Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin iş adamları ilə görüşdə çıxışı - İstanbul, "Ceylan interkontinental" oteli, 14 fevral 1998-ci il


Hörmətli prezident, əziz dostum, qardaşım, cənab Süleyman Dəmirəl!

Hörmətli dostlar, qardaşlar, bacılar!

Mən sizi ürəkdən salamlayıram. Sabahınız xeyir olsun!

Mən bu gün ikinci gündür ki, Türkiyədəyəm, İstanbuldayam. Burada mənim birinci görüşüm əziz qardaşım Süleyman Dəmirəl ilə birlikdə sizinlədir. Mən sizin hamınıza həyatınızda səadət və bütün işlərinizdə uğurlar arzulayıram. Türkiyə böyük iqtisadi potensiala malik bir ölkədir. Türkiyənin iqtisadiyyatı həm Türkiyənin içində, həm də dünyanın bir çox ölkələrində Türkiyə Cümhuriyyətinin inkişaf etməsinə xidmət edir və burada Türkiyənin iş adamlarının, sənayeçilərinin xidməti çox böyükdür. Mən sizə bu işlərinizdə daha da çox uğurlar diləyirəm. Azərbaycan ilə Türkiyə arasında yaranmış dostluq, qardaşlıq əlaqələri günü-gündən inkişaf edir və əminəm ki, Bizim gələcək dostluq, qardaşlıq yolumuz da işıqlıdır, aydındır, parlaqdır. Biz birlikdə çox xoşbəxtik.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra iqtisadiyyatının bütün sahələrində ciddi dəyişikliklər edir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Azərbaycan keçmiş iqtisadiyyatı pozaraq öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri üzərində qurur. Azərbaycanda sahibkarlığa, sərbəstliyə böyük yer verilibdir. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir. Azərbaycanın xarici ticarəti tamamilə liberallaşdırılıbdır və ölkəmizə xaricdən investisiya sərmayə gəlməsi üçün böyük imkanlar yaranıbdır. Bunun üçün çox dəyərli qanunlar qəbul olunubdur və bundan sonra da qəbul ediləcəkdir. Bu işləri görmək üçün bir, iki, üç il yetərli deyildir.

Türkiyənin tarixinə nəzər salsaq, o, bugünkü gününə qədər 70 ildən artıq bir yol keçibdir. Əgər bu yolun birinci hissəsində o qədər də inkişaf olmayıbsa, son hissəsində inkişaf edibdir. Biz dünən İstanbul hava meydanından helikopterlə buraya gələrkən əziz dostum Süleyman Dəmirəl mənə İstanbulun bəzi görkəmli binalarını göstərdi. O, mənə bir otel göstərdi. Dedi ki, 1955-ci ildə baş bakan Adnan Menderesin təşəbbüsü ilə tikilmişdir. O vaxta qədər İstanbulda belə bir otel yox idi. İndi isə İstanbulda 30-dan artıq beşulduzlu otel var. Amma ehtiyac daha da çoxdur. Təsəvvür edin, Türkiyədə Osmanlı imperatorluğunun 600-700 illik tarixi var. Türk xalqının min illərlə tarixi var. Türkiyə Cümhuriyyətinin yetmiş ildən artıq tarixi var. Amma əgər İstanbulda - Türkiyənin ən böyük şəhərində ilk böyük otel 1955- ci ildə tikilibsə və ondan sonra tikilən otellərin yanında o otel kiçik bir şey, yəni liliput kimi görsənirsə, indi görün ki, nə qədər zaman lazımdır. 1955-ci ildən 1998-ci ilə qədər nə qədər vaxt keçibdir. Amma Azərbaycan cəmi altı ildir ki, müstəqillik içində yaşayır.

Əlbəttə, Azərbaycanın xoşbəxtliyi ondan ibarətdir ki, Azərbaycan Sovetlər Birliyinin içində, sovet imperiyasının içində olduğu zaman da Azərbaycanın iqtisadiyyatı çox inkişaf etmişdi. Azərbaycanın böyük sənayesi var. Azərbaycanın böyük iqtisadi potensialı var. Azərbaycanın təbii sərvətləri var. Azərbaycanın çox dəyərli, istedadlı alimləri, mühəndisləri, mütəxəssisləri var. Ancaq bunlar hamısı keçmiş sovet iqtisadiyyatı sistemində yaşayıb və belə bir sistem qurublar. Biz indi bu sistemi dağıdırıq, yeni bir sistem qururuq. Bu dövrün özü çox ağır, çətin bir dövrdür. İnsanların beynində, psixologiyasında dəyişikliklər etmək lazımdır. Əgər insan, - hesab edin ki, bir ayaqqabı tikən, yaxud çarıq tikən 70 il bir istiqamətdə tikibsə, indi elə etmək lazımdır ki, əks istiqamətdə tiksin. Amma 70 il bu adamm əli belə öyrənibdir, bunu əks tərəfə öyrətmək asan deyildir. Amma biz bunu çox sürətlə edirik. Nə üçün sürətlə edə bilirik? Çünki, birincisi, bizim buna istəyimiz var. Biz inanmışıq ki, bazar iqtisadiyyatını, yeni iqtisadi sistemi, yəni inkişaf etmiş dövlətlərin iqtisadiyyatında olan təcrübəni tətbiq etmək lazımdır, Türkiyənin təcrübəsini tətbiq etmək lazımdır. İkincisi, biz bu müddətdə insanları inandıra bilmişik ki, keçmişdə nə qədər nailiyyətlər əldə etmiş olsaq da, bizim böyük imkanlarımız xalqın rifahına yönəldilməyibdir. İndi isə biz bazar iqtisadiyyatını, sərbəst iqtisadiyyatı tətbiq edəndən sonra onun nəticələrini görürük. Məsələn, təsəvvür edin, Azərbaycanda sovet hakimiyyəti qurulanda respublikamızın bütün torpaqları dövlətin əlinə keçibdir, kolxozlar, sovxozlar yaradılıbdır. İnsan torpaqdan ayrılıbdır, torpaq mülkiyyəti onun əlindən alınıbdır. Biz torpaq islahatı, torpaqların şəxsi mülkiyyətə verilməsi barədə qanun qəbul etdik. Torpağın şəxsi mülkiyyətə verilməsi, ona satıb-almaq hüququ verilməsi, başqa bir insana vermək hüququ haqqında qanunlarımız var. Təsəvvür edin, Sovetlər Birliyində olmuş digər ölkələrdə, o cümlədən Rusiyada hələ indiyə qədər belə bir qanun qəbul edilməyibdir. Bəzi islahatçılar bunu qəbul etmək istəyiblər, amma mühafizəkarlar, yəni kommunistlər bunun əleyhinə çıxırlar. Bunu edə bilmirlər. Amma biz bunu etdik, bizim cəmiyyətimiz bunu qəbul etdi. Artıq biz torpaqları insanların, kənddə yaşayanların şəxsi mülkiyyətinə verdik. Qısa bir zamanda bunun nəticəsini gördük. Mal-qara insanların şəxsi mülkiyyətində deyildi, kolxozda, sovxozda idi. Mal-qaranı, heyvanları onlara verdik və iki ilin içərisində heyvanların sayı da, məhsulu da, çəkisi də artdı. İndi bizdə ət, süd problemi və başqa problemlər yoxdur. Yəni bu islahatları cəsarətlə həyata keçirərək onun nəticəsini əldə edirik. Gərək hər bir insan bunun nəticəsini görsün ki, buna inansın. Biz onları inandıraraq bu yol ilə gedirik. Başqa sahələrdə də özəlləşdirmə prosesi gedir. Biz kiçik və orta müəssisələri, ticarət, məişət xidməti və başqa xidmətlərin hamısını özəlləşdirmişik. İndi böyük müəssisələri özəlləşdiririk. Özəlləşdirmə prosesi gedir və gedəcəkdir. İki-üç il də lazımdır ki, biz özəlləşdirməni aparaq. Təsəvvür edin, Türkiyə Cümhuriyyətində özəlləşdirmə hələ indiyə qədər də davam etdirilir. Bəziləri belə hesab edirlər ki, bu islahatlar nə üçün tez həyata keçmir. Bu elə bir şey deyil ki, gedib bazardan ət-süd alasan, yaxud da gətirəsən, yaxud da gətirdin, qoydun, bişirdin, yedin - qurtardı. Bunların hamısı üçün vaxt lazımdır. Biz bu vaxtdan səmərəli istifadə edirik və edəcəyik. Ona görə də Türkiyənin modeli bizim üçün örnəkdir. Türkiyə bizim üçün çox əzizdir, hörmətlidir. Biz bundan istifadə edirik və Türkiyənin iş adamlarının Azərbaycana gəlməsi, Azərbaycanda cəsarətlə iş görməsi bizim bu işlərimizi daha da sürətləndirəcək və gücləndirəcəkdir.

Artıq Azərbaycana xarici sərmayə gəlir. Xarici sərmayə birinci növbədə bizim neft-qaz sənayemizə gəlir. Məsələn, keçən il, 1997-ci ildə Azərbaycana bir milyard üç yüz milyon dollar xarici sərmayə gəlibdir. Bunun bir milyard dolları neft sənayesinə qoyulubdur. Bilirsiniz ki, biz müqavilələr imzalamışıq. Xəzər dənizinin Azərbaycan sektorunda və Azərbaycan ərazisinin başqa yerlərində böyük neft yataqları xarici dövlətlərin, xarici şirkətlərin müştərək işi nəticəsində gələcəkdə böyük imkanlar açacaqdır. Biz bu sahədə Türkiyə ilə əməkdaşlıq edirik. "Türk Petrolları" şirkəti Azərbaycanda üç müqavilədə iştirak edir. Onun birinci müqavilədə 6,75 faiz payı vardısa, indi 16 faizdən artıqdır. Əziz dostum Süleyman Dəmirəl də mənə müraciət etmişdi. Mən çalışıram yeni müqavilələrdə "Türk Petrolları" şirkətinə yenə də geniş bir yer verək. Amma Türkiyə ilə bizim neft-qaz sahəsində işimiz təkcə Türkiyə şirkətinin gəlib Azərbaycanda pay alması deyildir. Ən əsas məsələ bütün Xəzər dənizində - Xəzərin təkcə Azərbaycan sektorunda yox, Qazaxıstan, Türkmənistan sektorlarında, Orta Asiyada da çıxarılan, hasil edilən neftin dünya bazarlarına ixrac olunması, Türkiyəyə çatdırılmasıdır. Siz bilirsiniz ki, bunun üçün bir çox yollar vardır. Neçə ildir ki, biz boru kəmərinin haradan getməsini araşdırırıq. Bu, təkcə bizim işimiz deyildir, bütün dünya bu işə qarışıbdır. Avropa Birliyi, Dünya Bankı, Avropa Bankı, ABŞ bu işə qarışıbdır. Burada böyük maraqlar vardır. Qonşu ölkələrin də maraqları vardır. Amma bu maraqların hamısı ilə bərabər, əsas istiqamətimiz, əsas yolumuz - mən bunu demişəm və bu gün də deyirəm, - Xəzər dənizindən çıxan neft, Azərbaycan nefti və bütün neftlər, o cümlədən qaz Azərbaycan üzərindən Türkiyəyə gəlməlidir. Bakı-Ceyhan boru xəttini çəkib axıra çatdırmalıyıq. İlk müqavilə imzalananda Bakı-Ceyhan boru xəttinin təxminən 40 milyon ton neft tutumu nəzərdə tutulmuşdusa, indi isə artıq Qazaxıstanda, Xəzər dənizinin başqa sektorlarında gözlənilən nefti nəzərə alaraq, - mən buraya gələndə dedilər 50 milyon ton, amma dünən buradakı danışıqlardan bir daha duydum ki, belə bir layihə də var ki, 70 milyon ton - neftin boru vasitəsilə ixrac edilməsi təmin olunsun. Əsas məsələ budur. Amma bu, tamam deyildir. Məsələn,

Türkiyəyə qaz lazımdır. Türkmənistanın qazı çoxdur və Xəzər dənizindən də çox qaz çıxacaqdır. Amma bu qazı Türkmənistan bir yerə göndərə bilmir. Türkiyə istəyirdi qazı İrandan alsın. Bu, mümkün olmadı. Əziz dostum Süleyman Dəmirələ də öz fikirlərimi demişəm, Baş nazir Məsud Yılmazla da bu barədə danışmışıq, dünən də danışdıq. Mən hesab edirəm ki, qaz kəmərini də Xəzər dənizindən Türkiyəyə gətirmək lazımdır. Bu həm Türkiyə üçün, həm də Türkiyədən sonra

Avropa üçün, digər ölkələr üçün lazımdır. Bunlar real fikirlərdir. Bunlar bir neçə ildən sonra artıq reallığa çevriləcəkdir. Bunlar bizim birgə işlərimizdir. Bu sahədə çox işlər görülür.

Hörmətli prezident Süleyman Dəmirəl Transqafqaz magistralı haqqında dedi. Bilirsiniz, 1997-ci ilin may ayında biz Sərəxsdə bu Transqafqaz magistralı barədə müqavilə imzaladıq. Üstündən bir ilə yaxın vaxt keçibdir. Bu müddət içərisində oradan yüklərin daşınması - Mərkəzi Asiyadan Avropaya Azərbaycan üzərindən, Gürcüstan üzərindən, Türkiyə, Qara dəniz üzərindən dörd dəfə artıbdır. Əgər ilk dəfə bu müqaviləni dörd dövlət imzaladısa, indi buna bütün Mərkəzi Asiya ölkələri, Avropa ölkələri - Ukrayna, Rumıniya, Bolqarıstan, Almaniya, Moldova - hamısı qatılıblar. Bunların da yolunun hamısı Türkiyədən gəlib keçir, Qara dənizdən gəlib keçir. Bu, çox böyük gələcəyi olan bir layihədir. Burada da biz yenə iş birliyindəyik. Bunlar böyük, yəni qlobal, dünya miqyasında olan layihələrdir. Amma Türkiyənin iş adamlarının Azərbaycanda sənaye sahəsində, telekommunikasiya, inşaat, ticarət, kənd təsərrüfatı və s. sahələrdə görə biləcəyi çox işlər vardır. Məsələn, indi özəlləşdirmə gedir. Bu özəlləşdirmə prosesində Türkiyənin iş adamları iştirak edə bilərlər. Onların bəziləri iştirak edirlər, bəziləri gəlib yer alıblar. Mən yenə də dəvət edirəm ki, siz gələsiniz.

Türkiyənin iş adamları bəzən bizim qanunlar çərçivəsində imkan yaranmadığından şikayət edirlər. Bu şikayətlər ola bilər. Ancaq bilirsiniz, hesab edin ki, biz böyük bir cığır içərisindəyik. Biz bu cığırı, yolu aça-aça gedirik. Əlbəttə, bu cığırı açanda qarşısına daş da, kəsək də, qaya da çıxacaq, - bunlar olacaqdır. Bunlardan qorxmaq lazım deyil. Əsas odur ki, biz irəliyə gedirik və gedəcəyik. Bizim əsas tərəfdaşımız Türkiyədir, Türkiyənin iş adamlarıdır. Mən Türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm. Məsələn, "Koç" qrupu gəlib Bakıda "Ramstor" kimi böyük mağaza tikibdir. İndi bu, Azərbaycanın ən görkəmli mağazasıdır. Bakıda iki milyondan artıq insan yaşayır. Hamı ora gedir. Onun yanında hansısa bir türk şirkəti yeni bir fransız mağazası tikdi. Mənə dedilər ki, belə bir mağaza Türkiyədə təkcə İstanbulda var, ikincisi də Bakıda açıldı. Çox gözəl. Mən bunun açılışında da iştirak etdim. İndi insanlar bundan istifadə edirlər. Başqa şeylər də tikirlər. Bayraqdar gəlib şəhərin ən gözəl yerində dörd bina tikibdir. O yeri mən 30 il idi qoruyub saxlayırdım. Həmin yeri ona verdim. Süleyman bəylə biz onun təməl daşını qoymuşduq. İndi binalar hazırdır. Bəzən görürəm işıqlar yanır, insanlar da yaşayır. Amma Bayraqdara dedim ki, sən bunu mənsiz etmisən. Evi tikmək istəyəndə gəlib məndən icazə aldın, amma istifadəyə verəndə məndən icazə almamısan. Bunların hamısı olur və olacaqdır.

Əziz dostlar, əziz qardaşlar. Azərbaycanda insanlar yeni, bazar iqtisadiyyatına qatılırlar. Burada cürbəcür qanun pozuntuları ola bilər. Bəzi insanlar bunu anlamadan vəzifəsindən sui-istifadə edə bilərlər. Korrupsiya, rüşvət və s. olur və var. Bunlardan Türkiyə də xilas olmayıbdır, Azərbaycan da xılas olmayıbdır. Bunların qarşısını birlikdə almaq lazımdır. Ona görə də Azərbaycana gələn iş adamları gərək sağlam əlaqələr qursunlar, heç kəs çirkli iş görməsin, Azərbaycandakılar da görməsinlər. Bizim yeni həyatımızda insanlar dollar görmədiyi halda indi bizdə dollar var, başqa bir şey görmədiyi halda, başqa bir şey var. Bilirsiniz, belə şeylər insanları yolundan çıxarır. Bunların birincidən qarşısını almaq lazımdır. Mən həmişə demişəm, - insan halal qazanc əldə etməlidir. Haram qazanc heç vaxt xeyir verə büməz. Hər şeydə halallıq olmalıdır. Əziz qardaşlar, bilin, mən Azərbaycanda ömrüm boyu təmizlik, düzlük, dürüstlük, halallıq tərəfdarı olmuşam. Bu gün də Azərbaycanı bu yol ilə aparmaq istəyirəm. Bu, çətin bir yoldur. İnsanlarda pis işlərə meyl daha çoxdur, nəinki təmiz, yaxşı işlərə. Bu da təbiidir. İnsanın təbiəti belədir. Mən insanın təbiətini bilirəm. Əziz dostum Süleyman bəy də, mən də həyatımızda çox şeylər görmüşük. İnsan təbiətini də bilirik. Ancaq bizim borcumuz budur ki, bu pis şeylərə, haram şeylərə yol verməyək, hər işi halallıqla edək. Məsələn, indi burada, Türkiyədə belə susurluq yaranıbdır. Bakıya "İmperial" şirkəti gəlibdir. "Avropa" oteli tikilib. Onu orada başqaları tikiblər. Onlara kirayəyə, icarəyə veriblər. Amma qanun pozuntuları olubdur. Bunlar bunu doğru araşdırmaq əvəzinə yanlış bilgilər veriblər. Mən demişəm ki, belə şey olmaz. Qardaşlıqda, dostluqda, bizim ölkələrimiz arasında olan əlaqələrdə belə şey olmaz. Azərbaycanda bunu araşdırdıq. Mən bir komissiya yaratdım. Komissiyanın gördüyü işlər iki gün bundan öncə hər yerdə, Türkiyədə də yayıldı. Görün bizim xarici işlər naziri Həsən Həsənov nə edib, - çox təcrübəli bir insan çox pis işlərə qatılmışdır. Onun özünün günahından. Mən də onu cəzalandırdım. Qoy işdən getsin. İşləməyəcək. Yəni xarici işlər naziri kimi bir insan, mənim 25 ildir tanıdığım bir insan əgər pis işə gedibsə, haram işə gedibsə, o, çalışa bilməz, işləyə bilməz. Bu şeyləri aydınlaşdırmaq lazım idi. Aydınlaşdırdıq və bunu etdik. Bundan sonra da edəcəyik. Yəni mənim üçün deyil, - iş adamlarına deyirəm, - Azərbaycanda sağlam iş görən adam mənim gözümün üstündədir. Amma gəlib Azərbaycanda haram iş görən adam bu gün də olmasa, yaxud sabah da olmasa, bir neçə vaxtdan sonra aşkara çıxacaqdır. Mən hesab edirəm ki, bizim içimizdə problemlər çoxdur, bu problemləri özümüz həll edirik. Amma bizə kənardan problem gətirmək lazım deyil - Mən sizdən bunu rica edirəm.

Azərbaycanda iş görmək üçün əsas şərtlərdən biri Azərbaycanın içində olan sabitlikdir. Əziz dostum Süleyman Dəmirəl bunu çox gözəl söylədi. Azərbaycan altı il içərisində nə qədər sınaqlardan, ağır yollardan keçdi. Biz iki dəfə dövlət çevrilişinin qarşısını aldıq, silahlı dəstələrin qarşısını aldıq. İndi dövlətimiz yaşayır, ana yasamız - Konstitusiyamız, parlamentimiz, qanunlarımız var. Azərbaycanda ictimai-siyasi vəziyyət sərbəstdir, sakitdir, sabitlik yaranıbdır. Bütün qanunlar var, bu gün olmayan qanunlar da sabah olacaqdır və birlikdə iş aparacağıq. Ona görə də mən sizi bir daha Azərbaycana dəvət edirəm. Çəkinməyin, Azərbaycandan uzaqlaşmayın, Azərbaycana yaxınlaşın. Mən o qədər istəyirəm ki, Azərbaycana türk şirkətləri qoy çox gəlsin, bir-biri ilə sağlam rəqabət aparsınlar. Kim daha da yaxşı iş görə bilər - o, iş görmək hüququ alsın. Mən bunların hamısını dəstəkləyəcəyəm. Biz Türkiyədə görülən işlərə daim heyranlıqla, sevgi ilə, məhəbbətlə baxırıq. Türkiyə bizim üçün dost, qardaş ölkədir. Türkiyənin hər bir vətəndaşı bizim üçün əziz insandır. Biz bundan sonra Türkiyəyə daha da yüksəliş arzu edirik, Türkiyə xalqına daha da rifah arzu edirik. Türkiyənin parlaq gələcəyinə inanırıq. Mən Azərbaycanın Türkiyə ilə dostluğunun, qardaşlığının parlaq gələcəyinə əminəm. Sizin hamınıza cansağlığı arzu edirəm, bütün işlərinizdə uğurlar arzu edirəm. Sağ olun.