Mən respublikanın sosial-iqtisadi problemləri ilə əlaqədar bəzi məsələləri müzakirə etmək üçün sizi bu gün bu müşavirəyə dəvət etmişəm. Bugünkü müşavirə respublikada xüsusən elektrik, su, qaz təchizatının, nəqliyyatın və kommunal təsərrüfatı sahələrinin işi ilə əlaqədar hazırkı vəziyyəti təhlil etmək və qarşıda duran vəzifələr haqqında danışmaq məqsədi daşıyır.
Bu məsələlər bizim daim diqqət mərkəzimizdə və nəzarətimizdədir. Nazirlər Kabineti, nazirliklər, konsernlər, şəhər, rayon icra hakimiyyəti orqanları bu məsələlərlə daim məşğul olurlar. Mən bu məsələlərə daim nəzarət edirəm və Nazirlər Kabinetindən icra orqanlarının işləri haqqında məlumat alıram. Şübhəsiz ki, müəyyən işlər görülür, ancaq nöqsanlar, çatışmazlıqlar da çoxdur. Bu nöqsanlar, çatışmazlıqlar xüsusən havaların sərtləşməsi zamanı daha da aşkara çıxır. Elektrik enerjisi, qaz, su ilə təchizatda, nəqliyyatın işində vəziyyət son vaxtlar respublikamızda havaların soyuqlaşması, qarın, küləyin, tufanın olması ilə əlaqədar gərginləşmişdir. Aydındır, bizim işimiz elə qurulmalıdır ki, hava necə dəyişirsə-dəyişsin, o, respublikanın vəziyyətinə, yəni təchizat məsələsinə təsir etməməlidir. Ancaq təəssüf ki, biz belə mənfi hallarla rastlaşırıq. Bunların da səbəbi bizim bəzi məsul orqanların, bəzi vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməməsi ilə, bir də ümumiyyətlə, həm bizim cəmiyyətdə, həm də dövlət, hökumət orqanlarında həyatımızın yenilikləri ilə ayaqlaşmamaqla bağlıdır. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qurduğumuza görə, demək, hər bir iş də bu prinsiplərə uyğun olmalıdır. Təəssüf ki, bunları nəinki ictimaiyyətimizdə hələ çoxları dərk etməyib, hətta bizim vəzifəli şəxslərimiz də bunu dərk edə bilməyiblər.
Mən hesab edirəm ki, respublikamızın bir neçə sahələrinə rəhbərlik edən şəxslər vəziyyət haqqında məlumat verməlidirlər. Sonra isə kim bu barədə fikir söyləmək istəyirsə, ona imkan veriləcəkdir.
Yekun nitqi
Güman edirəm, siz bugünkü müşavirənin zəruriliyini müzakirə zamanı artıq dərk edə bildiniz. Biz respublikanın sosial-iqtisadi problemlərinə, xüsusən sosial sahəyə, əhalinin ən vacib vasitələrlə təmin olunması məsələsinə indiyədək diqqəti dəfələrlə cəlb etmişik və çox ciddi tələblər irəli sürmüşük. Təəssüflər olsun ki, bu sahədə nöqsanlar var və çoxdur. Müvafiq təşkilatlar, yerli icra hakimiyyəti orqanları bəzi nöqsanların aradan götürülməsi üçün lazımi işlər görməyiblər.
Keçid dövründə respublikamızda problem problemin üstünə gəlir. Biz bir tərəfdən iqtisadi islahatlar keçiririk və həyatın bütün sahələrində bazar iqtisadiyyatı yaradırıq, onu inkişaf etdiririk. İkinci tərəfdən, keçmişdə mövcud olmuş üsul-idarədən, vasitələrdən həmin qaydada, o prinsiplər əsasında indiyə qədər istifadə etmək məcburiyyətindəyik. Gərək hər bir vəzifəli şəxs öz işində mövcud imkanlardan səmərəli istifadə etməyə çalışsın və eyni zamanda yeni addımlar ataraq onun həyata keçirilməsini təmin etsin.
Aydındır ki, biz belə bir şəraitdə ideal vəziyyət haqqında düşünə bilmərik. Bu gün biz əsasən respublikanın və xüsusən əhalinin elektrik enerjisi, qaz, istilik, nəqliyyat vasitələri ilə təmin olunması məsələlərini müzakirə edirik. Bu sahələr respublikamızda bir çox illər ərzində yaranıbdır. Çox böyük qürur hissi ilə qeyd etmək olar ki, elektrik enerjisi istehsal etmək üçün Azərbaycanın geniş istehsal potensialı vardır. İndi respublikanı elektrik enerjisi ilə təmin edən istilik, su elektrik stansiyaları 5 min meqavat elektrik enerjisi verməyə qadirdir. Bu, çox böyük imkandır. Fəxr etməliyik ki, vaxtilə biz bu elektrik stansiyalarını yarada bilmişik və onlar bu gün Azərbaycan Respublikasına, xalqımıza xidmət edir. Bizim respublikanı təmin etmək imkanına malik olan neft mədənlərimiz vardır. Yəni bir çox ölkələrlə müqayisədə biz kənardan nə neft, nə də neft məhsulları almaq məcburiyyətində deyilik. Ölkəmizdə hasil olan neft həm Azərbaycanın tələbatını təmin edir, həm də onun bir qismi satılaraq respublikamızın iqtisadiyyatı üçün gəlir gətirir. Bu da müstəqil bir dövlət kimi Azərbaycanın çox böyük potensiala malik olduğunu göstərir.
Əgər biz ildə 6 milyard kubmetr qaz hasil ediriksə, bu da çox böyük bir sərvətdir. Bizim qonşularımız bir il müddətində 1 milyard, yaxud 1 milyard 500 milyon kubmetr qaz almaq üçün başqa ölkələrə müraciət edirlər. Burada deyildiyi kimi, ölkəmizdə 1000 kubmetr qaz 45 dollara satılır. Ancaq 1000 kubmetr qazın dünya bazarında qiyməti 80 dollardan artıqdır. Demək, bizim belə bir problemimiz yoxdur. Yəni tələbatımızı tam təmin etməsə də, onun böyük bir hissəsini təmin edən qaz ehtiyatımız və qaz hasil etmək imkanlarımız vardır. Bunlar hamısı müstəqil Azərbaycanın, xalqımızın sərvətləridir, eyni zamanda respublikamızda iqtisadiyyatın inkişaf etməsi və insanların yaxşı yaşaması üçün çox böyük əsasdır. Biz bunları qiymətləndirməliyik. Biz respublikamıza bənzər başqa ölkələrlə müqayisədə nə qədər çox üstünlüklərə malik olduğumuzu dərk etməli, unutmamalıyıq. Yenə də deyirəm, qiymətləndirməliyik ki, bizim belə təbii sərvətlərimiz var. Qiymətləndirməliyik ki, keçmiş zamanlarda bu təbii sərvətlərdən istifadə etmək üçün böyük istehsal sahələri, qurğular, elektrik stansiyaları, şəbəkələr yaradılıbdır. Bunlar keçmişdə olduğu kimi, indi də Azərbaycan xalqına, Azərbaycan Respublikasına xidmət edir.
Təsəvvür edin, əgər bu sərvətlər olmasaydı indi bizim vəziyyətimiz necə idi? Əgər biz vaxtilə - 1970-1980-ci illərdə bu nəhəng elektrik stansiyalarını qurub-yaratamasaydıq indi vəziyyətimiz necə olardı? Zaqafqaziyanın digər respubliklarındakı vəziyyət sizə məlumdur. Onlar nə qədər əziyyət çəkirlər, amma bu vəziyyət içində də yaşayırlar. Onlara nisbətən bizim respublikamızın vəziyyəti qat-qat yaxşıdır və bunu qiymətləndirmək lazımdır. Amma eyni zamanda, bu gün bizi narahat edən odur ki, bu imkanlardan nə qədər səmərəli istifadə edirik. Bu sahədə nöqsanlar, çatışmazlıqlar çoxdur, bir çox orqanlar və həmin orqanlara rəhbərlik edən vəzifəli şəxslər tərəfindən səhlənkarlıq, məsuliyyətsizlik hallarına yol verilir. Bunları aradan qaldırmaq lazımdır.
Biz birinci dəfə deyil ki, belə bir məsələni müzakirə edirik. Keçən zamanlarda da, elə bu il də bu mövzu ilə əlaqədar böyük müşavirə keçirmişik. Biz həmin müşavirədə qışa hazırlıq ilə əlaqədar qarşıya tələblər qoymuşduq. Bu gün isə biz qış mövsümündəyik, onun bir hissəsini yaşamışıq. Ancaq qarşıda hələ bir neçə ay var. Bu müddətdə respublikamızın iqtisadiyyatı yaşamalıdır, səmərə verməlidir və insanların həyati tələbatları təmin olunmalıdır. Amma onu da qeyd etmək lazımdır ki, bizim əlimizdə olan böyük iqtisadi, texniki, istehsal potensialı qocalır, köhnəlir. Onlar daim təmir olunmalı, modernləşdirməlidir, onların iş keyfiyyəti daim yüksəldilməlidir. Təəssüflər olsun ki, biz bunu istənilən səviyyədə edə bilmirik, beləliklə də bir çox itkilərlə rastlaşırıq.
Bilməlisiniz, bunu bilənlər var ki, biz bu sahədə çox ciddi addımlar atmışıq. Məsələn, siz bilirsiniz ki, biz elektrik enerjisini artırmaq üçün Yenikənd Su Elektrik Stansiyasının tikintisinə başlamışıq. Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından bunun üçün kredit almışıq. Biz "Şimal" elektrik stansiyasını, Sumqayıt İstilik-Elektrik Mərkəzini, Mingəçevir Su Elektrik Stansiyasını modernləşdirmək üçün danışıqlar aparırıq, kreditlər almaq ərəfəsindəyik. Hazırda bu proseslər gedir.
"Neft Daşları"nda elektrik stansiyasını tam modernləşdirmək üçün də bizim bir çox təşəbbüslərimiz olubdur. Güman edirəm ki, bunlar da öz nəticələrini verəcəkdir. Ancaq bu məsələlər bir gündə, bir ayda, bəzən bir il ərzində həll edilmir. Bunlar Dünya Bankının, böyük ölkələrin kreditləri ilə, iri şirkətlərin gördükləri müştərək işlərlə bağlıdır. Başqa imkanlarımız yoxdur. Biz bunları edirik və edəcəyik. Güman edirəm ki, müəyyən bir müddətdən sonra Azərbaycanın həm elektrik enerjisi, həm qaz və başqa vasitələrlə təminatı xeyli yaxşılaşacaqdır. İndi isə biz müəyyən qədər məhdud olan imkanlardan səmərəli istifadə etməliyik.
Hesab edirəm ki, bu imkanlardan səmərəli istifadə olunmur, israfçılığa, itkilərə yol verilir. Nəzarətsizlik, məsuliyyətsizlik baş alıb gedir. Əgər biz elektrik enerjisi haqqında danışsaq, bu gün burada tam aşkar oldu ki, istehsal edilən enerjinin hamısından səmərəli istifadə edə bilsək, təminat bundan xeyli yaxşı ola bilər.
Təəssüf ki, bizdə elektrik enerjisinin belə qıt olduğu vaxtda, qaza, enerjiyə qənaət məsələsi hələ indiyədək öz həllini tapmayıbdır. Biz on illərlə elə bir vəziyyətdə yaşamışıq ki, nə suya, nə qaza, nə elektrik enerjisinə pul vermişik. O vaxtlar da bu, elə bir pul deyildi, qəpiklər idi və onları da çox vermirdilər, verməyənlər də heç cəzalandırılmırdı. Əgər biz dünya standartları çərçivəsində yaşayırıqsa, həyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qurmalıyıqsa, demək, hər bir şeyin qiymətini bilməliyik və onu qiymətləndirməliyik.
Dünyanın inkişaf etmiş ölkələrində sudan istifadədə bu qədər israfçılıq ola bilməz. Amma bizdə su hər yerdə axır və bu, yeni bir məsələ deyil. Mən 1970-ci illərdə burada işlədiyim zaman o vaxtkı qəzetlərdə dərc olunmuş məruzələrimi, nitqlərimi götürüb baxsanız, görərsiniz - o illərdə biz suya qənaət məsələsini dəfələrlə qaldırdıq, müvafiq qərarlar qəbul edirdik. Ancaq bunlar yerinə yetirilmirdi. Eyni zamanda, o vaxt elə idi ki, su axıb gedəndə elə bir çətinlik yaranmırdı. Amma biz indi buna yol verə bilmərik.
Mənim xatirimdədir, 1970-1980-ci illərdə təkcə Azərbaycanda deyil, o vaxtlar Sovetlər İttifaqının başqa yerlərində də Avropa ölkələrini nümunə gətirirdilər.
Yetmişinci illərdə misal çəkirdilər ki, Avropa ölkələrində o otaqda işıq yanır ki, orada insanlar oturur. Qalan otaqlar hamısı qaranlıqdır. Amma bizdə o vaxtlar da, indi də nə vəziyyətdir? Axşam get, otaqların hamısında elektrik işığı yanır. Kiminsə mənzilində istilik çatmırsa, elektrik cihazından istifadə edirsə, buna söz ola bilməz. Ancaq lampalar niyə artıq yanır? Çünki o, qənaət etmir, ona görə ki, pul vermir. Əgər pulunu versə, şübhəsiz ki, beş-altı otaqda, - bəziləri hərəsində bir lampa yox, çilçıraq yandırırlar, - onları qoymaz yansın.
Axşam şəhərə baxın, görəcəksiniz pəncərələrin hamısından işıq gəlir. Bu otaqların hamısında insanlar oturmurlar ki! Əgər ailənin bir neçə otağı varsa, birində oturur, ikisində oturmur. İnsanlar yatanda yataq otağına gedir, oturanda yemək otağında, yaxud da istirahət otağında oturur.
Bu, yeni bir şey deyildir. Mənim xatirimdədir, bir də qeyd edirəm, 70-ci illərdə, 80-ci illərdə də qərb ölkələrinin təcrübəsini bizdə tətbiq etmək istəyəndə, bunu dəfələrlə mətbuatda da yazıblar, dəfələrlə özümüz də demişik ki, elektrik enerjisinə qənaət olunmalıdır. Mən bu gün dedim, - şəhərə çıxırsan, bir kiçik budkadır, içində iri bir lampa, üstündə yekə bir projektor. Şübhəsiz ki, indi bizim şəhərdə yaranmış yeni ticarət şəbəkələri, onların xarici gözəlliyi müsbət qiymətləndirilməlidir. Bu, bizim özəlləşdirmə prosesinin müsbət nəticələridir. Həmin mağazalardır, həmin binalardır, amma tamamilə başqa bir görünüş, başqa bir şəkil alıbdır, özəlləşibdir və onun sahibi də oraya vəsait qoyub gözəlləşdirib, lazımi səviyyəyə gətirib və orada yaxşı ticarət etmək istəyir. Bunlar hamısı çox müsbət qiymətləndirilməlidir.
Ancaq nə üçün o qapalı yerlərdə o qədər elektrik enerjisi yandırılmalı, istifadə olunmalıdır? Ayrı-ayrı budkalarda, ayrı-ayrı yerlərdə o qədər elektrik enerjisi istifadə edilməlidirmi? Çünki onlar pul vermirlər. Burada Allahverdiyev bildirdi, "Azərbaycan" otelinin bir milyard borcu var, nə qədər pul qazanır, əgər borcunu vermirsə o birisinə nə deyəcəksən? Bəs niyə belə olur? Çünki lazımi dövlət, hökumət təşkilatları, orqanları bu məsələ ilə ciddi məşğul olmurlar, öz vəzifələrini layiqincə yerinə yetirmirlər, tələb etmirlər, qanun-qaydanı tətbiq edə bilmirlər. Nəticədə də belə bir hal yaranır - bir tərəfdən israfçılığa yol verilir, o birisi tərəfdən elektrik enerjisi çatışmır.
Qaz təchizatı barədə natiqlər çıxış edərkən mən bildirdim, - bizim istehsal etdiyimiz qazla istifadə etdiyimizin həcmi arasında nə qədər böyük fərq var. Birincisi, qazın istehlakçıya gəlməsi zamanı çox böyük itki verilir, ikincisi də istifadə olunmasında. Bu barədə mən müşavirənin gedişi zamanı öz fikirlərimi bildirdim və baş nazirə göstəriş verdim. Hesab edirəm, biz bu işlərlə ciddi məşğul olmalıyıq. Bizim böyük sərvətlərimizdən gərək çox qənaətlə, çox səmərəli istifadə edək. Bunlardan bu qədər məsuliyyətsiz, bu qədər israfçılıqla, nəzarətsiz istifadə olunmasına yol vermək olmaz. Bu, dağıtmaq deməkdir.
Biz istərdik, - şübhəsiz, əhalimiz keçmişdən buna öyrənibdir ki, - Azərbaycanda hər yerdə qaz olsun. Xatirinizdədir ki, 70-ci illərin sonunda Azərbaycanda nəinki bütün şəhərləri, bütün kəndləri, hətta dağ kəndlərini də qazla təmin etdik, bütün rayonlara, kəndlərə qaz xətləri çəkdik. O vaxt bizim imkanımız var idi. İndi bu imkan yoxdur. Ona görə də olan qazdan səmərəli istifadə edilməlidir. Ancaq eyni zamanda Azərbaycanın əhalisi bilməlidir ki, bizim neft və qaz sənayesi sahəsində apardığımız işlər və imzaladığımız müqavilələrin həyata keçirilməsi, həm neft hasilatını, həm də qaz istehsalını artıracaqdır.
Natiq Əliyev burada məlumat verdi ki, "Çıraq" neft yatağında bir quyudan artıq gündə 150 min kubmetr qaz çıxır. İkinci quyu da bu günlərdə qurtaracaq, oradan da 150 min kubmetr alınacaqdır. Altı quyu qazılacaqdır, onların hərəsindən 150 min kubmetr. Bu, hələ səmt qazıdır, əsas qaz deyildir. Amma bizim başqa müqavilələrimizdə böyük qaz yataqlarının xarici şirkətlərlə müştərək işlənilməsi nəzərdə tutulubdur. Artıq onlar iş prosesindədir. Bir neçə ildən sonra bunlar hamısı öz bəhrəsini vercəkdir. Mən tam əminəm ki, bir neçə ildən sonra Azərbaycan, keçmiş zamanlarda olduğu kimi, qazla tamamilə təmin ediləcəkdir. Bu, bizim həqiqi gələcəyimizdir. Amma ölkələr var ki, belə imkanı bu gün də yoxdur, beş ildən də sonra olmayacaq, on ildən də sonra olmayacaqdır. Çünki onların belə təbii sərvətləri yoxdur.
Ona görə də, bir də qeyd edirəm, bir tərəfdən bizim indiki imkanlarımızdan səmərəli istifadə etmək lazımdır, ikinci tərəfdən isə bu layihələr üzərində işləyib dözmək lazımdır ki, bir neçə ildən sonra bütün bu çətinliklər aradan qalxacaqdır.
Çətin, ağır keçid dövründə bu məsələləri həll etmək üçün gərək bizim məsul təşkilatlarımız daha da yaxşı işləsinlər. Əgər işlər normal olsaydı, mən bu gün vaxt sərf edib sizi buraya dəvət etməzdim və bu müzakirə olmazdı. Ona görə də bizim nazirliklər, komitələr, konsernlər, şirkətlər və onların başçıları bugünkü müzakirədən çox ciddi nəticələr çıxarmalıdırlar. Nazirlər Kabinetinə bir neçə göstəriş verdim və hesab edirəm, bu baxımdan bugünkü müzakirə çox vacib imiş. Müşavirəni çağırarkən mən bunun vacibliyini bəlkə də heç bu barədə bilmirdim. Vacib imiş. Ona görə də mənim verdiyim tapşırıqlar əsasında iş aparılmalı və qarşıda olan qış aylarında, - yanvar, fevral, mart, yaza qədər, - yenə də deyirəm, respublikamızın mövcud imkanlarından səmərəli istifadə edərək əhalinin və iqtisadiyyatımızın qaz, elektrik enerjisi, su və başqa tələbatı maksimum təmin olunmalıdır.
Eyni zamanda qaz, neft istehsalı sahəsində 1998-ci il üçün işlərimizi bir daha tənzimləməliyik və mən bu barədə Nazirlər Kabinetindən konkret təkliflər gözləyəcəyəm.
Hesab edirəm ki, işləri daha da yaxşı qurmaq üçün şəhərdə, rayonda, hər bir inzibati bölgədə icra hakimiyyəti orqanları səmərəli işləməlidir. Təəssüflər olsun ki, bizim yerli icra orqanları çox hallarda öz vəzifələrini layiqincə yerinə yetirə bilmirlər. Burada qeyd olundu ki, Zaqatala, Balakən, Masallı rayonlarında elektrik enerjisindən istifadə edilməsi məsələsi tənzimlənibdir. Onlara mütəmadi olaraq elektrik enerjisi verilir və bunun haqlarını vaxtında ödəyirlər. Gəncənin İcra Hakimiyyətinin başçısı Daşdəmirovun verdiyi məlumat da, hesab edirəm, diqqətəlayiqdir, - onlar öz imkanlarını ölçüb-biçəndən sonra qərara alıblar ki, müəyyən vaxtlarda elektrik enerjisi verilməsin, fasilə olsun, ondan sonra lazım olan vaxtda verilsin. Beləliklə, işi daha da yaxşı qurublar. Verilən məlumatdan mən bunu anladım.
Ancaq bunu Sumqayıtın İcra Hakimiyyəti başçısının fəaliyyəti haqqında deyə bilmərəm, çünki burada öz dediklərindən belə göründü ki, o, bu məsələlərə nəzarət etmir.
Bakı şəhəri bu barədə ümumyyətlə, xüsusi əhəmiyyət kəsb edir. Burada iki milyona qədər əhali, o cümlədən qaçqınlar yaşayırlar. Bakı şəhərində insanlar bu məsələlərə daha çox tələbkardır, nəinki Azərbaycanın başqa bölgələrində. Rəfael Allahverdiyev çıxış edərkən mən ona dedim, amma bir də demək istəyirəm: Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərlə gərək daha ciddi məşğul olsun. Rəfael Allahverdiyevin beş-altı müavini var, onları buraya dəvət etmişəm. Mən onların işini görmürəm və çoxunu ümumiyyətlə, tanımıram. Apardığım müşahidələrdən onu deyə bilərəm ki, onların işi qənaətbəxş hesab edilə bilməz. Buraxdığı səhvlərə, yaxud işdə olan nöqsanlara görə Rəfael Allahverdiyevə dəfələrlə öz fikirlərimi deyirəm. Amma bilmirəm nə qədər onun müavinlərinə çatır, Bakı Şəhər İcra Hakimiyyətinin idarələri bu nöqsanları aradan götürmək üçün nə qədər lazımi səylər qoyurlar. Məndə belə fikir var ki, onların bir qismi öz vəzifələrini lazımınca yerinə yetirə bilmir, səhlənkarlıq edir.
Bakıda 11 rayon var. Hər bir rayonun icra orqanı, icra hakimiyyəti başçısı var. Hər bir icra hakimiyyəti başçısı məsuliyyət daşıyır. Ancaq mən deyə bilmərəm ki, Bakı şəhəri rayonlarının icra hakimiyyəti başçıları öz rayonlarının işinə həqiqətən tamamilə nəzarət edir və öz işləri ilə lazımi səviyyədə məşğul olurlar. Mən bunu deyə bilmərəm. Demək istəyirəm ki, çox hallarda mən onların işindən narazıyam. Əgər hər bir rayonda icra hakimiyyəti və icra hakimiyyətinin başçısı rayonun bütün işlərinə nəzarət etsə, hesab edirəm ki, problemlərin çoxunu həll etmək olar. Təəssüflər olsun ki, yenə də deyirəm, Bakı şəhəri rayonlarının icra hakimiyyəti başçıları haqqında bunu deyə bilmərəm.
Bir də qeyd etmək istəyirəm, indi icra hakimiyyəti başçılarının funksiyaları çox konkretdir. Keçmiş zamanlarda olduğu kimi, sənaye ilə məşğul olmurlar. Ticarət özəlləşib, onunla da məşğul olmurlar. Mənzil-kommunal təsərrüfatı Bakıda çox yerlərdə bərbad vəziyyətdədir, rayonlarda icra hakimiyyəti başçıları məşğul olmalıdırlar, ancaq lazımi səviyyədə məşğul olmurlar. Rayonların ərazisində çox qüsurlar var, bunları aradan götürmürlər. Bununla yanaşı, Bakıda rayon icra hakimiyyəti başçıları çox səhvlər buraxırlar.
İndi Bakıda özəl sektor inkişaf edir, buna şərait yaratmaq lazımdır. Ancaq özəl sektora şərait yaradarkən Bakının arxitektura qanun-qaydasını, şəhərdə tikinti qanun-qaydasını pozmaq olmaz. Təəssüflər olsun ki, bu pozulur. Mən Rəfael Allahverdiyevə bildirmişəm, Bakı şəhərinin və rayonlarının rəhbərləri ilə bu barədə xüsusi müşavirə keçirəcəyəm. Ancaq bu fürsətdən istifadə edərək bu gün bildirmək istəyirəm ki, rayon icra hakimiyyəti başçıları çox özbaşınalıqla məşğuldurlar. Bir də görürsən ki, bir yerdə nəsə bir bina tikilir. Bu, şəhər arxitekturası qanun-qaydasına uyğundur, yoxsa uyğun deyildir? Mən Rəfael Allahverdiyevə dedim, belə qeyri-qanuni yaranmış bəzi binaları sökmək lazımdır, çünki biz imkan verə bilmərik ki, ayrı-ayrı rayon icra hakimiyyəti başçıları, yaxud şəhərin baş arxitektoru Bakı şəhərinin arxitektura gözəlliyini öz şəxsi mənafeləri naminə dağıtsınlar.
Bakını əsrlərlə qurub-yaradan adamlar bunu gözəl bir şəhər kimi yaradıblar. Biz də bir çox illər ərzində Bakı şəhərinin gözəl arxitektura qanun-qaydasında inkişaf etməsində xidmətlər göstərmişik. Mən bu gün imkan verə bilmərəm ki, rayon icra hakimiyyətinin başçısı, nə təhər deyərlər, öz zövqünə, yaxud da şəxsi mənafeyinə görə burada bir şey yaratsın, orada bir şey yaratsın və beləliklə də Bakı şəhəri öz memarlıq gözəlliyini itirsin. Mən bu gün Bakı şəhərinin baş arxitektoruna xüsusi xəbərdarlıq edirəm: Sənin haqqında çox mənfi siqnallar gəlib çatır, onu bilməlisən. Arxitektor elə bir sənətin sahibidir ki, o, gərək öz sənətini hər şeydən üstün tutsun. Şəhərin baş arxitektoru gərək elə bir mövqe tutsun ki, onu heç bir kəs, heç bir şey yerindən tərpədə bilməsin. Çünki onun üçün şəhərin memarlıq gözəlliyi, şəhərin quruluşu hər şeydən üstün olmalıdır. Əgər sən birinin xahişi ilə bunu edəcəksən, o birisinin xahişi ilə onu edəcəksən, nə bilim, birinin təsiri ilə bunu edəcəksən, o birisinin təsiri ilə onu edəcəksən - onda bu şəhərdən bir şey qalmaz.
Mən rayon icra hakimiyyəti başçılarını xəbərdar edirəm, şəhər icra hakimiyyətinin başçısını xəbərdar edirəm, şəhərdə bu işlərlə məşğul olan təşkilatları xəbərdar edirəm ki, bu mənfi hallara son qoysunlar. Şəhərdə yeni tikintilər, özəl sektorun inkişafı təmin olunmalıdır. Ancaq bunlar hamısı şəhərin baş planı ilə, şəhərin yaranmış memarlıq qanun-qaydası ilə uyğun olmalıdır. Heç kəsə imkan vermək olmaz ki, öz vəzifəsindən, yaxud pulundan istifadə etsin, gəlib şəhərin memarlıq qanun qaydasını pozsun.
Yenə də deyirəm, rayon icra hakimiyyəti başçıları öz vəzifələrini layiqincə yerinə yetirməli, rayonda qanun-qaydanı, ictimai asayişi, sanitariyanı təmin etməlidirlər və rayonun ərazisini göz bəbəyi kimi qorumalıdırlar. Bununla yanaşı, şübhəsiz ki, rayonda yaşayan əhalinin bütün qayğılarını təmin etməli, ona baxmalıdırlar, imkan dairəsində kömək etməlidirlər.
Qarşıdan yeni - 1998-ci il gəlir. Hesab edirəm ki, respublikamızda yeni il bayramları layiqli keçiriləcəkdir. İlin əvvəlində gərək ki, üç gün istirahət olacaqdır. Dekabrın 31-i, yanvarın 1-i, 2-si, 3-ü istirahət günləri olacaq, əhali dörd gün istirahət edəcəkdir. Bu, çox yaxşı haldır. Güman edirəm ki, biz sizinlə birlikdə əhalinin istirahət etməsini təmin etməliyik. Bu, sizin borcunuzdur. Ona görə də lazımi işlər görülməlidir ki, bu dörd günü əhali yaxşı istirahət edə bilsin, 1998-ci ilə yaxşı əhval-ruhiyyə ilə başlasın və yaxşı nailiyyətlər əldə edə bilək.
1997-ci il sona çatır. Güman edirəm, bu ilin yekunlarına görə respublikanın iqtisadi göstəriciləri 1996-cı ildən üstün olacaqdır. Aparılan islahatlar, - həm siyasi islahatlar, həm iqtisadi islahatlar - şəhərlərdə də, kənd yerlərində də öz nəticəsini verir. Hesab edirəm ki, biz 1998-ci ildə islahatların daha da güclü aparılması, özəlləşdirmə proqramının daha geniş həyata keçirilməsi üçün yaxşı şərait yaratmışıq. Ona görə də ilin son günlərini, - adətən bu, həmişə belə olubdur, dövlət işində olan adamlar bunu yaxşı bilirlər, - biz daha da gərgin işləməli, üzərimizə düşən bütün vəzifələri yerinə yetirməli və 1998-ci ili layiqincə qarşılamalıyıq.
Ancaq bu müşavirənin əsas məqsədi, əsas vəzifəsi respublikada sosial sahədə, xüsusən əhalinin elektrik enerjisi, qaz, istilik, su, nəqliyyat ilə və başqa sahələrdə təminatını ödəməkdir. Müşavirənin gedişində deyildiyi kimi, bu baxımdan qaçqınların, məcburi köçkünlərin vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Bu, təkcə həmin sahə ilə məşğul olan Qaçqınlar Komitəsinin, yaxud Nazirlər Kabinetində olan strukturun vəzifəsi deyil, bütün hakimiyyət orqanlarının, yerli icra hakimiyyəti orqanlarının vəzifəsidir. Daxili imkanlardan istifadə edən yerli hakimiyyət orqanları çox işlər görürlər və qaçqınların vəziyyətini günü-gündən yaxşılaşdırırlar. Siz bunu etməlisiniz. Sağ olun.