Azərbaycan Prezidenti Heydər Əliyevin GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Yalta zirvə görüşündə nitqi - 20 iyul 2002-ci il


Hörmətli dövlət başçıları, dostlar!

Xanımlar və cənablar!

İcazə verin, qonaqpərvərliyə görə, Krımın bu gözəl guşəsində işimiz üçün əla şərait yaradıldığına görə zirvə görüşünün təşkilatçılarına, ilk növbədə, dostumuza - Ukrayna prezidenti Leonid Daniloviç Kuçmaya səmimi minnətdarlığımı bildirim.

Qeyd etmək mənə xoşdur ki, Yalta sammiti GUÖAM-ın dövlət başçılarının artıq beşinci görüşü, eyni zamanda, təşkilatımızın üzvü olan dövlətin ərazisində, digər beynəlxalq hadisələr çərçivəsindən kənarda keçirilən ikinci sammitdir. Yeri gəlmişkən, hər iki sammit Ukraynanın ərazisində, gözəl Yaltada təşkil olunmuşdur.

Biz bütün beş ölkənin bərabər hüquqlara və imkanlara malik olduğu nadir regional qarşılıqlı fəaliyyət strukturu yaratmışıq. Hesab edirəm ki, mənafelərimizin ümumiliyinə, və bir-birimizə gərək olduğumuza heç kimin şübhəsi yoxdur.

Ötən illər ərzində Birliyimiz özünün həyat qabiliyyətini təsdiqləmiş və əməkdaşlıq üçün böyük potensial olduğunu göstərmişdir. Xalqlarımız arasındakı tarixi, ənənəvi sıx əlaqələrə söykənən qarşılıqlı fəaliyyətin inkişafı üçün möhkəm bünövrə qoyulmuşdur. Bizim birgə fəaliyyətimizin məqsədləri və başlıca istiqamətləri müəyyən edilmişdir. Bugünkü görüşümüşdə digər sənədlərlə yanaşı, təşkilatdaxili əlaqələrimizin və tərəfdaşlarımızla münasibətlərimizin möhkəmlənməsinə təkan verməli olan iki sənəd - "GUÖAM Dövlətlərinin Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamə" və "GÜÖAM-ın Kiyevdəki İnformasiya ofisi haqqında Müvəqqəti Əsasnamə" də imzalanacaqdır. Əminəm ki, yaradılan bu orqanlar qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmlənməsində və inkişafında mühüm rol oynayacaqdır. Yaltadakı görüşümüz məsul tarixi məqamda, dərin dəyişikliklər, ciddi təhdidlər və böyük ümidlər dövründə, təhlükəsizliyin yeni arxitekturasının inkişafı şəraitində keçir. Dünyada gedən proseslər, ilk növbədə qloballaşma ölkələrimiz qarşısında yeni imkanlar açır, eyni zamanda, yeni vəzifələr və tələblər də qoyur.

Müstəqilliyin təşəkkül tapması uğrunda on illik keşməkeşli mübarizədən keçən dövlətlərimiz dünya sisteminə inteqrasiya edilmiş cəmiyyətlər - qanunun aliliyi, siyasi plüralizm və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan demokratik cəmiyyətlər qurulması yolu ilə dönmədən irəliləyirlər.

Bu baxımdan biz GUÖAM çərçivəsində əməkdaşlığı dövlətlərimizin suverenliyi və müstəqilliyinin möhkəmlənməsinə, onların sabit inkişafının təmin olunmasına və xalqlarımızın rifahının yüksəlməsinə, dünya sisteminə inteqrasiyaya kömək etməli olan mühüm amil kimi qiymətləndiririk.

Qarşıya qoyulmuş məqsədlərə çatmağa doğru yolda biz dövlətlərimizin təhlükəsizliyi baxımından çoxsaylı təhdidlərlə və hədə-qorxularla üzləşirik. Mən təcavüzkar separatizm, terrorizm, dini və milli ekstremizm, dövlətlərin daxili işlərinə qarışmaq, silahlı təcavüz, ərazilərin işğalı, qanunsuz silah alveri, narkobiznes kimi halları və hərəkətləri nəzərdə tuturam. Bütün bu təhlükələr təşkilatımızın üzvü olan beş dövlətdən üçünün ərazisində törədilmiş silahlı münaqişələrdə daha açıq-aydın təzahür etmişdir.

Ona görə də biz həmin münaqişələrin dincliklə nizama salınması yolunda real uğurların olmaması ilə əlaqədar öz dərin narahatlığımızı ifadə etməyə bilmərik. Təcavüzkarların və seperatçıların hərəkətləri ilə barışmaq meylinin müşahidə edilməsi, bəzən isə münaqişə zonasındakı vəziyyəti möhkəmlətmək və qanuniləşdirmək cəhdlərinə açıq-aşkar göz yumulması, bəzi vasitəçilərin "baş vermiş fakt" əsasında "asan" nizamasalmaya çalışması, etnik təmizləmələri və işğalı tanımağa cəhd göstərilməsi yalnız gərginliyin artmasına gətirib çıxarır və münaqişələrin, həqiqətən, ədalətli həlli perspektivini uzaqlaşdırır.

Deməliyəm ki, nə qədər çox vaxt keçirsə, bu münaqişələrin nizama salınması ilə məşğul olmalı olan beynəlxalq təşkilatlar, aparıcı ölkələrin münaqişələrin həlli üçün birləşən ayrı-ayrı qrupları, təəssüf ki, getdikcə daha çox məhz belə mövqe - məqbul sayılmayan mövqe və münaqişələrin həllini beynəlxalq hüquq, hər bir ölkənin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında təmin edə bilməyən mövqe tuturlar.

Mən bunun üzərində ona görə ayrıca dayandım ki, biz, bir yandan, beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının zəruriliyi, yəni hər bir dövlətin suverenliyinin, hər bir ölkənin ərazi bütövlüyünün, dövlət sərhədlərinin toxunulmazlığı və pozulmazlığının təmin edilməsi barədə həm bütün beynəlxalq təşkilatlar tərəfindən, həm də böyük dövlətlər tərəfindən bəyanatlar eşidirik. Bəli, belə bəyanatlar tez-tez edilir, amma bununla belə, münaqişənin həllinə dair artıq əməli iş görüləndə, təəssüf ki, son vaxtlar onların çoxu bizi inandırmağa çalışır ki, bilirsinizmi, baş vermiş faktla razılaşmaq lazımdır, hansısa bir yol tapmaq gərəkdir. Məgər beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən başqa ayrı bir yol ola bilərmi?! Əgər beynəlxalq hüquq prinsipləri bizim inandığımız və böyük ümidlər bəslədiyimiz, öz prinsiplərinin dəyişməz olduğunu bəyan edən, praktikada isə bizə hansısa başqa bir yol axtarmağı məsləhət görən Birləşmiş Millətlər Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmişsə, onda ikili standart əmələ gəlir. Zənnimcə, müşahidə etməyə başladığımız ən təhlükəli meyl məhz bundan ibarətdir. Əgər bu meyl dayandırılmasa, onda, ümumiyyətlə, beynəlxalq hüququn mövcudluğuna son qoyular və o, ayrı-ayrı güclü və ya hər hansı səbəblər üzündən müəyyən üstünlüyə yiyələnmiş ölkələrin ixtiyarında olacaqdır. Ancaq biz bununla razılaşa bilmərik. Mən bu çox mühüm məsələ üzərində dayanmaq üçün sizin bir qədər vaxtınızı almağı lazım bildim. İndiki mərhələdə bu məsələ, - Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə nizama salınması təcrübəsindən çıxış edərək, bu barədə danışmağa əsasım var, - bu meyl, təəssüflər olsun ki, getdikcə daha geniş yayılır. Biz onu dayandırmalıyıq.

Beynəlxalq hüququn BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, BMT-nin və ATƏT-in başqa sənəd və qərarlarında təsbit edilmiş hamılıqla tanınmış norma və prinsipləri münaqişələrin tez bir zamanda sülh yolu ilə həllinin əsaslanmalı olduğu təməldir. Müstəqil dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmasının bundan sonra da davam etməsi daha böyük fəlakətə gətirib çıxaracaqdır. Biz dincliklə nizamasalmada beynəlxalq birliyin yardımına ümid bəsləməklə yanaşı, bu təhdidlərə qarşı durmaq və münaqişələrin həllinə şərait yaratmaq üçün GUÖAM çərçivəsində səylərimizi birləşdirməliyik.

Ölkələrimiz bu təhdidlərin ciddiliyinə və onların üstündən sükutla keçilməsinin yolverilməzliyinə, onların daha asanlıqla aradan qaldırılması yollarının axtarışına dünya birliyinin diqqətini lap əvvəldən cəlb etmişdir. 2001-ci ilin 11 sentyabr hadisələri bütün dünyanı sarsıtdı. Həmin gün ABŞ-da törədilmiş terror əməlləri planetimizdə sülh və təhlükəsizlik üçün ən ciddi qorxu olan beynəlxalq terrorizm və ekstremizm qarşısında ümumi gücsüzlüyümüzü bizim hamımıza əyani surətdə nümayiş etdirdi.

Bizim dövlətlərimiz terrorizmə qarşı beynəlxalq koalisiyaya elə ilk gündən qoşuldu. Azərbaycan antiterror koalisiyasında iştirakını dərhal bəyan etdi və bu mövqelərə sadiq qalır. Bizim birlik də bu mübarizəyə öz sanballı töhfəsini verərək, belə vəhşi terror hərəkətlərini pisləyən müvafiq bəyanatlarla çıxış etmişdir. Amma biz bununla kifayətlənməməliyik.

Bu baxımdan, bu gün qəbul edəcəyimiz sənədləri - "Regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində birgə səylər haqqında bəyannamə"nin, habelə terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və digər təhlükəli cinayətlərlə mübarizə sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini vurğulamaq istəyirəm.

Bizim əməkdaşlığımız öz təzahürünü bir sıra sahələrdə tapan ümumi mənafelərə əsaslanır. Onların arasında GUÖAM çərçivəsində iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Ölkələrimiz qarşılıqlı ticarət-iqtisadi münasibətlərin inkişafından çox böyük fayda götürəcəkdir. Əminəm ki, bu gün imzalanacaq "GUÖAM-ın üzvü olan dövlətlər arasında azad ticarət zonası yaradılması haqqında saziş" yaxşı zəmin olacaqdır.

Ticarət-iqtisadi sahədə və digər əlaqədar sahələrdə milli qanunvericiliklərin təkmilləşdirilməsindən, qanunların tətbiqi praktikasının yaxşılaşdırılmasından və qəbul edilən qərarların icrasından çox şey asılı olacaqdır. Sahə işçi qruplarının fəaliyyətini qaydaya salmaq, habelə ölkələrimizin sahibkarları və biznes dairələri arasında birbaşa əlaqələrin inkişafını dəstəkləmək lazımdır. Bu gün imzalanmağa təqdim olunacaq "GÜÖAM"-ın üzvü olan ölkələrin işgüzar Şurasının yaradılması haqqında saziş" də məhz bu məsələlərin həllinə həsr edilmişdir.

Bizim əlaqələrimizin inkişafında və möhkəmlənməsində nəqliyyat sahəsində əməkdaşlıq olduqca böyük rol oynayır. Bu əməkdaşlıq dövlətlərimizin əlverişli coğrafi mövqeyinə əsaslanır. TRASEKA-nın da, strateji cəhətdən digər mühüm marşrutların da keçdiyi GUÖAM məkanında nəqliyyat dəhlizlərinin səmərəli və təhlükəsiz fəaliyyətinin təmin olunması üçün biz hələ çox işlər görməliyik. Söhbət təkcə nəqliyyat infrastrukturunun inkişafından və tranzit üçün əlverişli şərait yaradılmasından deyil, həm də bu dəhlizlər vasitəsilə hər cür qeyri-ideal transfetlərin qarşısının alınmasından gedir.

Hörmətli həmkarlar!

Beynəlxalq təşkilatlar çərçivəsində siyasi və praktiki əməkdaşlığın qaydaya salınması və yuxarıda adı çəkilən sahələrdə transregional layihələrin həyata keçirilməsi GUÖAM-ın beynəlxalq mövqelərini möhkəmlətməyin çox mühüm elementləridir. BMT-də, ATƏT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyət sahəsində müsbət təcrübəmiz var, digər regional strukturlarla, habelə ölkələrlə dialoq qaydaya salınır, NATO və Avropa Birliyinin GUÖAM-a marağı artır. Bu nailiyyətləri daha da inkişaf etdirmək lazımdır.

Mən burada müxtəlif beynəlxalq təşkilatları və dövlətləri təmsil edən qonaqları görməyimə şadam. Hesab edirəm ki, bu, Birliyimizin potensialının və artıq qazanmış olduğu nüfuzun beynəlxalq aləmdə daha çox etirafının parlaq sübutudur və "GUÖAM-ın fəaliyyətində müşahidəçilərin statusu haqqında qərar"ın qəbul edilməsinin məqsədəuyğunluğunu təsdiqləyir. Həmin qərar GUÖAM-ın coğrafi-siyasi miqyasının genişlənməsinə, onun imkanlarının və beynəlxalq əlaqələrinin dinamikasının güclənməsinə, dövlətlərarası və regionlararası əməkdaşlığın yeni çərçivələrinin yaranmasına və inkişafına kömək edəcəkdir.

Mədəniyyət, din, elm, təhsil sahələrində mübadilələrin inkişafana xidmət edəcək Avropa-Qafqaz-Asiya mədəni dəhlizinin yaradılması barədə GUÖAM-ın irəli sürdüyü təşəbbüs humanitar əməkdaşlığın geniş perspektivləri çərçivəsində çox ümidverici layihədir. Güman edirəm ki, mədəniyyət sahəsində əməkdaşlıq haqqında bu gün imzalanan protokol bu təşəbbüsün həyata keçirilməsinə lazımi təkan verəcəkdir.

Əziz dostlar!

Sonda qeyd etmək istərdim ki, GUÖAM-ın indiki zirvə görüşünün yekunları birliyimizin zəifliyi barədə səslənən bütün bədbin fikirlərə ən yaxşı cavabdır. Bu gün qəbul edilən sənədlər GUÖAM-ın bir təşkilat kimi inkişafı yolunda daha bir ciddi addımdır. GUÖAM-ın indiki və əvvəlki zirvə görüşlərinin yekun sənədlərində təsbit olunmuş məqsəd və vəzifələrin həyata keçirilməsi nəinki siyasi, ticarət-iqtisadi, humanitar və başqa sahələrdə əməkdaşlığın inkişafına səbəb olacaq, həm də beynəlxalq birlikdə dövlətlərimizin mövqelərini möhkəmlədəcək və dünya inteqrasiya prosesinə layiqli birgə töhfə verməyə imkan yaradacaqdır.

Əziz dostlar, diqqətinizə görə təşəkkür edirəm!