Türkiyənin iş adamları ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - İstanbul, "Suis" oteli, 8 may 1997-ci il


Hörmətli qardaşlar, bacılar!

Mən Türkiyəyə rəsmi ziyarətimi sona çatdırıram. Bir saatdan sonra Türkiyəni tərk edirəm. Dörd gündür ki, Türkiyədəyəm. Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə üç il fasilədən sonra Türkiyəyə rəsmi səfərə gəlmişəm.

Şübhəsiz ki, bu müddətdə Türkiyənin dövlət başçıları, iş adamları, nazirləri ilə Azərbaycanda da, Türkiyədə də, başqa ölkələrdə də, beynəlxalq təşkilatların toplantılarında da çoxsaylı görüşlərim olubdur. Ancaq mən ilk dəfə 1994-cü ilin fevralında Azərbaycanın prezidenti olaraq Türkiyəyə rəsmi səfərə gəlmişdim. Bu, ikinci rəsmi səfərdir.

Demək istəyirəm ki, bu rəsmi ziyarət bizim üçün çox uğurlu olubdur. Bu səfəri başa çatdırarkən mən və bu günlərdə mənimlə bərabər Türkiyədə olan Azərbaycan nümayəndə heyətinin üzvləri çox məmnun olduğumuzu bildirmək istəyirik. Səfəri sona çatdırarkən Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirələ bu rəsmi səfərə dəvətə görə və burada bizə göstərilən qonaqpərvərliyə, dost, qardaş münasibətinə görə, bizimlə aparılan çox səmərəli işlərə, əldə olunan nəticələrə və imzalanmış sənədlərə görə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Səfərimizin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bütün sahələrdə Türkiyə-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi və inkişaf etdirilməsi haqqında həm danışıqlar apardıq, həm də bizi təmin edən normativ-hüquqi sənəd olaraq böyük bir müqavilə, anlaşma imzaladıq. Bu anlaşma, müqavilə Türkiyə-Azərbaycan strateji əməkdaşlığının, iş birliyinin dərinləşdirilməsi haqqındadır. İndiyə qədər Türkiyə ilə Azərbaycan arasında çox müqavilələr, anlaşmalar, sazişlər, sənədlər imzalanıbdır. Onların hamısı əhəmiyyətlidir, bütün sahələrdə əməkdaşlığımızın normativ-hüquqi əsaslarını təşkil edir. Biz bütün bu müqavilələrin, anlaşmaların hamısına sadiq olduğumuzu bildiririk və bir prezident kimi mən bəyan edirəm ki, onların hamısı ardıcıl surətdə həyata keçiriləcəkdir. Ancaq onlarla bərabər yeni anlaşma, Türkiyə-Azərbaycan strateji əməkdaşlığının dərinləşdirilməsi haqqında müqavilə əlaqələrimizi keyfiyyətcə çox yüksəklərə qaldırır və həm Türkiyənin, həm də Azərbaycanın üzərinə yeni vəzifələr, eyni zamanda çox böyük məsuliyyət qoyur.

Əminəm ki, Türkiyə-Azərbaycan dostluğu son illərdə böyük sınaqlardan keçərək indi əyilməz bir qayadır və bu dostluq bundan sonra da inkişaf edəcək və imzaladığımız sənədi, yəni müqaviləni də uğurla həyata keçirəcəyik. Bu anlaşma ilə əlaqədar bir neçə başqa anlaşma da imzalanıbdır. Onlar Türkiyə-Azərbaycan əlaqələrinin - həm iqtisadi, həm mədəni, həm də başqa əlaqələrin inkişafına yönəldilibdir və bir də deyirəm, hamısı çox böyük əhəmiyyət kəsb edir.

Burada olan danışıqlarımız, görüşlərimiz dövlətlərarası əlaqələri daha yüksəklərə qaldırıb, eyni zamanda xalqlarımızın, millətlərimizin, ölkələrimizin bütün sahələrdə daha da yaxınlaşması üçün bunların yeni xidmətləri olubdur. Rəsmi danışqlarımızda, eyni zamanda Türkiyə Böyük Millət Məclisində görüşümüzdə və mənim nitqimdə, İzmirdə keçirdiyimiz görüşlərdə, bu gün İstanbulda "Fatih" Universitetindəki görüşdə, başqa görüşlər zamanı, o cümlədən indi burada biz dərk edirik ki, Türkiyə-Azərbaycan dostluğu hər iki xalq üçün nə qədər önəmlidir, lazımlıdır, eyni zamanda nə qədər möhkəmdir, güclüdür və bu dostluğun, qardaşlığın xalqlarımız üçün nə qədər böyük faydası, gələcəyi var.

Biz burada siyasi məsələlər barəsində çox danışıqlar apardıq. Ürəyimizdəki, qəlbimizdəki sözlərin hamısını səmimi dost, qardaş olaraq dedik. Əgər siyasi məsələlər haqqında bir-iki kəlmə yenə də demək istəsəm, bu, ondan ibarətdir ki, Türkiyə Azərbaycan üçün ən yaxın, ən dost ölkədir. Türkiyə-Azərbaycan əlaqələri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və hesab edirik ki, Türkiyə üçün də belə olmalıdır. Dünya Birliyinə daxil olan hər bir müstəqil dövlət dünyanın bütün dövlətləri ilə normal, yaxın, dost, qarşılıqlı surətdə faydalı əlaqələr qurur və quracaqdır. Bu, hər bir dövlət üçün lazımdır.

Türkiyə böyük tarixə malik olan dövlətdir və əgər keçmiş əsrlərdə dünya miqyasındakı əlaqələrinə, cümhuriyyət tarixi zamanındakı əlaqələrinə nəzər salsaq, görərik ki, Türkiyənin dünyanın bütün dövlətləri ilə diplomatik əlaqələri var, çoxlu müqavilələri, iqtisadi və başqa sahələrdə əlaqələri var.

Müstəqil dövlət kimi Azərbaycan gəncdir. Şübhəsiz ki, dünya dövlətlərinin əksəriyyəti ilə diplomatik əlaqələrimiz var. Ancaq biz hələ gəncik, bir sıra ölkələrdə - təxminən 20 ölkədə səfirliyimiz var. Türkiyənin isə 120 ölkədə səfirliyi var. Bizdə, Azərbaycanda da təxminən, 20 ölkənin səfirliyi var, yəni daimi səfirliyi var. Məsələn, 25 ölkənin Ankaradakı, Türkiyədəki səfiri eyni zamanda öz ölkəsinin Azərbaycanda səfiridir. Belə bir praktika var. Amma bizim ölkədə fəaliyyət göstərən 20 səfirlik var və bizim də başqa ölkələrdə təxminən bu qədər səfirliyimiz var.

Biz hələ gəncik, əlaqələri qururuq və quracağıq. Sülhsevər dövlət olaraq, ölkəmizi inkişaf etdirməyə çalışaraq şübhəsiz ki, daha çox ölkələrlə sıx əlaqələr yaratmaq istəyirik. Ancaq bu əlaqələrimiz nə qədər genişlənsə də, ayrı-ayrı ölkələrlə əlaqələrimiz nə qədər dərinləşsə də Türkiyə ilə Azərbaycan arasında əlaqələr heç bir başqa ölkə ilə olan əlaqələrə bənzəmir. Yəni bunlar xüsusi xarakter daşıyır, xüsusu əhəmiyyət kəsb edir. Ona görə də burada dörd gün müddətində olan danışıqlarımız bu çərçivədə gedibdir. Danışıqları bu çərçivədə apararaq Azərbaycanı narahat edən bir neçə məsələ haqqında dostcasına, qardaşcasına danışdıq. Xüsusən Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz və bu təcavüzlə əlaqədar Azərbaycanın platforması barədə çox geniş danışdıq. Şübhəsiz ki, bu məsələlərdə biz həmişə eyni fikirdəyik. Həmfikirik. Sadəcə, bu məsələlərin həlli üçün biz Türkiyə tərəfindən daha ciddi addımlar atılmasını gösləyirik.

Türkiyə 1988-ci ildən, Ermənistan Azərbaycana qarşı təcavüz edən zamandan daim Azərbaycanın yanındadır, Azərbaycanın qayğıları, dərdləri ilə yaşayır. Ermənistanın təcavüzünü özünə, öz ölkəsinə edilən təcavüz kimi qəbul edir və bu məsələlərin həlli yolunda Azərbaycana yardımlar göstərir, bizimlə əməkdaşlıq edir. Bu, bizim üçün çox böyük əhəmiyyət kəsb edir, bizə böyük dayaqdır.

Amma, eyni zamanda biz hələ ki, Ermənistanın təcavüzündən xilas ola bilməmişik. Doğrudur, üç ildir savaş, döyüş yoxdur, qan tökülmür, ancaq böyük sülh, barış da yoxdur. Üç il bundan öncə atəşkəs haqqında saziş imzalamışıq və üç ildir ki, buna riayət edirik. Böyük sazişin, böyük sülhün əldə olunması naminə riayət edirik ki, işğal olunmuş torpaqlarımızı sülh yolu ilə azad edək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, işğal olunmuş torpaqlardan didərgin düşmüş, zorla çıxarılmış Azərbaycan vətəndaşlarını öz yerlərinə qaytaraq.

Bilirsiniz ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır. Bu torpaqlarda Ermənistanın silahlı qüvvələri yerləşir. Dağlıq Qarabağ demək olar, çoxdandır ki, Azərbaycanın tabeliyindən çıxıb və orada olan azərbaycanlılar çoxdan qovulublar. Ancaq Dağlıq Qarabağdan başqa onun ətrafındakı yeddi rayon, bölgə, yaxud sizin sözlə desək, ilчə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bütün bu işğal olunmuş yerlərdən 1 milyondan artıq Azərbaycan vətəndaşı didərgin düşübdür. Onların əksəriyyəti çadırlarda yaşayır. Çadırlarda yaşamayanlar da üç-dörd ailə kiçik bir otaqda yaşayır, elə otaqda ki, yaşamaq üçün normal şəraiti yoxdur. Belə bir şəraitdə, insan, ola bilər, bir ay, iki ay yaşasın, bilsin ki, bir neçə aydan sonra bu şəraitdə qalmayacaqdır. Daim belə yaşamaq olmaz. Amma bu insanların ömrünün böyük bir hissəsi çadırlarda keçibdir. İnsanlar çadırda yaşayır, amma həyat davam edir. Çadırda insan doğulur, cocuq dünyaya gəlir, insan ölüb gedir. İnsanlar çadırda həyatın bütün tərəflərinə üz tutmağa çalışırlar. Amma çadırda bunları nə cür, nə şəraitdə etmək olar? Maddi çətinliklər var, adamların əksəriyyəti işsizdir. Ona görə də biz bu məsələləri sülh yolu ilə həll etmək istəyirik. Bilirsiniz ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün keçən ilin dekabrında ATƏT-in Zirvə görüşündə əhəmiyyətli bir nailiyyət əldə olunubdur. ATƏT-in Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin prinsipləri təsdiq edilibdir. Bu prinsiplər Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli muxtariyyət hüququ verilməsi və Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunmasıdır.

Biz bu prinsipləri qəbul etmişik. Zirvə görüşündə ATƏT-in üzvü olan 54 ölkənin dövlət başçıları iştirak edirdi. Onlardan 53-ü bu prinsipləri qəbul edib, Ermənistan qəbul etməyibdir. Ermənilər bəzi başqa ölkələrin dəstəyindən, maddi yardımından, xarici ölkələrdəki diasporun maddi yardımlarından və dəstəyindən istifadə edərək özlərini çox qudurğan, azğın apаrırlar və heç bir beynəlxalq hüquq normalarına, insan hüququ normalarına riayət etmək istəmirlər. Ona görə də 54 dövlət başçısı toplaşan yerdə təkcə Ermənistan bu prinsiplərin əleyhinə çıxdı. Amma buna baxmayaraq, bu qərar qəbul olundu.

İndi biz bu qərarın həyata keçirilməsi üçün çalışırıq. ATƏT-in Minsk qrupunun üç həmsədri təyin olunubdur, bunlar Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Biz onların fəaliyyətinə ümid bəsləyirik və Türkiyə Cümhuriyyətinin bundan sonra daha da çox fəaliyyət göstərməsinə ümid bəsləyirik. Qeyd etdiyim kimi, Türkiyə bu barədə daim bizimlə əməkdaşlıq edir və öz xidmətlərini göstərir. Ancaq bundan sonra da, bu məsələ həll olunana qədər, şübhəsiz ki, biz Türkiyənin yardımına, köməyinə möhtacıq. Şübhəsiz, Türkiyə də bunu edib və edəcək, ümidvaram ki, biz bundan sonra da Türkiyə ilə bu əməkdaşlığı davam etdirəcəyik.

Belə olan halda, şübhəsiz ki, Ermənistan-Türkiyə münasibətləri sizin üçün də, bizim üçün də çox mühüm xarakter daşıyır. Vəziyyəti gərginləşdirən və ağırlaşdıran cəhət bir də ondan ibarətdir ki, son iki ay müddətində Rusiyada aşkar edilib ki, üç il atəşkəs dövründə Rusiya Ermənistana gizli olaraq, qeyri-qanuni surətdə çoxsaylı silahlar veribdir. Rusiyanın öz dövlət orqanlarının verdiyi məlumata görə, Rusiya Ermənistana 1 milyard dollar dəyərində silahlar veribdir. Onların içərisində ağır silahlar - müasir tanklar, toplar, raketlər və başqa dağıdıcı silahlar var. Məsələn, Rusiya Kiprə satdığı raketlərdən Ermənistana da veribdir. Başqa çox dağıdıcı silahlar, hətta son vaxtlar məlumat aldıq ki, 10 kompleks kimyəvi silahlar, kimyəvi silahlardan müdafiə üçün 5 min dəst paltar da verilibdir.

Bunlar çox böyük narahatlıq doğurur. Çünki əgər Ermənistana bu qədər silah verilirsə, demək, silah elə bir şey deyil ki, bunu yeyəcək, geyəcəkdir, ya da istehsal üçün lazım deyildir. Silah, ümumiyyətlə, dava, müharibə, savaş üçün lazımdır. Demək, kimsə yenə də savaş etmək istəyir.

Amma bu qədər silah təkcə Azərbaycanı dağıtmaq üçün deyildir. Azərbaycanı dağıtmaq üçün onun onda biri də bəsdir. Düşünmək lazımdır ki, bu, nə üçündür. Türkiyənin ictimai rəyi, xalqı düşünməlidir ki, Türkiyənin qulağının dibində, Ermənistanda Rusiyanın böyük hərbi bazası yerləşibdir, hərbi, əsgəri hissələri yerləşibdir. Dövlətlərarası anlaşma əsasında və ilk parlamentin - Rusiya və Ermənistan parlamentlərinin ratifikasiya etdiyi anlaşma əsasında onlara hüquq verilibdir ki, daim orada yerləşsinlər. Bu nə üçündür, nədən ötrüdür? Mən buna etirazımı bildirmişəm. Hətta Rusiyanın prezidentinə - dövlət başçısına da rəsmi olaraq bildirmişəm ki, biz Ermənistanda Rusiyanın hərbi bazasının yerləşməsinə etiraz edirik, Gürcüstanda da yerləşməsinə etiraz edirik. Çünki onlar bizimlə qonşu ölkələrdir. Biz Ermənistanda Rusiyanın hərbi bazasının yerləşməsinin heç bir mənası olmadığını deyirik. Yəni əgər Rusiya burada doğrudan da sülhsevər siyasət aparırsa, Ermənistan işğalçılıq siyasətindən əl çəkirsə, o hərbi bazaları orada yerləşdirmək nəyə lazımdır?

Bunlar, xüsusən çoxsaylı silahların verilməsi yeni amillərdir və şübhəsiz ki, bizdə çox böyük narahatlıq, narazılıq hissi doğurur. Bu məsələlər barəsində də Türkiyənin həm dövlət və hökumət başçılarına öz fikirlərimizi çatdırmışıq, həm də istəyirik ki, Türkiyədə hər bir adam, hər bir türk qardaşımız Azərbaycanın, Qafqazın vəziyyətini və Türkiyənin ətrafında olan vəziyyəti bilsin. Siz burada çox yaxşı yaşayırsınız, biz də buna sevinirik. İqtisadiyyatınız da yaxşı inkişaf edir, bu da çox gözəldir. Siz iş adamlarısınız, işiniz də var, işinizi daha da genişləndirmək istəyirsiniz, bu da çox gözəldir. Varınız da var, çoxlarınız da çox zənginsiniz, Allah xeyirli eləsin. Bu da çox gözəldir, Allah bundan da artıq eləsin. Amma sülh, əmin-amanlıq, rahatlıq olmasa, bunlar heç kəsə lazım deyildir. Ona görə də biz istəyirik ki, bunları Türkiyədə bilsinlər, siz də biləsiniz, başqaları da bilsinlər.

Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsi, sülhün yaranması - Qafqazda, bu bölgədə, Türkiyənin ətrafında sülhün yaranması - həm Azərbaycan üçün, həm də Türkiyə üçün lazımdır. Mən güman edirəm ki, iş adamları kimi, siz də öz iqtisadi məsələlərinizlə məşğul olarkən siyasi məsələləri və xüsusən bölgəmizin təhlükəsizlik məsələlərini gərək heç də unutmayasınız.

Bəzən iqtisadçılar, iş adamları deyirlər ki, biz siyasətlə məşğul olmuruq, bizə siyasət lazım deyil, iş adamıyıq, bizimki ticarət, istehsaldır, filandır. Mən bununla razı deyiləm. Əgər siyasət düzgün deyilsə, iqtisadiyyat da olmayacaqdır. Təhlükəsizlik olmasa, sülh, əmin-amanlıq, barış olmasa, iqtisadiyyat da olmayacaqdır. Ona görə iqtisadi işlərdə, biznesdə Türkiyəni və Azərbaycanı əhatə edən ölkələrin arasında sülhün və əmin-amanlığın da əhəmiyyətini unutmaq lazım deyildir.

Şübhəsiz ki, bu baxımdan Qara dəniz iş birliyi, başqa iş birlikləri də lazımdır. Ancaq son zamanlar Türkiyənin bəzi iş adamlarının Ermənistanla iş qurmaq cəhdləri bizi rahatsız edir. Bu Azərbaycanda çox mənfi qarşılanır, anlaşılmır. Mən bunu Türkiyənin dövlət, hökumət başçılarına demişəm, öz etirazımızı da bildirmişəm. Məsələn, Yerevandan Trabzona təyyarələr uçur. Deyirlər ki, bunlar özəl təyyarələrdir. İndi elə hər şey özəldir. Demək, adını özəl qoyanda özünü kənara çəkəcəksən ki, mənim bundan xəbərim yoxdur? İndi hər şey özəldir, bundan sonra da özəl olacaqdır.

Ona görə mən bunu anlamıram, Azərbaycanda da anlamırlar. Sizin qəzetlər yazır, biz sizin qəzetlərdən götürmüşük, təyyarələr Yerevandan Trabzona gedib-gəlir, yaxud da Ermənistandan avtobuslar, yük maşınları Gürcüstan vasitəsilə Trabzona gəlirlər. Bunlar bir tərəfə, indi sizin iş adamlarının bəziləri məsələ qoyublar ki, biz gərək Ermənistanla ticarət edək. Ermənistanla nə ticarət edə bilərsiniz, orada nə var, nə itirmisiniz orada? Daşları gedib almaq istəyirsiniz?

Mən bu barədə sizin hökumət, dövlət başçıları ilə danışdım. Deyirlər, bizim tacirlər bildirirlər ki, onsuz da İran bizim malları alır və aparıb Ermənistanda satır, onlar qazanırlar, biz qazanmırıq. Bu, o qədər yanlış fikirdir ki, sizlərdən kimsə bunu hökumət başçılarının qafasına qoymusunuz, yanlış şeydir, onlar da bunu deyirlər. Mən sizə bildirmək istəyirəm ki, İranla Ermənistan arasında çox geniş ticarət aparılır. İran özü də çox böyük bazarlar axtarır, onların biri də Ermənistandır. İran Ermənistana elektrik, təbii qaz xətti çəkir. Ermənistan ilə İran arasında 40 kilometrlik sərhəd var, orada böyük bir körpü tikiblər. O körpüdən gündə 100-150 yük maşını İrandan Ermənistana keçir. İran öz mallarını Ermənistanda onsuz da satır. İrana nə lazımdır ki, gəlib Türkiyədən mal aparsın, Ermənistanda satıb pul qazansın? Bu, yanlış fikirdir. Bunu deyən adamlar gizlin, xəlvət, cürbəcür yollarla öz mallarını Ermənistanda özləri satırlar və hökumət başçılarına da deyirlər ki, bunu İran bizdən alıb, aparıb satır. Tamamilə yanlış fikirdir. Hətta sizin bəzi iş adamları oraya gedirlər və oradan bəzi iş adamlarını ticarət əlaqələri qurmaq üçün İstanbula, İzmirə gətirirlər.

Yaxud da bəzi adamlar Şərq tərəfdə - Qarsda, İqdırda deyirlər ki, gəlin buradan qapı açaq, ticarət edək, bu bizə xeyir verə bilər. Yaxud da son zamanlar Gürcüstandan bizə xəbər verdilər ki, Türkiyədən Gürcüstana müraciət olunub ki, Gürcüstanla Türkiyə arasında iki qapı var, birini də açaq. Gürcüstan bizdən soruşur ki, siz buna necə baxırsınız? Dedik ki, bu qapı haradadır, hansı yerdədir? Dedilər ki, o qapı Gürcüstanın ermənilər yaşayan sərhədindədir. Biz soruşduq ki, iki qapı sizə yetərlidirmi? Dedilər ki, tamamilə yetərlidir. Demək, Türkiyə üçüncü qapını kimlər üçün açmaq istəyir, oradan birbaşa Ermənistana keçmək üçünmü? Biz buna etiraz etdik. Amma Gürcüstan hökuməti də bildirdi ki, bu bizim təşəbbüsümüz deyil, Türkiyənin təklifidir.

Bilmirəm, Ermənistanla həqiqətən ticarət etmək istəyən iş adamları bundan nə qədər para, xeyir, fayda götürəcəklər. Amma nə qədər götürsələr, heç vaxt bizim milli mənafeyimizi, məqsədlərimizi paraya qurban vermək olmaz. İş adamı iş görməlidir, para qazanmalı, öz işini inkişaf etdirməlidir. Amma heç vaxt öz milliliyini, milli mənafeyini qurban verməməli, qoymamalıdır ki, öz milli mənafeyinə zərər gəlsin. Yoxsa elə sən get qurdla, canavarla da, o birisi ilə də, təcavüzkarla da alver et ki, mənə qazanc lazımdır?

Ona görə sizə müraciət edirəm, nəinki özümün, bütün Azərbaycan xalqının fikrini deyirəm. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qanımız, canımız, dinimiz, dilimiz birdir. Bunların hamısının olduğu yerdə gərək Türkiyədə iş adamları, dövlət adamları, adi bir vətəndaş da bilsin ki, Azərbaycanın mənafeyi Türkiyənin mənafeyidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir. Türkiyə də, biz də böyük öndər Mustafa Kamal Atatürkün sözlərini tez-tez xatırlayırıq. O, vaxtilə demişdir ki, Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Biz də deyirik ki, Türkiyənin dərdi bizim dərdimizdir, Türkiyənin sevinci bizim sevincimizdir. Mustafa Kamal Atatürk nə qədər müdrik adamdır! Bu sözləri hələ 30-cu illərdə demişdir. Onda hələ Ermənistanla Azərbaycan arasında belə savaş, münaqişə yox idi, qan tökülmürdü. Ancaq o - böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin o erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq.

Osmanlı imperatorluğu dağılmışdı, Türkiyənin özü dağılmış vəziyyətdə idi, Türkiyəyə təcavüz olunmuşdu. Türkiyə özünü xilas etməli, saxlamalı idi, qurtuluş savaşı gedirdi. O vaxt Türkiyənin mütəfəkkir adamları Azərbaycanı öz doğma vətəni hesab edirdilər. Qafqaz Ordusu Azərbaycana göndərildi. Naxçıvana Nuru Paşa, Kazım Qarabəkir və başqaları gəldilər, azərbaycanlıları xilas etdilər. Ona görə bunları heç vaxt unutmaq olmaz, tarixi də unutmaq olmaz, keçmişi də unutmaq lazım deyildir.

Ermənilər bütün dünyaya hay salıblar ki, türklər 1915-ci ildə erməniləri qırıblar. Sizi günahlandırırlar, sizin haqqınızda bütün ölkələrdə yanlış məlumatlar yayırlar. Bu, bizə də aiddir. Onlar azərbaycanlını, türkü, türkiyəlini bir-birindən ayırmırlar. Bizə də türk deyirlər, sizə necə münasibət bəsləyirlərsə, bizə də elə münasibət bəsləyirlər. İndi siz onlarla bir balaca alver edirsiniz, bir-birinizə "Salaməleyküm, sağ ol, xoş gəldin" deyirsiniz.

Bu məsələni mən bir neçə dəfə demişəm, sizə, iş adamlarına da deyirəm ki, bizim problemimizi biləsiniz. Əlbəttə, biz heç kəsə heç nəyi məcbur edə bilmərik. Türkiyənin də heç bir işinə qarışmırıq və qarışa da bilmərik. Ancaq bu sözləri deməyə bizim qardaşlıq haqqımız var. Qardaş-qardaşa hər bir şeyi açıq deməlidir, nə qədər şirin olsa da, acı olsa da açıq deməlidir. Ona görə də siz çalışın ki, bu əməkdaşlığı, alış-verişi - hamısını gəlin Azərbaycanla edin. Azərbaycanda geniş imkanlar var. Burada çıxış etdilər. Nihat bəy də, Əli bəy də çox təsirli sözlər dedilər. Başqa iş adamları da çıxış etdilər, Azərbaycan-Türkiyə iqtisadi əlaqələri haqqında, Azərbaycanda görülən işlər haqqında danışdılar. Bunlara görə mən təşəkkür edirəm. Həqiqətən Azərbaycan hələ dövlət müstəqilliyini əldə edəndən öncə Türkiyənin iş adamları Azərbaycana maraq göstərirdilər, Azərbaycan hələ Sovetlər İttifaqının tərkibində olan zaman Türkiyənin iş adamları bir balaca imkan düşən kimi Azərbaycana gəlirdilər. Xüsusən Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyənin iş adamları respublikamıza gəldilər. Onları yüksək qiymətləndirdilər. Müəyyən əməkdaşlıq başlandı, müəyyən işlər görüldü. Ancaq təsəvvür edin, bu 7-8 ildə əldə etdiyimiz nailiyyətlər mövcud imkanlarımızdan çox-çox azdır. Bu müddətdə Türkiyənin iş adamları başqa ölkələrdə, yəni bizimlə eyni vaxtda müstəqillik qazanmış ölkələrdə daha çox iş görürlər, nəinki Azərbaycanda, - bu da həqiqətdir. Bilirsiniz, mən sizin başqa ölkələrdə, xüsusən Orta Asiya ölkələrində, - bunlar bizim qardaş ölkələrimizdir, - iş görməyinizə qısqanmıram. Allah xeyirli eləsin, iş görün. Amma əgər sıraya qoysanız - bir, iki, üç, dörd, beş - siz bilirsiniz, Azərbaycan harada qalacaq? Vəziyyəti təhlil etsək, görülən işlər çox azdır.

Mən bilirəm, Azərbaycanda daxili sabitlik olmayıbdır. Siz də bilirsiniz, biz də bilirik ki, burada iş adamları qorxurdular ki, Azərbaycanın varidatı nə olacaq, nə təhər olacaq, Azərbaycanın torpaqları işğal edilmişdir, ola bilər, yenə işğal edilsin, mən niyə gedib oraya paramı qoyum. Yaxud da Azərbaycanın daxilində əmin-amanlıq yox idi, - 1992-ci ildəki hakimiyyət dövründə, - siz bunu yaxşı bilirsiniz. Bir il keçmədi, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Yenidən silah gücünə hakimiyyət devrildi, çox gərgin vəziyyət yarandı.

Bilirsiniz ki, 1993-cü ilin iyununda məni dəvət etdilər, Naxçıvandan Bakıya gəldim. Çox ağır, çətin dövr idi, biz bunu adlayıb keçdik. Prezident, olduğum zaman, 1994-cü ilin oktyabrında daxildə, bizim ətrafımızda olan adamlar yenə çevriliş etməyə çalışdılar. Biz onların qarşısını aldıq. Sonra, 1995-ci ilin martında yenə böyük bir silahlı dəstə - o vaxt silahlı polis dəstəsi vardı - çevriliş etmək istədi; qan da tökdülər. Azərbaycan prezidentini öldürmək, terror etməklə hakimiyyəti ələ almaq istədilər. Bunun da qarşısını aldıq. Təəssüflər olsun ki, 1995-ci ilin martındakı həmin çevriliş cəhdində bəzi Türkiyə vətəndaşları da iştirak edirdilər. Bunlar keçib getdi, onları da bağışladıq.

Amma indi, 1995-1996-cı illərdə Azərbaycanda tam sakitlik yaranıb, ictimai-siyasi vəziyyət sabitdir. Bu müddətdə biz ilk Konstitusiyamızı - ana yasamızı qəbul etdik, ilk demokratik parlamentimizi seçdik. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Demokratik prinsipləri bərqərar etmişik, iqtisadiyyatı liberallaşdırmışıq, çox qanunlar qəbul etmişik. Bütün torpağı şəxsi mülkiyyətə veririk. Kənd təsərrüfatında, aqrar sektorda qoyunçuluq və mal-qara tamamilə özəlləşdirilibdir. Torpaqlar da xalqa, insanlara paylanır.

Biz iki-üç ildir ki, özəlləşdirmə proqramını həyata keçiririk. Torpaq islahatı həyata keçiriləndən sonra Azərbaycanda iqtisadiyyat tamamilə özəl, bazar iqtisadiyyatı yolu ilə, dünya standartlarına uyğun olan yolla gedəcəkdir. Biz bu yolun artıq çox mühüm bir hissəsindəyik. Çoxlu qanunlar qəbul etmişik. Bir tərəfdən daxili imkanlar, digər tərəfdən elmi-texniki potensial, Azərbaycanın təbii sərvətləri, respublikamızın böyük sənaye, kənd təsərrüfatı potensialı göz qabağındadır. Bunlardan müştərək istifadə olunması üçün, hesab edirəm ki, Türkiyənin iş adamları Azərbaycana daha çox gəlməlidirlər.

İndi burada Nihat bəy də dedi ki, ölkələrimiz arasında 250 milyon dollar dəyərində ticarət əlaqəsi olubdur. Doğrudur, bu iki il müddətini götürsək, burada üç dəfə artım var. Amma bu rəqəmin özü də azdır, heç bir şeydir.

İndi Azərbaycana neft sahəsində xeyli sərmayə qoyulur. Görürsünüz, respublikamızda bir balaca imkan olan kimi biz Türkiyəni də oraya gətiririk. Qərb istiqamətində boru kəmərinin tikilməsi üçün keçirilən tenderdə qalib gələn, ad qazanan şirkətlərdən biri də Türkiyənin şirkətidir. Bu şirkətə mənim dostum Nihat bəy rəhbərlik edir. Sizə deyim ki, bu işin müştərisi çox idi. Amma Türkiyə şirkəti bu işdə qazandı, biz də istədik ki, qazansın. Onların qazanmasında bizim də xidmətimiz var.

Burada neft sənayesi haqqında da bir neçə söz dedilər. Mən dörd gündür ki, buradayam. Kiçik də, böyük də, necə deyərlər, məmə yeyəndən pəpə deyənə qədər hamı soruşur ki, Bakı-Ceyhan xətti necə olacaqdır? Bu, mənim üçün aydın məsələdir. Demək, burada təkcə dövlət, hökumət yox, hər bir vətəndaş, gənc insan da istəyir ki, Azərbaycanın bu böyük neft borusu Türkiyədən keçsin. Bunu nə üçün istəyir? Çünki Bakı-Ceyhan xəttinin çox böyük iqtisadi əhəmiyyəti vardır. Yəni əgər biz neft çıxaracağıqsa, oradan böyük fayda əldə ediləcəksə, yəni bu boru ki, Türkiyədən keçirəcəyik, - biz onu mütləq Türkiyədən keçirəcəyik - demək, buradan da çox böyük fayda gələcəkdir. Bu onu göstərir ki, biz imkanımız olan kimi Türkiyənin iş adamlarını, şirkətlərini ölkəmizə gətirəcəyik. Amma bizim hələ o qədər də böyük təcrübəmiz yoxdur. Çünki biz 70 il başqa bir iqtisadi sistemdə olmuşuq. Mən sizə açıq deyim, bizim insanlar çox şeyi hələ bacarmırlar. Bizə kömək etmək, ölkəmizə gəlmək lazımdır. Gəlib oturub bir şeydə kömək etmək lazımdır. Ola bilər, para getsin, amma bil ki, gedən yerdən bir qədərdən sonra on dəfə çox gəlir götürə bilərsiz. Çünki Azərbaycana gələn para heç vaxt batmır. Azərbaycana gətirilən sərmayə mütləq öz nəticəsini verəcəkdir.

İndiyə qədər olan işlərə görə mən məmnun olduğumu bildirmək istəyirəm. Ancaq bu işlərin çoxu ticarətdir. Azərbaycan ilə Türkiyə arasında iş birliyi isə respublikamıza Türkiyənin böyük şirkətlərinin sərmayəsinin gəlməsidir, müştərək istehsalın yaranmasıdır. Məsələn, neft istehsalı sahəsində bizim bir neçə belə müştərək müəssisəmiz vardır və işlər yaxşı gedir, yaxşı da nəticələr olacaqdır. Amma başqa sahələrdə də işlər belə qurulmalıdır. İstehsalı artırmaq, sərmayə qoymaq, şübhəsiz ki, fayda verəcəkdir.

Ona görə də mən bu məsələlərin detallarını izah etmək istəmirəm. Bilirsiniz ki, Türkiyə-Azərbaycan iqtisadi əlaqələrini tənzimləmək üçün biz dövlətlərarası komissiya yaratmışıq. Bu komissiyanın Azərbaycan tərəfindən rəhbəri baş nazirin müavini Abid Şərifovdur. Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Əli bəy Yücəlin böyük xidmətləri vardır. O, həqiqətən vətənpərvər bir insandır. O, para, qazanc əldə etmək üçün yox, öz qəlbi ilə yeddi il bundan əvvəl Azərbaycana gəlibdir. O, respublikamıza çətin şərtlər əsasında gəlib-gedir, iş görür, amma mən belə hesab edirəm ki, bir şey qazanmır, əksinə itirir. Ancaq onun qəlbi torpaqla, xalqla elə bağlıdır ki, onda türkçülük, vətənpərvərlik, milli hiss o qədər yüksəkdir ki, o bu işləri görür. Buna görə də mən də ona çox böyük hörmət və ehtiramla yanaşıram. Hesab edirəm ki, Nihat bəy də, Əli bəy də, Abid Şərifov da, hamısı birlikdə bu görüşdən sonra sizin təkliflərinizə baxacaqlar. Mən Abid Şərifova tapşırmışam ki, bu məsələlərlə məşğul olsun. Onlar dəqiqləşdirəndə ki, bu məsələlər barədə qərar qəbul etməyə hazırıq, onda lazımi qərarlar olacaqdır.

Gəlin biz daha da yaxınlaşaq. Millətlərimiz bir-biri ilə nəinki yaxındır, birdir. Dilimiz, dinimiz, qanımız, canımız birdir. Gəlin iqtisadiyyatda da daha da yaxınlaşaq.

Burada dedilər ki, bəzi iş adamları Bakıda nəsə açmaq, mərasim keçirmək istəyirlər. Məni də oraya dəvət etdilər. Burada mən heç kəsə bir söz deyə bilmərəm. Çünki mən dörd gündür ki, Azərbaycandan çıxmışam. Qarşıdakı günlərdə yəqin işlərim daha çox olacaqdır. Şübhəsiz ki, bir neçə gündən sonra bu təkliflərə baxa bilərəm. Amma indi buradakı dəvətlərinizlə əlaqədar bir söz deyə bilmərəm. Xahiş edirəm, bunu nəzərə alasınız.

Mən sizin hamınıza cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Yaşasın əbədi Türkiyə-Azərbaycan dostluğu! Sağ olun!

"Azərbaycan" qəzeti, 10 may 1997-ci il.