Hörmətli cənab sədr!
Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri!
İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin başçılarının görüşünün çox gözəl təşkil edildiyinə görə mən hər şeydən əvvəl, Mərakeş məliki əlahəzrət II Həsənə ürəkdən təşəkkür edirəm.
Azərbaycan xalqı adından sizi - bu mötəbər məclisin iştirakçılarını böyük məmnuniyyətlə salamlayıram. Sizə və xalqlarınıza səadət və firavanlıq arzulayıram, hörmət və ehtiramımı bildirirəm.
Biz haqlı olaraq fəxr edə bilərik ki, islam dünyası ümumbəşəri sivilizasiyaya öz layiqli töhfəsini vermişdir və neçə əsrdir ki, onun mənəvi inkişafına və təkmilləşdirilməsinə kömək edir.
Bu gün dünyada mürəkkəb, ziddiyyətli proseslər getməkdədir: viranedici qlobal müharibənin qarşısının alınması, dünyanın təhlükəsizliyinin yeni təməlinin qoyulması kimi müsbət meyllər regional münaqişələrin artması ilə, yırtıcı millətçiliklə və dövrün başqa bəlaları ilə qarşılaşır. Bizim ölkələrimiz bu proseslərin qaynağındadırlar və biz beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqi qüvvələrinin qələbəsinə layiqli yardım etməliyik, öz səylərimizi göstərməliyik. Bunun naminə biz müsəlman ölkələrinin inkişafına mane olan əngəlləri aradan qaldırmalı, bir-birimizə yardım əli uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik.
Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı da məhz bu nəcib məqsədlərə xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 52 dövlətini birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əhaliyə, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir.
Ölkələrimiz arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslanan zəruri tədbirlər görülməsi İslam Konfransı Təşkilatının əsas prinsipləridir və onun nizamnaməsində öz ifadəsini tapmışdır.
Ötən 25 il ərzində bizim təşkilatımız dünya siyasətinin mühüm amilinə çevrilmişdir, müasir dünyanın qlobal və regional problemlərinin həllinə sanballı təsir göstərir. Amma etiraf etmək lazımdır ki, biz islam dünyasının və öz təşkilatımızın nəhəng potensialından hələ heç də tam, istənilən səviyyədə istifadə edə bilməmişik. Biz nəinki təkcə öz xalqlarımızın, həm də bütün dünyanın tərəqqisi işində daha sanballı, daha təsirli rol oynaya bilərik və oynamalıyıq.
Hörmətli cənablar!
Bildiyiniz kimi, çoxəsrlik tarixi, zəngin mənəvi və maddi irsi olan Azərbaycan xalqı hələ miladın yeddinci əsrindən islam dünyasının bir hissəsini təşkil edir. Avropa ilə Asiya arasında, Qafqaz ilə Yaxın Şərq arasında mühüm coğrafi-siyasi məkanda yerləşən Azərbaycan həmişə bir çox dövlətlərin diqqət mərkəzində olmuş, müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamışdır.
XIX əsrin əvvəllərində Azərbaycan uzunmüddətli dövlətlərarası müharibələr nəticəsində öz dövlətçiliyindən məhrum olmuş, sonra isə keçmiş Sovet İttifaqının bir hissəsinə çevrilmişdir. Bu illər ərzində bizim müsəlman məsləkimiz ciddi sınaqlardan keçmiş, Azərbaycan xalqı öz dini hisslərini açıq ifadə edə bilməmişdir. Amma bu hissləri biz içimizdə yaşatmışıq, qoynumuzda saxlamışıq, hətta ən ağır dövrlərdə öz dinimizə etiqad bəsləmişik.
Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildə istiqlaliyyət əldə etməklə biz yenidən öz kökümüzə qayıtmış, din azadlığımıza nail olmuşuq. Elə həmin il Azərbaycan İslam Konfransı Təşkilatına daxil olmuşdur, onun tədbirlərinin fəal iştirakçısıdır və onun bütün strukturları ilə əməkdaşlıq edir.
Müstəqil Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra mən müsəlmanlıq borcuma əməl edərək, Məkkə və Mədinə şəhərlərinə gedib müqəddəs ziyarətgahlara səcdə qılmışam, ümrə mərasimini yerinə yetirmişəm.
Azərbaycan Respublikasının prezidenti kimi mən öz qardaşlarımla – müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün islam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.
Hörmətli cənablar!
Sizə məlum olduğu kimi, Azərbaycan xalqı qonşu Ermənistan Respublikasının təcavüzünə məruz qalmış, bunun nəticəsində Azərbacan ərazisinin 20 faizindən çoxu işğal edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasında işğal etdikləri Dağlıq Qarabağ regionunda və ona bitişik yeddi digər rayonda ən qədim mədəniyyət abidələri məhv edilmiş, bütün məscidlər dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, Qurani-Kərimin nüsxələri yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün izləri yer üzündən silinir.
Mənim həmvətənlərimin 20 min nəfərindən çoxu öldürülmüş, təqribən 100 min nəfəri yaralanmış və şikəst olmuş, bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan qovulmuş, onların evləri viran edilmiş və yandırılmışdır. Bu adamlar, o cümlədən uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının törətdikləri soyqırımının bütün dəhşətlərini görmüş, qohum-əqrəbalarını itirmişlər. İndi isə sərt qış şəraitində çadır şəhərciklərində dözülməz vəziyyətdə yaşayırlar, soyuqdan donurlar, yoluxucu xəstəliklərə tutulurlar, ərzaq, dərman, pal-paltar sarıdan korluq çəkirlər.
Öz qətnaməsində Ermənistan Respublikasının müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının fəaliyyətini biz yüksək qiymətləndiririk. O bu münaqişənin aradan qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və biz çox ümidvarıq ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir.
Görüşümüzə Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamə layihəsi təqdim edilmişdir. Mən hamınızı bu layihəni bəyənməyə dəvət edirəm.
Son vaxtlar Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunmuşdur. Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin Budapeştdəki Zirvə görüşü çoxmillətli sülhü mühafizə qüvvələrinin təşkil olunub münaqişə zonasına göndərilməsi haqqında mühüm qərar qəbul etmişdir. Bu, Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin iştirakçısı olan dövlətlərin səyləri və bizim onlarla konstruktiv əməkdaşlığımız sayəsində mümkün olmuşdur.
Münaqişənin tamamilə aradan qaldırılması üçün ermənilərin bütün silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını, qaçqınların doğma yurdlarına qaytarılmasını, Azərbaycanın bütün ərazisi üzərində onun suveren hüquqlarının bərpa edilməsini nəzərdə tutan siyasi saziş bağlanmalıdır.
Lakin Ermənistan Respublikası işğal olunmuş ərazilərin azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.
Hazırda sülhə nail olmaq üçün beynəlxalq həmrəyliyin, təcavüzkara beynəlxalq səviyyədə təzyiq göstərilməsinin çox böyük əhəmiyyəti var. İslam Konfransı Təşkilatı kimi nüfuzlu təşkilat və onun hər bir üzvü tərəfindən təzyiq göstərilməsi də son dərəcə vacibdir. Ona görə də, hörmətli görüş iştirakçıları, mən sizə üz tutub xahiş edirəm ki, siyasi iradənizi qətiyyətlə bildirəsiniz və Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda bizim ədalətli mübarizəmizə tərəfdar çıxasınız.
Bu mötəbər kürsüdən mən öz qardaşlarıma - Türkiyənin, İranın, Pakistanın, Səudiyyə Ərəbistanının və bir çox başqa ölkələrin, islam xeyriyyəçiliyi təşkilatının rəhbərlərinə təşəkkür edirəm. Onlar xalqımızın müsibətinə öz münasibətlərini dərhal bildirərək qaçqınları ən zəruri əşyalarla təmin etmişlər və bu gün də bizə yardım göstərməkdədirlər.
Mən bizi dar ayaqda tək qoymayanların hamısına minnətdaram. Amma indi ölkəmizin sakinlərinin hər yeddi nəfərindən biri qaçqındır. Humanitar vəziyyət son dərəcə ağırdır, bizim yardıma çox böyük ehtiyacımız var və mən kömək üçün sizə müraciət edirəm.
Altı illik müharibə nəticəsində Azərbaycan Respublikası ağır iqtisadi və sosial böhran keçirməkdədir. Müharibənin xalqımıza və ölkəmizin iqtisadiyyatına vurduğu yaralara, böyük maddi zərərə baxmayaraq, biz sülhə və sabitliyə nail olmaq naminə əlimizdən gələni edirik.
Bu il sentyabrın 20-də biz Xəzər dənizininin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlədilməsi üçün dünyanın bir sıra iri şirkətləri ilə müqavilə imzalamışıq. Bu, Azərbaycanın xarici investisiyalar, iqtisadi əməkdaşlıq və dünya iqtisadiyyatına inteqrasiya üçün açıq olduğunu nümayiş etdirir. Müharibə ilə əlaqədar yaranmış ağır şəraitə baxmayaraq, biz islahatlar aparmaq, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat yaratmaq yolu ilə əzmlə irəliləyirik, xalqımızın güzəranını yaxşılaşdırmağa çalışırıq.
Zati-aliləri!
Öz çıxışımda mən xalqımın ağrı-acılarından və iztirablarından danışdım. Bununla yanaşı, Bosniya və Herseqovinada, Kəşmirdə, Fələstində, dünyanın bütün qaynar nöqtələrində milliyyətindən və dinindən asılı olmayaraq başqa xalqların da dərdi və iztirabları məni narahat edir. Bosniya və Herseqovinada son vaxtlar yaranmış vəziyyət xüsusi təşviş və ürək ağrısı doğurur. Orada qırğın və dağıntılar dəhşətli miqyas almışdır. Ona görə də biz qanlı qırğının dərhal dayandırılması üçün və bu münaqişənin ədalətlə aradan qaldırılmasına nail olmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik, var qüvvəmizi sərf etməliyik.
Nitqimi bitirərək, mən aramızdakı həmrəyliyə, İslam Konfransı Təşkilatının prinsiplərinə və məqsədlərinə sadiq olduğumu bildirirəm, sülh, sabitlik və tərəqqi naminə hamını öz səylərini birləşdirməyə çağırıram. Mən sizin hamınıza və xalqlarınıza səadət və əmin-amanlıq arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.