Azərbaycan Prezidenti Heydər Əliyevin Nazirlər Kabinetinin Rəyasət Heyəti üzvlərinin, iqtisadiyyatın inkişafında mühüm rol oynayan nazirliklərin başçılarının və Prezidentin İcra Aparatı rəhbər işçilərinin iştirakı ilə 1996-cı ilin birinci yarısının iş yekunlarının təhlilinə həsr olunmuş iclasda çıxışı - Prezident Sarayı, 28 iyun 1996-cı il


Bu gün mən sizi Nazirlər Kabinetinin iclasına dəvət etmişəm. Yeni konstitusiya qəbul ediləndən sonra bu ilin əvvəlində, yanvarın 8-də mən Nazirlər Kabinetinin ümumi iclasını keçirdim. Burada yeni başlanmış 1996-cı ilin vəzifələri və qarşıda duran problemlər, eyni zamanda yeni konstitusiya ilə əlaqədar vəzifələrlə bağlı məsələlər müzakirə olundu. O vaxt biz çox geniş danışdıq, söhbət apardıq. Bu müzakirələrdən sonra mən qərarlar da imzaladım ki, Nazirlər Kabinetinin işi lazımi səviyyədə təşkil edilsin, həm də iqtisadiyyat sahəsində vəzifələrimizin həyata keçirilməsi təmin olunsun.

İndi ilin birinci yarısı başa çatdı. Şübhəsiz ki, bu müddətdə iqtisadiyyat sahəsində müəyyən işlər görülüb, nailiyyətlər əldə olunubdur. Amma eyni zamanda, hesab edirəm ki, iqtisadiyyatın idarə edilməsi üçün həm zəruri tədbirlər görülməsi, həm də konkret tədbirlərin həyata keçirilməsi sahəsində Nazirlər Kabineti, onun Rəyasət Heyəti, Nazirlər Kabinetinin rəhbərliyi tərəfindən işlər lazımi səviyyədə təşkil olunmur. Birincisi, onu qeyd etməliyəm ki, yanvarın 8-də verilən göstərişlər və qəbul olunmuş qərarlardakı tələblər indiyədək həyata keçirilməyib. Şübhəsiz ki, bu, məni narahat etməlidir. Bunlar hamısı da iqtisadiyyatımızda, sosial sahədə olan imkanlarımızdan səmərəli istifadə edilməsinə nəinki şərait yaratmır, hətta mane olur.

Aydındır ki, hər bir iş onun təşkilindən çox asılıdır. Biz iqtisadiyyatda ciddi dəyişikliklər prosesi keçiririk. Bu prosesləri də lazımi səviyyədə aparmaq lazımdır. Mən dəfələrlə qeyd etmişəm və bu gün bir daha deyirəm ki, mövcud iqtisadi potensialımızdan səmərəli istifadə olunmalıdır. Təəssüf ki, bunlar yoxdur. Potensialımızdan səmərəli istifadə olunmasına görə də biz imkanımız çərçivəsində olan nailiyyətləri əldə edə bilmirik.

Keçid dövründə iqtisadiyyatda çətinliklər çoxdur. Bunlar məlumdur. Ancaq bu çətinliklərin təsirini azaltmaq olar, eyni zamanda bu çətinliklərin qarşısını alaraq mövcud imkanları daha sürətlə hərəkətə gətirmək mümkündür. Təəssüf ki, Nazirlər Kabineti, nazirlər, nazirliklər, komitələr, şirkətlər, konsernlər bu işlərlə lazımi səviyyədə məşğul olmurlar.

İndi biz ilin birinci yarısının yekunlarını təhlil etməliyik. Bu gün iyunun 28-dir, altı ay başa çatır. Bu altı ayda nə etmişik, nə əldə etmişik? İqtisadiyyatımızda nə kimi dəyişikliklər baş veribdir, biz sosial sahədə nəyə nail olmuşuq, əhalinin həyat tərzinin yaxşılaşdırılması üçün hansı işlər görə bilmişik? Güman edirəm ki, bütün bunlar Nazirlər Kabinetində hər ay müzakirə edilməli, təhlil olunmalıdır. Bunun də nəticəsində qarşıdakı ay üçün lazımi tədbirlər görülməlidir. Təəssüf ki, Nazirlər Kabinetində indiyədək belə bir sistem qurulmayıb.

Biz keçmişdəki üsuldan, müşavirələr keçirməklə iş aparmaq üsulundan imtina etmişik. Bu, lazım deyil. Amma işləri də bu qədər özbaşına qoymaq olmaz. Hər bir nazirlik, hər bir təsərrüfat vahidi, iqtisadiyyatın hər bir sahəsi gərək bilsin ki, bu gün nə edir, sabah nə edəcək və sabah hansı nəticəyə gəlib çatacaqdır. Amma bəzi sahələrdə iş indi özbaşına buraxılıbdır. Kim nə edə bilirsə edir, kim nə etmirsə ona heç bir söz də deyilmir. İşin təşkil olunmasında çox böyük qüsurlar var.

İqtisadiyyatımızın əsasını təşkil edən istehsaldır. İstehsalda, xüsusən sənaye istehsalında çoxlu problemlər, çətinliklər var. Ancaq bu çətinlikləri, problemləri nə cür həll edirik, hansı tədbirlər görməliyik - bir tərəfdən bu, müəyyənləşdirilməlidir, digər tərəfdən də müəyyənləşdiriləndən sonra onun həyata keçirilməsi üçün gərgin iş görülməlidir. Amma mən müşahidə edirəm, görürəm ki, nazirliklərin, komitələrin, şirkətlərin, konsernlərin işində özbaşınalıq var, işin nə axırı, nə əvvəli görünmür. Yəni hansı işin hansı mərhələdə, hansı vasitə ilə görüldüyü məlum deyil. İkinci tərəfdən də Nazirlər Kabinetinin bu işlərə nəzarəti, təşkilatçılıq funksiyası istənilən səviyyədə deyil.

Ona görə də mən çox təəssüf edirəm ki, Nazirlər Kabinetinin yanvarın 8-də keçirdiyim geniş iclasında verilən göstərişlər - onların bir qismi, bəlkə də çoxu indiyədək həyata keçirilməyib. Qarşımızda duran əsas vəzifələrdən biri iqtisadiyyatın inkişaf etdirilməsi və struktur dəyişiklikləri aparılmasıdır. Bu istiqamətdə görülən işlər qənaətbəxş hesab edilə bilməz. Nazirlər Kabinetinin yanvarın 8-də keçirilən iclasında mən göstəriş verdim ki, sənayemizin əsas komplekslərini - yanacaq, energetika, kimya, maşınqayırma və digər komplekslərin indiki vəziyyətdən çıxması, onların imkanlarından hərtərəfli istifadə olunması üçün proqramlar hazırlansın və həyata keçirilsin. İndi yarım il başa çatır, amma mən nə proqram, nə də verilən bu tapşırıqların həyata keçirilməsi üçün lazımi nəticələri görürəm.

Struktur dəyişiklikləri deyəndə biz birinci növbədə mülkiyyətin özəlləşdirilməsini nəzərə alırıq. Bu sahədə çox ciddi nöqsanlara yol verilibdir. Baş nazirin müavini, Dövlət Əmlak Komitəsinin sədri Tofiq Əzizov dəfələrlə ona verilən tapşırıqlara, göstərişlərə, tələblərə baxmayaraq, bu məsələlərin təşkilində çox böyük səhvlərə yol veribdir. Məsələlərin həll edilməsi həddindən artıq ləngidilib. Ona görə də mən bu məsələlərin həll edilməsi üçün xüsusi komissiya yaradılmasına məcbur oldum. Komissiya müəyyən işlər görür. Ancaq biz bu sahədə çox geridəyik. Bu da iqtisadiyyatımıza çox mənfi təsir göstərir. Ona görə də mən Dövlət Əmlak Komitəsinin işindən çox narazı olduğumu bildirirəm. Buraxılan səhvlərə görə Tofiq Əzizova çox ciddi xəbərdarlıq edirəm. Bildirmək istəyirəm ki, mən belə vəziyyətə dözə bilmərəm. Əgər bu işlərdə dönüş yaranmasa, mən başqa tədbirlər görməyə məcbur olacağam.

Yenə də deyirəm, sənaye kompleksimizin fəaliyyətində problemlər var. Ancaq problemləri həll etmək mümkündür.

Energetika, yanacaq kompleksində də problemlər var. Amma eyni zamanda biz bir neçə başqa ölkəyə nisbətən neft və qaz istehsal edirik, bu neft xammalından məhsul alırıq, ondan istifadə edə bilirik. Bəs nə qədər istehsal edirik və bunun üçün nə qədər imkanımız var? Bütün bunlar barəsində mənim məlumatım yoxdur. Hesab edirəm ki, sizin də məlumatınız yoxdur. Mən dəfələrlə demişəm, keçmişdə biz hər gün məlumat alırdıq ki, hansı neft buruğu nə qədər neft veribdir və gün ərzində biz nə qədər neft çıxarmışıq, ondan sonra emal etmişik, emal olunan bu neft hara göndərilib, nə qədər və necə göndərilib. Amma indi bütün bunlar başlı-başına buraxılıb.

Kimya sənayesi. Mənə deyirlər ki, burada bəzi dəyişikliklər var. Ancaq mən bunu da qənaətbəxş saymıram. Qaz istehsalını götürək. "Pennzoyl" şirkəti bizim üçün böyük bir qaz-kompressor stansiyası yaradıb. Bizim onlarla münasibətlərimiz məlumdur. İndi mən bunu burada təhlil etməyi lazım bilmirəm. Yəqin ki, bu işlə məşğul olan adamlar bunu bilirlər. Həmin qaz-kompressor stansiyası hesabına bizdə qaz istehsalı artıbdır, çünki havaya buraxılan qazlar indi bu stansiyanın sayəsində yığılıb bizim istifadəmizə verilir. Bəs belə olan halda biz niyə qaz istehsalında bundan əvvəlki səviyyədən aşağıdayıq?

Maşınqayırma kompleksi. Burada çətinliklər, problemlər var. Ancaq bizim konkret proqramımız olmalıdır: nəyi nə vaxt edəcəyik və nəyə nail olacağıq. Neçə illərdir ki, maşınqayırma kompleksi başlı-başına buraxılıbdır.

İndi bizim büdcəmizin əsas hissəsini vergilər təşkil edir. Bu vergilərin yığılması, dövlət büdcəsinə, dövlətin sərəncamına verilməsi sahəsində də, təəssüflər olsun, nöqsanlar çoxdur, özü də olduqca çoxdur. Bu işə Nazirlər Kabineti tərəfindən nəzarət də çox zəifdir, həddindən artıq zəifdir.

Bizi ən çox narahat edən iqtisadiyyatın idarə olunması strukturunu təkmilləşdirmək məsələsidir. Mən bu tələbləri 1995-ci ildə də irəli sürmüşdüm. Lakin Nazirlər Kabineti bunları icra etmədi. 1996-cı il yanvarın 8-də mən bu tələbi bir daha qoydum. Qərara aldıq ki, yanvarın axırınadək təkliflər veriləcəkdir. Lakin verilmədi. Sonra məndən əlavə vaxt istədilər. Əlavə vaxt da verildi. İndi mənə deyirlər ki, nəsə hazırlayıblar. Ancaq hələ ki, buna baxılmayıbdır və biz bu barədə heç bir qərar qəbul etməmişik. Artıq iki ildir deyirik ki, iqtisadiyyatımızı mövcud idarəetmə strukturu ilə idarə etmək olmaz. İdarəetmə strukturunda, idarəetmə orqanlarında ciddi dəyişikliklər, ixtisarlar aparılmalı, onlar təkmilləşdirilməlidir. Ancaq təəssüf ki, biz bunu edə bilməmişik.

Bunların hamısı aşağıdan yuxarıyadək iqtisadiyyatımızın idarə edilməsi ilə məşğul olan orqanların hamısında ciddi nöqsanlar olduğunu göstərir və bu nöqsanlar da iqtisadiyyatımızın inkişafına zərər gətirir, biz istədiyimizi inkişaf sürətinə çıxara bilmirik.

Məlumdur ki, iqtisadiyyatımızın və iqtisadi kompleksdəki işlərin əsas məqsədi və mənası əhalinin rifahını yaxşılaşdırmaq və sosial problemlərin həlli üçün lazımi şərait yaratmaqdır. Əgər biz iqtisadiyyatda istədiyimiz nailiyyətləri əldə edə biləriksə, onda şübhəsiz ki, sosial problemlərin həllində, iqtisadiyyatın sosial yönümünün inkişaf etdirilməsində qarşımızda duran vəzifələri həyata keçirə və məqsədimizə nail ola bilərik.

Bütün bunlar heç bir statistika məlumatı ilə, heç bir arayış, yaxud başqa material ilə tanış olmadan bu aylarda etdiyim müşahidələrin nəticəsində məndə formalaşmış fikirlərdir. Hesab edirəm ki, indi biz ilin birinci yarısına dair rəqəmləri, statistika məlumatlarını aldıqdan sonra, ola bilsin, müəyyən düzəlişlər aparılsın. Amma ümumi fikir belədir. Güman edirəm ki, tanış olacağımız rəqəmlərin, statistika məlumatlarının ümumi nəticəyə böyük təsiri olacaqdır.

Mən Nazirlər Kabineti Rəyasət Heyətinin üzvlərini, iqtisadiyyatda çox mühüm rol oynayan nazirliklərin başçılarını və prezidentin İcra Aparatının bəzi rəhbər işçilərini buraya dəvət etmişəm. Mən sizə bu fikirlərimi bildirərək, əvvəla cari il yanvarın 8-də Nazirlər Kabinetinin iclasında verilən göstərişlərin necə həyata keçirilməsi ilə əlaqədar öz narazılığımı ifadə edirəm. Sizdən tələb edirəm ki, işə münasibət dəyişdirilsin və nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülsün. Eyni zamanda hesab edirəm ki, biz 1996-cı ilin birinci yarısının, yəni altı ayın yekunlarını geniş müzakirə etməliyik. Mənim bu işə müdaxilə etməyimə bəlkə də ehtiyac yoxdur. Çünki bizdə Nazirlər Kabineti var. O, bütün bu işlərin həyata keçirilməsi üçün böyük səlahiyyətə malikdir. Mən yenə deyirəm, Nazirlər Kabinetinin işində, işinin təşkilində çox qüsurlar var. Bax, bunlara görə mən məcburam ki, 1996-cı ilin birinci yarısının yekunlarını sizinlə birlikdə müzakirə edim. Mən sizi buraya bu fikirlərimi çatdırmaq üçün, eləcə də altı aylıq işinizin yekunları barədə bir neçə konkret fikrimi bildirmək üçün dəvət etmişəm.

Hesab edirəm ki, bəzi statistika məlumatlarını toplamağa macal tapmaq üçün iyulun 18-də Nazirlər Kabinetinin geniş iclasını keçirməliyik. Mən belə qərar qəbul edirəm. Bu iclasda 1996-cı ilin birinci yarısının yekunları müzakirə olunmalıdır. Müzakirənin səmərəli keçməsi üçün və onun nəticəsində işi sürətləndirmək məqsədi ilə lazımi tədbirlər görülməsi üçün sizi məhz bu gün dəvət etmişəm ki, hər biriniz ilin birinci yarısını təhlil edəsiniz. Biz bu müzakirə zamanı altı ayda görülən işləri, əldə olunan nailiyyətləri, yol verilən nöqsanları və bu nöqsanların səbəblərini geniş təhlil edə bilək. Məqsəd də ondan ibarətdir ki, işlərimizi daha da sürətləndirək.

Bu müzakirədə konkret nəticə əldə etmək və onun səmərəliliyinə nail olmaq üçün, zənnimcə, bir neçə məruzəni dinləməliyik. Birincisi, Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı və onun struktur dəyişikliklərinin sürətləndirilməsi vəzifələri haqqında. İqtisadiyyat naziri bu barədə məruzə etməlidir. İkincisi, Respublika Nazirlər Kabinetinin 1996-cı il 8 yanvar tarixli iclasında qəbul olunmuş 3 və 4 nömrəli qərarların həyata keçirilməsi və bunun nəticəsi haqqında, xüsusən də iqtisadiyyatın idarə edilməsində struktur islahatı özəlləşdirmənin sürətləndirilməsi, iqtisadiyyatın əsas kompleksləri olan yanacaq, energetika və maşınqayırma, kimya komplekslərinin inkişafına dair proqramlar haqqında. Bu barədə məruzələr dinlənilməlidir.

Özəlləşdirmə haqqında məruzə dinlənilməlidir. İqtisadiyyatda idarəetmə strukturlarının islahatı barədə ayrıca məruzə edilməlidir. Əsas sənaye komplekslərinin vəziyyəti haqqında onların rəhbərləri məlumat verməlidirlər.

Dediyim kimi, indi iqtisadiyyatımızın əsas hissəsini maliyyə məsələləri təşkil edir. Maliyyə sahəsində vəziyyət haqqında maliyyə naziri, Milli Bank, Baş Dövlət Vergi Müfəttişliyi, Gömrük Komitəsi rəhbərləri məruzə etməlidirlər.

Daha bir məsələ barəsində. O da bundan ibarətdir ki, ixrac-idxal ilə əlaqədar işlərimiz nə yerdədir. Güman edirəm ki, bu barədə xarici iqtisadi əlaqələr naziri məlumat verməlidir. Hesab edirəm ki, belə bir müzakirə sizin çoxunuza vəziyyətimizi daha yaxşı tanıdacaqdır. Məndə belə bir fikir yaranıb ki, bizim bəzi sahələrimizə lazımi nəzarət edilmir. Bu nəzarəti də Nazirlər Kabineti həyata keçirməlidir. Ona görə də, qeyd etdiyim kimi, bəzi sahələrdə özbaşınalıq mövcuddur. Biz bütün bu hallara son qoymalıyıq.

Sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yaratmaq eyni zamanda qanunlarımızın tələblərinin təmin olunması ilə, nizam-intizamla əlaqədardır, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, idxal və ixrac proseslərinin tənzimlənməsi ilə əlaqədardır. Yenə də deyirəm, bu məsələlərdə hələ də özbaşınalıq müşahidə olunur.

Mənim təklifim bundan ibarətdir. Ola bilsin ki, sizin bu barədə fikirləriniz var. Siz əlavələr də edə bilərsiniz, yaxud təkliflər də verə bilərsiniz. Mən sizi dinləməyə hazıram. Sizi bu gün məhz həmin məsələlər barəsində öz fikirlərimi sizə çatdırmaq üçün də dəvət etmişəm.

***

- Səməd Sadıqov, siz deyirsiniz ki, ödəmələr haqqında fərman layihəsi hazırlayırsınız. Xatırlayın, Nazirlər Kabinetinin yanvarın 8-də keçirilən iclasında mən sizə dedim ki, bu barədə qısa müddətdə təkliflərinizi verin. Həm də qeyd etdim ki, mən sizdən qeyri-adi təkliflər gözləyirəm. Müəssisələrin, ayrı-ayrı sahələrin bir-birinə olan borcu həddi aşıb. Mən dedim ki, ya təklif verin bu borcların hamısını silək, yaxud başqa təklif verin. İndi altı ay keçib, nə üçün bunu etmirsiniz? Axı mən bunu sizə tapşırmışam. Respublikanın prezidenti kimi sizə deyirəm ki, bunu həll etmək lazımdır. Bu təşkilatlar bir-birinə olan borclarını onsuz da ödəyə bilməyəcəklər. Bəs siz bu məsələni niyə həll etmirsiniz? Fuad Quliyev mənə dedi ki, Tofiq Əzizovun rəhbərliyi ilə komissiya yaratmışıq. Bu komissiya nə etdi, nə iş gördü, nə nəticəyə gəldi? Axı bu cür işləmək olmaz.

Bir sıra problemlər var ki, onları həll etmək çətindir. Bu məsələ də çətin problemlərdən biridir. Hansı yolusa seçib bunu həll etməliyik. Bunun üçün də Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi ölçüb-biçməlidir ki, bax bunu etməliyik. Altı ay keçib, amma siz yerinizdə sayırsınız. Bununla əlaqədar komissiya yaradılanda mən buna ehtiyac olmadığını bildirdim. Çünki bu proqblem çox aydındır. Sadəcə fikirləşib, mövcud variantlardan birini seçmək lazımdır. Ümumi işin, gələcək müsbət nəticənin naminə burada müəyyən riskə də getmək olar. Bəs nəyi gözləyirsiniz? İndi isə deyirsiniz ki, fərman layihəsi hazırlayırsınız. Bunu yanvar ayında etmək olmazdımı?

Yenə də deyirəm, iqtisadiyyatımızda elə problemlər var ki, çətindir, amma elələri də var ki, işə can yandırılsa, təşəbbüskarlıq göstərilsə onlar həll edilə bilər. İndi iqtisadiyyatımızı gərgin vəziyyətdə saxlayan problemlərdən biri debitor borclarıdır. Mən sizə demişəm ki, siz variantlar hazırlayın, mən bunun həll edilməsinə razıyam. Amma bir variantın seçilib mənə təqdim olunması üçün altı ay keçib, heç bir şey etməmisiniz. Axı belə bir qərarı dövlətin başçısı qəbul edəcək, siz niyə narahat olursunuz? Sizin borcunuz sadəcə, odur ki, təklif hazırlayıb verəsiniz. Niyə vermirsiniz? Həddindən artıq acınacaqlı haldır.

***

- Bilirsiniz, respublikamız üçün lazım olan hər bir məsələ üçün iclas keçirməyə hazıram. Mən özəlləşdirmə mövzusunda dəfələrlə iclaslar, müzakirələr aparmışam və yenə də bunu etməyə hazıram. Amma, axı bu işlərin əksəriyyətini siz, Dövlət Əmlak Komitəsi, baş nazirin birinci müavininin rəhbərlik etdiyi komissiya, Nazirlən Kabinetinin Rəyasət Heyəti, baş nazir görməlidir. Məsələlər bu mərhələlərdə həll edilməlidir. Siz hansı məsələni həll edə bilmirsinizsə bunun üçün mənim yanıma gəlin. Amma bu məsələləri hərə öz üstündən atıb, gətirib mənim üstümə yıxmayın. Prezidentin üzərinə nə qədər başqa vəzifələr düşür. İqtisadiyyatla məşğul olmaq üçün səlahiyyətli Nazirlər Kabineti var. Öz vəzifənizi, cəmiyyətdə tutduğunuz yeri, sizə verilən səlahiyyətləri bilin. Mən müşavirə keçirməyə hazıram.

Yekun çıxışı

Bu ayın 24-də biz burada aqrar islahatların gedişi vəziyyəti və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsi ilə əlaqədar geniş müşavirə keçirdik. Mən torpaq islahatı ilə əlaqədar komissiyaya göstəriş vermişəm ki, aparılan müzakirələr nəticəsində bu qanunun layihəsini iyulun 5-dək işləyib tamamlasınlar. Biz iyulun 10-dək həmin layihəni müzakirə edib, Milli Məclisə verməliyik. Mən iyulun 18-də Nazirlər Kabinetinin geniş iclasını keçirməyi tapşırdım. Mən bu barədə qərar qəbul edirəm və bugünkü iclasda sizə elan etdiyim fikirlər bu qərarda öz əksini tapır. Hazırlaşın. Hazırlaşmaq o demək deyil ki, siz imtahana gəlməyə hazırlaşırsınız, xeyr. Siz məsələni həll edin. Təəssüflər olsun, bu son illərdə belə bir ənənə yaranıb ki, heç görülən iş də təhlil olunmur.

Bizdə Statistika Komitəsi var. Komitənin sədri buradadırmı? Sənə xəbərdarlıq edirəm. Statistika Komitəsinin işi barədə çox xoşagəliməz fikirlər gəlir. Bu, Dövlət Statistika Komitəsidir. Amma mənə xəbərlər gəlir ki, bu komitə şəxsi bir təşkilata çevrilib. Kim nə məlumat istəyir verir. Bəzən də doğru olmayan məlumatlar verir. Sizin işiniz haqqında mənə belə xoşagəlməz siqnallar gəlib. Mən sizə xəbərdarlıq etmək istəyirəm. Nazirlər Kabineti Statistika Komitəsinin işi ilə məşğul olurmu? Statistika Komitəsinin sədrini Nazirlər Kabinetinə çağırıb heç dinləmisinizmi ki, bu nə iş görür? Statistika Komitəsi əsas orqanlardan biridir. Mən bayaq dediyim fikirləri təsadüfi demədim. Bu təşkilatları özbaşına buraxmısınız. Bunlar da elə hesab edirlər ki, nazirliklər, dövlət idarələri onların hərəsinin şəxsi mülkiyyəti, işidir. Respublikanın baş naziri Statistika Komitəsinin sədrini indiyədək çağırıb dinləməyib ki, o orada nə iş görür. Vaxt yoxdursa, tapşırın müavinlərdən biri Statistika Komitəsinin sədrini çağırıb dinləsin. Buna nəzarət edin. Görünür, bu da ağlını itirib, orada müəyyən işlərlə məşğul olur. Mən sənə xəbərdarlıq edirəm. Baş nazirə tapşırıram ki, Dövlət Statistika Komitəsi ilə ciddi məşğul olsun.

Bayaq dediyim kimi, Rəyasət Heyətinin üzvləri ötən altı ayın yekunları barədə geniş təhlil hazırlasınlar. İyulun 18-də keçirəcəyimiz iclas imtahan deyil. Mən bu gün - iyunun 28-də iyirmi gün qabaq sizi buraya çağırmışam və göstəriş verirəm ki, hər biriniz öz sahənizdə işləri təhlil edəsiniz, görəsiniz ki, vəziyyətimiz necədir, nə əldə etmişik, çatışmazlıq, nöqsan nədir? Ən əsası odur ki, nə etməliyik? Şübhəsiz ki, bunlar hamısı iqtisadiyyatın idarə edilməsində, təşkil olunmasında yeni, müasir prinsiplərə söykənməlidir. Biz iyulun 18-də bu məsələləri müzakirə edəcəyik.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf