"Uoll Strit cornal" qəzetinin müxbirlərinə Azərbaycan Prezidenti Heydər Əliyevin müsahibəsi - Nyu York, 28 iyul 1997-ci il


Heydər Əliyev: Hörmətli cənablar! Mən "Uoll Strit cornal" qəzetinin bu gün bura toplaşmış müxbirlərini salamlayır və onların simasında ölkəmizin həyatına dair maraqlı yazılar dərc etdirən bütün ABŞ jurnalistlərinə təşəkkürümü bildirirəm.

ABŞ prezidenti cənab Bill Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərimə böyük əhəmiyyət verirəm və əmin olduğumu bildirirəm ki, bu səfər ABŞ - Azərbaycan münasibətlərinin inkişafında tamamilə yeni mərhələnin başlanğıcını qoyacaqdır.

Sual: Cənab prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Biz "Uoll Strit cornal" qəzetinin əməkdaşlarıyıq və bu gün Sizinlə görüşə gəlmişik.

Biz Xəzərin Azərbaycan sektorundakı neft və qaz ehtiyatları ilə maraqlanırıq. Birinci sualımız belədir: Siz Amerika Birləşmiş Ştatlarına hansı missiya ilə gəlmisiniz və burada hansı vəzifələri yerinə yetirməyi qarşıya məqsəd qoymusunuz?

Heydər Əliyev: Təşəkkür edirəm. Birincisi, sizin qəzetə öz hörmət və ehtiramımı bildirirəm. Əgər səhv etmirəmsə, sizin qəzet Azərbaycan haqqında yaxın keçmişdə maraqlı bir məqalə vermişdi. Sizin qəzetlə Azərbaycan arasında yaxşı əlaqələr yaranıbdır. Belə görünür ki, mənim Nyu-Yorkda bu gün görüşüm sizinlə başlayır.

Bu mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərimdir. Azərbaycan prezidenti kimi mən prezident cənab Bill Klintonun rəsmi dəvətinlə və ABŞ-a ilk rəsmi səfərə gəlmişəm.

Sual: Amerika Birləşmiş Ştatlarına rəsmi səfəriniz zamanı yerinə yetirmək üçün qarşıya hansı məqsədlər qoymusunuz?

Cavab: Bilirsiniz ölkələr arasında əlaqələr cürbəcür vasitələrlə qurulur. Bu vasitələr içərisində ölkə, dövlət başçılarının bilavasitə görüşləri və rəsmi səfərləri xüsusi yer tutur. Qeyd etdim ki, mən prezident cənab Bill Klintonun dəvətilə ABŞ-a ilk rəsmi səfərə gəlmişəm. Demək, burada mənim məqsədlərim böyükdür.

Şübhəsiz ki, ölkələrimiz arasında indiyədək yaranmış münasibətlər bizim üçün çox əhəmiyyətlidir. Cənab Bill Klintonla da mənim indiyədək burada - Nyu-Yorkda bir neçə dəfə görüşlərim olubdur, iki dəfə görüşmüşük. Biz başqa şəhərlərdə də beynəlxalq təşkilatların toplantılarında da cənab Bill Klintonla görüşmüşük. Amma Azərbaycan prezidenti kimi bu mənim ABŞ-a ilk rəsmi səfərimdir.

İndiyədək ölkələrimiz arasında yaradılmış əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyimiz nailiyyətlər bizim üçün əsasdır. Ancaq bu səfər dövlətlərimizin münasibətlərinin daha da genişlənməsi üçün yeni mərhələ açır. Mən bir çox məsələni müzakirə etmək istəyirəm. Ölkələrimiz arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Bu isə Azərbaycan-Amerika arasında əlaqələrin hüquqi-normativ əsasının yaranması üçün çox əhəmiyyətli olacaqdır. Həm ikitərəfli münasibətlər, həm beynəlxalq aləmdə gedən proseslər nöqteyi-nəzərindən, həm də bizim bölgədə, yəni Qarabağ bölgəsində ümumiyyətlə, keçmiş Sovetlər Birliyi məkanında olan vəziyyət haqqında məsələlərin müzakirəsi də bizim üçün çox əhəmiyyətlidir. Bu məsələlərin içərisində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsi xüsusi yer tutacaqdır. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılmış ATƏT-in Minsk qrupunun bu ilin əvvəlindən həmsədrlərindən biridir.

Bizim üçün bununla bərabər çox vacib olan məsələ, Amerika Konqresi tərəfindən 1992-ci ildə Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz qərarın - "Azadlığı müdafiə aktı"na 907-ci əlavənin ləğv edilməsi məsələsi də ciddi müzakirə olunacaqdır. Güman edirəm ki, Amerika tərəfi də onun üçün maraqlı olan məsələləri müzakirəyə çıxaracaqdır.

Sual: Cənab prezident, demək, Sizin ümidiniz var ki, 907-ci maddə aradan götürüləcəkdir?

Cavab: Bilirsiniz, biz nəinki ümid edirik, bunun üçün mübarizə aparırıq. Bizə ümid verən odur ki, Amerika hökuməti, cənab Bill Klinton, dövlət katibi xanım Olbrayt, dövlət katibinin birinci müavini cənab Talbott və başqaları bu 907-ci maddənin aradan götürülməsi haqqında bəyanatlar veriblər. Nəhayət, Konqresin Nyu-Yorkdan olan üzvü cənab Kinq 907-ci maddənin aradan götürülməsi barədə Konqresə layihə təqdim edibdir.

Sual: Ermənistan tərəfindən də sülhə doğru müsbət addımlar atılırmı?

Cavab: Birincisi, müsbət cəhət ondan ibarətdir ki, üç ildən çoxdur ki, biz Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması barədə saziş əldə etmişik. İndi bu sazişə riayət olunur. Üç ildən çoxdur ki, atəş yoxdur. Ancaq təəssüflər olsun ki, bu müddətdə biz tam sülhə nail ola bilməmişik. Bunun da əsl səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutmasıdır.

Sizə məlumdur ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilmiş Zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün prinsiplər müəyyən edilmiş və xüsusi bəyanat qəbul olunmuşdur. Bu prinsiplər bizi qane etməsə də, ancaq sülhə nail olmaq üçün biz onları qəbul etmişik. Amma Ermənistan tərəfi bu prinsipləri qəbul etmir. Şübhəsiz ki, bu, anlaşıla bilməz.

Bilirsiniz ki, bu prinsiplər beynəlxalq hüquq normalarına tam uyğun olan prinsiplərdir. Onlar hətta Azərbaycanın suverenliyini müəyyən qədər zədələyən, yaxud ölkəmizin suverenliyinə müəyyən qədər məhdudiyyətlər qoyan prinsiplərdir.

Həmin prinsiplər haqqında yəqin sizin məlumatınız vardır. Bu prinsiplər Ermənistan və Azərbaycan respublikalarının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Görürsünüz, bu prinsiplərdə Ermənistan, Dağlıq Qarabağ üçün ədalətsiz heç bir şey yoxdur. Bizim üçün isə burada kompromis ondan ibarətdir ki, biz öz ərazimizdə olan kiçik bir bölgəyə xüsusi özünüidarəetmə statusu veririk, daha doğrusu, vermək razılığına gəlmişik. Ancaq Ermənistan bununla razı olmur. Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu əldə etmək istəyir. Şübhəsiz ki, bu, həyata keçirilə bilməz, yəni biz buna razı ola bilmərik. Bu, həm ölkəmizin suverenliyini, müstəqilliyini pozacaqdır, həm də beynəlxalq hüquq normalarına tamamilə zidd olan bir iddiadır.

Mən bu gün sizə bəyan edirəm ki, biz sülh istəyirik. Biz Ermənistan tərəfindən respublikamıza vurulan zərbələrə baxmayaraq, sülh əldə edib, qonşu dövlət kimi sülh şəraitində xoş əlaqələr qurub yaşamaq istəyirik. Ancaq təəssüf ki, Ermənistan tərəfi ədalətsiz, qanunsuz iddialarından əl çəkmir.

Sual: Ermənistana qarşı ticarət embarqosu saxlanılırmı?

Cavab: Bilirsiniz, birincisi, bizim tərəfimizdən Ermənistana qarşı embarqo yoxdur. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. İşğal edilmiş bu ərazilərdə vaxtilə Ermənistanla Azərbaycanı bağlayan dəmir yolu da dağıdılıbdır. Əksinə, bizim Naxçıvan Muxtar Respublikası tamamilə blokadaya düşübdür (Prezident Heydər Əliyev vəziyyəti jurnalistlərə xəritə üzərində izah edir). Çünki bax, dəmir yolu buradan gedir, buradan Naxçıvana gedir, sonra isə Ermənistana gedirdi. Gördüyünüz bu ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Demək, biz burada da dəmir yolundan məhrum olmuşuq. Naxçıvana gedən bütün kommunikasiya xətləri bağlanıbdır. Azərbaycanın bir hissəsi olan Naxçıvan tamamilə blokada şəraitindədir. Ermənistanın isə heç bir blokadası yoxdur.

Ermənistan İran ilə çox fəal ticarət edir. Ermənistan bax, buradan Gürcüstan vasitəsi ilə Poti, Batumi limanlarına çıxır. Ermənistanın blokada barədə dediyi sözlər yanlışdır. Azərbaycan burada heç bir günah etməyibdir.

Sual: Rusiya Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fəaliyyətinə bir qədər qısqanclıqla yanaşır. Bəlkə Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsini həll etsin?

Cavab: Rusiya və Amerika Birləşmiş Ştatları Fransa ilə bərabər Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün yaradılmış Minsk qrupunun həmsədrləridir. Ona görə də onlar bu çərçivədə yaxşı əməkdaşlıq edə bilərlər. Bizim arzumuz budur ki, əməkdaşlıq etsinlər. Ancaq Amerika Birləşmiş Ştatları Rusiya ilə bu sahədə daha da sıx əlaqə saxlayır. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün onun başqa imkanları da vardır.

Sizə məlumdur ki, Ermənistanda Rusiyanın hərbi bazaları, çox böyük qoşun hissələri vardır. Bilirsiniz ki, Türkiyə və İranla olan sərhədlərini Rusiyanın sərhəd qoşun hissələri qoruyur. Rusiya ilə Ermənistan arasında çox xüsusi əlaqələr vardır, hətta hərbi ittifaq da vardır. Ona görə Rusiya, əlbəttə ki, Ermənistana təsir edib, onu düzgün yola gətirə bilər. Ancaq Amerika Birləşmiş Ştatları da Ermənistan ilə çox sıx əlaqə saxlayır, Ermənistana çox geniş maliyyə, maddi yardım edir.

Biz Amerika ilə əməkdaşlıq edirik, amma 907-ci maddəyə əsasən Amerika bizə heç bir yardım göstərmir. Ermənistan isə həm Rusiyadan çox yardımlar alır, həm də Amerikadan alır. Şübhəsiz ki, əgər Amerika və Rusiya birləşib Ermənistanı başa salsalar ki, bu qanunsuz iddialarından əl çəksin, onda məsələni tezliklə həll etmək olar.

Sual: Mənə elə gəlir ki, ruslar məsələni sizin üçün asanlaşdırmaq istəyirlər. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Siz yaxşı bilərsiniz.

Sual: Azərbaycanın ərazisindən Gürcüstana, sonra Türkiyədən keçəcək və Aralıq dənizi limanlarına çıxacaq boru kəməri çəkilməsi ideyasını cənab Bill Klinton da təsdiq etmişdir və bunu dəstəkləmişdir. Məlumdur ki, Gürcüstanda Abxaziya ilə münaqişəyə görə bəzi çətinliklər vardır. Burada kəmərin çəkilməsində tərəqqi necə əldə oluna bilər?

Cavab: Bilirsiniz, mən istəyirəm hər şey aydın olsun. Azərbaycanda hasil olunan ilkin neftin iki boru kəməri ilə xarici bazara çıxarılması haqqında qərar qəbul edilibdir. Belə neft kəmərləri artıq yaradılır. Bunların biri Rusiyanın ərazisindən Qara dənizdə olan Novorossiysk limanına, ikincisi Gürcüstanın ərazisindən Qara dənizdə olan Supsa limanına gedən neft kəməri marşrutlarıdır. Amma siz dediyiniz boru kəməri böyük neft boru kəməridir. Həmin boru kəmərinin tikilməsi haqqında biz artıq əməli işlər aparırıq. Amma onun marşrutu hələ tam müəyyən edilməyibdir. Türkiyə istəyir ki, həmin kəmər onun ərazisindən keçib Aralıq dənizində olan Ceyhan limanına getsin. Gürcüstan da istəyir ki, bu boru kəməri Gürcüstanın ərazisindən keçsin. Siz dediniz ki, cənab Bill Klinton da belə bir marşruta tərəfdarıdır. Biz də belə bir marşrutun tərəfdarıyıq. Ancaq bilməlisiniz ki, bu məsələ hələ tam həll edilməyibdir. Çünki bir necə alternativ marşrutlar vardır.

Konsorsiumun əməliyyat şirkəti tərəfindən bu məsələlər indi müzakirə olunur. Ona görə də mən bu məsələnin tam həll edilmiş olduğunu demək istəmirəm. Mən istəyirəm ki, sizdə bu barədə düzgün anlayış olsun. Ancaq bu marşrut əgər qəbul olunarsa, ola bilər, Gürcüstanda bu barədə müəyyən problemlər ortaya çıxsın. Doğrudur, nəzərdə tutulan bu marşrut Abxaziyanın ərazisindən keçməyəcək, Gürcüstan ərazisinin başqa hissəsindən keçəcəkdir. Amma bu məsələ gərək yenə də müzakirə olunsun.

Sual: Bilirsiniz ki, digər layihələr vardır ki, onların Şərqə getməsi-Azərbaycandan Xəzər dənizi vasitəsilə Qazaxıstana, sonra isə Türkmənistana getməsi nəzərdə tutulur. Cənub layihəsi haqqında da nəzəriyyə vardır. Bu nəzəriyyəyə görə neft boru kəməri Hind okeanına çıxmalıdır. Bundan Azərbaycan üçün bir xeyir gələ bilərmi?

Cavab: Bilirsiniz, bu nəzəriyyələr hələ fərziyyədir, onlar real deyildir. Ən realı başqadır. Mən bu ilin iyun ayında Qazaxıstanda rəsmi səfərdə olarkən biz Qazaxıstan ilə Azərbaycan arasında Qazaxıstanın Tengiz bölgəsində çıxarılan neftin Xəzər dənizi vasitəsilə Azərbaycana, bundan sonra isə Gürcüstandan Türkiyəyə keçirilməsi üçün boru kəməri tikilməsi haqqında saziş imzalamışıq. Bu sazişi prezident Nazarbayev və mən imzalamışıq. Bu, ən realdır.

Mən demək istəyirəm ki, bu marşrutun yaranması üçün biz əməli iş görmüşük. Bildiyiniz kimi, bu da ondan ibarətdir ki, indi Amerikanın "Şevron" şirkəti Qazaxıstanın Tengiz bölgəsində neft hasilatı ilə məşğuldur. Biz "Şevron" şirkətinin müraciətini təmin etmişik. Artıq Qazaxıstanda, Tengizdə çıxan neftin Xəzər dənizində tankerlər vasitəsilə Bakıya daşınması təmin olunubdur. Həmin neft Bakıdan dəmir yolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılır. Son bir neçə ayda biz "Şevron" üçün bu yolla artıq 300 min ton neft nəql etmişik. İndi bir neçə texniki işlər görülür, o cümlədən Azərbaycanda 45 kilometrlik bir boru kəməri xətti tikilir, başqa texniki problemlər həll olunur. Biz bunların vasitəsilə ildə 3-4 milyon ton "Şevron" neftini bu yolla xarici bazara çatdıra biləcəyik.

Beləliklə, biz Xəzər dənizinin Şərq sahilində olan Qazaxıstan ərazisindən nefti gələcəkdə də bu marşrutla Türkiyədən Aralıq dənizinə çıxarmaq üçün yaxşı bir əsas yaradırıq. Ona görə də bu istiqamət, bu marşrut daha realdır.

Xəzər dənizindən neftin Türkmənistan üzərindən Hind okeanına çıxarılmasını mən real hesab etmirəm. İndi belə fərziyyələr söyləyənlər çoxdur. Ancaq nəyin real, nəyin real olmadığı gərək müəyyən edilsin.

Sual: Respublikanıza neftdən gələn gəliri, vəsaitləri necə xərcləmək fikrindəsiniz?

Cavab: Əvvəl gəliri əldə etmək lazımdır, sonra onun xərclənməsi yollarını fikirləşmək olar. Əsas odur ki, gəlir olsun, onu xərcləmək üçün o qədər yer var ki!

Şübhəsiz ki, neftdən gələn gəlir birinci növbədə respublikamızın iqtisadiyyatını inkişaf etdirməyə xərclənəcəkdir. Biz Azərbaycanda hüquqi demokratik dövlət qururuq, iqtisadi islahatlar həyata keçiririk. Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək istəyirik. Geniş miqyasda özəlləşdirmə aparırıq. Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq, inteqrasiya etmək istəyirik. Xalqımızın rifah halını yaxşılaşdırmaq istəyirik.

Mən sizə dedim, ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdur. Bizim orada olan bütün varidatımız dağılıbdır. İşğal olunmuş ərazilərimizdən bir milyondan artıq vətəndaşımız qaçqın düşübdür. Onlar çadırlarda, evsiz-eşiksiz, çox ağır maddi vəziyyətdə yaşayırlar. İşğal olunmuş ərazilərimizi azad edəndən sonra onları bərpa etmək, insanları öz yerlərinə qaytarmaq onların yaşayışı üçün şərait yaratmaq lazımdır. Bunlar hamısı böyük xərclər tələb edir.

Bir daha deyirəm, əhalimizin, xalqımızın rifah halını yaxşılaşdırmaq məqsədi bizim üçün əsas məqsəddir. Azərbaycanı dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq istəyirik. Bunlar hamısı çox böyük vəsait tələb edir. Ona görə də nə qədər çox vəsait olsa, biz ondan istifadə olunması üçün yer tapacağıq. Amma bilməlisiniz ki, bütün bu gəlirlərin hamısı sülh, əmin-amanlıq işinə yönəldiləcəkdir.

Sual: Məlum olduğu kimi, iqtisadiyyatı inkişaf etdirməyə mane olan cəhətlərdən biri də korrupsiyadır. Bildiyiniz kimi, Azərbaycanda işləyən Amerika şirkətlərinin orada ticarət və investisiya planları vardır. Azərbaycanın korrupsiyaya qarşı mübarizə aparmaq üçün hansı planları vardır? Siz güclü hüquqi sistem yaratmaq istəyirsiniz, yoxsa korrupsiyaya qarşı mübarizə aparmaq?

Cavab: Bilirsiniz, korrupsiya hər yerdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında da vardır. Ona görə də heç bir ölkə deyə bilməz ki, orada korrupsiya yoxdur. Korrupsiya hər bir ölkəyə həm maddi, həm mənəvi cəhətdən ziyan vuran bir amildir. Biz korrupsiyaya qarşı mübarizə aparırıq, bütün vasitələrdən istifadə edib bundan sonra da aparacağıq. Biz elan etmişik ki, korrupsiya birinci növbədə mənəviyyatımıza və sərbəst iqtisadiyyat, hüquqi dövlət yaratmaq prinsiplərimizə zidd olan bir ünsürdür. Onunla mübarizə aparmağın yolları çoxdur. Şübhəsiz ki, bunlar hamısı hüquq normaları çərçivəsində olmalıdır, lazımi qanunların yaranması və icra edilməsi yolu ilə olmalıdır. Sərbəst iqtisadiyyatın, təşəbbüskarlığın yaradılması üçün hüquqi əsasların təmin edilməsi ilə əlaqədar olmalıdır. Biz bütün bu vasitələrin hamısından istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Hər halda, korrupsiya ilə mübarizədə biz başqa ölkələrdən geridə qalmayacağıq.

Jurnalist: Sağ olun, cənab prezident.

Heydər Əliyev: Sağ olun, mən sizinlə görüşümdən çox məmnunam. Sizi Azərbaycana dəvət edirəm. Sizin qəzetiniz çox hörmətli, çox mötəbər bir qəzetdir. Sizin qəzeti biz də oxuyuruq. Xüsusən Azərbaycana və bölgəmizə aid olan məqalələr bizdə çox böyük maraq doğurur. Biz sizinlə sıx əməkdaşlıq etmək istəyirik. Bu baxımdan, əgər Azərbaycana gəlmək istəsəniz, bizim əməkdaşlığımız daha da inkişaf edər. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 1 avqust 1997-ci il