Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vakfının nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 17 fevral 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, dostlar! Siz Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz.

Mən "Mərmərə qrupu"nun böyük tərkibdə nümayəndə heyətini Azərbaycanda görməkdən çox məmnunam. Keçən ilin oktyabr ayında sizin dəvətinizlə İstanbulda mən "Mərmərə qrupu"nun toplantısına gəldim. İlk dəfə sizinlə orada tanış oldum. Çox maraqlı söhbətimiz, danışıqlarımız oldu və beləliklə, "Mərmərə qrupu" ilə Azərbaycan arasında, Azərbaycanın prezidenti arasında gözəl bir ittifaq yarandı. Mən bundan çox məmnunam. Ümumiyyətlə, "Mərmərə qrupu" ilə mənim, o cümlədən Azərbaycanın belə yaxından tanış olmasından çox məmnunam və hesab edirəm ki, bizim son zamanlar yaranmış bu əməkdaşlığımız həm "Mərmərə qrupu" üçün, həm də Azərbaycan üçün uğurlu və faydalı olacaqdır. Mən sizi ürəkdən salamlayıram və ümidvaram ki, Azərbaycanın paytaxtı Bakı ilə ilk tanışlığınız sizə yaxşı təsir bağışlayıbdır. Hər halda, ancaq mən belə düşünürəm. Mən sizi dinləməyə hazıram. Mənim əmrim və tapşırığımla Azərbaycanın ticarət naziri sizinlə bərabər olubdur. Onun mənə verdiyi məlumata görə, sizin burada bizim nazirliklərdə, şirkətlərdə bir çox görüşləriniz olubdur. Güman edirəm, hələ bu gün də görüşləri davam etdirə biləcəksiniz. Arzu edirəm ki, bu səfəriniz sizin üçün də bizim üçün də yaxşı nəticələrə səbəb olsun. Mən sizi bir daha salamlayıram.

Akkan Suver ("Mərmərə qrupu" Strateji və Sosial Araşdırmalar Vakfının baş direktoru): Çox hörmətli prezidentimiz! Əziz şərəf başqanımız!

Bizi qəbul etməyinizdən çox şərəf duyuruq və sevincimizin həddi-hüdudu yoxdur. Ötən il oktyabr ayının 30-da Siz bizi İstanbulda ziyarət edərək şərəfləndirmisiniz. Həmin gün söylədiyiniz möhtəşəm nitqinizdə bizimlə bərabər olmağınızı izhar etmişdiniz. Bunlara görə Sizə minnətdarıq. "Mərmərə qrupu" Sizin yüksək fəaliyyətinizi, böyüklüyünüzü və xidmətlərinizi qiymətləndirərək heyətimizin toplantısında zati-alilərinizi qrupumuzun şərəf başqanı - fəxri sədri seçmişdir. Ölkəmizdə Azərbaycan və Türkiyə əlaqələrində yeni bir dövrün, yeni bir inkişafın başlanğıcına inam vardır. Onu da söyləməliyəm ki, Türkiyə Cümhuriyyətinin başçısı Süleyman Dəmirəl də Sizin şərəf başqanlığına layiq görülməyinizdən böyük sevinc hissi duymuşdur. Cənab prezident, icazə verin Türkiyə prezidenti Süleyman Dəmirəlin şəxsi məktubunu, "Mərmərə qrupu" Strateji və Sosial Araşdırmalar Vakfının "Şərəf başqanlığı"nın sənədini, plaketini, vakfın qızıl döş nişanını və qalstuk sancağını Sizə təqdim edim. Cənab prezident, ayrıca olaraq Sizə bir hədiyyəmiz də vardır. Ötən ilin oktyabrında İstanbulda bizimlə görüşdə söylədiyiniz nitqin mətnini türkcə və azərbaycanca kitab şəklində çap etmişik. İcazənizlə, mən həmin kitabı böyük məmnuniyyətlə Sizə təqdim edirəm. Türkiyə ilə Azərbaycanın "bir millət, iki dövlət" olduğunu bir daha vurğulayıram.

Biz böyük tərkibdə nümayəndə heyəti ilə və Türkiyənin tanınmış doqquz iş adamı ilə Sizin görüşünüzə gəlmişik. Onlar Bakıda iş birliyi yaratmaq istəyirlər. Cənab prezident, artıq arxada qalmış 1998-ci ildə Sizin 75 yaşınız tamam oldu. Bu il noyabrın 1-də isə hörmətli Süleyman Dəmirəlin 75 yaşı tamam olacaqdır. Biz "Mərmərə qrupu" olaraq prezident Süleyman Dəmirəlin yubileyi ilə əlaqədar İstanbulda beynəlxalq simpozium keçirmək istəyirik. Bu simpoziumu aparmaq şərəfini cənab Süleyman Dəmirəl vakfımıza həvalə etmişdir. Zati-aliləri, dünyanın bir çox ölkələrindən tanınmış siyasət və dövlət adamlarının iştirak edəcəyi bu simpoziumu Sizin idarə etməyinizi arzulayırıq. Bizim bu istəyimizi qəbul etsəniz, çox məmnun olacağıq. Sizə uzun ömür, cansağlığı, hörmət və ehtiramımızı bildiririk.

Mən PKK lideri Abdullah Öcalanın tutulub Türkiyəyə gətirilməsini də xatırlatmaq istəyirəm və bu münasibətlə Türkiyənin Bakıdakı səfirliyinə göndərilən təbrik teleqramlarına görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Əziz dostum, qardaşım! Sizin bu atəşin, çox hərarətli və çox səmimi nitqinizə görə təşəkkür edirəm.

Siz bu gün mənə çox diqqət göstərirsiniz və böyük şərəf verirsiniz. Təşəkkür edirəm ki, "Mərmərə qrupu" məni vakfın şərəf başqanlığı kimi şərəfli bir ada layiq görübdür. Bu münasibətlə mən sizə təşəkkür edirəm. Sizin hazırladığınız "Şərəf başqanlığı" haqqındakı sənədi, plaketinizi, həmçinin kitabınızı qəbul etdim və çalışacağam ki, mənə göstərdiyiniz bu böyük etimadı gələcəkdə Azərbaycan ilə "Mərmərə qrupu" arasmdakı əməkdaşlıqla doğruldum. Buna əmin ola bilərsiniz. Siz bu gün mənə başqa hədiyyələr də verdiniz. Bunların hamısına görə sizə təşəkkür edirəm. Bir daha bildirmək istəyirəm ki, "Mərmərə qrupu" ilə Azərbaycan arasında yaranmış bu əlaqələr bizim üçün çox qiymətlidir, əzizdir və bu əlaqələrin inkişaf etməsi üçün mən bundan sonra da çalışacağam. Mən böyük məmnuniyyətlə əziz dostum, qardaşını, Türkiyə Cümhuriyyətinin prezidenti, cümhur başqanı Süleyman Dəmirəlin məktubunu sizdən qəbul etdim. Bu, mənirn üçün çox əzizdir, çox qiymətlidir. Buna görə də sizə təşəkkür edirəm və hörmətli cənab Süleyman Dəmirələ bu məktubla əlaqədar cavab məktubu göndərəcəyəm. Təşəkkür edirəm.

Burada sizinlə bir heyətdə olan iş adamlarını mənə təqdim etdiniz. Mən İstanbulda sizinlə görüşəndə də dedim ki, biz Azərbaycanın qapılarını dünyaya açmışıq. Biz son illər bazar iqtisadiyyatı yolu ilə gedirik, sərbəst iqtisadiyyat yolu ilə gedirik. Ancaq hələ inkişafın ilk mərhələsindəyik. Doğrudur, təxminən son dörd il içərisində Azərbaycana sərmayə, xarici investisiya, yatırım axını çox böyükdür. Ancaq bizim imkanlarımıza görə daha da çox olmalıdır. Bilirsiniz ki, biz 1994-cü ilin sentyabr ayında dünyada məşhur olmuş "Əsrin müqaviləsi" adlanan sənəd - dünyanın böyük neft şirkətləri ilə Azərbaycan arasında bir müqavilə imzaladıq. Bu, Azərbaycanın Xəzər dənizində olan neft yataqlarının müştərək işlənilməsi ilə əlaqədardır. O konsorsiuma dünyanın 11 böyük şirkəti daxildir. Artıq biz o müqaviləni həyata keçiririk və bilirsiniz ki, 1997-ci il oktyabr ayının 12-də ilkin neftin alınmasını böyük bayram kimi qeyd etdik. Bu bayramda Türkiyə Cümhuriyyətinin Baş naziri hörmətli Məsud Yılmaz da iştirak edirdi. Bir çox ölkələrdən yüksək səviyyəli nümayəndələr gəlmişdi. İndi artıq o neft dünya bazarına çıxarılır. Bakı-Novorossiysk boru xətti ilə Qara dənizdə Rusiyanın limanı olan Novorossiysk limanına çıxarılır və oradan isə ixrac olunur. Bu, bizim işimizin başlanğıcıdır. Ancaq eyni zamanda biz yeni bir xətt, Bakı-Supsa boru xətti - Gürcüstanın Qara dənizdə olan Supsa limanınadək boru xəttı tikirik. Artıq bu hazırdır və aprel ayında biz neftin Qara dənizdən tankerlərlə çıxmasını qeyd edəcəyik. Güman edirəm ki, oraya bir çox dövlətlərdən, o cümlədən Türkiyədən böyük nümayəndə heyətləri gələcəkdir.

Ancaq bunlar bizim gördüyümüz bu işlərin birinci mərhələsidir. Ən böyük iş odur ki, biz keçən il oktyabr ayının 29-da Ankarada Bakı-Ceyhan boru xəttinin yaranması üçün nəhayət, böyük bir bəyannamə imzaladıq. Bu bəyannaməni imzalayan Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan cümhuriyyətləri oldu və bu bəyannamə ilə biz Bakı-Ceyhan boru xəttinin yaranmasının əsasını qoyduq. Bilirsiniz ki, son üç-dörd ildə Bakı-Ceyhan boru xətti haqqında dunyada çox mübahisələr gedir. Bir çox ölkələr bunun yaranmasını istəmirlər, onun əleyhinə çıxırlar. Ancaq biz 1994-cü ildə bunu bəyan etmişdik və bütün ötən illərdə ardıcıl olaraq öz siyasətimizi apardıq. Nəhayət, keçən ilin oktyabr ayında Ankarada bu bəyannaməni imzaladıq. İndi bu məsələnin texniki, iqtisadi məsələləri həll olunur və hesab edirəm ki, artıq biz Bakı-Ceyhan boru xəttini də tikəcəyik. Buna böyük ehtiyac vardır. Çünki Azərbaycan son dörd il içərisində Xəzər dənizində olan neft-qaz yataqları ilə əlaqədar 15 müqavilə imzalayıbdır. Bu müqavilələr əsasında Azərbaycana xarici neft şirkətləri tərəfindən 40 milyard dollar həcmində sərmayə qoyuluşu nəzərdə tutulubdur. Birinci müqavilə, 1994-cü ildə bağlanmış müqavilə üzrə nəzərdə tutulur ki, biz "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından 630 milyon ton neft çıxaracağıq. İndi təsəvvür edin, bu, birinci müqavilədəndir. Görün, hər bir müqavilədən nə qədər çox neft alınacaqdır. Məsələn, keçən ilin yayında mən Londona, Böyük Britaniyaya səfərim zamanı orada İngiltərənin, Amerikanın şirkətləri ilə bir çox müqavilələr imzaladıq. Hətta ötən ilin sonunda biz Yaponiyanın dörd şirkəti ilə böyük bir müqavilə imzaladıq. Doğrudur, Yaponiya şirkətləri bizə hələ 1997-ci ildə müraciət etmişdilər. 1998-ci ilin fevral ayında, yəni bir il bundan öncə mənim Yaponiyaya rəsmi səfərim zamanı onlar çox xahiş etdilər ki, biz bu müqaviləni imzalayaq. Ancaq biz bu məsələləri bir azda araşdırmalıydıq. Nəhayət, araşdırdıq və keçən ilin sonunda Yaponiya şirkətləri ilə müqavilələr imzaladıq.

Beləliklə, gələcəkdə Xəzər dənizinin yalnız Azərbaycan sektorundan külli miqdarda, olduqca çox neft və qaz çıxacaqdır. Bunların dünya bazarına çıxarılması lazımdır və bu baxımdan Bakı-Ceyhan boru xətti çox vacibdir, əhəmiyyətlidir. Ancaq biz Xəzər dənizini dünyaya açdıq. İndi Xəzər dənizinin Qazaxıstan sektorunda, Türkmənistan sektorunda da artıq bu işlərə başlanıbdır. Qazaxıstanın ərazisində quruda da onlar neft çıxarırlar. Onu yenə də bu yol ilə, bu boru xətti ilə ixrac etmək arzusundadırlar. Ona görə də Bakı-Ceyhan boru xəttinin çox böyük əhəmiyyəti vardır. Bu gün bir xoş xəbər deyə bilərəm. Biz keçən ilin oktyabr ayında Ankarada olarkən Türkmənistan prezidentini də Bakı-Ceyhan boru xəttinin bəyannaməsini imzalamağa dəvət etdik. Ancaq o, bəzi səbəblərdən onu imzalamadı. Eyni də, həmin gün Ankarada Türkmənistanın cümhur başqanı ilə Türkiyənin cümhur başqanı Türkmənistan qazının Xəzər dənizindən, Azərbaycan ərazisindən keçməklə Türkiyəyə verilməsi haqqında bir bəyannamə, anlaşma imzaladılar. Bu, çox vacib bir anlaşmadır və mən dünən bu qaz borusunun Türkmənistandan Xəzər dənizi ilə Azərbaycan ərazisindən Türkiyəyə keçməsi ilə əlaqədar böyük bir şirkətin rəhbərlərini qəbul etdim. Onlar artıq Türkmənistanda bu məsələni araşdırıblar və bu boru xəttinin inşasına başlamaq istəyirlər. İndi Azərbaycanın razılığını almaq istəyirlər. Bundan bir neçə gün öncə Türkmənistanın cümhur başqanı, hörmətli Niyazovun bu barədə mənə müraciət məktubu olmuşdu. Mən dünən bu məsələni onlarla müzakirə etdim və razılıq verdim ki, Türkmənistan qazı Xəzər dənizi vasitəsilə Azərbaycandan Türkiyəyə getsin. Bu da çox böyük əhəmiyyətli işdir. Burada təkcə Türkmənistan qazının Türkiyəyə getməsi yox, dünya bazarına çıxması məsələsi durur. Bu layihənin dəyəri təxminən 3 milyard dollardır. Bu da böyük hadisədir. Çünki indi biz Bakı - Ceyhan kəmərini neft üçün edirik. Bununla bərabər, qaz üçün Türkmənistandan belə bir boru xəttinin keçməsi Orta Asiya ilə Qafqazı, Azərbaycanı və Türkiyəni iqtisadi cəhətdən çox birləşdirir. Beləliklə Azərbaycana, Azərbaycanın ətrafında olan ölkələrə sərmayələr gəlir.

Bu da, şübhəsiz ki, Azərbaycanın iqtisadiyyatına çox böyük imkanlar yaradır. Ancaq eyni zamanda biz bütün başqa sahələrə də sərmayələrin gəlməsini arzu edirik. Bu baxımdan sizin təşəbbüsünüzü, böyük bir heyətlə Azərbaycana gəlməyinizi və "Mərmərə qrupu" ilə bərabər iş adamlarının Azərbaycana gəlməsini məmnuniyyətlə qarşılayıram, qiymətləndirirəm. Əmin ola bilərsiniz ki, Azərbaycanda müştərək iş görmək üçün, sərmayə qoymaq üçün, fayda götürmək üçün imkanlar çoxdur. Azərbaycanın iqtisadiyyatı çoxsahəlidir - həm sənaye, həm kənd təsərrüfatı, həm infrastruktur və bütün başqa sahələr. Azərbaycan bu barədə çox zəngindir. Keçmişdə, Sovetlər İttifaqı zamanı bizim çox inkişaf etmiş sənayemiz olubdur. İndi bizim çoxlu zavodlarımız, fabriklərimiz var. Onlar əvvəlki gücü ilə işləmirlər. Çünki bunların Sovet İttifaqı zamanı istehsal etdiyi məhsulları indi biz sata bilmirik, onların məhsul istehsal etməsi üçün xammal ala bilmirik. Çünki bunlar hamısı keçmiş Sovetlər İttifaqının, Rusiyanın və başqa cümhuriyyətlərin iqtisadiyyatı ilə bağlıdır. İndi orada da buna ehtiyac yoxdur və bazarda da ehtiyac yoxdur. Amma böyük istehsal sahələrimiz vardır. Məsələn, ağır sənaye - metallurgiya, maşınqayırma sənayesi, yüngül sənaye - toxuculuq, ayaqqabı və başqa sənaye sahələri. Bunlar çoxdur. İndi biz bunları özəlləşdiririk. Özəlləşdirmə prosesində xarici şirkətlər də iştirak edə bilərlər. Ona görə də mən bunu sizə təqdim edirəm.

Mənə dedilər ki, dünən siz bizim Əmlak Komitəsində görüşlər keçirmisiniz, orada sizə bilgilər, məlumatlar veriblər. Türkiyənin iş adamları Azərbaycanda özəlləşmədə iştirak edə bilərlər. Yaxud, başqa bir istehsal sahələrinin, iş sahələrinin yaranmasında iştirak edə bilərlər. Mən sözümün əvvəlində də dedim ki, Azərbaycan qapılarını bütün dünyaya açıbdır. Bizim qanunlarımız həm iş görmək üçün, həm də fayda götürmək üçün şərait yaradır. Mənə bildirdilər ki, bizim qanunlarımız toplu şəklində sizə verilibdir. Ancaq bu qanunlar da təkmilləşir. Məsələn, biz iki, üç il bundan öncə qəbul etdiyimiz qanunları təkmilləşdiririk. Təkmilləşdirmə də iqtisadiyyatın daha da sərbəstləşdirilməsi istiqamətində gedir. Yəni biz iqtisadiyyatı daha da sərbəst, açıq etmək istəyirik. Ona görə mən bunları sizə təqdim edirəm. Siz harada iş görə bilərsinizsə, buyurun, orada iş görün. Mən isə sizə bu barədə yardımçı olacağam, sizə qarant olacağam ki, burada gördüyünüz iş yaxşı nəticə versin və hər iki tərəf üçün mənfəət versin.

Nəhayət, hörmətli dostum, siz mənə bildirdiniz ki, dostum, qardaşım Süleyman Dəmirəlin bu il noyabr ayının 1-də 75 yaşı tamam olur. Mən bunu yaxşı bilirəm və şübhəsiz ki, siz dəvət etsəniz də, etməsəniz də bu mərasimdə iştirak edəcəyəm. Mən noyabr ayının 1-də Türkiyədə dostum Süleyman Dəmirəlin yanında olacağam. Ancaq siz bir simpozium yapmaq istəyirsiniz. Bu da çox önəmli bir işdir. Mən buna da etiraz etmirəm. Siz dediyiniz kimi, əgər simpoziumda başqanlığı mənə etimad etmək istəyirsinizsə, mən çalışacağam ki, bu şərəfli vəzifəni də yerinə yetirim. Ona görə əmin ola bilərsinız ki, biz həmin gün, cənab Süleyman Dəmirəlin doğum günu bir yerdə olacağıq və dostum Süleyman Dəmirəl, siz, yaxud başqaları hansı proqram təklif etsələr, o proqramların hamısına qatılacağam, hamısının iştirakçısı olacağam. Bilməlisiniz ki, Türkiyənin hörmətli cümhur başqanı, prezidenti Süleyman Dəmirəl Azərbaycanda xüsusi hörmətə, böyük hörmətə malikdir. Xalq onu çox sevir. Azərbaycanda xalq hörmətli Süleyman Dəmirəli Türkiyə xalqından bəlkə də çox sevir. Bunu bilməlisiniz. Bunun da səbəbləri vardır. Çünki hörmətli Süleyman Dəmirəl Azərbaycana həmişə qayğı, diqqət göstəribdir. Məsələn, hələ Sovetlər Birliyi zamanı, Türkiyə ilə Sovetlər Birliyi arasında əlaqələr çox zəif olduğu bir zaman, 1968-ci ildə hörmətli Süleyman Dəmirəl ilk dəfə Türkiyənin Baş bakanı vəzifəsinə seçiləndən sonra Sovetlər Birliyini rəsmi ziyarətə gəlmişdi. O zaman cənab Süleyman Dəmirəl Moskvadan əlavə, Azərbaycana da gəlməyi qərarlaşdırmışdı və ilk dəfə biz onu Azərbaycanda qəbul etdik. Mən onunla 30 il bundan öncə görüşmüşəm və o vaxtdan bizim dostluğumuz davam edir. Amma o səfərin qiyməti çox böyükdür. Çünki əgər o vaxt tarixdə ilk dəfə Türkiyənin Baş naziri Sovetlər İttifaqını ziyarətə gəlmişdisə və ziyarət proqramında Azərbaycana gəlmək arzusu olmuşdusa, demək, onun Azərbaycana nə qədər qayğısı, diqqəti vardır, nə qədər gözəl münasibəti vardır. Biz bu münasibəti o vaxt gördük. Mən 1968-ci ildə hörmətli Süleyman Dəmirəlin Bakıya ziyarəti zamanı onunla bir yerdə olmuşam. O vaxtdan bizim şəxsi dostluğumuz yaranıbdır. Ancaq Azərbaycan müstəqilliyini əldə edən zaman da hörmətli Süleyman Dəmirəl ölkəmizə çox qayğı, diqqət göstərib və Azərbaycanın müstəqilliyini dünya dövlətləri içərisində ilk dəfə Türkiyə tanıyıbdır. Bunun da təşəbbüskarı hörmətli Süleyman Dəmirəldir.

Bilirsiniz ki, ondan sonrakı dövrdə Azərbaycanda çox ağır proseslər olubdur. Müstəqil dövlət yaranan zaman Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdır. Azərbaycan torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan çox ağır problemlərlə rastlaşmışdır. 1993-cü ildə Azərbaycanda vətəndaş savaşı oldu. Burada hakimiyyət devrilməsi halları oldu. Cənab Süleyman Dəmirəl o zaman da Azərbaycana diqqət, qayğı göstərmişdir. Sonra Azərbaycanın Ermənistanla olan münaqişəsində problemlərin çözülməsi ilə əlaqədar Türkiyə Cümhuriyyəti, onun hökuməti, Türkiyə xalqı və xüsusən hörmətli Süleyman Dəmirəl həmişə bizimlə bərabər olmuşdur. O, beynəlxalq görüşlərdə, toplantılarda həmişə Azərbaycanın mövqeyini müdafiə etmişdir. Bunların hamısına görə hörmətli Süleyman Dəmirəl Azərbaycanda çox əziz və dəyərli bir insandır. Azərbaycan xalqı ona çox böyük hörmət edir. Mənim şəxsi hörmətim, Azərbaycan xalqının hörməti - hamısı birlikdə ona dəlalət edir ki, biz noyabrın 1-də bir yerdə olacağıq. Mən sizə təşəkkür edirəm. Mənə sözünüz, sualınız varsa, buyurun.

Akkan Suver: Hörmətli cənab prezident. Biz Bakı Dövlət Universitetini ziyarət etdik. Orada Süleyman Dəmirəli sevənlər cəmiyyəti təsis olunmuşdur. Bu bizi çox məmnun etdi. Mənə həmin cəmiyyətin sənədi təqdim olundu. Əlbəttə, mən bu sənədi böyük məmnuniyyətlə dövlətimizin prezidenti möhtərəm Süleyman Dəmirələ çatdıracağam. Yeri gəlmişkən, məni bu görüşdə müşayiət edən dost Azərbaycanın dövlət və hökumət nümayəndələrinə dərin minnətdarlıq bildirməyi özümə borc bilirəm.

Halid Harin ("Harin tekstil" şirkətinin sahibi): Çox möhtərəm cənab prezident! Mən Bakıya, Azərbaycana gəlməyimdən böyük şərəf duyuram.

Sizin gərgin əməyiniz, böyük işləriniz sayəsində Türkiyə ilə Azərbaycan arasında olan dostluq günü-gündən daha da möhkəmlənir. Bu işdə Türkiyə Prezidenti cənab Süleyman Dəmirəlin də rolu olduqca böyükdür; Mən inanıram ki, Türkiyə-Azərbaycan dostluğunun inkişafı bizim iş birliyimizi daha da genişləndirəcək.

Şahab Kocamonçu (Türkiyənin keçmiş səhiyyə naziri): Hörmətli cənab prezident! Azərbaycan prezidenti kimi Sizjn, Türkiyə prezidenti kimi cənab Süleyman Dəmirəlin ölkələrimiz arasındakı mədəni və iqtisadi əlaqələrin daha da inkişafı naminə atdığınız addımlar qardaş Azərbaycana sərmayə qoymaq imkanlarını çox genişləndirir. Mən hesab edirəm ki, Azərbaycanla işbirliyi yaratmaq böyük fayda verəcəkdir. İcazə verin Sizə dərin hörmət və ehtiramımı bildirməklə yanaşı, Azərbaycana gəlməyimdən məmnunluq duyduğumu, Azərbaycana daim kömək edəcəyimi xüsusi qeyd edim.

Okan Soysal (Türkiyənin keçmiş millət vəkili): Möhtərəm cənab prezident! Mən hal-hazırda Amerika Birləşmiş Ştatlarında türk lobbiçiliyi ilə bağlı fəaliyyət göstərirəm. İşimiz çox gərgin və əlbəttə ki, faydalıdır. Siz bilirsiniz ki, Amerikada güclü erməni lobbisi vardır. Mən də öz fəaliyyətimdə onlara qarşı aktiv mübarizə yolunu seçmişəm və bu işdə əlimdən gələni, bacardığımı etməyə cəhd göstərirəm. Hörmətli cənab prezident, hamıya və ilk növbədə Sizə təşəkkür edirəm. İcazə verin fürsətdən istifadə edib öz şəxsi məktubumu da Sizə çatdırım. Bir daha çox sağ ol deməyi özümə şərəf və borc bilirəm.

Heydər Əliyev: Hörmətli dostlar, çox sağ olun. Bizim bugünkü görüşümüz təkcə "Mərmərə qrupu" ilə Azərbaycan prezidentinin görüşü deyildir. Bu, Türkiyə - Azərbaycan dostluğunu nümayiş etdirən bir görüşdür. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrə biz Azərbaycanda Xüsusi fikir veririk. Bu, bizim üçün üstün xarakter daşıyır və hər gün, hər an bu dostluq, əməkdaşlıq əlaqələrini irəli aparmağa, yüksəklərə qaldırmağa, inkişaf etdirməyə çalışırıq. Bugünkü görüş də bu istiqamətdə, bu yolda böyük bir addımdır. Mən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Türkiyə ilə dostluq, qardaşlıq əlaqələrinə həmişə sadiq olacaqdır. Biz gəlcəyimizin çoxunu bu əməkdaşlıqda, dostluqda görürük. Əmin ola bilərsiniz ki, Azərbaycan sizin doğma evinizdir doğma məmləkətinizdir. Siz özünüz bildirdiniz ki, burada sərbəst danışırsınız. Hansı bir ölkəyə getsəniz, siz öz dilinizdə yəni türk dilində Azərbaycanda olduğu kimi danışa bilməzsiniz. Yaxud, hansısa başqa bir ölkədə danışıqları Azərbaycanda olduğu kimi anlaya bilməzsiniz. Başqa türkdilli dövlətlər də vardır, onlar da bizim üçün əzizdir. Amma dil fərqi böyükdür. Ancaq Türkiyədə olan türklər üçün, Azərbaycanda olan türklər, azərbaycanlılar üçün arada heç bir sədd, sərhəd yoxdur. Biz sərbəst danışırıq, fikrimizi deyirik. Eyni sözlərdir, eyni cümlələrdir, eyni adət-ənənələrdir, eyni yeməklərdir - hamısı eynidir. Ona görə də bizim dostluğumuzun əsası, təməli böyükdür. Biz Azərbaycanda çalışırıq və çalışacağıq ki, bu dostluğu irəli aparaq. Sizinlə bizim əlaqələrimiz bu istiqamətdə işə çox yardım edəcəkdir.

Mən sizə bu ziyarətinizə görə bir daha təşəkkür edirəm. Sizin hər birinizə cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Türk xalqına, Türkiyə Cümhuriyyətinə səadət, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.