Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Katerpillar" şirkətinin rəhbərləri ilə görüşdə söhbəti və çıxışı - Çikaqo, "Hyatt recensi" oteli, 5 avqust 1997-ci il


El Rassi: Zati-aliləri Prezident Heydər Əliyev!

Bizimlə görüşə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Biz İllinoys ştatında, Çikaqo şəhərində Sizi salamlamaqdan böyük şərəf duyuruq.

Cənab Prezident, çox istəyirik ki, Siz bizim "Katerpillar" şirkətinin müəssisələrindən birini ziyarət edəsiniz. Lakin bilirik ki, iş cədvəliniz çox gərgindir. Siz və nümayəndə heyətinizin üzvləri müəssisələrimizdən birinə qonaq gəlsəniz bizə böyük şərəf verərdiniz.

Heydər Əliyev: Mən Sizin məclislərdən birini ziyarət etmək istəyirdim. Ancaq görürsünüz ki, bir dəqiqə də boş vaxtım yoxdur. Güman edirəm ki, əməkdaşlığımız davam edəcək, mən Amerikaya növbəti səfərim zamanı Sizin bu xahişinizi mütləq yerinə yetirəcəyəm…

El Rassi: Çox sağ olun, cənab Prezident!

Varri Stabs: Cənab Prezident, Siz dünənki görüşdə çıxışınızda dediniz ki, yeni nəvənizin anadan olmasından böyük iftixar hissi keçirirsiniz, sevinirsiniz. Həmin görüşdə Sizə vaza hədiyyə edərkən dediniz ki, onu nəvənizə bağışlayacaqsınız. Biz isə qərara almışıq ki, nəvənizin ömrünün ilk illərində onun üçün faydalı olan bu hədiyyəni Sizə təqdim edək. Xahiş edirəm, bunu bizdən qəbul edəsiniz. Bu hədiyyə iki oyuncaq buldozer və iki papaqdan ibarətdir.

Heydər Əliyev: Çox sağ olun. Mən çox məmnunam ki, bu gün "Katerpillar" şirkəti kimi böyük bir şirkətin nümayəndələri ilə görüşürəm. "Katerpillar" dünyanın çox məşhur, nüfuzlu şirkətidir. Siz dünyanın çox yerlərində böyük işlər görürsünüz. Mən hələ 10 il bundan əvvəl "Katerpillar" şirkəti haqqında çox şey eşitmişdim. Mən 1980-ci illərdə Moskvada Sovetlər İttifaqı Baş nazirinin birinci müavini olarkən yaxşı bilirdim ki, "Katerpillar" şirkəti Sovetlər İttifaqı ilə çox sıx əməkdaşlıq edir. Siz o vaxt Sovetlər İttifaqında çox işlər görürdünüz. Bunlar mənə məlum idi.

İndi mən Azərbaycan Respublikasının Prezidentiyəm. İndi məni müstəqil Azərbaycan Respublikasının mənafeləri düşündürür. Mən sizin şirkətlə əməkdaşlığı çox əhəmiyyətli hesab edirəm. Biz istəsək də, istəməsək də siz bu əməkdaşlığa qoşulmusunuz.

Sizin bu gün burada verdiyiniz məlumatlar onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının neft şirkətləri ilə və digər şirkətlərlə bizim 1994-cü ildən indiyədək imzaladığımız müqavilələr Amerikanın və başqa ölkələrin nə qədər şirkətlərinin həmin müqavilələrin əməli surətdə həyata keçirilməsində iştirak etməsinə şərait yaradır. Çoxları hesab edirdilər ki, biz, məsələn, "AMOKO", "Şevron", "Pennzoyl", "Yunokal", "Mobil", "Eksson", "Makdermott" və başqa şirkətlərlə müqavilə imzalamışıqsa, demək, biz ancaq bu şirkətlərlə əməkdaşlıq edirik. Amma bu məlumdur, mən bilirəm, sizin bugünkü danışıqlarınız da onu göstərdi ki, hər müqavilənin ətrafına onlarca cürbəcür şirkət, o cümlədən ən çoxu Amerika şirkətləri toplaşıblar və onlar birgə fəaliyyət göstərirlər. Bu təbiidir. Biz hesab edirik ki, bu, belə də olmalıdır. Çünki bir neft şirkəti bu işləri təkcə görə bilməz.

Beləliklə, xarici ölkələrin şirkətləri Azərbaycana gəlirlər və gələcəklər. Biz isə onlara hər cür şərait yaradacağıq. Sizin bu gün verdiyiniz məlumatlar onu təsdiq edir ki, Azərbaycan öz qapılarını dünya ölkələri üçün həqiqətən geniş açıbdır. Azərbaycanda iş görmək, əməkdaşlıq etmək üçün respublikamızda çox əlverişli şərait yaranıbdır. Azərbaycanda sərbəst iqtisadiyyat formalaşır, hər bir şirkət gəlib orada özünə yer tapır.

Mən bilirdim ki, "Katerpillar" şirkəti Azərbaycanda işləyir. Amma mən sizin verdiyiniz məlumatların, ola bilər, təkcə beş faizini bilirdim, onun 95 faizini sizdən aldım. Məsələn, siz dediniz ki, Azərbaycanda 1500 kvadratmetr sahəsi olan ofisiniz var, nümayəndəniz Gənc Aslan respublikamızda işləyir. Ancaq mən bilmirəm ki, sizin aldığınız bu 1500 kvadratmetrlik sahə haradadır. Əlbəttə, onun harada olduğu məni maraqlandırmır. Mən sadəcə onu demək istəyirəm ki, bizdə o qədər azadlıq, sərbəstlik var ki, xarici şirkətlər ölkəmizə gəlirlər, ayrı-ayrı təşkilatlarla öz işlərini görürlər. Biz heç kimin işini məhdudlaşdırmırıq, keçmiş dövrlərdə olduğu kimi, onların üzərinə ciddi nəzarət qoymuruq. Bu, belə də olmalıdır.

Mən dünənki çıxışımda dedim ki, Azərbaycanda sərbəstlik yaranıbdır. Bax, Azərbaycanda sizin gördüyünüz iş bunun əyani sübutudur.

Sizin bugünkü görüşdə verdiyiniz məlumatlar məni sevindirdi. Mən sizin şirkətin prezidenti ilə dünən görüşdüm. Oradakı görüşdə o, nitq də söylədi. Amma mən indi dəqiq bildim ki, "Katerpillar" şirkətinin bu günü və onun Azərbaycan ilə əməkdaşlığının gələcəyi nədən ibarətdir. Siz özünüz Azərbaycana yol açmısınız. Mən bunu dəstəkləyirəm. Gələcəkdə mənim yardımıma ehtiyacınız olsa, mən sizə yardım göstərməyə hazıram.

Qaz-kompressor stansiyasının yaranması bizim üçün çox əhəmiyyətlidir. Mənim bu işdən xəbərim vardır. O, mənim nəzarətim altındadır. Amma bilmirdim ki, bu işlərdə "Katerpillar" şirkəti də iştirak edibdir.

Əlbəttə, "Katerpillar" böyük bir ailədir. Onun tərkibində olan digər şirkətlərin hərəsi bir istiqamətdə iş görür. Bu, çox gözəldir, mən sizi təbrik edirəm. Bir daha deyirəm ki, mən sizin işlərinizi dəstəkləyirəm. İnanıram ki, Siz Azərbaycanda gələcəkdə də çox işlər görəcəksiniz.

Bilirsiniz ki, biz Azərbaycanda xarici ölkələrin neft şirkətləri ilə 9 müqavilə imzalamışıq. Biz ilk müqaviləni 1994-cü ildə imzalamışıq. O vaxtdan iki il yarım vaxt keçir. Yenə deyirəm, bu müqavilələrin sayı 9-a çatıb. Amma bizim gördüyümüz işlər təkcə neft sahəsi ilə məhdudlaşmır. İqtisadiyyatın başqa sahələrində də bizim çox böyük işlərimiz vardır. Ümidvaram ki, siz bu sahələrdə də geniş işlər görəcəksiniz və görməlisiniz. Ona görə də bizim əməkdaşlığımız çox uzunmüddətli olacaqdır. Siz bizim partnyorumuzsunuz. Biz sizin şirkət üçün də respublikamızda lazımi şərait yaradacağıq.

Hesab edirəm ki, bu partnyorluqda sizin borcunuz ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycanı daha da geniş təbliğ etməlisiniz. Görürsünüz, Azərbaycanda nə qədər böyük azadlıq var. Bu barədə məlumatları Amerika Birləşmiş Ştatlarında geniş təbliğ edin. Harada mümkündürsə, bunu edin. Əlbəttə, mən demirəm ki, siz gedib "Si-En-En"də çıxış edin. Amma bu da mümkündür.

Siz bilirsiniz ki, bizim problemlərimizdən biri ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na qəbul etdiyi 907-ci düzəlişin ləğv olunmasıdır. Mən dünən sizə bu barədə geniş danışdım. Siz bizim vəziyyətimizi bilirsiniz. Bilirsiniz ki, bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsidir. Bu münaqişədə Azərbaycanın heç bir günahı yoxdur. Biz Ermənistana hücum etməmişik, Ermənistanın torpağına göz dikməmişik. Ermənistan bizim ərazimizə göz dikibdir. Ermənistan Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Vilayətini ələ keçirməyə çalışıbdır, ona görə də müharibəyə başlayıbdır.

Hər bir ölkənin vəzifəsi ondan ibarətdir ki, öz torpağını, Vətənini qorusun. Biz də bunu edirik. Yəni bu münaqişədə bizim heç bir günahımız yoxdur. Mən dünən də dedim, bəzi səbəblərdən, bir sıra dövlətlərin Ermənistana çox yardım etməsi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyon Azərbaycan vətəndaşı qaçqın düşübdür. Onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. İndi görün, 1992-ci ildə nə qədər böyük ədalətsizlik olubdur: hərbi təcavüzə məruz qalan da, Amerika Konqresi tərəfindən cəzalanan da bizik. Axı, belə ədalətsizlik olmaz.

Əlbəttə, bunun səbəbləri vardır. Bilirik ki, Amerikada erməni lobbisi çox güclüdür. O vaxt Azərbaycanı Amerikada yaxşı tanımırdılar. Erməni lobbisi ABŞ-da təbliğat apararaq bu cür ədalətsiz qərarı qəbul etdirib. Biz bir neçə ildir ki, bunun ləğv olunması üçün çalışırıq. Amerika Birləşmiş Ştatlarına sübut etmək istəyirik ki, biz Amerikanın dostuyuq.

Azərbaycanda Amerika Birləşmiş Ştatlarının çox böyük iqtisadi maraqları vardır. Biz bu maraqları təmin edirik. Amerika Birləşmiş Ştatlarının Qafqazda, o cümlədən Azərbaycanda böyük siyasi marağı da vardır. Belə olan halda, heç yarayarmı ki, Azərbaycana qarşı bu qədər ədalətsizlik olsun?

Mən on gündür ki, Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdəyəm. Burada çoxlu görüşlər keçirdim, danışıqlar apardım. Məmnunam ki, bu görüşlərin, danışıqların hamısı çox müsbət nəticələr verdi. Mən Ağ evdə də, Konqresdə də, digər dairələrdə də keçirdiyim bütün görüşlərdə bir daha inandım ki, artıq burada həqiqəti bilirlər. Mətbuat dairələri də bu həqiqəti bilir.

Bildiyiniz kimi, konqresmen Kinq 907-ci düzəlişin ləğv olunması haqqında Konqresə bir layihə təqdim edibdir. Lazımdır ki, konqresmenlər ona səs versinlər. Həmin layihə Konqresdə müzakirə edilməmişdən qabaq konqresmenlərin böyük bir qrupu bu layihəyə imza atsa, ona tərəfdar çıxsa, bu məsələ yaxın aylarda həll oluna bilər. Bizə belə vədlər veriblər. Sizdən isə xahiş edirəm ki, siz də bu işə tamam qoşulasınız.

"Katerpillar"ın Konqresdə çox böyük dostları vardır. Konqresmenlərdən bir çoxu ilə sizin sıx əlaqəniz vardır. Siz onlara sadəcə olaraq anlatmalısınız ki, ədalətli mövqe tutmaq lazımdır. Biz bu işi zorla həyata keçirmək istəmirik. Biz sadəcə onu istəyirik ki, hər şey ədalətli olsun. Əgər bu məsələyə ədalətli, obyektiv, qərəzsiz yanaşılsa, 907-ci düzəliş tezliklə aradan götürülə bilər. Mən sizi bu sahədə bizimlə əməkdaşlığa dəvət edirəm.

Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq, onu sülh yolu ilə həll etmək lazımdır. Mən sizi bu barədə də əməkdaşlığa dəvət edirəm. Siz öz imkanlarınızdan istifadə edin. Çünki biz XXI əsrdə sizinlə çox uzunmüddətli əməkdaşlıq edəcəyik. Bunun üçün isə Ermənistanla Azərbaycan arasında sülh olmalıdır. Azərbaycanda və bölgədə sülh, əmin-amanlıq yaranmalıdır. Müharibənin yenidən başlanması təhlükəsinin qarşısı alınmalıdır. Bizim məqsədimiz budur. Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 9 avqust 1997-ci il