Almaniyanın iş adamları ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Köln, 3 iyul 1996-cı il


Almaniya İqtisadiyyatı Şərq Komitəsinin sədri və Almaniya Sənaye-Ticarət Palataları Birliyinin fəxri prezidenti, hörmətli Otto Volf Fon Amerongen cənabları!

Hörmətli xanımlar və cənablar!

Mən sizi ürəkdən salamlayıram və bu xoş, Azərbaycan Respublikası üçün çox gərəkli görüşdən olduqca məmnunam.

Bildiyiniz kimi, mən Almaniya hökumətinin dəvəti ilə iyulun 1-də Almaniyaya rəsmi səfərə gəlmişəm. Dünən bizim işgüzar görüşlərimiz başlanmışdır. Səhər mən prezident cənab Roman Hersoq ilə, sonra federal kansler cənab Helmut Kol ilə görüşdüm. Bundestaqda oldum, orada Almaniya parlamentinin rəhbərləri, üzvləri ilə, habelə Bundestaqda təmsil olunan partiyaların nümayəndələri ilə görüşdüm.

Xarici işlər naziri cənab Kinkel ilə də görüşüm oldu. Səfər proqramının dünənki günü çox gərgin, eyni zamanda olduqca faydalı keçdi.

Almaniyaya səfərimin məqsədi hər şeydən öncə bütün sahələrdə Almaniya ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirmək və inkişaf etdirməkdir.

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra Almaniya dövlətimizin müstəqilliyini tanımış və ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmışdır. Almaniyada Azərbaycanın, Azərbaycanda isə Almaniyanın səfirliyi fəaliyyət göstərir.

Ötən illər ərzində müxtəlif səviyyədə görüşlərimiz olmuşdur. Məsələn, Almaniyanın xarici işlər naziri cənab Kinkel, iqtisadiyyat naziri cənab Şpranger, Almaniya hökumətinin bəzi başqa nümayəndələri Azərbaycanda səfərdə olmuşlar. Bundan əlavə, Almaniya işgüzar dairələrinin nümayəndələri də Azərbaycana gəlmişlər, eyni zamanda Azərbaycanın nümayəndələri Almaniyada olmuşlar. Bunların hamısı Almaniya ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri daha yüksək səviyyəyə qaldırmaq, ən başlıcası isə bütün istiqamətlərdə ölkələrimiz arasında gələcək, daha geniş əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı zəmin yaratmışdır.

Almaniya hökumətinin rəhbərləri ilə dünənki görüşlərimdə də bu məsələlər müzakirə olundu. Mən keçirdiyim görüşlərdən, Almaniyada olduğumuz ilk dəqiqələrdən mənə və məni müşayiət edən şəxslərə göstərilən qonaqpərvərlikdən, mehribanlıqdan, hörmət və ehtiramdan son dərəcə məmnunam. Bizim dünənki söhbətlərimiz və danışıqlarımız qarşılıqlı anlaşma, xeyirxahlıq, səmimilik və mən deyərdim ki, dostluq şəraitində keçdi. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, Almaniya ilə Azərbaycan arasında gələcəkdə daha sıx münasibətlər, ən başlıcası isə həm iqtisadiyyat sahəsində, həm də həyatın bütün başqa sahələrində əməkdaşlıq mövcud ola bilər.

Almaniya nəhəng elmi-texniki və iqtisadi potensialı olan bir ölkədir. O, elmdə, texnikada, təhsildə və şübhəsiz ki, iqtisadiyyatın inkişafında yüksək məqsədlərə, səviyyələrə çatmağa qadir olduğunu keçmişdə də, son 50 ildə də dünyaya nümayiş etdirmişdir. Alman xalqının xüsusi istedadı, Almaniyanın görkəmli adamlarının xüsusi qabiliyyəti, əməksevərliyi, istər keçmiş dövrlərdə, istərsə də indi getdikcə daha çox şeyə nail olmaq səyləri Almaniyanı iqtisadi və sosial baxımdan dünyanın ən inkişaf etmiş, ən böyük ölkələri sırasına çıxarmışdır. Almaniya dünya siyasətində də, dünya iqtisadiyyatında da çox böyük rol oynayır. Ona görə də gənc, müstəqil dövlət olan Azərbaycan üçün Almaniya ilə sıx münasibətlər yaratmaq, əməkdaşlıq etmək şübhəsiz ki, çox mühümdür və biz bunu edirik.

Dünən cənab Roman Hersoq ilə, cənab Helmut Kol ilə və Almaniya hökumətinin digər nümayəndələri ilə danışıqlarımız və söhbətlərimiz zamanı biz belə bir yekdil fikirdəydik ki, əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün böyük imkanlar var. Azərbaycanın coğrafi-siyasi və coğrafi əhəmiyyətini, onun Avropa ilə Asiyanın qovuşuğunda, məşhur "İpək yolu"nun üstündə yerləşməsini, habelə ölkəmizin zəngin təbii ehtiyatlara, kifayət qədər sanballı iqtisadi, intellektual potensiala, sərbəst işçi qüvvəsinə malik olmasını və əməkdaşlıq üçün bir çox digər imkanları nəzərə alaraq Almaniya ölkəmizə böyük maraq göstərir. Biz Almaniyanı mühüm strateji tərəfdaş hesab edir və bunu əsas götürərək onunla münasibətlərimizi qururuq.

Əlbəttə, hər bir əməkdaşlığın başlıca əsası iqtisadiyyatdır. Qeyd etdiyim kimi, Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq üçün imkanlar var və bunlar kifayət qədər böyükdür. Şübhəsiz ki, dünya əhəmiyyətli çox iri şirkətlərin cəmləşdiyi böyük ölkə olan Almaniyanın əslində dünyanın bütün ölkələri ilə iqtisadi əlaqələri var. Onun şirkətləri dünyanın müxtəlif regionlarında iş görmək, iqtisadi əməkdaşlıq sahəsində böyük təcrübə toplayıblar. Azərbaycan isə müstəqil dövlət kimi dünya iqtisadiyyatına inteqrasiya üçün bu baxımdan ilk addımları atır. Eyni zamanda, qeyd etdiyim amillərə görə Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrinin diqqətini cəlb edir. Biz imkanlarımızı, vəziyyətimizi nəzərə alaraq belə hesab edirik ki, əməkdaşlıq üçün Almaniyadan ötrü də yaxşı tərəfdaş ola bilərik.

Azərbaycanın malik olduğu təbii ehtiyatlardan, sənaye, elmi-texniki, intellektual potensialından əlavə, xüsusən Almaniya kimi bir ölkə ilə əməkdaşlıq etməsi üçün bəzi başqa şərtlər də lazımdır. Hazırda Azərbaycanda bu şərtlər var. Beş il bundan öncə ölkəmiz dövlət müstəqilliyi əldə edibdir. Bütün bu illər Azərbaycan üçün çox mürəkkəb və çətin olubdur. Bilirsiniz ki, keçmişdə Sovetlər İttifaqına mənsub olan bütün ölkələr indi keçid dövrünü yaşayırlar. Onların hamısı, demək olar, eyni problemlərlə qarşılaşırlar, hamısında iqtisadiyyatın, sosial sahənin yenidən qurulması, dövlət quruculuğu prosesləri gedir. Bu proseslər Azərbaycan üçün də xarakterikdir və şübhəsiz ki, bu, bizim iqtisadi və sosial həyatımızı, ölkəmizin bütün başqa sahələrində vəziyyəti çətinləşdirir. Ancaq eyni zamanda, Azərbaycan bəzi başqa mürəkkəb amillərlə də qarşılaşmışdır. Bilirsiniz ki, ölkəmiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, həmin torpaqlardan Azərbaycanın bir milyondan çox sakini zor gücünə qovulmuşdur və onlar respublikamızın digər bölgələrində ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır. Şübhəsiz ki, bütün bunlar Azərbaycanda həyatı olduqca mürəkkəbləşdirir. Biz bu problemin də həllinə yaxınlaşırıq. İki il bundan öncə atəşkəs haqqında razılığa gəlmişik və o vaxtdan atəşkəs rejimi şəraitində yaşayırıq. İndi biz sülhə nail olmaq üçün tədbirlər görürük. Şərtlərimiz isə bundan ibarətdir ki, Ermənistan silahlı birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxarılmalı, qaçqın vətəndaşlarımız öz yaşayış yerlərinə qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalı, Azərbaycanın Dünya Birliyi tərəfindən tanınmış dövlət sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Biz bu istiqamətdə də iş görür, o cümlədən Almaniya ilə əməkdaşlıq edirik. Bu məsələ dünən bizim danışıqlarımızın əsas məsələlərindən biri idi. Ümidvarıq ki, bütün regionumuzda, yəni Zaqafqaziyada tam sülhə və sabitliyə nail olacağıq.

Bundan əlavə, Azərbaycanda bəzi mürəkkəb daxili siyasi proseslər də olmuşdur. Hərbi əməliyyatlar nəticəsində müxtəlif silahlı qruplaşmalar yaranmışdı, onlar qeyri-sabitlik şəraitində hakimiyyət uğrunda mübarizə aparırdılar və bu da ölkəmizdə daxili siyasi vəziyyəti mürəkkəbləşdirirdi. Biz Azərbaycanın həyatındakı bütün bu mənfi halların qarşısını aldıq və bunları aradan qaldırdıq. İndi ölkəmizdə ictimai-siyasi vəziyyət sabitdir. Bu isə həm respublikamızın vətəndaşlarının özlərini rahat və sərbəst hiss edə bilmələri, həm də Azərbaycan iqtisadiyyatının, sosial sahənin problemləri ilə məşğul ola bilməsi və şübhəsiz ki, dünyanın başqa ölkələri ilə lazımi iqtisadi əlaqələr yarada bilməsi üçün çox gərəkli və mühüm şərt idi. Bir də deyirəm, bu baxımdan indi Azərbaycanda normal vəziyyət, ictimai-siyasi həyatda sabitlik mövcuddur. Bu gün Azərbaycana, özü də təkcə paytaxtımıza - Bakıya deyil, həm də ölkənin bütün başqa bölgələrinə gələn hər bir kəs buna əmin ola bilər.

Eyni zamanda son illərdə biz iqtisadiyyatı müasir, ümumdünya tələblərinə uyğun olaraq inkişaf etdirmək, onun dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək üçün müvafiq hüquq normaları, qanunlar yaratmaq sahəsində də tədbirlər görürük. Bununla əlaqədar, bizim dövlət quruluşumuzun, ictimai-siyasi sistemimizin, hansı iqtisadiyyata doğru getməyimizin sizin üçün yəqin ki, əhəmiyyəti var.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra qətiyyətlə hüquqi demokratik, sivilizasiyalı dövlət quruculuğu yolu tutmuşdur. Biz demokratik cəmiyyət formalaşdırır, ictimai-siyasi həyatda demokratik təsisatlar yaradır, iqtisadiyyatımızı bazar münasibətləri əsasında yenidən qurur, iqtisadi islahatlar aparırıq. Makroiqtisadiyyatda struktur dəyişikliklərinə dair konkret əməli tədbirlər görülmüşdür. İndi özəlləşdirmə proqramının yerinə yetirilməsi üçün geniş iş görülür. Bütün sahələrdə - sənayedə, infrastrukturda, aqrar bölmədə iqtisadi islahatlar həyata keçirilir. Məqsədimiz və vəzifəmiz Azərbaycanda beynəlxalq standartlara, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə, xüsusən Avropa ölkələrində olan praktikaya, onların əldə etdikləri nəticələrə müvafiq, azaq iqtisadiyyatın, bazar iqtisadiyyatının yaradılmasını və inkişafını təmin etməkdir. Demokratiya təsisatlarının yaradılmasında, demokratik prinsiplərin bərqərar olunmasında, bazar iqtisadiyyatının təşəkkül tapmasında biz Avropaya, Qərb standartlarına, Qərb ölkələrinin təcrübəsinə, onların nailiyyətlərinə əsaslanırıq. Şübhəsiz ki, bununla əlaqədar biz Almaniyanın təcrübəsinə və nailiyyətlərinə böyük əhəmiyyət verir, nəzərə alırıq ki, o, digər Avropa ölkələri ilə müqayisədə bu baxımdan xüsusi yer tutur.

Biz belə bir cəhəti də bilir və ona böyük əhəmiyyət veririk ki, ikinci dünya müharibəsindən sonra Almaniya dağılmış iqtisadiyyatını qısa bir müddətdə bərpa edə və yüksək uğurlara nail ola, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr sırasına çıxa bilmişdir. Almaniya beş il bundan öncə, yenidən birləşdikdən sonra ölkənin bütün iqtisadiyyatını vahid səviyyəyə qaldırmaq üçün öz ərazisinin şərq hissəsində iqtisadiyyatın yenidən qurulması istiqamətində çox mühüm addımlar atmışdır. Biz bilirik ki, bu, asan deyildi və ikinci dünya müharibəsindən, habelə ölkənin yenidən birləşməsindən sonra görülmüş məhz həmin əsaslı, qətiyyətli tədbirlər nəticəsində mümkün olmuşdur. Ona görə də sizin ölkənizin təcrübəsi və nailiyyətlərinin bizim üçün xüsusi əhəmiyyəti var. Əgər respublikamızın həyatının indiki mərhələsini götürsək, bu baxımdan burada bizim üçün maraqlı və öz vəziyyətimizə bənzəyən cəhətlər çoxdur.

Biz iqtisadi siyasətimizi bu prinsiplər əsasında qurur, iqtisadiyyat sahəsində konkret tədbirlər görür, iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsini, xarici şirkətlərlə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə əməkdaşlığı təmin etmək üçün müvafiq qanunvericilik bazası, hüquqi əsas yaradırıq.

Hesab edirəm ki, dövlət quruculuğu sahəsində biz indiyədək çox iş görmüşük. Ölkəmizdə dövlət hakimiyyəti sistemi sabit fəaliyyət göstərir. Ötən il biz ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Yeri gəlmişkən qeyd edim ki, biz bu konstitusiyanı hazırlayarkən Qərb ölkələrinin, xüsusən Almaniyanın konstitusiya quruculuğu təcrübəsini diqqətlə öyrənmişik. Biz belə hesab edirik ki, konstitusiyamızda demokratik dövlətin, demokratik təsisatların fəaliyyət göstərməsini təmin edən, onların daha da inkişaf etməsi və təkmilləşməsi üçün şərait yaradan müddəalar var. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına həsr olunubdur və biz belə hesab edirik ki, bu, həyatın bütün sahələrində demokratiya prinsiplərinin bərqərar olması üçün çox mühümdür. Keçən ilin noyabrında biz Azərbaycan Respublikasının ilk parlamentinə demokratik seçkilər keçirdik. Parlament çoxpartiyalılıq əsasında formalaşmışdır, fəaliyyət göstərir və qanun yaradıcılığı, respublikamızın həyatının bütün sahələri üçün hüquqi sənədlər yaradılması ilə fəal məşğul olur.

Bir də deyirəm, biz islahatlar aparırıq. Bütün bu tədbirləri həyata keçirərkən biz bunu əsas tuturuq ki, Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatına sıx qovuşdurmaq lazımdır. Ona görə də biz ölkəmizi xarici investisiyalar üçün, xarici şirkətlərlə əməkdaşlıq üçün açıq elan etmişik və fəal surətdə çalışırıq ki, bütün bunlar reallığa çevrilsin. Hazırda həyata keçirdiyimiz özəlləşdirmə haqqında qanuna əsasən xarici şirkətlər, vətəndaşlar özəlləşdirmədə iştirak edə və hətta müəyyən güzəştlərlə iştirak edə bilərlər. Biz iri sənaye müəssisələrini xarici şirkətlərin idarəsi altına verməyi qərara almışıq və bu istiqamətdə müəyyən konkret tədbirlər görülmüşdür.

Lakin bütün bunlar yalnız başlanğıcdır. Bir də qeyd edirəm, xarici sərmayədarları, şirkətləri Azərbaycana cəlb edən odur ki, ölkəmizin zəngin təbii ehtiyatları var. Bu baxımdan bizim neft və qaz yataqlarımız şübhəsiz ki, mühüm yer tutur. Azərbaycan qədim neft ölkəsidir. Hələ keçən əsrin ortalarında ölkəmizdə sənaye üsulu ilə neft çıxarılmasına başlanmışdı. O vaxtdan etibarən məhz neft xarici kapitalı Azərbaycana cəlb edirdi, XIX əsrin axırı, XX əsrin əvvəlində burada Avropanın bir çox şirkətləri işləyirdi. Bildirmək istəyirəm ki, XX əsrin əvvəlində ölkəmizdə 10 milyon ton neft çıxarılırdı və o zaman Azərbaycan neft hasilatına görə dünyada birinci yer tuturdu. Şübhəsiz ki, o dövrdə Azərbaycan müstəqil dövlət deyildi, çar Rusiyasının tərkibində idi. Ancaq buna baxmayaraq, bu, Azərbaycan nefti idi və Azərbaycanı neft ölkəsi kimi şöhrətləndirmişdi. Sonrakı dövrlərdə bizim neftimiz keçmiş Sovetlər İttifaqının sənayecə inkişafında çox böyük rol oynamışdır. 20-30-cu illərdə burada həyata keçirilən sənayeləşdirmə xeyli dərəcədə Azərbaycan nefti ilə bağlı idi, belə ki, 40-cı illərə qədər Sovetlər İttifaqında çıxarılan bütün neftin 70 faizindən çoxu Azərbaycanın payına düşürdü. 40-50-ci illərdə keçmiş Sovetlər İttifaqında kəşf edilmiş və əksəriyyəti indi Rusiyada olan zəngin neft yataqlarının ilkin istismarına da xeyli dərəcədə Azərbaycan alimlərinin və neftçilərinin köməyi ilə başlanmışdı. Bunlar Azərbaycan neftçilərinin işlədikləri Sibirin, Tatarıstanın, Başqırdıstanın, Orenburq və Samara vilayətlərinin zəngin neft yataqları idi. Həmin neftçilərin bir çoxu indi də orada yaşayır və işləyir.

Neftin sayəsində Azərbaycanda neftçıxarma üçün avadanlıq, cihazlar, dəzgahlar istehsal edən neft maşınqayırması da geniş inkişaf etmişdir. Eyni zamanda neftayırma, sonralar isə kimya sənayesi də inkişaf etmişdir. Bizdə indi də neft maşınqayırması və kimya sənayesinin böyük kompleksləri var. Neftayırma sənayemizin istehsal gücü hazırda Azərbaycanda çıxarılan neftin həcmindən xeyli çoxdur.

Bütün bunlara keçmiş illərdə nail olunmuşdur. Ancaq indi də Azərbaycanda həm quruda, həm də Xəzərin Azərbaycan sektorunda zəngin neft və qaz yataqları var. İndi bizim əməkdaşlığımızın obyekti məhz dəniz yataqlarıdır. 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının birgə işlənməsinə dair dünyanın iri neft şirkətlərindən ibarət konsorsiumla ilk müqavilə imzalanmışdır. Bu şirkətlərin arasında Amerika Birləşmiş Ştatlarının bir neçə şirkəti var. Bunlar "Amoko", "Pennzoyl", "Yunokal", "Eksson", "MakDermott", "Remko" şirkətləridir. Britaniyanın "Britiş Petroleum", Norveçin "Statoyl", Rusiyanın "LUKoyl", Səudiyyə Ərəbistanının "Delta", Türkiyənin "Türk petrolları" kimi iri şirkətləri də bu konsorsiuma daxildir. Müqavilə 30 il müddətinə imzalanmışdır. Kapital qoyuluşunun həcmi 8 milyard dollardır, çox böyük miqdarda neft çıxarılacağı gözlənilir. "Əsrin müqaviləsi" adlanan bu layihə əməli olaraq həyata keçirilir.

Keçən ilin noyabrında biz Amerikanın "Pennzoyl", İtaliyanın "Acip", Rusiyanın "LUKoyl" şirkətləri kimi iri dünya şirkətləri ilə Xəzərdəki digər yatağın işlənməsi haqqında daha bir müqavilə imzalamışıq. Nəhayət, bu il iyunun 4-də Britaniyanın "Britiş Petroleum", Norveçin "Statoyl", Fransanın "Elf Akiten", Rusiyanın "LUKoyl" şirkətləri və İran Neft Şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənməsi barədə üçüncü müqaviləni imzaladıq. Bunlar iri layihələrdir və artıq işləyirlər. Biz çıxarılacaq neftin daşınması üçün də tədbirlər görürük. Bununla əlaqədar müvafiq sazişlər imzalayaraq Rusiya ərazisindən keçməklə Bakıdan Novorossiysk limanına Şimal neft kəmərinin, habelə Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilindəki Supsa limanına Qərb neft kəmərinin tikintisinə başlamışıq. Bizim planlarımızda böyük neftin nəql ediləcəyi iri neft kəmərinin tikintisi də nəzərdə tutulmuşdur. Hələlik onun marşrutunu müəyyənləşdirməmişik, lakin bir neçə variant var. Ancaq bütün hallarda görünür, bu neft kəməri Türkiyə ərazisindən keçərək Aralıq dənizinə çıxacaqdır.

Neft sahəsində bizim başqa böyük nailiyyətlərimiz də var. Bağladığımız müqavilələr dünyanın iri maşınqayırma, nəqliyyat şirkətlərini və digər şirkətləri də Azərbaycana gətirmişdir və onlar layihələrin reallaşdırılmasında iştirak edirlər. Mən çox istərdim ki, Almaniya da Azərbaycana gəlsin. Müqavilələr imzalanarkən, habelə həmin neft yataqlarında onların işlənməsində iştirak edən şirkətlərin mənsub olduqları ölkələrin bayraqları qaldırılmışdır. İstərdim ki, orada Almaniya Federativ Respublikasının da bayrağı dalğalansın. Mən bu barədə dünən federal kansler cənab Helmut Kola fikrimi dedim. Hesab edirəm ki, Almaniya şirkətləri mənim çağırışıma səs verəcəklər.

Lakin Azərbaycanda əməkdaşlıq heç də təkcə bizim neft sənayesini əhatə etmir. Dediyim kimi, biz böyük sənaye potensialına, təbii ehtiyatlara malikik və bir çox digər sahələrdə də əməkdaşlıq edə bilərik. Bizim artıq əlaqələrimiz, müəyyən nəticələrimiz var. Almaniyanın bəzi şirkətləri ilə müəyyən hazırlıq işləri görülmüşdür. Bu barədə dünən dedim, indi də deyirəm ki, məşhur alman firması "Simens" hələ ötən əsrin axırlarında - cari əsrin əvvəllərində Azərbaycanda olmuşdur. Hazırda biz bu şirkətlə elektrik stansiyalarının yenidən qurulması, bəzi digər məsələlər barəsində danışıqlar aparırıq. Onun nümayəndələri Azərbaycanda işləyərkən Bakıda "Simens"in hələ 1905-ci ildə çəkdiyi və indiyədək işləyən elektrik məftili tapmışlar. Dünən mən bunu prezident cənab Hersoqa söylədikdə o dedi ki, təəssüflər olsun, indi Almaniyada elə bir məhsul istehsal edə bilmirlər ki, bu məhsul təxminən yüz il ərzində öz iş qabiliyyətini saxlasın. Belə düşünürəm ki, o, alman şirkətlərinin, eləcə də "Simens"in məhsulları barəsində sadəcə olaraq təvazökarlıq etmişdir. Zənnimcə, bir əsr ərzində böyük müvəffəqiyyətlər qazanan "Simens" kimi iri şirkət indi də elə bir kabel və ya elektrik məftili çəkə bilər ki, o, bir yox, bir neçə əsr işləyə bilər.

Gətirilən faktlar hər halda ona dəlalətdir ki, Azərbaycan ilə Almaniya arasında hələ ötən əsrin axırlarında - cari əsrin əvvəllərində əməkdaşlıq edilmişdir. İndi vacibdir ki, bu əməkdaşlıq yenidən inkişaf etdirilsin. Əslinə qalsa, mən sizinlə məhz buna görə görüşürəm. Açığını deyim, biz istəyirik ki, alman kapitalı Azərbaycanda olsun, bizdə alman şirkətləri işləsin, biz əməkdaşlıq edək.

Dünən biz tarixi əlaqələrimizdən də danışdıq. Axı XIX əsrin hələ əvvəllərində almanlar Azərbaycana köçmüş və bizdə tamhüquqlu vətəndaşlar kimi yaşayaraq, dərin iz buraxmışlar. Sonralar, İkinci dünya müharibəsi dövründə onları Azərbaycandan köçürdülər, hərçənd almanların müəyyən hissəsi qaldı və onlar Azərbaycanda bu gün də yaşayırlar. Onu demək istəyirəm ki, biz birlikdə yaşayır və əməkdaşlıq edirdik. Yadımdadır, 39-40-cı illərdə mən Sənaye İnstitutunda oxuyarkən mənimlə bir alman oxuyurdu. O, bakılı idi. O vaxtlar mənim 16-17 yaşım vardı. O da təxminən bu yaşda idi. Biz dostluq edirdik. Yadımdadır ki, İkinci dünya müharibəsi illərindən əvvəl Bakıda bir neçə min alman yaşayırdı. Bir sözlə, almanlar Bakıda, Azərbaycanda yaşayır, işləyirdilər və indi də bu cür imkana malikdirlər. Başlıcası isə Azərbaycana fəal surətdə dəvət etdiyim Almaniya şirkətlərinin də bu cür imkanı var. Biz "Simens", "Tissen", "Altekol", "Şolts", "Ferrosytal", "ABB", "Qrunvald", "Mannesmann", "Bas" kimi şirkətlərlə danışıqlar aparmışıq və aparırıq. Bizim onlarla konkret əlaqələrimiz var. Lakin belə düşünürəm ki, indi, Almaniyanın sənaye və işgüzar dairələrinin nümayəndələri ilə bu görüşdə biz həmin şirkətlərin dairəsini çox genişləndirə bilərik. Əmin ola bilərsiniz ki, siz Azərbaycan ilə əməkdaşlıqdan konkret əməli fayda götürəcəksiniz. Bizdə, məsələn, prokat, polad borular istehsal edən sahə, filiz yataqları var. Biz bütün kompleksdən birlikdə istifadə edə bilərik. Bir vaxtlar almanlar Azərbaycanda mis hasilatı ilə məşğul olurdular. Bizdə Gədəbəy və Daşkəsən mis mədənlərində alman şirkətləri işləyirdilər. Əgər bu, yüz il əvvəl olmuşdursa, bəs nə üçün indi əməkdaşlıq etməyək? Həmin yataqlar öz əhəmiyyətini, potensialını və aktuallığını bu gün də saxlayır.

Dediyim kimi, bizdə böyük neft-kimya kompleksi var və biz burada çox böyük əməkdaşlıq edə bilərik. Bizdə maşınqayırma ilə yanaşı, cihazqayırma, elektronika, radiotexnika üzrə iri sənaye müəssisələri var. Bir vaxtlar onlar Sovet İttifaqının böyük sənaye kompleksinin, xüsusən hərbi sənaye kompleksinin bir hissəsi kimi yaradılmışdı. İndi bu inteqrasiya əlaqələri dağılmışdır. Siz bilirsiniz ki, hazırda Rusiyada hərbi sənaye kompleksi böhran keçirir. Təbii ki, bu müəssisələr Sovet İttifaqının digər hissələrində, xüsusən Rusiyada yerləşmiş müxtəlif iri hərbi sənaye müəssisələri ilə sıx inteqrasiyada idi. Lakin Azərbaycanda bu gün də mövcud müəssisələr böyük sahələrə, dəzgah parkına, ixtisaslı işçi qüvvəsinə, zəngin ehtiyatlara malikdir. Onlardan istifadə etmək olar.

Bayaq dedim ki, bizdə neft maşınqayırması, əlvan metallurgiya sənayesi var. Biz alüminium oksidin istehsalı üçün zəngin alunit yatağına malikik. Bu məhsul bizim alüminium zavodunda istehsal edilir. Alüminium istehsal edən müəssisəmiz də var. Bunların hamısı vahid kompleksdir və o da mürəkkəb dövr keçirir. Biz burada da fəal əməkdaşlıq edə bilərik.

Bizdə maşınqayırma sahəsində digər sənaye müəssisələri var. Bilirəm ki, "Ferrostal" şirkəti bizim məişət kondisionerləri zavodunun yenidən qurulması haqqında danışıqlar aparır. Burada da əməkdaşlıq üçün böyük imkan var.

Lakin diqqətinizi konkret problemlər üzərində saxlamaq istəmirəm. Ümumiyyətlə, deyim ki, Azərbaycan əməkdaşlıq üçün böyük imkanlara, bundan ötrü təbii ehtiyatlara, sənaye potensialına, elmi-texniki və intellektual potensiala malikdir.

Azərbaycanda kənd təsərrüfatı olduqca geniş sahəlidir və kənd təsərrüfatı məhsulları istehsalı üçün zəngin təbii imkanlar var.

Yeri gəlmişkən, biz pambıq, taxıl, böyük miqdarda meyvə, habelə tütün, sitrus meyvələri yetişdiririk. Burada da əməkdaşlıq üçün geniş imkanlar var.

Mən başa düşürəm ki, sizin ölkənizlə əməkdaşlıq üçün bazar iqtisadiyyatı, azad sahibkarlıq prinsipləri vacibdir. Odur ki, hazırda həyata keçirdiyimiz və zənnimcə, qısa müddətdə başa çatdıracağımız tədbirlər Azərbaycanda istər bizim, istərsə də xarici ölkələrin özəl biznesinin coşqun fəaliyyəti üçün tam imkan yaradacaqdır. Buna görə də ölkəmiz xarici sərmayələr üçün, əməkdaşlıq üçün açıqdır.

Çıxışımı başa çatdıraraq bir daha nəzərə çarpdırmaq istəyirəm ki, biz Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Başqa ölkələrlə müqayisədə Almaniya Azərbaycanda zəif təmsil olunmuşdur. Cənab prezident burada dedi ki, 47 alman şirkəti Azərbaycanda öz nümayəndəliklərinə malikdir. Doğrudur, lakin onların heç də hamısı böyük işlə məşğul olmur. Onlardan bəzilərinin fəaliyyəti hələ təşəkkül mərhələsindədir. Belə düşünürəm ki, Azərbaycanda alman şirkətləri daha çox olmalıdır. Bundan ötrü şərait və imkan var. Ən başlıca şərait bundan ibarətdir ki, Azərbaycan açıq ölkədir, onun iqtisadiyyat sahəsində demokratik prinsipləri var. Bu şərait və hüquqi normalar, artıq yaradılmış olan və indi yaradılan qanunvericilik zəmini xarici şirkətlərə Azərbaycanla fəal əməkdaşlıq etməyə imkan verir.

Əmin ola bilərsiniz ki, bir prezident kimi mən hər bir xarici şirkətin Azərbaycanda səmərəli işləməsi üçün əlverişli şərait yaradılması sahəsində bütün tədbirləri görəcəyəm. Mən sizin qarşınızda Azərbaycanda sabitliyin, ölkəmizdə bizneslə səmərəli məşğul olmaq imkanının, iqtisadiyyat sahəsində əməkdaşlığın təminatçısı kimi çıxış edirəm. Ümid etmək istərdim ki, bizim görüşümüz, mənim çıxışım alman biznesində yeni şərait yaradacaq, Azərbaycanla əməkdaşlığa münasibət yaxşılığa tərəf dəyişəcək və bir müddətdən sonra biz əməkdaşlığımızın əməli nəticələrindən danışmaq imkanına malik olacağıq.

Çıxışımı bununla qurtarmaq istərdim, çünki cənab Volf dedi ki, suallar ola bilər. Belə düşünürəm ki, mən sizə kifayət qədər məlumat verdim. Əgər nəyisə demədimsə, sizin suallarınıza cavab verərək onu deyə bilərəm. Odur ki, suallarınızı gözləyirəm.

Sual: Mən kənd təsərrüfatı avadanlığı istehsalı ilə məşğul olan firmalar konsorsiumunu təmsil edirəm, biz Azərbaycanla həm texniki, həm də ticarət sahəsində əməkdaşlığa çox maraq göstəririk. Texniki əməkdaşlıq dedikdə mən Azərbaycan ərazisində kənd təsərrüfatı avadanlığının birgə istehsalı sahəsində əməkdaşlığı, ticarət əməkdaşlığı dedikdə isə, belə avadanlığın sizin ölkəyə göndərilməsinin mümkünlüyünü nəzərdə tuturam. Hazırda kənd təsərrüfatı maşınqayırmasının və kənd təsərrüfatı istehsalının inkişafı Azərbaycan üçün aktualdırmı? Əməkdaşlığımızın bu və ya başqa formasına dair danışıqlar aparmaq üçün biz haraya müraciət edə bilərik?

Heydər Əliyev: Şübhəsiz ki, kənd təsərrüfatı maşınqayırması bizim üçün aktualdır. Lakin hansı kənd təsərrüfatı maşınlarından söhbət getdiyini konkretləşdirmək lazımdır. Ona görə ki, biz indi böyük miqdarda kənd təsərrüfatı maşınları istehsal edə bilmirik, bunları əvvəllər keçmiş Sovetlər İttifaqının müxtəlif regionlarından alırdıq. Yəni söhbətin nədən getdiyini və bizim nə edə biləcəyimizi konkretləşdirmək gərəkdir.

Kənd təsərrüfatı məhsulları istehsalı da bizim üçün aktualdır. Bundan ötrü bizim böyük imkanlarımız var. Bildiyiniz kimi, Azərbaycan ərazisi 86,5 min kvadratkilometrdir. Sizin əraziniz isə, zənnimcə, təxminən 400 min kavadratkilometrdir. Yəni bizim ərazimiz sizinkindən təxminən dörd dəfə azdır. Lakin dünyada mövcud olan 12 iqlim qurşağından 10-u bizdə var. Azərbaycanda dağlar da, düzən rayonlar da var. Biz çöl bitkiləri, subtropik bitkilər, habelə dağlıq şəraitdə yetişən bitkilər becəririk. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalı bizim üçün çox aktualdır. Biz Azərbaycanın ərzaq cəhətdən müstəqilliyinə nail olmaq, habelə ixrac üçün məhsul istehsalını təmin etmək istəyirik. Ona görə də bu məsələni konkret müzakirə etmək olar. Mənim yanımda baş nazirin birinci müavini Rasizadə əyləşib, siz Azərbaycan Nazirlər Kabinetinə müraciət edə bilərsiniz.

Sual: Mən "Döyçe vaqon BO" firmasını təmsil edirəm. Biz sizin ölkənizə sərnişin vaqonları göndəririk. Payızda biz sizə vaqon, o cümlədən də Bakı metrosu üçün vaqon istehsalı sahəsində əməkdaşlıq və kooperasiya haqqında təkliflə müraciət etdik. Bu gün biz kooperasiyanın mümkünlüyü barədə sizin mütəxəssislərinizə konkret təkliflər gətirmişik. Əgər siz maraqlanırsınızsa, bu təklifləri sizə verməyə hazırıq.

Heydər Əliyev: Sualınızı başa düşdüm. Bizim əməkdaşlığa, dəmir yolu və metropoliten üçün vaqonlara ehtiyacımız var. Buna görə də təkliflərinizə, şübhəsiz, baxıla bilər. Bu təklifləri bizə verin. Biz onları çox diqqətlə nəzərdən keçirəcəyik. Bizdə böyük dəmiryol şəbəkəsi, Bakıda geniş metropoliten şəbəkəsi var. Əvvəllər onlar üçün vaqonları Rusiyadan, Sovet İttifaqından alırdıq. Buna görə də indi biz vaqonlara böyük ehtiyac duyuruq. Biz sizin təkliflərinizdən istifadə edəcəyik.

Sual: Biz Bakıda 20 ildən çoxdur işləyirik və əgər səhv etmirəmsə, bizim firmanı "Azərneftyağ" və "Azneftyanacaq" müəssisələrində neftin ilkin emalı qurğularının inşasına, cənab prezident, məhz siz cəlb etmisiniz. Biz Yeni Bakı neftayırma zavodunun yenidən qurulması və Bakıda ekologiyanın yaxşılaşması sahəsində, digər istiqamətlərdə bu gün də işləyirik. Azərbaycanın bank sistemi bu layihələrin maliyyələşdirilməsində iştirak edə bilərmi? Əgər iştirak edə bilərsə, onda bu məsələ ilə hansı bank məşğul olur?

Heydər Əliyev: Mən sizin "Krima" firmanızı yaxşı tanıyıram. O, keçmiş Almaniya Demokratik Respublikasının, indi isə Almaniya Federativ Respublikasının firmasıdır. 1975-1976-cı illərdə Sizin firma neftin ilkin emalı üçün birinci "Elou -AVT-6" avadanlığı göndərmişdir. Bu avadanlıq Azərbaycanın neftayırma sənayesinin əsaslı surətdə yenidən qurulmasını təmin etdi. Sonra biz 6 milyon ton gücündə daha bir bu cür qurğu aldıq və onu o vaxtlar XXII partiya qurultayı adlanan zavodda quraşdırdıq. 1981-ci ildə mən özüm həmin zavodu təntənəli şəraitdə açdım və biz ikinci zavodun yaranmasını bayram etdik. Odur ki, biz sizin firma ilə səmərəli əməkdaşlıq edirik. Doğrudur, indi sizin nə istehsal etdiyinizi, sözün düzü, bilmirəm. Əvvəllər siz mənimlə əməkdaşlıq edirdiniz, indi isə nədənsə etmirsiniz. Soruşursunuz ki, bu işdə banklar iştirak edə bilərmi? Əlbəttə, iştirak edə bilərlər. Burada oturan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevə, habelə Milli Bankın prezidentinə tapşırıram ki, sizi maraqlandıran məsələləri firmanızla müzakirə etsinlər.

Sual: Mənim xüsusi bir sualım var. Mən bankir deyiləm, amma sabit bank sistemi məndən ötrü son dərəcə mühümdür. Ölkənizin Milli Bankı bizim sistemlə müqayisədə nə dərəcədə müstəqildir, Azərbaycan hökumətinin təsirindən nə dərəcədə azaddır?

Heydər Əliyev: Mən bu suala cavab verəcəyəm, amma ola bilsin ki, Milli Bankın prezidenti əlavə edib nəsə deyəcəkdir. Bilirsinizmi, biz köklü dəyişikliklər mərhələsini keçirik. 20 gün bundan əvvəl Azərbaycanın Milli Bankı haqqında yeni qanun, habelə Azərbaycanda bank fəaliyyəti haqqında qanun qəbul etdik. Onlar əvvəlki qanunlardan nə ilə fərqlənir? Biz birinci qanunla Milli Banka maksimum sərbəstlik və müstəqillik vermişik, ikinci qanunla bütün kommersiya banklarını hər cür yoxlamalardan xilas etmişik, onların fəaliyyəti üzərində nəzarət funksiyalarını ancaq Milli Banka tapşırmışıq. Lazım gələrsə kommersiya banklarını yalnız Milli Bank yoxlaya bilər.

Burada deyildi ki, iyunun 17-də mən bütün hüquq-mühafizə və digər nəzarət orqanlarına müəssisələrin, şirkətlərin, özəl biznesin işlərinə qarışmağı qəti şəkildə qadağan edən fərman vermişəm. Fərmanda deyilir ki, yoxlamalar müstəsna hallarda ancaq Maliyyə Nazirliyi və Vergi Müfəttişliyi tərəfindən aparıla bilər. Zənnimcə, sualınıza kifayət qədər cavab verdim.

Sual: Hörmətli cənab prezident, mən kiçik biznesə aid olan "Xes" firmasını təmsil edirəm. Bizim firma tikinti və inşaat avadanlığı istehsalı ilə məşğul olur. Siz öz nitqinizdə qaçqınlarla bağlı böyük bir problemdən danışdınız. Sizin bu problemin həlli üçün, qaçqınlardan ötrü mənzil tikintisi üçün nə kimi proqramlarınız var? Mövcud evtikmə kombinatlarının yenidən qurulması və ya sizin respublikanızın inşaat materialları ilə təmin edilməsi məsələlərində, o cümlədən də öz qüvvənizlə mənzil tikintisi üçün sizin Tikinti Nazirliyi ilə əməkdaşlıq mümkündürmü?

Heydər Əliyev: Siz Azərbaycanda tikinti ilə məşğul olursunuz?

Cavab: Hələ yox. Biz bu məsələ ilə keçmiş Sovet İttifaqının başqa respublikalarında məşğul oluruq. Azərbaycanda da işləmək istərdik.

Heydər Əliyev: Bilirsinizmi, bu, tamamilə mümkündür. Mən sizi yenə də Nazirlər Kabinetinə, baş nazirin birinci müavini Rasizadəyə yönəldirəm. Siz bu məsələni onunla konkret surətdə müzakirə edə bilərsiniz. Bizim buna prinsipcə ehtiyacımız var. O ki qaldı tikinti təşkilatlarına, dəmir-beton məmulatı zavoduna, inşaat materialları zavoduna, bütün bu kompleks Azərbaycanda mövcuddur. Bu məsələləri konkret surətdə müzakirə etmək lazımdır.

Sual: Biz Azərbaycanda "Azəriqaz" Dövlət Şirkəti ilə əməkdaşlıq edirik. Gələcəkdə Azərbaycanın qazla təchizatının etibarlılığını yüksəltmək üçün qaz sənayesi sahəsində nə kimi inkişaf planlaşdırılır? Qaz sənayesində nə kimi təşkilati strukturlar gözləmək olar?

Heydər Əliyev: Əvvəla, indi bizdə qaz ötən vaxtlara nisbətən az çıxarılır. Biz ildə təxminən 6 milyard kubmetr qaz istehsal edirik. Halbuki təqribən 10 il əvvəl 15 milyard kubmetr qaz çıxarırdıq ki, bu da nəinki özümüzün qaza olan tələbatımızı ödəməyə, həm də onu ixrac etməyə imkan verirdi. İndi biz öz qazımızı yalnız daxili ehtiyaclar üçün yönəldirik və o da heç də həmişə çatmır. Lakin biz bu yanacaq hasilatını artırmaq üçün böyük imkanlara malikik. Haqqında danışdığım böyük müqavilələrdə həm təbii qaz, həm də qaz hasilatı nəzərdə tutulur. Bunun hesabına sonrakı illərdə biz qaz hasilatını əvvəlcə tədricən, sonra da sürətlə artırmaq fikrindəyik. Bu, bizə qazı həm ixrac etməyə, həm də onu kimya sənayemiz üçün xammal kimi işlətməyə imkan verəcəkdir. Bizdə qazdan istifadə sistemi var və indi bu sistem yenidən qurulur. Qazın bölüşdürülməsi ilə, ondan istifadəyə nəzarət ilə məşğul olan orqan isə səhmləşdirilir.

Sual: Hörmətli cənab prezident, mənim firmam 1990-cı ildən yollar və avtomagistrallar çəkilməsi ilə məşğul olur. Azərbaycanda elə layihələr varmı ki, onlar yol tikintisinin, avtomagistralların inkişaf etdirilməsinə yönəldilmiş olsun? Siz xatırlatdınız ki, Azərbaycan "Böyük ipək yolu"nun kəsişdiyi mövqedə yerləşir. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihələr varmı?

Heydər Əliyev: Bəli, Azərbaycanda avtomobil yollarının çəkilməsinə və yenidən qurulmasına böyük tələbat var. Bizdə bu yollar çoxdur və elə etmək lazımdır ki, onlar beynəlxalq standartlara cavab versin. Açığını deyəcəyəm, bizdə bundan ötrü kifayət miqdarda vəsait yoxdur. Əgər şirkət bu məsələyə maraq göstərirsə, onda biz maliyyə mənbələri barədə də birlikdə düşünməliyik. Biz müvafiq şərtlərlə kreditlərdən istifadə edə bilərik və yolları şirkətlərlə birlikdə çəkə bilərik. Əgər siz bunu edə bilərsinizsə, bu, yaxşı olardı.

O ki qaldı, sizin qeyd etdiyiniz kimi, Azərbaycanın "İpək yolu"nun kəsişdiyi mövqedə yerləşməsinə, mən sizə məlumat verməliyəm ki, bu yaxınlarda Özbəkistan prezidenti cənab Kərimov, Türkmənistan prezidenti cənab Niyazov, Gürcüstan prezidenti cənab Şevardnadze və Azərbaycan prezidenti Əliyev Transqafqaz magistralı yaradılması haqqında çox mühüm saziş imzaladılar. Söhbət Mərkəzi Asiyanın nəqliyyat kommunikasiyalarının, indiki halda Özbəkistan, Türkmənistan, habelə Azərbaycan və Gürcüstanın nəqliyyat kommunikasiyalarının birləşdirilməsindən gedir. Yükləri dəmir yolu ilə Türkmənbaşı, keçmiş Krasnovodsk limanınadək, sonra Xəzər vasitəsilə bərə keçidi ilə Bakı limanınadək, oradan isə mövcud dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə Qara dəniz sahilindəki Poti limanınadək daşımaq olar. Buradan yükləri Avropaya gəmi və bərələrə nəql etmək mümkündür. Məsələn, nəzərdə tutulur ki, xətlərdən biri Dunay çayı ilə Almaniyayadək gedəcəkdir.

Dünən mən cənab Roman Hersoqla bu barədə danışarkən o mənə dedi ki, bir vaxtlar böyük Karl da bu barədə düşünmüş və müvafiq tədbirlər görmüşdür. Mən ona dedim ki, böyük Karl çox ağıllı adam idi, o vaxtlar bu barədə fikirləşmişdir. İndi biz böyük Karlın planlarını həyata keçiririk. Yeri gəlmişkən, bu məsələyə Almaniyada böyük maraq göstərirlər. Bu məsələ ilə federal kansler cənab Helmut Kol və prezident cənab Roman Hersoq da maraqlanırlar. Almaniyada federal kansler Helmut Kol ilə burada rəsmi səfərdə olmuş Rumınıya prezidenti İon İliyesku arasında həmin məsələ barəsində çox ətraflı söhbət getmişdir. Cənab Roman Hersoq Gürcüstana səfəri zamanı cənab Şevardnadze ilə bu barədə danışmışdır. Yeri gəlmişkən, layihə artıq həyata keçirilir. Dünən mən cənab Helmut Kola məlumat verdim ki, həmin nəqliyyat yolu ilə Özbəkistan Avropaya 10 min ton pambıq mahlıcı göndərmiş və oradan 30 min tondan çox taxıl gətirmişdir. Biz bu sazişi cəmi bir aydır ki, imzalamışıq, o isə artıq həyata keçirilir. Gələcəkdə əgər Bakı, Türkmənbaşı və Poti limanlarını modernləşdirsək, bizim dəmir yolunun nizama salınması sahəsində bəzi tədbirləri görsək, onda "İpək yolu" kimi, həmin yol da yüklərin Avropadan Mərkəzi Asiyaya, oradan da geriyə nəql edilməsində çox böyük rol oynaya bilər. Yeri gəlmişkən, Mərkəzi Asiya ölkələrinin öz yüklərini bu marşrutla daşıması onlar üçün məsafəni 1200 kilometr qısaldır. Bu isə nəqliyyat xərclərini də azaldır.

Sual: Cənab prezident, Azərbaycan ilə müəssisəmiz arasında əməkdaşlıq barədə səmimi sözlərə görə, icazə verin, sizə "Simens" firması adından təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, son bir əsrdə bizim malların keyfiyyəti nəinki aşağı düşməmiş, əksinə, yüksəlmişdir. Siz xatırlatdınız ki, biz infrastrukturun bir çox sahələrində əməkdaşlıq edirik. Mən belə düşünürəm ki, bizim əməkdaşlığımız elektrik enerjisi sahəsində daha çox inkişaf etmişdir. Siz dediniz ki, bu sahə ölkənizin neft sənayesinin, digər sənaye sahələrinin inkişafında xüsusi rol oynayır. Məni belə məsələ maraqlandırır: Siz bu sahənin inkişafını maliyyələşdirmək niyyətində olan potensial Qərb ölkələrinə lazımi şərait yaradılması üçün yaxın illərdə nə kimi tədbirlər görmək fikrindəsiniz?

Heydər Əliyev: Mən artıq dedim, bir daha deyirəm "Simens" şirkəti ilə əməkdaşlığın genişlənməsində bizim marağımız var. İndiyədək görülmüş bütün işləri mən dəstəkləyirəm və onlara ehtiramla yanaşıram. Lakin indi işi daha da genişləndirmək lazımdır. Elektroenergetika kompleksinin prezidenti Müslüm İmanov mənimlə buradadır. Mən ona tapşırmışam ki, Bakıdakı "Şimal" DRES-in yenidən qurulması barədə sizinlə danışıqlar aparsın. Məncə, siz bu layihə üzrə iş görürsünüz, istərdim ki, bu iş konkretləşdirilsin. Yeri gəlmişkən, dünən mən federal kansler Helmut Kol ilə söhbət edərkən bu barədə, öz çıxışımda adlarını çəkdiyim firma və şirkətlərlə əməkdaşlıq barədə ona danışdım. Mən cənab Kola dedim ki, bu layihələrin həyata keçirilməsi üçün bizə kredit gərəkdir. O cavab verib dedi ki, biz həmin məsələlərə dair konkret təkliflər, layihələr təqdim etməliyik ki, o, kredit barədə xahişimizə baxsın. Buna görə də dünən, federal kansler ilə görüşümdən sonra dərhal mən bizimlə birlikdə buraya gələn şəxslərin hamısına tapşırdım ki, mənə konkret təkliflər təqdim etsinlər. Özü də cənab Kol konkret layihələri, habelə bu layihələri birlikdə həyata keçirə biləcəyimiz şirkətlərin adlarını göstərməklə həmin məsələ barəsində bizdən məktub almaq istəyir. O, bizə kredit sarıdan kömək vəd etdi. Mən artıq tapşırıq vermişəm. Xahiş edirəm, bizə konkret layihələr verin. Məsələn, Bakıdakı elektrik stansiyasının yenidən qurulmasının bizim üçün böyük əhəmiyyəti var. Gəlin, şərtlər barədə danışaq və federal kanslerdən xahiş edək ki, bizə kredit sarıdan kömək göstərsin.

O ki qaldı Avropa Yenidənqurma və İnkişaf Bankına, biz onun kreditlərindən istifadə edirik və gələcəkdə də edəcəyik. Lakin düşünmək lazımdır, söhbət hansı şərtlərdən gedir.

Dövlət təminatına gəldikdə, deyə bilərəm ki, bu barədə sizinlə təxminən 10 ildən sonra danışa bilərik. Çünki indi maliyyə ehtiyatlarımız məhduddur. Təqribən 5-10 ildən sonra Azərbaycan neft və qaz hasilatı hesabına böyük iqtisadi imkanlara malik olacaqdır. Buna görə də biz sizinlə konkret danışıqları apararkən və təminat barəsində razılığa gələrkən həmin müddətləri nəzərə almalıyıq.

***

Mən bu görüşün bütün iştirakçılarına, habelə görüşün təşkilinə görə Almaniya iqtisadiyyatı Şərq Komitəsinin sədri, Almaniya Sənaye-Ticarət Palataları birliyinin fəxri prezidenti cənab Volf Fon Amerongenə təşəkkür edirəm.

Mən bu görüşə gələcək daha geniş əməkdaşlığımızın başlanğıcı kimi baxıram. Bayaq dedim ki, neft şirkətinin prezidenti Natiq Əliyev, kimya şirkətinin prezidenti Fikrət Sadıqov, energetika kompleksinin prezidenti Müslüm İmanov, xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev, Milli Bankın prezidenti Elman Rüstəmov, Beynəlxalq Bankın prezidenti Fuad Axundov, iqtisadiyyatla məşğul olan bir çox digər şəxslər mənimlə birlikdə buradadırlar. Mənim nümayəndə heyətimə xarici işlər naziri ilə yanaşı, baş nazirin birinci müavini Artur Rasizadə də daxildir. O, iqtisadiyyatla məşğul olur. Mən nə qədər ki, buradayam, onlar bu gün də, sabah da sizinlə konkret əməli danışıqlar aparmaq və konkret layihələr barəsində razılaşma imkanına malikdirlər. Xahiş edirəm, bunu nəzərə alasınız.

Axırda sizin hamınıza biznes-məlumat kitabına görə təşəkkür etmək istəyirəm. Zənnimcə, mənim belə qısa müddətdə deyə bilmədiyim məsələlər haqqında bu kitabda çox yazılmışdır. Ümidvaram ki, siz bu kitabla tanış olacaqsınız və o, Azərbaycanla əməkdaşlıqda sizin bələdçinizə çevriləcəkdir. Sağ olun. Görüşənədək.

"Azərbaycan" qəzeti, 5 iyul 1996-cı il.