Böyük Britaniyada yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - London, 22 iyul 1998-ci il


Əziz soydaşlar, dostlar!

Xanımlar və cənablar!

Mən üçüncü gündür ki, Londondayam. Biz burada çoxsaylı görüşlər keçirmişik. Bu gün artıq deyə bilərəm ki, Birləşmiş Krallığa mənim rəsmi səfərim uğurlu keçir. Əlahəzrət Kraliça ilə, Baş nazirlə dünən keçirdiyimiz görüşlərimiz, danışıqlarımız, söhbətlərimiz və imzaladığımız sənədlər Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı əsas yaradıbdır. Həm Böyük Britaniya tərəfi, həm də biz eyni fikirdəyik ki, bu əlaqələrin inkişafı üçün yeni mərhələ açılıbdır. Azərbaycan üçün, gənc, müstəqil dövlətimiz üçün bu, çox əhəmiyyətlidir.

Bilirsiniz ki, biz öz müstəqilliyimizi dünyada təsdiq etmək, onu toxunulmaz etmək, əbədiləşdirmək, enməz etmək üçün dünya birliyində Azərbaycanın bu gün nə olduğunu və gələcəkdə nə cür ölkə olacağını sübut etməliyik. Çünki keçmişdə iki əsr çar Rusiyasının, sonra isə Sovetlər İttifaqının tərkibində olan Azərbaycan öz nefti, mədəniyyəti, musiqisi, alimləri ilə nə qədər məşhur olmuşdursa, ancaq bir ölkə, dövlət kimi tanınmamışdır.

1918-ci ildə Azərbaycanda ilk dəfə Xalq Cümhuriyyəti, Demokratik Respublika yaranan zaman dünya tamamilə başqa bir dünya idi. O hökumətin də Azərbaycanı tanıtmaq cəhdləri çox simvolik xarakter daşıyıbdır. O vaxt bəzi ölkələr Azərbaycanın müstəqilliyini tanıdı, ancaq bundan o tərəfə getmək mümkün olmadı. Bu da təbiidir. Çünki o illər çox ağır və çətin idi.

Ona görə də, yenə də deyirəm, Azərbaycan bizim üçün, azərbaycanlılar üçün nə qədər dəyərli bir ölkə olsa da, bizim nə qədər qədim mədəniyyətimiz, musiqimiz, şairlərimiz, yazıçılarımız, rəssamlarımız və tarixi - memarlıq abidələrimiz olsa da biz özümüzü dünyada tanıda bilməmişdik. O çərçivədə bunu tanıtmaq da mümkün deyildi. Digər tərəfdən də, dünyanın başqa ölkələrində, xüsusən Avropada, Amerikada, yəni dünya siyasətini tənzimləyən ölkələrdə Azərbaycanın lazımi qədər soydaşları, müəyyən mənsəb tutmuş, siyasi, iqtisadi imkana malik nümayəndələri olmamışdır. Ona görə də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bizim bütün başqa vəzifələrimizlə yanaşı, Azərbaycanı hər gün, hər ay təbliğ etmək, tanıtmaq və xarici ölkələrdə, xüsusən dünyanın böyük və inkişaf etmiş, dünya siyasətinə, iqtisadiyyatına təsir edən dövlətlərində Azərbaycanı olduğu kimi göstərmək və respublikamızın əleyhinə olan təbliğatın qarşısını almaq, yenə də deyirəm, başqa işlərimizlə yanaşı, bizim əsas vəzifəmizdir.

Məhz bu vəzifənin yerinə yetirilməsi üçün mən ötən beş ildə bir çox ölkələrə səfərlər etmişəm, danışıqlar aparmışam, Azərbaycanla bir sıra ölkələr arasında çox vacib və xüsusi əhəmiyyətə malik olan sənədlər - müqavilələr, sazişlər imzalanmışdır. Beləliklə, Azərbaycan artıq tanınır, ölkəmizə maraq günü-gündən artır və bir çox ölkələr üçün Azərbaycanın xüsusi əhəmiyyəti dərk edilir.

