Qars şəhərində Heydər Əliyev adına parkın və bulvarın açılışı zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 28 iyun 2002-ci il


Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Əziz qarslılar!

Hörmətli xanımlar və cənablar!

Mən bir neçə gündür ki, Türkiyə Cümhuriyyətində ziyarətdəyəm. İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının onuncu ildönümünü qeyd etdik. Orada həmin ölkələrin başqanları, heyətləri ilə qarşıda duran vəzifələri müəyyən etdik. Ancaq sonra mən Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum Əhməd Necdət Sezərin dəvəti ilə Ankaraya işgüzar səfərə gəldim və orada, - ola bilər sizə televiziyadan, yaxud radiodan məlumdur - bir çox işlər gördük. Türkiyənin hörmətli cümhur başqanı ilə çox səmərəli, çox əhəmiyyətli danışıqlar apardıq, digər dövlət və hökumət başçıları ilə danışıqlarımız oldu. Mən bu görüşlərimdən və Ankarada gördüyümüz işlərdən çox məmnun olduğumu bildirmək istəyirəm. Ancaq a ziyarət edim. Çünki Qars Türkiyənin çox gözəl bir guşəsidir. Eyni zamanda, müasir dünyada yaranmış vəziyyətə görə Qars böyük strateji əhəmiyyət daşıyır.

Ancaq mənim Qarsa gəlmək istəyim, arzum yalnız bundan ibarət deyildir. Qars bizim üçün, azərbaycanlılar üçün tarixən çox məşhur və çox doğma, çox əziz bir diyar olubdur. Uzun illər Sovet hakimiyyəti hökm sürdüyünə görə, Azərbaycan xalqı qardaş türk xalqı ilə tarixi köklərindən gələn əlaqələrini istədiyi kimi qurub inkişaf etdirə bilməmişdir.

Biz bir kökdən olan xalqlarıq, millətlərik, türk millətləriyik, türk xalqlarıyıq. Türk dünyasının tarixi o qədər qədim, o qədər zəngindir ki, əsrlər keçdikcə türk kökündən bir çox xalqlar yaranmışdır - Osmanlı türkləri, Orta Asiyada yaşayan özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, tatarlar, azərbaycanlılar və digərləri. Bizim hamımızın bir kökümüz, bir dilimiz, bir dinimiz var. Çox qədim, müştərək adət-ənənələrimiz, mənəvi dəyərlərimiz var.

Bizim xalqlarımızın böyük şəxsiyyətləri, alimləri, yazarları bugünkü nəsil üçün gözəl irs qoyub gediblər. Onlar bizim xalqlarımızın çoxəsrlik tarixini yazıblar, yaradıblar.

Dədə Qorqud deyəndə, türk dünyasına mənsub olan hər bir xalq deyir ki, bu, mənimdir. Türkiyədə ona Ata Qorqud deyirlər, Azərbaycanda Dədə Qorqud deyirik. Bəli, bizim hamımız o kökdənik. Təsadüfi deyildir ki, biz iki-üç il bundan öncə böyük Dədə Qorqudun Azərbaycan dilində yazdığı dastanların 1300 illik tarixini bir yerdə, türkdilli ölkələrin cümhur başqanları, digər nümayəndələr ilə birlikdə Bakıda bayram etdik. Belə faktlar çoxdur. Bunları siz də bilirsiniz, bizim xalqlarımızın hamısı da yaxşı bilir.

Yenə də bildirmək istəyirəm ki, azərbaycanlılar üçün Qarsın xüsusi yeri var. Çünki, birincisi, coğrafi nöqteyi-nəzərdən biz bir-birimizə yaxınıq. İkincisi də, keçmişdə bizim aramızda sərhəd olmayıb və biz daim bir-birimizlə əlaqədə olmuşuq. Ancaq eyni zamanda Qars da, türk xalqı da, Azərbaycan xalqı da son əsrlərdə çox böyük sınaqlardan keçiblər, çox böyük məhrumiyyətlərə məruz qalıblar. Öz torpaqlarını qoruyub saxlamaq üçün savaşa qalxıblar, döyüşüblər, vuruşublar, şəhidlər veriblər. Ancaq zaman-zaman torpaqlarının bəzilərini itirməsinə baxmayaraq, son olaraq, yenə də özlərinin torpaqlarında, özlərinin doğma yerlərində yaşamaq haqqını qəhrəmanlıq, rəşadət və cəsarət nümunələri ilə qazanıblar.

Qarsın tarixi məlumdur. Əgər XIX əsri götürsək, Qars bir neçə dəfə əldən-ələ keçibdir. 1877-1878-ci illərdə Rusiya-Türkiyə savaşında Qarsı və bu bölgəni ruslar ələ keçiriblər. Rusiya burada hakim olubdur. Tarixdən bilirsiniz, türklərin başına hansı bəlalar gəlibdir. Burada olan türkləri yerlərindən didərgin salıblar, çıxarıblar, qırıblar, kəndləri yandırıblar. Bura erməniləri, yunanları, digər millətlərdən olan insanları köçürüblər.

Buranı türk xalqının əlindən almağa çalışıblar. Təəssüflər olsun ki, o vaxt Rusiya imperatorluğunun Türkiyəyə qarşı olan bu təcavüzkar münasibəti Qarsın bir neçə il onların əlində qalmasına səbəb olubdur. Ancaq türk xalqı bununla razılaşa bilməyibdir.

Məlumdur ki, 1918-ci ildə böyük öndər Mustafa Kamal Atatürkün əmri ilə Türkiyənin böyük sərkərdəsi Kazım Qarabəkir Paşa və onun başçılıq etdiyi qoşunlar rus ordusunun hissələrini buradan çıxarıb, Qarsı azad edib və hər il oktyabr ayının, səhv etmirəmsə, 30-u Qarsın qurtuluş günüdür. Elədirmi? O gündən Türkiyə Cümhuriyyəti böyük Atatürkün başçılığı ilə öz torpaqlarının sahibi olub və türklərin tarixi məkanı olan Qars bütün faciələrdən keçərək, yenə də onların məkanı olubdur.

Siz tarixi yaxşı bilirsiniz. Bu torpaq türk torpağıdır. Əgər tarixin hansısa anlarında hansısa güclü dövlətlər müəyyən səbəblərdən bu torpaqda hakim olubsa, bu haqsızlığa Allah da razı olmayıbdır. Amma, əsas odur ki, türk əsgəri, türk xalqı heç vaxt öz torpağının başqalarının tapdağı altında qalmasına razı olmayıbdır.

Onu da qeyd etmək istəyirəm ki, Kazım Qarabəkir Paşa təkcə Qarsın xilaskarı deyildir. O, eyni zamanda həmin illər öz qoşunları ilə Naxçıvana gəldi. Ermənilər Naxçıvanda azərbaycanlıları qırırdılar və o vaxtkı türk ordusunun hissələri Kazım Qarabəkir Paşanın başçılığı ilə Naxçıvana gəldilər. Naxçıvanlılara, azərbaycanlılara, türklərə qardaş yardımını göstərdilər və orada erməniləri darmadağın etdilər. Bunu da heç kəs unutmur.

Türkiyə Naxçıvanda bir məscid tikibdir, onun adı Kazım Qarabəkir Paşa məscididir. Hörmətli vali mənə xatırladırdı ki, 1999-cu ildə üç-dörd gün idi ki, burada vali vəzifəsinə yenicə başlamışdı, onda Naxçıvana gələrək, bizim keçirdiyimiz həmin mərasimdə iştirak etmişdir. Xatirinizdədir, o vaxt biz Kazım Qarabəkir Paşanın qızını, İstanbul Universitetinin professorunu dəvət etmişdik. O da orada bizimlə bərabər idi. Yəni xalq, Azərbaycan xalqı heç bir şeyi unutmur və unutmayacaqdır.

Burada siz Ermənistanla sərhəddəsiniz. Ermənilər daim iddia edirlər ki, bu torpaqların, bəlkə də, hamısı onlarınkıdır. Ağılsız adamlardır... Ancaq təəssüflər olsun ki, belə fikirlər olur, yaşayır. Ermənilər indi yenə də Türkiyəyə torpaq iddiası ilə qalxıblar. Guya türklər ermənilərə qarşı vaxtı ilə "soyqırımı" ediblər, erməniləri qırıblar. Tamamilə yalandır. Burada, Qarsın bu torpağının altında indi də qazıb tapa bilərsiniz, nə qədər günahsız türklər ermənilər tərəfindən öldürülübdür, yandırılıbdır. Tarix, faktlar göstərir ki, ermənilər südəmər uşaqları tüfənglərin süngüsünə keçirib öldürürdülər. Qadınları soyundurub qovurdular, sonra öldürürdülər. Bizim türk xalqımıza qarşı belə faciələr törədirdilər... İndi də burada torpaq iddiası edirlər. Onlar heç vaxt buna nail ola bilməzlər. Türkiyənin torpaqları Türkiyənindir.

Türkiyə güclü bir dövlətdir. Türkiyənin güclü ordusu, qəhrəman ordusu var. Mən Türkiyənin dostu, qardaşı kimi bilirəm ki, əgər kim indi Türkiyə torpağına bir addım atarsa, onun cavabını elə verəcəklər ki, o da, onun ata-babası da bunu heç vaxt unutmayacaqdır.

Mən demirəm ki, millətlər bir-birinə daim düşmən olmalıdır. Yox. Ancaq belə faciələri də unutmaq olmaz. Yadımdadır, iki-üç il bundan öncə biz Azərbaycanda eşitmişdik ki, burada Qarsda bəziləri deyirlər ki, sərhədləri açın, ermənilərlə ticarət edək. Mənim dostum, Türkiyənin 9-cu cümhur başqanı Süleyman Dəmirəl buraya gəlmişdi, qayıtdıqdan sonra mənə telefon etdi. Bildirdi ki, orada bəzi adamlar mənə belə sözlər dedilər, mən isə dedim ki, üç-beş quruşdan ötrü biz millətimizin mənafeyini heç kəsə təslim edə bilmərik. Bu müdrik sözlər, hesab edirəm ki, hər birimiz üçün, o cümlədən, Qarsda yaşayan vətəndaşlar üçün də, bizim üçün də həmişə örnək olmalıdır. Biz bunu heç vaxt unutmamalıyıq.

Onu da bilirsiniz ki, ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə hələ 1988-ci ildə qalxdılar. Azərbaycanın qədim torpağı Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə onlar hərbi təcavüzə başladılar. Bu hələ Sovet hökuməti dövründə idi. Amma təəssüflər olsun ki, o vaxt Sovet hökumətinin Moskvada oturan başçıları ermənilərə daha da çox dəstək verdilər və onların qarşısını almadılar. Azərbaycanda isə bəzi səbəblərdən ölkənin daxilində sabitlik olmadığına görə, ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələrinə görə Azərbaycanın qəhrəman oğulları öz torpaqlarının müdafiəsi üçün tam səfərbər edilə bilmədi. Bunun nəticəsində ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər.

Dağlıq Qarabağ kiçik bir yerdir. Oranın ərazisi cəmi dörd min kvadrat kilometrdir. Orada keçmişdən ermənilər də, azərbaycanlılar da yaşayıblar. Amma son vaxtlarda orada ermənilər daha çox olub, azərbaycanlılar az. Əhalisinin sayı 150-160 min nəfər idi, yəni böyük bir yer deyildir. Amma ermənilər oranı Azərbaycandan qoparıb Ermənistanla birləşdirmək istədilər. Müharibə başlandı. Müharibədə bəzi səbəblərdən, Azərbaycanın torpaqlarının nəinki Dağlıq Qarabağ bölgəsi, həm də onun ətrafında olan ən gözəl Qarabağ torpaqları ermənilər tərəfindən işğal olundu və indiyədək işğal altındadır. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən zorla çıxarıldı. Onlar artıq on ilə yaxındır ki, çadırlarda yaşayırlar. Çünki Azərbaycanda onlar üçün yeni evlər tikmək, şərait yaratmaq mümkün deyildir. İkincisi də, onlar öz torpaqlarına, öz evinə, öz obasına dönməlidirlər. Biz belə ağır bir durumdayıq.

1994-cü ilə qədər müharibə davam edirdi. 1994-cü ildə biz, Ermənistanla Azərbaycan atəşkəs elan etdik. O vaxtdan müharibə yoxdur. Atəş yoxdur, döyüşlər yoxdur, sərhədlər yoxdur. Ancaq eyni zamanda torpaqlarımız da işğal altındadır. Bir milyon azərbaycanlı indiyə qədər çadırlarda yaşayır.

Bu, beynəlxalq hüquq normalarına ziddir. Birləşmiş Millətlər Təşkilatının bir neçə qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələri gərək Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxsın. ATƏT-in qərarları var. Başqa dövlətlərin bu barədə qərarları var. Ancaq ermənilər bütün bunlara məhəl qoymur, bunları yerinə yetirmirlər. Dünyada çox güclü olan erməni lobbisi - Amerika Birləşmiş Ştatlarında, Avropada, Fransada və digər ölkələrdə olan erməni lobbisi kiçik Ermənistanı müdafiə edir.

Biz o ildən, yəni 1994-cü ildən məsələni sülh yolu ilə həll etmək istəyirik. Danışıqlar aparırıq, beynəlxalq təşkilatlarda danışıqlar aparırıq. Böyük dövlətlər - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bu işə başçılıq edir. Biz bu məsələlərin çözülməsində Türkiyə Cümhuriyyəti ilə daim bir yerdəyik, məsləhətləşirik. İndi mən Ankarada olarkən yenə də çox böyük məsləhətləşmələr apardım. Çünki biz yenidən müharibə etmək istəmirik. Doğrudur, bizim xalqımızın içərisində müharibəni başlayıb, nəyin bahasına olursa-olsun, nə qədər şəhidlər verməli olsaq da, torpaqlarımızı azad etmək fikirləri də çoxdur. Ancaq cümhur başqanı kimi mən düşünürəm ki, müharibə etmək indi düzgün yol deyildir. Biz məsələni sülh yolu ilə həll etməliyik. Onun üçün də Ermənistanı məcbur etməliyik ki, Azərbaycan torpaqlarından çəkilsin.

Ermənistan kiçik bir ərazidədir. İqtisadiyyatı çox ağır vəziyyətdədir. Ermənistanın əhalisi hər ay oranı tərk edib dünyanın bir çox ölkələrinə - Amerikaya, Avropaya, Rusiyaya gedir. İndi Ermənistanda heç iki milyon adam yoxdur. Keçmişdə dörd milyon əhalisi vardı, iqtisadiyyatı çox zəifdir. Ona görə də mən hesab edirəm ki, Ermənistan bu iqtisadi çətinliklər içərisində boğularaq, mütləq məsələnin sülh yolu ilə həll olunmasına razılıq verəcəkdir. Biz Azərbaycan torpaqlarını döyüşsüz, savaşsız, müharibəsiz, sülh yolu ilə azad edəcəyik. Burada Türkiyə bizim arxamızdadır, bizimlə bərabərdir. Türkiyə Ermənistanın qarşısında məsələni belə qoyubdur. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayana qədər, Azərbaycan torpaqları azad edilməyənə qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq və onunla heç bir iqtisadi, siyasi əlaqəsi olmayacaqdır. Türkiyənin bu siyasəti Ermənistana böyük bir təzyiqdir. Çünki əgər Ermənistan doğru yola gəlsə, işğal edilmiş Azərbaycan torpaqlarından çıxsa, onda Türkiyə ilə Azərbaycan birlikdə məsləhətləşməklə, Türkiyənin Ermənistanla sərhədləri müəyyən mənada açılsa, onda, əlbəttə ki, Ermənistanın dünyaya çıxışı olacaq, iqtisadiyyatı inkişaf edəcəkdir. Ancaq indi Türkiyə Azərbaycanla bərabərdir. Türkiyənin cümhur başqanı bunu dünən də bəyan edibdir və Türkiyə dövlətinin digər başçıları da bildiriblər ki, ermənilər Azərbaycan torpaqlarını azad etməyincə, Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə ola bilməz, sərhədlər qapalı olaraq qalacaqdır.

Biz buna inanırıq. Çünki bu bizim üçün çox böyük dəstəkdir, çox böyük yardımdır. Güman edirəm ki, Türkiyə və Azərbaycan bu məsələni birlikdə həll edəcəkdir.

Mən Qarsa ilk dəfə on il bundan öncə 1992-ci ilin fevral ayında gəlmişəm. Onda mən Naxçıvanda yaşayırdım. O vaxt Azərbaycanda durum çox ağır idi. Naxçıvan blokadada idi, indi də blokadadadır. Amma o vaxt orada yaşayış çox pis idi. O zaman mənim köhnə dostum Süleyman Dəmirəllə, mən onunla hələ 1968-ci ildən, ilk dəfə Türkiyənin baş bakanı seçilən zaman Bakıya gəldiyi vaxtdan tanış idim, - telefon əlaqələrim var idi. O, Azərbaycana, Naxçıvana yardım edirdi. O məni dəvət etdi. Qarsın valisi məni Naxçıvanla sərhəddə qarşıladı, avtomobillə Qarsa gəldim. Buradan Süleyman Dəmirəlin təyyarəsi ilə Ankaraya getdim. Onda Qarsı gördüm. Geriyə dönəndə yenə də Qarsdan keçdim.

Sonra 1993-cü ildə İğdırın ildönümü ilə əlaqədar orada mərasim vardı. Hörmətli Süleyman Dəmirəl oraya gəlmişdi. Mən də Naxçıvandan gəlmişdim. Orada bərabər olduq. Sonra birlikdə buraya gəldik. Xatirimdədir, burada böyük bir toplantı vardı. Baş bakan Süleyman Dəmirəl böyük nitq söylədi. Onda siz burada şəkər fabrikasının, sement fabrikasının tikilməsi haqqında sözlər deyirdiniz. Dünən mən dostum Süleyman Dəmirəldən soruşdum ki, indi şəkər fabrikası varmı? Dedi ki, var. Sement fabrikası varmı? Dedi var. Amma nə var, nə yox - onu mən bilmirəm. Gözlərim onu görür ki, bu illər ərzində Qars çox dəyişilib, çox inkişaf edibdir. Burada böyük, gözəl binalar, küçələr, gözəl yerlər görürəm. Qars inkişaf edir və etməlidir. Çünki Qars Türkiyənin, təkcə Türkiyənin yox, Azərbaycanın da bu nöqtədə ən önəmli bir şəhəridir, yeridir.

Bilirəm ki, 1918-1920-ci illərdə, Azərbaycanda sovet hakimiyyəti qurulan zaman azərbaycanlıların bir qismi sovet hökumətindən qorxub qaçaraq Türkiyəyə gəlmişdilər. Onların bir çoxu Qarsda yerləşmişdi. Borçalı mahalından, İrəvan tərəfdən, Qarabağdan, Gəncədən və başqa yerlərdən… Mən çox vaxt Qarsdan olan adamlarla görüşürəm. Mənə söyləyirlər ki, babaları Qarabağdandır, Gəncədəndir, İrəvandandır, Borçalıdandır. Bunları mən bilirəm. Bilirəm ki, burada Qarsda azəri köklü insanlar az deyil, çoxdur. Biz hamımız türkük. Amma mən nitqimin əvvəlində də dedim ki, zaman, tarix, yüz illər bizim bəzilərimizin adını dəyişdirib, bir cür qoyubdur. Biz azərbaycanlıyıq, buradakılar türklərdir, - Gürcüstanda Axıska türkləri var, onları da o vaxt sürgün etdilər. Orta Asiyada özbəklər, qazaxlar var. Mən belə başa düşürəm ki, indi burada da Azərbaycandan gəlmiş adamlar var. Ləhcəmiz də bir-birinə yaxındır. Mənə deyirlər ki, Qars ləhcəsi Azərbaycan ləhcəsinə daha yaxındır. Bilmirəm doğrudur, yoxsa yox? Hər halda, mən tam Azərbaycan ləhcəsində danışıram və güman edirəm ki, dediyim sözlərin hamısını siz anlayırsınız. Yəni bunun üçün o qədər də böyük çətinlik yoxdur. Çünki bizim hamımız birik, hamımız bir millətik. Mən demişəm: "Biz - Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətik". Bir məsələni də sizə deyim, hörmətli vali də danışdı. Bilirsiniz ki, biz 1994-cü ildən böyük layihələr üzərində işləyirik və Azərbaycan neftini dünya bazarına çıxarmağa çalışırıq. Bunun yolları çoxdur. Amma biz bunu Türkiyədən çıxarmaq haqqında, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi barədə qərar qəbul etdik. 1994-cü ildə bu qərarı qəbul edərkən buna inanmırdılar, bunu xəyal hesab edirdilər. Çünki bəzi dövlətlər bunu istəmirdi. Azərbaycan neftinin Xəzər dənizindən çıxarılan neftin digər istiqamətlərdən getməsini istəyirdilər. Ancaq biz öz qərarımızda sona qədər durduq, bu layihəni hazırladıq. Bakı-Tbilisi-Ceyhan layihəsi hazırdır və biz inşaata başlayırıq. 2005-ci ildə inşaat qurtaracaq, Azərbaycan nefti Xəzər dənizindən 2000 kilometr uzunluğunda olan boru xətti ilə Aralıq dənizində Türkiyənin Ceyhan limanında tankerlərlə doldurulacaqdır. Bu boru da buradan, sizin yanınızdan keçəcəkdir. Güman edirəm ki, bunun sizə də faydası çox olacaqdır.

Biz bir qaz kəməri də çəkirik. Azərbaycanda böyük qaz yataqları var. İlkin olaraq qərara aldıq ki, həmin qazı Bakıdan Ərzuruma gətirək. O işə də başlamışıq. O da 2004-cü ildə bitəcəkdir. Ərzuruma gedən boru xətti də buradan keçəcəkdir və siz təbii qaz alacaqsınız. Bunların hamısı Türkiyə ilə Azərbaycanı elə tellərlə bir-birinə bağlayır ki, bundan sonra yüz il də, min il də bizi heç kəs, heç vaxt ayıra bilməyəcəkdir.

Mən sizə təşəkkür edirəm ki, siz burada mənim adıma bir park və bulvar yaratmısınız. Çox sağ olun, mən bundan çox məmnunam. Əgər siz mənim şəxsiyyətimə, mənim fəaliyyətimə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsində xidmətlərimə belə qiymət verirsinizsə, mən sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olun, hamınıza cansağlığı arzu edirəm.

Burada - Qarsda Azərbaycan konsulluğu yaranacaqdır. Cümhur başqanı Əhməd Necdət Sezərlə mən bu barədə danışdım və onun da razılığını aldım. Sağ olun.