Hörmətli müşavirə iştirakçıları!
Bugünkü müşavirə respublikamızda iqtisadi islahatların həyata keçirilməsinə həsr olunubdur. Bildiyiniz kimi, iqtisadi islahatları, o cümlədən aqrar bölmədə islahatları həyata keçirmək üçün əsas qanunlar qəbul olunubdur. Bu ilin iyul ayında «Torpaq islahatı haqqında» qanun qəbul edilibdir. Bu qanunların həyata keçirilməsi indi qarşımızda duran əsas vəzifədir. Çünki iqtisadiyyatın bütün inkişafı, respublika əhalisinin rifah halının yaxşılaşdırılması yalnız və yalnız islahatlar keçirmək yolu ilə iqtisadıyyatın irəliləməsini təmin etməklə bağlıdır.
Məlumdur ki, respublikamızın iqtisadi potensialı, o cümlədən aqrar bölmədə potensialı böyükdür. İdarəetmə lazımi islahatların keçirilməsi, strukturun təkmilləşdirilməsi, bununla yanaşı, insanların daha səmərəli işləməsi üçün imkanlar yaradılması və iqtisadi islahatların həyata keçirilməsi iqtisadiyyatın inkişafının mühüm şərtidir, əhalinin rifah halının yaxşılaşdırılmasının əsasını təşkil edir. Ona görə də, yenə də deyirəm, bu islahatların həyata keçirilməsi gündən-günə sürətlənməlidir, biz onun gündən-günə genişləndirilməsini təmin etməliyik. Bu qanunlardan irəli gələn yeni qanunların müzakirə edilib qəbul olunması da qarşımızda duran vəzifədir.
Şübhəsiz ki, bütün bunlarla yanaşı, cari işləri də daim yüksək səviyyədə aparmaq lazımdır. Bu işlər paralel getməlidir-bir tərəfdən islahatlar həyata keçirilməlidir, digər tərəfdən mövcud imkanlardan səmərəli istifadə olunmalıdır ki, istehsalda itki verməyək.
Yenə də qeyd edirəm ki, bugünkü müşavirə iqtisadi islahatların və iki ay bundan əvvəl qəbul edilmis. «Torpaq islahatı haqqında» qanunun həyata keçirilməsi vəziyyətinə həsr olunub. «Torpaq islahatı haqqında» qanun çox mütərəqqi qanundur. Eyni zamanda, onun həyata keçirilməsi mühüm əməli iş, həm iradə, həm də insanların, vətəndaşların, xüsusən kənd əhalisinin hüquqlarının qorunub saxlanmasını tələb edir. Bu sahədə çox iş görülməlidir.
Kənd təsərrüfatı mövsümi xarakter daşıyan bir sahədir. Məhsul istehsalında da hər mövsümün özünəməxsus yeri var. İndi payız artıq başlayıbdır. Məlumdur ki, payızda kənd təsərrüfatı işlərinin çoxu bir tərəfdən yekunlaşdırılır, digər tərəfdən qarşıdakı dövrdə məhsul istehsalı ilə əlaqədar lazımi işlər əsasən bu mövsümdə görülür. «Torpaq islahatı haqqında» qanunun həyata keçirilməsi üçün indiki mövsüm bu baxımdan bir tərəfdən çox mühüm bir mərhələdir, digər tərəfdən də kənd təsərrüfatı işlərinin həyata keçirilməsi, nəzərdə tutulmuş məhsul istehsalının təmin olunması, kənd təsərrüfatının bütün sahələrindən maksimum məhsul əldə edilməsi bizim əsas vəzifəmizdir.
Respublikanın iqtisadiyyatında pambıqçılıq əsas yer tutur və şübhə etmirəm ki, bundan sonra da əsas yer tutacaqdır. Düşünməliyik ki, torpağın xüsusi mülkiyyətə verildiyi indiki vaxtda, yəni torpağın xüsusi mülkiyyətə verilməsi prosesində Azərbaycanda pambıq istehsalı necə və hansı səviyyədə olacaqdır.
Məlumdur ki, respublikanın torpaqlarını xüsusi mülkiyyətə verərkən biz o torpaqların müxtəlif olduğunu nəzərə almalıyıq. Bir var tərəvəz, meyvə, yaxud üzüm altında olan torpaqlar, bir də var taxıl, pambıq, yem bitkiləri sahələri. Bilirsiniz ki, indiyədək respublikamızda pambıq bitkisi adətən ən münbit torpaqlarda əkilibdir, məhsul istehsal olunubdur. Meliorasiya cəhətdən yararlı olan münbit, suvarılan torpaqlardan əsasən pambıq əkini üçün istifadə edilibdir. Bu sahələr ərazicə ən geniş sahələrdir. Həmin sahələr necə bölünəcək, xüsusi mülkiyyətə necə veriləcək, kimin payı nə qədər olacaq, sonra bu paylardan pambıq istehsalı üçün necə istifadə ediləcək - bunlar çox mühüm məsələlərdir.
Məsələn, məlumat verirlər ki, bu il kəndlərdə bir çox vətəndaşlar ümumi taxıl sahələrindən, yəni təsərrüfatlara mənsub olan sahələrdən əlavə, öz həyətlərində də taxıl əkib məhsul götürüblər. Bu, təbii haldır. Əgər indi taxıla ehtiyac birinci dərəcəli məsələdirsə, kəndli taxıla olan təlabatını birinci növbədə ödəmək istəyirsə, o öz həyətyanı sahəsindən də istədiyi kimi istifadə edir, taxıl əkir, buğda götürür. Bunun bir hissəsini özünün çörəklə təminatına sərf edir, digər hissəsini isə satır.
Taxıl Məhsullrı Dövlət Şirkəti məlumat verir ki, fərdi adamlardan, fermerlərdən müəyyən şərtlərlə taxıl almaq barədə elan verəndən sonra şirkətə məhsul satmaq barədə müraciət edənlərin sayı çoxalıb. Yəni fərdi, həyətyanı, fermer təsərrüfatlarında bu il taxıl əkilib, biçilib, məhsul götürülübdür. Hətta bu məhsulun bir hissəsindən öz ehtiyacını ödəmək üçün istifadə etdikdən sonra, qalanını satmaq arzusunda olanlar da var. Hesab edirəm ki, bu, normal, tam təbii haldır.
Başqa bitkilərin, o cümlədən pambıq sahələrindən necə istifadə olunacaq, özünə torpaq sahəsi götürən adam ondan pambıq əkmək üçün istifadə edəcək, yoxsa istifadə etməyəcək, yaxud bundan başqa məqsədlər üçün istifadə edəcək? Şübhəsiz ki, bu məsələlər torpaq islahatı üzrə dövlət komissiyasında müzakirə olunur. Ancaq bunlar bizi ciddi düşündürməlidir. Biz bu barədə öz mövqelərimizi müəyyənləşdirməliyik.
Torpaq islahatı, torpağın şəxsi mülkiyyətə verilməsi prosesi respublikamızın tələbatı üçün lazım olan əsas kənd təsərrüfatı məhsullarının azalmasına imkan verməməlidir, əksinə, onun artmasını təmin etməlidir. Ona görə də bu gün cari ildə pambıq istehsalı sahəsində respublikada vəziyyətin nə yerdə olması müzakirə edilməlidir. Müzakirə etmək lazımdır ki, bu ilin nəticələrini biz indidən bilək - bu gün artıq sentyabrın 21-dir, - eyni zamanda, gələn il üçün hazırlaşaq: bu torpaqlardan gələn ilin pambıq istehsalı üçün necə istifadə olunacaqdır?
Pambıq respublikamız üçün çox mənfəətli bitkidir. Bu bitki respublikanın həm daxili tələbatını ödəmək, həm də valyuta gəlirini təmin etmək üçün çox lazımdır. Ona görə də bu sahəyə keçmişdə də, bu gün də fikir verilir və gələcəkdə də fikir veriləcəkdir.
Mən respublikanın müvafiq orqanlarının rəhbərləri ilə bərabər, pambıqçılıq rayonlarının icra hakimiyyəti başçılarını, bu rayonlarda kənd təsərrüfatı ilə məşğul olan orqanların rəhbərlərini bu gün buraya dəvət etmişəm ki, biz bu iki məsələni bir-biri ilə bağlı müzakirə edək. Bir tərəfdən, «Torpaq islahatı haqqında» qanunun həyata keçirilməsi prosesinə nəzər salaq, baxaq görək, burada nə işlər görülür, xüsusən, pambıq istehsal edilən sahələrdən gələcəkdə necə istifadə olunacaqdır. Digər tərəfdən, pambıq istehsalı sahəsində bu gün vəziyyət necədir - onu araşdıraq və məhsul istehsalını nəzərdə tutulan səviyyəyə çatdırmaq üçün nə kimi əlavə tədbirlər görülməli olduğunu müzakirə edək.
Bax, müşavirənin məqsədi bundan ibarətdir. Hesab edirəm ki, kənd təsərrüfatı naziri İrşad Əliyev bu barədə məlumat verməlidir. Sonra isə biz rayonların rəhbərlərini dinləməliyik ki, rayonlarda işlər necə qurulub, necə aparılır.
Yekun nitqi
Çıxışlar və burada verilən məlumatlar bugünkü müşavirənin nə qədər zəruri olduğunu bir daha nümayiş etdirir. Məlumatlardan və aparılan müzakirədən belə qənaətə gəlmək olar ki, respublikamızda aqrar sektorda iqtisadi islahatlar gedir və artıq öz müsbət nəticələrini verir.
Doğrudur, bu gün geriyə baxaraq, keçmiş dövrü təhlil edərkən qeyd etmək olar ki, bu islahatların getməsi asan deyildi, bir çox müqavimətlərlə rastlaşırdı və ola bilər, bəziləri bunların bu qədər müsbət nəticə verəcəyinə inanmırdılar, yaxud da, sadəcə, mühafizəkarlıqlarına görə, bu işə o qədər qoşulmurdular.
Ancaq heyvandarlıq sahəsində qısa müddətdə, xüsusən aprel ayının əvvəlindəki müşavirədə mənim verdiyim qəti göstərişdən sonra vəziyyətin bu qədər müsbət istiqamətdə dəyişilməsi çox sevindirici haldır. Yəni mən bunu belə də təsəvvür edirdim və bunun belə bir nəticə verəcəyinə inanaraq, elə qəti göstərişlər verirdim. Ancaq bu, təkcə bu ilin aprel ayında olmamışdır. 1995-ci ildə də bu göstərişlər olmuşdur. Təəssüf ki, yerli hakimiyyət orqanlarının başçıları, təsərrüfat rəhbərləri, bizim kənd təsərrüfatı orqanlarının başçıları yerlərdə də və respublika miqyasında da, o cümlədən Nazirlər Kabineti də bu sahədə çox ləng hərəkət ediblər, mühafizəkar mövqedə durmuşdular.
Ona görə də bu nəticələr indi əldə olunubdur. Ancaq 1995-ci ildə mənim tərəfimdən verilən göstərişlər həyata keçirilmiş olsaydı, biz buna daha tez nail ola bilərdik. Buna baxmayaraq, mən hesab edirəm ki, heyvandarlıq sahəsində görülən işlər çox sevindiricidir və bunun da müsbət nəticəsi ondan ibarətdir ki, respublikada mal-qara artıb, heyvandarlıq məhsulları artıb. Heyvandarlıq məhsulları, yəni ət, süd, yağ problemi Azərbaycanda artıq yoxdur. Azərbaycan öz-özünü təmin edir. İşlər bu minvalla getsə, - mən güman edirəm ki, bundan da yaxşı gedəcəkdir, - Azərbaycan heyyandarlıq məhsullarını yüksək keyfiyyətə çatdırıb ixrac etmək imkanına da malik olacaqdır.
Mən bilmirəm, burada Statistika Komitəsindən nümayəndə var, yoxsa yox, dəvət etmisinizmi? Xatirimdədir. 1970-ci illərdə bizim respublikada gərək ki, 4 milyon baş xırdabuynuzlu mal-qara var idi. 700-750 min baş da iribuynuzlu . Doğru deyirəm, yoxsa yox?
Yerden səs: Bəli, elədir.
Heydər Əliyev: O dövrdəki rəqəmlər yadımdadır. Bəs indi nə qədərdir?
Yerdən səs: Keçən ilə nisbətən...
Heydər Əliyev: Nisbəti demirəm bu gün iribuynuzlu, xırdabuynuzlu mal-qara nə qədərdir? Cəmisi.
Yerdən səs: 4 milyon 600 min baş.
Heydər Ə1iyev: 4 milyon 600 min. Siz bu rəqəmləri dəqiqləşdirin. Hesab edirəm ki, xüsusən xırdabuynuzlu mal-qara bundan çox olmalıdır.
Yerdən səs: Dəqiqləşdirərik.
Heydər Əliyev: Bəli, dəqiqləşdirin. Çox olmalıdır. Ancaq iş təkcə sayın artmasında deyil, eyni zamanda məhsuldarlığın artmasındadır. O vaxtlar biz hər müşavirədə nə ilə məşğul idik? Hər inəkdən ildə nə qədər süd sağılırdı? 700 kiloqram, 800 kiloqram. Bu ki, azdır, çox azdır. Bəli, kimsə hansı rayondasa orta hesabla 1000-1200 kiloqrama qaldırırdısa, bu, yaxşı nəticə hesab olunurdu. Amma keçmiş Sovetlər İttifaqının başqa yerlərində, tutaq ki, Baltikyanı ölkələrdə, yaxud Moldaviyada, Rusiyanın, Ukraynanın bəzi vilayətlərində hər inəkdən orta hesabla 3500 kiloqram süd sağılırdı.
Mənim xatirimdədir, o zaman bizim qabaqcıl, yəni çox süd sağan sağıcılarımız da var idi. Mən İsmayıllı rayonunun İvanovka kəndində olmuşdum. Orada hər inəkdən 5 min litr süd sağırdılar. Bu tək-tək olan nəticələrdir. Amma indi heç bilmirik, hər inəkdən nə qədər süd sağılır, yaxud da ki, hər iribuynuzlu malın orta çəkisi nə qədərdir - 200 kiloqramdır, 150 kiloqramdır, 300 kiloqramdır, 400 kiloqramdır - biz bunu bilmirik. Lazım da deyil ki, bilək. Çünki bu işlə məşğul olan adamlar - əgər bu mal-heyvan özlərininki olacaqsa, - şübhəsiz, çalışacaqlar ki, həm çox süd sağılsın, həm çox ət istehsal olunsun, həm çox bala alınsın. Bunların hamısını özləri təmin edəcəklər.
Ona görə də bu gün burada rayonlar tərəfindən verilən rəqəmlər çox sevindiricidir və bunlar bir daha göstərir ki, aqrar sektorda iqtisadi islahatlar sürətlə həyata keçirilməlidir və biz bu məsələləri bütün sahələrdə tətbiq etməliyik.
Aqrar sektorun böyük bir hissəsi heyvandarlıqdır. Beləliklə, burada verilən məlumatlardan mən belə anlayıram ki, bu ilin axırına qədər heyvandarlıq sahəsində özəlləşdirmə prosesi tamamilə bitəcəkdir. Mən bunu Aqrar İslahatı Komissiyasının qarşısında, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında və bütün rayon icra hakimiyyəti başçılarının qarşısında bir vəzifə kimi qoyuram. Bu proses qurtarmalıdır və yanvarın 1-nə heç bir şey qalmamalıdır. Dekabr ayının əvvəlində qurtarmalıdır ki, dekabr ayında hər şey haqq-hesab olunsun, bu məsələ qurtarsın. Amma, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İslahatı Komissiyası gərək dəqiq müəyyən etsinlər ki, damazlıq təsərrüfatlarımız gələcəkdə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın cinsini yaxşılaşdırmaq və baytarlıq işini yaxşı aparmaq üçün baza təsərrüflarımız olmalıdır. Siz gərək onları özbaşına qoymayasınız, yəni Kənd Təsərrüfatı Nazirliyi bu işi üzərinə götürməlidir, rayon icra hakimiyyətinin, yaxud rayon aqrar orqanlarının sərəncamına verməməlidir. Yəni müəyyən sxem olmalıdır. Bir halda ki, heyvandarlıq tamamilə özəlləşdirilir və indiyə qədər özəlləşdirilməmiş bütün mal-heyvan özəlləşdiriləcəkdir, indi sizin konkret planınız olmalıdır ki, harada damazlıq təsərrüfatları olacaqdır. Cins malların inkişaf etdirilməsi və ümumiyyətlə, keçmişdə süni mayalanma aparırdınız, başqa işlər aparırdınız - bütün bu baytarlıq işləri hamısı aparılmalıdır və unudulmamalıdır. Bu, Kənd Təsərrüfatı Nazirliyinin xüsusi vəzifələrindən biri olmalıdır və bunu gərək siz heç vaxt unutmayasınız.
Bununla yanaşı olaraq, mən Kənd Təsərrüfatı Nazirliyinə, eyni zamanda rayon icra hakimiyyəti başçılarına göstəriş verirəm ki, 70-80-ci illərdə bir çox rayonlarda yaradılmış böyük heyvandarlıq kompleksləri dağıdılmasın. Onlara böyük vəsait qoyulubdur. Onlardan bu gün də, gələcəkdə də istifadə oluna bilər. Bu kompleksləri dağıtmağa yol vermək olmaz, onlar qorunmalıdır. Çünki bu işlər hamısı mərkəzləşdirilmiş şəkildə, planlaşdırılmış şəkildə aparılırdı. Kənd təsərrüfatının ixtisaslaşdırılması və mərkəzləşdirilməsi barədə bir proqram var idi - o proqram əsasında aparılırdı. Bəzi iri birliklər bir rayon üçün deyil, rayonlararası birliklər idi. Bunlar hamısı xatirinizdədir. Biz belə nümunəvi təsərrüfatlar yaradırdıq. Bunlar qorunub saxlanmalıdır. Birinci ona görə ki, bu dövlətin mülkiyyətidir, yaxud da ki, kolxozların, sovxozların mülkiyyətidir. Bu mülkiyyət qorunub saxlanmalıdır.
Ancaq bunlardan nə cür istifadə olunmalıdır - bunu Kənd Təsərrüfatı Nazirliyi müəyyən etməlidir. Bunun üçün də xüsusi bir sxem, xüsusi plan olmalıdır və bu da özəlləşdirmə başa çatana qədər müəyyən edilməlidir. Ümumiyyətlə, heyvandarlıq özəlləşdiriləndən sonra onun məhsuldarlığını daha da artırmaq üçün hansı tədbirlər görülməlidir? Şübhəsiz ki, bu, Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsidir və o bu işi görməlidir.
Bir sözlə, mən bu sahədə görülən işləri müsbət hesab edirəm. Bu, bizim nailiyyətimizdir. Bunların nəticəsində də indi respublikamızda heyvandarlıq məhsullarının, demək olar ki, bolluğu yaranıbdır. Bu, çox sevindiricidir.
Eyni zamanda, - mən çıxışlar zamanı dedim, bir də qeyd etmək istəyirəm - artıq düşünmək lazımdır ki, bu qədər bol heyvandarlıq məhsullarının emalını biz nə cür təşkil etməliyik. Bizim ət kombinatlarımız var, süd kombinatlarımız var. Onlardan səmərəli istifadə olunması indi çox gərəklidir. Şübhəsiz ki, onların özəlləşdirilməsi haqqında, müasir texnologiya ilə təmin olunması haqqında düşünmək lazımdır. Çünki bilirsiniz ki, indi mal-heyvan çoxdur. Burada dedilər - Salyandan, Hacıqabuldan gündə gətirirlər, Bakıda bazarlarda satırlar. Bunlar hamısı yaxşıdır. Ancaq bunu daha yüksək səviyyəyə çatdırmaq lazımdır. Lazım deyil ki, hər bir mal saxlayan adam öz malını gətirsin, bazarda satsın. Təşkilatlar yaratmaq lazımdır ki, gedib mal-qaranı alsınlar, onları yaxşı, keyfiyyətli hala salsınlar, gətirsinlər. Ya emal etsinlər, yaxud da ki, satsınlar. Belə bir həm ticarət, həm emal təşkilatları olmalıdır. Şübhəsiz ki, bunların hamısı özəl sektorda olmalıdır. Ancaq bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, bizim Nazirlər Kabineti bu sahədə də müəyyən bir proqram hazırlamalıdır, mütləq hazırlamalıdır.
Heyvandarlıq sahəsində özəlləşdirmənin nəticələri bizim aqrar sektorun bütün başqa sahələrində özəlləşdirmənin nə qədər əhəmiyyətli olduğunu əyani surətdə göstərir. Bu baxımdan «Torpaq islahatı haqqında» qanunun əhəmiyyəti, hesab edirəm, bir daha qeyd olunmalıdır. Eyni zamanda bu qanunun həyata keçirilməsi sürətləndirilməlidır.
Burada verilən məlumatlardan mən belə başa düşdüm ki, rayonlarda əməli iş gedir. Aqrar İslahatı Komissiyası müəyyən sənədlər, əsasnamələr, yeni qanun layihələri hazırlayıbdır. Bunlara tezliklə baxmaq lazımdır. Bunları imzalayıb, qəbul edib, istifadəyə vermək və işi sürətləndirmək lazımdır. Burada mühüm cəhət ondan ibarətdir ki, kənd təsərrüfatı ilin mövsümləri ilə bağlı olan bir sahədir. İndi biz payız mövsümünü yaşayırıq, sonra qış başlayacaqdır. Ona görə də payızda nə iş görə bilsək bu, gələn il yazda və yayda öz müsbət nəticəsini verəcəkdir. Mən istəmirəm ki, bu işlərdə tələsiklik olsun, yəni səhvlər buraxılsın. Amma eyni zamanda, artıq bu yola biz düşmüşük, burada nə qədər sürətlə getsək, o qədər də tez müsbət nəticələr əldə edəcəyik.
Verilən məlumatlar məndə belə bir fikir yaratdı ki, yerlərdə artıq bu qanunun icra edilməsinin nə qədər əhəmiyyətli olduğunu dərk ediblər. Lazımdır ki, bizim Aqrar İslahatı Komissiyası və Kənd Təsərrüfatı Nazirliyi respublikanın başqa müvafiq orqanları bu məsələlərin həlli ilə ciddi məşğul olsunlar və yerli hakimiyyət orqanları bu məsələlərə həm nəzarət, həm rəhbərlik etsinlər ki, bu qanun həyata keçirilsin.
Bu gün burada pambıq istehsalı ilə əlaqədar məlumatları dinlədik. Müəyyən obyektiv səbəblər - məsələn, suyun, gübrənin, yaxud da ki, müxtəlif ləvazimatların, yanacağın, texnikanın çatmaması - şübhəsiz ki, bu hallar mövcuddur. Amma bunlarla yanaşı, məlumdur ki, hər bir təsərrüfatda, hər bir rayonda işin təşkilindən hər şey asılıdır.
Ona görə də bu ilin pambıq məhsulunun yığılıb sona çatdırılması ilə əlaqədar bu gün verilən məlumatları mən qəbul edirəm, yəni onları nəzərə alıram, həm kənd təsərrüfatı naziri İrşad Əliyev tərəfindən verilən məlumatları və eyni zamanda, pambıqçılıqla məşğul olan 20 rayon var, bütün bu rayonların hamısının icra hakimiyyəti başçıları bu gün burada çıxış etdi, bu barədə məlumatlar verdi - bu məlumatları mən nəzərə alıram və hesab edirəm ki, burada verilən məlumatlarda nəzərdə tutulmuş miqdarda pambıq əldə oluna bilər.
Kənd təsərrüfatı nazirinin verdiyi məlumata görə, 335 min ton pambıq istehsal edilməsi nəzərdə tutulub. Bu gün mən hamını dinlədim. Hesab edirəm ki, əgər iş yaxşı təşkil olunsa, bundan da artıq pambıq əldə etmək olar. Çünki bu məhsul becərilibdir, yetişdirilibdır, artıq tarlalardadır. Sadəcə, bunu sürətlə yığmaq lazımdır.
Mən bildirirəm ki, burada elan olunan rəqəmlər hamısı yazılıbdır və Kənd Təsərrüfatı Nazirliyinin, rayonların icra hakimiyyəti başçılarının vəzifəsi ondan ibarətdır ki, həmin rəqəmlərin reallaşmasını təmin etsinlər.
Bunun üçün burada qaldırılan məsələlər, həll olunmalıdır. Ona görə də mən kənd təsərrüfatı naziri İrşad Əliyevə söz verdim qoy bəyan etsin ki, pambığın yığım pulu nə cür ödəniləcəkdir. Güman edirəm ki, onun verdiyi məlumat sizi və bütün pambıq yığanları, pambıqçılıqla məşğul olanları qane etməlidir. Nazirlər Kabineti isə nəzarət etməlidir ki, bu məsələlər heç yerdə ləngiməsin. Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu məsələləri gündəlik nəzarət altında saxlamalıdır və vaxtaşırı mənə məlumat verməlidir. Çünki burada deyilən miqdarda pambıq məhsulunu əldə etmək üçün bir ay vaxt qalıbdır. Bir ayın içərisində bu, əldə olunmalıdır. Əldə olunmalıdır, ona görə ki, pambıqçılıqla, pambıq istehsalı ilə məşğul olan kənd zəhmətkeşləri öz zəhmətinin bəhrəsini, faydasını görsünlər, əmək haqqını alsınlar və eyni zamanda, şübhəsiz ki, ölkəmiz, respublikamız da bu sahədən nəzərdə tutduğu mənfəəti götürsün. Bu, çox lazımdır.
Ona görə də mən qəti tələb edirəm ki, bu gün burada e'lan olunan rəqəmlərin həyata keçirilməsi təmin olunsun və bunun üçün maliyyə vəsaiti, yanacaq, yaxud başqa ləvazimatlar - hamısı təmin olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi bununla məşğul olmalıdır, Nazirlər Kabineti buna nəzarət etməlidir və mənə vaxtaşırı məlumatlar verməlidir.
Bilirsiniz, bu sahədə təşəbbüskarlıq da lazımdır. Mən kənd təsərrüfatı naziri İrşad Əliyevi bir neçə dəfə tənqid etmişəm, çünki o, bəzi məsələlərin vaxtında həyata keçirilməsinə nail ola bilmir. Mən ondan soruşanda ki, nə üçün bunu etməmisiniz, o mənə bəhanə gətirir, yaxud da izah edir ki, mən bu məsələni qaldırmışam, filan təşkilat baxmayıbdır. Nazirlər Kabineti baxmayıbdır, şöbə baxmayıbdır. Mən bu işə qarışandan sonra bir günün içərisində bu məsələlərə baxılıb. Mən nazirə deyirəm - əgər sən, bu məsələni həqiqətən həll etmək istəyirsənsə, nə üçün bu məsələni qoyduğun zaman onun həllinə nail olmursan? Bir halda ki, bir həftə, 10 gün, 15 gün yatan məsələni bir gündə həll eləmək mümkündür, onu elə 15 gün əvvəl bir gündə həll eləmək lazımdır ki, 15 gün itməsin. Ona görə də təşəbbüskarlıqdan çox şey asılıdır. Burada Kənd Təsərrüfatı Nazirliyi ləng işləməməlidir, təşəbbüs göstərməlidir, qarşıya qoyulan məsələlərin vaxtında həllinə nail olmalıdır. Əgər o, müəyyən bir mərhələlərdə buna nail ola bilmirsə, - mən demişəm, - mən kənd təsərrüfatı sahəsində məsələlərin həllini təmin etmək üçün həmişə lazımi tədbirlər görməyə hazıram. Ancaq sadəcə, bu şəraitdən istifadə etmək lazımdır.
Siz bilirsiniz, keçmiş illərdə - 70-ci illərdə rayon partiya komitəsinin birinci katibi hər məsələ barəsində bilavasitə mənə zəng edə bilərdi. Əgər onun bir çətinliyi var idisə, zəng edən kimi - bir, iki, üç saatın içində o məsələ həll olunurdu. Bəs indi nə oldu ki, - həmin adamlarıq. Əgər o vaxt biz bu məsələləri həll edirdiksə, - baxmayaraq ki, biz o vaxt tam sərbəst deyildik, çox şey mərkəzdən asılı idi, - amma indi hər şey öz əlimizdədir. Doğrudur, o vaxta nisbətən indi bizim imkanlarımız azdır. Amma imkanlarımız çərçivəsində hər şeyi həll etməyə qadirik. Sadəcə, bu məsələləri vaxtında qoymaq lazımdır, bunların vaxtında həllinə nail olmaq lazımdır.
Bizim rəhbər vəzifəli şəxslərdə belə bir xəstəlik var: onlar məsələnin həll olunmasına çox çalışmırlar, müəyyən bir təklifi verir, sonra onun həll olunmasının dalınca getmirlər. Ancaq hər bir məsələnin həll olunması təkcə o məsələnin qaldırılması, yaxud bir məktubun yazılması, bir təklifin irəli sürülməsi demək deyil, əsas cəhət o məsələnin axıra çatdırılmasıdır. Elə müşavirəni götürün. Siz bəlkə düşünə bilərsiniz ki, bu müşavirənin keçirilməsini mənə kimsə təklif edibdir - ya Kənd Təsərrüfatı Nazirliyi, yaxud bizim Prezident Aparatı, yaxud Nazirlər Kabineti. Yox, heç kəs bunu mənə təklif etməyib. Sadəcə, mən kənd təsərrüfatı işlərinin prosesini bildiyimə və narahat olduğuma görə üç gün bundan öncə çağırıb göstəriş verdim ki, belə bir müşavirə keçirilməlidir. Məqsəd də ondan ibarətdir ki, görək bizim aqrar sektorda bu iqtisadi islahatlar necə gedir. Çünki artıq ilin 9 ayı qurtarıb, ilin sonuna 3 ay qalıbdır. İslahatlar necə gedir. Nə əldə etmişik, nəyə nail olmuşuq? Eyni zamanda, cari işlər necə gedir? Ona görə də belə bir müşavirənin keçirilməsini təklif etdim və bu gün belə fikirdəyəm ki, çox vaxtında çağırılmış, doğrudan da, lazımi, zəruri bir müşavirə idi.
Bununla mən demək istəyirəm ki, hər bir vəzifəli şəxs gərək təşəbbüskar olsun: nazir də, Nazirlər Kabineti də, icra hakimiyyəti başçıları da gərək təşəbbüskar olsunlar, məsələnin vaxtında həll edilməsinə nail olsunlar, çalışsınlar, bütün çətinliklərin aradan götürülməsinə nail olsunlar. Və buna da nail olmaq mümkündür.
Bu baxımdan indi, ilin bu mühüm dövründə kənd təsərrüfatının başqa sahələrində də görüləsi işlər çoxdur. Birincisi ondan ibarətdır ki, indi pambıq məhsulu yığılmalıdır. Ondan sonra, şübhəsiz ki, sahələr təmizlənməli, hazırlanmalıdır. Payız şumu nə vəziyyətdədir?
İrşad Əliyev: Gedir.
Heydər Əliyev: Gedir? Nə vaxt qurtaracaq? Nə vaxt səpin gedəcəkdir.
İrşad Əliyev: Səpinə oktyabr ayında başlayacağıq. Bəzi rayonlarda - dağ rayonlarında başlanıb.
Heydər Əliyev: Oktyabr ayında başlamalısınız, noyabrdan o tərəfə qoymaq olmaz bunu. Ona görə bu, çox mühüm məsələdir. Qarşımızda respublikanın özünü taxıl ilə təmin etməsi məsələsi durur. Bu ilin təcrübəsi göstərdi ki, doğrudan da, respublika - deyə bilmərəm ki, tamamilə, - ancaq öz-özünü taxılla, buğda ilə təmin etmək üçün çox iş görə bilər. Ona görə də indi payız şumunun sürətlə və keyfiyyətlə aparılması, toxumun hazırlanması, səpinin vaxtında keçirilməsi qarşımızda duran mühüm vəzifədir. Burada yerdən mənə dedilər ki, bu il 500 min hektar sahədə buğda əkilməsi nəzərdə tutulub. Elədir?
Abbas Abbasov: 625 min.
Heydər Əliyev: Amma keçən il 600 min hektar əkilmişdi. Bəs onda 120 min hektar nə olacaq?
İrşad Əliyev: Heydər Əliyeviç, 520 min hektarda buğda əkilmişdi, 114 min hektarda arpa.
Heydər Əliyev: Bəlkə bundan da çox əkmək olar? Ona görə bunu düşünmək lazımdır.
İrşad Əliyev: Söhbət 520 min hektar buğdadan gedir. Sizi inandırıram ki, torpağı özəlləşdirsək 600 min hektara çatacaq. Rayonlar üzrə bölüşdürülüb, bunu həll etmək lazımdır.
Heydər Əliyev: Torpağı özəlləşdirəcəyik, ona söz yoxdur. Amma 520 min hektarda buğda əkmək üçün sizin lazımi qədər toxumunuz olmalıdır. Toxum hazırlamalısınız. Siz hesab edirsiniz ki, ondan da çox olacaqdır, demək, toxum ehtiyatı yaratmaq lazımdır. Demək, yeri hazırlamaq lazımdır. Bilmək lazımdır - harada, hansı yerdə əlavə buğda əkmək olar, keçmiş arpa əkini yerlərində. Bunların hamısını etmək lazımdır.
Bir sözlə, payız şumu, taxıl səpini qarşıda duran əsas problemdir, əsas vəzifədir. Bunu sizə deyirəm, amma eyni zamanda güman edirəm ki, bizim televizıya və radio vasitəsilə bu, respublikanın bütün kənd təsərrüfatı rayonlarına, bütün kənd əməkçilərinə, kənd təsərrüfatı ilə məşğul olan bütün orqanlara çatacaqdır. Bu məsələni həll etmək lazımdır və bu məsələ ilə ciddi məşğul olmaq lazımdır.
Bugünkü danışıqlardan, kənd təsərrüfatı nazirinin məlumatından və icra hakimiyyəti başçılarının verdikləri məlumatlardan mən belə başa düşdüm ki, bu il keçən ilə nisbətən daha çox üzüm məhsulu götürmək mümkündür. Bunu da təmin etmək lazımdır. Amma bilirsiniz ki, üzüm yığımı pambıq yığımı kimi deyil, sentyabrın axırında - oktyabrın əvvəlində başa çatacaqdır. Ona görə də bu sahədə həm sizin rayonlarınızda, həm də başqa üzümçülük rayonlarında lazımi işlər görülməlidir, üzüm məhsulu toplanmalıdır. Eyni zamanda, burada meyvə, tərəvəz məhsulu haqqında deyildi. Bu məsələləri də həll etmək lazımdır.
Bir sözlə, cari işlərin aparılması sahəsində olan vəzifələrin hamısı həyata keçirilməlidir. Ancaq bunlar eyni zamanda «Torpaq islahatı haqqında» qanunun həyata keçirilməsi ilə bağlıdır. Torpağın bölünməsi və xüsusi mülkiyyətə verilməsi, şübhəsiz ki, çox mürəkkəb bir məsələdir, asan məsələ deyil. Burada məlumatlar verildi ki, rayonlarda müəyyən olunub - nə qədər torpaq əhaliyə veriləcək, nə qədəri dövlətin ixtiyarında qalacaq, nə qədəri bələdiyyəyə veriləcək. Bunlar gərək çox ətraflı təhlil olunsun. Bələdiyyəyə veriləcək və dövlətdə qalacaq torpaqların miqdarı asan məsələdir. Əsas məsələ ondan ibarətdir ki, əhaliyə, yəni torpaq sahiblərinə torpaq verilsin və onlar elə bu payız vaxtı, qış vaxtı, xüsusən yay vaxtı bu torpağın sahibi kimi ondan istifadə edə bilsinlər. Bu çox vacibdir, çox əhəmiyyətlidir.
Mən bu gün iclasın gedişi zamanı dedim - əgər bizim insanlar torpağın sahibi olsalar, - necə ki, indi mal-qaranın sahibi olublar və heyvandarlıq məhsulları artıbdır və bizim problemimiz yoxdur - torpağın da sahibi olsalar, mən tam inanıram ki, pambıq istehsalı da, taxıl istehsalı, xüsusən buğda istehsalı da, bütün başqa kənd təsərrüfatı məhsullarının istehsalı da artacaqdır.
Azərbaycanın təbiəti, torpaqları böyük imkanlara malikdir. Biz keçmişdə, məsələn, xüsusən Azərbaycanın bu əsrdəki tarixini götürsək -70-ci illərdə və 80-ci illərin birinci yarısında kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə etdik. Kənd təsərrüfatı məhsulları istehsalını xeyli artırdıq və kənd zəhmətkeşlərinin rifah halını yaxşılaşdırdıq. Məhz o illərdə bizim kəndlərin vəziyyəti tamamilə dəyişdi, yeni kəndlər yarandı. Kənd nədən ibarətdir? Hər bir kəndlinin evindən, kəndin məktəbindən, xəstəxanasından, kitabxanasından, mədəniyyət sarayından, kəndin insanlarının yaşayışı üçün, yaxud istehsal üçün lazım olan başqa vasitələrindən. Bunların əksəriyyəti o illərdə yarandı. İndi hansı kəndimizə getsəniz, görərsiniz ki, insanların daşdan tikilmiş gözəl evləri var, çoxmərtəbəli evləri var. Bu, o dövrdə yaranıb.
Mən son illərdə bu məsələlərlə dərindən məşğul olarkən, tam belə fikirdəyəm ki, Azərbaycanın təbiəti, torpaqları və kənd zəhmətkeşlərimizin işə həvəsi o qədərdir ki, biz bu islahatları həyata keçirəndən sonra o illərdən qat-qat artıq kənd təsərrüfatı məhsulları istehsalına nail olacağıq. Mən buna tamamilə əminəm. Ancaq bu istehsal elə olmayacaqdır ki, bu lazımdır, bunu edin. Bazara nə lazım olacaqsa, ixracata nə lazım olacaqsa, insanlar onu istehsal edəcəklər, torpaqdan səmərəli istifadə edəcəklər. Bizim torpaqlarımızın isə böyük imkanları var.
Yenə də qayıdıram heyvandarlıq sahəsinə. Bu gün elan olunan rəqəmlər nə qədər sevindiricidir! Mən əminəm ki, bu islahatları tam həyata keçirəndən sonra, torpaq xüsusi mülkiyyətə keçəndən sonra bunların səmərəliliyi qat-qat artacaqdır və mən sizə tam qətiyyətlə deyiram ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalında Qafqazda birinci yerdə olacaqdır. Heç bir respublika Azərbaycan qədər imkanlara malik deyil. İşğal edilmiş torpaqlarımız azad olunanda, biz bu torpaqlardan da istifadə edəndə görün, ölkəmizin kənd təsərrüfatı potensialı və beləliklə, iqtisadi potensialı nə qədər artacaqdır. Ona görə də biz bu yolla getməliyik. Cəsarətlə getməliyik, çox sürətlə getməliyik və buna nail olmalıyıq.
Artıq mühafizəkarlar da ayılıblar, bu işə inanmayanlar da artıq inanırlar və öz şəxsi məqsədlərinə görə kolxozu, sovxozu, fermanı orada-burada saxlayan, istifadə edən təsərrüfat başçıları, yaxud rayon başçıları artıq dərk ediblər ki, özəl sektor olanda onlar yenə də imkanlardan istifadə edə biləcəklər. Ona görə də özəl sektoru inkişaf etdirmək lazımdır, mühafizəkarlığı aradan qaldırmaq lazımdır.
Bu gün bu fürsətdən istifadə edərək bir məsələni də istəyirəm sizin nəzərinizə çatdırım. Bu da ondan ibarətdir ki, bizim qaçqınların əksəriyyəti kənd rayonlarımızda yaşayır, yəni işğal olunmuş torpaqlardan didərgin düşən vətəndaşlarımızın əksəriyyəti sizin rayonlarda, digər kənd rayonlarında yaşayır. Mən müşavirənin gedişi zamanı dedim, bir də deyirəm - onları kənd təsərrüfatı işlərinə daha çox cəlb etmək lazımdır. Birincisi, bunlar işçi qüvvəsidir, ikincisi, qoy onlar işdən ayrılmasınlar, işləsinlər və lazımi əmək haqqı alsınlar. Eyni zamanda, onlara qayğı göstərmək lazımdır. Rayonlarımızda yaşayan, yerindən-yurdundan didərgin düşmüş insanlar sizin diqqət mərkəzinizdə olmalıdır. Onlara qayğı sizin əsas vəzifələrinizdən biridir. Ona görə də mən bu gün sizdən - tək sizdən yox, bütün rayonların, şəhərlərin rəhbərlərindən - bir daha tələb edirəm ki, didərgin düşmüş, qaçqın düşmüş vətəndaşlanmıza qayğını artırmaq lazımdır, onları işə cəlb etmək lazımdır, problemlərini həll etmək lazımdır və onların yaşayışı üçün hər bir rayonun imkanlarından daha çox istifadə etmək lazımdır. Bu, bizim vəzifəmizdir. Onlar müvaqqəti olaraq belə vəziyyətdə yaşayırlar. Bunların yerindən, yurdundan didərgin düşməsindan müəyyən vaxt keçibdir. Biz çalışırıq isğal olunmuş torpaqlar azad edilsin, onlar öz yerlərinə qayıtsınlar. Ancaq ona nail olana qədər onlar sizin rayonların qonağıdırlar. Siz onlara qonaq kimi baxmalısınız, qayğı göstərməlisiniz. Yenə də deyirəm, onları həm əməyə cəlb etməlisiniz, həm də rayonda gedən bütün tədbirlərə - ictimai, siyasi, mədəni tədbirlərə cəlb etməlisiniz. Yəni onların heç birisi yaşadıqları rayonda özünü özgə hesab etməməlidir. Onlar hamısı sizin tərəfinizdən xüsusi qayğı ilə əhatə olunmalıdır.
Mən hesab edirəm ki, bugünkü müşavirəmiz çox əhəmiyyətlidir. Bu müşavirənin materialları televiziya vasitəsilə veriləcək və mətbuatda dərc olunacaqdır. Bu materiallar bütün rayonların zəhmətkeşləri tərəfindən onlara verilən göstəriş kimi qəbul olunmalıdır. Yəni kənd təsərrüfatı ilə məşğul oları bütün rayonların rəhbərləri, kənd təsərrüfatı sahəsində işləyənlər bugünkü müşavirənin məzmununu və burada verilən göstərişləri özlərinin iş proqramı kimi qəbul etməli və bunları həyata keçirməlidirlər. Mən əminəm ki, beləliklə biz cari kənd təsərrüfatı ilini müvəffəqiyyətlə başa çatdıracağıq, payız işlərini uğurla aparacağıq və 1997-ci ildə kənd təsərrüfatında yüksək nailiyyətlər əldə etmək üçün yaxşı əsas yaradacağıq. Sağ olun.