Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 17 yanvar 1995-ci il


İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır. Bu, insan mənəviyyatının əsas xüsusiyyətlərindən biridir. Həyatda insanlar adətən sağlam yaşayır, həyat sürürlər. Ancaq cürbəcür hadisələr, təbii fəlakətlər nəticəsində cəmiyyətimizin üzvlərinin bəziləri insana lazım olan ayrı-ayrı fiziki və ruhi xüsusiyyətlərdən məhrum olurlar. Qədim vaxtlardan mənəviyyatın ən yüksək ənənələrindən biri də odur ki, insanlar, cəmiyyət belə şəxslərə, insanlara həmişə qayğı göstərməlidirlər. Bu, Azərbaycan xalqına da xas olan xüsusiyyətdir. Tarixdən bu barədə çoxlu məlumatımız var. Belə ənənələr yaşayır, davam edir.

Ancaq Azərbaycan Respublikası son illər bir neçə fəlakətlə üzləşdiyinə görə cəmiyyətimizdə şikəst olmuş, yaxud qeyri-sağlam halda dünyaya gəlmiş insanların sayı çoxalmışdır. Ermənistanın təcavüzü nəticəsində aparmağa məcbur olduğumuz müharibə bizə böyük itkilər verib, eyni zamanda yaralananların, xəsarət alanların, əlil olanların sayı çoxalıb. Cəmiyyətin həyatının təbii axarında belə hallar, şübhəsiz, olur, bunların müəyyən təbii səbəbləri, yaxud ayrı-ayrı hadisələrlə əlaqədar səbəbləri varsa da, müharibə şəraitində insanların şəhid olması ilə yanaşı, xəsarət alması, şikəst, əlil olması halları həddində çox artıb.

Biz torpaqlarımızı müdafiə etmək üçün altı ildir müharibə aparırıq. Müharibə itkisiz, qansız olmaz - itkilər də, şəhidlər də vermişik. Müharibədə xəsarət almış, yaralanmış, şikəst olmuş, bədəninin bir hissəsini itirmiş adamlar da var. Onlar yaşayır, cəmiyyətimizin üzvüdürlər. Müharibə nəticəsində cəmiyyətimizdə belə adamların sayı artıb. Bu da bizim qarşımıza yeni vəzifələr qoyur. Cəmiyyətimizdə olan məhrumiyyətlərə məruz qalmış bütün insanlara, xüsusən müharibə əlillərinə kömək etmək, onların yaşaması, əmək fəaliyyəti ilə məşğul olması üçün şərait yaratmaq, onların şikəstliyini aradan götürmək başlıca vəzifəmizdir.

Biz Qanlı yanvar faciəsinin beşinci ildönümü ərəfəsindəyik. Xatirinizdədir ki, beş il bundan əvvəl Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində də xalqımız şəhidlər verdi, yaralananlar, şikəst olanlar oldu. Onların bəziləri ömürlük şikəst kimi qaldılar. Onlar da, torpaqlarımızı qoruyarkən şikəst, əlil olanlar da, təbii fəlakətlər nəticəsində xəsarət alanlar da, yaxud bəzi xəstəliklər nəticəsində ayrı-ayrı çətinliklərə, məhrumiyyətlərə məruz qalmış adamlar da, anadangəlmə bəzi fiziki, ruhi çatışmazlıqları olan insanlar da cəmiyyətimizin, dövlətimizin xüsusi qayğısı altında olmalıdırlar. Biz bu qayğının dövlət tərəfindən daim təmin olunmasına çalışırıq.

Bu baxımdan sizin, yəni səhiyyə orqanlarının gördüyü iş - bu qəbildən olan insanların fiziki çatışmazlıqlarını aradan qaldırmaq, onlara yardım etmək, onları sağaltmaq, tamamilə əmək fəaliyyətinə qabil etmək üçün görülən işlər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillərə, şikəstlərə, xəstələrə göstərilən qayğı, dövlətin ayırdığı vəsait əsasında həm onların maddi cəhətdən təminatını təşkil etmək, həm də belə bərpa, müalicə mərkəzləri yaratmaq, bununla da xəstələrin, şikəstlərin həyatını yüngülləşdirmək, onlara kömək etmək xüsusi vəzifələrdir. Bu sahədə sizin gördüyünüz işlər şərəflidir, cəmiyyətimiz, xalqımız, dövlətimiz üçün gərəklidir.

Ona görə də mən prezident kimi bu işlərə xüsusi diqqət yetirirəm və bundan sonra da xüsusi diqqət yetirəcəyəm. Bu sahədə müəyyən işlər görmək üçün keçən ilin avqust ayında fərman vermişəm. Valyuta imkanlarımızın məhdud olmasına baxmayaraq bu məsələlərin həyata keçirilməsi üçün xeyli miqdarda vəsait ayrılması haqqında sərəncamlar vermişəm və maliyyə məsələlərinin, yaxud digər maddi məsələlərin həll olunması üçün lazımi tədbirlər görülməsini təmin edəcəyəm. Bu sahədə çalışan səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, bu bərpa mərkəzinin işçiləri bilməlidirlər ki, bütün bu imkanlardan səmərəli, çox qayğı ilə, çox insafla, vicdanla istifadə etmək lazımdır. Çünki, yenə də deyirəm, bunlar cəmiyyətimizdə müəyyən səbəblərə görə öz insani fəaliyyətlərini həyata keçirməkdən məhrum olan adamlar üçündür. Bu adamlara kömək etmək çox böyük xeyirxahlıqdır. Hər bir insan xeyirxahlıq etmək istəyirsə, birinci növbədə belə adamlara kömək etməlidir. Dövlətin qayğısı isə şübhəsiz ki, bunlardan üstündür.

Bu sahədə dövlətin apardığı siyasətdən, ayırdığı vəsaitlərdən səmərəli istifadə etmək, bir daha deyirəm, vicdanla istifadə etmək sizin borcunuzdur, sahədə çalışanların hamısının borcudur. Bilməlisiniz ki, cəmiyyətimizin hər bir həyat sahəsində insanların fəaliyyəti çox gərəklidir. Ancaq bu sahədə çalışanların işi, sizin işiniz çox şərəflidir. Təsəvvür edin, əlil bir adamın əli, ayağı, yaxud başqa orqanı olmadığı bir halda onu bərpa etmək, buna imkan yaratmaq, belə adamları əmək qabiliyyəti olan bərabər hüquqlu insan etmək, yəni bərabər yaşayış, əmək fəaliyyəti səviyyəsinə çatdırmaq nə qədər xeyirxah, nə qədər şərəfli işdir!

Mən şikəst olmuş, bədəninin bəzi üzvlərini itirmiş bir neçə gənc adamla görüşdüm. Məsələn, gənc bir əsgərimiz könüllü olaraq cəbhəyə gedib. Füzuli bölgəsində torpaqlarımızı düşməndən azad edərkən, erməni işğalçılarına qarşı döyüşərkən qıçının bir hissəsini itirib. Belə adamlara mənim böyük hörmətim var. İtirilmiş qıçının bərpa edilməsinə, onun istədiyi kimi yaşaya bilməsinə, əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaratmaq şərəfli işdir.

Yaxud, başqa bir gənc. O da cəbhəyə könüllü gedib. Ağdamın mühafizəsində iştirak edərkən qıçının birini itirib. Şükür olsun ki, sizin apardığınız iş nəticəsində onun qıçının itirilmiş hissəsi bərpa olunub, o özünü yaxşı hiss edir. Bilirsiniz, belə adamlar nə qədər hörmətə layiqdir! Bu adamlar Vətəni, torpağı müdafiə edərkən canlarından keçməyə hazır olublar. Ancaq indi sağ qalıblar, şikəst olublar. Onların şikəstliyini aradan götürmək nə qədər şərəfli, nə qədər xeyirxah bir işdir! Ona görə də mən sizin işinizi çox şərəfli iş hesab edirəm. Sizin fəaliyyətinizi cəmiyyətimiz üçün çox gərəkli, əhəmiyyətli hesab edirəm. Güman edirəm ki, siz də bu sahədə çalışarkən belə düşünür, belə hesab edirsiniz. Ümidvaram ki, bundan sonra da bu hissiyyatla işləyəcəksiniz.

Sizin burada işləməyiniz sadəcə əmək fəaliyyəti ilə məşğul olub özünüzə yaşayış üçün imkan qazanmaqdan ibarət deyil. Sizin buradakı işiniz insanlara qayğı göstərmək, özü də belə çətin vəziyyətdə, müəyyən qədər şikəst olmuş, mənəviyyatca sıxıntı içərisində yaşayan adamlara kömək etməkdir, bu isə mənəvi cəhətdən başqa sahələrdə çalışmaqdan çox üstündür.

Burada sizin bir işçinizlə tanış oldum. Mən onun həm işləməyinə heyran oldum, həm də onun şəxsində insanın nəyə qadir olduğunu gördüm. 12 il bundan öncə təbii fəlakət nəticəsində hər iki əlini, demək olar, dirsəkdən yuxarı itirib. Ola bilər, belə bir adam fikirləşsin ki, ömürlük şikəstdir, otursun və onun-bunun ümidinə qalsın. Ancaq bu adamda nə qədər iradə var. O, gedib müalicə olunur, əlinin ikisini də bərpa edib və indi tam əmək fəaliyyəti ilə məşğuldur. Özü də başına gələn hadisə nəticəsində belə vəziyyətə düşdüyünə görə gəlib burada işləyir, şikəst olan digər adamlara, xəsarət alanlara, əlini, qolunu, yaxud bədəninin başqa üzvlərini itirənlərə xidmət edir. Mən bu adamı görəndə heyran oldum. Doğrudan da, belə adamların qarşısında baş əymək lazımdır. Belə insanlar sadə insan deyil. İradəli insanlardır. Onlar xalqımızın nə qədər yüksək mənəviyyata, möhkəm iradəyə malik olduğunu nümayiş etdirən insanlardır.

Güman edirəm ki, belə insanlar az deyil. Ancaq mən bu gün görüşdüyüm adamlar əsasında öz fikirlərimi söyləyir və bunları cəmləyərək, ümumiləşdirərək tam əsasla demək istəyirəm ki, xalqımız mərddir, mətanətlidir, mənəviyyatlıdır. Bax, belə insanlar xalqımızın əksəriyyətini təşkil edirlər. Məhz belə insanlar xalqımızın mənəviyyatını əsrlər boyu yaşadıb və bundan sonra da yaşadacaqdır. Belə insanlardan hamı nümunə götürməlidir. Siz də nümunə götürməlisiniz, başqaları da. Belə insanlar bizim üçün örnək olmalıdır. Belə insanlara yardım etmək, onlarla bir yerdə, bərabər işləmək şərəflidir.

Ona görə mən fəaliyyətinizə görə təşəkkür edirəm. Gördüyünüz işlərə görə sağ olun. Ancaq hələ görüləsi işlər də çoxdur. Çünki həyatımız çox gərgin şəraitdə gedir. Səkkiz aydır ki, atəşi dayandırmışıq, müharibə yoxdur. Təsəvvür edin, bu səkkiz ayda biz nə qədər şəhid vermiş olardıq, nə qədər əlil, şikəst, yaralanmış adamlar olardı. Atəşin kəsilməsi, şübhəsiz ki, nailiyyətdir. Ancaq biz bununla qane ola bilmərik. Biz işğal olunmuş torpaqlarımızı azad etməliyik. Qaçqınlar yerlərinə qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, bizim məqsədimizdir. Bu, mənim fəaliyyətimin əsas istiqamətidir. Sizə deyə bilərəm ki, hər gün iş vaxtımın çoxu bu məsələlərə gedir. Belə hesab edirəm ki, bu belə də olmalıdır.

Çalışacağam ki, bu məsələlər sülh yolu ilə həll edilsin. Ancaq biz müstəqil dövlətik. Heç vaxt zəmanət verə bilmərik ki, daim belə yaşayacağıq və başımıza heç bir hadisə gəlməyəcək.

Yaşadığımız dövr, coğrafi-siyasi şərait elədir ki, biz hər şeyə hazır olmalıyıq. Müharibəni sona çatdırmaq, torpaqlarımızı azad etmək, sülh yaratmaq, müstəqil dövlətimizi qorumaq üçün biz hər bir şeyə hazır olmalıyıq. Daim düşünməliyik ki, hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizi, dövlətimizi, torpaqlarımızı azad etmək, sülh yaratmaq, müstəqil dövlətimizi qorumaq üçün biz hər bir şeyə hazır olmalıyıq. Daim düşünməliyik ki, hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizi, dövlətimizi, torpaqlarımızı, Vətənimizi qorumağa hazır olmalıdır. Şübhəsiz ki, belə bir şəraitdə keçmiş dövrlərə nisbətən bizim həyatımızda bundan sonra da həm yaralı, şikəst ola bilər, həm də həyat çətin olduğu üçün təbii səbəblərə görə biz insan üçün lazımlı xüsusiyyətlərindən məhrum olan adamlarla da rastlaşa bilərik. Ona görə də sizin işiniz bu gün nə qədər çoxdursa, gələcəkdə bundan da çox ola bilər. Bu sahə bizim üçün çox mühümdür. Mən istərdim ki, siz gördüyünüz bu işlər, təcrübə əsasında fəaliyyətinizi daha da genişləndirəsiniz ki, biz cəmiyyətimizdə insanların bu sahəyə tələbatını tamamilə ödəyə bilək. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifələrin nə qədər mühüm, məsuliyyətli və şərəfli olduğunu dərk edirsiniz və öz sahənizdə bundan sonra da fəaliyyət göstərəcəksiniz.

Sağ olun. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf