Yeni Əhmədlidə salınmış parkda Xətai rayonunun sakinləri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 3 iyun 2000-ci il


Əziz bacılar, əziz qardaşlar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sizin hamınıza öz sevgimi, məhəbbətimi bildirirəm.

Bu gün yenidən buralara gəlib böyük dəyişiklikləri gördükcə çox sevinirəm. Çünki vaxt var idi, burada nə ev, nə ağac vardı, ancaq torpaq var idi. 70-ci illərdə biz Bakı şəhərini genişləndirərək, insanların yaşaması üçün yeni mənzillər tikərək paytaxtın baş planı əsasında burada - Əhmədli qəsəbəsində bu gözəl evlərin tikilməsini planlaşdırdıq və həyata keçirdik. Mən çox sevinirəm ki, bura gözəl bir yaşayış məskəninə çevrilib, burada bu qədər insan yaşayır və siz bu gün xoş əhval-ruhiyyədəsiniz. Burada gözəl müğənnilərimiz oxuyurlar, gözəl uşaqlarımız oynayır, rəqs edirlər - sizi də sevindirirlər, bizi də.

Vaxtilə Əhmədli qəsəbəsi deyəndə, şəhərin mərkəzində yaşayanlar buranı kənd hesab edirdilər. Bəziləri deyirdi ki, "yox, mən gərək şəhərin mərkəzində yaşayam". Amma mən o vaxt da buranı görmüşdüm və indi də baxıram ki, bura şəhərin mərkəzindən nə qədər gözəldir. Çünki buranın havası yaxşıdır, bura yüksəklikdədir, belə gözəl ağaclar əkilib, yaşıllaşıbdır, insanlar da məskunlaşıblar. Ona görə də şəhərin mərkəzində yaşayanlar səhv edirlər. Gəlib burada yaşamaq lazımdır. Mən şəhər icra hakimiyyətindən xahiş edəcəyəm ki, mənə burada bir mənzil versinlər, gəlim, sizinlə birlikdə burada yaşayım. Çünki sizinlə birlikdə olmaq mənim kimi adama, yəni dövlət başçısına, öz üzərinə bütün xalqın, millətin, dövlətin qayğısını götürmüş bir insana hər şeydən əzizdir və hər şeydən ucadır. Ona görə də mən bu gün buraya gəlmişəm. Təbiidir ki, bu parkla tanış olmaq istəyirdim, ancaq ondan da çox sizi görmək istəyirdim. Mən daha çox sizə baxmaq, sizi görmək istəyirəm, nəinki bu parkı.

Mən böyük siyasi məsələlər barədə çıxış edib sizin bu istirahət əhval-ruhiyyənizi ağırlaşdırmaq istəmirəm. İşimiz, problemlərimiz çoxdur, Azərbaycanda bir çox çətinliklər var. Amma mən sizi əmin edirəm ki, biz bütün bu problemləri həll edirik və edəcəyik. Siz, Azərbaycanın bütün vətəndaşları bundan da yaxşı yaşayacaq, bundan da şən, xoşbəxt həyat sürəcəksiniz.

"Azərbaycan" qəzeti, 4 iyun 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf