İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin dövlət başçılarının dördüncü zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Aşqabat, 14 may 1996-cı il


Hörmətli cənab sədr!

Zati-aliləri!

İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək səviyyədə dördüncü görüşünün çağırılması ilə əlaqədar böyük məmnunluq hissi keçirdiyimi bildirirəm və təşkilatımızın üzvü olan qardaş dövlətlərin başçılarını salamlayıram.

Cənab prezident, sizi görüşümüzün sədri vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.

Türkmənistan prezidenti hörmətli Saparmurad Niyazova və qardaş Türkmənistan xalqına səmimi qarşılandığımıza və mehribanlığa görə, Aşqabatda işimiz üçün yaradılmış gözəl şəraitə görə minnətdarlığımı bildirirəm.

Zati-aliləri!

Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz buna görə də təşkilatımızda fəal iştirak etmək təkcə iqtisadi maraqlarda deyil, həm də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz qardaş ölkələrlə sıx əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətinin üstün istiqamətidir.

Asqabat görüşü EKO genişləndikdən sonra birgə fəaliyyətimizin üç ilinə yekun vurur. Bu, səmərəli və hadisələrlə zəngin dövr idi və həmin dövr ərzində təşkilatımız əməkdaşlığın konkret sahələrində öz uzunmüddətli perspektivlərini və üstün istiqamətləri müəyyənləşdirmişdir.

Mühüm sənədlər qəbul edilmişdir: Kvetta fəaliyyət planı, İstanbul bəyannaməsi, Alma-Atı əsas planı və sair. Biz aviasiya və gəmiçilik şirkətlərinə, Ticarət və İnkişaf Bankına, Yenidən Sığortalama Şirkətinə dair razılaşdırılmış layihələrin, tranzit ticarəti haqqında sazişin və viza qaydalarının sadələşdirilməsi haqqında sazişin həyata keçirilməsinə böyük əhəmiyyət veririk. İslamabadda üçüncü Zirvə toplantısında qəbul olunmuş bu sənədlər əməkdaşlığımızın dərinləşməsinə, şübhəsiz, kömək edəcəkdir.

Türkmənistan və İranın dəmiryol sistemlərinin birləşdirilməsi ölkələrimizin nəqliyyat sistemlərinin qovuşmasına doğru mühüm addımdır və bu səmərəli əməkdaşlığa konkret misaldır. Mən regionda nəqliyyat-kommunikasiya sistemlərinin inkişafında əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq nəzərə çarpdırmaq istəyirəm.

Təşkilatımızın beynəlxalq nüfuzunun yüksəlməsi, digər ən iri regional və beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığın təşkili məmnunluq hissi doğurur. Buna BMT Baş Məclisinin 50-ci sessiyasında BMT ilə EKO arasında əməkdaşlıq haqqında xüsusi qətnamə qəbul edilməsi sübutdur. Biz təşkilatımızın BMT müəssisələri ilə, İslam İnkişaf Bankı, İslam Konfransı Təşkilatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ilə əməkdaşlığın genişlənməsinə yönəldilmiş səylərini də alqışlayırıq.

Zənnimcə təşkilatımızın inkişafının yeni mərhələsi əldə olunmuş müsbət nəticələr nəzərə alınmaqla EKO-nun təşkilat strukturunda dəyişikliklər aparmağı, nizamnamə sənədlərinin bəzi müddəalarını bu günün reallıqları ilə uyğunlaşdırmağı tələb edir.

Bu, bizə öz işimizi daha səmərəli qurmağa, artıq razılaşdırılmış olan layihələri həyata keçirmək üçün maliyyə ehtiyatlarını, texniki və digər ehtiyatları daha tez səfərbər etməyə, səylərimizi günü bu gün həyata keçirilə biləcək proqramlar üzərində cəmləşdirməyə imkan verər.

Zati-aliləri!

Zirvə toplantısında iştirak edən bir sıra digər dövlətlər kimi, Azərbaycan da mürəkkəb keçid dövrünü yaşayır. Biz müstəqillik qazandıqdan sonra dərin siyasi və iqtisadi islahatlar aparılması, bazar iqtisadiyyatı olan demokratik, hüquqi dövlət qurulması yolu ilə gedirik.

Qısa bir müddətdə biz Azərbaycanda siyasi plüralizmi, şəxsiyyət, söz, dini etiqad azadlığını bərqərar etmişik.

Respublika parlamentinə çoxpartiyalı əsasda ilk demokratik seçkilər keçirilmiş, müstəqil Azərbaycanın referendum yolu ilə ilk demokratik konstitusiyası qəbul olunmuşdur.

Dövlət mülkiyyətini özəlləşdirmək proqramı qəbul edilmişdir və həyata keçirilir, aqrar sektorda islahatlar aparılır.

"Əsrin neft müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorundakı enerji ehtiyatlarının birgə işlənməsi sahəsində dünyanın ən iri neft şirkətləri ilə uzunmüddətli beynəlxalq əməkdaşlığa başlanmışdır.

Əminəm ki, Xəzər dənizinin şelflərindəki enerji ehtiyatlarının hasilatı sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi bütün regionun, təşkilatımızın iştirakçısı olan dövlətlərin, - onlardan dördü Xəzər ətrafında yerləşir, - iqtisadi inkişafına ən əlverişli təsir göstərəcəkdir.

Zati-aliləri, bildiyiniz kimi, Azərbaycanda keçid dövrünün çətinliklərini Ermənistan Respublikası tərəfindən səkkiz ildən artıqdır davam edən silahlı təcavüzün nəticələri daha da ağırlaşdırır.

Azərbaycan ərazisinin iyirmi faizindən çoxu işğal edilmişdir, bir milyondan artıq vətəndaşımız qaçqına çevrilmiş və çadır şəhərciklərində ağır şəraitdə yaşayır.

Bütün bunlara baxmayaraq, biz münaqişənin dincliklə, siyasi yolla, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında - dövlətlərin sərhədlərinin, ərazi bütövlüyünün və suverenliyinin pozulmazlığı əsasında aradan qaldırılmasına çalışırıq.

Cəbhə xəttində atəşin dayandırılmasının və barışıq əldə edilməsinin mayın 12-də iki ili tamam olmuşdur. Biz ATƏT-in Minsk qrupunun himayəsi altında, maraqlı olan bir sıra dövlətlərin vasitəçiliyi ilə sülh danışıqları aparırıq. Amma, təəssüflər olsun ki, danışıqlar arzu edilən nəticəni hələ verməmişdir. Digər beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Konfransı Təşkilatı kimi, İqtisadi Əməkdaşlıq Təşkilatı da təcavüzkarı öz qoşunlarını Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmağa, regionda sülhü və sabitliyi bərpa etməyə dəfələrlə çağırmışdır.

Münaqişənin dincliklə aradan qaldırılmasına çalışdığımızı bir daha təsdiqləyirik, hörmətli dövlət başçıları, sizdən xahiş edirəm ki, bu münaqişənin tezliklə aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və bir milyondan artıq azərbaycanlı qaçqının öz ocaqlarına qayıtması üçün bütün imkanlarınızdan istifadə edəsiniz.

Zati-aliləri!

Təşkilatımızın üç illik fəaliyyətini qiymətləndirərək deyə bilərik ki, o, inamla inkişaf edir, ən iri və ən nüfuzlu regional təşkilatlardan birinə çevrilir. Bu prosesdə EKO-nun baş katibi Şəmşad Əhməd xan cənablarının rolunu və səylərini ayrıca qeyd etmək və təşkilatımızın işinə verdiyi töhfəyə görə ona minnətdarlığımı bildirmək istəyirəm.

Mən Öndər Özər cənablarının EKO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir və ümidvaram ki, bu fəxri vəzifənin öhdəsindən o, uğurla gələcəkdir.

Biz çalışmalıyıq ki, təşkilatımız regionda sülhü, sabitliyi və iqtisadi tərəqqini təmin etmək vəzifəsini daha səmərəli yerinə yetirə bilsin.

Əminəm ki, biz buna birgə səylərimizlə nail olacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 16 may 1996-cı il.