Respublikamız, Azərbaycan vətəndaşları ölkəmizin tarixinin çətin dövrünü yaşayırlar. Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisədir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir. Güman edirəm ki, biz hamımız bu barədə eyni fikirdəyik. Xalqımızın da əksəriyyəti bu fikirlərlə yaşayır. Mən xalqı bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlamaq, xalqımızın milli azadlığını təmin etmək, ölkəmizin demokratiya yolu ilə getməsi bizim bugünkü və gələcək fəaliyyətimizin əsasını təşkil edir.
Dediyim kimi, biz tariximizin ağır dövrünü yaşayırıq. Bu, bir neçə amillə bağlıdır. Əvvəla, müstəqillik yoluna çıxmaq, tam müstəqilliyi təmin etmək, dövləti formalaşdırmaq çətin vəzifələrdir və məşəqqətli bir yoldur. Biz bu yolla gedirik. Lakin bütün işlərimizi ağırlaşdıran və çətinləşdirən amil respublikamızın müharibə şəraitində olmasıdır. Ermənistan tərəfindən daim təcavüzə məruz qalmasıdır və bu müharibə nəticəsində böyük faciələr baş verməsidir.
Amma nə etməli, - taleyimiz belədir. İndi Azərbaycan xalqı öz taleyinin sahibidir. Biz bütün imkanlarımızı cəmləşdirib, bir yerə toplayıb, bu çətin mərhələni başa çatdırıb gələcəyə doğru irəliləməliyik. Şübhəsiz ki, müharibə xalqımızı daim narahat edir və həyatımızı ağırlaşdırır. Biz bu barədə çox məlumat vermişik. Odur ki, indi bu mövzuda geniş danışmağa ehtiyac yoxdur. Lakin bu gün bir daha xatırladıram ki, biz respublikamızı müharibə şəraitindən çıxarmaq, müharibəyə son qoymaq istəyirik. Ötən altı ildə Azərbaycan xalqına böyük faciələr gətirmiş Dağlıq Qarabağ məsələsini, hərbi münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq.
Bu sahədə görülən işlər, atılan addımlar məlumdur. Biz öz fəaliyyətimizi daim davam etdirmişik və bundan sonra da davam etdirəcəyik. Xalqımızda gərək düzgün təsəvvür olsun: biz bütün imkanlardan istifadə edirik ki, müharibəyə son qoyulsun. Burada həm beynəlxalq təşkilatların, həm də böyük dövlətlərin imkanları bizim üçün gərəklidir və biz bu imkanlardan indən sonra da istifadə edəcəyik. Bəzən ayrı-ayrı qruplar xalqı çaşdırmaq üçün cürbəcür məlumat yaymağa can atır, xalqın mənafeyinə zidd fikirlər söyləyirlər. Xalq artıq hər şeyi anlayır və bilir. Əhali, camaat bilir ki, biz müharibəyə son qoymağa çalışaraq, respublikamızın milli mənafeyini müdafiə edirik. Biz bu məsələnin sülh yolu ilə həll olunmasına cəhd göstərir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərimizin toxunulmazlığının təmin edilməsini, erməni silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan çıxarılmasını, həmin ərazilərdən qaçqın düşmüş Azərbaycan vətəndaşlarının öz yerlərinə qayıtmasını danışıqlarda başlıca şərtlər kimi irəli sürürük və saziş də bu şərtlər yerinə yetirildikdən sonra ola bilər.
Güman edirəm ki, bu, indiki dövrdə ən düzgün və doğru yoldur. Həmin məqsəd naminə biz bundan sonra da var qüvvə ilə çalışacağıq. Son vaxtlar həm Qərb ölkələrinin rəhbərləri ilə, həm ATƏM-in Minsk qrupunun rəhbərləri ilə, həm də Rusiya nümayəndələri ilə apardığımız danışıqlar, keçirdiyimiz görüşlər göstərir ki, biz bu istiqamətdə irəliləyə və qarşımızda duran məqsədə nail ola bilərik. Bildiyiniz kimi, mayın 10-dan Rusiyanın vasitəçiliyi ilə biz atəşin kəsilməsinə nail olmuşuq və bunun tərəfdarıyıq. Buna görə də həmin rejimə əməl olunmasına çalışırıq və çalışacağıq. Eyni zamanda intensiv danışıqlar apararaq, qarşımıza qoyduğumuz məqsədlərə çatmağa cəhd göstərəcəyik. Ümidvaram ki, bu addımlar, tədbirlər, atəşin dayandırılması və atəşkəsin davam etməsi xalqımız, Azərbaycan vətəndaşları tərəfindən rəğbətlə qarşılanır, müdafiə olunur. Həmin addımlar, tədbirlər respublikamızın ümumi mənafeyinə uyğundur.
Cari işlər, şübhəsiz ki, aparılır. Ancaq təəssüflər olsun ki, onlar istənilən səviyyədə getmir. Ümumiyyətlə, iqtisadiyyatı lazımi səviyyəyə qaldırmaq üçün bəzi addımlar atılsa da, bundan sonra hələ çox işlər görülməlidir. Bir daha qeyd etmək istəyirəm, çünki bəzi adamların ağlına ayrı-ayrı fikirlər gəlir, məhz buna görə bir daha nəzərə çarpdırıram: biz respublikamızı dünyəvi, sivilizasiyalı bir dövlətə çevirmək istəyirik. Dünya demokratiyasının təcrübəsindən istifadə edərək respublikamızı demokratiya yolu ilə irəli aparmaq istəyirik. Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.
Ona görə də biz istəyirik ki, respublikamız müharibədən xilas olsun, xalqımız bu ağır vəziyyətdən çıxsın. Eyni zamanda biz istəyirik ki, elə bu ağır şəraitdə bu respublikamızın tutduğu yol ilə daha sürətlə irəliləyək. Odur ki, iqtisadiyyatla ciddi məşğul olmaq əsas, ümumi vəzifədir. İqtisadiyyatla bilavasitə məşğul olan şəxslər öz üzərlərinə düşən vəzifələri ciddi şəkildə, qətiyyətlə yerinə yetirilməlidirlər, - axı onlar siyasi məsələlərlə, müharibə məsələləri ilə məşğul olmurlar. Təəssüf ki, biz buna hələ nail olmamışıq.
Burada Rəsul Quliyev qeyd etdi ki, son vaxtlar iqtisadiyyata dair iki fərman verilmişdir. Bu fərmanlar bazar iqtisadiyyatına həqiqətən keçməyimiz üçün, iqtisadiyyatı demokratikləşdirmək üçün, adamlara sərbəstlik vermək üçün, sahibkarlıq və təşəbbüskarlıq prinsiplərini inkişaf etdirmək üçün və bütün bunların sayəsində iqtisadiyyatı sürətlə inkişaf etdirmək üçün çox əhəmiyyətli dövlət sənədləridir.
İkinci fərman iyunun 15-də imzalanmışdır. Əgər birinci fərmanda nəzərdə tutulan vəzifələr indiyədək həyata keçirilmiş olsaydı, onda bizdə nə inflyasiya bu səviyyəyə çatardı, nə də iqtisadi vəziyyətimiz belə olardı. Fərmanların hər ikisi bir-biri ilə bağlıdır və bir-birini tamamlayır. Ona görə də bu fərmanların həyata keçirilməsi çox vacibdir. Təsadüfi deyildir ki, bugünkü müşavirədə mən bunu birinci məsələ kimi müzakirəyə qoymuşam. Fərmanlarda irəli sürən vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlar yaradılmışdır.
Onu da qeyd etmək istəyirəm ki, bir müddət öncə imzaladığım bir fərmanda strateji malların ixracı mərkəzləşdirilmiş və məhdudlaşdırılmışdır. O vaxt bu sahədə çalışan vəzifəli şəxslər, o cümlədən də Nazirlər Kabineti, nazirliklər, müəssisə rəhbərləri çox şikayətlənirdilər ki, onların əl-qolu bağlanıb, bu məsələlər mərkəzləşdirilib, sərbəst fəaliyyət göstərə bilmirlər. Halbuki aprelin 5-də verilmiş fərman idxal və ixracın sərbəstləşdirilməsi prinsiplərinə tam müvafiq bir sənəddir və burada əvvəllər qoyulan məhdudiyyətlərin hamısı götürülmüşdür. Özü də nəinki məhdudiyyətlər götürülmüş, həm də bütün əlaqədar müəssisələrə, nazirliklərə, hüquqi şəxslərin hamısına sərbəstlik verilmişdir. Amma çox təəccüblüdür ki, bu məsələlərlə məşğul olan nazirliklərin, müəssisə və idarələrin rəhbərləri həmin imkanlardan istifadə etməmişlər. Ona görə də mən bu fikirlə tam razıyam ki, burada şəxsi mənafelər, şəxsi məqsədlər ümumxalq, milli, dövlət, respublika mənafelərindən üstün tutulur.
Bu, çox dəhşətli haldır. Lakin bu, bir həqiqətdir və bu gün mən bunu deməliyəm, etiraf etməliyəm. Amma bu o demək deyil ki, biz özlərini belə aparan rəhbər vəzifəli şəxslərə daim güzəştə gedəcək, onların bu cür fəaliyyətinə dözəcəyik. Yox, belə olmayacaqdır. Biz demokratiyanı hər yerdə bərqərar etmək niyyətində olduğumuza görə çox sərt tədbirlər görmək istəmirik. Əgər vəzifəli şəxslər öz məsuliyyətini dərk etmirlərsə, xalq, respublika qarşısında öz vəzifələrini yerinə yetirə bilmirlərsə, şübhəsiz biz ən sərt tədbirlərə əl atmaqdan çəkinməyəcəyik. Ona görə də mən bu gün həm ürək ağrısı ilə deyirəm ki, fərmanımız indiyədək həyata keçirilməmişdir, həm də xəbərdarlıq və tələb edirəm ki, o fərmanın icrası ilə məşğul olanlar - istər Nazirlər Kabineti, istərsə də nazirliklər, müəssisələr öz məsuliyyətini bilsinlər və bu məsələlərlə ciddi məşğul olsunlar.
Doğrudan da, diqqətəlayiq təklifdir, həmin məsələləri daha mütəşəkkil həll etmək üçün fövqəladə komissiya yaradılmasına ehtiyac var. Bir komissiya aprelin 5-də yaradılmışdır. Bu, Nazirlər Kabinetinin deyil, prezidentin komissiyasıdır. Ona baş nazirin birinci müavini Fuad Quliyev rəhbərlik edir. Təəssüf ki, bu komissiyanın işi hələ lazımi səviyyədə təşkil olunmamışdır. Odur ki, bu gün mən onun işini tənqid etməyə məcburam. Eyni zamanda mənə gələn məlumatlar göstərir ki, bu komissiyanın fəaliyyətinə də maneçilik törədən qüvvələr var. Ona görə də bu müşavirədə həmin komissiyadan və onun sədri Fuad Quliyevdən tələb edirəm ki, komissiya prezident tərəfindən onun qarşısına qoyulmuş vəzifəni vaxtında və layiqincə yerinə yetirməlidir, bütün maneələri aradan qaldırmalıdır. Əgər buna komissiyanın özünün gücü çatmırsa, onda mən bunun üçün lazımi tədbirlər görərəm.
Lakin fövqəladə bir komissiyanın yaradılması, ixrac edilməyə layiq mallarımızın uzun müddət satılmaması indi, maliyyə vəziyyətimizin doğrudan da ağır olduğu vaxtda bizə çox böyük zərər vurur. O vaxtlar, yəni strateji malların satılması üçün müəyyən bir rejim yaradıldığı zaman şikayətlənirdilər ki, tütün qalıb xarab olmuşdur, satılmır. Aprelin 5-də sərbəstlik verildi. Bəs nə üçün indi o tütün satılmır? Halbuki başqa ölkələrdə bizim tütünü almaq istəyənlər çoxdur. Satılmırsa, deməli, bu işlə məşğul olan adamlar bir tərəfdən, respublikanın iqtisadiyyatına zərbə vurmaq istəyirlər, digər tərəfdən isə, yəqin ki, çirkin məqsədlər güdürlər.
Sonra. Götürək pambıq məhsulunu, mahlıcı. O vaxtlar deyirdilər ki, bu məhsul çürüyüb xarab olur, satılmır. Aprelin 5-də fərman imzalanıb, sərbəstlik verilib ki, məhsul zay olmasın, satılsın. Bu gün iyun ayının 21-dir. Mən bu yaxın günlərdə keçirdiyim müşavirədə Kənd Təsərrüfatı Nazirliyini və naziri pambığın satılması gecikdirildiyinə görə tənqid etdim. Mənə dedilər ki, bağlaşmalar may ayında imzalanıb, amma indiyədək məhsul satılmamış qalır. Açığını deyəcəyəm, mənə hətta belə məlumatlar verilib ki, bir firma ilə, yaxud bir neçə firma ilə bağlaşma imzalanıb, firmaların nümayəndələri gəldikdə isə nazirlikdə onlara müəyyən məqsədlə bir əngəl törədir, yəqin yenə də müəyyən məqsədlə pambıq zavodlarında da ayrı əngəl yaradırlar. Belə olan halda biz xalqımızı, dövlətimizi necə saxlayacağıq? Keçən ilin pambıq məhsulu indiyədək satılmayıb. Halbuki buradan Azərbaycanın xəzinəsinə nə qədər gəlir gələcəyi məlumdur və bu gəlir də xalqın iqtisadi cəhətdən ağır vəziyyətdə olduğu dövrdə onun üçün çox gərəklidir.
Bu günlərdə respublikanın çörəklə və taxıl məmulatı ilə təmin olunmasında böhranlı vəziyyət yaranmışdı. Onu bilməlisiniz ki, son vaxtlar həm Taxıl Məhsulları Şirkətinin, həm də bəzi nazirliklərin işinin yarıtmaz olması nəticəsində, habelə ayrı-ayrı nazirliklər tərəfindən bax, bu cür maneələr törədilməsi nəticəsində xalqı çörəklə təmin etmək üçün imzalanmış bağlaşmalar vaxtlı-vaxtında yerinə yetirilmir. Böhranlı vəziyyət əmələ gəlmişdir. Bəzən də elə olur ki, taxıl, un almaq üçün bağlaşmalar imzalamağa xəzinəmizdə valyuta olmur. Valyuta olmadığına görə biz bu bağlaşmaların vaxtında imzalanmasına icazə verə bilmirik. Halbuki respublikamıza valyuta gətirə bilən mallar - bir neçə yüz milyon dollar dəyərində olan mallar, o cümlədən də pambıq məhsulu indiyədək satılmamış qalır.
İqtisadiyyatın indiki keçid dövründə cürbəcür təbii çətinliklər yaranıb. Bunları aradan qaldırmaq üçün isə biz gərək səriştəlilik göstərək, daha çevik hərəkət edək, kadrlarımız, bütün səviyyələrdən olan rəhbər işçilərimiz öz vəzifələrinə, fəaliyyətinə məsuliyyətlə yanaşsınlar. Amma di gəl ki, ayrı-ayrı qüvvələr, mən bir daha nəzərə çarpdırıram, - ayrı-ayrı qüvvələr və bəzən də, təəssüflər olsun, mafioz qüvvələr vəziyyətimizi daha da ağırlaşdırır, çətinləşdirirlər, mövcud imkanlarımızdan istifadə edilməsi qarşısına çəpər çəkirlər.
Ona görə də mən bu gün, bu müşavirədə öz fikirlərimi açıq bildirirəm və tələb edirəm ki, hərə öz sahəsində öz məsuliyyətini dərk etsin. İndi iqtisadiyyatımızda vəziyyət nə qədər ağır olsa da, xalqın sosial vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün imkanlarımız var. Lakin bu imkanlardan istifadə etmək üçün vəzifəli şəxslər, nazirlər, idarə rəhbərləri, müxtəlif rəhbər işçilər, o cümlədən şəhər, rayon icra hakimiyyəti başçıları gərək doğru-düzgün, ədalətli yollarla getsin, düz işləsin və xalqın mənafeyini, respublikanın mənafeyini hər şeydən üstün tutsunlar. Bu baxımdan mən aprelin 5-də verilmiş fərmanın icrasının sürətlə həyata keçirilməsini bu gün bir vəzifə olaraq qarşıya qoyuram. Eyni zamanda iyunun 15-də imzalanmış fərmanın icrası üçün əlaqədar nazirlik və idarələrdən lazımi tədbirlər görülməsini tələb edirəm.
İyunun 15-də qəbul olunmuş fərmanı hazırlayarkən biz ətraflı fikirləşdik. Çox götür-qoy etdik, ölçüb-biçdik. Belə düşünürəm ki, həmin fərmanın verilməsi məsələni hərtərəfli təhlil etməyimizin nəticəsidir. Fərmanın bir neçə müddəası aydın və konkretdir: minimum əmək haqqının, pensiyaların artırılması, kompensasiyalar verilməsi, neft məhsullarının, çörəyin və taxıl məmulatının qiymətlərinin qaldırılması. Fərmanın digər müddəaları, yəni inflyasiyanın qarşısının alınmasına, iqtisadiyyatımızı islahatlar yolu ilə irəli aparmaq üçün imkan yaradılmasına yönəldilmiş müddəaları bəlkə o qədər də aydın nəzərə çarpmır. Ancaq mütəxəssislər, iqtisadçılar, iqtisadiyyatla məşğul olan orqan və təşkilatlar, şəxslər bunu yaxşı bilir və bilməlidirlər, dərindən öyrənməlidirlər. Odur ki, bu fərmanın ardıcıl surətdə həyata keçirilməsi indi əsas vəzifədir və onu təkcə nazirliklər, maliyyə, iqtisadiyyat idarələri yox, hər bir müəssisə, hər bir rayon və şəhər icra etməyə çalışmalıdır. Rayon və şəhər icra hakimiyyəti başçılarının bu gün buraya dəvət edilməsindən məqsəd budur.
Bu gün çıxışlarda həmin fərmanla əlaqədar kredit məsələsi ortaya çıxdı. Belə hesab edirəm ki, Maliyyə Nazirliyi, banklarımız bu məsələni iki günün içində nəzərdən keçirib, müəyyən tədbirlər görməlidirlər. Güzəştli kreditlərin qadağan olunmasından və əvvəllər bu barədə çıxarılmış qərarların ləğv edilməsindən məqsəd kreditlərdən ayrı-ayrı qrupların sui-istifadə etməsinin qarşısını almaqdır. Təəssüf ki, ötən aylarda ayrı-ayrı kommersiya strukturları, ayrı-ayrı mafioz qruplar belə kreditlərdən istifadə edərək iqtisadiyyatımıza və maliyyə vəziyyətimizə böyük zərbələr vurmuşlar. Ona görə də biz kredit verilməsini qadağan etmişik. Ancaq eyni zamanda kənd təsərrüfatı işlərinin aparılması üçün, taxıl tədarükü üçün müəyyən maliyyə şəraiti yaradılmalıdır. Sözlərim eləcə də başqa məsələlərə aiddir. Odur ki, Maliyyə Nazirliyi, banklarımız, İqtisadiyyat Nazirliyi bu işlərlə məşğul olmalı və lazımi şərait yaratmalıdırlar. Hesab edirəm ki, bütün bunlar imkan daxilindədir və bu işlə məşğul olmaq gərəkdir.
Kənd təsərrüfatı məsələləri bu gün müzakirələrimizdə daha çox yer tutdu. Bu, olduqca əsaslıdır. Mən keçən görüşlərimizdə bu vəzifəni irəli sürmüşdüm və bir daha deyirəm: iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da nicat yolumuz, perspektivimiz, gələcəyimiz iqtisadi islahatların aparılmasındadır. Kənd təsərrüfatında mövcud və on illərlə hakim kəsilmiş strukturu dəyişdirmək bəlkə də asan məsələ deyildir. Ancaq bu o demək deyil ki, biz bu çətinliklərdən qorxub çəkinərək, yaxud çətinlikləri aradan qaldırmağa cürət etməyərək dayanıb vaxt itirməliyik. Mənə dedilər ki, bu barədə layihələr guya təqdim olunub. Ona görə də mən istərdim ki, həm Nazirlər Kabinetində, həm də milli Məclisdə bunlara tezliklə baxılsın. Belə layihələr doğrudan da varsa, onlar həqiqətən işə yarayırsa, diqqətəlayiqdirsə, onda qoy bu barədə lazımi qərarlar qəbul edilsin. Yox, elə deyildirsə, onda qoy onlar təzədən işlənsin, təkmilləşdirilsin. Bir sözlə, biz bu sahədə gecikməməliyik. Amma, nə gizlətməli, çox gecikmişik. Bunu bilmək lazımdır. Bəli, çox gecikmişik. Odur ki, kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar aparılması strateji yolumuzdur və biz bu yolla da getməliyik. Özü də ağıl-kamalla, səriştə ilə. Elə etməliyik ki, hər bir addımımız bizə müsbət nəticələr versin. Lakin eyni zamanda kənd təsərrüfatının mövcud strukturlarından, onun mövcud imkanlarından istifadə edərək məhsul istehsalını artırmalıyıq.
Çox arzu edərdim ki, bu gün burada çıxış edənlərin gətirdikləri rəqəmlər doğru olsun, onlar verdikləri sözün üstündə dursunlar. Amma mən həmin rəqəmləri, deyilən sözləri eşidərkən bir daha yəqin etdim ki, biz keçid şəraitində olsaq da, bu il də kənd təsərrüfatında böyük imkanlarımız var. Ən əvvəl, taxıl istehsalı sahəsində. Biz son aylarda respublikanın əhalisini çörək və taxıl məmulatı ilə təmin etmək üçün çox çətinliklər çəkirik. Valyuta çatmır, onu da tapanda firma tapılmır, firma da tapılanda kim isə gedib bağlaşmanı elə imzalayır ki, bu, min bir şübhə doğurur. Bəzi adamlar xalqın ac qalmasına məhəl qoymayıb, bu bağlaşmalardan necə faydalanmaq, mənfəət götürmək barədə düşünürlər. İnanın ki, bütün bunları görüb eşidəndə insan dəhşətə gəlir. Bir tərəfdən, elə adamlar var ki, çörək tapa bilmir, yaxud da çörək almağa pulu yoxdur. Digər tərəfdən isə bu işlə məşğul olan adamlar məsələni o tərəfə çəkir, bu tərəfə çəkir ki, görsün, bu bağlaşmanın imzalanmasından neçə min dollar götürəcəklər. Bu da həyatımızın reallığıdır. Mən bunu açıq deyirəm. Biz belə halların qarşısını almalıyıq və almağa çalışmalıyıq. Lakin bütün bu hallar bizim ümumi vəziyyətimizi ağırlaşdırır.
Bu il 400 min ton taxıl tədarük etmək üçün real imkanımız var. Ancaq burada dedilər ki, 500 min ton, hətta 600 min ton taxıl əldə edə bilərik. Əgər biz buna nail olsaq, onda yarım il ərzində respublikanı taxılla təmin etmiş olarıq. Zənnimcə, bu, real vəzifədir və biz buna nail ola bilərik.
Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, başqa müvafiq nazirliklər, idarələr bir sözlə, hamı indi taxıl biçini və tədarükünə kömək etməlidir. Əgər ehtiyac olarsa, rayonlara nümayəndələr də göndəririk ki, bu işi əlaqələndirsinlər, kömək etsinlər. Taxıl biçinini qısa müddətdə və yüksək səviyyədə başa çatdıraraq respublikada müəyyən qədər taxıl ehtiyatı yaratmalıyıq. Ona görə də icra hakimlərindən, buraya dəvət olunmuş rayon kənd təsərrüfatı idarələrinin rəislərindən, nazirliklərin rəhbərləri və nümayəndələrindən tələb edirəm ki, bunu əsas vəzifə kimi qəbul etsinlər. Prezident Aparatında, Nazirlər Kabinetində bu işə gündəlik nəzarət olunmalıdır.
Bizdə olan məlumatlar və bugünkü çıxışlar göstərir ki, kənd təsərrüfatının başqa sahələrində - pambıq, üzüm, tütün, tərəvəz, heyvandarlıq məhsulları istehsalı sahəsində də imkanlarımız böyükdür. Burada deyilənlərə əsasən qeyd edirəm ki, şükürlər olsun, kənd yerlərində adamların işə münasibəti yaxşılaşmışdır, pozuculuq, dağıdıcılıq meylləri tamamilə aradan qaldırılmasa da, hər halda azalmışdır.
Belə hesab edirəm ki, biz bu il bol pambıq məhsulu götürməliyik. Bunun əhəmiyyəti çox böyükdür. Çünki pambıq bizim ən başlıca strateji ixrac məhsullarımızdan biridir. Başqa sözlə, pambıqçılıq təkcə bu işdə çalışanlar üçün deyil, respublikanın bütün əhalisi üçün lazımlı sahədir. Ona görə də mən pambıqçılıq rayonlarının rəhbərlərinə və müvafiq nazirliklərin başçılarına müraciət edirəm ki, bu sahədə işi gücləndirsinlər.
Bu deyilənlər üzümçülüyə də aiddir. Bilirsiniz ki, indi şərabçılıq məhsulları bir tərəfdən çox baha satılır, ikinci tərəfdən isə, burada dediyi kimi, yığılıb qalır. Şübhəsiz, bu maneə aradan götürüləcəkdir və kimlərinsə öz məqsədləri üçün nə isə etməsinə imkan verməyəcəyik. Üzümçülük iqtisadiyyatımız üçün və ixracımız üçün mühüm sahə olduğuna görə üzüm bağlarına lazımi diqqət yetirilməlidir.
Bir sözlə, bu iki hava şəraiti və indiyədək görülən işlər keçən illərə nisbətən kənd təsərrüfatında daha çox məhsul götürməyə əsas verir və biz buna nail olmalıyıq.
Ancaq eyni zamanda bütün bu və başqa işləri lazımi səviyyədə görmək üçün hər yerdə möhkəm nizam-intizam olmalıdır. Etiraf etmək lazımdır ki, son illər nizam-intizam pozulub, adamların bir qisminin əxlaqı korlanıb. Ayrı-ayrı meyllər cəmiyyətimizdə bəzi pozucu hallara gətirib çıxarmışdır. Bunlara son qoyulmalı, tələbkarlıq artırılmalı, qanunçuluq möhkəmləndirilməli, cinayətkarlığa qarşı mübarizə gücləndirilməlidir. Cinayətkarlıq, xalqımızı narahat edən hallardan biridir və onun kökünü kömək üçün çox işləmək lazımdır.
Bütün bu işləri görmək üçün vəzifəli şəxslər özləri nümunə olmalıdırlar. Təəssüf ki, belə deyildir. Bəzi rəhbər vəzifəli şəxslər qanunları pozur və belə hesab edirlər ki, istədiklərini edə bilərlər. Çünki indiyə qədər etmişlər. Ancaq biz bunlara yol verməyəcəyik. Belə hallar var, mən bunların hamısı üzərində dayanmaq istəmirəm. Lakin çox təəccüblü və həddindən artıq narahatedici bir halı qeyd etmək istəyirəm. Bir müddət öncə biz məlumat aldıq ki, Tərtər rayonundan gəlmiş silahlı adamlar axşam və ya gecə vaxtı Bərdə rayon icra hakimiyyətinin başçısı Azay Abdiyevi zorla evindən çıxararaq Tərtərə aparmışlar, onu orada zirzəmiyə salaraq təzyiq göstərmişlər. Səhərisi gün belə məlumat alındı ki, bu işlə məşğul olan Tərtər rayon icra hakimiyyətinin başçısı Sərdar Həmidov, Ağdam rayon icra hakimiyyətinin başçısı Səyavuş Vəliməmmədov və onların ətrafında olan bir neçə hərbçi imiş. Bu, dəhşətli haldır. Necə deyərlər, insanlar gərək nə qədər məsuliyyətsiz olsunlar, yaxud da öz həddini aşsınlar ki, bu yola əl atsınlar. Daxili İşlər Nazirliyi və prokurorluq bu işlə məşğuldur. Baş prokuror mənə məlumat verdi ki, bu hadisədə iştirak edən dörd nəfər hərbi qulluqçu həbs edilərək məsuliyyətə cəlb olunmuşdur. Ancaq, axı, həmin hərbçilər bu işi özbaşına görə bilməzdilər. Məlumat verilmişdir ki, icra başçıları Sərdar Həmidov və Səyavuş Vəliməmmədov həmin vaxt sərxoş olmuşlar və bu işi təşkil etmişlər.
Biz belə hallara dözə bilmərik, qətiyyən dözə bilmərik. Heç kəs fikirləşməsin ki, indiyədək belə işlər bağlanmışdır, yaxud da kim isə qoçuluq etmişdir və qoçuluq davam edəcəkdir. Hamı qanun çərçivəsində işləməliyik. Qanunu pozan adamlar vəzifəsindən, keçmiş xidmətindən asılı olmayaraq cavab verməlidirlər. Şübhəsiz ki, inzibati orqanlar bu barədə tədbir görəcək, qanunu pozan adamlar məsuliyyət daşıyacaqlar.
Sözsüz ki, biz də bundan lazımi nəticələr çıxarırıq. Ancaq mən bu hadisə haqqında məlumat verərək - baxmayaraq ki, bu hadisə barədə məlumat yəqin bütün respublikaya yayılmışdır, - hamını xəbərdar etmək istəyirəm: heç bir vəzifəli şəxs qanundan kənara çıxa bilməz. İstər baş nazir olsun, istər nazir. İstər icra hakimiyyətinin başçısı olsun, - fərqi yoxdur. Əgər biz demokratik dövlət qururuqsa, demokratiya yolu ilə gediriksə, deməli, heç kimin qanunu pozmağa ixtiyarı yoxdur. Onu pozanlara qarşı isə, şübhəsiz ki, qanun tətbiq edilməlidir. Güman edirəm ki, bundan hər kəs özü üçün nəticə çıxaracaq, son vaxtlar cəmiyyətimizdə nizam-intizamın möhkəmləndirilməsinə, mənəvi saflığa doğru irəliləyiş bundan sonra da davam edəcək və biz cəmiyyətimizdəki mənfi halların aradan qaldırılmasına get-gedə nail ola biləcəyik.
Burada çıxış edənlər bir neçə başqa məsələ də qaldırdılar. Mən bunları təkrar etmək istəmirəm. Nazirlər Kabinetinə, şəxsən Abbas Abbasova, nazirliklərə, ilk növbədə kənd təsərrüfatı nazirinə, Prezident Aparatının işçilərinə, müşavirələrə, xüsusən Arif Rəhimzadəyə və başqalarına tapşırıram ki, burada qaldırılan bütün məsələlərə üç gün müddətində baxılıb, lazımi tədbirlər görülsün və bu barədə mənə yazılı məlumat verilsin.
Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün, torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava və su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Dünyada heç bir müstəqil dövlət ordusuz yaşaya bilməz, xüsusən də yenicə müstəqillik qazanmış və belə mürəkkəb regionda yaşayan Azərbaycan dövləti. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur. Biz bunu bilməliyik. Xüsusən müstəqillik haqqında həddindən artıq düşünən, müstəqillik arzusunda olan adamlar bilməlidirlər ki, güclü ordusuz müstəqillik ola bilməz.
Əgər münaqişə başlanandan bizim ordumuz olsaydı, gücümüz olsaydı, respublikanın güclü imkanları olsaydı, belə vəziyyət yaranmazdı. Tarix bunu göstərmişdir. Ancaq bizim gəncləri təşkil etmək, öyrətmək, onlarda hərbi vətənpərvərlik hissini yüksəltmək və onları hərbi peşəyə cəlb etmək işi neçə illər özbaşına buraxılmışdır. Əgər bu vəziyyət indi də davam edərsə, bilin ki, bizim nə müstəqilliyimiz olacaq, nə də Azərbaycan olacaq. Çünki bizim əhatəmiz çox mürəkkəbdir, bunu bilirsiniz. Dünyada o cümlədən keçmiş Sovet İttifaqının ərazisində gedən proseslər bir-iki illik proseslər deyil, bunlar davam edəcəkdir. Buna görə də ordunu yaratmaq, onun həqiqi orduya, torpaqlarımızı etibarlı müdafiə edə bilən qüdrətli orduya çevirmək bizim müqəddəs borcumuzdur. Ola bilər çörəyimiz də olmasın, yeməyimiz də olmasın. Ola bilər ac qalaq, ola bilər paltarımız da olmasın, amma gərək ordumuz olsun.
Bir tərəfdən təəccüb doğurur, digər tərəfdən təəssüfləndirir, üçüncü tərəfdən isə insanı hiddətləndirir: başqa ölkələrdən Ermənistana gedib-gələn adamlar danışırlar ki, Yerevanda bütün ağaclar kəsilmişdir, çünki qışda yanacaqları olmamışdır. Ermənistanda hər adama gündə talonla 300 qram çörək verirlər, elektrik enerjisi yoxdur. Xaricdən gələn qonaqlar mənə danışırlar ki, Yerevanda mehmanxanaya gedirik, ancaq işıq yoxdur. Ən qıt şey şamdır. Kimin şamı varsa, gecə onun işığında otura bilir. Yəqin sizin də tanışlarınız var, ola bilər, onlar da Ermənistandakı bu ağır vəziyyət barədə sizə danışmışlar. Lakin onlar belə ağır vəziyyətə dözürlər, özü də torpaqlarını müdafiə etmək üçün yox, əksinə, gəlib bizim torpağımızı işğal etmişlər. Öz vətəndaşlarını, gənclərini gətirib burada, Azərbaycanda qırdırırlar. Özü də istədiklərinə nail olmaq - Dağlıq Qarabağı Ermənistana birləşdirmək, bundan sonra isə "Böyük Ermənistan" yaratmaq planlarını həyata keçirmək üçün.
Biz bunu bilməliyik, düşünməliyik, yoxsa yox? Bir dəfə tanınmış bir jurnalist gəlmişdi, bir müddət əvvəl Yerevanda olmuşdu. O mənə dedi ki, iki-üç gün sizin şəhəri gəzdim. Bakı Yerevanla müqayisədə elə bil kurortdur. Siz burada sanki kurortda yaşayırsınız.
Həqiqətən də belədir. Ancaq gələn fikirdəyik. Ermənilər bütün əzab-əziyyətlərə dözərək altı ildir ki, istəyirlər bizim torpaqlarımızı ələ keçirsinlər. Buna da müəyyən qədər nail olublar, torpaqlarımızı işğal ediblər. Biz isə istəyirik ki, həm yemək-içmək olsun, həm paltar olsun, nə bilim, daha nə olsun, kim isə də gedib orada vuruşsun və torpaqlarımızı qorusun. Ay qardaş, ay vətəndaş, sən öz Vətənini, öz evini, ailəni, valideynlərinin məzarlarını qorumalısan. Ona görə də hər şeydən çox bu işlə məşğul olmalısan.
Hərbi komissarlıqların işi bu gün də qeyri-qənaətbəxşdir. Orada hərc-mərclik davam edir. Mən bunu müdafiə nazirinə dəfələrlə demişəm və bu gün də sisin hüzurunuzda deyirəm. Orduya gedən ancaq yoxsulların uşaqlarıdır. Varlıların uşaqları orduya getmirlər. Nə üçün? Nəhayət, mənə siyahı veriblər. Mən onu burada elan etmək istəmirəm, lakin hərbi komissarlığa, prokurorluğa, başqa inzibati orqanlara verəcəyəm. Orduya getməyənlərin özlərini deyil, onların valideynlərini məsuliyyətə cəlb etmək lazımdır. Çünki özləri gəncdirlər, başa düşmürlər.
Mən icra hakimiyyəti başçılarından, hərbi komissarlardan, polis rəislərindən. Prokurorlardan, bu işlərlə məşğul olan nazirlərdən tələb edirəm ki, ordu sıralarını kompleksləşdirmək üçün verilən tapşırıqları qısa müddət ərzində yerinə yetirsinlər. Bilin, bu, taxıldan da, pambıqdan da, neftdən də daha mühüm vəzifədir.
Əgər həqiqi mənəviyyatdan danışırıqsa, xalqımızın bu ağır vəziyyətində ümumi səviyyədən yaşamağa heç kəsin haqqı yoxdur. Müharibəni qurtarırıq, ondan sonra kim çox qazanarsa varlı yaşayar, az qazanan kasıb dolanar. Amma indi, müharibə gedən bir vaxtda bəzən cəbhədə əsgərlərə ərzaq çatışmır, qaçqınlar bəzən bəlkə çörək belə tapa bilmirlər, kasıb adamların çörək almağa da pulu yoxdur. Bəzi adamların isə kefdən başları açılmır. Bütün bunlar ona görədir ki, ayrı-ayrı adamlar oğurluqla, dövlətin, xalqın malını mənimsəməklə, cürbəcür başqa çirkin əməllərlə məşğuldurlar.
Ona görə də mənfi halların qarşısını almaq üçün orduya göstərilən yardım mərkəzləşdirilməlidir. Bilinməlidir ki, yardım kimə göndərilir və haraya göndərilir.
Bununla yanaşı onu da demək istəyirəm ki, hər bir icra hakimiyyəti başçısı, hər bir müəssisə, hər bir imkanlı şəxs orduya yardım etməyə borcludur. Lakin bunu elə etmək lazımdır ki, həmin yardım doğrudan da orduya, əsgərlərə, xüsusən səngərdə olan döyüşçülərə çatsın.
Rayonların cəbhə bölgəsində, yaxud kənarda yerləşməsindən asılı olmayaraq icra hakimiyyəti başçıları respublikanın müdafiəsi üçün eyni dərəcədə məsuliyyət daşıyırlar. Ona görə də respublikanın müdafiəsi ilə bağlı məsələlərin həlli icra hakimiyyəti başçılarının ən əsas vəzifəsidir və onlar bunu hər gün diqqət mərkəzində saxlamalıdırlar. Bundan ötrü yuxarıdan göstəriş gözləmək lazım deyil. Onlar daim düşünməlidirlər ki, qələbəmiz üçün daha nə etmək lazımdır.
Cəbhə bölgəsində olan rayonların icra hakimiyyəti başçılarının məsuliyyəti daha böyükdür. Onlar bəzən ordunun işinə qarışırlar. Mən istərdim ki, belə olmasın. Amma bəzən də onlar ordunun, döyüşçülərin vəziyyətinə biganə qalır, lazımi kömək göstərmirlər. Şübhəsiz ki, belə də yaramaz. Mənə belə gəlir ki, vəzifələr aydındır. Artıq danışmağa ehtiyac yoxdur. Sağ olun. Hamınıza müvəffəqiyyətlər arzulayıram.