Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mustafa Hacıqasımov adına Azərbaycan Mamalıq bə Ginekologiya mərkəzinin açılışı mərasimində nitqi - Bakı, Xətai rayonu 6 avqust 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar və dostlar!

Mən təəssüf edirəm ki, ingilis dilində danışanın tərcüməçisi var, amma mənim Azərbaycan dilində danışdığımı Rusiyanın nümayəndələrinə tərcümə edən yoxdur. Güman edirəm, siz kömək edərsiniz.

Azərbaycan dövlətinin müasir iqtisadi siyasəti, sosial-iqtisadi siyasəti sosialyönümlü bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub və inkişaf edir. Bu siyasət həyata keçirilərək Azərbaycanda son illər, demək olar ki, həyatın bütün sahələrində böyük islahatlar aparılır. İqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında torpaq islahatı, geniş özəlləşdirmə proqramı həyata keçirilir. Biz bu siyasəti həyata keçirərək insanlara sərbəstlik veririk, insanlarda təşəbbüskarlıq hissini yaratmağa çalışırıq və sahibkarlıq hissini yaratmağa çalışırıq. Çünki bazar iqtisadiyyatını təmin etmək üçün bunlar əsas şərtlərdir.

Təbiidir ki, bunlar Azərbaycanda qısa müddətdə təmin oluna bilmir. Çünki sahibkarlıq, iqtisadiyyatda sərbəstlik, özəl sektor – bunlar hamısı təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də, keçmiş Sovetlər İttifaqına mənsub olmuş bütün dövlətlər, ölkələr üçün də yeni bir şeydir. Ancaq dövlət siyasətini həyata keçirmək üçün təşəbbüskarlıq bu məsələlərin, yəni bizim bu istəklərimizin, arzularımızın daha da sürətlə həyata keçirilməsinin əsas amillərindən biridir.

Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatların keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycanın səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz müsbət nəticəsini verir.

Təbiidir, səhiyyə sosial sahədir. Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial  tələblərini təmin etməliyik. Ona görə də insanların sağlamlığını və vətəndaşların müalicəsini təmin etmək üçün səhiyyədə mövcud imkanlardan daha da səmərəli istifadə etmək lazımdır.

Bununla bərabər, səhiyyədəki islahatların digər hissəsi həmin sahədə özəl sektor yaratmaqdan ibarətdir.Nazir Əli İnsanov burada söylədi ki, artıq bir çox tibb müəssisələrində ayrı-ayrı bölmələr özəl sektor hesabına keçirilib, ödənişli, pullu xidmət göstərir. Amma onlar hamısı dövlətin içindədir, dövlətin, hökumətin tərkibindədir, yəni bizim Səhiyyə Nazirliyinin tərkibindədir.

Azərbaycanda ilk dəfə bir, ya iki il bundan öncə təcili yardım sahəsində bir özəl müəssisə yarandı. Mən onu çox bəyəndim və alqışladım. Hətta gedib onu ziyarət etdim, açılışında iştirak etdim. İndi biz bu gün bu sahədə, bu istiqamətdə aparılası işlərin yeni bir nümunəsinin şahidiyik. Bu, çox sevindirici haldır. Ona görə ki, səhiyyədə özəl sektoru yaratmaq, sahibkarlığı yaratmaq bəlkə də ticarətdən, yaxud da kənd təsərrüfatından, sənayedən və iqtisadiyyatın başqa sahələrindən qat-qat çətindir. Ancaq bu lazımdır. Bu vacibdir. Ona görə belə bir özəl tibb müəssisəsinin yaranması bizim üçün əlamətdar bir hadisədir və güman edirəm ki, bu təşəbbüs, ümumiyyətlə, səhiyyə sahəsində özəl sektorun, sahibkarlığın yaranması üçün yaxşı bir nümunədir.

Eyni zamanda, sevindirici haldır ki, bu özəl müəssisə demək olar ki, tibbin hamı üçün vacib və hamı üçün çox əziz olan hissəsində - mamalıq və ginekologiya sahəsində yaranıbdır. Bu, bizi çox sevindirdi. Çünki tibbin hər sahəsi lazımdır, insanlar səhiyyə xidmətinin bütün sahələrinə ehtiyaclıdırlar. Ancaq qadınlara yardım göstərmək, ginekologiya yardımı göstərmək və mamalıq işini təşkil etmək, yəni bizim millətimizin artması üçün qadınların doğum şəraitini yaxşılaşdırmaq – bu, çox əziz və çox mötəbər bir işdir. Ona görə də bu sahədə özəl müəssisənin yaranması, yenə də deyirəm, çox əhəmiyyətlidir. Bu özəl müəssisəni yaradanlar  – Leyla xanım Şıxlinskaya, hesab edirəm ki, çox gözəl bir nöqtəyə vurublar və mən bunu xüsusi alqışlayıram.

Bu müəssisənin yaranması, şübhəsiz ki, hadisədir. Ancaq burada bizim gördüyümüz cihazlar, alətlər və bu binanın özü  - həqiqətən qadınlara xidmət etmək üçün, həm doğum, həm müalicə, həm də başqa xidmətlər göstərmək üçün burada yaranmış şərait, həm tibb cihazları, həm başqa ləvazimatlar, həm də binanın özünün bunun üçün çox müasirləşdirilməsi – bu, şübhəsiz ki, çox sevindirici haldır. Bunlar hamısı onu göstərir ki, bu yeni mamalıq və ginekologiya klinikası, yaxud mərkəzi tezliklə Azərbaycanda özünəməxsus yeri tutacaqdır.

Mən hamısına baxdım. Burada bizim mütəxəssislər mənə izahat verirdilər. Xüsusən Moskvadan gəlmiş mütəxəssislər - akademik, səhiyyə nazirinin müavini. Hər halda onlar bunu bizim hamımızdan yaxşı bilirlər. Biz sadəcə deyə bilərik  ki, gözəldir, yaxşıdır. Amma onlar bu cihazları, bu ləvazimatları yaxşı bilirlər və onların verdikləri qiymət, şübhəsiz ki, bizi sevindirir. Mən də hesab edirəm ki, belə bir gözəl müəssisənin yaradılması Azərbaycan-Rusiya əməkdaşlığında daha bir addım atılması deməkdir və bu da bizim Azərbaycanın Rusiya ilə bütün sahələrdə əməkdaşlıq etmək siyasətimizə bir töhfədir.

Mən bu gün Müstəqil Dövlətlər Birliyinin icraçı katibi hörmətli cənab Yuri Fyodoroviç Yarovla görüşüb söhbət edirdim. Mən o söhbətdə bir daha ona bildirdim ki, Azərbaycanın xarici siyasətində Rusiya ilə əlaqələri genişləndirmək, inkişaf etdirmək, yüksəltmək, daha da səmimi etmək, daha da dost etmək əsas yer tutur. Biz bu siyasəti həyata keçiririk və keçirəcəyik. Çünki Rusiya bizim qonşudur. Rusiya ilə Azərbaycan on illərlə, yüz illərlə bağlı olubdur, bir yerdə olubdur, dost olubdur. Rusiya dünyanın böyük dövlətlərindən biridir. Rusiyada

demokratikləşmə gedir, iqtisadi islahatlar həyata keçirilir. Rusiya ilə biz bütün sahələrdə əməkdaşlıq etmək istəyirik. Əgər səhiyyə sahəsində də və xüsusən, bu özəl sektorun yaranmasında da Rusiya bu cür əməkdaşlıq edibsə, bu, yenə də deyirəm, bizim siyasətimizə, əməli tədbirlərimizə gözəl töhfədir və mən bunu xüsusi qiymətləndirirəm.

Təbiidir ki, belə  bir müəssisənin yaranması ən müasir cihazlar, alətlər, ləvazimatlar alınmasa mümkün olmazdı. Bu barədə Almaniya şirkətinin də xidməti burada çox böyükdür. Yenə də deyirəm, bunlar hamısı sevindirici haldır və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu müəssisə yarandığı kimi, belə gözəl görünüşü kimi, gələcəkdə iş fəaliyyətində həmişə bu səliqəni saxlayacaqdır. Qadınlar bundan səmərəli istifadə edəcək, Azərbaycan xalqının inkişaf etməsi üçün burada yeni-yeni uşaqlar dünyaya gələcəkdir.

Mən sizi bu münasibətlə təbrik edirəm və bu gözəl klinikaya uğurlar arzulayıram. Sağ olun.

Oçerklər

İQTİSADİYYAT

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf