1 nömrəli Bakı istilik-elektrik mərkəzində yeni qaz-turbin qurğusunun təməlinin qoyulması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 28 avqust 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar, qonaqlar!

Mən sizi Azərbaycanda, Bakıda yeni, müasir texnologiyaya, texnikaya malik elektrik enerjisi müəssisəsinin, elektrik-buxar stansiyasının təməlinin qoyulması münasibətilə ürəkdən təbrik edirəm.

Bu, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında çox əlamətdar və böyük əhəmiyyətə malik olan bir hadisədir. Bu hadisə müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat, xalqın sosial vəziyyətini yaxşılaşdırmaq sahəsində apardığı ardıcıl siyasətin çox parlaq bir təzahürüdür. Bu, Azərbaycan dövlətinin, ölkəmizin iqtisadi potensialında mühüm yer tutan elektrik enerjisi müəssisələrinin inkişaf etdirilməsi və respublikamızın elektrik enerjisi potensialının genişləndirilməsinə dair proqramımızın ardıcıl surətdə həyata keçirilməsidir. Bu, Azərbaycan dövlətinin vətəndaşlarımıza, onların rifah halının yaxşılaşdırılmasına göstərdiyi daimi qayğının və diqqətin gözəl təzahürüdür.

Bu gün buradakı təməlatma mərasimi eyni zamanda Azərbaycan dövlətinin öz iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifah halını yaxşılaşdırmaq, sosial problemləri həll etmək, dünya ölkələri ilə sıx əməkdaşlıq etmək, xarici investisiyanı Azərbaycana gətirmək, Azərbaycanın qapılarını xarici investisiya üçün açmaq haqqında qəbul etdiyi və həyata keçirdiyi geniş proqramın bir hissəsidir.

Biz bu proqramı ilbəil, aybaay həyata keçiririk və dünyanın böyük, iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ilə, yüksək texnikaya və texnologiyaya malik olan ölkələri və şirkətləri ilə əməkdaşlığımızı genişləndiririk, inkişaf etdiririk.

Bu gün burada bu elektrik müəssisəsinin göstəriciləri haqqında çox ətraflı məlumat verildi. Biz bu elektrik stansiyasının tikilməsini İsveçrənin "ABB" şirkəti, Almaniyanın bankı ilə, demək, bu ölkələrlə əməkdaşlığımızın nəticəsində təmin edə bilmişik.

Azərbaycan keçid dövrünü yaşadığı bir zaman, ölkəmizin iqtisadiyyatında çoxlu çətinliklərin olduğu bir zaman Azərbaycan dövləti bu cür addımlar atmaqla özünün sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yaratmaq, dünyanın bütün ölkələri ilə sıx əməkdaşlıq etmək əzmini bir daha nümayiş etdirir.

Burada artıq deyildi ki, bu elektrik stansiyasının birinci blokunun tikilməsi və başa çatdırılması üçün buraya 55 milyon dollar həcmində investisiya qoyulacaqdır. Biz bu işi İsveçrənin "ABB" şirkətinin Almaniya bankı ilə birlikdə hazırladığı həm kredit, həm də texniki-iqtisadi təkliflər əsasında həyata keçiririk.

Bu elektrik stansiyasının nədən ibarət olduğu haqqında Müslüm İmanov danışdı. Hesab edirəm ki, buraya qoyulan vəsait Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsində, xalqımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında çox dəyərli nəticələr verəcəkdir. Ona görə də biz bu addımı tam cəsarətlə atmışıq və ümidvaram ki, biz bunu həyata keçirəcəyik.

"ABB" şirkətinin vitse-prezidenti burada bəyan etdi ki, 2000-ci ilin oktyabr ayında bu proqram yerinə yetiriləcəkdir, bu, məni həddən artıq sevindirir. Çünki, təsəvvür edin, bu günlərdə 1999-cu ilin avqust ayı sona çatır, 2000-ci ilin oktyabr ayında isə ölkəmiz yeni, müasir texnologiyaya, texnikaya, böyük iqtisadi potensiala malik olan stansiyadan elektrik enerjisi alacaqdır. Bu, həm əhalimizin elektrik enerjisi ilə təmin olunmasına, həm də buradakı böyük neft-yağ zavodunun istiliklə, elektrik enerjisi ilə təmin edilməsinə və ümumiyyətlə, Azərbaycanın elektrik enerjisi potensialının çox inkişaf etməsinə şərait yaradacaqdır.

Mən bu gün burada ətrafa baxarkən çox düşüncələrə dalıram. Məlumdur ki, indiyədək burada bizim üçün xidmət göstərən istilik-elektrik mərkəzi - vaxtilə Azərbaycanda ona TEC-1 deyərdilər - bu əsrdə Azərbaycan sənayesində məlum olan elektrik-buxar stansiyasıdır. Əldə olan məlumatlara görə, bu stansiya əsrin əvvəlində, 1902-ci ildə tikilibdir. Sonrakı dövrlərdə, xüsusən də 1920, 1950, 1970-ci illərdə bu stansiya bir neçə dəfə modernləşdirilib, müasirləşdirilib və bizə böyük xidmətlər göstəribdir. Demək olar ki, bu elektrik müəssisəsi bir əsrdir ki, bizə xidmət edir. Onun tikilməsi, bir əsr müddətində bundan istifadə olunması, şübhəsiz ki, keçmiş zamanlarda da Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrinin bir nümunəsidir, eyni zamanda XX əsrin bütün dövrlərində Azərbaycanda elektrik enerjisinin istehsalı və ölkəmizin elektrik enerjisi ilə təchiz edilməsi məsələsinin nə qədər vacib olduğunu bir daha göstərir.

Bu elektrik stansiyası böyük xidmətlər göstəribdir. Ona görə də mən burada on illərlə çalışan, fəaliyyət göstərən, xidmət edən bütün energetiklərə, sənayeçilərə, mütəxəssislərin hamısına təşəkkür edirəm.

Xatirimdədir, 1970-ci illərdə biz Azərbaycanın sənayesində müasirləşdirmə proqramını ardıcıl surətdə həyata keçirirdik. İndi olduğumuz yer Bakının vaxtilə Qaraşəhər adlanan böyük bir hissəsidir. Məlumdur ki, keçmişdə burada, Azərbaycanda hələ XIX əsrdə və XX əsrin əvvəllərində neft sənayesi çox böyük sıçrayışla inkişaf etdiyi zaman o dövrün tələblərinə cavab verən müəssisələr yaradılmışdı. Həmin müəssisələrin əksəriyyətini keçmişdə Azərbaycan neftinə maraq göstərmiş Avropa şirkətləri və azərbaycanlı sahibkarlar, iş adamları yaratmışdılar. Amma sonra onlar Azərbaycan xalqına, ölkəsinə, dövlətinə əvəzsiz xidmətlər göstərmişdi.

O zaman burada yaranan bu sənaye müəssisələri təbiidir ki, həmin dövrün texnikasına, texnologiyasına uyğun səviyyədə idi. Zaman keçdikcə, dünyada texnika, texnologiya dəyişdikcə bu zavodlar, buradakı istehsal müəssisələri, elektrik stansiyaları, şübhəsiz, öz xidmətini göstərməklə yanaşı, eyni zamanda Azərbaycanın iqtisadiyyatına ilbəil zərər də verirdi. Ən dəhşətlisi o idi ki, bunlar Azərbaycanın, xüsusən Bakının havasına, iqliminə, yəni ekologiyasına təsir edirdi.

Təsadüfi deyil ki, o zamanlardan, hələ əsrin əvvəllərindən Bakının bu hissəsinə Qaraşəhər deyirdilər. İndi gənclər bunu bilmirlər, unudublar. Amma bizim yadımızdadır - bu Qaraşəhər həqiqətən qara şəhər idi. Təsadüfi deyildi ki, bakılılar şəhərin bi hissəsinə Qaraşəhər demişdilər.

Xatirimdədir, mən ilk dəfə 1938-ci ildə Bakıya gələndə çox gənc idim. Bakının bir çox yerləri ilə tanış olmaq istəyirdim. Qaraşəhərdə Nizami adına park var idi. O, keçmişdə Nobel qardaşlarının yaratdığı bir park idi. Mənə dedilər ki, ora çox gözəl bir yerdir. Mən buraya gəlmək üçün tramvaya mindim. İndiyə qədər xatirimdədir ki, Qaraşəhərin sərhədinə çatanda mən artıq tramvayda dözə bilmədim. Belə şəraitdə yaşamamış adam kimi, mən cürbəcür kimyəvi maddələrin qoxusundan, iyindən, təsirindən dözə bilmədim.

Bu, mənim həmin dövrə aid xatirəmdir. Ancaq sonrakı dövrdə mən Azərbaycanın rəhbərliyində olduğum zaman sənaye müəssisələrini görərək, onların vaxtının artıq keçdiyini dəfələrlə təsdiq edərək və elan edərək Qaraşəhərdəki zavodların, fabriklərin, digər istehsal müəssisələrinin yenidən qurulması proqramını yaratdıq və 1970-ci illərdə onu həyata keçirdik.

Xatirimdədir, 1970-ci illərin əvvəllərində mən bu böyük proqram haqqında geniş şəkildə çıxış edərkən bəyan etdim ki, Qaraşəhər qurtulacaq, tamamilə gözəlləşəcək, gözəl yaşayış binaları olacaqdır. Mən bu gün xoşbəxtəm ki, 25 il bundan əvvəl dediyim bu sözlər və həyata keçirməyə başladığım bu proqram öz gözəl nəticəsini veribdir. Artıq burada həmin dövrdəki istehsal müəssisələrindən, şəhərin havasını zəhərləyən zavodlardan, ola bilər, əsər-əlamət qalmayıbdır. Əgər nəsə qalıbsa, biz onları da ləğv edəcəyik. Ancaq həmin qocaman müəssisələrdən biri budur. Yenə də deyirəm, ona həmişə xalq arasında TEC-1, yəni 1 nömrəli istilik-elektrik mərkəzi deyirdilər. İndi onun 100 yaşı tamam olur. Biz onunla vidalaşırıq, ona sağ ol deyirik. Burada elan olunduğu kimi, onun yerində ən yüksək texnologoyaya, texnikaya malik, həm iqtisadi cəhətdən səmərəli, həm də gücü ondan qat-qat artıq olan, ekologiya üçün zərərsiz yeni bir istilik-elektrik stansiyası tikiləcəkdir.

Qeyd etdiyim kimi, bizim bugünkü mərasimimiz Azərbaycanın iqtisadiyyatının, o cümlədən iqtisadiyyatımızın çox mühüm və çox vacib sahəsi olan elektrik enerjisi sahəsinin inkişafına həsr edilibdir.

Burada artıq deyildi ki, keçmiş zamanlarda, yəni 1970-ci illərdə Azərbaycanda bizim apardığımız iqtisadi siyasət nəticəsində Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində özünü müstəqil təmin etmək üçün elektrik stansiyalarının tikilib, yaradılıb istifadə edilməsinə nail olubdur. Mən cəsarətlə, böyük qürur hissi ilə deyirəm ki, XX əsrdə Azərbaycanın tarixində və Azərbaycan iqtisadiyyatının tarixində bu, ən böyük nailiyyətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən və müstəqil dövlət kimi yaşamağa başlayandan sonra keçmiş Sovetlər İttifaqının vahid enerji sistemindən ayrıldığı zaman, keçmiş SSRİ-yə daxil olan bir çox respublikalardan fərqli olaraq Azərbaycan öz elektrik stansiyaları vasitəsilə ölkəsini - həm sənayeni, həm bütün istehsal sahələrini, həm də xalqın tələbatını təmin edə bilən elektrik enerjisi potensialına malikdir və bunu da biz təmin etmişik.

Bu, asan iş deyildi. Biz bunun üçün çox işlər görürdük və həmin işləri görmək də asan deyildi. Çünki hər bir yeni elektrik stansiyasını yaratmaq üçün Sovetlər İttifaqının dövlət büdcəsindən böyük vəsait ayırmaq, almaq lazım idi. Bunu də hər dəfə vermirdilər. Bəyan edirdilər ki, nə üçün siz yeni elektrik stansiyaları yaradırsınız, Sovetlər İttifaqının vahid elektrik enerjisi sistemi var, nə qədər istəyirsiniz oradan elektrik enerjisi ala bilərsiniz. Ancaq biz irəliyə baxırdıq. Biz hesab edirdik, bu elə bir sahədir ki, gərək Azərbaycan burada öz müstəqilliyini, yəni asılı olmadığını təmin edə bilsin. Biz bunu təmin etdik.

İkinci tərəfdən, vəsait alandan sonra bu elektrik stansiyalarının tikilməsi, quraşdırılması, yaradılması da asan deyildi. Əgər həmin illər biz bu işlərə çox yüksək sürət verməsəydik, bu məsələ ilə gündə ciddi məşğul olmasaydıq həmin nəhəng elektrik stansiyaları tikilə bilməzdi və indi bizim böyük sərvətimiz kimi mövcud ola bilməzdi. Yəni biz bu istiqamətdə də işlərimizi gördük.

Bunlar hamısı bizə keçmişdən qalan mirasdır. Biz fəxr edə bilərik ki, Azərbaycan müstəqil dövlət kimi öz müstəqilliyini əldə edərkən müstəqil yaşamaq hüquqlarına malik idi. Bunun əsaslarından biri də Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin, potensialının olması idi.

Əgər bi sahə inkişaf etməsə, təbii ki, biz keçmişdə əldə etdiyimiz nailiyyətləri də itirə bilərdik. Ancaq biz bu sahəni inkişaf etdiririk. İndi şübhəsiz ki, Azərbaycanda sənaye sahəsində çox böyük çətinliklər vardır. Biz iqtisadi islahatlar həyata keçiririk. Bilirsiniz ki, bu iqtisadi islahatlar böyük çətinliklər yaradır. Azərbaycanın özünün dövlət vəsaiti, büdcəsi belə böyük istehsal müəssisələri, o cümlədən elektrik stansiyaları yaratmaq imkanına malik deyildir. Ancaq biz bunun da yolunu tapmışıq. Bu yol da ondan ibarətdir ki, biz dünyanın həm məşhur bankları, həm də böyük şirkətləri ilə başqa sahələrdə əməkdaşlıq etdiyimiz kimi, elektrik enerjisi sahəsində də çox sıx əməkdaşlıq edirik.

Burada bu layihələr haqqında məlumat verildi. Bəli, mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir su elektrik stansiyasının təməlini qoydum və onu qurub yaratdım. İndi o, Azərbaycana xidmət edir.

Mən fəxr edirəm ki, vaxtilə Azərbaycanda elektrik enerjisi sisteminin inkişaf etdirilməsi üçün böyük bir proqram yaratdıq. Həmin proqramın böyük bir hissəsi də yeni bir su elektrik stansiyasının - Yenikənd su elektrik stansiyasının yaranması idi. Biz o illərdə, 1970-ci illərdə Kür çayı üzərində tikiləcək Yenikənd su elektrik stansiyasının layihəsini hazırladıq, təsdiq etdik. Biz Şəmkir su elektrik stansiyasından sonra bu su elektrik stansiyasının tikintisinə başlamalı idik. Ancaq təəssüflər olsun ki, bu məsələ hələ SSRİ mövcud olduğu zamanda - 1980-ci illərin sonunda ləngidi, SSRİ dağıldıqdan, Azərbaycan müstəqil dövlət olduqdan sonra, şübhəsiz ki, bunlara heç fikir verən də olmadı.

Müslüm İmanov burada tamamilə doğru xatırlatdı ki, elektrik stansiyalarını modernləşdirmək, inkişaf etdirmək, təmir etmək əvəzinə elektrik xətlərini qırıb dağıdaraq, aparıb orada-burada satırdılar. Mən həm Naxçıvanda yaşadığım zaman, həm də Azərbaycanın müxtəlif yerlərində bunun şahidi olmuşam. Naxçıvanda elektrik enerjisi yox idi. Muxtar respublika blokada şəraitində, demək olar ki, elektrik enerjisiz qalmışdı. Azərbaycanda o vaxtkı hərc-mərclik, hakimiyyətsizlik dövründə, qarışıq bir dövrdə, insanların yaşayışının ağır olduğu zaman gecələr gedib elektrik xətlərini kəsərək, aparıb onu qonşu ölkələrdə satırdılar. Mən bunu orada görmüşəm. Amma bu, təkcə Naxçıvana aid deyildir, Azərbaycanın başqa yerlərinə də aiddir.

Mən 1993-cü ildə buraya, Bakıya gəlib işə başlayanda bu hadisələr haqqında mənə 1993-cü ildə də, 1994-cü ildə də məlumat verirdilər. Bunlar nə üçün baş verirdi? Çünki Azərbaycanda ictimai-siyasi vəziyyət sabit deyildi, respublikamızda hələ 1988-1989-cu illərdən başlayan hakimiyyətsizlik, dərəbəylik və daxildə olan qarmaqarışıqlıq prosesi davam edirdi və bunların da qarşısını almaq çətin idi.

Amma biz bunların qarşısını aldıq. Aldıq. Birinci, ona görə aldıq ki, Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirdik. İkinci də ona görə aldıq ki, biz bütün bu sahələrə dövlət münasibəti yaratdıq. İnsanlara, maddi çətinliklər içərisində yaşayan insanlara da anlada bildik ki, əgər bu gün elektrik xəttini kəsirsənsə, öz evində elektrik enerjisindən məhrum olacaqsan, bunu etmə. Anladılar. Yenə də deyirəm, bir tərəfdən nizam-intizamın möhkəmlənməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, ikinci tərəfdən insanların dünyagörüşünün o ağır dövrdən çıxması və hər bir insanın artıq öz ölkəsi, torpağı, xalqı, öz dövləti haqqında düşünməsi indiki belə bir normal şəraitə gətiribdir.

Ancaq bu, az idi. Biz gərək Azərbaycanın elektrik enerjisi sistemini inkişaf etdirəydik. Ona görə də birinci növbədə, vaxtilə layihəsi hazırlanmış Yenikənd su elektrik stansiyasının tikilməsi haqqında çox araşdırmalar apardıq. Mən hələ 1994-cü ildə İngiltərədə rəsmi səfərdə olarkən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar apardıq, sonra Dünya Bankı ilə danışıqlar apardıq. Bunların nəticəsində 100 milyon dollardan artıq kredit alıb Yenikənd su elektrik stansiyasının tikilməsinə başladıq. Orada tikinti işləri normal gedir. Düzdür, bəzi hallarda səhvlər buraxılmışdı və biz bunu ciddi tənqid etdik. Ona görə də Müslüm İmanov bu gün burada hesabat verir ki, o nöqsanları aradan qaldırıblar. Amma yaxşı olardı ki, bundan sonra daha nöqsanlar olmasın, biz də sizi cəzalandırmayaq ki, o nöqsanları aradan qaldırasınız. İndi tikinti o vəziyyətə gəlib çatıb ki, bu günlərdə Kürün axarının istiqamətinin dəyişdirilməsi prosesi olacaqdır ki, elektrik stansiyası tikintisinin ikinci mərhələsi başlansın. Bu, bizim üçün çox böyük nailiyyətdir.

Yaxud da ki, - burada artıq deyildi, - "Şimal" elektrik stansiyası. Bu da çoxdan yaranmış elektrik stansiyasıdır. Əgər səhv etmirəmsə, onun avadanlığı vaxtilə, İkinci dünya müharibəsindən sonra Almaniyadan təzminat kimi alınıb gətirilmiş və orada quraşdırılmışdır. Şübhəsiz ki, bu stansiya çox xidmət göstəribdir. Ancaq bugünkü tələblərə cavab vermir və oradan istədiyimiz qədər elektrik enerjisi ala bilmirik. Köhnəlibdir, onu yeniləşdirmək lazımdır, yerində böyük, müasir bir elektrik stansiyası tikmək lazımdır.

Biz bunun üçün də çox işlər gördük, çox axtarışlar apardıq. Mənim Yaponiyaya rəsmi səfərim zamanı gördüyümüz işlərə müəyyən bir yekun vura bildik. Yaponiya hökuməti bizə 320 milyon dollar həcmində iki bölümdən ibarət, çox güzəştli - 40 illiyə kredit vermək haqqında qərar qəbul edibdir. Artıq onun layihəsi hazırlanır, o, işə başlayacaqdır. Burada deyildi, ancaq mən öz sözümü demək istəyirəm ki, bu, həm bizim elektrik enerjisi potensialımızın inkişafında böyük hadisə olacaq, həm də Azərbaycanda müasir texnikanın, texnologiyanın yaranmasında böyük bir addım olacaqdır. Təbii ki, Bakının, Azərbaycanın ekologiyasının yaxşılaşdırılmasına da onun təsiri olacaqdır.

Yaxud, Mingəçevir su elektrik stansiyası. Vaxtilə tikilib, 1954-55-ci illərdə istifadəyə verilibdir və Azərbaycana çox böyük xidmətlər göstəribdir. Mənim xatirimdədir, Mingəçevir su elektrik stansiyası tikilən zaman biz hamımız onu əsrin nəhəng tikintisi hesab edirdik. Doğrudan da o dövrdə Kürdən o qədər elektrik enerjisinin alınması Azərbaycan üçün böyük əhəmiyyətə malik idi.

Amma indi, təsəvvür edin, o, Azərbaycanın elektrik enerjisi potensialının 7 faizini təşkil edir. Şəmkir su elektrik stansiyası ondan daha böyük gücə malikdir. İndi biz Mingəçevir su elektrik stansiyasının gücünü artırmaq, onu modernləşdirmək məsələləri ilə məşğul oluruq. Ona da, gərək ki, 50 milyon dollar həcmində kredit əldə edirik.

Beləliklə, görürsünüz, müstəqil Azərbaycanın həyatı üçün əhəmiyyəti olan, həm də sosial-iqtisadi əhəmiyyəti olan bir sahənin inkişafı naminə biz qısa bir zamanda nə qədər işlər görmüşük. Bu vəsaitləri ki, tikintilərə qoyacağıq, bunları toplasanız, 500 milyon dolardan artıq edir, yəni yarım milyard Amerika dolları qoyulacaqdır. Bunlar hamısı Azərbaycanın elektrik potensialını yüksəldəcək, səmərələşdirəcək, bizi bu sahədə daha da rahat edəcəkdir.

Burada bir rəqəm deyildi ki, o illərdə Azərbaycanda yaranmış elektrik stansiyalarının tikintisinə qoyulan ümumi vəsait bugünkü qiymətlə 2,5 milyard dollar təşkil edir. Bəli, o vaxt biz sovetlər ittifaqının böyük sərvətlərindən səmərəli istifadə edib onu edə bilmişik. Amma indi müstəqil dövlət olaraq və yenə də deyirəm, bir çox ağır problemlərlə daim rastlaşaraq, qısa bir zamanda elektrik enerjisi sisteminə 500 milyon dollar həcmində sərmayə, vəsait, investisiya qoymaq - bu, asan iş deyildir. Biz buna nail olmuşuq, bunları edəcəyik. Elektrik stansiyaları tikiləcək və onlar Azərbaycanın həyatını tamamilə yeniləşdirəcəkdir.

Mən maraqlandım ki, burada tikintisinə başlanan elektrik stansiyasının inşasını kim aparacaqdır. Şübhəsiz ki, texnika, texnologiya - hər şey "ABB" şirkəti, Almaniya bankı və onların mütəxəssisləri tərəfindən təmin olunacaqdır. Ancaq bütün tikinti-quraşdırma işlərində təxminən 90 faiz Azərbaycan mütəxəssisləri, fəhlələri, azərbaycanlılar işləyəcəklər. Demək, bu qədər böyük tikintidə biz yeni iş yerləri açırıq, insanlara yeni maaş veririk, insanların rifah halını yaxşılaşdırırıq. Bunun bu tərəfini bəzən insanların çoxu görmür. Yaxud da ki, mən dedim, biz elektrik enerjisi sisteminə 500 milyon dollar vəsait qoyuruq. Görün, Azərbaycan vətəndaşlarının işləməsi, maaş alması, öz rifah halını yaxşılaşdırması üçün nə qədər böyük imkanlar yaradırıq. Bu da bunun sosial tərəfidir. Bir daha deyirəm, bunun bir tərəfi də ondan ibarətdir ki, biz çox ucuz, sərfəli elektrik enerjisi alacağıq.

Biz bu işləri görürük, vəsait qoyuruq və məqsədimizə nail olacağıq. Ancaq elektrik enerjisindən səmərəli istifadə edilməsi məsələsində biz bu səviyyədə deyilik. Burada çox böyük nöqsanlar, çox çatışmazlıqlar var. "Azərenerji" Müslüm İmanovun rəhbərlik etdiyi böyük bir təşkilatdır. Mən bu sahədəki işləri müsbət qiymətləndirirəm. Aydındır ki, bu işlər təkcə bu təşkilata aid deyil, bizim dövlətimizin, hökumətimizin gördüyü işlərdir. "Azərenerji" Səhmdar Cəmiyyəti bu işlərdə fəal iştirak edir. Ancaq elektrik enerjisindən səmərəli istifadə etmək və qoyulan vəsaiti geriyə qaytarmaq sahəsində işlər çox pis vəziyyətdədir.

Bilirsiniz, keçmişdə bizim yaratdığımız elektrik stansiyalarından zavodlara, fabriklərə, bütün istehsal müəssisələrinə elektrik enerjisi verilirdi. Ancaq çox ucuz qiymətə. Vətəndaşlar elektrik enerjisindən çox ucuz qiymətə istifadə edirdilər. Bunların hamısını dövlət öz üzərinə götürürdü. Amma indi biz bazar iqtisadiyyatını sistemini qururuq, bazar iqtisadiyyatı yolu ilə gedirik. Qoyulan hər vəsait öz nəticəsini verməlidir. Əgər biz bu qədər elektrik enerjisi istehsal edib istehsal müəssisələrinə, vətəndaşlara, insanların təmin olunmasına verəcəyiksə, amma bundan gəlir götürməyəcəyiksə - onda hər şey dağılacaqdır.

500 milyon dollar vəsait ki, biz bu sahəyə yönəldirik, gərək görülən işlər nəticəsində bunu çıxardaq, kreditləri ödəyək və üstəlik də Azərbaycan dövləti üçün, insanların rifah halını yaxşılaşdırmaq üçün gəlir əldə edək. Sadə sxem bundan ibarətdir. Ancaq təəssüflər olsun ki, insanların çoxu indiyə qədər köhnə psixologiya ilə, köhnə əhval-ruhiyyə ilə yaşayır. Hesab edirlər ki, elektrik enerjisi onlara anadangəlmə verilməlidir. İstifadə edir, özü də təkcə işıq üçün yox, soyuducudan istifadə edir, evini sərinləşdirmək üçün kondisionerdən istifadə edir, nə bilim, bağında elektrik maşını işlədir, başqa işlər üçün istifadə edir, amma pulunu vermir, yaxud da çox az verir. Nə qədər yığa bilirsiniz?

Müslüm İmanov: 12 faiz.

Heydər Əliyev: Təsəvvür edin, 12 faiz! Demək, elektrik enerjisinin istifadəsi üçün nəğd pulla yığılan vəsait 12 faizdir.

Müslüm İmanov: Ancaq ödəmələrlə olanda 50 faiz edir.

Heydər Əliyev: Yaxşı, yenə də 50 faiz, bəs qalan 50 faiz haradadır? Kim verəcək? Azərbaycan prezidenti kimi mənim başqa pulum, vəsaitim yoxdur. Yenə də deyirəm, bazar iqtisadiyyatıdır. Ona görə mən sizi dəfələrlə tənqid etmişəm, bu gün də tənqid edirəm. Bu sahədə sizin işiniz qeyri-qənaətbəxşdir.

Mən eyni zamanda bu fürsətdən istifadə edib bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm, Azərbaycanda özəl sektorda çalışan iş adamlarına müraciət edirəm, Azərbaycanda sənayeyə və başqa istehsal sahələrinə rəhbərlik edənlərə müraciət edirəm. Gəlin siz həqiqəti başa düşün. 12 faiz. Özəl sektordan nə qədər elektrik pulu yığırsınız?

Müslüm İmanov: Cənab prezident, özəl sektorda 80-90 faiz.

Heydər Əliyev: Başqa kim xidmət edir?

Müslüm İmanov: Əsas Bakıdadır, bizdə deyildir.

Heydər Əliyev: Onlar nə qədər yığırlar?

Müslüm İmanov: Mənə verdikləri məlumata görə, onlar da 80-90 faiz yığırlar.

Heydər Əliyev: Doğru deyir?

Artur Rasizadə: Maksimum 50 faiz.

Heydər Əliyev: 50 faiz!

Müslüm İmanov: Onların bizə verdiyi məlumatdır.

Heydər Əliyev: Nə məlumat! Həqiqət olmalıdır. Bilirsən, məlumat kağız üzərində ola bilər. Amma bu, vəsait, pul olaraq banka gəlməlidir, büdcəyə daxil olmalıdır. O daxil olmursa, kağız üzərində nə yazırsan - yaz, bu yaramaz! Ona görə də mən sizdən tələb edirəm ki, bu sahədə dönüş yaradasınız, başa düşdün? Dönüş yaradasınız. Allah gətirib bizə başqa yerdən, göydən o dollarları atmayacaq ki, aldığımız kreditləri ödəyək, bunu başa düşməlisiniz.

Müslüm İmanov: İradlar hamısı haqlıdır. Düzdür, müəyyən çətinliklər var, enerji sisteminin sosial problemləri var, yəqin ki, həll edəcəyik.

Heydər Əliyev: Bu izahatları çox veribsiniz. Ancaq bu, bizim ümummilli problemimizdir, ümumxalq problemimizdir. Hər bir Azərbaycan vətəndaşı bu gün gərək öz dövlətinin inkişaf etməsi, möhkəmlənməsi üçün xidmətini göstərsin. Hər bir Azərbaycan vətəndaşı gərək dərk etsin ki, biz artıq yeni şəraitdə yaşayırıq, biz müstəqil dövlətik, yeni iqtisadi sistem yaradırıq, yeni iqtisadiyyat yolu ilə gedirik. Mən inanıram ki, bu yolda böyük uğurlar əldə edəcəyik, Azərbaycanın iqtisadiyyatı inkişaf edəcəkdir, insanların rifahı yaxşılaşacaqdır. Biz bunun üçün əlimizdən gələnləri edirik.

Amma gərək hər bir vətəndaş da belə düşünsün, öz səyini qoysun. Belə olan halda biz istədiyimiz nəticəyə tezliklə gəlib çatacağıq. Amma, əziz dostlar, əziz vətəndaşlar, başa düşün, belə olmayan halda siz bizim üçün böyük problemlər yaradacaqsınız. Bu problemlər də sonra gəlib sizin üzərinizə düşəcəkdir. Çünki problem yarananda siz bizim istədiyimiz gəliri əldə edə bilməyəsəksiniz, öz güzəranınızı bizim istədiyimiz qədər yaxşılaşdıra bilməyəcəksiniz, sizin rifah halınızı yaxşılaşdıra bilməyəcəyik. Bu proseslər bir-biri ilə çox sıx bağlıdır. Siz bunları bilməlisiniz və ona görə də mən bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm: Birincisi, gəlin ümumi, hamımıza məxsus olan elektrik enerjisindən çox qənaətlə, səmərəli istifadə edək. İkincisi də, hər kəs istifadə etdiyi elektrik enerjisinin haqqını versin. Bu olacaq haqq, bu olacaq ədalət.

Sizə məlumdur ki, artıq beş ildir biz xarici investisiyaları cəlb edərək Azərbaycanda neft sektorunda böyük işlər görürük və onlar öz nəticəsini verir. Sentyabr ayının 20-də neft sahəsində imzaladığımız ilk müqavilənin - "Əsrin müqaviləsi" adlanan müqavilənin beşinci ili tamam olacaqdır. Biz onu qeyd edəcəyik, çünki bu, Azərbaycanın XX əsrdəki tarixində, həyatında ən böyük tarixi hadisədir. Bu, dönüşdür. Çünki məhz o müqavilədən sonra Azərbaycanın neft sektoruna və başqa sektorlarına xaricdən investisiya axını başlandı və o gəlir.

Beləliklə, biz neft-qaz sahəsindəki problemlərimizin həlli üçün böyük bir proqram yaratmışıq. 19 böyük müqavilə imzalamışıq. İkinci müqavilədən - "Şahdəniz" yatağından da nəticəni artıq əldə etmişik. Orada böyük qaz ehtiyatları aşkar olunub və Azərbaycan fikirləşir, - bu barədə sərəncam vermişəm, mənim üçün təkliflər hazırlasınlar ki, Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün hansı yolla getməliyik, hansı işləri görməliyik. Yəni bu işləri, loru dillə desək, təkər üstünə salmışıq və bu işlər gedir.

Ancaq eyni zamanda biz Azərbaycan iqtisadiyyatının bütün başqa sahələrinə də bir tərəfdən xarici sərmayənin gəlməsi ilə, onunla bərabər sahibkarlığın inkişaf etdirilməsi, özəlləşdirmə proqramının həyata keçirilməsi və digər iqtisadi islahatlara böyük kapital qoyuluşuna nail oluruq və həmin sahələri də inkişaf etdiririk.

Bilirsiniz, bəzən küçədə, yaxud bulvarda, çayxanada söhbət edən, təəssüf ki, bəd fikirli adamlar neft sektorunun nailiyyətlərini görmək istəmirlər. O bədxah adamlar həmin nailiyyətləri görəndə gözləri çıxır. Çıxacaq onların gözləri, mütləq çıxacaq! Əgər bu yekəlikdə işləri görmürlərsə, demək, onların gözləri yoxdur və tamamilə yox olacaqdır.

Bəli, başqa sektorlar - tikinti sektoru və sair var. Bilirsiniz, hər bir sektorun özünün əhəmiyyəti var. Neft-qaz sektoru elə bir sektordur ki, buraya böyük sərmayə gəlir və oradan da çox böyük nəticələr əldə etmək olar. Şəhər infrastrukturuna və başqa sahələrə də xarici sərmayə gəlir. Amma buraya gələn sərmayənin həcmi o qədər böyük deyil və buradan alınan gəlir, nəticələr də o qədər böyük deyildir. Amma bu, lazımdır, biz bunu edirik.

Yəni biz tamamilə düzgün, düşünülmüş iqtisadi siyasət yaratmışıq. Birinci növbədə böyük sahəni dünya iqtisadiyyatı ilə bağlayıb xarici sərmayənin gəlməsinə nail olur və beləliklə, bu sahəni inkişaf etdiririk. Bu sahə Azərbaycan iqtisadiyyatının bütün sahələri ilə bağlıdır. Təsəvvür edin, neft müqavilələrini yerinə yetirmək üçün Azərbaycanın nə qədər zavodları, nə qədər istehsal müəssisələri - gəmi təmiri, maşınqayırma zavodları nə qədər iş sifarişi alıblar, nə qədər işlər görürlər və nə qədər gəlir götürürlər.

İkinci böyük sektor elektrik enerjisi sektorudur. O, əvəzsiz sektordur. Elektrik enerjisiz insan yaşaya bilməz, millət, ölkə yaşaya bilməz. Bəli, biz buraya da investisiya gətiririk, buraya 500 milyon, yarım milyard Amerika dolları həcmində vəsait qoyuruq. Bu da bizim gördüyümüz işin parlaq nəticəsidir. Onun gözəl bir təzahürü də bu gün təməl daşını qoyduğumuz bu elektrik stansiyasıdır. Bu işlər, bu gün təməli qoyulan elektrik stansiyası həmin bədxahlara, küçədə, orada-burada Azərbaycanın iqtisadiyyatı haqqında yalan, böhtan fikirlər yaymaq istəyən adamlara tutarlı cavabdır, həmin o bədxahlara böyük bir zərbədir və onlar bu zərbənin altından heç vaxt çıxa bilməyəcəklər.

Mən bu gün çox böyük sevinc hissi keçirirəm. Çünki həyatımın, demək olar, 30 ilini sərf etdiyim elektrik energetikası Azərbaycanın potensialında yeni bir addım atır və mən bununla fəxr edirəm. Əminəm ki, biz bu proqramların hamısını yerinə yetirəcəyik. İnanıram ki, "ABB" şirkəti ilə, İsveçrə ilə, Almaniya bankı ilə başladığımız bu əməkdaşlıq qısa müddətdə öz nəticəsini verəcəkdir. Burada qeyd olundu, ikinci turbin haqqında təkliflərə də baxacağıq. Şübhəsiz ki, ölkəmiz, dövlətimiz üçün sərfəli, faydalı şərtlər olsa, onları da qəbul edəcəyik.

Bunun özü xırda bir işdə, - bəlkə də xırda iş deyil, bizim üçün böyük işdir, amma bu ölkələr, yəni İsveçrə, Almaniya üçün xırda işdir, - Avropa ölkələri ilə nə qədər yaxşı əməkdaşlıq etdiyimizi göstərir. Bu, eyni zamanda Azərbaycanda başqa sahələrə də investisiyanın gəlməsinə şərait yaradır, yol açır. Xarici investisiya o ölkəyə gəlir, kreditlər o ölkəyə verilir ki, ona inam olsun, orada ictimai-siyasi sabitlik olsun. Əgər Almaniya bankı buraya kredit verirsə, inanır ki, bu kreditdən öz qazancını götürəcəkdir. Əgər "ABB" şirkəti bizimlə iş görürsə, inanır ki, bu işi uğurla axıra çatdıracaqdır.

Bunun əsası nədir? Bunun əsası Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, Azərbaycan dövlətinin apardığı düzgün iqtisadi siyasət, bunun əsası Azərbaycan dövlətinin çox düşünülmüş, düzgün xarici siyasətidir. Bunun əsası Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi islahatlardır. Bunun əsası Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesidir. Bax, bunlara görə dünyanın böyük ölkələri, böyük şirkətləri ürək qızdırırlar, inanırlar və buraya gəlirlər, Azərbaycana vəsait qoymaq, bizimlə əməkdaşlıq etmək istəyirlər. Bu şirkətləri də yalnız biz özümüz axtarıb tapmamışıq. Biz onları axtarmışıq, onlar da bizi axtarıblar. Fərq ondan ibarətdir ki, bizim onlara ehtiyacımız var, onların bizə ehtiyacı yoxdur. Ancaq biləndə ki, burada bu işi görmək üçün şərait var, bu ölkəyə, bu dövlətə inam var - onlar inamla buraya gəliblər. Mən inanıram ki, Azərbaycan xalqı, Azərbaycan dövləti indi olduğu kimi, bundan sonra da bu inamı doğruldacaqdır.

Əziz dostlar, bu əlamətdar hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Azərbaycanın energetiklərinə və sənayedə işləyən bütün insanlarına öz hörmət-ehtiramımı bildirir, sizin hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 29 avqust 1999-cu il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf