Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə “Cihaz” İstehsalat Birliyinin istehsal prosesilə tanışlıqda söhbət - 24 may 2000-ci il


Heydər Əliyev: Birliyin bütün əməkçilərini səmimi-qəlbdən salamlayıram. Sizin hamınıza ürəkdən minnətdarlığımı bildirirəm.

Faiq Yelisuyski (“Cihaz İstehsalat Birliyinin” baş direktoru): Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində hazırda zavodda fərdi sektorlar, daş mənzillərdə, bağ evlərində, həmçinin su təchizatı, komunal təsərrüfatı sistemlərində, sənaye müəssisələrində su sərfinin kommersiya qeydiyyatının aparılması üçün nəzərdə tutulan müxtəlif növ soyuq və isti su sayğacları istehsal olunur. Dünyanın bir neçə ölkəsini ixrac olunan bu məhsula tələbatı ödəmək üçün lazımı işlər görülür, Özbəkistana və digər ölkələrə sayğaclar göndərilməsi üçün müqavilələr bağlanır.

Heydər Əliyev: Azərbaycanda buna tələbat yoxdur?

Faiq Yelisuyski: Cənab Prezident, var. Abşeron Regional Səhmdar Su Cəmiyyəti ilə ümumi məbləği bir milyard manatlıq müqavilə imzalanmışdır. Özü də bu cihazlar çox yüksək keyfiyyətlidir və Avropa standartlarına uyğunlaşdırılıbdır.

Heydər Əliyev: Bunu tətbiq etmək lazımdır. Bundan hər evə qoymaq lazımdır. İnsanlar o qədər su işlədirlər.

Faiq Yelisuyski: Cənab Prezident, Bakı şəhərindəki mənzillər üçün 600 min ədəd sayğac lazımdır, bütün respublikaya isə bir milyon ədəd lazımdır. Bunun perspektivi çox böyükdür və qiyməti 13 dollardır. Amma xaricdən gətirdikdə çox baha başa gəlir. Bizim sayğaclar isə ucuzdur.

Heydər Əliyev: Bunu siz 13 dollara buraxırsınız, amma satış qiyməti bir az artıq olur, eləmi?

Faiq Yelisuyski: Xeyr, bunun maya dəyəri 11 dollardır. Biz bunun satış qiymətini 13 dollar etmişik.

Heydər Əliyev: Sizinki xaricdən gətiriləndən keyfiyyətlidir?

Faiq Yelisuyski: Bəli. Həm də bunlar bizim suyumuza da uyğundur. Vaxtilə konstruktorlar yaxşı işləyiblər. Cənab Prezident, istehsalımız ilbəil artıbdır. 1965-ci ildə 4, 1970-ci ildə 8, 1975-ci ildə 12, 1980-ci ildə 18, 1985-ci ildə 22 ədəd istehsal olunubdur. Sonrakı illərdə inkişaf olmadı. 1995-ci ildən 38 ədəd, hazırda isə 40 ədədə yaxın istehsal olunur.

Heydər Əliyev: “Ədəd” deyəndə nəyi nəzərdə tutursan? 

Faiq Yelisuyski: Bir neçə növə.

Heydər Əliyev: Bu, ədəd deyil, bu növdür. Sən səhv edirsən. Ədəd budur, yəni bu, bir ədəddir. Başa düşürsən? Sən burda düz yazmamısan. Sən “ədəd” deyəndə mən təəccüblənirdim. Necə yəni dörd ədəd? Bu böyüklükdə zavod dörd ədəd? Yaxud da ki, indi, 2000-ci ildə 40 ədəd? 40 növ!

Faiq Yelisuyski: Düz deyirsiniz, cənab Prezident.

Heydər Əliyev (Rasim Daşdəmirova müraciətlə): Hardasan, bura gəl. Bunlar Azərbaycan dilini  yaxşı bilmirlər. Bəs sən haradasan?

Rasim Daşdəmirov: (Gəncə şəhər əcra Hakimiyyətinin başçısı): Cənab Prezident, ədədlə ceşidi səhv saldı. Yəqin ki.

Heydər Əliyev: “Növ” deməlidir, amma bu deyir “ədəd”. Mən durmuşam, məəttəl qalıram. Mən bu zavodla o illərdə məşğul olmuşam. 1975-ci ildə biz Azərbaycanda cihazqayırma sənayesinin inkişafı üçün böyük bir qərar qəbul etdik. Yəni bu bizim qərar deyildi, Sovet İttifaqı Kommunist Partiyasının və Nazirlər Sovetinin qərarı idi. O qərar əsasında biz Azərbaycanda bir çox cihazqayırma zavodları yaratdıq. Bu zavodun inkişaf etməsi də həmin SSRİ qərarının içində idi. Elədir?

Rasim Daşdəmirov: Elədir. Bu sexi Sizin qərarınızla tikiblər.

Faiq Yelisuyski: Elədir, cənab Prezident.

Heydər Əliyev: Demək, sənin bir səhvini tutdum ki, sən növlə ədədi qarışdırırsan.

Faiq Yelisuyski: Düzdür, cənab Prezident.

Heydər Əliyev: Ona görə bunların hamısını poz.  Bura  yaz 40 növ, yaxud 40 ceşid, nə bilim, bəlkə bunlar başqa söz də deyə bilərlər. Amma de görüm, ədəd neçədir, neçə ədəd istehsal edirsiniz?

Faiq Yelisuyski: 18 növ istehsal edirik.

Heydər Əliyev: Mən ümumi cəmini soruşuram.

Faiq Yelisuyski: Cənab Prezident, 10 min ədəd.

Heydər Əliyev: Görürsünüz, demək, 10 min ədəd istehsal edilir, gərək mən bununla rus dilində danışam. Gətirib burada “40 ədəd” yazıbdır. Sən də icra başçısı kimi, gəlib buranı yoxlamamısan ki, ay balam, siz burada səhv buraxıbsınız. Azərbaycan dilini öyrənin. Mən dəfələrlə demişəm, Azərbaycan dilini öyrənin. Bu, bilmədiyinizin nəticəsidir. İşiniz yaxşıdır, amma sən məni təəccübləndirdin. Mən baxdım, baxdım, fikirləşdim. O tərəfə fikirləşirəm, bu tərəfə fikirləşirəm: sual verim, sual verməyim? Necə yəni ədəd? Axırda aydınlaşdı. Bu, 10 min ədəd istehsal edir, amma “40 ədəd” deyir.Yaxşı.

Faiq Yelisuyski: Cənab Prezident, bunlar da sayğacın mexanizmləridir. Zavodda istehsal olunur.

Heydər Əliyev: Bunun hissələridir?

Faiq Yelisuyski: Bəli.

Heydər Əliyev: Demək, bu, şəxsi evlər üçündur?

Faiq Yelisuyski: Bəli, mənzillər üçündür.

Heydər Əliyev: Bax, bunu hər biriniz alın, mənzilinizə qoyun, hesablasınlar ki, siz nə qədər su işlətmisiniz, pulunu da verin. Başa düşürsünüz,  mən bunu bir neçə dəfə demişəm. Bakının su təchizatının təmin olunması üçün biz Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından 90 milyon dollar kredit almışıq. Biz həmin kredit hesabına orada dəyişikliklər aparırıq. Həmin krediti qaytarmaq üçün isə şərt bundan ibarətdir ki, biz suyun təchizatını və keyfiyyətini yaxşılaşdıracağıq. Kürdən gələn su kəmərlərinin keyfiyyəti yaxşılaşacaq, nasos stansiyaları dəyişdiriləcəkdir. Abid şərifov buradadır. O, bu işlərlə məşğul olur və olacaqdır.

Hər bir adam su pulu verməlidir. Yığılan su pullarından həmin kredit qaytarılmalıdır. Amma Azərbaycanda öyrəniblər sudan, elektrik enerjisindən, qalan hər bir şeydən pulsuz istifadə edirlər və sonra da deyirlər ki, yaşayış pisdir. İndi heç bir ölkədə sudan pulsuz istifadə etmək olmaz. Bu işlə mən təkcə indi yox, 1970-ci illərdə də məşğul olurdum. Amma o vaxt bizim belə cihazlarımız yox idi. Yadımdadır, o vaxtlar, məsələn, suyu açıb işlədir, yaxşı, nə qədər işlədir işlətsin amma, tutaq ki, unitaz xarab olur, oradan su gecə də, gündüz də axırı yoldaş Şərifov, elədirmi? Yəqin vaxtilə sənin də evində belə olubdur. Vaxtilə nə qədər su itirirdik. Əgər o dövrdə keçirdiyimiz müşavirilərdə mənim nitqlərimi, çıxışlarımı qəzetlərdən götürüb baxsanız, görərsiniz ki, o zaman mən su itkisinin qarşısının alınması üçün nə qədər tədbirlər görməyə çalışmışam. Necə deyərlər, canımı qoymuşam ki, Azərbaycanda suya qənaət edilsin, su itməsin. O illər keçdi. İndi bazar iqtisadiyyatıdır. Sudan istifadə etmək istəyirsənsə, istifadə et, amma hesablayıcı cihazın olsun və ayda suyun pulunu ver. Hesablayıcı cihazın olsun, ayda nə qədər elektrik enerjisindən istifadə etmisənsə, pulunu ver. Bunlar olanda bizim həm elektrik stansiyalarımız yaxşı işləyəcək, həm də su təchizatı yaxşı olacaqdır. Sizin bu istehsalatınız çox vacibdir. Burada işin keyfiyyətini yaxşılaşdırmısınız, çalışın daha da yaxşılaşdırın. Amma lazımdır ki, indi bu, respublikada tətbiq edilsin. Mən üzümü yenə də Şərifova tuturam: su layihəsi ilə sən məşğulsan, ona sən rəhbərlik edirsən, elədirmi?

Abid Şərifov: Bəli.

Heydər Əliyev: Bunların hamısı tətbiq olunmalıdır. Siz bunları Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirin. İndi burada dedilər ki, Bakı şəhərinə 600 min ədəd belə cihaz lazımdır.

Faiq Yelisuyski: Bakı şəhərindəki mənzillər üçün 600 min ədəd belə cihaz lazımdır.

Heydər Əliyev: Deyirsən ki, Bakı şəhəri üçün 600 min ədəd belə cihaz lazımdır. Gərək siz bunu təmin edəsiniz ki, mənzil sahibləri bu cihazları alsınlar. Bu cihazın qiyməti neçəyədir? 

Faiq Yelisuyski: Bir ədədinin qiyməti 13 dollardır.

Heydər Əliyev: Mənzil sahibləri bu cihazı alsınlar, ondan istifadə etsinlər. Bu cihazda fırıldaq edib, nəyisə dəyişdirmək mümkündur?

Faiq Yelisuyski: Xeyr.

Heydər Əliyev: Keçmişdə elektrik sayğaclarında bəzən rəqəmləri dəyişdirirdilər. Əgər bu da belə olacaqsa, onda bunun əhəmiyyəti yoxdur.

Faiq Yelisuyski: Xeyr, mümkün deyil.

Rasim Daşdəmirov: Cənab Prezident, bu cihaz həm isti, həm də soyuq su üçündür.

Heydər Əliyev: Əlbəttə, belədir. Evə soyuq su gəlir, amma onu sonra evdə qızdırırlar.Yaxud da, bəzi evlərdə mərkəzi istixana sistemi var.

Faiq Yelisuyski: Cənab Prezident, bunlar isə iri sayğaclardır. Bunların diametri 150 millimetrdir. Keçmiş İttifaqa mənsub olan respublikalar arasında bizdən başqa heç yerdə belə cihaz istehsal edilmir. 

Heydər Əliyev: Siz onda bunu ixrac edirsiniz? 

Faiq Yelisuyski: Bəli, ixrac edirik. Zavodumuzun məhsullarının əsas alıcısı Rusiyadır. Cənab Prezident, bildiyiniz kimi, biz bu malları çoxdan Rusiyaya satırıq. Hazırda yenə də Rusiya ilə müqavilə başlamışıq. Zavodumuzun istehsal etdiyi məhsulların, demək olar ki, 70 faizi Rusiyaya satılır. Biz Ukrayna ilə də müqavilə başlamışıq. Biz keçən il Özbəkistanda keçirilmiş tenderdə iştirak etdik və qalib gəldik. Bundan sonra Daşkəndə də bir neçə növ sayğaclar göndərəcəyik.

Cənab Prezident, biz bu il üçün 3 milyard manata yaxın məbləğdə müqavilələr bağlamışıq. İlin əvvəlindən indiyədək 860 milyon manatlıq məhsul satmışıq, hazırda zavodumuza 300 milyon manat vəsait daxil olubdur. Kollektivimiz işləyir, bundan sonra da işləyəcəkdir.

Heydər Əliyev: Bu zavod çox vacib bir zavoddur. Mən indiyədək görülən işləri yüksək qiymətləndirirəm. Çünki, yenə də deyirəm, mən bu zavodla 1970-ci illərdən tanışam. Dediyim sözləri təkrar etmək istəmirəm, vaxtilə bu zavodun müasir səviyyəyə gəlib çatması üçün çoxlu səylər qoymuşuq. Bir daha deyirəm, biz 1975-ci ildə SSRİ Nazirlər Sovetinin və Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycanda müasir texnikanın və texnologiyanın inkişaf etdirilməsi barədə xüsusi bir qərar qəbul etməsinə nail olduq. Biz o vaxt həmin qərar əsasında Azərbaycanda bir sıra zavodların - dünən getdiyimiz “Büllur” zavodunun, sonra cihazqayırma, radiotexnika zavodlarının və sairin tikintisinə başladıq. Ancaq eyni zamanda, mövcud olan zavodların texnika və texnologiyasının müasirləşdirilməsinə başladıq. Bunların arasında sizin bu zavod da var idi. İndi deyirsiniz, mən də xatırlayıram ki, bu sex həmin qərar əsasında tikilibdir. O vaxtlar burada istehsal olunan məhsulun keyfiyyəti bizi qane etmirdi. Ona görə də biz bu zavodu çoxlu tənqid edirdik. Mən dedim, o vaxt biz suya qənaət edilməsinə çalışırdıq, istəyirdik ki, sayğaclar qoyulsun, sudan kimin, hansı zavodun, müəssisənin nə qədər istifadə etdiyi hesablansın. Amma nə zavodda, nə fabrikdə, nə mağazada, nə başqa yerdə heç kəs hesab aparmır ki, nə qədər su götürübdür. Suyun insanların, müəssisələrin, cəmiyyətin tələbatını ödəməsi üçün həddindən artıq vəsait xərclənir, amma oradan bir gəlir yoxdur. Ona görə də biz o vaxt bu işlərlə məşğul olurduq. Amma o zaman sovet dövrü idi, çox şeyləri də bağışlayırdıq. O vaxtlar su pulunu verib-verməməyin hesabı o qədər də ciddi aparılmırdı. Çünki sayğaclar yox idi, sadəcə yazılırdı ki, kim nə qədər su pulu verməlidir. Kim istəsə verirdi, kim istəməsə vermirdi. Amma indi həyat dəyişibdir. Ona görə də belə cihazlara böyük ehtiyac vardır. Mənim burada gördüyüm sayğac növləri bu zavodun böyük ixrac imkanlarını nümayiş etdirir. Yəni bu cihazlar təkcə Azərbaycanın yox, keçmiş SSRİ məkanına daxil olan ölkələrin də tələbatını ödəyə bilər. Ona görə də zavodunuzun böyük gələcəyi vardır və böyük işlər görəcəksiniz, çoxlu faydalar, gəlir əldə edə biləcəksiniz. Bunlar hamısı məni sevindirir. Çünki mən vaxtilə bu zavodun inkişaf etməsi, modernləşdirilməsi üçün səylər qoymuşam. Bu gün bir daha görürəm ki, həmin səylər hədər getməyibdir, öz nəticəsini verir. Bu zavod bu gün üçün, Azərbaycan üçün və xarici bazar üçün çox lazımdır. Yeni növlər icad etdiyinizə, onları geniş istehsala buraxdığınıza görə mən sizi təbrik edirəm, bunu yüksək qiymətləndirirəm. Eyni zamanda ümidvar olduğumu bildirmək istəyirəm ki, siz əldə etdiyiniz bu nailiyyətlərlə arxayınlaşmayacaqsınız, dayanmayacaqsınız, bu cihazların həm növlərini, çeşidlərini, həm də miqdarını artıracaqsınız. Birincisi, zavodunuzu genişləndirə də bilərsiniz. İkincisi, zavodunuzun bütün işçilərinin maaşını artıra bilərsiniz. Beləliklə, Azərbaycanın iqtisadiyyatına öz payınızı verə bilərsiniz. Mən sizi təbrik edirəm, hamınıza cansağlığı arzu edirəm. Çox şadam ki, gəlib bu zavodu belə yaxşı vəziyyətdə gördüm. Sağ olun.

Əməkçilər: Cənab Prezident, çox sağ olun. Sizə cansağlığı arzulayırıq. Allah Sizi xalqımızın üstündən əskik eləməsin. Çox razıyıq. Azərbaycan prezidenti Heydər Əliyevə eşq olsun!

Oçerklər

İQTİSADİYYAT

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf