Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Bill Klintona məktubu - Bakı şəhəri, 6 noyabr 2000-ci il


Əziz cənab prezident!

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə dair son sazişlərin imzalanması münasibətilə mənə göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür edirəm.

Məmnunam ki, əsası bizim tərəfimizdən 1994-cü ilin sentyabrında sizin "Əsrin müqaviləsi" adlandırdığınız müqavilənin imzalanması ilə qoyulmuş müstəqil Azərbaycanın yeni neft strategiyası ardıcıl surətdə və müvəffəqiyyətlə həyata keçirilməkdədir. Məhz Azərbaycanın təşəbbüsü və ciddi səyləri nəticəsində artıq Xəzər dənizi əməkdaşlıq üçün bütün dünyaya açılmışdır. Xəzərin zəngin neft və qaz ehtiyatlarının dünyanın, o cümlədən, Amerika Birləşmiş Ştatlarının aparıcı enerji şirkətləri ilə birgə istifadə olunması artıq öz müsbət bəhrələrini verməkdədir.

Sevinirəm ki, qarşılaşdığımız çox böyük çətinliklərə baxmayaraq Azərbaycanın yeni neft strategiyasının ayrılmaz tərkib hissəsi olan və altı il sizinlə birlikdə üzərində çalışdığımız, çətin danışıqlar apardığımız və nəhayət, keçən ilin noyabrında ATƏT-in İstanbul sammiti çərçivəsində sizin də iştirakınız ilə imzalanmış Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi artıq reallaşmaq üzrədir.

Sizinlə razıyam ki, bu nəhəng layihənin həyata keçirilməsi regionda sülhün və inkişafın təmin olunmasına kömək edəcəkdir. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığı möhkəmləndirməyə yönəlmiş səylərini daha da artırmalıdır.

Qazaxıstanın bu layihədə daha fəal iştirakını təmin etmək üçün Amerika Birləşmiş Ştatları hökumətinin və Qazaxıstanda fəaliyyət göstərən Amerikanın nəhəng enerji şirkətlərinin əlavə səylər qoyması olduqca mühüm əhəmiyyət kəsb edir. Biz də öz növbəmizdə bunun üçün əlimizdən gələni edəcəyik.

Əminəm ki, bu strategiya Azərbaycanın iqtisadi cəhətdən çiçəklənməsi, dövlətimizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi üçün təminat yaratmaqla bərabər, eyni zamanda bütün Xəzər regionunun iqtisadi dirçəlişinin və təhlükəsizliyinin təmin olunması üçün də yaxşı imkanlar açır.

Əmin ola bilərsiniz ki, biz Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft və qaz ehtiyatlarının Amerika Birləşmiş Ştatlarının və dünyanın böyük enerji şirkətləri ilə birgə işlənməsi və dünya bazarına etibarlı, təhlükəsiz yollarla ixrac edilməsi üçün yaxın müttəfiq və strateji tərəfdaş hesab etdiyimiz Amerika Birləşmiş Ştatlarının hökuməti və şirkətləri ilə sıx əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Əziz cənab prezident!

Bu da bir danılmaz həqiqətdir ki, bizim bu nəhəng layihələrə başladığımız ilk gündən Amerika Birləşmiş Ştatları Xəzər dənizinə böyük maraq göstərmiş, bizim gördüyümüz işlərə yaxından dəstək vermişdir. Mən bunu əvvəllər də demişəm və bir daha bildirirəm ki, əgər Amerika Birləşmiş Ştatları hökumətinin, şəxsən sizin qayğınız, yardımınız və şəxsi dəstəyiniz olmasaydı, biz belə böyük nailiyyətlər əldə edə bilməzdik.

Ona görə mən də sizi bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm və Amerika-Azərbaycan dostluğunun möhkəmləndirilməsində, dövlətlərimizin arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yaradılmasında və gücləndirilməsində sizin böyük xidmətlərinizi xüsusi qeyd edirəm.

Əminəm ki, birlikdə həyata keçirdiyimiz bu nəhəng layihələr XXI əsrdə bəşəriyyətin enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayaraq bütün dünyada sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 noyabr 2000-ci il.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft və qaz kəmərləri