Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan jurnalistləri ilə müsahibəsi - 7 aprel 1999-cu il


Sual: Cənab Prezident, Siz Qərb istiqamətində neft kəmərinin inşasının başa çatdırılmasına nə kimi əhəmiyyət verirsiniz?

Cavab: Bakı-Supsa neft kəmərinin inşası istər Azərbaycan, istərsə də Gürcüstan üçün və Xəzər dənizinin Azərbaycan sektorunda bizimlə birlikdə neft çıxaran şirkətlər üçün böyük hadisədir.

Azərbaycan qədim neft diyarıdır. Onun torpaqlarının təkindən artıq bir milyard ton neft çıxarılmışdır. Lakin Azərbaycanda quruda və dənizdə hələ çoxlu neft və qaz var. Son 50 ildə mütəxəssislər, geoloqlar, neftçilər Xəzərin nəzəri ehtiyatlarını fəal surətdə müəyyənləşdirirlər.

Biz Xəzərin təkindən neft çıxarmağa hələ 1949-cu ildə başlamışıq. Dənizin dibindən neft çıxarılması işində biz dünyada birinci olmuşuq. Bu müddət ərzində dənizdə neft hasilatı sahəsində dünya praktikası çox irəliləmişdir və biz bu üsulla neft çıxarılmasının indi əslində ikinci mərhələsindəyik.

1994-cü ilin sentyabrında biz 11 ən iri neft şirkətinin daxil olduğu konsorsiumla müqavilə imzaladıq. Bu müqavilə "Əsrin müqaviləsi" adlandırılmışdır. Bu, həqiqətən belədir. Biz Xəzər dənizindən neft hasilatı sahəsində irimiqyaslı işlərin bünövrəsini qoymuşuq.

Həqiqətən də, böyük neftin hasilatından söhbət gedir. Müqaviləyə görə, üç yataqda ("Azəri", "Çıraq" və "Günəşli") neft ehtiyatları 510 milyon ton miqdarında müəyyən edilmişdi. Təxminən yarım ildən sonra, ilk quyuların sınaqlarından sonra isə ehtiyatları yenidən müəyyənləşdirməyə imkan yarandı: məlum oldu ki, ehtiyatlar 630 milyon tondur!

Lakin bu, yalnız ilk müjdə idi. İndi biz artıq 15 müqavilə imzalamışıq.

Təsəvvür edin, Xəzər dənizinin Azərbaycan sektorundan nə qədər neft çıxarmaq olar: elə neft yataqları var ki, onların işlənilməsinə hələ başlanmayıbdır. Bir çox xarici şirkətlər bizə yataqların birgə işlənilməsi barədə təkliflə müraciət edirlər. Yəqin ki, ayın sonunda biz Amerikanın daha iki iri şirkəti ilə müqavilələr imzalayacağıq.

1994-cü ildə biz müqavilə imzalayan kimi, dərhal neft kəmərləri barədə də düşünməyə başladıq. Əsas magistral kimi Bakı-Ceyhan neft kəməri çəkmək ideyası yarandı. Biz bu ideyanı araşdırmaqla yanaşı, Bakı-Novorossiysk xəttinin inşasına başladıq. Sonra belə qərara gəldik ki, alternativ marşrut gərəkdir. Bakı-Supsa magistralının tikintisinin zəruriliyi belə yarandı. Hərçənd ki, bu magistral ilk müqavilədə nəzərdə tutulmurdu.

Təbii ki, bu məsələnin həlli zamanı biz böyük maneələrlə qarşılaşdıq. Çünki, burada dünyanın bir çox ölkələrinin maraqları cəmləşirdi, müxtəlif təzyiqlər də var idi. Lakin biz öz sözümüzü dedik və qərar qəbul etdik, hərçənd, təkrar edirəm, ilk layihədə Bakı-Supsa neft kəmərinin inşası və çox böyük məbləğdə müvafiq sərmayələr nəzərdə tutulmamışdı. Üstəlik, müxtəlif ölkələrin qəzetlərində mənfi rəylər, hətta hədə-qorxular olan məqalələr dərc edilirdi.

Sonra Bakı-Supsa neft kəməri inşasının dəyəri 275 milyon dollar artdı və 590 milyon dollar oldu. Lakin bizi bu da dayandırmadı, biz tikintini davam etdirdik. Mütəxəssislərin dedikləri kimi, neft kəməri keyfiyyətlə, çox yüksək texniki səviyyədə çəkilmişdir. Azərbaycan, Gürcüstan mütəxəssisləri, mühəndislər, əcnəbi mütəxəssislər böyük birgə iş görmüşlər.

Budur, vaxt gəlib çatmışdır və biz neft kəmərinin açılışını, Supsa terminalından tankerə ilk neftin vurulmasını birlikdə bayram edirik.

Bu, böyük hadisədir.

Şübhəsiz ki, Bakı-Supsa neft kəmərinin Gürcüstan və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyəti var. Biz bu yeni marşrutla Xəzər neftini təmiz halda dünya bazarına ilk dəfə çıxaracağıq. Bu, yalnız başlanğıcdır. Bakı-Supsa xəttinin yanından keçəcək əsas marşrutun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası üçün yaxşı başlanğıcdır.

Dostluq və qardaşlıq ənənələrinə sadiqliyi qoruyub saxlayan Gürcüstan və Azərbaycan bu gün müstəqil dövlətlər kimi sıx əməkdaşlıq edirlər. Mən buna böyük əhəmiyyət verirəm və ümidvaram ki, bu, Gürcüstana da, Azərbaycana da böyük fayda gətirəcəkdir.

Bir sözlə, biz böyük hadisələrin astanasındayıq.

Sual: Cənab Prezident, müəllifi özü olduğu ideya reallaşarkən insan hansı hisslər keçirir?

Cavab: Əgər Siz məni nəzərdə tutursunuzsa, deyə bilərəm: böyük məmnunluq duyuram. 1994-cü ildə biz müqaviləni imzalayandan sonra Azərbaycanı böyük təhlükə gözləyirdi. Bizi qorxutmaq, əsrin layihəsinin həyata keçirilməsinə mane olmaq üçün hər şey edilirdi.

Biz bu maneəni dəf edib, 1997-ci ildə neft çıxarmağa başlayanda da çoxlu məkrli məqalələr yazıldı, şayiələr yayıldı ki, neft azdır, böyük neft olmayacaq və s. Biz Bakı-Novorossiysk boru kəmərinə neft vurmağa və Bakı-Supsa neft kəməri barədə düşünməyə başlayanda da çox çətinlikləri dəf etməli olduq. Bu gün biz öz məqsədimizə çatmışıq, mən bundan məmnunluq duyur, bununla fəxr edirəm.

Sual: Cənab Əliyev, Gürcüstan bilir ki, Bakı-Supsa neft kəməri Sizin zəhmətinizin və səylərinizin nəticəsidir, buna görə biz Sizə minnətdarıq. Magistralın iqtisadi mənfəəti dollarla ifadə ediləcək, bəs onun siyasi faydası nə olacaq? Demək olarmı ki, Qərb neft kəməri "dinc Qafqaz" ideyasının - Gürcüstan prezidenti Eduard Şevardnadze ilə birlikdə müəlliflərindən birinin Siz olduğunuz ideyanın həyata keçirilməsinə töhfə verəcəkdir?

Cavab: Siyasi nəticələr iqtisadi nəticələrdən heç də az olmayacaqdır. Ən əvvəl, Qərb neft kəməri bütün dünyaya göstərəcək ki, müstəqil dövlətlər kimi Azərbaycan və Gürcüstan, heç nəyə baxmayaraq, öz problemlərini müstəqil həll edir və öz məqsədlərinə çatırlar. Bu, çox böyük siyasi əhəmiyyət kəsb edir, imkanları nümayiş etdirir və bunu təsdiqləyir ki, hərbi münaqişələrlə əlaqədar Azərbaycanda və Gürcüstanda, bütövlükdə Qafqazda vəziyyətin ağır olmasına baxmayaraq, biz müstəqil ölkələrik, yaşayıb yaradırıq, uğurlar qazanırıq, planlarımızı həyata keçiririk. Bu, ən başlıcasıdır! İqtisadi səmərə isə, əlbəttə, olacaq və onu hamı hiss edəcəkdir.

Sual: Siz Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin gələcəyini necə təsəvvür edirsiniz? Onun həyata keçirilməsinin ləngiyə biləcəyi barədə çox danışırlar. Tikintisi haqqında ötən ilin oktyabrında Ankarada, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistanın bəyannamə imzaladıqları bu marşrut həyata keçiriləcəkmi?

Cavab: Bu, layihə ümumən istər dünya birliyində, istərsə də ayrı-ayrı ölkələrdə mübahisələr doğurur. Elə "Əsrin layihəsi"ni götürək. Nə qədər mübahisələr və maneələr oldu! Amma biz bu layihəni imzalayan kimi onu dərhal "Əsrin müqaviləsi" adlandırmağa başladılar. Ona bu adı biz vermədik, dünyanın iri dövlətləri, o cümlədən ABŞ belə adlandırdı. Onlar bu müqavilənin əhəmiyyətini belə qiymətləndirdilər. Halbuki lap əvvəldən çoxları elə düşünürdü ki, o, həyata keçirilə bilməz. Ancaq biz sübut etdik ki, bu, real layihədir.

İndi Bakı-Tbilisi-Ceyhan magistralının növbəsi gəlib çatmışdır. Bizi çox maneələr gözləyir. Bəziləri düşünür ki, bu magistral məqsədəuyğun deyildir, digərlərinin fikrincə, ona ehtiyac yoxdur, üçüncülər isə ümumiyyətlə hədə-qorxu gəlirlər. Amma mən inanıram ki, bu layihə də həyata keçiriləcək, çünki təkcə Azərbaycan sektorundakı olduqca böyük neft ehtiyatlarını mən hələ Qazaxıstan və Türkmənistanın ehtiyatlarını demirəm, - Bakı-Supsa və Bakı- Novorossiysk boru kəmərləri ilə nəql etmək çox çətin olacaqdır. Neftin həcmi buna imkan verməyəcəkdir.

Ona görə də Bakı-Tbilisi -Ceyhan real layihədir və mütləq həyata keçiriləcəkdir.

Sual: Cənab Prezident, Siz "Əsrin müqaviləsi"nin həyata keçirilməsi prosesində olmuş hədələri, qorxutmaq cəhdlərini xatırlatdınız. Siz hesab etmirsinizmi ki, istər Azərbaycanda, istərsə də Gürcüstanda kifayət qədər olmuş terror aktları, təxribatlar hansı şəkildəsə neft kəmərinin inşasına qarşı yönəldilmişdi?

Cavab: Mən bu fikri həqiqətə uyğun sayıram. Biz "Əsrin müqaviləsi"ni imzalayan kimi dərhal mənə qarşı terror etməyə cəhd göstərdilər. 1995-ci ilin martında dövlət çevrilişi cəhdi oldu, elə həmin ilin yayında isə Azərbaycan Prezidentinin təyyarəsini istilik paketi ilə vurmağa cəhd göstərdilər. Azərbaycan Milli Məclisi sədrinin müavinini öldürdülər. Başqa terror aktları da oldu, bunlar ölkəyə böyük ziyan vurdu.

Mən Azərbaycan Prezidentinə qarşı terror tədbirləri barədə danışdım. Gürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı törədilən terror tədbirləri barədə də bizim məlumatımız vardır. Bunlar əsasən bizim- həm Azərbaycan, həm də Gürcüstan prezidentlərinin apardıqları cəsarətli, müstəqil siyasəti gözü götürməyənlərin əməlləridir. Amma biz yolumuzdan, siyasətimizdən dönməyəcəyik. Bu siyasətin miqyası genişdir. Burada bizim neft siyasətimiz müstəsna yer tutur. Azərbaycan Prezidentinin hazırlayıb həyata keçirdiyi Azərbaycan neft strategiyası möhtəşəm hadisədir və bir sıra ölkələrin müəyyən qüvvələrinin mənafeyinə toxunur. Buna görə də bizim real hərəkətlərimiz qarşısında aciz olan adamlar terror tədbirləri, dövlət çevrilişi cəhdləri kimi qeyri-insani vasitələrə əl atırlar.

Sözümün sonunda fürsətdən istifadə edib gürcü xalqına, Gürcüstanın bütün sakinlərinə salamımı və ən xoş arzularımı göndərirəm. Mən gürcü xalqını Bakı-Supsa neft kəmərinin açılışı bayramı münasibətilə təbrik etmək istəyirəm. Xahiş edirəm Gürcüstan prezidenti, mənim dostum Eduard Şevardnadzeyə atəşin salamımı və ən xoş arzularımı yetirin. Ona böyük dövlət fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Bu hadisə Azərbaycan və gürcü xalqlarının sarsılmaz dostluğunun daha bir təsdiqidir.

"Azərbaycan" qəzeti, 8 aprel 1999-cu il.

Ümumi tarixi arayış

Azərbaycan - Gürcüstan münasibətləri

Tarixi arayış