Birinci Respublika Sərgi-Yarmarkasının açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Səttar Bəhlulzadə adına Sərgi Salonu, 27 fevral 1996-cı il


Bu sərginin açılması münasibətilə mən öncə sərginin iştirakçılarını təbrik etmək istəyirəm. Burada həqiqətən çox böyük sərgi nümayiş etdirilir. Onun əhəmiyyəti də bundadır ki, buradakı əl işləri, əsərlər ayrı-ayrı insanların fəaliyyəti nəticəsində meydana gəlmişdir. Mən sərgiyə sidq-ürəkdən baxarkən hiss etdim ki, burada öz işlərini təqdim edən adamlar heç də peşəkar deyillər, hərəsi sadəcə olaraq özünə xas olan bir sənəti seçib, bundan istifadə edərək çox dəyərli, hesab edirəm ki, çox gözəl, yaxşı işlər yaradıblar.

Bu, çox sevindirici haldır. Bu, xalqımızın, millətimizin daxilində olan böyük imkanları, xalqımızın istedadlı olmasını nümayiş etdirir. Xalqımızda böyük istedadlar var. Bu istedadlar bəzən çox yüksək səviyyəyə qalxıb peşəkar sənət əsərləri yaradırlar. Amma bəzən də bu istedadlar özlərini ifadə etmək üçün lazımi qədər imkan olmadığına görə qapalı qalırlar. Belə sərgilər, belə imkanlar həmin istedadların daha da inkişaf etməsinə kömək edir. Bu, çox xeyirxah, çox əhəmiyyətli işdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təşəbbüsünü bəyənir və yüksək qiymətləndirirəm. Hesab edirəm ki, belə təşəbbüsləri davam etdirmək lazımdır. Bir də deyirəm, xalqımızın içərisində çox böyük istedadlar var və onların özlərini ifadə edə bilmələri üçün imkan yaratmaq lazımdır. Belə sərgilər bu cür imkanları yaradır, insanları həvəsləndirir, istedadların geniş büruzə verilməsi üçün şərait yaradır.

Mən bu sərgidə nümayiş etdirilən işlərin hamısını yüksək qiymətləndirirəm. Hərə öz istedadını imkanları dairəsində ifadə edibdir. Hər bir iş dəyərlidir - kiçiyi də, böyüyü də. Ola bilər, kiminsə, biri xoşuna gəlsin, kiminsə başqası xoşuna gəlsin, amma mənim xoşuma hamısı gəlir, hamısı məni sevindirir. Bir də deyirəm, insanların belə imkan əldə etməsi çox əhəmiyyətlidir.

Doğrudan da, bizim adamlar bəzən işsiz qalarkən belə işlərlə məşğul olanda həm özləri boş qalmayacaqlar, gördükləri işlərin nəticəsi onlara mənəvi qida verəcək. Eyni zamanda bu işləri nümayiş etdirib, sonra isə sataraq özləri üçün qazanc əldə edə biləcəklər. Burada nümayiş etdirilən işlərin tam əksəriyyəti lap mötəbər ticarət mərkəzlərində satıla bilər, onların həvəskarları, alıcıları da ola bilər. Ona görə də bunlar hamısı birlikdə, kompleks şəkildə böyük bir iş nümayiş etdirir.

Təbrik edirəm. Burada işlərini nümayiş etdirən vətəndaşlarımıza bundan sonra da öz istedadlarını ifadə etmək üçün uğurlar arzulayıram. Nazirliyə tövsiyə edirəm ki, bu işlə daha geniş məşğul olsunlar və insanları buna cəlb etsinlər. Bunlar hamısı birbaşa bizim mədəniyyətimizlə, incəsənətimizlə bağlıdır. Mədəniyyətimizin, incəsənətimizin, mənəviyyatımızın bir hissəsidir. Bunu yüksək qiymətləndirmək lazımdır. Bu fikirlərlə, bu işlərə olan hörmətlə də mən bu gün sərgiyə gəlmişəm və bu hisslərlə də hamınızı təbrik edirəm.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf