Bakıda "Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması" mövzusunda beynəlxalq konfransın açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 13 sentyabr 1994-cü il


Hörmətli xanımlar və cənablar, "Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması" mövzusunda beynəlxalq Bakı konfransının iştirakçıları!

Sizi bu mühüm hadisə - beynəlxalq Bakı konfransının açılışı münasibətilə ürəkdən təbrik edir və sizə Azərbaycan Respublikası üçün çox mühüm olan işinizdə uğurlar arzulayıram. Beynəlxalq xarakter daşıyan konfrans, sözsüz, böyük əhəmiyyətə malikdir. Lakin azad inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan üçün konfrans xüsusilə böyük əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur.

Bu sahədə respublikada az iş görülmür. Biz azad iqtisadiyyatın, bazar iqtisadiyyatının bərqərar olmasının və inkişaf etdirilməsinin müxtəlif yollarını nəzərdən keçirməyə çalışırıq. Təbiidir ki, çətinliklərlə qarşılaşır və dünya təcrübəsindən daha fəal istifadə etməyə böyük ehtiyac duyuruq. Bununla əlaqədar olaraq "Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması" mövzusunda beynəlxalq Bakı konfransı bizim üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Mən bunu əsas tutaraq, konfransın açılışında sizinlə birlikdə olmağı və öz fikirlərimlə sizə müraciət etməyi qərara aldım. Təbiidir ki, Azərbaycan iqtisadiyyatının yenidən qurulmasına konfransın, sizin birgə işinizin mühüm xidmət göstərəcəyinə ümid bəsləyirəm.

Azad iqtisadiyyat, bazar iqtisadiyyatı şəraitində böyük iş təcrübəsi olan xarici ölkə nümayəndələrinin konfransın işində iştirakı dünya iqtisadiyyatının, inkişaf etmiş ölkələrin təcrübəsindən daha səmərəli istifadə edərək öz gələcək fəaliyyət yollarımızı müəyyənləşdirmək üçün, şübhəsiz, mühüm, bəlkə də, həlledici amildir. Bu ölkələr məhz bazar iqtisadiyyatı, azad sahibkarlıq yollarında çox böyük müvəffəqiyyətlər qazanmışlar. Buna görə də mən Bakıya gələn və bu beynəlxalq konfransın işində iştirak edən xarici qonaqlarımızı ürəkdən salamlayır, onlara Azərbaycan iqtisadiyyatının problemlərinə səmimi münasibət göstərdiklərinə görə minnətdarlığımı bildirir və ümid edirəm ki, bizim birgə səylərimiz konkret əməli nəticələrə gətirib çıxaracaqdır.

Mən bazar iqtisadiyyatını, azad sahibkarlığı bərqərar etmək yolu ilə getdiyimizdən danışarkən bizim keçid dövrünün çətinliklərindən söz açdım. Bu çətinliklər həqiqətən var, obyektiv və müəyyən dərəcədə qanunauyğun xarakter daşıyır. Lakin bununla bərabər, bu salonda olanlara məlumdur və mən bir daha demək istərdim ki, Azərbaycanda iqtisadiyyatın yenidən qurulmasına başlanan dövrdə, xüsusən təxminən son iki ildə respublikada az iş görülməmişdir.

Həmin müddət ərzində minlərlə kiçik müəssisə, xarici firmalarla birlikdə çoxlu müştərək müəssisə, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradılmışdır ki, bu da konkret əməli nəticələr vermişdir. Azad sahibkarlığa dövlət yardım fondu yaradılmış, digər tədbirlər görülmüşdür. Ən başlıcası isə sahibkarlığın inkişafı, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi üçün əməli şərait yaradılmışdır. Bu yolla irəliləyişi təmin etməkdən ötrü müəyyən hüquqi əsaslar da yaradılmış, "Sahibkarlıq haqqında" qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmiş, sahibkarlığı, təşəbbüskarlığı fəallaşdırmaq, iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək üçün həm hüquqi zəmin, həm də müvafiq şərait yaratmaqdan ötrü bir sıra digər tədbirlər görmüşdür.

Bununla yanaşı, dövlət tərəfindən müvafiq tədbirlər müəyyənləşdirilmişdir. Məsələn, mən bunu vacib sayıram ki, biz ümumiyyətlə, iqtisadiyyatı sərbəstləşdirmək və xüsusən xarici ticarəti sərbəstləşdirmək üçün şərait yaratmışıq. Bu il aprelin 5-də verilmiş fərmanda iqtisadiyyatımızın sərbəstləşdirilməsi, xarici ticarətin sərbəstləşdirilməsi sahəsində tədbirlər kompleksi nəzərdə tutulur. Fərman şərait yaradır ki, bütün hüquqi şəxslər öz mallarını, o cümlədən də strateji malları müstəqil surətdə ixrac edə bilsinlər.

Bundan sonra da həmin yolla getmək üçün, təbii olaraq, digər addımlar da atılmalıdır. Məsələn, biz bazar iqtisadiyyatının sahibkarlıq infrastrukturunu yenidən qurmaq üçün tədbirlər görürük, bank sisteminin təkmilləşdirilməsinə böyük əhəmiyyət veririk ki, bazar iqtisadiyyatına yönəldilmiş xəttin həyata keçirilməsinin ən mühüm vasitəsi kimi bu sistem beynəlxalq bank sisteminə müvafiq olsun və azad sahibkarlıq üçün şəraiti təmin etsin. Vergi sistemi sahəsində biz azad sahibkarlıq üçün maksimum əlverişli şərait yaradılmasına çalışırıq.

Bütün bunlar ancaq ilk addımlardır, hələ çox iş görülməlidir. Məsələn, biz respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsi, mülkiyyət formasının dəyişdirilməsi yolu ilə cəsarətlə və qətiyyətlə getməli, bunu əsas tutmalıyıq ki, bu, istehsalın inkişafına, deməli, həm də iqtisadiyyatın inkişafına kömək edəcəkdir.

Azərbaycan böyük iqtisadi potensiala, məhsuldar qüvvələrə, əmək ehtiyatlarına, təbii sərvətlərə malikdir. Bütün bunlardan xalqın rifahı üçün, Azərbaycan iqtisadiyyatının inkişafı və onun iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səmərəli istifadə etməkdən ötrü biz bu tədbirləri həyata keçirməliyik. Ona görə də dövlət mülkiyyətinin özəlləşdirilməsi, eləcə də bununla əlaqədar bir sıra iqtisadi islahatlar keçirilməsi çox mühüm vəzifədir. Biz bunu dəfələrlə demişik. Konkret əməli tədbirlər gərəkdir. Etiraf etməliyəm ki, bu tədbirlər son dərəcə azdır və bu, bəlkə də, iqtisadiyyatın mürəkkəb vəziyyətdə olmasının səbəblərindən biridir. Biz aqrar islahat keçirilməsi yolu ilə getməli, aqrar bölmədə sahibkarlıq üçün şərait yaratmalı, nəzərdə tutmalıyıq ki, iqtisadiyyatın inkişafı üçün, ümumən Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərini həyata keçirmək üçün aqrar bölmədə də böyük ehtiyat mənbələri vardır.

İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var. Mən Azərbaycanın imkanlarını və iqtisadi potensialını xatırlatdım. Bu, bir tərəfdən. Digər amil isə bu sahədə dövlət siyasətidir. Dediyim kimi, dövlət siyasətində xarici investisiyalar, müştərək sahibkarlıq, xarici təcrübədən istifadə üçün maksimum əlverişli şərait yaradılması nəzərdə tutulur.

Aydındır ki, biz Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinə, mülkiyyət formalarının dəyişdirilməsinə başlayarkən dövlət bölməsinin də qeydinə qalmalı, onu bazar iqtisadiyyatının tələblərinə, dünya təcrübəsinə müvafiq surətdə yenidən qurmaq üçün tədbirlər müəyyənləşdirməliyik.

Bütün bu vəzifələr qarşımızda durur və konfrans iştirakçılarını əmin etmək istəyirəm ki, biz bütün sahələrdə - sənayedə, aqrar bölmədə, ticarətdə, məişət sahəsində, bütün infrastrukturda iqtisadi islahatların fəal şəkildə həyata keçirilməsi yolu ilə getmək əzmindəyik. Biz Azərbaycan iqtisadiyyatının bu islahatlar, bu imkanlar vasitəsilə dirçəlməsi üçün fəal surətdə irəliləyəcəyik. Ümid edirik ki, Azərbaycanın böyük iqtisadi, intellektual potensialı, zəngin təbii ehtiyatları və məhsuldar qüvvələri məhz həmin yolla hərəkətə gətiriləcək və ölkə iqtisadiyyatının səviyyəsi qaldırılacaq. Onun böhran vəziyyətindən çıxması təmin ediləcək və respublikamızın əhalisinin daha yaxşı yaşaması üçün şərait yaradılacaqdır. Belə imkanlar var və şəxsən mən əminəm ki, biz bu yolla gedərək müvəffəqiyyətlərə nail olacağıq. Biz bu sahədə də tutduğumuz yoldan dönməyəcəyik.

Mən hesab edirəm ki, bu konfransın keçirilməsi qarşımızda duran vəzifələrin yerinə yetirilməsində bizə kömək göstərəcəkdir. Burada görkəmli iqtisadçılar, mütəxəssislər iştirak edirlər. Onlar bazar iqtisadiyyatı əsasında iqtisadi sistem yaradılması yollarını kifayət qədər yaxşı bilirlər. Buna görə də arzu edirəm ki, bu konfrans, xüsusən əcnəbi qonaqlarımız Azərbaycanın şəraitinə, bir çox onilliklər ərzində totalitar sosialist sistemi şəraitində inkişaf etmiş olan Azərbaycan iqtisadiyyatına uyğun məhz konkret yolların müəyyənləşdirilməsi üçün bizə faydalı, səmərəli kömək göstərsinlər. Ümidvaram ki, əcnəbi qonaqlarımızın çıxışları və onların sahibkarlarımıza, Azərbaycanın iqtisadiyyatla məşğul olan bütün dövlət orqanlarına faydalı məsləhətləri, tövsiyələri bizim üçün böyük kömək və böyük yardım olacaqdır.

Dövlət başçısı kimi mən bu məsələlərdə qəti mövqe tutur, Azərbaycan sahibkarları ilə, sahibkarlıq fəaliyyəti sahəsində müəyyən təcrübə toplamış olan adamlarla görüşlər keçirməyi planlaşdırıram. Bu görüşlərdən işgüzar dialoq, belə bir informasiya gözləyirəm ki, sahibkarlıq sahəsində nə iş görülüb, biz nəyə nail olmuşuq və konkret surətdə nə etmək lazımdır. İqtisadiyyatla məşğul olan dövlət strukturlarımız və ümumən biz bu cür informasiyanı ilk mənbələrdən almağa ehtiyac duyuruq. Əlbəttə, hər bir faydalı fikirdən, hər bir faydalı rəy və təklifdən istifadə edəcəyik. Yəni Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi bilməli və ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir. Məhz belə sahibkarlar uğurla fəaliyyət göstərə bilər, girişdikləri məsələlərlə sərbəst məşğul ola bilər, öz iqtisadi, intellektual potensialından heç bir məhdudiyyət olmadan istifadə etmək imkanına malik olar, eyni zamanda Azərbaycanda sahibkarlığın, bazar iqtisadiyyatının inkişafına, böhranın aradan qaldırılmasına kömək göstərə bilərlər.

Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir Azərbaycan vətəndaşına məhz belə yanaşıram, onlara öz ehtiramımı bildirir, onların fəaliyyətinə səmimi münasibət göstərirəm. Bu gün konfransın işində artıq müəyyən nəticələrə nail olmuş Azərbaycan sahibkarları iştirak edirlər. Zənnimcə, onlar bu konfransın işindən, xüsusən əcnəbi qonaqlarımızın burada söhbət açacaqları təcrübədən çox şey əxz edə biləcək, həm öz işinin, həm də bütövlükdə müstəqil Azərbaycan dövlətində sahibkarlığın müvəffəqiyyətini təmin etmək üçün müvafiq fikir mübadiləsi aparacaqlar.

Mən xalqın rifahı naminə fəaliyyət göstərən hər bir Azərbaycan sahibkarına uğurlar və tərəqqi arzulayıram. Həmçinin əmin olduğumu bildirmək istəyirəm ki, "Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması" mövzusunda beynəlxalq Bakı konfransı Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsində öz rolunu oynayacaqdır. Sizə işinizdə müvəffəqiyyətlər arzulayıram. Diqqətinizə görə sağ olun.

"Azərbaycan" qəzeti, 14 sentyabr 1994-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf