ABŞ-ın ticarət naziri Uilyam Deyli və energetika naziri Federiko Penyanın Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda Heydər Əliyevin çıxışı - Vaşinqton, 31 iyul 1997-ci il


Hörmətli nazir cənab Deyli!

Hörmətli nazir cənab Penya!

Hörmətli konqresmenlər, səfirlər!

Xanımlar və cənablar!

Mən sizi bu axşam Amerika Birləşmiş Ştatları parlamentinin binasında, tarixi hadisələrin şahidi olmuş bu salonda ürəkdən salamlayıram. Sizə və sizin simanızda Amerika Birləşmiş Ştatlarının dövlətinə, hökumətinə və bütün xalqına hörmət və ehtiramımı bildirirəm.

Mənim üçün çox əhəmiyyətli olan bu görüşə görə və nazirlər cənab Deylinin, cənab Penyanın ölkəmiz barədə, Azərbaycan-Amerika əlaqələri haqqında dedikləri xoş sözlərə görə təşəkkür edirəm və sizin hamınıza minnətdarlığımı bildirirəm.

Mən Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlməyimdən özümü çox xoşbəxt hesab edirəm. Bu, müstəqil Azərbaycan Respublikası prezidentinin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəridir. Bu səfər Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun dəvəti ilə həyata keçirilir.

Prezident cənab Bill Klintona bu dəvətə görə və bu günlərdə Amerika Birləşmiş Ştatlarında mənə və məni müşayiət edən nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, mehribanlığa, dost münasibətlərinə görə ürəkdən təşəkkür edirəm.

Respublikamız dövlət müstəqilliyini əldə edəndən sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaxşı əlaqələr yaranmış və bu əlaqələr bütün sahələrdə inkişaf etməkdədir. Mənim bu rəsmi səfərim və bu günlərdə Amerika Birləşmiş Ştatlarında keçirdiyimiz görüşlərin, danışıqların, söhbətlərin hamısı onu deməyə əsas verir ki, Amerika ilə Azərbaycan arasında əlaqələr yeni bir mərhələ dövrünü keçirir, yüksək səviyyəyə qalxır.

Mən prezident cənab Bill Klintonla sabahkı görüşümü səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, bu görüş, danışıqlar və imzalayacağımız sənədlər Amerika-Azərbaycan əlaqələrində tarixi hadisə olacaqdır. Biz fəxr edirik ki, gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir. Biz fəxr edirik ki, Azərbaycan Respublikasının nümayəndə heyəti, Azərbaycanın prezidenti Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtondadır.

Biz hesab edirik ki, Amerika-Azərbaycan əlaqələri genişlənməlidir, daha da yüksəklərə qalxmalıdır, tam partnyorluq xarakteri daşımalıdır. Biz bunu istəyirik. Biz bunu arzu edirik. Güman edirəm ki, prezident Bill Klintonla danışıqlarımız nəticəsində biz bu sahədə çox ciddi addımlar ata biləcəyik.

Amerika Birləşmiş Ştatlarında bu günlər apardığımız danışıqlar, keçirdiyimiz görüşlər onu göstərir ki, həqiqətən əməkdaşlıqda daha böyük nailiyyətlər əldə etmək mümkündür və buna nail olmaq olar.

Amerika hökumətinin nazirləri - müdafiə, energetika nazirləri ilə görüşlərim, danışıqlarım, ticarət naziri ilə bu gün buradakı görüşüm, danışıqlarım, ABŞ-ın parlamentində - həm Nümayəndələr Palatasında, həm də Senatda apardığımız danışıqlar və keçirdiyimiz görüşlər, Birləşmiş Ştatların başqa yüksək vəzifəli dövlət xadimləri ilə, bu ölkənin siyasətini formalaşdıran və onu müəyyən qədər hazırlayan böyük siyasətçilərlə görüşlərim və danışıqlarım belə təəssürat yaradıbdır ki, ABŞ-da Azərbaycana böyük maraq vardır. Azərbaycan Respublikası da Amerika Birləşmiş Ştatları ilə əlaqələrini genişləndirməyə çox böyük maraq, həvəs göstərir.

Sabah prezident cənab Bill Klintonla görüşümüz mənim Amerikaya rəsmi səfərimin zirvəsi olacaqdır və indiyə qədər olan görüşlərə yekun vuracaqdır, bizim arzularımızı, istəklərimizi gerçəkləşdirəcəkdir.

Nazir cənab Penya, nazir cənab Deyli bu gün burada çıxış edərkən qeyd etdilər ki, Amerika Birləşmiş Ştatları Qafqaz regionuna, ümumiyyətlə, Xəzər dənizi hövzəsi bölgəsinə və xüsusən Azərbaycana böyük əhəmiyyət verir, maraq göstərir. Bu fikirlər tam əsaslıdır. Mən hesab edirəm ki, bizim regionun, o cümlədən Azərbaycanın həm cografi-siyasi, coğrafi-strateji vəziyyətinə görə, həm də Azərbaycanın və bölgəmizin böyük təbii sərvətlərinə, bir çox səbəblərə görə Amerika Birləşmiş Ştatları bizim regiona, xüsusən respublikamıza öz diqqətini daha da artırmalıdır, öz münasibətini daha da gücləndirməlidir.

Biz bu maraqları doğrultmağa hazırıq və bunu təmin edə bilərik. Əmin ola bilərsiniz ki, Azərbaycan bu sahədə sizin çox etibarlı partnyorunuz ola bilər.

Bizim iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir. Mən böyük iftixar hissi ilə deyə bilərəm ki, 1994-cü ilin sentyabr ayında imzaladığımız neft müqaviləsi həyata keçirilir. Bu müqaviləni həyata keçirən beynəlxalq konsorsiumun fəaliyyəti nəticəsində bu ilin sentyabrında ilkin neft hasil ediləcəkdir.

İmzalanmış bütün müqavilələr, o cümlədən Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə imzalanmış müqavilələrin hamısı ardıcıl surətdə həyata keçirilir. Sabah biz yeni müqavilələrin imzalanmasının şahidi olacağıq. "Şevron", "Eksson", "Mobil" şirkətləri ilə çox böyük əhəmiyyətli müqavilələr imzalanacaqdır. "AMOKO" şirkəti Amerika Birləşmiş Ştatlarından Azərbaycana gəlmiş ilk şirkətdir, 1994-cü ilin sentyabr ayında imzalanmış müqavilənin əsasını qoyan şirkətlərdən biridir. "AMOKO" şirkəti ilə Azərbaycan yeni neft yatağında - "Dan ulduzu" və "Əşrəfi" yatağında da müştərək iş görmək üçün müqavilə imzalamışdır. "AMOKO" şirkəti ilə Azərbaycan arasında yeni bir yataqda iş görmək və müqavilə hazırlamaq, ümumiyyətlə, daha da geniş əməkdaşlıq barəsində saziş imzalanacaqdır.

Beləliklə, biz indiyədək görülən işləri qiymətləndirməliyik. Biz onlarla fəxr edə bilərik. Biz eyni zamanda əməkdaşlığımızın nə qədər genişləndiyinin şahidiyik. Amma bu da son hədd deyildir. Hələ qarşıda çox böyük imkanlar vardır.

Mən ümidvaram ki, Amerikanın Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə bərabər, Birləşmiş Ştatların bir çox digər neft şirkətləri də bu əməkdaşlığa qoşulacaqlar. Onların bir çoxu artıq Azərbaycandadır. Mən onların nümayəndələri ilə burada görüşməyimdən çox məmnunam. Ancaq arzu edirəm ki, Amerikanın daha çox şirkətləri Azərbaycana gəlsinlər. Azərbaycanın qapıları hamı üçün və xüsusən Amerikadan gələn hər bir iş adamı, şirkət üçün açıqdır.

Nazirlər cənab Deyli, cənab Penya öz çıxışlarında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, demokratik proseslərin gedişindən, ölkəmizin bazar iqtisadiyyatı yolu ilə getməsindən danışdılar və bizim bu sahələrdə gördüyümüz işlərə yüksək qiymət verdilər. Təşəkkür edirəm.

Mən bu gün sizi tam əmin etmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyi yolu ilə bundan sonra da əzmlə gedəcək və Azərbaycanın dövlət müstəqilliyi heç vaxt pozula bilməz, biz bu müstəqilliyimizi heç vaxt əlimizdən verməyəcəyik.

Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq, bu quruculuq prosesi davam edir. Biz çalışacağıq ki, bu prosesdə Amerikanın təcrübəsindən istifadə edək və öz həyatımızı dünyanın mütərəqqi ölkələrinin səviyyəsinə çatdıraq.

Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir və tam bərqərar olacaqdır. Biz Azərbaycanın iqtisadiyyatında və xalqın sosial vəziyyətində bazar iqtisadiyyatı, iqtisadi islahatların həyata keçirilməsi yolu ilə çox ciddi müsbət dəyişikliklərə nail olacağıq. Bunlar bizim dövlət quruculuğunda, iqtisadiyyatda, sosial problemlərin həll edilməsində strateji siyasətimizdir və biz bu yoldan dönməyəcəyik. Məhz bunun üçün də Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyə bizim çox böyük ehtiyacımız vardır.

Amerika Birləşmiş Ştatları bütün sahələrdə - iqtisadiyyat, dövlət quruculuğu, demokratiya, insan hüquqlarının qorunması sahəsində ən inkişaf etmiş, ən yüksək zirvələrə çatmış bir ölkədir. Amerika Birləşmiş Ştatlarının keçdiyi yol və əldə etdiyi nailiyyətlər bizim üçün örnəkdir. Bu, bizim üçün böyük təcrübə mənbəyidir.

Bu günlər biz görürük ki, Amerika Birləşmiş Ştatları həm daxili siyasətində, həm də xarici siyasətində yeni böyük nailiyyətlər əldə edir. Biz dost olaraq Amerika Birləşmiş Ştatlarını bu nailiyyətlərinə görə təbrik edirik və Amerika xalqına bu yolda daha da çox uğurlar arzulayırıq.

Amerikanın xarici siyasətində son vaxtlar əldə olunan nailiyyətlər, Birləşmiş Ştatların daxilində, xüsusən iqtisadiyyat sahəsində qazanılan müvəffəqiyyətlər, o cümlədən büdcə kəsirinin azaldılması və tamamilə aradan götürülməsi, 10 milyondan çox işsiz adama iş yerləri açılması, xalqın sosial həyatının yaxşılaşdırılması sahəsində görülən bütün işlər Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun fəaliyyətinin nəticəsidir. Mən bütün bu nailiyyətlər münasibətilə sizi təbrik edirəm, sizə daha da çox uğurlar arzulayıram.

Amerika Birləşmiş Ştatları bizim dostumuzdur. Biz istəyirik ki, bizi öz dostunuz hesab edəsiniz. Biz azərbaycanlılar dostluğa çox etibarlı adamlarıq. Biz bu dostluq, əməkdaşlıq vasitəsilə də ölkəmizin qarşısında duran ağır və çətin problemləri həll etmək istəyirik.

Onlardan biri Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizinin işğal edilməsi, işğal olunmuş torpaqlardan bir milyondan çox vətəndaşımızın didərgin düşməsi, yerlərindən zorla qovulması, ağır vəziyyətdə yaşaması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasıdır. Siz bilirsiniz ki, bu təcavüz Azərbaycan xalqına böyük zərbələr vurub, böyük ziyanlar gətiribdir. 7 milyon əhalisi olan ölkəmizin vətəndaşlarının bir milyonu qaçqın vəziyyətində çadırlarda yaşayır. Biz bunlara baxmayaraq, münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz ölkəmizdə və bütün bölgəmizdə sülhün bərqərar olmasını istəyirik. Biz Ermənistan ilə də sülh yaratmaq, sülh, qonşuluq şəraitində yaşamaq istəyirik.

Bunlara nail olmaq üçün indi ən əlverişli şərait yaranıbdır. Üç il bundan əvvəl atəş dayandırılıbdır və biz indiyədək atəşkəs rejimində yaşayırıq. Mən sizi əmin edirəm ki, biz bundan sonra da atəşkəsin qorunmasını təmin edəcəyik.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün prinsiplər müəyyən olunmuşdur. Bu prinsiplər əsasında sülhə nail olmaq mümkündür.

Amerika Birləşmiş Ştatları Fransa və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik etmək vəzifəsini öz üzərinə götürübdür. Prezidentlər Bill Klinton, Boris Yeltsin, Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bu il iyunun 20-də Denver şəhərində birgə bəyanat veriblər. Bunlar hamısı sülhə nail olmaq üçün çox əlverişli şərait yaradıbdır.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları münaqişənin sülh yolu ilə həlli üçün azad olunmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını tərk etməlidir. Qaçqın vəziyyətində yaşayan Azərbaycan vətəndaşları öz evlərinə, yerlərinə-yurdlarına qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir. Sülhə bu prinsiplər əsasında, bu yolla nail olmaq mümkündür.

Amerika Birləşmiş Ştatları, onun prezidenti cənab Bill Klinton bu sahədə çox uğurlu işlər görə bilərlər. Mən bu arzularla, bu istəklərlə buraya - sizin ölkənizə gəlmişəm, bu arzularla sabah cənab Bill Klinton ilə görüşə gedəcəyəm. Çox istəyirəm, bu görüşdən sizin üçün, mənim üçün xoş xəbərlərlə ayrılaq.

Amerika Birləşmiş Ştatlarının ictimaiyyətində və dövlət dairələrində fikir formalaşıbdır ki, 1992-ci ildə Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz 907-ci maddə aradan götürülməlidir. 907-ci maddə Azərbaycana böyük zərər vuraraq, Azərbaycana qarşı ayrı-seçkilik kimi qəbul edilərək, eyni zamanda Amerika-Azərbaycan iqtisadi əlaqələrinin uğurla həyata keçirilməsinə çox böyük maneçilik törədibdir.

Bu günlər aparılan danışıqlardan - Konqresdəki danışıqlarımdan, Konqresin spikeri cənab Qinqriçlə və başqa konqresmenlərlə, senatorlarla və ABŞ hökumətinin üzvləri ilə danışıqlarımdan mən belə qənaətə gəldim ki, bu 907-ci maddənin aradan götürülməsi artıq reallaşıbdır. Ancaq mən belə anladım ki, bunun üçün hələ bir neçə ay çox ciddi, fəal işləmək lazımdır.

Mən sizin hamınızı bu sahədə bizə kömək göstərməyə dəvət edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin güclü fəaliyyətiniz nəticəsində biz, nəhayət, 907-ci maddədən xilas olacağıq.

Beləliklə, bu rəsmi səfər, bu görüşlər Azərbaycan üçün, xalqımız üçün çox yeni, yaxşı xəbərlər gətirir. Bilməlisiniz ki, Azərbaycanda bütün əhali, vətəndaşlar mənim bu səfərimi çox diqqətlə izləyirlər. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz sizinlə birlikdə bu günlərdə daha da çox işləyib Azərbaycan xalqının, vətəndaşlarının ümidlərini, arzularını doğruldacağıq.

Bugünkü görüş, bu əzəmətli salonda bu əhval-ruhiyyə, bizə göstərilən qonaqpərvərlik və mehriban münasibət belə arzuların həyata keçirilməsinə ümid yaradır.

Mən sizə bir daha təşəkkür edirəm. Amerika Birləşmiş Ştatlarının xalqına, bütün vətəndaşlarına sülh, əmin-amanlıq, firavanlıq, çiçəklənmə arzulayıram.

Mən Amerika Birləşmiş Ştatlarının, Amerika xalqının, Amerika-Azərbaycan əlaqələrinin inkişaf etməsi şərəfinə, Amerika dövlətinin şərəfinə, Birləşmiş Ştatların prezidenti cənab Bill Klintonun şərəfinə badəmi qaldırıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 4 iyul 1997-ci il