlkə onların səhvlərinə, nöqsanlarına, bəzən vəzifələrindən sui-istifadə etmələrinə də bir çox hallarda dözümlü olmuşam, dəfələrlə xəbərdarlıq etmişəm, ancaq nəticə çıxarmayanda başqa yolu yoxdur – elə adamlarla vidalaşıram və bundan sonra da belə olacaqdır.
Ona görə də mən bir il bundan öncə Nazirlər Kabinetinin geniş iclasını sizin xatirinizə salaraq hər birinizin məsuliyyətinin daha da artmasını tələb edirəm. Bilirsiniz, biz hamımız – dövlətdə, hökumətdə, dövlət orqanlarında yüksək vəzifə tutan şəxslər xalq qarşısında, millət qarşısında böyük məsuliyyət daşıyırıq və bizim bugünkü vəziyyətimiz keçmiş illərdən, yəni Sovetlər İttifaqında olduğumuz dövrdən qat-qat fərqlidir. O vaxt da biz məsuliyyət daşıyırdıq, məsuliyyətlə işləməliydik və çoxları da məsuliyyətlə işləyirdi. Ancaq o vaxt biz böyük dövlətin bir hissəsiydik. Doğrudur, öz ölkəmizdə, torpağımızda, respublikamızda işlərimizi öz respublikamız üçün qururduq. Amma müstəqil deyildik, azad deyildik, ölkəmizin tam sahibi deyildik. İndi biz müstəqil olduğumuza görə, azad olduğumuza görə, ölkəmizin sahibi olduğumuza görə ölkəmiz haqqında, torpağımız haqqında, Vətənimiz haqqında, bizə etibar göstərən xalqın haqqında daim düşünməliyik. Ancaq və ancaq! Bizim başqa düşüncəmiz olmamalıdır. Öz şəxsi mənafelərimizi, şəxsi işlərimizi biz kənara qoymalıyıq, onlar sonuncu dərəcəli məsələlər səviyyəsində olmalıdır. Birinci dərəcəli məsələ, birinci dərəcəli vəzifə ümumxalq, ümummilli mənafeyimizdir. Ona görə də məsuliyyətlə işləməliyik. Təcrübə də göstərir ki, məsuliyyətlə işləyən adam, öz məsuliyyətini dərk edən adam həm xalqına, ölkəsinə mənfəət verir, həm də özü- özünə, birinci növbədə mənəvi cəhətdən çox böyük mənfəət gətirir.
Mən güman edirəm ki, bir il bundan qabaq qəbul olunan həmin o qərarlardan, ondan sonra mənim qəbul etdiyim qərarlardan bir daha hamı özü üçün nəticə çıxaracaqdır. Mən çox arzu edirəm ki, bizim yüksək vəzifəli şəxslərimiz öz xalqına. öz millətinə, öz Vətəninə, öz torpağına canla-başla, səmimiyyətlə xidmət etsinlər. Belə imkanlar var. Belə imkanları mən yaradıram və bundan sonra da yaradacağam. Sadəcə, insanlarda təşəbbüskarlıq lazımdır, böyük məsuliyyət hissi lazımdır.
Beləliklə, biz iqtisadiyyatda bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu, bizim yolumuzdur. Mən dedim, – həm özəlləşdirmə proqramının həyata keçirilməsi, həm torpaq islahatının həyata keçirilməsi, başqa iqtisadi islahatların həyata keçirilməsi məhz bu yolu daha da sürətlə keçmək üçün lazımdır. Bunun üçün insanlara sərbəstlik vermək, sahibkarlığa şərait yaratmaq, təşəbbüskarlığa şərait və imkanlar yaratmaq bizim vəzifəmizdir.
Sizə məlumdur ki, bu yaxınlarda mən sahibkarlığa yardım haqqında böyük bir proqram qəbul etmişəm və fərman imzalamışam. Burada çıxışlarda deyildi və bunu da nəzərə almaq lazımdır, Nazirlər Kabineti bu işlərlə daha da ciddi məşğul olmalıdır ki, sahibkarlara nə cür yardım etmək olar. O proqram var, amma proqramın həyata keçirilməsi bir çox əməli tədbirlər görülməsini tələb edir. Ona görə də Nazirlər Kabineti və bütün nazirlərimiz bu işlərlə məşğul olmalıdırlar. Sahibkarlığı inkişaf etdirmək üçün eyni zamanda, sahibkarlıqla məşğul olan adamlara mane olmaq lazım deyil. Doğrudur, qanun pozanlar var, vəzifəsindən sui-istifadə edənlər var, cinayətkarlar var, vergidən gizlənənlər var. Məsələn, bu gün Vəkilov bildirdi ki, vergidən yayınanlar, gizlənənlər barəsində onlar tədbirlər görürlər. Mən hesab edirəm ki, bunlar o qədər də ciddi tədbirlər deyil. Vergidən gizlənənlər var, bu məsələ ilə çox ciddi məşğul olmaq lazımdır. Cürbəcür qeyri-qanuni yollarla iş görənlər var, bunların qarşısı alınmalıdır. Ancaq bunların qarşısını alarkən biz ümumiyyətlə iş adamlarına, sahibkarlığa mane olmamalıyıq. Təəssüf ki, – bunu da etiraf etmək lazımdır, – respublikamızda hələ ki, iş adamlarına maneçilik törədən qüvvələr var, sahibkarlığa maneçilik törədənlər var – bizim bəzi nəzarət orqanları və xüsusən hüquq mühafizə orqanları. Bunların da hamısı təkcə iş adamlarına görə yox, ümumiyyətlə, bütün başqa sahələrdə respublikamızda rüşvətxorluğun, korrupsiyanın hələ də mövcud olduğunu bir daha göstərir.
Mən görürəm biz bu gün daha çox müsbət məsələlər, müsbət nəticələr haqqında danışırıq. Bu əsaslıdır, təbiidir, bizim buna haqqımız var. Ancaq biz heç vaxt unutmamalıyıq ki, hələ nöqsanlarımız çoxdur. O cümlədən iqtisadi islahatların həyata keçirilməsində nöqsanlar çoxdur, özəlləşdirmə proqramının, torpaq islahatının, bütün başqa islahatların həyata keçirilməsində nöqsanlarımız, çatışmazlıqlarımız çoxdur. Bunu unutmamalıyıq və bu gün belə bir əhval-ruhiyyə yaranmasın ki, bizdə hər şey artıq yaxşı vəziyyətdədir. Xeyr, xeyr, indi bizim vəzifəmiz ilin ikinci yarısını daha yaxşı göstəricilərlə başa çatdırmaqdır və ili daha yüksək göstəricilərlə tamamlamaqdır. Bu, bizim əsas vəzifəmizdir. Ona görə də bir tərəfdən, əldə olunan təcrübəni daha da səmərəli tətbiq etmək, ondan istifadə etmək lazımdır. İkinci tərəfdən, mövcud olan nöqsanları aradan qaldırmaq lazımdır. Onlar isə çoxdur. Bu baxımdan, yenə də ümumiyyətlə, iqtisadiyyatda, bütün həyatımızda insanlara mane olan rüşvətxorluq, vəzifədən sui-istifadə etmək, korrupsiya, – bu hallar respublikamızda mövcuddur və heç kəs elə hesab etməsin ki, bunlar aradan qaldırılıbdır, – bunlara qarşı qanunlar vasitəsilə mübarizə, bizim dövlət prinsipləri vasitəsilə mübarizə aparılmalıdır. İnzibati orqanlar da mübarizə aparmalıdır. Ancaq dərd burasındadır ki, inzibati orqanların özünün içərisində korrupsiya, rüşvətxorluq çoxdur. Dərd burasındadır.
Ona görə də inzibati orqanların vəzifəsi – hüquq mühafizə orqanlarını mən deyirəm, – birinci növbədə öz sıralarında belə hallarla ciddi mübarizə aparmaq, eyni zamanda bütün cəmiyyətdə, ölkəmizdə belə hallarla mübarizə aparmaqdır. Ancaq cəmiyyətdə, ölkədə mübarizə aparmaq üçün buna gərək sənin mənəvi haqqın olsun. Mənəvi haqq da onda ola bilər ki, sənin özün bu qüsurlardan azad olmuş adam olasan, orqan bu qüsurlardan azad olmuş bir orqan olsun. Təəssüf ki, bu belə deyil. Ona görə də, bu da bütün sahələrdə bizim qarşımızda duran əsas vəzifələrdən biridir.
Burada Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Dilruba Camalova danışarkən mən müdaxilə etdim. Amma indi bu barədə daha da açıq demək istəyirəm. Bizim hüquq mühafizə orqanları, xüsusən Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq yaxşı işləyirlər, mən ümumiyyətlə onların işindən razıyam. Çünki 1995-ci ildə, 1996-cı ildə, 1997-ci ildə təhlükəli cinayətlərin qarşısının alınmasında və cinayət törətmiş adamların axtarılmasında, tapılmasında, ifşa olunmasında onların xidmətləri çox böyükdür. Mən bunu yüksək qiymətləndirirəm. Onlar nəinki Azərbaycanın özündə olan cinayətkarların çoxunu aşkar edib, yaxalayıb və cinayət məsuliyyətinə cəlb ediblər, hətta qaçıb başqa ölkələrdə, xüsusən Rusiyada gizlənən ən qatı cinayətkarların da yaxalanması, tapılıb gətirilməsi, məsuliyyətə cəlb edilməsi, ifşa olunması onların böyük və gərgin əməyinin nəticəsidir. Mən bunları qiymətləndirirəm və hesab edirəm ki, bizim orqanlar bu sahədə heç vaxt belə səmərəli işləməyiblər.
Ancaq bununla yanaşı, hüquq mühafizə orqanlarının içərisində özbaşınalığa, vəzifədən sui-istifadə etmək hallarına da yol vermək olmaz və mən bunları heç kəsə bağışlamamışam və bağışlamayacağam. Yaxşı işlərə görə təşəkkür edirəm, ancaq nöqsanları aradan qaldırmaq lazımdır. Bu nöqsanlar var, yenə də deyirəm, rüşvətxorluq da var, vəzifədən sui-istifadə etmək halları da var, başqa hallar da var. O cümlədən, iş adamlarına çox maneçilik törədirlər. Dəfələrlə danışmışıq ki, bu yoxlamalar aradan götürülməlidir. Amma bu yoxlamalar yenə də davam edir.
Ramiz Mehdiyev – (Prezidentin İcra Aparatının rəhbəri): Fərman verilibdir.
Heydər Əliyev: Bəli, fərman verilibdir, amma fərman icra olunmalıdır, aparat da o fərmanın icra olunmasına nəzarət etməlidir. Əgər fərman verilib, bir müddət o fərmanın icrası nəzarət altında olandan sonra unuduldusa, yenə prokurorluq orada bir yoxlama aparır, polis burada bir yoxlama aparır, orada yoxlama aparır. Yoxlamanın nəticəsi də heç bir şey deyil. Yenə də bir nəticəsi olsa, bizim dövlətə, hökumətə xeyir gəlsə, deyərəm ki, bu yoxlama olsun. Axırda elə çıxır ki, ortada bir nəticə yoxdur. Belə yoxlamalar nə üçün lazımdır? Bundan şikayət edirlər. Xarici biznesmenlər, iş adamları da bundan şikayət edirlər və bizim öz iş adamlarımız da bundan şikayət edirlər, ümumiyyətlə, camaat bundan şikayət edir. Bilirsiniz, indi köhnə sistem yoxdur. Yeni bir sistemdir və yeni sistemi də biz təşkil edirik. Əgər bu sistemi təşkil edərkən bu adamı orada sıxacaqsan, burada sıxacaqsan, o da görəcəkdir ki, elə qazandığını ona verdi, buna verdi, özünə də bir şey qalmadı, – nə üçün bu işlə məşğul olacaq? Bəlkə də o, işi görəndə haradasa bir az qanunu pozub. Bu yaramaz, gərək o, qanunu pozmasın. Ancaq bu qanunun pozulmasından çox, əgər bir hüquq mühafizə orqanının nümayəndəsi gedib onu sıxırsa, ondan rüşvət alırsa qanunu ikiqat pozur. Ona görə də mən tələb edirəm ki, bunlara son qoyulsun. O cümlədən, xüsusən, – indi yay vaxtıdı, amma tək yay vaxtına aid deyil, – bizim bu yollarda, mənə bu siqnallar çoxdan gəlibdir, amma bu gün Camalova mənim sadəcə yadıma saldı, – nə qədər post qoymaq olar?
Bilirsiniz, mən bu şeyləri keçmişdə də görmüşəm. Bu yaxınlarda mətbuatda da deyildi ki, 28 il bundan öncə mən ilk dəfə Azərbaycanın rəhbəri seçilmişəm. Bəli, o vaxt, 1969-cu ilin iyul ayında mən Azərbaycana rəhbər seçilərkən Azərbaycanda bu cür hərc-mərclik çox idi. Mən isə ondan öncə işlədiyim vəzifədə bunların çoxunu yaxşı bilirdim. Məni təyin edəndə, çoxları məni tanımırdı, çünki işim elə idi ki, ictimaiyyətdə o qədər də məşhur adam deyildim. Fəallar tanıyırdı, amma geniş kütlələr o qədər tanımırdı. Yəni mən orada-burada çıxış etmirdim, televiziyada göstərmirdilər. Ona görə də mən bir müddət – təxminən bir ay bundan istifadə etdim,
şəxsən özüm bu işlərlə məşğul oldum. Xatirinizdədir, o vaxt adamlar mənə bir ləqəb də qoymuşdular ki, "Mixaylo". Bir neçə əməliyyatı respublikanın başçısı kimi özüm keçirəndən sonra mənə dedilər ki, haradansa fotoşəkillərimi tapıblar, çoxaldırlar, satırlar və çox adamlara verirlər ki, məni görəndə tanısınlar. Çünki bəzən mağazalara gedirdim, nöqsanları aşkar edirdim, onlar tanımırdılar mən kiməm, ona görə də özlərini çox kobud aparırdılar və sonra da çox böyük bəlaya düşürdülər.
O vaxt, 28 il bundan öncə, mən bir eksperiment keçirdim. O vaxt bizim tanınmayan işçilərimiz, məxfi işçilər var idi. Onların bir-ikisinə tapşırdım ki, gedin Sabirabada, bir avtomaşın qarpız alın, gətirin bazara satmağa. Görək yolda bunu neçə yerdə saxlayacaqlar, nə qədər rüşvət alacaqlar. Gətirdilər, onlara da mən tapşırmışdım ki, gizli foto çəkirdilər. O vaxt televiziya, yəni bu video yox idi, fotoaparatla adamları gizli çəkirdilər. Sabirabaddan buraya gələnə qədər 7-8 yerdə onları saxlamışdılar – nə bilim, polis işçisidir, yol işçisidir, nədir. O vaxt polis deyildi, milis idi. Hamısı da rüşvət almışdılar. Bu şəkilləri gətirdilər, mən o vaxt daxili işlər nazirini çağırdım, şəkilləri qoydum stolun üstünə və tələb etdim ki, o adamlar cəzalandırılsın. Xatirinizdədir, o vaxt mən 5-6 aydan sonra Daxili İşlər Nazirliyinin bütün rəhbərliyini kənarlaşdırdım. Hamısını – naziri də, müavinləri də işdən çıxardım.
Yəni demək istəyirəm ki, bu, yeni bir şey deyil və heç kəs də bu gün deməsin ki, bu belə deyil. İndi Usubov durub mənə desə ki, yox, bu belə deyil, belədir, mən heç yoxlamamışdan buna inanmaram. Çünki mən bunu 28 il bundan qabaq görmüşəm. Amma indi nizam-intizam ona nisbətən daha da zəifdir, onu da etiraf etmək lazımdır. O vaxt nizam-intizam bundan möhkəm idi.
Ona görə də bu postlar məsələsinə Daxili İşlər Nazirliyi baxmalıdır. Sonra, deyir, bizim Milli Təhlükəsizlik Nazirliyi də post qoyur, başqaları da qoyurlar. Onlar da buna baxmalıdır və o postlar, hansı ki, doğrudan da, cinayətkarların qarşısının alınması üçün, axtarılıb tapılması üçün lazımdır, – onlar olmalıdır, amma qalanları olmamalıdır. Yığışdırmaq lazımdır. Buradan Dağıstan sərhədinə qədər, hələ Camalova cənubu dedi, şimalda da belədir. Yaxud, buradan Gürcüstan sərhədinə qədər, Gəncədən Qazaxa qədər, – orada da belədir. Bunlar hamısı bizim həm iqtisadiyyatımıza zərər verir, həm insanlara zərər verir. Ayrı-ayrı adamlara qeyri-qanuni gəlir gətirir, ancaq ümumi işimizə tamam zərər verir. Bunları aradan götürmək lazımdır. Mən tələb edirəm və bizim aparata tapşırıram ki, siz bunların hamısına nəzarət edin, – həm o yoxlamaların aradan götürülməsinə, həm də bu məsələlərə. Bir 10-15 gündən sonra mənə bu barədə rəsmi məlumat verin.
Ramiz Mehdiyev: Oldu, baş üstə.
Heydər Əliyev: Beləliklə, bizim bu gün müzakirə etdiyimiz məsələlər çox aktual məsələlərdir. Güman edirəm ki, bundan sonra iqtisadi islahatların həyata keçirilməsi sahəsində, iqtisadiyyatda inkişafın təmin olunması sahəsində, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bu müzakirələr öz müsbət təsirini göstərəcəkdir.
Bu gün müzakirə etdiyimiz əsas məsələlərdən biri son vaxtlar baş vermiş təbii fəlakət, dəymiş zərər və onların aradan qaldırılmasıdır. Bu barədə geniş məlumat verildi və biz bunu özümüz də müzakirə etmişik. Mən Nazirlər Kabinetinə göstəriş vermişəm, bu məsələlərin həll olunması üçün, yəni bu tədbirlərin həyata keçirilməsi üçün mənim sərəncamım hazırlanıbdır, onun layihəsi burada var. İndi bu müzakirə ilə əlaqədar siz bu gün də, sabah da bu layihəyə bir də baxın, sonra mən o sərəncamı imzalayacağam. Ancaq hesab edirəm ki, bugünkü müzakirənin yekunları olaraq və mənim sərəncamımın həyata keçirilməsi üçün bu məsələ Nazirlər Kabinetinin iclasında daha da konkret müzakirə edilməlidir. Mən bu barədə göstəriş vermişəm və hesab edirəm ki, bir neçə gündən sonra bunu etmək lazımdır.
Biz bu gün ilin birinci yarısının yekunlarını da müzakirə etdik. Ancaq bu, ümumi müzakirədir. Hesab edirəm ki, ilin birinci yarısının yekunları da bugünkü müzakirədən sonra və bunların əsasında Nazirlər Kabinetinin iclasında müzakirə olunmalıdır. Çünki həm təbii fəlakətdən dəymiş zərərin aradan götürülməsi üçün, mənim sərəncamım əsasında əməli tədbirlər görülməsi üçün Nazirlər Kabinetinin qərarı qəbul olunmalıdır, həm də burada qoyulan vəzifələrin həyata keçirilməsi üçün, ilin ikinci yarısında görüləsi işlər üçün konkret tapşırıqlar Nazirlər Kabinetinin qərarında olmalıdır. Ona görə də hesab edirəm ki, təxminən bir həftədən sonra Nazirlər Kabineti bu məsələni öz iclasında xüsusi müzakirə edib qərar qəbul edəcəkdir.
Təbii fəlakətin vurduğu zərəri aradan qaldırmaq üçün çox iş görmək lazımdır. şübhəsiz ki, bunun üçün xeyli vəsait tələb olunur. İndi mənə təklif veriləcəkdir və mən o təklifə baxacağam, görək haradan, hansı mənbədən nə qədər istifadə edə bilərik ki, bu vəsait təbii fəlakətin vurduğu zərəri ödəmək üçün yönəldilsin. Ancaq hesab edirəm ki, çox işləri yerli hakimiyyət orqanları, nazirliklər, komitələr öz imkanlarından istifadə edərək görə bilərlər. Məsələn, burada deyildi ki, pambıq sahələrinə, taxıl zəmilərinə zərər dəyibdir, başqa bitki əkinlərinə zərər dəyibdir. Bunun üçün yeni bir vəsait qoymaq lazım deyil. Sadəcə, bizim yerli hakimiyyət orqanları, Kənd Təsərrüfatı Nazirliyi konkret iş görməlidirlər ki, əgər müəyyən hektar pambıq itib-batıbsa, demək, başqa sahələrdə pambığın məhsuldarlığını daha da artırmaq lazımdır, diqqət yetirmək lazımdır ki, o itkinin əvəzi verilsin. Əgər bəzi zəmilər yağışdan, doludan məhv olubsa, bizim başqa məhsuldar sahələrimiz var, oradan səmərəli istifadə etmək lazımdır.
Taxıl biçini keçən ilə nisbətən gecikir, istehsal olunmuş taxılın da həcmi keçən ilin müvafiq dövrünə nisbətən azdır. Ancaq bu gün İrşad Əliyev məlumat verdi və keçən görüşümüzdə də demişdi ki, onlar indi taxıl biçinini sürətlə aparırlar. Bu, təkcə kənd təsərrüfatı nazirinin vəzifəsi deyil, buraya toplaşmış yerli hakimiyyət orqanları başçılarının, nümayəndələrinin vəzifəsidir, sizi buna görə dəvət etmişik, – sizin vəzifənizdir. Siz çalışmalısınız ki, tezliklə taxıl biçini qurtarsın. Bu il hamı qeyd edir ki, yaxşı taxıl məhsulu var, – bu taxıl məhsulu toplansın. Dövlətə indi təhvil verilmir, hər halda, necə istifadə olunur – o məlumdur. Bu gün ayın 19-udur, beş gün bundan öncə mənə məlumat verdilər ki, Bərdə rayonu artıq taxıl biçinini qurtarıb, 50 min ton taxıl istehsal edib. Həqiqətən Bərdə rayonunun tarixində bu heç vaxt olmayıbdır. Bərdə rayonunu mən çox yaxşı tanıyıram, onun sahələrini tam yaxşı tanıyıram. O illərdə mən o rayona, demək olar ki, ildə iki dəfə gedərdim. Heç vaxt Bərdədə bu qədər taxıl olmamışdır. Bərdənin ən çiçəklənən dövründə, ən yüksəklərə qalxmış dövründə də bu qədər taxıl olmamışdır. Nə üçün Bərdədə bunu etmək mümkündür. Amma Bərdənin yanındakı Ağcabədidə bunu etmək mümkün deyil, Tərtərdə bunu etmək mümkün deyil, Yevlaxda bunu etmək mümkün deyil, yaxud ondan o biri tərəfə keçən rayonlarda bunu etmək mümkün deyil, – niyə mümkün deyil? Axı iqlimə görə, torpağa görə, havaya görə bu rayonların bir-birindən fərqi çox azdır, bəzən də heç yoxdur. Demək, hər şey işin təşkilindən asılıdır.
Ona görə də mən rayon rəhbərlərindən – həm icra hakimiyyəti başçılarından, həm kənd təsərrüfatı idarələrinin rəhbərlərindən, həm rayonlarda kənd təsərrüfatı işi ilə məşğul olan başqa işçilərdən tələb edirəm ki, bu təbii fəlakətin vurduğu zərəri aradan qaldırmaq üçün, ümumiyyətlə, bu ilin məhsulunu toplamaq üçün işi gücləndirmək lazımdır və bütün sahələrdə – həm taxıl zəmilərində, həm pambıq tarlalarında, həm bostan, meyvə, başqa bitki sahələrinin hamısında işi gücləndirmək lazımdır və məhsulu toplamaq lazımdır. Hesab edirəm ki, burada böyük imkanlar var və xüsusən indi insanlar hiss edəndə ki, artıq bu torpaq da onun özünündür, bu məhsul da onun özünündür və əvvəlki kimi artıq tədarük planı yoxdur, o sərbəstdir, özü necə istəyir, elə istifadə edəcəkdir, – belə halda insanlar daha da yaxşı işləyirlər. Bunu mütləq etmək lazımdır.
Bir sözlə, təbii fəlakətin vurduğu zərərin böyük bir hissəsini bizim müvafiq dövlət orqanları, hökumət orqanları, yerli hakimiyyət orqanları özləri aradan götürə bilərlər. Təkcə kənd təsərrüfatı sahələrini demirəm, yolların bərpa olunmasını, ayrı-ayrı binaların bərpa olunmasını da nəzərdə tuturam. Gözləmək lazım deyil ki, indi Bakıdan nə qədər vəsait verəcəklər, nə edəcəklər, hərə öz imkanlarından istifadə etməlidir.
Zaqataladan çıxış edən fermer, hesab edirəm ki, çox ağıllı bir söz dedi. Ümumiyyətlə, çox ağsaqqal adamdır, ağıllı çıxış edirdi, amma ağıllı sözlərinin biri də ondan ibarətdir ki, Allah bizə hər şeyi veribdir, eyni zamanda fəlakət də verə bilər. Fəlakət olmamalıydı, indi nə etməli, – bu, təbiətdir. Bəs Allah bizə bu qədər sərvət veribdir, bu qədər gözəl təbiət veribdir, bu qədər torpaqlar veribdir, bu cür yeraltı sərvətlər veribdir. Bunlar olan halda, indi bir fəlakət olubsa, bunun qarşısında biz gərək, necə deyərlər, çəkilək duraq kənarda ki, fəlakət oldu? Fəlakət olub. Həqiqətən, mən son 30 ildə Azərbaycanda bu qədər yağış, bu qədər dolu, bu qədər uzunmüddətli təbii fəlakətin olmasını görməmişdim. Bu, ilk dəfə olan haldır. Ancaq bu, bir Azərbaycana aid deyil. Siz televiziyaya baxırsınız, görürsünüz, başqa ölkələrdə də belə hadisələr var. Avropa ölkələrində nə qədər böyük təbii fəlakətlər var, başqa ölkələrdə. Rusiyada təbii fəlakətlər var, başqalarında var. Elə bir biz deyilik ki! Amma tutaq ki, lap elə bizik, nə olsun? Əlimizi, qolumuzu, qıçımızı çirmələməliyik, fəlakət olan yerlərə getməliyik, bütün imkanlardan istifadə edib onları aradan qaldırmalıyıq. Bu, birinci vəzifə. Xüsusən qaçqınların yaşadıqları yerlərdə. Təkcə Qaçqınlar Komitəsi yox, hər bir rayon rəhbəri bilsin ki, qaçqınların yaşadıqları yerlərdə dəymiş ziyanı tezliklə aradan qaldırmaq lazımdır.
Bizim yollarımıza çox böyük zərər dəyibdir, bilirəm, körpülərimiz dağılıbdır. İndi baxmaq lazımdır, – harada nəyi bərpa etmək olar, harada körpünü necə bərpa etmək olar, harada yolu necə bərpa etmək olar, – baxmaq lazımdır. Yəni burada oturub fikirləşmək ki, yuxarıdan mənə nəsə verəcəklər, ondan sonra edəcəyəm, – belə əhval-ruhiyyə ilə yaşamaq olmaz. Bu fəlakət bizim xalqımıza gələn fəlakətdir, hərə öz imkanlarından istifadə edib bu təbii fəlakətin vurduğu ziyanları qısa bir müddətdə aradan qaldırmalıdır. Amma dövlət tərəfindən proqram, yenə də deyirəm, hazırlanır, vəsait ayrılacaqdır və o vəsaitdən də səmərəli istifadə etmək lazımdır.
Bir şey haqqında da xəbərdarlıq etmək istəyirəm. Keçən illərdə mənə belə siqnallar gəlmişdi. Belə təbii fəlakət zamanı bəzi hallarda biz böyük vəsait ayırırıq, sonra o vəsaitin bir hissəsini də mənimsəyirlər. Ona görə mən Nazirlər Kabinetinə də göstəriş verirəm – o yerlərə ki, vəsait ayrılacaqdır, onların istifadə olunmasına, icra olunmasına, xüsusən maliyyə vəsaitindən istifadə edilməsinə çox ciddi nəzarət olmalıdır ki, bu fəlakətdən də ayrı-ayrı adamlar öz şəxsi mənafeləri üçün istifadə etməsinlər. Mən bunu ona görə deyirəm ki, keçən illərdə belə hallar olmuşdu, belə siqnallar mənə gəlib çatmışdı.
Beləliklə, bu gün biz iqtisadiyyatımızda, sosial həyatımızda olan vəziyyəti təhlil etdik. Bilirsiniz ki, bu, daim mənim nəzarətim altındadır, mənim diqqət mərkəzimdədir. Bütün başqa işlər şəxsən mənim nə qədər vaxtımı alsa da, Azərbaycanda iqtisadiyyatın vəziyyəti, iqtisadi islahatların həyata keçirilməsi mənim gündəlik işimin mərkəzində duran vəzifədir.
Ancaq eyni zamanda bilirsiniz ki, xarici siyasət sahəsində də və xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində də çox işlər görülür və bunlar da çox vaxt aparır. Ancaq onu deyə bilərəm ki, biz az-az da olsa irəli gedirik. Birincisi, bizim xarici siyasətimizdə dünya miqyasında Azərbaycanın nüfuzunun qalxması, yüksəlməsi – bunlar hamısı sizə artıq məlumdur, bunu siz bilirsiniz. Məsələn, bu ilin birinci yarısını götürsək, mənim neçə-neçə rəsmi səfərlərim olubdur. Yanvar ayında Fransaya rəsmi səfərim olubdur, ondan sonra Ukraynaya rəsmi səfərim olubdur, ondan sonra Türkiyəyə rəsmi səfərim olubdur, ondan sonra Qazaxıstana, Özbəkistana rəsmi səfərlərim olubdur, ondan sonra Rusiyaya rəsmi səfərim olubdur. Görürsünüz, altı rəsmi səfər olubdur, hər biri də adi səfər deyil. Hər bir səfər zamanı onlarca dövlətlərarası, hökumətlərarası çox vacib sənədlər imzalanıbdır, müqavilələr imzalanıbdır. Biz respublikamızın müstəqilliyini təmin etmək üçün nə qədər yeni hüquqi-normativ əsaslar yaratmışıq, hüquqi-normativ sənədlər yaratmışıq. Bu müddətdə Azərbaycana da bir çox rəsmi səfərlər olubdur. Hələ beynəlxalq təşkilatlarda bizim iştirakımızı, yaxud da ki, beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana gəlməsini mən demirəm, – bu sahədə də çox işlər görülübdür. Bu işlərin sırasında iqtisadiyyatla bağlı olan ən mühüm məsələ ondan ibarətdir ki, biz neft yataqlarından istifadə olunması, xarici şirkətlərlə müştərək iş aparılması sahəsində də yeni addımlar atmışıq. Bilirsiniz ki, Moskvada olarkən Xəzər dənizinin Azərbaycan sektorunda "Yalama" adlanan bir yatağın Rusiyanın "LUKoyl" şirkəti ilə müştərək işlənməsi ilə əlaqədar Rusiya prezidentinin və Azərbaycan prezidentinin iştirakı ilə müqavilə imzalandı və bu da say hesabı ilə altıncı müqavilədir. Biz Moskvada olarkən Rusiyanın təklifi ilə Türkmənistan və Azərbaycan sektorlarının sərhədində olan "Kəpəz" neft yatağı haqqında da bir protokol imzaladıq. Doğrudur, bu, sonra Türkmənistan tərəfini hiddətləndirdi, ancaq – biz bunu bəyan etmişik – bu bizim təşəbbüsümüzlə olmayıbdır. Biz bilirik ki. bu yataq sərhəddə yerləşibdir, bunun bir hissəsi Azərbaycan sektorundadır, bir hissəsi Türkmənistan sektorundadır. Vaxtilə ona görə də bu yatağın adı "promejutoçnı" qoyulmuşdu. Rusiyanın həm "LUKoyl", həm də "Transneft" şirkətləri bu yatağa maraq göstərmişdilər, onlar demişdilər ki, bizimlə protokol imzalayırlar, sonra da Türkmənistanla protokol imzalayacaqlar. Ona görə də bu narahatçılıq əsassızdır. Ancaq Rusiya ilə biz böyük bir müqavilə imzaladıq.
Bu ayın axırında mənim Amerikaya rəsmi səfərim olacaqdır. Amerika Birləşmiş Ştatlarının üç şirkəti ilə danışıqlar gedir və əgər bu danışıqlar tam başa çatsa, – güman edirəm, başa çatacaq, – onda, ola bilər ki, biz Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın şirkətlərilə üç yeni böyük müqavilə imzalamalı olduq.
Beləliklə, Azərbaycana xarici investisiyanın gəlməsi günü-gündən artır və bu da bir tərəfdən iqtisadiyyatımız üçün nə qədər əhəmiyyətlidirsə, ikinci tərəfdən – bəlkə də bu rəqəmi heç kəs bilmir, indi Vəkilovun məlumatında belə göstərildi ki, burada işləyən xarici şirkətlərdən alınan vergilər – həm onların özlərinin əmək haqlarından alınan vergilər, həm də onların firmalarından alınan vergilər 6 ay müddətində bizə 170 milyard manat mənfəət veribdir.
Görürsünüz, aparılan işlərin bir çox istiqamətdə nəticələri var. Bunları yəqin ki, bizim iqtisadçılar, siyasətçilər gərək təhlil etsinlər – bunların hansı sahəyə nə qədər böyük əhəmiyyət verdiyini, bizim infrastrukturu nə qədər inkişaf etdirdiyini və ümumiyyətlə, respublikamızın həyatını nə qədər dəyişdirdiyini gərək təhlil etsinlər və nəticə çıxarsınlar. Bununla yanaşı, bu şirkətlər artıq bir milyard dollardan çox birbaşa yatırım, birbaşa sərmayə, birbaşa investisiya qoyub və investisiya qoyuluşu davam edir. Bunlar da bizim beynəlxalq iqtisadi əlaqələrimizin nəticəsidir və hesab edirəm ki, bu əlaqələr də yaxşı istiqamətdə inkişaf edir.
Ancaq bizim hamımız üçün bütün bu səfərlər, görüşlər, danışıqlar – bunlar hamısı əhəmiyyətlidir, yenə də deyirəm, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini günü-gündən möhkəmləndirir. Məsələn, Rusiya ilə Azərbaycan arasında imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə çox əhəmiyyətli müqavilədir. Burada Azərbaycanın müstəqilliyini təmin edən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən müddəalar və ümumiyyətlə, separatçılığa qarşı, bir ölkənin başqa ölkə barəsində güc işlətməsinə qarşı bir çox mühüm, dövlət müstəqilliyi üçün lazım olan müddəalar öz əksini tapıbdır.
Ümumiyyətlə, hər bir səfərin özünəməxsus əhəmiyyəti var, qiyməti var. Ancaq mənim Rusiyaya rəsmi səfərim, – bu da Azərbaycan prezidenti kimi Rusiyaya ilk rəsmi səfərim idi, – həm məna və məzmununa görə, həm danışıqların nəticələrinə görə, həm də imzalanmış sənədlərə görə çox əhəmiyyətlidir, böyük tarixi əhəmiyyət kəsb edən bir səfərdir. Bu səfərin bir əhəmiyyətli cəhəti də ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına və xüsusən yolun açılmasına, – nəinki dəmir yolunun açılmasına, avtomobil yolunun tamam açılmasına, hətta Volqa-Don kanalından istifadə olunmasına dair sazişlər imzalanıbdır. Ona görə də bu, həm siyasi cəhətdən, həm də iqtisadi cəhətdən çox əhəmiyyətlidir.
Ancaq bütün bu görülən işlərin içərisində bizim üçün ən vacib, ən ümdə məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması və işğal edilmiş torpaqlarımızın azad olunmasıdır. Mən hesab edirəm ki, bu il bu sahədə də biz müəyyən müsbət nəticələr əldə edirik. Birincisi, zaman keçdikcə, – altı ay keçibdir, – Lissabon zirvə görüşünün, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar orada qəbul olunmuş sənədin Azərbaycan üçün nə qədər böyük tarixi əhəmiyyət kəsb etdiyini indi hamı dərk edir. Doğrudur, xatirinizdədir, o vaxt biz Lissabondan qayıdan kimi bəzi müxalif qüvvələr cürbəcür qəzetlərdə düşünülməmiş yazılar yazdılar, – guya ki, biz orada məğlub olmuşuq, filan olmuşuq – peşməkan olmuşuq. Bizim adamlar da çox narahat oldu. Mən dedim siz narahat olmayın, zaman onların hamısının cavabını verəcəkdir. Zaman da cavabını verdi. O vaxt kim qalib oldu, kim məğlub oldu, – mən bu sözü heç vaxt işlətməmişəm, bu gün də işlətmirəm. Orada qalib-məğlub yoxdur. Ancaq biz orada böyük bir nailiyyət əldə etdik və Ermənistan 54 dövlətin içərisində təcrid olundu. Ermənistan Lissabon zirvə görüşündə aldığı yaranın hələ indiyə qədər də ağrısını çəkir.
Mən yenə də deyirəm, biz qarşılıqlı əlaqələr yaradırıq. Bu sülh ancaq iki tərəfin iradəsindən asılı olacaqdır. Ona görə də mən münasibətləri heç də kəskinləşdirmək istəmirəm. Ancaq sadəcə demək istəyirəm ki, Lissabon zirvə görüşü, orada əldə edilən sənəd 1997-ci ildə bu məsələnin sülh yolu ilə həll olunması üçün çox yaxşı əsas yaradıbdır. Ondan sonra Minsk qrupunun həmsədrləri təyin edildi – üç həmsədr: Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Bilirsiniz, hələ indiyə qədər heç bir münaqişə olmayıbdır ki, onun həlli üçün üç böyük dövlətin həmsədrliyi ilə belə bir qrup fəaliyyət göstərsin. Onlar özləri bu məsuliyyəti üzərlərinə götürüblər. Rusiya var idi, amma Amerika Birləşmiş Ştatları, Fransa özləri təşəbbüs göstəriblər. Demək özləri bu məsuliyyəti öz üzərlərinə götürərkən bu münaqişəni həll etmək istəyirlər. Mən bu ilin əvvəlində Parisdə rəsmi səfərdə olarkən Fransa Prezidenti cənab Jak Şirakla danışarkən hiss etdim ki, doğrudan da, Fransa nə qədər böyük bir həvəslə bu işə qatılmaq istəyir və bu münaqişənin həll olunmasını istəyir.
Sonra mart ayında mənim Rusiyanın prezidenti ilə görüşüm və nəhayət, son bir ay içərisində, – heç bir ay da deyil, cəmisi 20 gündür, – bu ayın əvvəlindən mən Minsk qrupunun həmsədrləri olan ölkələrin üçünün də dövlət başçıları ilə, prezidentləri ilə görüşmüşəm. İyulun əvvəlində Moskvada prezident Boris Yeltsinlə bu barədə geniş danışıqlar aparmışam və iyulun 8-9-da Madriddə olarkən Amerika Prezidenti Bill Klintonla və Fransa Prezidenti Jak Şirakla məhz bu məsələ ilə əlaqədar çox əhəmiyyətli danışıqlar aparmışıq. Bu danışıqlar və üç prezidentin qısa bir müddətdə mənimlə görüşləri zamanı eyni fikirləri söyləməsi və onların iyun ayının 20-də Amerika Birləşmiş Ştatlarının Denver şəhərində iqtisadi məsələlərlə məşğul olduqları zaman həmin bu problemin – Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün birgə bəyanat verməsi, şübhəsiz, onu göstərir ki, onlar həqiqətən bu işlə ciddi məşğul olmaq istəyirlər.
Yenə də deyirəm, mənim Rusiya Prezidenti Boris Yeltsinlə ayın əvvəlindəki görüşüm və 8-9-da Amerikanın və Fransanın prezidentləri ilə görüşlərim, danışıqlarım çox ümidvericidir və onların əməli nəticəsi olaraq dünən Minsk qrupunun həmsədrlərini qəbul etdik, çox ətraflı danışıqlar apardıq. Bilirsiniz ki, Lissabon zirvə görüşündən sonra həmsədrlərin nümayəndələri ilk dəfə iyun ayının 1-də buraya gəlmişdilər. Biz onların təkliflərinə baxdıq, iyunun 14-də onların təkliflərinə öz cavabımızı verdik. Bunun nəticəsində onlar işləmişlər və dünən bizə yeni bir sənəd layihəsi təqdim etdilər. Doğrudur, bu layihə bizi qane etmir. Ancaq əvvəlki layihələrə nisbətən və xüsusən iyun ayının 1-də bizə verilən layihəyə nisbətən burada müsbət dəyişikliklər edilmişdir. Ona görə də biz belə fikir söylədik ki, prinsip etibarı ilə bu layihəni əsas kimi götürə bilərik. Ancaq burada bir çox məsələlər müzakirə olunmalıdır və işlənməlidir. Beləliklə, Lissabon görüşündən sonra Minsk qrupunun fəaliyyəti sürətlənibdir və hesab edirəm ki, bunlar öz nəticəsini verəcəkdir.
Madriddə görüşərkən Amerika Prezidenti Bill Klinton və Fransa Prezidenti Jak Şirak dedilər ki, mütləq bu il bu məsələnin həll edilməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, bu sözlər də sadəcə deyilməyibdir. Bilirsiniz ki, mən bu ayın axırında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gedirəm. Bu, Amerika Birləşmiş Ştatlarına mənim prezident kimi ilk rəsmi səfərim olacaqdır. Ümidvaram ki, biz həm Konqresdə, həm başqa hökumət, dövlət dairələrində, həm Ağ evdə çox və səmərəli görüşlər aparacağıq. Ümid edirəm ki, bizim üçün ən vacib məsələnin – Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barədə biz orada ətraflı müzakirə apara biləcəyik. Ümid edirəm ki, ola bilər, bir irəliləmə də olsun. Hər halda mən həmişə bu ümidlərlə yaşamışam, bu gün də bu ümidlərlə yaşayıram.
Qarşımızda xarici siyasətlə əlaqədar bir çox yeni vəzifələr durur, bir çox görüşlər, ilin ikinci yarısında bir çox ölkələrə səfərlər durur. Mən hesab edirəm ki, bunlar hamısı da müvəffəqiyyətli olacaqdır. Beləliklə, Azərbaycanın xarici siyasəti və xarici siyasət sahəsində atdığımız çox ciddi addımlar, imzalanan sənədlər hamısı birlikdə Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir və Azərbaycan Respublikasının müstəqilliyini daha da dönməz edir, əbədi edir.
Bütün bunlara görə mən ilin ikinci yarısına nikbinliklə baxıram və hesab edirəm ki, biz 1997-ci ili uğurla başa çatdıra bilərik. Ancaq bunun üçün daha da gərgin işləmək lazımdır, bunun üçün mövcud nöqsanları aradan götürmək lazımdır, bunun üçün təbii fəlakətin vurduğu zərəri tezliklə aradan qaldırmaq lazımdır, iqtisadi islahatları daha da sürətlə həyata keçirmək lazımdır.
Bizim xalqımızda, cəmiyyətdə görülən işlərə artıq böyük inam yaranıbdır. Xalqımız, cəmiyyətimiz Azərbaycan dövlətinin daxili və xarici siyasətinə böyük etibar göstərir və böyük ümidlə baxır. Bizim isə vəzifəmiz bu etimadı, bu ümidləri doğrultmaqdan ibarətdir. Bu şərəfli işlərdə sizin hamınıza müvəffəqiyyətlər arzulayıram. Sağ olun.