Azərbaycan Prezidenti Heydər Əliyevin Bakı Beynəlxalq Hava limanının aerovağzal kompleksində tikintinin gedişi ilə tanış olduqdan sonra toplaşanlar qarşısında çıxışı - 6 mart 1999-cu il


1980-ci ildə biz Azərbaycanın bu hava limanı binasının tikilməsi haqqında qərar qəbul etmişik. O vaxt aeroflot var idi, sizin bu idarə də ona, eyni zamanda Azərbaycana tabe idi. O zaman bu işlərlə Mülki Aviasiya Nazirliyi məşğul olurdu. Mülki aviasiya naziri Boris Pavloviç Buqayev də tez-tez buraya gələrdi. Onu Azərbaycandan Sovet İttifaqının Ali Sovetinə deputat seçmişdik, ona görə də bizim yaxşı münasibətlərimiz var idi. Biz xahiş elədik ki, Azərbaycana vəsait ayırsınlar, onlar da ayırdılar.

Mən göstəriş verdim ki, bunun layihəsi hazırlansın. Layihəni hazırladılar. Rasim Əliyevə tapşırmışdım, - o vaxt Bakının baş memarı idi. Mən layihələrə iki dəfə, özü də burada, hava limanında baxmışam.

1981 -ci ildə bunun tikintisinə başlandı. İndi 1999-cu ildir, 18 il keçibdir, amma tikilib qurtarmayıb. Belə çıxır ki, bunun əsasını da biz qoyduq, tikib başa çatdırmağı da tale bizim üzərimizə qoyubdur.

İndi mən Azərbaycanda belə şeyləri çox görürəm: hansı binanı ki, mən vaxtilə başlamışam, qurtara bilməmişəm, - mən olmadığım müddətdə heç kəs onu qurtarmayıbdır. İndi gəlmişəm, onları axıra çatdırıram. Şübhəsiz, mənim üçün yaxşı olardı ki, bu, 4-5 ilə tikilib qurtaraydı və Azərbaycana xidmət edəydi. Təəssüf ki, belə olmayıbdır. Bir halda ki, olmayıb, bunu heç kəs başa çatdıra bilməyib, indi yenə də mənim üzərimə düşüb, mən başa çatdırmalıyam. Mən də başa çatdırıram. Bu barədə qəbul etdiyimiz qərarlar məlumdur, kreditlər almışıq. "Azal"ın vəsaitindən, başqa vəsaitlərdən istifadə olunur.

Mən baxdım, indiyə qədər görülən iş, ümumiyyətlə, yaxşıdır. Bunu müsbət qiymətləndirirəm, qənaətbəxşdir. Keyfiyyətinə də fikir verdim, o da yaxşıdır. Son vaxtlar ayrı - ayrı ölkələrdə, Müstəqil Dövlətlər Birliyi ölkələrində bəzi yerlərdə tikilənlərlə müqayisə etmək olar. Mən görürəm ki, bu onlardan geri qalmır. Ona görə də bu məni sevindirir.

Ancaq iki ay müddətində - mart, aprel aylarında çox böyük iş görülməlidir. Siz görülən işlər haqqında bu gün mənə məruzə etdiniz və söz verdiniz ki, mayın 5-nə bu kompleks istifadəyə verilmək üçün tamamilə hazır olacaqdır. Elədir, yoxsa yox? Elə olmasın ki, bunu mənə göstərəsiniz, sonra da deyəsiniz ki, sərnişinləri bir aydan sonra buraxacağıq. Biz gəlib burada binanın açılışını bayram edib çıxanda sərnişinlər buraya girməlidirlər. Başa düşdünüz, belə olmalıdır. Görürəm ki, vaxtınız az, işiniz də çoxdur. İşlərinizi elə qurun ki, verdiyiniz söz yetsin və mənim bugünkü təəssüratım daha da artsın.

Şübhəsiz ki, bu, bizim Azərbaycan üçün, dövlətimiz, ölkəmiz üçün çox böyük həcmli obyekt olacaqdır. Çünki indi müstəqil dövlət kimi, Azərbaycan dünyanın bütün ölkələri ilə əlaqə saxlayır, insanlar gedib-gəlirlər. Bunun da əksəriyyəti hava yolu ilə, təyyarələrlə olur. Demək, Azərbaycanın əsas giriş-çıxış qapısı buradır. Keçmişdə, 10-20 il öncə dəmir yolu idi. Bu yollar da ancaq Sovetlər İttifaqının ərazisindən keçirdi. Amma indi dünyaya açılan qapılar bu yoldan gedir. Demək, qapısı da buradır. Ona görə də bura həm gözəl, çox rahat olmalı, həm də beynəlxalq standartlara cavab verməli, insanların bu nəqliyyatdan istifadə etməsi üçün bütün şərait olmalıdır.

Siz bəzi yerləri göstərdiniz. Müasir, beynəlxalq standartlara uyğun səviyyədə tikilən hər bir bina insanların da mədəni və davranış səviyyəsini qaldırır. Köhnə binada kababdan, ləvəngidən can qurtara bilmirsiniz, çünki oranın kökü elə qoyulubdur. Amma burda elə vərdişlərə yol vermək olmaz. Burada hər şey dünya standartları səviyyəsində olmalıdır. Bu da insanları daha da nizam - intizamlı edəcəkdir. Görəndə ki, bina təmizdir, hər şey yaxşıdır, insanlar da çalışacaqlar ki bu səviyyəyə qalxsınlar. Amma görəndə ki, orada-burada zibil var, deyəcək ki, onsuz da zibilləyiblər, qoy mən də zibilləyim.

Sizin ən böyük vəzifəniz ( konsernin baş direktoru Cahangir Əsgərova müraciətlə) bura üçün işçi heyəti hazırlamaqdır. Amma təkcə sizin işçi heyəti yox, gərək bu gün buraya daxili işlər naziri, milli təhlükəsizlik naziri, Gömrük Komitəsinin sədri, sərhədçilər də çağırılaydı.

İki-üç günə (Baş nazir Artur Rasizadəyə müraciətlə) onların hamısını toplayıb hərəsinin qarşısında vəzifə qoymaq lazımdır. Köhnə aerovağzaldan istifadə prinsiplərini buraya köçürmək olmaz. Bura tamamilə yeni olmalıdır. Məsələn, bayaq dedilər ki, burada sərhədçi formada durmamalıdır. Amma orada durur. Deyəcək ki, məni niyə formada durmağa qoymursan? Bunları mən sənə, Baş nazirə tapşırıram. Bu iki ay müddətində gərək hərə öz işçi heyətini hazırlasın. Yaxşı işləməyən, qanunu pozan, yararlı olmayan adamlar buraya gəlməməlidir - həm "Azal" üzrə, həm də burada fəaliyyət göstərəcək nazirliklər üzrə. Buraya gələn heyət yeni tələblərə tamamilə uyğun olmalıdır. Onlar gələndə attestasiyadan keçməlidirlər ki, burada işləmək hüquqları var, ya yox. Yaxşıları seçməlisiniz, prinsip bu olmalıdır. Yoxsa ki, kiminsə xətrinə dəyər, nə bilim, kimsə xahiş elədi - belə şeylər olmamalıdır. Bura dövlətin ən mühüm, ən böyük obyektlərindən biridir. Ona görə burada dövlətçilik prinsipi hər şeydən üstün olmalıdır.

Mən Baş nazirə müraciət edərək bildirirəm ki, vəzifələr məlumdur, sən bütün işlərə rəhbərlik, nəzarət edirsən və mənim göstərişlərimin həyata keçirilməsini təmin edirsən.

Heydər Əliyev binadan çıxarkən orada toplaşmış inşaatçılarla və hava limanının işçiləri isə bir daha səmimi salamlaşaraq dedi: - Mən tanış oldum, inşaat işi yaxşı gedir, hava limanında çox gözəl vağzal tikilir. Söz veriblər ki, may ayının 5-nə qədər hamısı hazır olacaq, istismara verəcəyik, Azərbaycanın vətəndaşları üçün yaxşı şərait yaranacaqdır. Burada çalışanlara, işləyənlərə uğurlar arzulayıram. Əgər burda işləməyənlər varsa, onlar da arxayın olsunlar ki, may ayında buradan səmərəli istifadə edəcəklər. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf