Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika Milli Bankının yeni inzibati binasının açılış mərasimində nitqi - 6 oktyabr 1998-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, dostlar!

Bu gün Azərbaycanın həyatında yeni bir əlamətdar hadisə baş verir. Biz Azərbaycan Milli Bankının inşa edilmiş, başa çatdırılmış yeni binasının açılışına toplaşmışıq. Mən bu gün burada natiqləri dinləyərkən keçmişə nəzər saldım və deyirəm ki, həyatımda indiyə qədər ikinci dəfədir bank binasının açılışında iştirak edirəm. Bizim keçmiş həyatımızda, yəni keçmişdə yaşadığımız dövrdə o dövlətin iqtisadi, sosial, siyasi sistemində bank o qədər əhəmiyyətli bir təşkilat hesab olunmurdu, baxmayaraq ki, bütün maliyyənin, bütün iqtisadiyyatın son göstəriciləri bankdan gəlib keçirdi. Bu, təbiidir, çünki keçmiş sovet sosialist iqtisadi quruluşu tamam başqa prinsiplər əsasında idi.

Biz fabriklər, zavodlar, xəstəxanalar, məktəblər, saraylar, mədəniyyət ocaqları, kitabxanalar, yaşayış binaları tikib yaradırıq. Onları indi Azərbaycanda hamı görür. Onlardan bəzilərinin açılışı böyük bir təntənəyə çevrilirdi, bu mərasimlərdə çox adamlar iştirak edirdi. O cümlədən mən də belə mərasimlərin iştirakçısı olmuşam.

Ancaq sovet hakimiyyəti dövründə Azərbaycanda yalnız bir bank binası tikilmişdi. Ona o vaxt İnşaat bankı deyirdilər. İndi o, Sənaye İnvestisiya bankı adlanır. Onun binası bu sağdakı binadır. Xatirimdədir, o vaxt onu İnşaat Bankı öz vəsaiti hesabına tikdi. Amma Azərbaycanda İnşaat Bankı da tam müstəqil deyildi - SSRİ İnşaat Bankı vardı, Azərbaycan İnşaat Bankı da onun bir hissəsi idi. İndi bu binada müstəqil Azərbaycanın Sənaye İnvestisiya Bankı yerləşir.

Şəhərin mərkəzində yerləşən və yanından bəlkə də çox keçdiyimiz Azərbaycanın Dövlət Bankı bizim hamımızın gənclik vaxtında, 1931-ci ildə tikilmiş bir binadır. Doğrudur, bəlkə də 1931-ci ildə o bina görkəmli görünürdü və şəhərin mərkəzində olduğu üçün diqqəti cəlb edirdi. Mənim xatirimdədir ki, biz tələbə olarkən, gənclik illərimizdə bir-birimizə, hətta qızlarla oğlanlar bir-birinə bəzən görüş təyin edəndə bankın binası qarşısında görüşürdülər. Görürəm ki, yaxşı dəqiqələri çoxlarının xatirinə saldım. Çünki burada olanların əksəriyyəti - yəqin ki, həm qadınlar, həm də kişilər, - o vaxtlar oğlan və qız olarkən ilk görüşlərini o bankın qarşısında təyin ediblər. Bunu mən çox dəqiqliyi ilə deyirəm, ona görə ki, mənim özüm də orada görüşlər keçirmişəm.

Bəli, on illər keçibdir, Azərbaycanın Milli Bankı həmin köhnə binadadır. İndi ondan necə istifadə ediləcəyini mən bilmirəm. Amma mənim bugünkü sözlərimi siz alqışladığınıza görə hesab edirəm ki, o binanın üzərinə bir şərəf lövhəsi yapışdırıb yazmaq lazımdır ki, yüzlərlə, minlərlə, on minlərlə adam öz gələcək xoşbəxtliyini təyin etmək üçün ilk görüşlərini burada keçiribdir.

Ancaq indi biz müstəqil dövlət olaraq sərbəst iqtisadiyyat yolu ilə gedirik, həyatımızın bütün sahələrini demokratikləşdiririk və iqtisadiyyatda da demokratikləşmə sərbəst iqtisadiyyat deməkdir, bazar iqtisadiyyatı deməkdir və bu yola keçmək üçün, bu səviyyəyə çatmaq üçün iqtisadi-maliyyə islahatlarının aparılması deməkdir. Biz son illərdə bu işlərlə çox ciddi məşğul oluruq və hesab edirəm ki, xeyli nailiyyətlər əldə etmişik. Bu işlərin mərkəzində də maliyyə-bank sistemi durur. Hər bir müstəqil dövlət, dünya iqtisadiyyatı ilə sıx inteqrasiyada olan müstəqil dövlət, sərbəst iqtisadiyyat yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət mütləq tələblərə uyğun, dünya standartlarına uyğun maliyyə-kredit, maliyyə-bank sistemi təsis etməlidir. Biz bunu təsis etmişik və bu gün də inkişaf etdiririk. Ona görə də Azərbaycanda Milli Bankın həm funksiyası, həm də fəaliyyət dairəsi xeyli artır. Milli Bank Azərbaycanda sərbəst, özəl bank sisteminin inkişaf etməsinə imkanlar yaratmalı, bu sahədə fəaliyyət göstərməlidir. Ona görə də Azərbaycan Milli Bankı, şübhəsiz, keçmişdəki kimi işləyə bilməz və keçmişdə olan binada da fəaliyyət göstərə bilməz. Bu zərurətlərdən irəli gələn qərar da Milli Bankın yeni binasının inşa edilməsi, yaranmasıdır. Artıq belə bir bina Bakının mərkəzində yaranıbdır və biz də sizinlə birlikdə bu hadisəni çox mühüm hadisə hesab edərək buraya toplaşmışıq, bunu bizim həyatımızda və xüsusən iqtisadi həyatımızda böyük hadisə hesab edərək onun açılışını belə təntənəli şəraitdə keçiririk.

Mən bu münasibətlə Azərbaycan vətəndaşlarını, Azərbaycandakı müstəqil bankları və bank işçilərini, maliyyə işçilərinin hamısını təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan Milli Bankı yeni, müasir binada Azərbaycanın gələcək iqtisadi inkişafı üçün uğurlu işlər görəcəkdir.

Azərbaycanda iqtisadiyyat, maliyyə, bank sahəsində görülən işlər, aparılan islahatlar, əvvəla, ardıcıl xarakter daşıyır, mütəmadi xarakter daşıyır və dünya təcrübəsinə əsaslanır, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin maliyyə sistemlərinin, banklarının təcrübəsinə əsaslanır. Bu gün mən bəyan edirəm ki, Azərbaycan bu yolla bundan sonra da gedəcək, Azərbaycanda maliyyə-bank sistemi ilbəil inkişaf edəcək və bunların hamısı Azərbaycanın iqtisadiyyatı ilə ahəngdar surətdə inkişaf edəcəkdir. Bunu deməyə mənim əsasım var. Çünki son illərdə aparılan islahatlar - iqtisadi islahatlar, bank-maliyyə sistemində aparılan islahatlar artıq öz nəticələrini verir və Azərbaycanda həm iqtisadiyyatın inkişafını, həm sabit valyuta bazarını təmin edir, həm də insanların rifah halını yaxşılaşdırır.

Mən bir də qeyd etmək istəyirəm ki, bizim keçmişdə yaşadığımız sistemdə bankı o qədər tanımırdıq, çünki bankla əməliyyatlar aparan ancaq müəssisələrin, təşkilatların mühasibləri idi. Onlar bankdan pul alır, maaşları verirdilər. Keçmiş sistemdə qalan bütün maliyyə əməliyyatları isə öz-özünə, o sistemin qanunları ilə gedirdi, kağız üzərində yazılırdı - buradan bu qədər vəsait buraya keçdi, bu qədər vəsait də oradan buraya keçdi. Yəni pul kütləsindən ancaq insanların öz şəxsi istifadəsi üçün istifadə olunurdu. Amma iqtisadiyyatın inkişafı üçün, iqtisadiyyatın fəaliyyəti üçün onlardan istifadə edilmirdi.

İndi isə bank hər bir vətəndaşın, hər bir insanın həyatında mühüm rol oynayır. İnsanlar banklardan, özəl banklardan istifadə edirlər. Bu, həm onların həyat şəraitinin, maliyyə şəraitinin, iqtisadi şəraitinin yaxşılaşmasını, həm də insanların vəsaitinin etibarlı saxlanmasını təmin edir.

İslahatlar nəticəsində Azərbaycanda artıq özəl bank sektoru yaranıbdır. Bu da bir neçə mərhələdən keçibdir. Məsələn, burada deyildi, - bir neçə il bundan öncə Azərbaycanda 210 özəl bank vardı. Ancaq indi 79 özəl bank var. Lakin bu 79 özəl bankın maliyyə kapitalı o 210 bankın olduğu dövrə nisbətən 4 dəfə artıbdır. Bu, çox yaxşı göstəricidir və tamamilə təbii prosesdir, amma eyni zamanda, özbaşına gedən proses deyildir. Bu proses Azərbaycanda makroiqtisadiyyatın təmin olunmasının, maliyyə-bank sistemində islahatların və ümumiyyətlə iqtisadi islahatların həyata keçirilməsinin nəticəsidir. Güman edirəm ki, bu proses davam edəcək, Azərbaycanda özəl bank strukturları kapital nöqteyi-nəzərindən, eləcə də bank fəaliyyəti, bank mədəniyyəti nöqteyi-nəzərindən daha da inkişaf edəcəkdir. Ola bilər, bu bankların sayı yenə də azalsın, çünki rəqabət gedir - güclü, bacarıqlı banklar şübhəsiz ki, o kiçik, yaxşı fəaliyyət göstərməyən bankları sıradan çıxaracaq və beləliklə, Azərbaycan get-gedə dünyanın inkişaf etmiş ölkələrinin bank sisteminin standartlarına gəlib çatacaqdır.

Ancaq bir də qeyd edirəm ki, bunlar Azərbaycan dövlətinin, hökumətinin apardığı iqtisadi siyasətin nəticəsidir. Bunlar göydən düşməyibdir. Bütün insanların həyatının, iqtisadiyyatın əsasını təşkil edən maliyyə sistemidir, pul sistemidir, valyuta sistemidir. Şübhəsiz ki, burada da birinci növbədə inflyasiyanın azca belə olması həmişə həm ölkənin iqtisadiyyatına, həm də insanların yaşayış səviyyəsinə təsir edir. Azərbaycan bu yollardan keçib gəlibdir. Azərbaycan öz milli valyutasını - manatını 1992-ci ildə dövriyyəyə buraxıbdır. Burada bizim bank rəhbərləri məlumat verdilər ki, 1992-ci ildə manat dövriyyəyə buraxılanda 1 dollar 15 manat, 1 manat 10 rus rublu olubdur. Belə bir vəziyyət var idi. Amma sonra sürətlə gedən inflyasiya Azərbaycanda 1993-94-cü illərdə 1 dolları 4.400 manata qədər qaldırdı, özü də qısa bir zamanda, bir il yarımın içərisində. Fikir verin, 1 dollar 15 manat idisə, qısa bir zamanda 1 dollar gəlib 4.400 manat oldu. Görün, bu, insanların həyat tərzinə, iqtisadiyyata nə qədər mənfi təsir göstərdi. Həm də bu proses sürətlə getdi və Azərbaycanın maliyyə sistemi çox bərbad vəziyyətə düşdü. Bunun nəticəsində 1994-cü ildə Azərbaycanda inflyasiya 1.800 faiz idi.

O vaxt bəzən düşünürdün ki, bu inflyasiyanın cəngindən Azərbaycan heç vaxt çıxa bilməyəcəkdir. Çünki vəziyyət çox ağır idi. Bəziləri hesab edirdilər ki, ümumiyyətlə ümidsizlikdir. Bəziləri də o vaxt bizi köhnə sistemdə qalmağa cəlb etmək istəyirdilər, iqtisadiyyatda liberallaşmanın, bazar iqtisadiyyatının həyata keçirilməsinə, xarici ticarətin liberallaşmasına mane olurdular. Beləliklə də Azərbaycanda özəl sektorun yaranmasına, biznesmenlərin, iş adamlarının iş görməsinə cürbəcür maneçiliklər törədilirdi.

1994-cü ilin iyul ayında mən Azərbaycanda maliyyə sisteminin tənzimlənməsi və maliyyə sabitliyinin təmin olunması haqqında prezident fərmanı verdim. Bu fərmanın və qəbul etdiyimiz başqa qərarların yerinə yetirilməsi nəticəsində qısa bir zamanda biz inflyasiyanı, bu gün cəsarətlə deyə bilərəm, boğduq, özü də elə boğduq ki, artıq neçə ildir inflyasiya Azərbaycanda özünü göstərə bilmir. Xatirimdədir, 1995-ci ildə inflyasiya 83 faiz idi, 1996-cı ildə gərək ki, 8 faiz idi, 1997-ci ildə, səhv etmirəmsə, ,4 faiz olmuşdur. İndi isə Azərbaycanda inflyasiya yoxdur.

Bilirsiniz, yenə də deyirəm, o terminlər, o anlayışlar, bu mövzular bəlkə də bizim geniş kütlə üçün hələ çox aydın bir şey deyildir. Ancaq güman edirəm ki, buraya toplaşanların əksəriyyəti maliyyə işçiləri, bank işçiləridir, sahibkarlardır, iş adamlarıdır. Onlar inflyasiyanın qısa bir müddətdə 1.800 faizdən sıfra endirilməsinin nə demək olduğunu başa düşürlər. Biz manatın dəyərini gündən-günə artırırıq və son iki ildə manatın dəyəri dollara nisbətən qalxıb və möhkəmlənibdir. Hətta son aylarda Şərqi Asiyada, Uzaq Şərqdə baş verən böyük maliyyə hadisələri, inflyasiya və yenə də son aylarda Rusiyada baş vermiş maliyyə böhranı, iqtisadi böhran Azərbaycana zərbə vura bilmədi.

Doğrudur, burada, Azərbaycanda indi özlərini müxalifət düşərgəsində aparan bəzi qüvvələr, qruplar, partiyalar, şəxslər o vaxt həvəslə əllərini-əllərinə vurub deyirdilər: "Aha, Rusiyada rublun qiyməti düşdü, Rusiyada inflyasiya oldu, bu gün-sabah Azərbaycanda da olacaqdır". Mən o adamlara deyirəm ki, bədbəxt adamlarsınız. Əgər siz bu ölkədə yaşayırsınızsa, əgər siz bu millətin oğlusunuzsa, əgər siz Azərbaycanın vətəndaşısınızsa, belə şeylər gəlib Azərbaycana da sirayət etsəydi, sizin maliyyə vəziyyətiniz yaxşımı olardı? Bəlkə də onlar yaxşı şəraitdə yaşayırlar. Çünki onlara qanunsuz pullar o qədər gəlir ki, onlar üçün fərqi yoxdur. Amma bu xalqı düşünmək lazımdır, vətəndaşları, insanları düşünmək lazımdır. Yox, bizim hörmətli opponentlərimiz, bilin, siz çox çalışdınız ki, Rusiyada olan hadisələr Azərbaycana da keçsin. Amma biz bunun qarşısını aldıq. Bu da avtomatik olmadı. Azərbaycanda aparılan ağıllı iqtisadi siyasət, maliyyə siyasəti və dünyada gedən prosesləri bizim ardıcıl izləməyimiz və vaxtında lazımi tədbirlər görməyimiz şübhəsiz ki, bizi belə hadisələrdən xilas edir və biz onların qarşısını ala bilirik.

Bəli, mən çox narahatam ki, Rusiyada belə hadisələr baş verir. Bu hadisələr Ukrayna, bizim Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrə də keçib. Ona görə narahatam ki, biz bu ölkələrlə, o cümlədən Rusiya ilə iqtisadi əlaqələr qururuq. Normal iqtisadi əlaqələr qurmaq üçün istəyirik ki, orada iqtisadi sabitlik, maliyyə sabitliyi olsun, inflyasiya olmasın, yaxud aşağı səviyyədə olsun. Biz həqiqi tərəfdaş kimi, həqiqi və sağlam əməkdaşlıq edən ölkə kimi bunu arzulayırıq. Ancaq bizdən bir şey asılı deyildir. Görünür, onlar buraxdıqları səhvlərin indi ağır nəticələri ilə rastlaşıblar, bir ilin içərisində üç dəfə hökumət dəyişdiriblər. Amma bizdə hökumətin dəyişdirilməsinə ehtiyac yoxdur. Çünki hökumət işləri normal aparır, hökumət düzgün iqtisadi siyasət aparır və bunların nəticəsində də Azərbaycanda makroiqtisadi sabitlik təmin olunubdur, Azərbaycanda inflyasiya pul dövriyyəsi normal səviyyədədir, Azərbaycanda inflyasiya yoxdur, Azərbaycanın milli valyutasının - manatın dəyəri möhkəmdir. Mən bu nailiyyətlər münasibətilə həm maliyyə işçilərini, həm bank işçilərini, həm də bütün iqtisadçıları təbrik edirəm.

Son illər Azərbaycan böyük problemlər yaşayıbdır. Bunların hamısı iqtisadiyyata böyük zərbələr vurubdur. Bəziləri götürüb müqayisə edirlər ki, 1990-cı ildə iqtisadiyyatın, yaxud sənayenin səviyyəsi belə idi, indi aşağı düşübdür. Əvvəla, mən o adamlara məsləhət görürəm ki, fikirləşsinlər - 1990-cı ildə Azərbaycanın həmin o yüksək iqtisadi səviyyəsini yaradanlar kim və dağıdanlar kimlər olubdur. Dağıdanlar sonra gəlib, bizim o vaxtlar əldə etdiyimiz yüksək rəqəmlərdən istifadə edib bizə qarşı ittiham irəli sürür, bizi tənqid edir, bizim haqqımızda ədalətsiz sözlər deyirlər. Bilirsiniz, siz o vaxt da, indi də bir iş görməmisiniz.

Bəli, mən bu gün iftixar hissi ilə deyirəm və o gün televiziya ilə də deyildi ki, 1992-ci ildə sovet hökumətindən o qədər əmlak, var-dövlət qaldığına görə vəziyyət yaxşı idi. Ondan sonra dağıtdılar. O var-dövləti, o əmlakı, o iqtisadiyyatı yaradan axı, siz olmamısınız, onu da biz yaratmışıq!

İftixar hissi ilə deyirəm ki, 70-80-ci illərdə, xüsusən 80-ci illərin birinci yarısında Azərbaycanda iqtisadiyyat yüksək sürətlə inkişaf edibdir, Azərbaycanda böyük iqtisadi potensial, sənaye potensialı, kənd təsərrüfatı potensialı, infrastruktur, nəqliyyat potensialı yaranıbdır və bunların nəticəsində insanların həyat tərzi yaxşılaşıbdır. Ona görə də bizim şəhərlər o illərdə tikilib böyüyübdür, Bakı inkişaf edibdir, Sumqayıt, Gəncə inkişaf edibdir, bütün kəndlər, qəsəbələr inkişaf edibdir. Ancaq Sovetlər İttifaqı dağıldığına görə və o dağılma vaxtı Azərbaycanın rəhbərliyi səhvlər buraxdığına görə və nəhayət, Azərbaycanda heç bir təcrübəsi, səriştəsi olmayan, iş bilməyən adamlar hakimiyyətə gəldiyinə görə həmin iqtisadi potensialın çox hissəsi dağıdılıbdır.

Ancaq biz iqtisadiyyatı o sistemlə apara bilmərik və aparmayacağıq. Mən o sistemdə o iqtisadiyyatı nəinki Azərbaycanda, həm də Sovetlər İttifaqı miqyasında inkişaf etdirən adamlardan biri olmuşam. Mən Sovetlər İttifaqı hökumətinin başında duran adamlardan biri olmuşam və beş il Kremldə o ölkənin iqtisadiyyatı ilə məşğul olmuşam. Mən həmin iqtisadiyyatın o vaxtlar verdiyi müsbət nəticələri də, onu da bilirəm ki, artıq o iqtisadiyyat tarixdə qalmışdır. Biz yeni iqtisadiyyat qururuq və o iqtisadiyyat sistemindən, o maliyyə sistemindən yeni iqtisadi sistemə, yeni maliyyə sisteminə keçmək üçün ağıllı hərəkətlər etmək lazımdır.

Təəssüflər olsun ki, 1991-ci, 1992-ci və 1993-cü illərdə belə ağıllı hərəkətlər edilməyibdir, ağıllı qərarlar qəbul olunmayıbdır, özbaşınalıq olubdur və bunun nəticəsində də 1994-cü ildə biz belə ağır bir vəziyyətlə qarşılaşdıq. Ona görə də o illərdə Azərbaycanda iqtisadiyyat ilbəil tənəzzülə uğrayırdı, sənaye, kənd təsərrüfatı istehsalı, ümumi daxili məhsul istehsalı ildə 20-25 faiz aşağı düşürdü. Bu, əlbəttə ki, çox acınacaqlı vəziyyət idi. Mən xatırladıram, 70-80-ci illərdə Azərbaycanda sənaye istehsalı ildə 8-9 faiz artır, milli gəlir ildə 7-8 faiz inkişaf edirdi, adambaşına düşən milli gəlir ilbəil yüksəlirdi. Bəli, o sistemin imkanlarından biz Azərbaycanda səmərəli istifadə edə bilirdik və inkişafı da təmin edirdik.

Ancaq o sistem arxada qaldı, yeni sistemi isə yaratmadılar və bu arada, şübhəsiz ki, iqtisadi tənəzzül ilbəil dərinləşdi. Biz bu tənəzzülün qarşısını aldıq. Bəli, 1991-ci ildə də, 1992-ci ildə də, 1993-cü ildə də, 1994-cü ildə də, hətta 1995-ci ildə də biz tənəzzüldə idik - həm sənaye istehsalı, həm kənd təsərrüfatı istehsalı, həm də ümumi daxili məhsul istehsalı tənəzzüldə idi. Amma 1995-ci ildə biz tənəzzülü dayandırdıq. Ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz artdı, 1998-ci ilin doqquz ayında artım 9 faizdir.

Əziz dostlar, əziz həmvətənlər, bilin ki, bunlar asan məsələ deyildir. Bəlkə bu faizlər Azərbaycan vətəndaşlarının bir çox hissəsində hiss olunmur, onlar bunu öz həyatında, necə deyərlər, öz gündəlik tələbatını ödəmək üçün hiss etmirlər. Amma Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün bunlar çox ciddi addımlardır. Beləliklə də biz irəliləyirik, dövlət quruculuğu prosesi ilə yanaşı, iqtisadi quruculuq fəaliyyəti də aparırıq. Biz makroiqtisadi sabitliyə nail olmuşuq, Azərbaycanda iqtisadi-ictimai sabitliyi təmin etmişik, Azərbaycanda olmuş özbaşınalığı, hərc-mərcliyi, qanunsuzluğu, dərəbəyliyi aradan qaldırdıq, ictimai-siyasi vəziyyəti sabitləşdirdik və Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitləşməsi, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi Azərbaycana xarici sərmayənin gəlməsi üçün şərtdir.

Ancaq bununla yanaşı və bunun vasitəsilə biz Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində makroiqtisadi sabitliyi təmin etmişik və iqtisadi quruculuq prosesini həyata keçiririk. Bunların hamısı həm iqtisadiyyatda, həm maliyyə sistemində, həm də bank sistemində aparılan islahatların nəticəsində əldə olunmuşdur. Baxın, Azərbaycanda 1994-cü ildə cəmi 2 milyon dollar həcmində valyuta ehtiyatımız vardı. Bu, dəhşətli bir vəziyyət idi. İndi isə bizim valyuta ehtiyatımız yarım milyard dollardan artıqdır və o da dünyanın etibarlı banklarındadır.

Biz 1994-cü ilin sentyabr ayında dünyanın böyük neft şirkətləri ilə ilk müqavilə imzaladıq. Şübhəsiz ki, bu müqaviləni imzalayarkən Azərbaycana bonuslar gəlməli idi. Amma aydın oldu ki, biz müqaviləni imzalamazdan əvvəl, 1992-ci ildə hakimiyyətdə olan Xalq Cəbhəsi müqaviləni hələ hazırlamadan, hələ imzalamadan, hələ ortada bir şey olmadan xarici neft şirkətlərindən 80 milyon dollar bonus alıblar və onu da tamamilə dağıtmışlar, bir özəl banka vermişlər. Dağıdılan dağıdılıb, onun 2 milyonu həmin özəl bankdan indiyədək qayıda bilmir. O özəl bankın müdiri də qaçıb gedibdir. Biz bax, belə bir vəziyyətlə rastlaşdıq.

Ancaq bu gün deyildi, - 1994-cü ildə imzalanan müqavilələrdən gələn bonusların hamısı Azərbaycanın valyuta ehtiyatlarındadır. Onların hamısı saxlanılır və onlardan Azərbaycanın bu günü üçün, ən çox da gələcəyi üçün istifadə ediləcəkdir. Bunlar nəyə görə mümkündür? Çünki biz öz iqtisadiyyatımızda, öz maliyyəmizdə elə dəyişikliklər etmişik ki, bizə gələn bonuslar ehtiyata gedibdir, əldə etdiyimiz qazancların bir hissəsi ehtiyata gedibdir, bizə verilən güzəştli kreditlərin bir hissəsi ehtiyata gedibdir. Məhz buna görə də qısa bir müddətdə cəmi üç il ərzində biz Azərbaycanın valyuta ehtiyatını 2 milyon dollardan yarım milyard dollara çatdıra bilmişik.

Azərbaycanda pul dövriyyəsi də çox maraqlıdır. Onun incəlikləri ancaq maliyyəçilərə məlumdur. Bunu adi vətəndaşlar bəlkə də bilmirlər. Məsələn, 1994-cü ildə dövriyyəyə buraxılan manatın 60 faizi geri qayıtmırdı. Buna görə də emissiya vardı və bu, məcburi idi. Amma indi mənə verilən məlumata görə, dövriyyəyə buraxılan manatın cəmi 5-6 faizi geri qayıtmır. Bu, tamamilə təbii haldır. Görürsünüz, biz maliyyə, bank sistemində nə qədər dəyişikliklər edə bilmişik. Bütün bunlar bir tərəfdən, digər tərəfdən isə dünya iqtisadiyyatı ilə, dünyanın aparıcı şirkətləri ilə əlaqələrimiz Azərbaycana kapital qoyuluşunu artırıbdır.

Biz 1994-cü ildə ilk müqaviləni imzaladıq. İndi artıq 14 müqavilə imzalanıbdır və bunlar həyata keçirilir. Onların həyata keçirilməsi ilə əlaqədar və bütün başqa şirkətlərin Azərbaycana kapital qoyuluşu ilə əlaqədar ölkəmizə artıq bu il 1 milyard 600 milyon dollar həcmində sərmayə qoyulub, xarici investisiya gəlibdir. Bu investisiyanın bir hissəsi şübhəsiz ki, Azərbaycanda gedən quruculuq işlərinə sərf edilibdir. Bir müddət bundan öncə Xəzər dənizinin dərinliklərində olan neft-qaz yataqlarına quyular qazmaq üçün biz keçmişdə istifadə etdiyimiz "Şelf-5" qazma qurğusunun bərpasını qurtarıb onu istifadəyə verdik. Biz ona "İstiqlal" adı verdik. O qurğunun bərpasına, modernləşdirilməsinə 200 milyon dollar xərclənibdir. 200 milyon dollar! Bu qurğu artıq Azərbaycanın əmlakıdır. Bu, Azərbaycanın əsaslı fondudur.

Mən bu günlər rayonlarda oluram və gecə gec qayıdıram. Cənub tərəfdən şəhərə girərkən iki gözəl mənzərəni görürəm. Məsləhət görürəm, imkanı olanlar gedib ona baxsınlar. İndi hətta üçünü görürəm. Biri Şıx tərəfdən gələndə Bibiheybət məscididir. Onu biz qurub-yaratmışıq. İkincisi isə həmin "İstiqlal" qazma qurğusudur. O, elə təsəvvür yaradır ki, sanki böyük bir sarayın qülləsidir. Budur, biz Azərbaycan üçün 200 milyon dollar məbləğində yeni bir sərvət əldə etmişik. Onun durduğu yerin yaxınlığındakı gəmi təmiri zavodunun əsaslı təmirinə 12 milyon dollar qoyulubdur. İndi mən vaxt alıb qalan şeyləri demək istəmirəm. Sadəcə olaraq onu göstərmək istəyirəm ki, gələn sərmayədən necə istifadə edilir.

Hazırda Azərbaycanda 1300 xarici şirkət fəaliyyət göstərir, 20 mindən artıq Azərbaycan vətəndaşı bu xarici şirkətlərdə işləyir, yüksək məvacib alır. Bu, Azərbaycanda iqtisadiyyatın sərbəstləşdirilməsi, qapılarımızın xarici ölkələr üçün açılması və beləliklə də Azərbaycan iqtisadiyyatının inkişaf etməsi deməkdir. Bunların hamısı apardığımız iqtisadi siyasətin konkret nəticələridir, konkret bəhrələridir.

Beləliklə, biz Azərbaycanda bazar iqtisadiyyatını, sərbəst iqtisadiyyatı həyata keçiririk. Sərbəst iqtisadiyyatın inkişaf etməsi üçün bütün qanunlar, bütün fərmanlar verilib və sizi əmin edirəm ki, bundan sonra da veriləcəkdir. Azərbaycanın iqtisadi mənzərəsinin əsas hissəsi bir də ondan ibarətdir ki, Azərbaycanda sahibkarlar təbəqəsi yaranıbdır, Azərbaycanın milli sahibkarlar dəstəsi, iş adamları yaranıbdır. Onlar sərbəst iş görürlər. Onlar sərmayə qoyurlar. Onlar yeni-yeni iş yerləri açırlar. Onlar sərbəst ticarət aparırlar.

Mən bu gün fürsətdən istifadə edib bütün Azərbaycan sahibkarlarına, iş adamlarına və xaricdən gəlib Azərbaycanda iş görən adamlara bəyan edirəm ki, Azərbaycanda sahibkarlığın daha yaxşı fəaliyyəti üçün bizdə bundan sonra da imkanlar yaranacaqdır. Mən Azərbaycan prezidenti kimi ölkəmizi bazar iqtisadiyyatı yolu ilə apararaq, eyni zamanda sahibkarlığın inkişaf etməsini, özəl sektorun yaranmasını və inkişaf etməsini əsas şərtlərdən biri hesab edirəm və özəl sektordakı bütün sahibkarlara, iş adamlarına, Azərbaycana xidmət etmək istəyən xarici və daxili şirkətlərin hamısına imkan yaradacağam və onlara bu işlərdə uğurlar arzulayıram.

Məlumdur ki, sahibkarlığın inkişaf etdirilməsi üçün etibarlı maliyyə sistemi, etibarlı banklar və xüsusən özəl banklar olmalıdır. Artıq bu barədə deyildi. Güman edirəm ki, bu işlər bundan sonra daha da inkişaf edəcəkdir. Ancaq mən bütün iş adamlarına, Azərbaycanda cürbəcür sahələrdə maliyyə vəsaitinə malik olan bütün adamlara məsləhət verirəm ki, heç bir şeydən çəkinməsinlər, heç bir şeydən qorxmasınlar. İndi Azərbaycanda banklar etibarlıdır və kommersiya bankları, özəl banklar artıb, öz yerlərini möhkəm tutublar. Azərbaycan Beynəlxalq Bankı yaxşı fəaliyyət göstərir və dünya bankları tərəfindən tanınıbdır. Azərbaycan Milli Bankı da öz işindəki bəzi nöqsanları aradan qaldırır və qaldıracaqdır, yaxşı fəaliyyət göstərəcəkdir. Ona görə də siz Azərbaycanın banklarından istifadə edin, valyutanızı, vəsaitinizi aparıb xarici banklarda saxlamayın. Mən əvvəlcədən deyirəm, heç kəs qorxmasın, heç kəs çəkinməsin. Kim Azərbaycanın banklarından, özəl banklarından, istədikləri banklardan istifadə edəcəksə, onların vəsaitinin, valyutasının, pullarının toxunulmazlığı təmin olunacaqdır.

Mən bu gün burada Azərbaycanın hüquq-mühafizə orqanlarına deyirəm, bunu bir neçə dəfə də demişəm, amma indi sizin yanınızda deyirəm: Özəl sektorun inkişafına mane olmayın, cürbəcür lazımsız yoxlamaları aradan götürün, insanlara sərbəstlik verin. Qoy insanlar sərbəst yaşasınlar, sərbəst inkişaf etsinlər. Azərbaycanda sahibkarlıq inkişaf edəndən sonra hər şey öz yerini tutacaqdır. Mən bu sözləri ona görə deyirəm ki, mənə çox siqnallar gəlir ki, Azərbaycanda hüquq-mühafizə orqanları sahibkarlara bəzən mane olurlar, onları incidirlər, bəziləri onlardan rüşvət alırlar və rüşvət aldıqlarına görə bir şey etmirlər. Beləliklə, həm xaricdən gələn şirkət nümayəndələri, həm də Azərbaycanın daxilində olanlar bu cür çətinliklərlə rastlaşaraq öz fəaliyyətlərini lazımi səviyyədə apara bilmirlər. Mən bunu bütün Azərbaycana bəyan edirəm. Mən belə halların hamısını pisləyirəm. Belə hallar kim tərəfindən edilirsə, Azərbaycanın bugünkü dövlət siyasətinin əleyhinə olan hallardır, bizim siyasətimizə zidd olan hallardır. Mən tələb edirəm ki, belə hallar aradan götürülsün, Azərbaycanda sahibkarlığın inkişafı üçün bütün imkanlar yaradılsın.

Keçmişdə belə idi ki, iş adamı bəzən gizli iqtisadiyyatla məşğul olurdu, onun öz çevrəsində bəzən hörməti olurdu, amma ictimaiyyətdə hörməti olmurdu. İndi dünya tamam başqa bir dünyadır, biz də tamam başqa bir ölkədə yaşayırıq, yəni ictimai-siyasi nöqteyi-nəzərdən, iqtisadi nöqteyi-nəzərdən. Sağlam iş görən hər bir iş adamı, sağlam iş görən hər bir özəl təşkilat, özəl şirkət hörmətə malikdir və biz onların fəaliyyət göstərməsi üçün, inkişaf etməsi üçün əlimizdən gələn köməyi etməliyik.

Əziz dostlar, biz son üç ildə ikinci dəfədir ki, müstəqil Azərbaycanda bank binası açırıq. Biz üç il bundan öncə Beynəlxalq Bankın binasının açılışında olduq və Beynəlxalq Bank, dediyim kimi, yaxşı fəaliyyətdədir. İndi də Milli Bankın yeni binasının açılışında iştirak edirik. Güman edirəm ki, özəl banklar da özü üçün müvafiq binalar yaradacaqlar və bunların hamısı Azərbaycanın inkişafı deməkdir, Bakının inkişafı və gözəlləşməsi deməkdir.

Mən ancaq bir şeydən narazıyam və bunu deməsəm, şübhəsiz, səmimi olmaram: Bu bankı gərək burada, bu yerdə tikməyəydilər. Mən bunu biləndən sonra çox etiraz etdim. Çünki bu, Bakının memarlıq, şəhər quruculuğu sistemini pozur və hesab edirəm ki, Bakı şəhərinin baş planının pozulması deməkdir. Çünki mən 70-ci illərin əvvəllərindən Azərbaycana başçılıq edərkən Azərbaycanın hər yeri mənim üçün əziz, doğma idi. Bakını həddindən artıq sevdiyimə görə paytaxtın inkişaf etməsinə və memarlıq nöqteyi-nəzərindən düzgün inkişaf etməsinə həmişə çox ciddi diqqət yetirmişəm. Biz 70-ci illərdə Bakının baş planını bir neçə dəfə müzakirə və təsdiq etmişdik. Zaman keçib, çox şey dəyişib, amma şəhər tikintisi o qədər də dəyişilə bilməz.

Məsələn, xatirimdədir, burada, o öndəki Respublika sarayını biz 1970-ci ildə tikdik. İndi onun önündə, bax, burada hovuzlar var, gül-çiçək var, ağaclar var. O vaxt isə onun önündə birmərtəbəli binalar yerləşirdi və orada da müxtəlif insanlar ya yaşayır, ya da işləyirdilər. Bu, şəhərin bütün mənzərəsini pozurdu. Biz qısa bir müddətdə o binaların hamısını oradan dağıtdıq, orada yaşayan adamlara başqa yerlərdə mənzil verdik və burada Bakının gözəl bir guşəsini yaratdıq.

Burada bizim Musiqi akademiyamız və onun önündə dahi Üzeyir Hacıbəyovun heykəli, orada əzəmətli Respublika sarayı ucalır. O vaxtkı planımız belə idi: Buradakı binalar da götürülür, Sabunçu vağzalının qarşısında olan meydan, Cəfər Cabbarlının heykəlini qoyduğumuz meydan bura ilə birləşir və bura geniş bir istirahət zonasına çevrilir. Bəli, həmin o Respublika sarayının da yaradılmasının təşəbbüskarı mən olmuşam. Sabunçu vağzalının yanındakı meydanın yenidən qurulmasının da, metro stansiyasının yaradılmasının da təşəbbüskarı mən olmuşam, orada Cəfər Cabbarlının heykəlinin qoyulmasının da təşəbbüskarı mən olmuşam və burada belə bir istirahət zonasının yaradılmasının da təşəbbüskarı mən olmuşam. Şübhəsiz ki, şəhərin Baş Memarlıq İdarəsi ilə birlikdə onların təklifləri və mənim bu barədə fikirlərimin hamısı cəm olubdur.

Belə bir halda bu binanın burada ucaldılması bizim o vaxtkı planımızı pozub. İş onda deyil ki, şəhərin baş planını pozub, iş ondadır ki, bu gözəl mənzərə pozulubdur. Doğrudur, bu bina da şəhərə gözəllik verir. Ancaq mənim xatirimdədir, o vaxt məsələni mənimlə razılaşdıranda bu binanın Tbilisi prospektində tikilməsi nəzərdə tutulmuşdu. Sonra isə şəhərin baş memarı səhv buraxıb və bu binanın burada tikilməsinə razılıq veribdir. Mən bunu sonra bildim və şəhərin baş memarına çox ciddi xəbərdarlıq etdim. Mən hesab edirəm ki, başqa yaxşı işlərinə baxmayaraq, hətta cəzalandırılmalıdır. Amma olan-olub, keçən-keçib. Mən indi içimdə olan dərdimi sizə deməsəydim özümü rahat hiss etməzdim.

Mənim dediyim bu sözlər bankın binasının əleyhinə olan bir şey deyildir. Mənim dediyim bu sözlər Bakı şəhərinə, onun memarlıq quruluşuna, gözəlliyinə olan hədsiz məhəbbətimdən irəli gəlir. Mən bu məhəbbətlə yaşayıram və axıra qədər də bu məhəbbətlə yaşayacağam.

Ancaq bunlara baxmayaraq, mən Bakıda yeni bir böyük, gözəl binanın yaranmasını əlamətdar hadisə hesab edirəm, bunu Bakının daha da zənginləşməsi kimi qəbul edirəm və bu münasibətlə Bakının sakinlərini, Azərbaycanın bank, maliyyə işçilərini ürəkdən təbrik edirəm.

Hörmətli xanımlar və cənablar, mən sizin hamınıza və sizin simanızda Azərbaycan vətəndaşlarına, Bakının sakinlərinə cansağlığı arzu edirəm, Azərbaycan xalqına sülh, əmin-amanlıq arzu edirəm, sizin hər birinizə işlərinizdə uğurlar arzu edirəm.

İndi isə mənim üzərimə düşən vəzifəni yerinə yetirməyə başlayıram, yəni Azərbaycan Milli Bankının yeni binasının açılışına başlayırıq.
 
"Azərbaycan" qəzeti, 7 oktyabr 1998-ci il.
 

 

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf