Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda "Ramstore" supermarketinin açılışı mərasimində çıxışı - 15 aprel 1996-cı il


Hörmətli baş nazir cənab Məsud Yılmaz!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün, Türkiyənin baş naziri Azərbaycanda rəsmi səfərdə olduğu zaman biz ölkələrimiz arasında əməkdaşlıqda yeni bir addımı müşahidə edirik. Bu, çox gözəl bir təşəbbüsdür. Yəni bu gün burada bu böyük mağazanın - supermarketin açılması Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini göstərir. Bu mağaza Türkiyənin ən böyük şirkəti olan "Qoç qrupu" tərəfindən yaradılıb. "Qoç qrupu" Türkiyənin iqtisadiyyatında çox görkəmli yer tutur, ölkənin bütün iqtisadiyyatına, o cümlədən ticarətinə böyük təsir göstərir və dünyada çox məşhur bir şirkətdir. Biz "Qoç qrupu"nun Azərbaycana gəlməsini gözləyirdik. 1994-cü ilin fevralında mən Türkiyədə rəsmi səfərdə olduğum zaman mərhum Vəqfi Qoç ilə görüşdüm, onunla çox mehriban söhbət etdik. Mən "Qoç qrupu"nun Azərbaycana gəlməsini ondan xahiş etdim. Danışıqlarımız, söhbətlərimiz mənə ümid verdi ki, bu qrup Azərbaycana gələcək və ölkəmizlə iş birliyinə başlayacaqdır. Bizim danışıqlarımız artıq öz nəticəsini verir. "Qoç qrupu" Azərbaycana gəlib, belə böyük gözəl bir mağaza - supermarket yaradıb.

Azərbaycanda keçmişdə də çox böyük mağazalar tikilib. Onlar indi də fəaliyyət göstərirlər. Ancaq bu mağaza - supermarket müasir tələblərə, dünya standartlarına uyğun olan bir ticarət mərkəzidir. Sadəcə ticarət etmək yox, Azərbaycanda iqtisadiyyata, ticarətə, ticarətin dünya səviyyəsinə qalxmasına onun təsirinin də böyük əhəmiyyəti olduğunu mən bu gün qeyd etmək istəyirəm. Bir daha deyirəm, bu, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrdə yeni addımdır, nümunədir. Mən bunu bəyənirəm. Bu supermarketin Azərbaycanda yaranması, ona burada, Bakının gözəl guşələrinin birində yer verilməsi üçün mən lazımi səylər göstərdim, təlimatlar verdim. Çox məmnunam ki, biz Türkiyənin baş naziri, hörmətli qonağımız Məsud Yılmazla birlikdə bu mağazanın işə başlamasının şahidiyik.

Mən sizi, "Qoç qrupu"nu, onun Azərbaycanda olan ortağını bu hadisə münasibətilə təbrik edirəm və bu mağazaya gələcək işlərində uğurlar diləyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu mağaza yaxşı işləyəcək, Azərbaycan vətəndaşlarına yaxşı xidmət edəcək, respublikamızda ticarətin inkişafına kömək edəcəkdir. Mən "Qoç qrupu"nun buradakı bəyanatlarını da çox məmnuniyyətlə qəbul edirəm ki, "Qoç qrupu" Azərbaycanda öz işinə davam edəcək və respublikamızın iş adamları ilə birlikdə bundan sonra da yeni-yeni belə müştərək işlər görəcəkdir.

Mən sizi əmin edirəm ki, sərmayə qoymaq, müştərək iş görmək üçün Azərbaycanda hər cür şərait yaratmışıq və bundan sonra da yaradacağıq. İş prosesində, ola bilər, hansısa problemlər meydana çıxsın, əngəllər olsun. Bu, təbiidir, çünki belə hadisələrə ictimaiyyətimiz indi-indi alışır, onları qəbul edir. Ancaq mən bildirmək istəyirəm ki, bu maneələr, əngəllər vaxtında aradan qaldırılacaq və gələcəkdə də belə işlərin görülməsi üçün geniş yollar açılmasının tərəfdarıyam, buna gələcəkdə də dəstək verəcəyəm.

Mən sizi təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Bakı şəhərinin vətəndaşları bu mağazadan hər gün faydalanacaqlar və sizin işinizdən razı qalacaqlar. Bütün işlərinizdə - "Qoç qrupu"nun həm Türkiyədə, həm də dünyanın bütün ölkələrindəki işlərində uğurlar diləyirəm. Türkiyə - Azərbaycan iqtisadi, ticarət əlaqələrinin daha da möhkəmlənməsini arzulayıram.

"Azərbaycan" qəzeti, 16 aprel 1996-cı il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf