Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının Bakıda keçirilən 44-cü sessiyasının iştirakçılarını qəbul edərkən söhbətindən - Prezident sarayı, 5 dekabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram. Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının Azərbaycanda keçirilməsini çox əhəmiyyətli hadisə hesab edirəm.

Gömrük Təşkilatı hər bir ölkə üçün çox mühüm və vacib bir orqandır. Eyni zamanda ölkələr arasında iqtisadi əlaqələrin, ticarət əlaqələrinin daha da yaxşı təşkil olunması üçün gömrük təşkilatlarının bir-biri ilə əlaqələri sıx olmalıdır, təcrübə mübadiləsi aparılmalıdır, məsləhətləşmələr olmalıdır. Ona görə də hesab edirəm ki, Ümumdünya Gömrük Təşkilatı çox əhəmiyyətli iş görür. Güman edirəm, Siyasi Komissiyanın Azərbaycanda, Bakıda keçirilən 44-cü sessiyası gömrük təşkilatlarının qarşısında duran böyük vəzifələrin yerinə yetirilməsinə və Ümumdünya Gömrük Təşkilatının funksiyalarının həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

Mən sizə, bu sessiyanın iştirakçılarına təbrik məktubu göndərmişəm. Bu gün sizinlə görüşərək hər birinizə, o cümlədən Ümumdünya Gömrük Təşkilatına, onun Siyasi Komissiyasına və Siyasi Komissiyanın 44-cü sessiyasına uğurlar arzulayıram.

Mişel Dane (Ümumdünya Gömrük Təşkilatının baş katibi): Cənab prezident!

Xanımlar və cənablar!

Mən həm öz adımdan, həm də burada iştirak edən nümayəndə heyətinin üzvləri adından bildirmək istəyirəm ki, burada, Sizin qəbulunuzda olmağımızdan, Sizin ölkənizdə, paytaxtınızda olmağımızdan şərəf hissi duyuruq və buna görə Sizə minnətdarıq. Sizin ünvanınıza söylədiyimiz bu xoş sözlər təkcə burada iştirak edən nümayəndə heyətinin üzvlərinin yox, burada təmsil olunan bütün dövlətlərin gömrük idarələrinin baş direktorları adından deyilir. Ona görə ki, bu gün 153 ölkədə Bakı haqqında, Sizin ölkənin paytaxtı haqqında düşünürlər.

Bizim ünvanımıza dediyiniz xoş arzularınız üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm ki, əlbəttə, Sizin rəhbərliyiniz altında bizim sessiya qarşısına qoyduğu məqsədlərə çatacaqdır.

Cənab prezident, Sizə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki buraya, Azərbaycana gəldiyimiz gündən bizə ən xoş və hərarətli münasibət göstərilmişdir. Demək istəyirəm ki, burada olduğumuz müddətdə, gəldiyimiz gündən indiyə qədər bizimlə bağlı olan bütün məsələlər, yəni qarşılanma, yerləşmək, nəqliyyat və s. ilə əlaqədar bütün məsələlər çox yüksək səviyyədə öz həllini tapmışdır. Biz doğrudan da Sizin aranızda, ölkənizdə olmağımızdan çox xoşbəxtlik hissləri keçiririk. Eyni zamanda burada olduğumuz müddətdə Sizin tarixinizlə, mədəniyyətinizlə, keçmişinizlə tanış oluruq. Həmçinin Azərbaycan xalqı ilə tanış olur, onu öyrənirik.

Cənab prezident, mən burada iştirak edənlərin adından bir daha Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə, Sizin prezidentliyiniz, rəhbərliyiniz altında, işlədiyiniz komanda ilə birlikdə Azərbaycan Respublikasına inkişaf və çiçəklənmə arzulayıram. Çox sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Mişel Dane: Cənab prezident, icazənizlə, protokoldan kənara çıxmaq istəyirəm. Siyasi Komissiyanın sədri, Birləşmiş Ərəb Əmirlikləri Gömrük İdarəsinin sədri doktor Übeyd Sağer Busit ilə birlikdə Sizə xatirə hədiyyələri təqdim etmək istəyirəm. Bunlar burada olmağımızdan bir xatirədir.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Leonid Lozbenko (Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini, Rusiya): Cənab prezident, Siyasi Komissiyanın 44-cü iclasında iştirak etməyə gəlmiş nümayəndə heyətlərinə şəxsən diqqət göstyərdiyinizə görə Sizə ürəkdən minnətdarıq. Demək istərdim ki, Siyasi Komissiyanın iclasının ilk dəfə MDB ölkələrindən birində keçirilməsi son dərəcə əlamətdar haldır.

Biz bilirik ki, MDB ölkələrinin prezidentləri gömrük xidmətlərinin yaradılması, onların rolunun mühümlülüyü ilə bağlı məsələlərə böyük diqqət yetirirlər. Sizi əmin etmək istərdim ki, Ümumdünya Gömrük Təşkilatı MDB ölkələrinə gömrük xidmətlərinin təşəkkülündə mümkün olan bütün köməyi göstərməyi davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək, çox böyük şöhrətə malik olduğunuzu və Sizə böyük diqqət yetirildiyini, - xüsusən də MDB ölkələrində, - bilərək, Sizdən xahiş etmək istərdim ki, gömrük orqanlarına yardım göstərilməsi üçün MDB ölkələri prezidentlərinin görüşlərində gömrük məsələləri imkan daxilində birinci yerə çıxarılsın.

Heydər Əliyev: Hesab edirəm ki, hər bir prezident bunu gözəl bilir. Mən sizinlə görüşümdən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Hesab edirəm ki, Siyasi Komissiyanın Bakıda keçirdiyiniz 44-cü sessiyası hər bir ölkə üçün, xüsusən Azərbaycan üçün çox faydalı olacaqdır.

Bilirsiniz ki, Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Azərbaycanda gömrük təşkilatı ölkəmiz müstəqilliyini əldə edəndən, müstəqil dövlət kimi dünyada tanınandan sonra təşkil olunmuşdur. Biz uzun illər Sovetlər İttifaqının tərkibində yaşamışıq. Mən yaxşı bilirəm ki, Sovetlər İttifaqında gömrük təşkilatı o qədər görkəmli yer tutmurdu. Bəlkə heç çoxları bilmirdi ki, Sovetlər İttifaqında gömrük təşkilatı var, ya yoxdur. Ona görə bizim kimi ölkələr üçün, yəni Sovetlər İttifaqı dağılandan sonra müstəqillik əldə etmiş ölkələr üçün, o cümlədən Azərbaycan üçün gömrük işi, ümumiyyətlə gömrük xidməti yeni bir sahədir.

Bildirmək istəyirəm ki, biz doqquz ildir ki, müstəqillik şəraitində yaşayırıq. Azərbaycanın doqquz illik həyatında müxtəlif mərhələlər, çətinliklər olubdur. O cümlədən gömrük orqanının da təşkilatlanması, formalaşması və kadrların hazırlanması, təcrübə toplaması üçün bu proses çox ağır gedibdir.

Sizin ölkələrinizin gömrük təşkilatlarının böyük tarixi var, böyük təcrübəsi vardır. Hər ölkə on illərlə, yüz illərlə gömrük təşkilatını yaradıb və ondan istifadə edibdir. Dövlətimiz gənc olduğu kimi, bizim gömrük təşkilatı da gəncdir. Ancaq onu deyə bilərəm ki, son beş-altı il içərisində Azərbaycanda gömrük təşkilatı artıq formalaşıbdır öz yerini tutubdur və Azərbaycanın xarici iqtisadi, ticarət əlaqələrinin həyata keçirilməsində öz xidmətini göstərir. Ancaq biz onu da etiraf etməliyik ki, bizim gömrük təşkilatının işində hələ nöqsanlar da var, çatışmamazlıqlar da var və hələ istənilən səviyyədə təcrübə toplanmayıbdır. Ona görə də Azərbaycan Dövlət Gömrük Komitəsinin qarşısında çox böyük və çox əhəmiyyətli vəzifələr qoymuşuq.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatı ilə son illər yaratdığı işgüzar əlaqələr və Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü sessiyasının Azərbaycanda keçirilməsində, Rusiyanı təmsil edən hörmətli qonağımız da dedi, - bu, Müstəqil Dövlətlər Birliyində ilk ölkədir ki, belə bir tədbir keçirilir, - onu göstərir ki, Azərbaycanın gömrük təşkilatı qısa bir müddətdə həqiqətən inkişaf edib və lazım olan təcrübəni toplaya bilibdir. Hesab edirəm ki, 44-cü sessiya Azərbaycanda gömrük xidmətinin inkişaf etməsi üçün çox faydalı olacaqdır. Güman edirəm ki, bu, sizin hər biriniz üçün faydalı olacaqdır.

Siz bizim ölkəmizi görməmisiniz. İndi, heç olmasa, paytaxtımızla tanış olarsınız. Mən burada təmsil olunanların hansı ölkələrdən gəlmələri haqqında arayışa baxarkən, gördüm ki, çox uzaq ölkələrdən gəlmiş qonaqlarımız vardır. Belələri üçün Azərbaycan ancaq xəritədə görüntü kimi görünür. Amma indi Azərbaycanı özünüz gözünüzlə görürsünüz. Nə var, odur. Hər halda biz öz ölkəmizlə, öz paytaxtımızla fəxr edirik. Eyni zamanda qəti deyə bilərəm ki, müstəqillik şəraitində, müstəqil dövlət kimi, biz bundan sonra ölkəmizi, o cümlədən paytaxtımızı bütün sahələrdə daha da çox inkişaf etdirə biləcəyik.

Sizin sessiyanın işinə bir daha uğurlar arzulayıram. Hər birinizə öz işinizdə uğular arzulayıram. Sizin ölkələrinizə, xalqlarınıza sülh, əmin-amanlıq və rifah arzulayıram. Mənim salamımı və ən xoş arzularımı öz ölkələrinizin başçılarına çatdırmağınızı xahiş edirəm. Sağ olun. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 6 dekabr 2000-ci il.