Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədə Dərinər su bəndinin - su elektrik stansiyasının təməlinin qoyulmasına həsr edilmiş təntənəli mərasimdə nitqi - 26 aprel 1998-ci il


Hörmətli prezident Süleyman Dəmirəl!

Hörmətli prezident Eduard Şevardnadze!

Hörmətli baş nazir Məsud Yılmaz!

Hörmətli nazirlər, dostlar, qardaşlar, bacılar!

Mən buraya, Türkiyənin şimal-şərq bölgəsində olan bu gözəl mənzərəli Türkiyə diyarına Azərbaycan xalqından hərarətli salamlar və sevgi, məhəbbət gətirmişəm.

Mənim bu mərasimə dəvət olunmağıma görə əziz dostum və qardaşım, hörmətli prezident Süleyman Dəmirələ, hörmətli baş nazir Məsud Yılmaza təşəkkür edirəm. Çox şadam ki, mən bu gün Türkiyə Cümhuriyyəti üçün, təkcə Türkiyə Cümhuriyyəti üçün yox, bütün Qafqaz üçün, bizim bütün ölkələrimiz üçün çox önəmli, əlamətdar olan bir hadisənin iştirakçısıyam və bunun canlı şahidiyəm.

Şübhəsiz ki, bugünkü mərasim Türkiyə xalqı üçün, Türkiyə Cümhuriyyəti üçün böyük əhəmiyyət kəsb edir. Mən bura gəlməmişdən öncə bu layihə ilə tanış olarkən və burada natiqlərin verdiyi məlumatları dinləyərkən bir daha düşündüm ki, Türkiyə Cümhuriyyəti ilbəil irəliyə gedir, inkişaf edir və böyük, ulu öndər Mustafa Kamal Atatürkün 75 il əvvəl qurduğu, yaratdığı cümhuriyyət bu gün dünyada ən görkəmli yer tutur. Mən bir dost, qardaş kimi sevinirəm və özümü xoşbəxt hiss edirəm ki, bizim qardaş ölkədə - Türkiyədə onun dövləti, hökuməti öz ölkəsinin inkişafı üçün belə böyük və önəmli addımlar atır. Bu da Türkiyə xalqının, vətəndaşlarının bu günü və gələcəyi üçün, onların rifah halı üçün çox əhəmiyyətlidir. Mən bu Dərinər su bəndinin təməlinin qoyulması münasibətilə sizi ürəkdən təbrik edirəm və tam əmin olduğumu bildirmək istəyirəm ki, bu layihə vaxtında yerinə yetiriləcək və burada Türkiyənin enerji ehtiyatlarını təmin etmək üçün böyük bir su hövzəsi, böyük bir elektrik mərkəzi yaranacaqdır.

Bugünkü görüş, eyni zamanda üç ölkənin rəhbərlərinin bir araya gəlməsi də çox əhəmiyyətlidir. Türkiyə ilə Gürcüstan, Azərbaycan arasında, Gürcüstan ilə Türkiyə, Azərbaycan arasında, Azərbaycan ilə Türkiyə, Gürcüstan arasında son illər tarixdə görünməmiş dostluq və qardaşlıq əlaqələri yaranıbdır. Bunlar XX əsrin sonunda bizim üç ölkənin - Türkiyənin, Gürcüstanın, Azərbaycanın bu günü və gələcəyi üçün çox əhəmiyyətli bir mərhələdir. Biz bunun üçün çox işlər görmüşük, bu gün də görürük və gələcəkdə də görəcəyik. Bu gün burada, Türkiyənin bu gözəl guşəsində üç ölkə prezidentinin, cümhur başqanının görüşməsi və bu tarixi hadisənin bir yerdə qeyd edilməsi də bizim dostluğumuzun, qardaşlığımızın gözəl nümunəsidir. Mən bu gün bəyan edirəm ki, Azərbaycan ilə Türkiyə arasında yaranmış dostluq, qardaşlıq əlaqələri hər iki ölkə üçün çox əhəmiyyətlidir və bizim bu dostluğumuz günü-gündən möhkəmlənir və inkişaf edir. bu dostluğumuz sarsılmazdır, əbədidir.

Gürcüstan ilə Azərbaycan arasında da dostluq əlaqələrinin qədim tarixi vardır. Gürcü xalqı və Azərbaycan xalqı həmişə bir-biri ilə dost olublar, bir-birinə kömək ediblər. Bu gün Gürcüstanla Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr daha da genişlənibdir, güclənibdir, daha da inkişaf edibdir. Bu gün bu bölgədə Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri hər iki ölkə üçün çox əhəmiyyətlidir. Bu gün burada, müqəddəs türk torpağında mən bəyan edirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri də böyük gələcəyə malikdir, günü-gündən inkişaf edəcək, əbədi olacaq və sarsılmaz olacaqdır. Türkiyə, Gürcüstan və Azərbaycanın - Qafqazın üç böyük və çox strateji əhəmiyyətə malik olan ölkələrinin bu cür sıx dostluq, qardaşlıq əlaqələrində olması bütün Qafqazda, onun ətrafında sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsi üçün çox önəmli bir amildir. Biz bu dostluğumuzla, əlaqələrimizlə, gözəl əməkdaşlığımızla bir daha sübut edirik ki, Qafqazda, onun ətrafında daim sülh, əmin-amanlıq yaratmaq olar. Buna bizim çox ehtiyacımız vardır.

Məlumdur ki, Qafqazda hələ hərbi münaqişələr vardır. Ermənistanla Azərbaycan arasındakı münaqişə 10 ildir ki, davam edir və bu münaqişənin nəticəsində Ermənistanın silahlı dəstələri Azərbaycan ərazisinin 20 faizini işğal ediblər və işğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla qovulub, köçkün vəziyyətində çadırlarda yaşayırlar. Dörd il bundan öncə biz atəşi dayandırmışıq, sülh danışıqları aparırıq, məsələni sülh yolu ilə həll etmək istəyirik. Mən bu gün burada bir daha bəyan edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinin bundan sonra da davam etməsini arzu edirəm və ümidvaram ki, ATƏT-in Minsk qrupunun səyləri və bölgədə olan bütün ölkələrin müştərək fəaliyyəti nəticəsində bu münaqişəyə son qoyulacaqdır, Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaqdır, bir milyondan artıq azərbaycanlı öz yerlərinə-yurdlarına qayıdacaqdır. Biz sülh tərəfdarıyıq, sülh arzulayırıq.

Biz yaxşı bilirik və bunun da dərdini çəkirik ki, dost, qonşu Gürcüstanda Abxaziya münaqişəsi vardır. Biz Gürcüstan dövlətinə, hökumətinə də bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını arzu edirik. Ümidvarıq ki, Gürcüstan buna nail olacaqdır. Biz ölkədə və bütün dünyada, bölgəmizdə hər bir ölkənin ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıyıq. Bu, beynəlxalq hüquq normalarının tələbidir. Biz tələb edirik ki, bütün dövlətlər, ölkələr bu beynəlxalq hüquq normalarına riayət etsinlər. Buna görə də həm Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bu gün gündəlikdə duran əsas məsələdir.

Biz yaxşı bilirik ki, Türkiyə Cümhuriyyəti, Türkiyənin hökuməti, dövləti Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün çox səylər qoyur, çalışır və o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün, Gürcüstanda Abxaziya münaqişəsinin həll olunması üçün öz səylərini qoyur. Ona görə də mən bu fürsətdən istifadə edib Türkiyə Cümhuriyyətinə, dövlətinə, hökumətinə təşəkkürümü yetirir və əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyə Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəkdir.

Bugünkü təntənəli mərasim bir də onu göstərir ki, insanlar sülh istəyir, əmin-amanlıq istəyir, insanlar rahat yaşamaq istəyirlər. Biz bunu təmin etməliyik. Bu, Türkiyədə də təmin olunmalıdır, Gürcüstanda da, Azərbaycanda da, bütün Qafqazda da təmin olunmalıdır. Qafqaz dünyanın çox əhəmiyyətli bir bölgəsidir. Qafqazda dünya ölkələrinin çox böyük maraqları vardır. Bunların hamısını həm Qafqaza maraq göstərən ölkələrin xeyrinə, həm də Qafqazda yerləşən xalqların, ölkələrin, dövlətlərin xeyrinə həll etmək üçün sülh lazımdır. Ona görə böyük öndər Mustafa Kamal Atatürkün sözlərini bu gün burada bir daha təkrar edirəm: Yurdda sülh, bölgədə sülh, cahanda sülh!

Əziz dostlar, əziz qardaşlar! Mən sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu gün burada təməlini atdığımız böyük su bəndi, elektrik mərkəzi vaxtında tikiləcək və Türkiyəyə yeni faydalar gətirəcəkdir.

Türk xalqına, Türkiyə Cümhuriyyətinə öz sevgi və məhəbbətimi bildirərək sizin hamınıza cansağlığı arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 aprel 1998-ci il.