Əziz bacılar, qardaşlar, dostlar!
Hörmətli Suraxanı sakinləri!
Mən sizi səmimi qəlbdən salamlayıram və sizə hədsiz hörmət, ehtiramımı bildirirəm.
Bu gün mən sizinlə, Suraxanının vətəndaşları, sakinləri ilə görüşə gəlmişəm. Çox sevindirici haldır ki, bu görüş eyni zamanda Suraxanının, Bakının, demək olar, Azərbaycanın həyatında baş verən əlamətdar hadisələrlə bağlıdır.
Burada sizinlə birlikdə çox gözəl bir bulaq kompleksi açdıq. Bulaq, su həmişə insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətiribdir. Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır. Mən sizi bu münasibətlə təbrik edirəm.
Burada yeni bir park açıldı. Mən çox mənnunam ki, Suraxanıda yaşıllaşdırma işi davam edir və insanların istirahəti üçün böyük imkanlar yaradılır. Onlardan biri də bu gözəl parkdır. Bu park haqqında düşünərkən keçmişi xatırlayıram. Mən 1970-ci ildə Bakının yaşıllaşdırılması planını hazırlayıb həyata keçirməyə başladım və o vaxt bir çağırışla çıxış etdim: Hər bir bakılı iki ağac əkib böyütməlidir. Mənim bu çağırışıma bakılılar cavab verdilər və qısa bir müddətdə Bakının yaşıllaşması planının həyata keçirilməsinə başlandı. Siz bunu bilirsiniz. Siz onu da bilirsiniz ki, keçmiş zamanlarda, qədim dövrlərdə Bakı ağacsız, yaşıllıqsız olubdur, bundan insanlar çox əziyyət çəkiblər.
Həmin planın həyata keçirilməsində suraxanlıların da böyük rolu vardır. İndi baxıram, - ətrafda, hər yerdə ağaclar, yaşıllıq vardır. Təkcə burada deyil, Bakının hər yerində yaşıllıq vardır. İndi mən şəhərdən buraya Suraxanı rayonunun ərazisində yerləşən hava limanına gedən yolla gəlirdim. Bu yolun o tərəfi də, bu tərəfi də ağaclardır. Təkcə ağaclar deyil, artıq hər yerdə meşələr yaranıbdır.
Mən o illəri xatırlayıram. O illərdə mən hər bir rayonun rəhbərinə müəyyən bir hissə vermişdim və ona demişdim ki, bütün nailiyyətlərlə bərabər, sənin bu yaşıllıq sahəsində gördüyün işlər də qiymətləndiriləcəkdir. Xatirimdədir, rayonlar bir-biri ilə yarışırdı, çalışırdı. Bununla da biz Bakını yaşıllaşdıra bildik.
Suraxanı hissəsində buruqlar torpağı neftlə bulamışdı. Mənə deyirdilər ki, burada ağaclar bitməyəcəkdir. Ancaq nəinki yol qıraqlarında - siz bunları görürsünüz - yoldan kənarda da, həmin buruqların yanında da, neftə bulaşmış torpaqda da ağaclar əkilibdir. İndi bu ağaclar böyüyübdür, onlar xalqa xidmət edir, Bakının iqlimini yaxşılaşdırır. Bakıda havanın təmizliyini təmin edir. Bunların böyük əhəmiyyəti vardır.
Təəssüflər olsun ki, mən respublikadan getdikdən sonra və xüsusən Azərbaycanda hərc-mərclik, hakimiyyətsizlik dövründə bizim gördüyümüz bu böyük işləri pozmaq istədilər. Bir çox yerlərdə ağaclar kəsildi, ayrı-ayrı adamlar bundan öz şəxsi məqsədləri üçün istifadə etdilər. Mən 1993-cü ildə Bakıya dönərkən, Azərbaycanda yenidən hakimiyyətə gələrkən bunları araşdırdım, bildim və ürəyim çox ağrıdı. Yenə də müraciət etdim ki, gəlin Bakının yaşıllaşdırılmasını davam etdirək. Mən çox məmnunam, sevinirəm ki, indi Bakıda hər bir rayonda, o cümlədən sizin Suraxanı rayonunda yeni-yeni parklar açılır, yaşıllaşdırma işi gedir. Bu işlərə görə sizə təşəkkür edirəm və bu hadisələr münasibətilə sizi təbrik edirəm.
Burada artıq deyildi ki, Suraxanıda dindar olub, ancaq heç vaxt məscid olmayıb. Bir ona görə yox ki, sovet hakimiyyəti qurulandan sonra məscidləri qadağan etdilər. Çıxış edənlər bunu qeyd etdilər ki, ondan əvvəl də məscid olmayıbdır. İndi mən çox şadam ki, burada gözəl bir məscid tikilibdir, dindarların istifadəsinə verilibdir. Bu məscid də Azərbaycanda xalqın mənəvi, milli, dini dəyərlərinin yaşanmasına kömək edəcək və xalqımızın yüksək əhval-ruhiyyəyə malik olması üçün çox işlər görəcəkdir.
Suraxanı Azərbaycanın qədim rayonlarındandır. Suraxanının neftçiləri, ümumiyyətlə fədakar insanları Azərbaycan tarixinə qızıl hərflərlə səhifələr yazmışlar. İlk dəfə XIX əsrin ortalarında Azərbaycanda sənaye üsulu ilə neft çıxarılmasına Suraxanıda başlanmışdır. Ondan sonrakı illərdə Suraxanının zəhmətkeşləri, neftçiləri Azərbaycan Respublikasına, təkcə Azərbaycan Respublikasına deyil, - o vaxt biz böyük Sovetlər ölkəsinə xidmət edirdik, - milyonlarla, yüz milyonlarla ton neft çıxarıb istifadəyə vermişlər. Bunlar Suraxanının gözəl tarixidir, keçmişidir.
Eyni zamanda xatırlayıram, 1970-1980-ci illərdə biz burada həm neft sənayesinin, həm də maşınqayırma sənayesinin, başqa sənaye müəssisələrinin fəaliyyətini artırmağa çalışırdıq və buna da nail olduq. O illərdə Azərbaycanın hər yerində olduğu kimi, Suraxanıda da böyük abadlıq işləri getmişdi, insanların sosial vəziyyətini təmin etmək üçün çox böyük tədbirlər görülmüşdü, yaşayış evləri tikilmişdi, bir çox başqa işlər görülmüşdü. Mən onları böyük məhəbbət hissi ilə xatırlayıram. Çünki o illərdə biz bu işləri sizinlə bərabər görürdük. Güman edirəm ki, mənim göstərdiyim diqqəti, qayğıkeş suraxanılılar heç vaxt unutmayacaqlar.
Mən 1970-80-ci illərdə Sovetlər İttifaqının Ali Sovetində sizin deputatınız olmuşam. Siz o illərdə mənə böyük etimad göstərmisiniz, mənim sevincim olmusunuz, mənə səs vermisiniz. Mən də çalışmışam sizin etimadınızı doğruldum. Mən o illəri heç vaxt unutmayacağam. Mən o illərdə sizinlə tez-tez görüşürdüm, biz bütün işləri birgə həll edirdik.
İndi isə, 1993-cü ildən sonra siz yenə də mənim seçicilərimsiniz. 1993-cü ilin oktyabrında və 1998-ci ilin oktyabrında siz etimad göstərib məni müstəqil Azərbaycanın prezidenti seçmisiniz. Mən sizə təşəkkür edirəm və bir daha bəyan edirəm ki, sizin etimadınızı daim doğruldacağam və etimadınıza həmişə layiq olacağam.
Mən bizim bugünkü görüşümüzü müəyyən mənada öz seçicilərimlə görüş hesab edirəm. Ona görə də mən sizin qarşınızda durmuşam və sizə hesabat verirəm. Hesabat verərək bildirmək istəyirəm ki, müstəqil Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, inkişaf etdirilməsi bizim əsas vəzifəmizdir. Biz bu işi, bu vəzifəni hər il ardıcıl surətdə həyata keçirməyə çalışırıq və bundan sonra da çalışacağıq.
Azərbaycan keçid dövrünü yaşayır. Keçid dövrünün böyük problemləri, çətinlikləri vardır. Bilirsiniz ki, Azərbaycan üçün bu keçid dövrü daha da ağırdır. Ona görə ki, Azərbaycan müstəqillik əldə edən zaman respublikamızda daxili ictimai-siyasi vəziyyət çox ağır idi. Qanunsuz silahlı dəstələrin yaradılması, hakimiyyət uğrunda mübarizə, cinayətkarlığın artması, bir çox belə hallar Azərbaycan vətəndaşlarını incidirdi və daxili vəziyyəti pozmuşdu. Ona görə də Azərbaycan bu keçid dövrünü daha da ağır keçirirdi. Digər tərəfdən, 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzünün başlanması və buna görə baş vermiş müharibə nəticəsində o illər respublikamızda sabitlik pozulmuşdu. Bəziləri "Dağlıq Qarabağ kartı"ndan istifadə edərək hakimiyyət uğrunda mübarizə aparırdılar və bunlar hamısı Azərbaycanı böyük bəlalara gətirib çıxarmışdı. Bunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və işğal edilən torpaqlardan bir milyondan artıq qaçqın öz yerlərindən zorla qovulmuşdur, indi onlar başqa yerlərdə yaşayırlar.
Biz şəhidlər vermişik, qan tökmüşük, torpağımızı qorumuşuq. Mən bu gün sizə bəyan edirəm ki, biz beş ildir sülh danışıqları aparırıq. Bu danışıqları bundan sonra da aparacağıq. Əmin olun ki, işğal edilmiş torpaqlar azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və köçkünlər, qaçqınlar, o cümlədən, burada çıxış edən zəngilanlı bacım öz yerinə, yurduna qayıdacaqdır.
Azərbaycan bu keçid dövründə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə məşğuldur. Azərbaycan dövləti bu keçid dövründə iqtisadiyyatını inkişaf etdirmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsi ilə məşğuldur. O cümlədən, iqtisadi islahatlar və onların nəticələri bizim əldə etdiyimiz naliyyətlərin əsas səbəbləridir.
Azərbaycan dövləti insanlara rahatlıq, sakitlik yaradıbdır. Ən böyük nailiyyətimiz odur ki, biz 1993-cü ildən başlayaraq Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti normallaşdırmağa çalışmışıq. Doğrudur, bu, bizim üçün asan olmayıbdır. Bizə qarşı çevriliş cəhdləri olubdur, bizə qarşı güllələr atıblar, terrorlar ediblər. Ancaq bunların heç birisi bizi sarsıtmayıbdır. Biz tutduğumuz yolla getmişik və nəhayət, Azərbaycanın bu cinayətkar, düşmən ünsürlərdən təmizlənməsini təmin etmişik.
İndi Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, dövlət, millət üçün, hər bir vətəndaş üçün lazımdır. Ona görə də bu ictimai-siyasi sabitliyi qorumaq həm dövlətin borcudur, həm də hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur. Əmin ola bilərsiniz ki, biz bu yolla gedirik və bundan sonra da bu yolla gedəcəyik.
Şübhəsiz ki, bu keçid dövrünün sosial-iqtisadi sahələrdəki çətinlikləri insanların həyatına da təsir edibdir. Biz yaxşı bilirik ki, Azərbaycanda insanların bir qismi istənilən səviyyədə yaşamır. Onların həyat tərzini yaxşılaşdırmaq üçün biz bəzi tədbirlər görürük. Bu tədbirlərin nəticəsində də 1995-ci ildən başlayaraq Azərbaycanda iqtisadiyyat yüksəlir, istehsal artır. Bunun nəticəsində də Azərbaycan vətəndaşlarının rifah halı tədricən yaxşılaşır.
Bilirsiniz ki, 1995-ci ilə qədər Azərbaycanda hər il iqtisadiyyat tənəzzülə uğrayırdı və Azərbaycan vətəndaşları bundan çox əziyyət çəkirdilər. Artıq biz inkişaf dövründəyik, yolundayıq. Sizi əmin edirəm ki, aparılan iqtisadi, siyasi islahatlar, bütün tədbirlər Azərbaycanın sosial-iqtisadi vəziyyətini ilbəil yaxşılaşdıracaq, iqtisadiyyatı inkişaf etdirəcək və vətəndaşlarımızın həyat tərzini xeyli yüksəldəcəkdir.
Amma buna görə təkcə dövlət, hökumət yox, hər bir vətəndaş, məsul vəzifəli hər bir şəxs, hər bir rayon, müəssisə, kollektiv rəhbəri çalışmalıdır. Xalqımız çalışır. Bizim əldə etdiyimiz bütün bu nailiyyətlər məhz Azərbaycan xalqının fədakar əməyinin nəticəsidir. Mən bu gün xalqımıza, millətimizə, vətəndaşlarımıza Azərbaycanın müstəqilliyinə sadiq olduqlarına, bu keçid dövründə iqtisadiyyatın inkişaf etdirilməsində fədakarlıq göstərdiklərinə, vətəndaşlıq borclarını yerinə yetirdiklərinə görə səmimi qəlbdən təşəkkür edirəm.
Ancaq eyni zamanda, hər yerdə vəziyyət istədiyimiz səviyyədə deyildir. Təəssüflər olsun ki, bəzi rayonların, şəhərlərin işinin səviyyəsində fərqlər çoxdur. Mən Suraxanı rayonunun son illərdə əldə etdiyi nailiyyətlər haqqında danışmaq istəyirəm. Şübhəsiz ki, Suraxanı rayonu da bu keçid dövrünün bəlaları, problemləri ilə üzləşibdir.
Mən bir neçə gün bundan əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun məruzəsini aldım, göstəricilərlə tanış oldum. Mən bunları əvvəl də bilirdim, amma bir daha tanış oldum və gördüm ki, Suraxanı rayonu rəhbərlərinin, bu rayonun müəssisə, təşkilat rəhbərlərinin son illərdəki səyləri nəticəsində daxili imkanlardan səmərəli istifadə olunaraq başqa rayonlara nisbətən çoxlu nailiyyətlər əldə edilmişdir. Burda həm sənaye məhsulu istehsalı, həm də neft istehsalı artmış, inkişaf etmişdir. Sizin rayonunuz Azərbaycanda hasil edilən qazın 32 faizini verir. Bunu siz - Suraxanı neftşiləri təmin edirsiniz. Buna görə mən Suraxanı neftçilərinə bir daha təşəkkür edirəm.
Suraxanının rəhbərliyi istehsalın artımı ilə bərabər rayonda sosial məsələlərin həll edilməsinə də çox fikir verir. Bu, bizim əsas vəzifəmizdir. Əgər keçmişdə əsas vəzifə istehsal idisə, indi əsas vəzifə istehsalla yanaşı xalqın, millətin, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir. Sizin rayonda bu sahədə çox işlər görülübdür.
Suraxanıda abadlıq işləri çox görülübdür, yaşayış binaları inşa edilibdir, yeni qaz, su kəmərləri çəkilibdir, yeni bulaqlar tikilibdir. Bunlar hamısı rayonun daxili imkanları çərçivəsində edilibdir. Bütün bunlar çox sevindiricidir.
Mən neftçilərin fəaliyyəti haqqında dedim. Eyni zamanda başqa sənaye müəssisələrində də işlər yaxşı gedir. Mən indi burada keçmiş dostum, Suraxanı neft maşınqayırma zavodunun direktoru Arif Babayevlə görüşdüm. Onunla xatırladıq ki, 1970-80-ci illərdə biz bu zavodun inkişaf etməsi üçün nə qədər böyük səylər qoyurduq. O illərdə dərinlik nasosları istehsal edən zavod Sovet İttifaqının neft sənayesinin bir çox hissəsini təmin etməli idi. Amma şikayətlər də var idi ki, nasoslar keyfiyyətli deyil. Mən bir neçə dəfə bu zavoda gəldim, zavodun işini müzakirə etdim, müəssisəyə yardım göstərdim. Bu zavod ayağa qalxdı, inkişaf etdi.
Doğrusu, mən hesab edirdim ki, bu keçid dövründə bizim başqa sənaye müəssisələri kimi, bu zavod da geriləyibdir. Ancaq yox, göstəricilər onu sübut edir ki, zavod işləyir, çalışır. Bu gün Arif Babayev mənə çox gözəl məlumatlar verdi. Bunlar məni sevindirdi. Zavodda istehsal da var, bütün kollektiv də işləyir. O mənə dedi ki, bu dövrdə biz bir nəfəri də işdən azad etməmişik, ixtisara yol verməmişik. Demək, çalışan, işləyən elə bu şəraitdə də hər bir iş görə bilər. Bax, bu, neft maşınqayırma zavodunun, neftçilərin və Suraxanı rayonunun timsalıdır.
Arif Babayev qaçqınlara da yaxşı baxır. Bəli, onları da mənə dedi. Mən vaxtınızı alıb bu məsələlərin hamısını demək istəmirəm, bunlar sizə məlumdur. Bir də deyirəm, zavodun timsalında, rayonun əldə etdiyi ümumi nailiyyətlərin timsalında qətiyyətlə demək olar ki, hansı müəssisədə, hansı təşkilatda, hansı kollektivdə, hansı rayonda iş yaxşı qurulursa və daxili imkanlardan istifadə olunursa, orada inkişaf daim olacaqdır. Suraxanıda inkişaf var. Məsələn, əgər 1995-ci ildə rayon sakinlərinin orta əmək haqqı 137 min manat olmuşdusa, keçən ilin nəticələrinə görə 370 min manatdır. Görürsünüz, nə qədər artım olubdur. Amma təəssüf ki, bəzi rayonlarda belə deyildir.
Ona görə də mən bu gün Suraxanı rayonunun həm sənaye müəssisələrinin işini, həm sosial sahəsinin işini, həm də rayon icra hakimiyyətinin və onun başçısı Hacıbala Abutalıbovun işini bir nümunə kimi göstərir və hesab edirəm ki, bu təcrübə Azərbaycanın bütün rayonlarına, bütün müəssisələrinə yayılmalıdır. Mən xüsusi sərəncam verəcəyəm və rayonun göstəricilərini əks etdirən arayışı bütün rayon icra hakimiyyətlərinə, şəhər icra hakimiyyətlərinə göndərəcək və onlardan tələb edəcəyəm ki, onlar da suraxanılılar kimi, Suraxanı icra hakimiyyəti kimi işləsinlər.
Əziz dostlar, mən bu gün çox şad olduğumu sizə bir daha bildirirəm. Hər dəfə belə görüşlər mənə daha çox ümid, enerji və inam verir. Sizin verdiyiniz bax, bu inamla mən Azərbaycanın dövlət müstəqilliyini inkişaf etdirəcəyəm və Azərbaycan prezidenti kimi ölkəmizi bundan sonra da yüksəklərə qaldıracağam.
Yoldan bu tərəfə gələndə görmüşəm ki, insanlar xoş, yüksək əhval-ruhiyyədə, buraya toplaşanların hamısı gözəl əhval-ruhiyyədə yaşayırlar. Bunun da səbəbi məhz ondan ibarətdir ki, Suraxanı rayonunda insanlara qayğı var, Suraxanı rayonunda görülən işlər insanların sosial problemlərinin çoxunu həll edə bilir. Bu da sevindiricidir, mənim üçün çox böyük əsasdır.
Əziz dostlar, bu gün mənə göstərdiyiniz mehribanlığa görə, hərarətli duyğularınıza, hissiyyatlarınıza görə və bu dostluq görüşünə görə sizə bir daha təşəkkür edir, hamınıza cansağlığı, səadət arzu edirəm.
Eşq olsun Suraxanıya! Eşq olsun suraxanılılara! Eşq olsun Suraxanı neftçilərinə!