Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən bu gün Azərbaycanda yeni bir özəl müəssisənin yaranması münasibətilə, "Kaspian Fiş Ko - Azərbaycan" şirkətinin öz sərmayəsi hesabına yaratdığı, ölkəmizdə balıq məhsulları istehsal edəcək kompleksin açılışı münasibətilə sizi təbrik edirəm və bu yeni özəl müəssisəyə gələcək fəaliyyətində uğurlar arzulayıram.
Bu gün biz Azərbaycanda özəl sektorun ardıcıl surətdə inkişafının yeni bir nümunəsini görürük. Təbiidir ki, bu, bizim hamımızı sevindirir və sevindirməlidir. Çünki müstəqil bir dövlət kimi Azərbaycan öz iqtisadiyyatını bazar münasibətləri əsasında inkişaf etdirir. Bunun üçün də özəlləşdirmə, iqtisadi-sosial islahatların həyata keçirilməsi, özəl sektorun yaranması xüsusi əhəmiyyət kəsb edir.
Son illər ölkəmizdə bir neçə istehsal müəssisəsi yaranıbdır və biz bunların açılışının şahidi olmuşuq. Təbiidir ki, burada əsas işi görən investorlar, sahibkarlar, iş adamlarıdır, özəl sektorun nümayəndələridir. Dövlətin, hakimiyyət orqanlarının vəzifələri isə ölkəmizdə mövcud olan qanunlar çərçivəsində bu prosesə kömək etmək, onlara lazımi şərait yaratmaqdan ibarətdir. Təəssüflər olsun ki, bir neçə il bu sahədə irəliyə doğru addımlar atmağımıza baxmayaraq, hələ ki, bəzi hallarda, bəlkə də bir çox hallarda hakimiyyət orqanlarının özəl sektorun inkişaf etməsinə müxtəlif maneçiliklər törətməsini görürük. Ancaq biz bununla mübarizə aparırıq və bundan sonra da mübarizə aparacağıq. Çünki özəl sektorun inkişaf etməsi Azərbaycanın iqtisadiyyatında son illər böyük dəyişikliklər əmələ gətiribdir.
Torpaq islahatı sayəsində, Azərbaycanın torpaqlarının - dövlət mülkiyyətində, yaxud da ki, kollektiv mülkiyyətdə olan torpaqların hamısının kəndlilərə verilməsi nəticəsində respublikamızda kənd təsərrüfatı istehsalının sürətini artırmışıq. Ölkəmiz ərzaq məhsullarına olan bütün tələbatını, demək olar ki, təmin edə bilir. Əgər son illərdə Azərbaycanda kənd təsərrüfatı istehsalının 98 faizi özəl sektorun hesabına əldə olunurdusa və 2000-ci ildə biz kənd təsərrüfatı istehsalını 10 faiz artıra bilmişiksə, bu onu göstərir ki, özəlləşdirmə, özəl sektorun yaranması heç kəsdə şübhə doğurmamalıdır. O mənada ki, bu, bizim iqtisadiyyatımızın bütün sahələrini inkişaf etdirəcəkdir. Bu da vətəndaşlarımızın, xalqımızın rifah halının ardıcıl surətdə yaxşılaşmasını təmin edəcəkdir.
Bu baxımdan bu gün burada böyük bir elmi-istehsalat kompleksinin yaranmasını mən çox yüksək qiymətləndirirəm. Doğrusu bilmirəm, bəlkə əvvəllər bu müəssisənin işi ilə, yaxud onun tikintisi ilə maraqlanan adamlar olublarsa, onlar bunu bilirmişlər. Mən onu bu qədər nəhəng bir müəssisə kimi təsəvvür edə bilməzdim. Böyük iş görülübdür. Artıq burada bildirildi ki, müəssisənin yaranmasına 56 milyon dollar məbləğində vəsait sərf olunub və bundan sonra 30 milyon dollar da sərf ediləcəkdir.
Beləliklə, Azərbaycanda indiyə qədər bu sahədə misli görünməmiş bir böyük elmi-istehsal kompleksi yaranacaqdır.
Mən dəfələrlə demişəm və bu gün də təkrar edirəm ki, sahibkarlar qorxmasınlar, çəkinməsinlər, sahibkarlığı inkişaf etdirsinlər. Ancaq indi Azərbaycanda özəl sektorun yaranmasının yeni bir fazası başlanmalıdır və o başlanıbdır. İslahatlara başladığımız ilk illərdə əmlakı, sadəcə, özəlləşdirib ondan istifadə etmək yolu ilə gedirdik, - bu yol bu gün də, gələcəkdə də vacibdir. Özəlləşdirmə, birinci növbədə, məsələn, kənddə torpağın kəndliyə paylanması, şəhərlərdə isə, nəinki şəhərlərdə, bütün Azərbaycan Respublikasında ticarət şəbəkəsinin özəlləşdirilməsi və xarici ölkələrlə ticarət əlaqələrinin sərbəstləşdirilməsi, mal mübadiləsinin liberallaşdırılması, ümumiyyətlə, liberal iqtisadiyyat sisteminin yaranması - bunlar artıq Azərbaycanda öz nəticələrini veribdir.
Ancaq bizim məqsədimiz təkcə özəl ticarət şəbəkəsi yaradıb idxal əməliyyatları apararaq başqa ölkələrdə istehsal edilən, Azərbaycanın tələbatı üçün lazım olan malları gətirib burada satıb vətəndaşlarımızın, əhalinin tələbatını ödəməkdən ibarət olmamalıdır. Təbiidir ki, bu yol davam edəcəkdir. Ancaq bununla bərabər, bundan da vacibi odur ki, indi bizim sahibkarlar təkcə ticarətlə, hər hansı ölkədən hansısa malı gətirib satmaqla məşğul olmamalı, həm də öz vəsaitlərindən, xarici investorların imkanlarından istifadə edərək, Azərbaycanda istehsal sahələri yaratmalıdırlar.
Ölkəmizdə istehsal sahələri yaranmasının müsbət cəhətləri hamıya məlumdur. Özəl istehsal müəssisələri yaratmaqla, birincisi, Azərbaycan öz daxili imkanlarından istifadə edərək məhsul istehsal edəcək, bununla da ölkəmizin tələbatını ödəyəcəkdir. Əgər məhsul rəqabətə davamlıdırsa, onu ixrac edərək daha da çox gəlir qazanacaq, dövlətə də xeyir verəcəkdir. İkincisi, hər bir özəl istehsal müəssisəsinin yaranması ilə yeni iş yerlərinin açılması indi Azərbaycanda ən vacib, ən əsas vəzifələrdən biridir.
Ölkəmizdə işsizlik davam edir. Bu, bizi narahat edir və hələ bir müddət də narahat edəcəkdir. Bəziləri deyirlər ki, bəli, Azərbaycanda işsizlik var. Amma nə üçün var, niyə vardır? Səbəbinə varmadan hökumətin və dövlətin siyasəti əleyhinə bundan istifadə etməyə çalışırlar. Keçmiş Sovetlər İttifaqına mənsub olmuş müstəqil dövlətlərin hamısında işsizlik problemi var və bu, sosialist iqtisadiyyatının, SSRİ-nin dağılması, respublikaların müstəqillik əldə etməsi və respublikalar arasındakı iqtisadi inteqrasiya əlaqələrinin pozulması və nəticədə vaxtilə sovet iqtisadiyyatının tələblərini təmin etmək üçün yaranmış istehsal müəssisələrinin indi işləyə bilməməsi, yaxud da ki, tam gücü ilə işləməməsi ucbatından yaranmışdır. İşsizlik problemini aradan qaldırmaq üçün biz yenidən dövlət müəssisələri yarada bilmərik. Çünki biz istəyirik ki, hər şey özəl olsun. Bəzi hallarda dövlət tərəfindən belə müəssisələr yaradılır və yaradılacaqdır. Məsələn, bizim elektrik enerjisi sistemini, Azərbaycanın elektrik enerjisi ilə təmin olunmasını götürək.
Bilirsiniz ki, biz güzəştli xarici kreditlər hesabına yeni elektrik stansiyaları yaradırıq. Bu, təbiidir ki, müəyyən qədər işsiz adamların işə cəlb olunmasını təmin edəcəkdir. Bizim başqa bu kimi imkanlarımız vardır. Ancaq bunlar işsizliyi aradan qaldırmaq üçün kifayət deyildir. Özəl sektorun inkişaf etməsi əsasdır. Özəl sektorda istehsal nə qədər artarsa, birincisi, Azərbaycanın iqtisadi potensialı o qədər yüksələcək, inkişaf edəcəkdir. İkincisi, Azərbaycanın gəlirləri artacaq, bu istehsaldan dövlətə gələn gəlirlər çoxalacaqdır. Bu gəlirlər də insanların rifah halının yaxşılaşdırılmasına, maaşların yüksəldilməsinə sərf olunacaqdır. Bu istehsal sahələri yarandıqda, buraya insanlar cəlb olunacaq, onlar işləyəcəklər.
Bu gün biz bu kompleksin sexlərinin bəzilərini gəzərkən mən orada rast gəldiyim, iş başında olan bir neçə adamla danışdım. Bir cavanla da söhbət etdim. Vaxtilə mən Azərbaycana rəhbərlik etdiyim zaman biz hər il mütəxəssis hazırlanması üçün gəncləri güzəştli şərtlərlə SSRİ-nin müxtəlif şəhərlərinə ali məktəblərə təhsil almağa göndərirdik. Dedi ki, o vaxt mənim təşəbbüsümlə Azərbaycandan kənara, SSRİ-nin ali məktəblərinə göndərilənlər içərisində o da olub və Həştərxan Balıqçılıq İnstitutuna gedibdir, oranı bitiribdir. İndi balıqçılıq sahəsində mütəxəssisdir. Bu müəssisə açılanda gəlib buraya, ali təhsilli mütəxəssis kimi işləyir.
O vaxt Azərbaycanda balıqçılıq sahəsində ali təhsilli mütəxəssis hazırlamaq imkanımız yox idi. Çünki bizdə belə bir ali təhsil müəssisəsi yox idi. Deməli, biz bunu SSRİ-nin başqa respublikalarında, belə ali təhsil müəssisələri olan yerdə etməliydik. Çox sahələrdə bunu edirdik. Elə bircə bu faktı götürərək, bütün sahələrdə müxtəlif müəssisələrin hazırlanması işinin bu gün üçün, müstəqil Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu görürük. Mən çox sevindim. Dedim ki, sən mənim yetirdiyim kadrsan. O, burada həvəslə işləyir, mühəndisdir.
Digər bir oğlanla söhbət etdim. Dedim ki, niyə burada işləyirsən? Mütəxəssissənmi? Dedi ki, yox, mütəxəssis deyiləm, buraya gəlmişəm, öyrənirəm, işləyirəm. Bu iki faktla sizə izah etmək istəyirəm ki, yeni istehsal müəssisələrinin yaranmasının, özəl sektorda yeni istehsal müəssisələrinin yaranmasının bizim üçün - Azərbaycanın iqtisadiyyatı, bu günü və gələcəyi üçün nə qədər böyük əhəmiyyəti vardır.
Mən burada iki oğlanla görüşmüşəm. Biri balıqçılıq sahəsində ali təhsilli mütəxəssis - özünə ixtisasına aid iş yeri tapıbdır. İkincisi isə balıqçılıq sahəsində təhsili olmayan adamdır, amma gələrək burada özünə iş yeri tapıbdır, öyrənir, bu sənəti mənimsəyəcəkdir. Təbiidir ki, burada, - indi çıxış edən hörmətli direktor demədi, - maaşlar da yəqin ki, başqa yerlərdəkinə nisbətən daha da çox olacaqdır. Bir ondan soruşun, orta aylıq əmək haqqı nə qədər olacaqdır?
Yanke Hansen ("Kaspian Fiş" müəssisəsinin Azərbaycan üzrə direktoru): Cənab prezident, orta aylıq əmək haqqı 200 dollardır.
Heydər Əliyev: 200 dollardır. Fəhlələrin də, başqalarının da orta aylıq əmək haqqı bu qədərdir.
Orta aylıq əmək haqqı 200 dollardır, Azərbaycanın bu günü üçün, işləyən adam üçün bu, demək olar ki, yetərli maaşdır. Beləliklə, mən bugünkü bu hadisənin əsas mənasını onda görürəm ki, özəl sektor inkişaf edir və bu sektorun inkişafı nəticəsində də yerli istehsal sahələri yaranır, daha da inkişaf edir, bir də təkrar edirəm, bu, özəl sektorun inkişafında ikinci və əsas mərhələdir.
Biz gərək çalışaq ki, Azərbaycanın böyük potensialından istifadə edib ölkəmizin bütün mallara olan tələbatını özəl sektorun istehsalı hesabına təmin edək. Bu fikri tamamlamaq üçün bir neçə dəfə dediyim sözləri bir daha təkrar etmək istəyirəm. Özəl sektora qayğı göstərmək lazımdır. Ancaq onların işinə müdaxilə etmək lazım deyildir ki, bu pulu haradan almısan, necə almısan? Əgər bu adam gətirib investisiya qoyursa, istehsal yaradırsa, hüquq-mühafizə orqanları, yaxud da müfəttiş və s. gəlib bunu araşdırsın ki, nə var, nə yox, buradan özünə bir şey çıxarsın. Bu, bizim apardığımız siyasətin əleyhinədir.
Hüquq-mühafizə orqanları özəl sektorun işinə qarışmamalıdırlar. Əgər özəl sektorda kimsə cinayət edibsə, bu, araşdırılmalıdır. Ancaq təəssüflər olsun ki, hüquq-mühafizə orqanları özəl sektorun işinə qarışır. İndi biz belə halların sayını azalda bilmişik, bunun qarşısını ala bilmişik. Bir-iki il bundan öncə bizim prokurorluq orqanları, elə digər hüquq-mühafizə orqanları da elə firma və şirkət yox idi ki, bu ifadəmə görə məni bağışlayın, oraya burunlarını soxmasınlar. Bunu nə məqsədlə edirdilər? Özəl sektora kömək etmək məqsədi iləmi? Özəl sektoru inkişaf etdirmək üçünmü? Yox, onlar bunu sadəcə oradan özləri üçün qanunsuz mənfəət götürmək üçün edirdilər. Bu da korrupsiyadır, rüşvətxorluqdur. Biz bununla kəskin mübarizə aparırıq və aparacağıq. Özəl sektorun inkişafı ilə korrupsiya, rüşvətxorluq yan-yana ola bilməz. Mən dəfələrlə demişəm, bütün bu məsələləri Vergilər Nazirliyi tənzimləməlidir.
İndi burada çıxış edənlər bu müəssisənin nə qədər vergi verəcəyini demədilər. Amma güman edirəm ki, əgər böyük istehsal varsa, yəqin ki, dövlətə verilən vergi də yüksək olacaqdır. Bax, bizə lazım olan əsas fakt budur.
Mən sizə deyim ki, bu müəssisənin məhz balıqçılıq sahəsi ilə məşğul olması da çox maraqlıdır və çox da təqdirəlayiqdir. Adətən bizim özəl sektorun bu sahəyə o qədər həvəsi yoxdur. Çünki bu, bir az mürəkkəb sahədir. Biz qanunsuz balıq ovlamaq, qanunsuz kürü istehsal etmək və bazarlarda satmaq halları ilə rastlaşırıq. Ancaq mən hesab edirəm ki, bu şirkət istiqaməti düzgün tapıbdır. İndi burada çıxış edən direktor da düzgün izah etdi ki, Azərbaycanın bu sahədə imkanları böyükdür.
Xəzər dənizi dünyada ən nadir dənizlərdən biridir. Xəzər dənizinin həm dibində mineral ehtiyatlar çoxdur, - neft və qaz yataqları vardır, - həm də ki, Xəzər dənizində bioehtiyatlar çox zəngindir, müxtəlif növ balıqlar vardır. Doğrudur, bizim adamlar ancaq nərə, ağ balıq, uzunburun, kürü yeməyə öyrəniblər. İndi çoxları da balıq kababı yeməyə alışıblar. Xəzər dənizində müxtəlif növ balıqlar var. Əgər bu balıqlar yüksək texnologiya vasitəsilə ərzaq məhsulu kimi emal olunsa, təbiidir ki, bunlar Azərbaycanın ərzaq məhsulları ilə təmin edilməsində çox mühüm yer tutacaqdır.
Xəzəryanı ölkə kimi, Azərbaycanda balıqçılıqla qədim zamanlardan məşğul olmuşlar. Vaxtilə dövlət bu işlə məşğul olubdur. Xatirimdədir, 1970, 1980-ci illərdə Azərbaycanda balıq ovundan orta hesabla ildə 60 min ton məhsul alınırdı. Ancaq 1996-cı ildə həmin rəqəm azalaraq 8 min tona düşmüşdür. İndi gərək ki, bir az artıbdır, deyirlər ki, 22 min tondur. Ancaq bu da azdır. Əgər o vaxt 60 min ton idisə, indi nə üçün azalıb? Birincisi, yəqin ona görə ki, qeyri-qanuni balıq ovu və bundan qeyri-qanuni istifadə etmək Azərbaycanda çox geniş yer alıbdır. Vaxtilə 1970-ci illərdə bizim mağazada kürü tapmaq mümkün deyildi, gələn qonaqlara biz yemək vaxtı kürü vermək üçün xüsusi fond vardı, oradan götürürdük. Açıq mağazalarda kürü tapmaq mümkün deyildi, kürü çox az idi.
Amma indi görün nərə balığı, ağ balıq, uzunburun balıq bütün şəhəri götürübdür. Ancaq təkcə şəhərdə deyil, qaçaqmalçılıq yolu ilə onu başqa ölkələrə də keçirirlər. Mən konkret bilirəm ki, Gürcüstana keçirirlər, hətta Gürcüstandan aparıb Ermənistanda satırlar. Xəzər dənizinin kürüsü Ermənistanda açıqca satılır. Ona görə yox ki, Ermənistan Bakıdan hansısa ticarət yolu ilə bunu alır. Yox, bazarda satırlar, Xəzər dənizinin nadir balıqlarının - nərə balığının, ağ balığın, uzunburun balığın Gürcüstanda satılması öz yerində, amma Ermənistanda, Yerevanda da satılır.
Bu, Azərbaycanın böyük sərvəti olan balıq məhsullarının istifadəsində nə qədər böyük əyintilərin, qanunsuzluğun, cinayətlərin baş verməsini göstərir. Dünən mən qiymətlərlə tanış oldum - bu cür balıq ehtiyatlarına malik olduğu halda, Azərbaycan ötən il - dövlət xətti ilə, qanuni yolla keçən il 600 ton balıq məhsulu ixrac olunubdur. Amma başqa ölkələrdən Azərbaycana isə 2 min 200 ton balıq məhsulu idxal edibdir. Bu həqiqətə uyğun deyildir. Azərbaycanda müxtəlif yollarla tutulan balığın, bazarda satılandan savayı, nə qədər hissəsi də qanunsuz yolla, qaçaqmalçılar vasitəsilə başqa ölkələrə aparılır. Bu da bizim dövlətimizə, iqtisadiyyatımıza çox zərər vurur. Bunların da qarşısı alınmalıdır.
Yadımdadır, 1970-ci illərdə balıqçılıq sənayesində bir çox müəssisələr yaratdıq. O vaxt onlar yaxşı işləyirdi. Elə ona görə də biz 60 min ton balıq məhsulları istehsal edə bilirdik. Ancaq indi o müəssisələr də bərbad vəziyyətdədir. Bir hissəsi özəlləşdirilib, digər hissəsi dövlətin əlindədir. Özəlləşdirilən sahələrdən də, demək olar ki, heç bir şey gəlmir. Gəlir, ancaq hamısını qanunsuz istifadə edirlər. Ona görə də nə vergi verirlər, nə də gətirib qanun-qayda ilə satırlar. Beləliklə də, bizim bu qədər böyük potensialımız dağılır.
Həm Xəzər dənizində, həm də ölkənin ərazisindəki göllərdə və çaylarda olan balıq həqiqətən, Azərbaycanın təbii sərvətləri içərisində çox böyük potensialdır.
Mən yenə də xatırlayıram ki, 1970-ci illərdə Azərbaycanda bir çox süni göllər yaratdıq. Su elektrik stansiyaları tikilərkən su hövzələri yarandı. Suvarma işləri üçün başqa su hövzələri yaratdıq. Təbii göllər də vardır. Bu göllərdə də o vaxt da çoxlu balıq vardı, indi də var.
Yadımdadır, o vaxt biz bu işi təşkil etmək üçün, hətta bu sahəni ayırdıq, yəni Azərbaycanın ərazisindəki göllərdən, çaylarda balıqçılıqla məşğul olmaq üçün xüsusi təşkilat yaratdıq və onu Xəzər dənizinin balıqçılıq sistemindən ayırdıq. Bilmirəm, indi bu nə yerdədir, hansı vəziyyətdədir? Doğrusu, bu, bizim də günahımızdır ki, balıqçılıq sahəsi, demək olar ki, özbaşına buraxılıbdır.
Bir balıqçılıq konserni yaranıbdır. Onun işi də elə neçə illərdir ki, qənaətbəxş deyildi. Bu gün də qənaətbəxş deyildir. Mən etiraf etməliyəm ki, bizim hakimiyyət orqanları bu işlə indiyə qədər ciddi məşğul olmayıblar. Nəinki ciddi məşğul olmayıblar, başlı-başına buraxıblar. Ona görə də mən bu gün Nazirlər Kabinetinə xüsusi tapşırıram ki, bizim bütün balıqçılıq sahəsinin vəziyyətini qısa bir zamanda təhlil etsinlər. Bütün imkanlarımızı araşdırsınlar və bu sahədə qanun-qayda yaratmaq üçün lazımi təkliflərini versinlər.
O illərdə müşahidə olunurdu ki, Xəzər dənizində nərə, uzunburun balıq, ağ balıq azalır. Ona görə də biz o vaxt balıq artırmaq üçün Neftçalada böyük bir zavod tikdik. O zavod indi yarımçıq işləyir. Onu lazımi səviyyəyə qaldırmaq üçün Dünya Bankından kredit almışıq. Bu dövlətin işidir, çünki dövlət bu işlə məşğul olmalıdır ki, Xəzər dənizində balıq ehtiyatlarının artması üçün süni balıqyetişdirmə işi təşkil olunsun. Bu, ediləcəkdir və mən bu gün baş nazirə bir daha deyirəm ki, bu işlə daha da ciddi məşğul olsunlar. Ancaq biz bütün balıqçılıq sistemini dövlət inhisarında saxlaya bilmərik. Ona görə də gərək, lazımi tədbirlər görülsün. Tədbirlər görülmədiyinə, nəzarət olmadığına görə, balıqçılıq konsernində də, ümumiyyətlə, balıqçılıq müəssisələrində də özbaşınalıq, demək olar ki, geniş yayılıbdır. Bu, məni çox narahat edir. çoxdandır mən bu fikri bildirmək istəyirdim. Hesab edirəm ki, bu fikri bildirmək üçün bura münasib yerdir.
Bu işlərimizin görülməsi xüsusən ona görə lazımdır ki, indi artıq bizdə yüksək texnologiya ilə bütün balıq növlərinin ovlanması, onların emalı, məhsul istehsalı və hazır məhsulun bazara çıxarılması sistemi yaradılır. Bu gün biz sexlərə baxdıq. Bizə verilən məlumatlara görə, burada həqiqətən dünyada ən yüksək texnologiyadan istifadə olunubdur. Böyük bir ərazini götürüblər, bir çox sexlər yaradıblar və çoxlu vəsait qoyublar, hətta deyə bilərəm ki, həddindən artıq gözəl bir salon yaradıblar. Deməli, bu müəssisə öz iqtisadi imkanlarını o qədər perspektivli görür ki, hətta belə bir, bəlkə də istehsala lazım olmayan salonun yaranmasına da vəsaitlərini əsirgəməyiblər. Ona görə də bu gözəl müəssisə, hesab edirəm ki, bizdə balıqçılıq, balıq məhsullarının istehsalı, - elmi tədqiqat işləri sahəsində mərkəz rolunu oynaya bilər. Əgər biz bu müəssisəyə lazımi qayğı göstərsək, kömək etsək, Azərbaycanda balıqçılıq sənayesinin, ümumiyyətlə, balıqçılıq sahəsinin istənilən səviyyəyə gətirilib çıxarılması üçün müəyyən imkanlar yarada bilər. Bax, buna görə də bugünkü bu hadisə çox sevindiricidir.
"Kaspian Fiş" şirkətinin bu təşəbbüsü, dünyanın ən müasir texnologiyasının Azərbaycana gətirilməsi və ölkəmizdə olan müxtəlif balıq növlərinin burada çox yüksək keyfiyyətlə emal olunması, təbiidir ki, bizim üçün çox əhəmiyyətlidir. Mən orada baxdım, siyənək balığı gördüm. Xatirimdədir, 1940-1950-ci illərdə siyənək balığını yeməzdilər, mağazalarda qalardı. Bakının mağazalarında siyənək balığı həmişə olardı. Sonra, 1960-1980-ci illərdə siyənək balığı yox idi. Siyənək balığına biz həmişə "selyotka" demişik. Bu balıq sonra itdi. Yadımdadır, 1970-ci illərdə hərdən qonaq gələndə, deyirdik ki, siyənək balığı gətirin. Bildirirdilər ki, siyənək balığı tutulmur. Xəzər dənizində siyənək balığı yoxdur. Amma, deməli, var imiş, bu gün gördüm. Özü də onu o qədər gözəl emal edirlər ki, adamın tamahı düşür. Bunların hamısı, yenə də deyirəm, çox müsbət haldır. Biz bunları təqdir etməliyik, bu müəssisəyə kömək göstərməli və onu inkişaf etdirməliyik.
Mən görürəm ki, burada bizim nazirlərimiz, hakimiyyət orqanlarının nümayəndələri iştirak edirlər. Hamını bu cür təşəbbüslərə yardım etməyə çağırıram. Konkret olaraq bu müəssisənin, çünki deyirlər ki, onun ikinci hissəsinin tikintisnə 30 milyon dollar vəsait qoyulacaqdır. Tezliklə onun tamamlanıb işə salınması və təmin olunmasında kömək edilməsi, hesab edirəm ki, əsas şərtlərdən biridir.
Beləliklə, Azərbaycana xarici investisiya təkcə neft sektoruna yox, - bəziləri çox tez-tez bunu təkrar edirlər, - başqa sektorlara da gəlir. Əgər bizim iş adamları dünyanın müxtəlif şirkətləri ilə lazımi əlaqələr qurub Azərbaycanın imkanlarını onlara izah edə bilsələr, onları məlumatlandırsalar bundan da çox investisiya gələ bilər.
Bizim Dövlət Əmlakı Nazirliyinin üzərinə bu sahədə böyük vəzifələr düşür. Dövlət Əmlakı Nazirliyi indi Azərbaycanda olan dövlət mülkiyyətinin təkcə özəlləşdirilməsi ilə yox, özəl sektorun yaranması, bunun üçün də xarici investisiyanın cəlb edilməsi ilə məşğul olmalıdır. Onlar bu işlə məşğul olurlar. Məsələn, Azərbaycanda bəzi müəssisələrin indi xarici şirkətlərə satılması, yaxud da icarəyə verilməsi prosesi gedir və bu uğurla davam edir. Ancaq bundan başqa, bizim Dövlət Əmlakı Nazirliyi ölkəmizin bütün bu imkanlarını, Azərbaycana gələn investorlara geniş anlatmalıdır, onlara kömək etməli, yol göstərməlidir. Beləliklə, bu cür müəssisələrin yaranmasını təmin etməlidir.
Bizim İqtisadiyyat Nazirliyi gərək bu işlə ciddi məşğul olsun. Bu barədə o qədər də geniş danışmaq istəmirəm, çünki mən İqtisadiyyat Nazirliyinin fəaliyyətini, ümumiyyətlə görmürəm. Amma funksiyasına və üzərinə düşən vəzifəyə görə İqtisadiyyat Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Başqa nazirliklər də bununla məşğul olmalıdırlar. Bir sözlə, bu, hamımızın vəzifəmizdir.
Mən bugünkü hadisə münasibətilə "Kaspian Fiş Ko - Azərbaycan" şirkətini bir daha təbrik edirəm. Bu müəssisədə işləyən Azərbaycan vətəndaşlarına, çalışan bütün insanlara və gələcəkdə burada özünə iş tapa biləcək adamlara uğurlar arzulayıram. Mən bu gün bəyan edirəm ki, Azərbaycanda xarici investisiyaların artması, ölkəmizin sahibkarlarının bu işlə ciddi məşğul olması, daxili istehsalın inkişaf etməsi qarşımızda duran əsas vəzifədir.
Mən sizi bir daha təbrik edirəm. Sizə bütün işlərinizdə uğurlar arzulayıram.
"Azərbaycan" qəzeti, 11 fevral 2001-ci il.