Mənim bu günlər gördüyüm işlər məhz bu məqsədi daşıyır. Şübhəsiz ki, mən buraya təbliğat, Azərbaycanı tanıtmaq üçün yox, ölkəmizin Böyük Britaniya ilə bütün sahələrdə əməkdaşlığını inkişaf etdirmək məqsədi ilə gəlmişəm və üçüncü gündür ki, bu işləri görürəm. Bir daha qeyd edirəm, bu işlər uğurludur. Mən bütün görüşlərimdən, danışıqlarımdan və əldə edilmiş razılıqlardan, imzalanmış sənədlərdən məmnunam.

Siz burada, Böyük Britaniyada yaşayan azərbaycanlıların nümayəndələrisiniz. Azərbaycanlılar dünyanın çox ölkələrində yaşayırlar. Mən 1993-cü ildən Azərbaycan Respublikasının Prezidentiyəm və daim qeyd edirəm ki, müxtəlif ölkələrdə azərbaycanlıların problemlərindən biri də ondan ibarətdir ki, soydaşlarımız bir-biri ilə yaxın əlaqə qurub, ümumi Azərbaycan üçün təəssübkeşlik naminə yaxşı birləşə bilmirlər.

Azərbaycanın dünya miqyasında ən böyük problemi odur ki, bir tərəfdən, ölkəmiz üçün daim bəla gətirən qonşumuz vardır, - bu, Ermənistandır. Azərbaycan torpaqlarına keçmişdə də, indi də göz dikən Ermənistan, bu torpaqları ələ keçirmək istəyən Ermənistan vardır. 10 ildir ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə mövcuddur. İkinci tərəfdən, həmin Ermənistanın dünyanın, demək olar ki, əksər ölkələrində, xüsusən böyük, inkişaf etmiş ölkələrdə çox güclü diasporu vardır.

Biz Azərbaycanı təbliğ etmək, tanıtmaq üçün respublikamızda cürbəcür tədbirlər həyata keçiririk. Amma Ermənistanın buna ehtiyacı yoxdur. Ermənistan üçün bunu Amerikada, İngiltərədə, Fransada, başqa ölkələrdə yaşayan ermənilər, erməni diasporu edir. Ermənilər bu ölkələrdə sayca çoxdurlar. Onlar bu ölkələrdə yaşadıqları müddətdə özlərinə güclü imkanlar yaradıblar, mövqelər tutublar, böyük sərvətə malikdirlər. Bütün bu imkanlardan istifadə edərək onlar bizim qonşu olan və ölkəmizə daim təcavüz etmək əhval-ruhiyyəsi ilə yaşayan, torpaqlarımızı işğal edən kiçik bir Ermənistan Respublikasını bu dövlətlər, ölkələr qarşısında daha da yüksəklərə qaldırırlar.

Təsəvvür edin, 1988-ci ildən Ermənistan Azərbaycana qarşı təcavüz edibdir. Ancaq bu ölkələrin əksəriyyətində son illərə qədər azərbaycanlıları günahlandırırdılar ki, guya Dağlıq Qarabağda ermənilərə yaşamağa imkan vermir, onları əzirlər, əziyyət verirlər, öldürürlər və s.

Həqiqətdə isə belə deyil. Həqiqət ondan ibarətdir ki, Azərbaycanda ermənilər həmişə firavan yaşamışlar. Dağlıq Qarabağ vilayətində ermənilərin vəziyyəti Azərbaycanın başqa bölgələrində olan vətəndaşların vəziyyətindən həmişə yaxşı olmuşdur. Bu münaqişəni də ermənilər, Ermənistan başlamışdır. 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdi göstərərək münaqişəni başlamışdılar. Amma təbliğat, yəni ermənilərin təbliğatı başqa istiqamətdə getmişdir. Həmin təbliğat bu ölkələrdə əksər insanların beynini doldurmuşdu ki, ermənilər yazıq, məzlum millətdir, guya vaxtilə türklər erməniləri qırıblar, soyqırımı olubdur, guya indi onları azərbaycanlılar qırır, ermənilərə yardım etmək lazımdır.

Bax, buna görə də indi müstəqil dövlət kimi bilavasitə Azərbaycanın bütün ölkələrdə apardığı siyasətlə yanaşı, gərək soydaşlarımız bir-biri ilə həmrəy olsunlar. Birlikdə olsunlar, Azərbaycan naminə, millətimizin, müstəqil ölkəmizin naminə birləşmək lazımdır. Burada Azərbaycan cəmiyyətləri var, səfir bildirdi ki, bir neçə cəmiyyət var. Hər bir cəmiyyət sərbəst yaradılıb, heç kəs onu yuxarıdan göstərişlə yaratmayıbdır. Bunlar hamısı təbiidir, mən bu barədə sizə heç bir şey deyə bilmərəm. Sadəcə onu arzu edirəm ki, azərbaycanlılar həm Azərbaycanın daxilində, həm də onun xaricində, dışında, başqa ölkələrdə birlik əldə etsinlər. Əgər biz buna nail ola bilsək və azərbaycanlılar yaşadıqları ölkələrdə özləri üçün lazımi mövqe tuta bilsələr, xaricdə yaşayan azərbaycanlılar sayca, bəlkə də, heç ermənilərdən az deyildir. Amma kəmiyyət və keyfiyyət anlayışları var. Yaxşı olar ki, keyfiyyət üstün olsun, kəmiyyət o qədər də böyük əhəmiyyət kəsb etmir. Yəni, ola bilər, say az, amma güc çox olsun. Sayca çox olub az güclü olmaqdansa, az saylı, amma çox güclü olmaq lazımdır.

Son illər mən bu tərəqqini hiss edirəm. Məsələn, mən gəldiyim birinci gün biz Britaniya-Azərbaycan cəmiyyətinin toplantısında olduq. Bəziləriniz yəqin orada idiniz. Mən dörd il bundan öncə, 1994-cü ilin fevral ayında buraya gəlmişdim, onda bunlar yox idi. Artıq indi İngiltərədə, Böyük Britaniyada Azərbaycan tanınır, Azərbaycanı bir ölkə, Azərbaycan xalqını bir millət kimi qəbul ediblər və Azərbaycanla əlaqə qurmaq istəyirlər.

Mən indi buraya gəldim, səhər saat 9-dan böyük bir iqtisadi konfrans keçir, 300-ə qədər adam toplaşıbdır. Oraya toplaşanlar da sadə insanlar deyil, iş adamlarıdır. Konfransı təşkil edən şirkət bu işə altı ay bundan qabaq başlayıbdır. Konfransa gələn hər bir adam onda iştirak etmək üçün para qoyur, pul verir, verməsə, iştirak edə bilməz. Demək, təkcə Böyük Britaniyadan yox, bir çox başqa ölkələrdən də insanlar vaxt sərf edib buraya gəliblərsə və öz vəsaitlərini xərcləyib bu konfransda iştirak edirlərsə, görün Azərbaycana maraq nə qədər artıbdır. İndi yalnız bu ölkədən Azərbaycanda 100-dən artıq şirkət işləyir və bunların sayı da günü-gündən artır. Üçüncü gündür mən burada kiminlə görüşürəmsə, biri deyir ki, orada ofisimiz var, o biri deyir açacağıq, biri deyir ki, on gündən sonra, bir aydan sonra açacağıq və s. Hamı da xahiş edir ki, onların ofislərini görüm, açılışında iştirak edim. Onlar hələ Azərbaycanda böyük bir iş görməyiblər, amma görmək istəyirlər və Azərbaycanda bu imkanların olmasını özləri üçün müəyyən, aydın ediblər. Ona görə də gəlib iş görmək istəyirlər. Demək, bu dörd il müddətində bizim gördüyümüz işlər gözəl nəticələrini veribdir.

Ancaq bu da hələ işimizin başlanğıcıdır. Azərbaycanın iqtisadi imkanları böyükdür. Ona görə də Azərbaycan çox ölkələrin iş adamlarını, böyük-böyük şirkətləri cəlb edir. Bu gün mən konfransda çıxış edərkən bunu dedim. Dedim ki, bizim ölkəyə gələn şirkətlərin hamısı fayda, gəlir götürmək üçün gəlir. Heç kəs azərbaycanlıların qaşına-gözünə aşiq olub Azərbaycana gəlmir. Hərə öz xeyri üçün, gəlir, fayda götürmək üçün gəlir. Bu, təbiidir, buna pis, mənfi münasibət göstərmək olmaz, biz özümüz buna maraqlıyıq. Çünki onlar bir fayda götürəcəklərsə, biz bir neçə fayda götürəcəyik. Qarşılıqlı əlaqələr, əməkdaşlıq belə ola bilər.

Bu, nə üçün lazımdır? Çünki indi bu işləri görmək üçün vəsaitimiz yoxdur, bizə xarici sərmayə lazımdır. Xarici sərmayəni də onlar gətirirlər. Bu işləri görmək üçün bizə müasir texnologiya, texnika lazımdır, dünyanın inkişaf etmiş ölkələrində hər bir sahədə əldə olunmuş təcrübə lazımdır. Bizdə bu yoxdur. Məsələn, dünən axşam Lord Merin bizim üçün təşkil etdiyi ziyafətdə dedim ki, Azərbaycan dünyada ilk dəfə neft hasil edən ölkədir. 1848-ci ildə Azərbaycanda neft fontanı vurubdur. Azərbaycan dünyada suyun dərinliklərindən, dənizdən neft hasil edən ilk ölkədir. Biz bunu 1949-cu ildə etmişik. O vaxt Böyük Britaniya heç təsəvvür edə bilməzdi ki, Şimal dənizində neft var və oradan neft çıxaracaqdır. Amma biz Xəzər dənizində nefti hələ 40-cı illərdə kəşf etmişdik, 1949-cu ildə Neft Daşlarında hasilata başlamışdıq. "Bi-Pi" və başqa böyük şirkətlər isə Şimal dənizində neft yataqlarını 1975-ci ildə açıblar və onlardan istifadə etməyə başlayıblar.

Bəli, biz qədimik. Amma onlar qısa bir müddətdə böyük texnikadan, texnologiyadan, böyük sərmayədən istifadə edərək sürətlə inkişaf ediblər. Biz isə keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən imkanımız məhdud idi, indi ondan daha da çətin vəziyyətdəyik. Biz inkişaf edə bilməmişik. Zəngin yataqlarımız var, amma xatirimdədir, 70-ci illərdə mən Azərbaycanda işləyirdim, suyun dərinliyi 80-90 metr olanda biz orada işləyə bilmirdik. O vaxt mənim təşəbbüsümlə böyük zavod tikdik ki, suyun dərinliyində iş görmək üçün platformalar hazırlayaq. Mən Sovetlər İttifaqının vəsaiti hesabına 400 milyon dollar əldə etdim, Amerikadan avadanlıq alıb gətirdik, indi bunlar bizə xidmət edir. Ancaq indi biz bunları öz gücümüzlə edə bilmərik. Məsələn, indi "Çıraq" yatağından neft alırıq. İlkin nefti keçən ilin noyabrında aldıq. Biz "Çıraq" yatağında quyu qazmışdıq, platforma qurmuşduq, amma onu işlədə bilmədik. Müqavilə bağlanandan sonra o platformanı modern, müasir vəziyyətə gətirmək üçün; "Dədə Qorqud" qazma qurğusu var, - keçmişdə o, Azərbaycanın qurğusu idi, yəni Sovetlər İttifaqı vaxtı almışdıq, ancaq bugünkü tələblərə cavab vermirdi, onu modernləşdirmək üçün 37 milyon dollar vəsait qoymaq lazım idi. Bu vəsaiti konsorsium qoydu. Ancaq təkcə vəsait deyil, texnika, mütəxəssislər gətirmək lazım idi, onu etdilər. İndi o qazma qurğusu, - adını da "Dədə Qorqud" qoyduq, əvvəl "Şelf-2" adlanırdı. Amma biz ona "Dədə Qorqud" adı verdik, çünki bu, bizim babamızdır, o adı mən qoydum, - işləyir.

Mən bu barədə çox danışa bilərəm. Yəni bununla onu demək istəyirəm ki, xarici şirkətlərin Azərbaycana gəlməsi onlar üçün də, bizim üçün də faydalıdır. Onlar Azərbaycana nə qədər çox gəlirlərsə, Azərbaycanı o qədər də tanıyırlar və Azərbaycan o qədər də məşhurlaşır. Məsələn, dörd il müddətində bu ölkədə Azərbaycanın tanınması, ona olan münasibət yerlə göy arasındakı qədər dəyişilibdir. Bu, bizim nailiyyətimizdir, ancaq işimizin hələ başlanğıcıdır. Biz gərək irəliyə gedək. Ona görə də xarici ölkələrdə, o cümlədən burada, bu ölkədə yaşayan azərbaycanlıların da birlikdə, həmrəy olması, Azərbaycanın səfirliyi ətrafında sıx toplaşması və Azərbaycanın dərdləri ilə yaşaması çox vacibdir. Mənim sizə arzum, sizdən təmənnam bundan ibarətdir.

Siz burada Qarabağ məsələsini dediniz. Bəli, bu, bizim faciəmizdir. Mən sizə dedim, bu münaqişə 1988-ci ildə başlanıbdır. O vaxt bunun qarşısı alına bilərdi və bizim torpaqlarımız əldən getməzdi. Ancaq təəssüf olsun ki, o vaxt Azərbaycanın başçıları bunu edə bilmədilər, Sovet İttifaqının başçıları da Azərbaycana qarşı xəyanət etdilər. İndi torpaqlarımızın 20 faizi işğal olunubdur, bir milyon soydaşımız işğal edilmiş torpaqlardan zorla çıxarılıb, əksəriyyəti çadırlarda yaşayır.

Ancaq indi tərəqqi nədən ibarətdir? 1994-cü ilin may ayında biz atəşi dayandırdıq. Ondan əvvəlki illəri xatırlayın - gündə döyüşlər gedir, qan tökülürdü və nəticəsi də yox idi: Torpaqlar da əldən gedir, insanlar da həlak olurdu, ümumiyyətlə Azərbaycanın vəziyyəti də çox dözülməz idi. Biz atəşi dayandırdıq, dörd ildən artıqdır ki, atəş yoxdur, atəşkəs rejimində yaşayır, sülh danışıqları aparırıq və məsələni sülh yolu ilə həll etmək istəyirik. Əminəm ki, bunu sülh yolu ilə də həll edəcəyik.

Bilin, Azərbaycanın torpaqlarının bir metrini, bir qarışını da heç vaxt əlimizdən verməyəcəyik. Mən dünən Baş nazir Toni Bleyr ilə bu barədə çox geniş danışdım və ona dedim: ermənilər istəyirlər ki, Dağlıq Qarabağa dövlət müstəqilliyi verilsin, Dağlıq Qarabağ Ermənistana bağlansın. Bu mümkündürmü? Dedim ki, biz buna razı ola bilmərik. Amma siz necə, buna razı ola bilərsinizmi? Dünya ictimaiyyəti, dünya birliyi buna razı ola bilərmi? Yox, heç bir ölkə buna razı ola bilməz!

Bu, təkcə bizim prinsiplərimiz deyil, beynəlxalq hüquq normalarıdır, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsipidir. Heç bir ölkənin ərazi bütövlüyünün pozulmasına yol vermək olmaz. Hər hansı ölkənin sərhədlərinin güc yolu, silah yolu ilə dəyişdirilməsi yolverilməzdir. Ona görə də buna nə biz razı ola bilmərik, nə də beynəlxalq təşkilatlar, başqa ölkələr razı olmaz.

Ona görə Ermənistan bunu anlamalıdır və get-gedə anlayır ki, onların bu siyasəti perspektivsiz siyasətdir. Biz heç vaxt buna yol verə bilmərik. Nə Dağlıq Qarabağı əlimizdən verməyəcəyik, nə də Azərbaycanın torpaqlarının bir qarışını. Ancaq məsələni sülh yolu ilə həll edirik.

İndi Azərbaycanın daxilində sabitlik mövcuddur. Əgər siz Azərbaycana 1990-cı, 1992-ci illərdə, hətta 1993-cü ildə gəlmisinizsə, görmüsünüz ki, Azərbaycan nə vəziyyətdə idi. İndi isə Azərbaycana gələnlər baxırlar, sonra bəziləri mənimlə görüşərkən deyirlər: Siz bu sabitliyi necə yaratmısınız? Azərbaycanı xüsusən MDB-nin, yəni Müstəqil Dövlətlər Birliyinin başqa ölkələri ilə, məsələn, Rusiya ilə, yaxud digər ölkələrlə müqayisə edirlər: Orada filankəsi, burada filankəsi öldürdülər, - bunlar bizdə yoxdur.

Məsələn, 1993-cü ildə mən Bakıya gələrkən Azərbaycan fövqəladə vəziyyət şəraitində idi. Hər küçənin o başında, bu başında avtomatçılar dururdu - bir tərəfdən dövlətə mənsub olan avtomatçılar, o biri tərəfdən də qeyri-qanuni silahlı dəstələr. Nə qədər silahlı dəstələr vardı, insanlara nə qədər zorakılıq edirdilər, insanları nə qədər öldürürdülər, oğurlayırdılar, insanların başına nə işlər gətirirdilər! Biz cinayətkarları aradan çıxardıq, onların qarşısını aldıq, yüz, iki yüz, üç yüz cinayətkarı cəmiyyətdən təcrid etdik, amma yeddi milyon yarım əhaliyə rahatlıq yaratdıq.

İndi bəziləri, bizə müxalif olan qüvvələr deyirlər ki, Azərbaycanda siyasi məhbuslar var. Amma bir nəfər də siyasi məhbus yoxdur. Azərbaycanda məhbus var, hər ölkədə var. Burada yoxdurmu? Amerikada məhbus yoxdurmu? Var! Nə üçün! Cinayət etdiyinə görə! Cinayətkar cəzasını almalıdır. Cəzasızlıq şəraitində keçmişdə Azərbaycanda olan özbaşınalıq yaranır. Dövlət öz dövlətini və hər bir vətəndaşının hüququnu qorumalıdır. Vətəndaşın hüququnun qorunması ondan ibarətdir ki, vətəndaş rahat yatsın, rahat dursun, rahat gəzsin, rahat istirahət eləsin, rahat işləsin. Biz bunu təmin etmişik.

İndi Azərbaycanın siması tamamilə dəyişibdir. Məsələn, burada nazir var - Con Bəttl, o, bir il bundan öncə gəlmişdi. İkinci dəfə iyun ayında beynəlxalq sərgi zamanı gəldi, dedi ki, bir il müddətində burada nə qədər dəyişiklik gördüm. Bunlar hamısı göydən düşməyib, bizə Allah verməyibdir, görülən işlərin nəticəsidir.

Ona görə də bizim ikinci nailiyyətimiz, - birincisi odur ki, atəşkəs rejimi yaratmışıq, müharibə getmir, - Azərbaycanın daxilində ictimai-siyasi sabitlik yaratmağımızdır. Bu sabitliyi də qoruyuruq və qoruyacağıq. Baxmayaraq ki, ayrı-ayrı cinayətkar dəstələr, keçmişdə silahdan istifadə edib öz hakimiyyətlərini yaratmaq, öz niyyətlərinə nail olmaq üçün cəhd göstərən insanlar hələ bu gün də belə fikirlərlə yaşayırlar. Ancaq bu, mümkün deyildir. Azərbaycanda qanun hamı üçün qanundur. Qanunun aliliyi bizim üçün əsas prinsipdir. Kim qanundan kənara çıxırsa, şübhəsiz ki, ona Azərbaycanda yer yoxdur.

Biz Azərbaycanda bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yaratmışıq, indi burada bu barədə konfrans gedir. Azərbaycanda demokratik proseslər gedir, demokratik dövlət qurulur və inkişaf edir, demokratiya yaranır. Siz bu ölkələrdə yaşayan adamlarsınız, bunlar demokratiyanın inkişaf etdiyi ölkələrdir. Ancaq bunlar neçə ilə gəlib bu səviyyəyə çatıblar? Buna gəlib çatmaq üçün əsrlərlə vaxt sərf ediblər.

Azərbaycanda bir-iki ildə, beş ildə bu səviyyədə demokratiya yaratmaq mümkün deyildir. Bunun üçün biz qanunlar qəbul etmişik, Konstitusiyamız var. Amma insanların məfkurəsində dəyişiklik əmələ gətirmək, psixoloji dəyişikliklər yaratmaq - bunun üçün çox iş görmək lazımdır və zaman gərəkdir. Bunu da edirik və edəcəyik. Azərbaycanda bəzi adamlar var ki, yerindən durub özlərini ən böyük demokrat hesab edirlər. Nəyə görə? Bunu bilmək mümkün deyildir. Nəyə görə - ya anası bunu "demokrat" doğubdur ya elə doğulanda anasının bətnindən "demokrat" çıxıbdır, - başa düşə bilmirəm. Ancaq belə iddialarla yaşayırlar. Yaşasınlar, qeyri-normal adam dünyada çoxdur, bunlar da təxminən o qəbildən olan adamlardır.

Amma həqiqət, reallıq ondan ibarətdir ki, indi Azərbaycanda demokratik cəmiyyət formalaşıb, demokratik prinsiplər yaranır, inkişaf etdirilir və bu prinsiplər əsasında da oktyabr ayının 11-də Azərbaycanda növbəti Prezident seçkiləri keçiriləcəkdir. Beş il bundan öncə Prezident seçkiləri keçirilib, mən Prezident seçilmişəm. Beş ildir Azərbaycana sədaqətlə xidmət etmişəm və Azərbaycan bugünkü səviyyəyə gəlib çatıbdır. İndi də alnıaçıq, üzüağ bu seçkilərə gedirik. Bəlkə də Azərbaycanda çoxları deyir ki, seçkilər nəyə lazımdır, Heydər Əliyev hamı üçün məlumdur, tanışdır və s. Siz bilirsiniz ki, başqa respublikalarda - Orta Asiya respublikalarında prezidentlər seçilmir, sadəcə referendum keçirib onun səlahiyyət vaxtını beş il, on il də uzadırlar. Bu, təkcə orada deyil, başqa ölkələrdə var.

Yox, biz Konstitusiyaya, qanuna riayət edirik. Qanunla prezidentin səlahiyyəti beş ildir. Beş il başa çatanda yeni prezident seçkiləri keçirilməli və prezident seçilməlidir. Oktyabr ayının 11-də xalq kimi prezident seçəcəksə, o da gələn beş ildə prezidentlik səlahiyyətini həyata keçirəcəkdir. Ümidvaram ki, bu seçkilərin tam demokratik, azad, sərbəst, ədalətli keçirilməsinə nail olacağıq. Bunun üçün lazımi işlər görülüb və bundan sonra da görüləcəkdir və siz də Azərbaycanla həmrəyliyinizi həmişə göstərəcəksiniz.

Bilirsiniz, dörd il bundan öncə biz belə şəraitdə görüşə bilməzdik. İndi burada bizim səfirliyimiz var. Bu, Azərbaycanın mülküdür. Azərbaycan ilk dəfədir ki, İngiltərə kimi bir ölkədə mülk sahibidir. Bu, Azərbaycanın mülküdür, səfirliyidir. Biz böyük işlərin əsasını qoymuşuq. İnkişaf edəcəyik, vaxt gələcək, burada bizim səfirliyimiz genişlənəcək, bəlkə bundan da böyük mülk alacağıq. Bu da mümkün olacaqdır. Amma bu, hələ ki, bu günün tələblərinə cavab verir. Səfirliyimiz yaxşı işləyir və siz də onun ətrafında yaxşı toplaşır, bir yerdə olursunuz. Çalışacaqsınız ki, mənim arzularımı da yerinə yetirəsiniz, bir-birinizlə daha da mehriban, dost, həmrəy olasınız. Yenə də deyirəm - Azərbaycan naminə!

Bizim üçün tarixi bir amil var - Azərbaycanlıyıq. Bilirsiniz, ermənilər çalışırlar sübut eləsinlər ki, guya ümumiyyətlə Azərbaycan milləti yoxdur, köçərilər olubdur, filan olubdur. Amma azərbaycanlı kimi bizim millətimizin böyük tarixi var. Böyük, qədim tarixi var! Bizim dilimiz Azərbaycan dilidir. Bilirsiniz, 1992-ci ildə Azərbaycanda böyük səhvə yol vermişdilər ki, bizim dilimiz Türk dilidir. Bəli, biz türkdilli millətlərə daxilik, əcdadlarımız birdir. Ancaq türkdilli xalqlar sonra şaxələnib, hərəsi bir millətə çevrilibdir. Özbək də türkdillidir, qırğız da, qazax da, tatar da, türkmən də, başqırd da, uyğur da türkdillidir. Amma hərəsi bir millətdir, hərənin də öz dili var. Məsələn, mən özbək dilinin, ola bilər, on faizini başa düşə bilərəm, ondan artıq başa düşə bilmərəm. Amma bizim dillərimizin kökü birdir, biz bir kökdənik. Millət kimi də, dil baxımından da bir kökdənik. Amma biz bu kökün bir budağıyıq, budaq, şaxə kimi inkişaf etmişik. Özümüzün adımız var - Azərbaycan, özümüzün dilimiz var - Azərbaycan dili. Çox da gözəl. Zəngin, çox ləzzətli dilimiz var.

Siz bilirsiniz ki, mənim təhsilim ümumiyyətlə rus dilində gedibdir. Gənc vaxtımdan bütün həyatım boyu rus dilində oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük vəzifələrdə işləmişəm. Mənim üçün rus dili "Ana dili" kimi bir dildir. Amma mən o dildən nə qədər istifadə etmiş olsam da, Azərbaycan dilini unuda bilmərəm. Azərbaycan dili mənim üçün hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunlar hamısı bir-biri ilə bağlıdır.

Ona görə bu beş ildə Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, Azərbaycanlılıq məsələsidir. Azərbaycanlılıq bizim üçün böyük Azərbaycan nöqteyi-nəzərindən çox vacibdir. Biz özümüzü bir ölkənin quyruğuna bağlaya bilmərik. Biz heç kəsin "quyruğuna bağlanan bir xalq" deyilik. Biz böyük xalqıq, müstəqil xalqıq, öz adımız, öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, musiqimiz və öz ölkəmiz var. Ona görə də bu anlayışları yaşatmaq və inkişaf etdirmək, Azərbaycan dilini hər yerdə daha da yüksəklərə qaldırmaq hamımızın vəzifəsidir, sizin də vəzifənizdir.

Burada Azərbaycan dilindən tərcümə etmək çox çətindir, tərcüməçilərin əksəriyyəti rus dilindən tərcümə edirlər və bəzən mənə təklif edirlər ki, rus dilində danışım. Mənim üçün rus dilində danışmaq Azərbaycan dilində danışmaq kimidir, bəlkə, ondan da asandır. Çünki mən on illərlə rus dilində danışmışam, nitqlər söyləmişəm, danışıqlar aparmışam. Ancaq artıq bizim yaxşı tərcüməçilərimiz var. Mən hər yerdə ancaq Azərbaycan dilində danışıram. Hətta bu ölkənin tərcüməçisi mənə rus dilində tərcümə edir, ancaq mənim tərcüməçim mənim danışıqlarımı Azərbaycan dilindən tərcümə edir. İki tərcüməçi var. Çünki onlar öz tərcüməçisi ilə gəlir, mən öz tərcüməçimlə. Onların tərcüməçisi rus dilinə tərcümə edir, - aydındır, mən Rus dilini başa düşürəm, - amma mənim tərcüməçim isə onların dediyini Azərbaycan dilinə tərcümə edir, mənim də Azərbaycan dilində dediyimi onlar üçün ingilis dilinə tərcümə edir.

Bu, prinsipial məsələdir, kiçik məsələ deyildir. Mən hər dəqiqə Azərbaycanın müstəqilliyini və milliliyini təsdiq edirəm, bunu nümayiş etdirirəm, hər sahədə göstərirəm. Qoy onlar elə bilməsinlər ki, biz keçmişdəki kimi yenə də Rusiyanın müstəmləkəsiyik, rus dilində danışırıq. Yox! Bizim öz dilimiz var və öz dilimizdə danışırıq, dilimiz də çox gözəl, zəngin dildir.

Mən sizin hamınıza cansağlığı arzu edirəm, gələcək işlərinizdə uğurlar arzulayıram. Vətənlə həmişə sıx əlaqə saxlayın, gəlin-gedin və bilin ki, Azərbaycanın müstəqilliyi etibarlı əllərdədir. Biz Azərbaycan bayrağını dünyanın hər yerində qaldırmışıq və bundan sonra da qaldıracağıq. Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır. Mən bunun üçün çalışmışam, çalışıram və bundan sonra da çalışacağam. Sağ olun.

"Azərbaycan" qəzeti, 25 iyul 1998-ci il