Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının XX qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanda hələ on doqquzuncu əsrin axırlarında ayn-ayrı kiçik kooperativlər şəklində təşəkkül taparaq inkişaf etməyə başlayan kooperasiya hərəkatı ötən əsrin ikinci onilliyində bütün ölkəni əhatə edən möhtəşəm bir quruma çevrilmişdir. Kooperatorların əsas vəzifələri öz üzvlərinin, eləcə də fəaliyyət göstərdikləri ərazidə yaşayan əhalinin mal, iş və xidmətlərə olan tələbatının ödənilməsi olmuş və bu sahədə böyük nailiyyətlər əldə etmişlər. Ötən illər ərzində kooperatorlar xalq təsərrüfatının inkişafında mühüm rol oynamışlar. Bu dövrdə ölkənin sosial-iqtisadi inkişafını kooperasiyanın rolu olmadan təsəvvür etmək mümkün deyildi. Xüsusilə keçən əsrin 70-80-ci illərində özünün yüksək inkişaf səviyyəsinə çatan kooperasiya ölkə əhalisinin yarıdan çoxuna ticarət və iaşə xidməti göstərmiş, 100 min tonlarla kənd təsərrüfatı məhsulları tədarük etmişdir. Eyni zamanda, dövlət sifarişlərini yerinə yetirərək, ölkə sənayesinin xammalla təchizatında böyük rol oynamışdır.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra iqtisadiyyatın inkişafında kooperasiyanın da rolu olmuşdur. Bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni dövrdə kooperasiyanın inkişafı üçün ölkədə yaradılmış lazımi şəraitdən istifadə edən kooperatorlar öz işlərini yeni təsərrüfatçılıq üsulu əsasında həyata keçirməyə başlamışlar. Bu gün kooperatorlar ayn-ayrı bölgələrdə fermer təsərrüfatla özəl təşəbbüskarlığın inkişafına və yeni təsərrüfat subyektlərinin yaranmasına hərtərəfli dəstək verir və onların məhsullarının bazarlara çıxarılmasına yardım göstərirlər.
Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiya olunması ölkə kooperatorları qarşısında da geniş perspektivlər açmışdır. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı indi dünyanın ayrı-ayrı ölkələrinin müvafiq qurumları və beynəlxalq təşkilatlarla hərtərəfli əlaqələr qurmaq üçün bütün imkanlara malikdir.
Hörmətli qurultay iştirakçıları!
Ümid edirəm ki, Azərbaycan kooperasiyası müasir dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini yenidən quracaq, payçıların hüquq və mənafelərinin qorunmasında, əhali iş və xidmətlərə olan tələbatının ödənilməsində, sahibkarlığın inkişafına yardım göstərilməsində layiqli yerini tutacaqdır. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının XX qurultayının qəbul edəcəyi qərarlar bütün kooperatorları bu vəzifələrin yerinə yetirilməsinə səfərbər edəcəkdir.
Qurultayın işinə uğurlar, qəbul edəcəyiniz qərarların həyata keçirilməsində Sizə və bütün kooperatorlara böyük müvəffəqiyyətlər arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 23 avqust 2003-cü il.