Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin iş adamları ilə görüşdə çıxışı - 10 fevral 1994-cü il


- Hörmətli dostlar, hörmətli arkadaşlar! Biz buraya, bu salona Türkiyənin mötəbər iş adamları ilə görüşə gəlmişik. Türkiyənin məşhur iş adamlarının Azərbaycana maraq göstərməsini onların burada olmasından görürük. Bildiyiniz kimi, üçüncü gündür ki, mən və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyəti Türkiyədəyik. Biz buraya Türkiyə Prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə gəlmişik və bu üç gün müddətində Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün danışıqlar aparmışıq. Nəhayət, dünən bir çox müqavilələr, protokollar imzalamışıq. Bunların hamısı Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın keyfiyyətcə yeni bir mərhələyə qalxdığına sübutdur, münasibətlərimizdə yeni bir səhifə açır.

Fürsətdən istifadə edərək, bu günlərdə Azərbaycanın nümayəndə heyətinə, şəxsən mənə göstərilən qayğı və hörmət üçün Türkiyədəki qardaşlarımıza, o cümlədən, dövlət rəhbərlərinə, sadə adamlara öz minnətdarlığımı bildirirəm. Bu gün buraya, bu görüşə toplaşdığınıza görə sizə təşəkkür edirəm.

Apardığımız danışıqlar və bu danışıqlar nəticəsində əldə edilən müqavilələr ən əvvəl Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönəldilmişdir. Bu sənədlərdə iqtisadi əlaqələr geniş şəkildə nəzərdə tutulur. O mənada ki, bütün sahələrdə əməkdaşlıq olmalıdır. Biz istəyirik ki, əməkdaşlığımız bütün sahələri əhatə etsin və Azərbaycan ilə Türkiyənin iqtisadiyyatı bir-birinə daha da yaxınlaşsın, daha da çulğalaşsın. Çünki bu, həm iqtisadi nöqteyi-nəzərdən Azərbaycan üçün çox əhəmiyyətlidir, həm də tarixi dostluğumuzu, qardaşlığımızı davam etdirmək üçün vacibdir. Bu əlaqələr istər ticarətdən, istərsə də Türkiyənin ayrı-ayrı şirkətlərinin Azərbaycan şirkətləri, müəssisələri, sənayesi, kənd təsərrüfatı ilə görəcəyi işlərdən ibarətdir.

Mən istərdim ki, bu gün biz bu barədə geniş söhbət aparaq, sizi də dinləyək, təkliflərinizi bilək. Lakin ümumilikdə götürdükdə mən öz fikrimi söyləmək üçün bir neçə kəlmə demək istəyirəm. Güman edirəm ki, söhbətimiz baş tutacaqdır.

Qeyd etmək istəyirəm ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin, ümumiyyətlə, aramızdakı əlaqələrin 3-4 illik tarixi var. Yəni Azərbaycan öz müstəqilliyini hələ əldə etməzdən əvvəl Türkiyənin firmaları, iş adamları, şirkətləri Azərbaycana maraq göstərmişlər. Bunun nəticəsində müəyyən əlaqələr yaradılmışdır. Amma bu əlaqələr heç də istənilən səviyyədə inkişaf etməmişdir. Açığını desək, onlar əsasən ticarət sahəsində olmuşdur. O da doğrudur ki, bu əlaqələr iqtisadi əlaqələrin böyük bir hissəsini təşkil etmişdir. Amma bizim iqtisadiyyatımızı bir-birinə sıx bağlayan müştərək müəssisələr, iş yerləri yaradılması məsələsi bu müddətdə təəssüf ki, çox zəif, aşağı səviyyədə olmuşdur. Halbuki əlaqələr çoxsahəli olmalıdır.

Biz ticarət əlaqələrinin davam etdirilməsinə yol açmışıq və bundan sonra da açacağıq. Çünki Azərbaycan öz iqtisadiyyatını sərbəst iqtisadiyyat prinsipləri əsasında qurmaq və inkişaf etdirmək məramındadır. Bununla yanaşı olaraq biz çox istərdik ki, Türkiyənin iş adamları, xüsusən sənaye, kənd təsərrüfatı sahəsində, sosial sahədə mükəmməl texnologiyalara malik böyük şirkətləri, firmaları Azərbaycanın şirkətləri, iş adamları ilə, o cümlədən bizim böyük müəssisələrimizlə əməkdaşlıq etsinlər. Belə ki, bizim bu müəssisələrin böyük imkanı var, ona görə də mən sizi bu imkanlardan səmərəli istifadə etməyə çağırıram.

Türkiyə Prezidenti ilə, başqa yüksək vəzifəli şəxslərlə dünən imzaladığımız müqavilələrin, protokolların əksər hissəsi iqtisadi əlaqələrə aiddir. Biz belə hesab edirik ki, iqtisadi əlaqələr ən əvvəl Türkiyənin böyük təcrübəsi, böyük iqtisadi potensialı, texniki potensialı olan şirkətləri ilə qurmaq lazımdır. Biz bu şirkətləri Azərbaycana dəvət edirik və ölkəmizdə onların fəaliyyət göstərməsi üçün hər cür şərait, hər cür imkan yaratmağa hazırıq.

Bəzən də ayrı-ayrı şirkətlər Azərbaycanda bir iş görmək istəmədiklərini onunla izah edirlər ki, ölkəmizdə müharibə gedir və guya bu müharibənin nə ilə qurtaracağı məlum deyildir, daxildə sabitlik təmin olunmayıbdır, Azərbaycanda əsla istiqlal yoxdur. Odur ki, bəzi şirkətlər Azərbaycanda kapital qoymaqdan, əsaslı, iri müştərək müəssisələr yaratmaqdan ehtiyat edir, bundan çəkinirlər.

Mən sizə bildirmək istəyirəm ki, bundan ehtiyat etməyin, belə fikirlərə düşməyin heç bir əsası yoxdur. Azərbaycanın böyük iqtisadi potensialı var, bununla yanaşı çox böyük elmi potensialımız mövcuddur. Biz yaxşı mühəndislərə, təcrübəli sənayeçilərə malikik. Odur ki, çəkinmədən işə girişmək olar. O ki qaldı Azərbaycanın müharibə şəraitində olmasına, bilin ki, müharibə daim davam edə bilməz, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü, müstəqilliyini təmin edəcəkdir. Azərbaycan xalqı öz sərvətlərinin sahibidir və sahibi olacaqdır. Bir sözlə, ehtiyat edib çəkinmək lazım deyildir.

Azərbaycanda ictimai-siyasi sabitliyə gəlincə, əmin ola bilərsiniz ki, bunlar xırda məsələlərdir. Ümumiyyətlə, bütövlükdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabitdir və bundan sonra daha da möhkəmlənəcəkdir. Sözün qısası, Türkiyənin iş adamları gecikməməli, fürsəti əldən verməməli, Azərbaycan kimi zəngin bir ölkədə öz işlərinin bünövrəsini qoymalıdırlar. Mən sizi bu işə dəvət edirəm. Ən əvvəl ona görə ki, bir daha təkrar edirəm ki, siz iş adamlarısınız, qol qoyduğunuz hər bir işin bəhrəsini görmək istəyirsiniz. Əmin ola bilərsiniz ki, Azərbaycanda belə iş görmək və ondan yaxşı nəticə hasil etmək imkanı var. Mən sizin hamınıza bu yolda uğurlar arzulayır və güman edirəm ki, gələcək əməkdaşlığımız səmərəli olacaqdır.

Buraya toplaşdığınıza görə sizə bir daha təşəkkürümü bildirirəm. Ümidvaram ki, müəyyən müddətdən sonra işgüzar danışıqlarımıza yenidən qayıdacaq və bu zaman ayrı-ayrı konkret məsələləri müzakirə edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Sağ olun!

"Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında", I hissə, Bakı - 2002, səh.103-104