Hörmətli müşavirə iştirakçıları! Biz noyabrın 19-da respublikanın maliyyə vəziyyətinə, maliyyə-kredit sistemində olan nöqsanlara və bu nöqsanları aradan qaldırmaq tədbirlərinə dair müşavirə keçirdik. Bundan sonra müəyyən tədbirlər görülmüşdür. Müşavirədə və ondan sonrakı dövrdə daha da aşkar oldu ki, respublika iqtisadiyyatının böhran vəziyyətinə düşməsinin əsas səbəblərindən biri də maliyyə vəziyyətinin, maliyyə kredit sisteminin son illərlə ağır halda olması ilə əlaqədardır və eyni zamanda bu sahədə buraxılan səhvlərlə və hətta qeyriqanuni işlərlə, hərəkətlərlə, pozuntularla bağlıdır. İndi vəziyyətimiz nə qədər çətin, nə qədər ağır olsa da, gərək elə addımlar ataq ki, respublikanı iqtisadi böhranlan çıxarmaq və maliyyə sistemindəki nöqsanları aradan qaldırmaq üçün lazımi əməli tədbirlər görə bilək. Bu sahədə bir hal meydana çıxmışdır.
Zənnimcə, bu məsələ çox mühüm xarakter daşıyır və indi mən onu müşavirəmizdə müzakirəyə verib aydınlaşdırmaq istəyirəm. Müşavirəmiz də məhz buna görə çağırılmışdır.
Bununla yanaşı, biz noyabrın 19-da və sonra keçirdiyimiz görüşlərlə respublika əhalisinin taxıl məhsulları ilə təchizatında olan çatışmazlıqlar və bu sahədə yaranmış gərginlik barədə də danışdıq. Həmin sahədə müəyyən işlər görülmüşdür. Lakin onlar lazımi nəticə verməmişdir. Biz bu məsələni dünən də müzakirə etmişik. Ancaq bu gün onu daha geniş tərkibdə müzakirə etməyi, görüləcək tədbirləri müəyyənləşdirməyi lazım bilirəm. Ola bilər ki, müşavirə iştirakçıları bu məsələ ilə, yaxud iqtisadiyyatla əlaqədar başqa təkliflər də irəli sürsünlər. Əlbəttə, bu təklifləri də nəzərdən keçirmək olar. Maliyyə işində dolaşıq məsələlərin həlli ilə əlaqədar müraciət etməli olduğumuz adamlar dövlətin maliyyə işinin keşiyində durmalı olan şəxslərdir.
***
Əgər maliyyə naziri və yaxud Beynəlxalq Bankın prezidenti vəzifələrindən sui-istifadə edib qanunsuz işlər görürlərsə, onda biz kimə müraciət edək? Bəs bu məsələləri kim araşdırsın? Axı bunlardan yuxarı vəzifəli maliyyəçilərimiz yoxdur. Nazirlər Kabinetinin rəhbərliyi də bu işə qarışırsa (mən baş nazirin birinci müavinini nəzərdə tuturam) onda biz lazım olan adamları haradan tapıb çağıraq? Mən bu məsələnin çox vacibliyini nəzərə alaraq onu müşavirəyə çıxardım. Müzakirənin gedişi bir daha göstərir ki, respublikanın maliyyə işində pozuntular çoxdur. Qeyri-qanuni çoxlu əməliyyat aparılmışdır. Respublikanın iqtisadiyyatının və maliyyə işinin belə böhran vəziyyətində olması da xüsusən bu amillərlə bağlıdır. Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı-ayrı kooperativlərin, assosiasiyaların, şirkətlərin mənafeyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafelərini ölkənin, xalqın, dövlətin mənafeyindən üstün tuturlarsa və cürbəcür qeyri-qanuni yollara gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərlə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır. Müzakirə etdiyimiz məsələ də buna əyani sübutdur. Müzakirəyə çıxarılmış bu məsələ, şübhəsiz, istintaq orqanları, xüsusən prokurorluq tərəfindən daha dərindən araşdırılacaq və baş vermiş cinayət halları aydınlaşdırılacaqdır. Biz bu gün cinayətin olub-olmaması barədə hökm vermək və kimlərisə cinayətkarlıqda təqsirləndirmək, məhkum etmək məqsədi daşımırıq. Bu, hüquq mühafizə orqanlarının işidir və onlar bu işlə məşğul olacaqlar. Ancaq biz bu məsələyə qanun mövqeyindən, hüquqi və iqtisadi nöqteyi-nəzərdən baxırıq.
Müzakirə olunan məsələyə bu baxımdan qiymət versək, şübhəsiz, aydın olur ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy, görünür, bizim üçün məlum olmayan səbəblərə görə (ancaq bunun hansı səbəblərə görə olduğunu müəyyən qədər mülahizə etmək mümkündür) "Aran" korperasiyasına xüsusi maliyyə şəraiti yaratmaq üçün birbaşa qeyri-qanuni sərəncam vermiş, qeyri-qanuni iş görmüşdür. Respublika baş nazirinin birinci müavini Vahid Əhmədov və maliyyə naziri Saleh Məmmədov Əbülfəz Elçibəyin verdiyi sərəncamdan da daha dərinə gediblər. Mən o sərəncamı sizə çatdırdım. Orada ancaq "Aran" korperasiyasına 50 milyon ABŞ dolları məbləğində kredit verilməsi və bunun Azərbaycanın ərzaq tələbatını ödəmək məqsədi daşıdığı göstərilsə də, baş nazirin birinci müavini Vahid Əhmədov və maliyyə naziri Saleh Məmmədov onu vekselə çevirərək həyata keçirməyə cəhd göstərmişlər. İndi nəticəsi necə olub - bu veksellər doğrudanmı satılmayıb, yaxud biz bu işin üstünə düşdüyümüzə görə onlar vekselləri kedib dərhal geri gətirməyə məcbur olublar? Həftənin altıncı günü mənə bu məlumat çatan kimi Vahid Əhmədovu və Saleh Məmmədovu dəvət etdim, bu veksellər haqqında söhbət apardım. Onlar mənə çox dolaşıq məlumatlar, izahatlar verdilər. Dedilər ki, guya eşidiblər ki, veksellər satılmır,
"Aran" korperasiyasının prezidenti gedib, bəlkə də onları geri gətirəcəkdir.
Ancaq həftənin birinci günü Prezident Aparatında yazılı izahat tələb olunarkən Vahid Əhmədov bildirir ki, keçən həftənin dördüncü günü Nazirlər Kabinetinin işçisi onun tərəfindən İsvsçrəyə göndərilmişdir. Həmin adam dövlətin vəsaiti hesabına on gün bundan qabaq İsveçrəyə gedib və guya vekselləri geri gətirəcəkdir.
Mənə elə gəlir ki, Vahid Əhmədov və Saleh Məmmədov bu qeyri-qanuni maliyyə əməliyyatlarının keçirilməsində günahkardırlar. Bu əməliyyatlar respublikanın iqtisadiyyatına, maliyyə vəziyyətinə zərbə vura bilərdi, Azərbaycan hökuməti, Azərbaycan dövləti bundan zərər çəkə bilərdi - bu, belə qiymətləndirilməlidir.
Keçmiş prezident Əbülfəz Elçibəyin səhvi və yaxud günahı burada qeyd oluna bilər, ancaq Ə.Elçibəy indi prezident vəzifəsində deyil. Burada Vahid Əhmədov və Saleh Məmmədov bildirdilər ki, keçmiş dövlət katibi və sonra baş nazir olan Pənah Hüseynov onlara təzyiq göstərib və onlar belə qeyri-qanuni hərəkətlərə bu təzyiq nəticəsində yol veriblər. Əgər onlar istintaq vaxtı bunu sübut elə bilsələr, yəqin ki, burada Pənah Hüseynov da günahkardır və o da bunun üçün məsuliyyət daşımalıdır. Ancaq Vahid Əhmədovun və Saleh Məmmədovun günahı artıq aydındır. Mən hesab edirəm ki, Vahid Əhmədov və Saleh Məmmədov tutduğu vəzifələrdə daha qala bilməzlər. Prezident kimi, onları buraxdıqları bu kobud səhvlərə görə vəzifələrindən kənar edirəm. Baş prokuror Əli Ömərova həvalə edirəm ki, bu məsələlər barəsində istintaq aparsınlar, əgər cinayət halları varsa, lazımi tədbirlər görsünlər.
Respublikanın valyuta vəsaitinin əcnəbi banklarda yerləşdirilməsi məsələsi mübahisəli olduğu üçün onun barəsində fikir söyləmirəm. Lakin yenə də sözümün üstünə qayıdıram. Bizim maliyyə işimizdə dolaşıqlıq olanda bunu yəqin ki, yüksək vəzifəli şəxslər həll etməlidirlər. Əgər onlar özləri dolaşıq işlərlə məşğul olurlarsa, qoy onda Milli Məclis və onun iqtisadi siyasət komissiyası xüsusi komissiya təşkil edib, bu məsələni yoxlayıb aydınlaşdırsınlar ki, burada günahkar kimdir.
***
Bu məsələnin də müzakirəsi bir daha göstərir ki, respublikanın iqtisadiyyatı doğrudan da dağıntı vəziyyətindədir və iqtisadiyyatımızın əsas sahələrindən biri - əhalinin çörəklə və taxıl məhsulları ilə təchizatı bərbad haldadır. Bu sahəni bərbad hala salan adamlar son illərdə həm ona başçılıq edənlər, həm də Respublikanın rəhbərləri olmuşlar. İndi belə bir bərbad vəziyyətlə xalqı çörək və taxıl məhsulları ilə təmin etmək lazımdır. Mal-qara da yemlə təmin olunmalıdır.
Bu isə Respublikalan kənardan alınıb gətirilən ehtiyatlar hesabına təmin edilməlidir. Burada Abbas Abbasovun, Feyruz Mustafayevin məlumatlarından aydın oldu ki, bu iş sahələri ilə məşğul olan adamlar, Nazirlər Kabineti və ümumiyyətlə, respublikanın rəhbərliyi son dövrlərlə həmin sahələrin inkişafına nəinki fikir verməyiblər, hətta onların dağılmasına, onlardan hərə öz şəxsi mənafeləri üçün sui-istifadə etməyə çalışıblar. Bunların nəticəsində də cürbəcür bağlaşmalar imzalanıb, Azərbaycanın maliyyə vəziyyəti belə ağır olduğu halda, milyonlarla dollar məbləğində vəsait xarici şirkətlərin hesablarına keçirilib. Lakin bunun əvəzində nə taxıl, nə də qaxıl məhsulları gətirilibdir. Odur ki, indi Respublika böhran vəziyyətindədir.
Güman edirəm ki, belə hallara son qoyulmalıdır. Bunu hamımız qəti şəkildə deməliyik. Bu işlə Nazirlər Kabineti ciddi məşğul olmalıdır. Mən heç cür başa düşə bilmirəm ki, baş nazirin kənd təsərrüfatı üzrə müavini Abbas Abbasov Respublikanın taxıl təchizatı məsələsindən nə üçün kənarda qalıb. Bu işdə kimsə başqaları məşğul olublar. Özü də həm keçmişdə, həm də indi. Dövlət Taxıl Məhsulları Şirkəti bərbad vəziyyətdədir. Biz Feyruz Mustafayevi şirkətə prezident təyin etmişik. Orada vəziyyəti tez bir zamanda normallaşdırmaq lazımdır. Eyni zamanda bütün bu bağlaşmaları yoxlamaq, hansı bağlaşma ilə nə kimi məhsullar alındığını aydınlaşdırmaq gərəkdir. Yoxsa bağlaşmanı, dediyiniz kimi, Əli Məmmədov imzalayıb, çıxıb gedib. Beynəlxalq Banka məlumat verib ki, taxıl məhsulları gətirilib. Beynəlxalq Bankın borcu idi ki, taxıl məhsullarının həqiqətən gətirilib-gətirilmədiyini yoxlasın. Əslində isə bu adam 8 milyon dolları götürüb aradan çıxmışdır.
Bax bunların hamısı dövləti dağıdanların, indi müxalifətə keçərək qəzetlərdə haray-həşir salanların Azərbaycan xalqına, Azərbaycan Respublikasına, Azərbaycan dövlətçiliyinə vurduqları zərbədir. Burada onların adları çəkildi, indi mən bu adları heç yada salmaq istəmirəm. Onların bir qismi qaçıb ya Azərbaycanda, ya da xarici ölkələrdə gizlənir, bir qismi isə burada müxalifət qəzetlərində ədalətsiz, böhtançı çıxışlarla məşğuldur Respublikanı bu vəziyyətə salanlar mənəvi əzab çəkmək əvəzinə, məsuliyyət daşımaq əvəzinə cürbəcür böhtanlar atmaqla məşğul olurlar. Təəssüf ki, indi vəzifədə olan şəxslər, Nazirlər Kabineti, nazirlər, Prezident Aparatının bəzi məsul şəxsləri bu işlərlə lazımi səviyyədə məşğul olmur, zəruri tədbirlər görmürlər. Beləliklə də vəziyyətimiz getdikcə pisləşir. Bütün bu hallara son qoyulmalıdır.
Taxıl məhsulları ilə əlaqədar dünən müşavirə keçirdik. Mən Nazirlər Kabinetinə bir daha tapşırıram: Baş nazirin şəxsi məsuliyyəti ilə onun müavini Abbas Abbasov bu məsələlərlə şəxsən məşğul olmalıdır. Taxıl Məhsulları Şirkətinin prezidenti Feyruz Mustafayev də bu işlə məşğul olmalıdır. Tezliklə həmin bağlaşmalar, yaxud digər bağlaşmalar əsasında respublikanın taxıl ehtiyatlarını artırmaq lazımdır. Respublika əhalisinin taxıl məhsulları ilə etibarlı surətlə təmin olunması təşkil edilməlidir. Bu, Nazirlər Kabinetinin əsas vəzifəsidir.
Məhz Nazirlər Kabineti İqtisadiyyat Nazirliyini, Xarici İqtisadi Əlaqədər Nazirliyini və digər əlaqədar nazirlikləri cəlb edib, indiyədək imzalanmış bağlaşmaların hamısını yoxlamalı, onların hansı əsaslarla imzalandığını, nə kimi xeyir gətirliyini, nə kimi ziyan vurduğunu araşdırmalıdır. Nazirlər Kabineti bu işlə ciddi məşğul olmalıdır. Prokurorluq, hüquq-mühafizə orqanları bu faktları ətraflı yoxlamalı və cinayətkarları məsuliyyətə cəlb etməlidirlər.
Bu gün fürsətdən istifadə edərək demək istəyirəm ki, çörəyin və taxıl məhsullarının keyfiyyəti ilə əlaqədar əhalidən yenə də çoxlu şikayət gəlir, narazılıqlar eşididir. Əhalinin çörəklə təchizatının normal səviyyədə olmaması haqqında Bakı şəhərində və respublikanın başqa bölgələrində narazılıqlar var və bu barədə məlumatlar gəlir. Ona görə də İcra hakimiyyəti başçılarına, müvafiq nazirliklərə tapşırılır ki, bu işlərlə ciddi məşğul olsunlar. Bir daha təkrar edirəm ki, tapşırıqlar Nazirlər Kabinetinə, baş nazirə, onun müavinlərinə, hüquq-mühafizə orqanlarına, müvafiq nazirliklərə və onların rəhbərlərinə verilir. Bu işlərlə ciddi məşğul olmaq lazımdır.