Hörmətli prezident cənab Kastel!
Hörmətli qonaqlar!
Hörmətli səfir!
Hörmətli xanımlar və cənablar!
Mən hamınızı bugünkü bu əlamətdar hadisə - Azərbaycandakı pivə zavodunun özəlləşdirildikdən sonra yenidən qurulub, modernləşdirilib tam istismara verilməsi münasibətilə təbrik edirəm və "Kastel" Şirkətinə, eyni zamanda bu müəssisənin əməkçilərinə, bütün işçilərinə yeni-yeni uğurlar arzulayıram.
Bu müəssisənin tarixi mənə bəlkə də hamıdan çox məlumdur. Biz vaxtilə, 70-ci illərin əvvəlində Azərbaycanda əhalini pivə ilə təmin etmək üçün burada böyük bir zavod tikdik və istismara verdik. Pivə elə bir içkidir ki, əhalinin bir qismi bundan istifadə edir. Ancaq lazımdır ki, pivə keyfiyyətli olsun. Keçmiş zamanlarda da Azərbaycanda pivə istehsal olunub və insanlar bundan istifadə ediblər. Yəqin, xatırlamaq olar, vaxtilə, Zığda, kiçik bir pivə zavodu var idi. Orada pivə istehsal olunurdu. Bunlar hamısı keçmiş tarixdir. Ancaq o vaxt biz belə qərara gəldik ki, yeni böyük bir müəssisə tikək və nəinki Azərbaycanın tələbatını, eyni zamanda keçmiş Sovetlər İttifaqının Azərbaycana qonşu olan bir neçə respublikasının tələbatını təmin edək.
Mənim xatirimdədir, o vaxt bu zavod tikilərkən onun gücü 10 milyon dekalitr idi. Təbiidir ki, bu qədər istehsal olunmadı, amma hər halda pivə istehsal edilirdi. Təəssüflər olsun ki, son on il içərisində Azərbaycanda istehsalın çox sahələri dağıldığı kimi, bu pivə zavoduna da böyük zərbələr vuruldu. Dövlət əmlakı naziri burada bildirdi ki, son illər bu zavod istehsal həcminin cəmisi 1 faiz miqdarında pivə istehsal edibdir. Təbiidir ki, onun da keyfiyyəti bugünkü tələbata, yaxud beynəlxalq standartlara uyğun deyildi.
Vaxtilə Azərbaycanda böyük Yeyinti Sənayesi Nazirliyi, onun müəssisələri olmuşdur. Sonra həmin Yeyinti Sənayesi Nazirliyi böyük bir birliyə çevrilmişdi. Üç il bundan öncə mən sərəncam imzaladım, özəlləşdirmə prosesinə daha da təkan vermək üçün həmin birliyi ləğv etdim oraya daxil olan müəssisələrin, o cümlədən pivə zavodunun özəlləşdirilməsi haqqında qərar qəbul etdim.
Burada işləyənlər yəqin xatırlayırlar ki, o vaxt bu pivə zavodunun özəlləşdirilməsi bir az çətin oldu. Çünki təbiidir, burada yeni müəssisə yaradılmalı, müasir texnologiya ilə təmin olunmalı və yüksək keyfiyyətli pivə istehsal olunmalı idi. Əgər belə olmasa, keçmiş səviyyədə olan zavod nə Azərbaycana lazımdır, nə pivə içmək istəyən insanlara.
Son illər bazar iqtisadiyyatını inkişaf etdirdiyimizə görə Azərbaycana xarici ölkələrdən çox miqdarda pivə gətirilib, satılıb və bu gün də gətirilib satılır. Sovet İttifaqı vaxtı daxili istehsal, o cümlədən bu pivə zavodu Azərbaycanı təmin edirdi. Ancaq keyfiyyət o qədər yüksək deyildi. Ona görə də pivəpərəst məcbur olub, xüsusən imkanı olan adamlar Çexoslovakiyadan gələn pivədən daha çox istifadə edirdilər, yaxud da Moskvadan gətirilən pivədən istifadə edirdilər.
Xatirimdədir, 70-ci illərdə Azərbaycanda bir ifadə vardı: "Çexoslovakiya pivəsi". Amma "Çexoslovakiya pivəsi"ni hamı içə bilmirdi. Ancaq müəyyən bir qrup, imkanlı adamlar bunu içə bilirdi. Amma əhalinin hamısını təmin etmək lazım idi. O da bu zavod vasitəsilə təmin olunurdu.
Qeyd etdim ki, bu zavod get-gedə öz gücünü itirdi və nəhayət, istehsal həcminin bir faizinə gəlib çıxdı. Bunun yeganə yolu o idi ki, biz dövlət mülkiyyətini ləğv edirik, belə müəssisələri özəlləşdiririk və özəl sektora imkan veririk ki, bu müəssisələri yenidən qursunlar, modernləşdirsinlər, beynəlxalq standartlara uyğun etsinlər və istehsal olunan hər bir məhsulun keyfiyyətini yüksəltsinlər.
İndi insanlar keçmişdəki kimi deyildirlər, yüksək keyfiyyət tələb edirlər. Biz dünya iqtisadiyyatına qatıldığımıza, bazar iqtisadiyyatına keçdiyimizə görə Azərbaycana hər yerdən istehlak malları gəlir, o cümlədən pivə də gətirilir. Əgər biz köhnə vəziyyətdə olsaydıq, təbiidir ki, heç bir şey edə bilməzdik. Təəssüflər olsun ki, bu zavodun özəlləşdirmə prosesi bir az ağır keçdi.
Xatirimdədir, mən Fransada səfərdə olarkən, mən 1993-cü ilin sonunda, ondan sonrakı zamanlarda və xüsusən 1997-ci ilin yanvar ayında prezident Jak Şirakın dəvəti ilə Fransada rəsmi səfərdə olan zaman, - bu ölkənin ən böyük iş adamları ilə görüşdüm. Mən hər dəfə onları Azərbaycana gəlməyə dəvət etdim. Fransanın böyük şirkətləri birinci növbədə Azərbaycanın neft yataqlarına maraq göstərirdilər və biz onların xahişlərini ödədik. İndi dünyada məşhur olan fransız şirkətləri - "Total", "Elf Akiten" şirkətləri - Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlarda müştərək iş görürlər, çoxlu investisiya qoyublar.
Bu sahəyə maraq göstərənlər çoxdur. Biz isə çalışırıq ki, xarici və xüsusən yüksək ada malik olan şirkətlər Azərbaycan iqtisadiyyatının bütün başqa sahələrinə də gəlsinlər. Bu sırada Fransanın "Kastel" Şirkəti Azərbaycana maraq göstərməyə başladı.
Mən Fransada olarkən dostum prezident Jak Şirak da bunu hiss etdi. Fransanın bu şirkəti öz sahəsində, yəni şərab istehsalı, yaxud alkoqolsuz içkilər istehsalı sahəsində dünyada ən böyük şirkətlərdən biridir.
Ona görə də təbiidir ki, belə bir şirkətin Azərbaycana gəlməsi bizim üçün, iqtisadiyyatımızın gələcəyi üçün çox maraqlı və əhəmiyyətli idi. Mən də bunu istəyirdim. Cənab Kastel üç il bundan əvvəl Azərbaycana gəldi. Mən şəxsən hörmətli prezidenti, ondan sonra bu şirkətin başqa nümayəndələrini qəbul etdim. Bizim Azərbaycan ifadəsi ilə desək, xeyir-dua verdim ki, onlar ölkəmizdə geniş iş aparsınlar.
Onlar birinci növbədə pivə zavoduna maraq göstərdilər. Mən tapşırdım ki, bu şirkət üçün bütün imkanlar yaradılsın. Ancaq bizim o vaxtkı danışığımız belə olmuşdu ki, "Kastel" Şirkəti Azərbaycanda şərab istehsalı ilə də məşğul olacaqdır. Cənab prezident, bunu xatırlayırsınızmı? Hətta biz sizinlə o vaxt danışanda mən deyirdim ki, keçmişdə Azərbaycanda çoxlu şərab məhsulları istehsal olunurdu. Amma indi onu bərpa etmək, keyfiyyəti yüksəltmək lazımdır. Sizinlə bizim danışığımız belə oldu ki, siz burada ya yeni bir şərab zavodu tikəcəksiniz, yaxud da mövcud zavodlardan birini alacaqsınız, özəlləşdirəcəksiniz, Azərbaycanda üzüm yetişdirilən müəyyən sahələri götürəcəksiniz, özünüz yüksək keyfiyyətli tənəklər əkəcəksiniz və keyfiyyətli şərab istehsal edəcəksiniz. Bunlar xatirimdədir.
Pyer Kastel: Cənab prezident, bu, mənim çox yaxşı yadımdadır. Biz səfirlə birlikdə Şamaxıya getmişdik.
Heydər Əliyev: Bəli, siz Şamaxıya getmişdiniz. Bunları ona görə yadınıza salıram ki, çünki bu, bizim gələcəkdə sizinlə müştərək işimiz olmalıdır.
Pyer Kastel: Cənab prezident, mən də belə fikirləşirəm.
Heydər Əliyev: Hər halda "Kastel" Azərbaycanda pivə zavodundan başladı, mən də bundan çox məmnun idim. Ona görə də lazımi imkanlar yaradılması barədə göstərişlər verildi.
Ancaq bu gün burada hər şeyi açıq demək lazımdır. Təəssüflər olsun ki, bunun üçün üç il vaxt gedibdir. "Kastel" elə bir şirkətdir ki, onlar lazım olan zavodu bir il içərisində yüksək səviyyəyə çatdıra bilərlər. Mən bunu doğru deyirəm. Ancaq niyə belə olubdur? Çünki, - burada açıq demək lazımdır, - Azərbaycanda bəzi qüvvələr xarici şirkətlərin ölkəmizdə iş görməsinə maneçilik törədirlər, şəxsi mənafelərini təmin etmək üçün cürbəcür yollarla onların qarşısını alırlar. Bu məsələ Azərbaycanda "Kastel"in də, bu pivə zavodunun da başına gəlibdir.
Dövlət əmlakı naziri, zavodun nümayəndəsi indi burada çıxış etdilər. Onlar elə təsvir etdilər ki, hər şey necə deyərlər, yağ kimi gedibdir. Amma belə deyildir. Bu şirkət respublikamızda bir çox çətinliklərlə rastlaşıb, amma mənim bunlardan xəbərim olmayıbdır. Bu məsələni bilin kimi mən bu cənabı - Jan Pol-Lanfrankini qəbul etdim. Ona dedim ki, utanmayın, mənə hər şeyi açıq deyin. Xatirindədir, sən də mənə hər şeyi dedin. Soruşdum ki, niyə sən bunları gəlib mənə deməmisən?
Jan-Pol Lanfranki ("Kastel" Şirkətinin vəkili): Cənab prezident, o vaxt elə bir çətinlik var idi ki, biz sözümüzü deyə bilməzdik.
Heydər Əliyev: Bəli. İndi mən həmin çətinliyin nə olduğunu açıq deyim. Bu işə prokurorluq qarışmışdı. Hətta baş prokuror bunu çağırıb qorxutmuşdu. Bu da qorxub geri çəkilmişdi. O, bunları mənə dedi. Elədirmi, yoxsa yox?
Jan-Pol Lanfranki: Bəli, cənab prezident.
Heydər Əliyev:Ondan sonra mən bu işə qarışdım. Görürsünüz, qısa bir müddətdə - biz altı ay bundan əvvəl görüşmüşdük - hər şey qaydasına düşdü.
Jan-Pol Lanfranki: Bəli, cənab prezident. Siz hər şeyi o dəqiqə həll etdiniz.
Heydər Əliyev: Məsələlər o dəqiqə həll olundu. Görürsünüz, bunlar bu məsələləri qısa müddətdə həll etdilər. İndi özləri də sevinirlər, biz də sevinirik və buraya gəlmişik, bu yeni zavodun açılışında iştirak edirik.
"Kastel" Şirkəti tərəfindən bu zavoda nə qədər investisiya qoyulduğu və bundan sonra nə qədər sərmayə qoyula bilməsi barədə burada deyildi. Biz əvvəlcədən danışmışdıq - bu zavodda istehsal edilən pivənin keyfiyyəti çox yüksək olmalıdır. Söz veriblər ki, keyfiyyət çox yüksək olacaqdır. Bu zavodun məhsulları həm Azərbaycanı təmin etməlidir, həm də qonşu ölkələrə ixrac edilməlidir. Çünki məndə olan məlumatlara görə, Azərbaycanın tələbatı ildə təxminən 2 milyon dekalitrdir. Ancaq hörmətli prezident cənab Kastel burada dedi ki, onlar ildə 6 milyon dekalitr istehsal edəcəklər, hətta istehsalı ildə 10 milyon dekalitrə də qaldıra bilərlər. Mən buna inanıram. Ancaq biz gərək şərait yaradaq ki, onlar istehsalı artırsınlar və Azərbaycanda hamı Xırdalan pivəsi, Azərbaycan pivəsi, "Kastel" pivəsi içsin.
Baxın, orada şüar yazıblar: "Xırdalan pivəsi - bizim pivə, adı da bizim. Dadı da bizim". Amma mən ona bir düzəliş vermək istəyirəm, "Xırdalan pivəsi - bizim pivə, adı da bizim, dadı da hamının". Qoy təkcə Azərbaycanda yox, başqa ölkələrdə də bu pivənin dadı hamını cəlb etsin ki, "Kastel" Şirkəti burada pivə istehsalını artıra bilsin və biz bu məhsulu ixrac edə bilək. Təbiidir ki, bunun üçün də biz imkanlar yaradacağıq.
Mən çox məmnunam ki, son vaxtlar görülən tədbirlər nəticəsində bu işin birinci mərhələsi başa çatıbdır və bu gün biz buraya toplaşmışıq. Bilirəm ki, "Kastel" Şirkətinin prezidenti xüsusi təyyarə ilə respublikamıza gəlibdir. O, saat 3-də Bakıda olmalı idi, bir az gecikib, biz də onu gözlədik. Amma xaricdən buraya xüsusi təyyarə ilə gəlmək nə deməkdir? Bu o deməkdir ki, "Kastel" Şirkəti Azərbaycanda özəlləşdirilmiş pivə zavoduna çox böyük əhəmiyyət verir.
Mən bu münasibətlə hamınızı bir daha təbrik edirəm və ümidvaram ki, "Kastel" Şirkəti sizinlə, kollektivlə birlikdə bu zavodun istehsal həcmini artıracaq, məhsulun keyfiyyəti də gündən -günə yüksələcəkdir.
Ancaq bizə məlumdur ki, istehsalın həcminin artması üçün gərək biz birinci növbədə Azərbaycanın daxili bazarını qoruyaq. Ümumiyyətlə, mən bu gün bəyan etmək istəyirəm, - bunu əvvəllər də demişəm, - indi Azərbaycanda bazar iqtisadiyyatı o səviyyəyə gəlib çatıbdır ki, biz bu məsələləri uyğunlaşdırmalıyıq. Biz Azərbaycanda istehsal edilən malların qorunmasına, istehsalın artırılmasına şərait yaratmalıyıq. Onun üçün də əgər "Kastel" Şirkəti Azərbaycanda yüksək keyfiyyətli pivə istehsal edirsə və respublikamızın əhalisinin tələbatını ödəyirsə, başqa ölkələrdən pivənin Azərbaycana idxalına qoyulan rüsumlar qaldırılmalıdır.
Kim Azərbaycan, "Kastel", Xırdalan pivəsi içmək istəyirsə, burada onun qiyməti var, içsin. Amma kim istəyirsə ki, Çexiya pivəsi, yaxud da ki, Rusiya pivəsi içsin, o pivələrin rüsumlarını qaldırmaq lazımdır. Əgər rüsumlar qalxandan sonra bu pivələr Azərbaycan bazarına gələ bilərsə, qoy gəlsin. Amma rüsumlar qaldırılmasa, idxalçılar onu gətirəcək, Azərbaycan bazarını indi necə tutublarsa, eləcə də tutacaqlar. Təbiidir ki, bizim öz istehsalımız da bazarın bir hissəsini itirmiş olacaqdır.
Bu təkcə pivəyə deyil, bütün məhsullara aiddir. Mən bu barədə göstəriş vermişəm. Bu gün sizin və bütün ictimaiyyətin qarşısında bu göstərişi bir daha verirəm. Mən respublikanın baş nazirinə tapşırmışam və bu gün bir daha tapşırıram. Azərbaycanda daxili istehsalın inkişaf etdirilməsi üçün, özəl sektora imkanlar yaratmaq üçün gərək biz yaxın zamanlarda xüsusi tədbirlər görək. Bu tədbirlər ondan ibarətdir ki, daxili istehsal qorunmalıdır, istehsalı inkişaf etdirmək üçün özəl sektora şərait yaradılmalıdır. Azərbaycanda hansı mallar yüksək keyfiyyətdə istehsal olunursa, onlara oxşar malların ölkəmizə idxal edilməsinə rüsumlar artırılmalıdır. Beləliklə, biz Azərbaycanda istehsalı inkişaf etdirməliyik.
Bütün özəlləşdirmənin əsas məqsədi, nəticəsi ondan ibarətdir ki, keçmişdə dövlət mülkiyyətində olan müəssisələr ayrı-ayrı şirkətlərə, iş adamlarına satılsın, verilsin, özəlləşdirilsin. Amma bu, məsələnin bir tərəfidir. Əgər kimsə, hansısa müəssisəni alıb, orada mal istehsal etməyə başlayırsa, eyni zamanda belə məhsulu xaricdən gətirib bütün bazarı doldururlarsa, o, istehsalını təmin edə bilməyəcəkdir.
İndi respublikamızda daxili istehsal inkişaf dövründədir. Biz buna şərait yaratmalıyıq və Azərbaycan bazarını qorumalıyıq. Respublika Nazirlər Kabineti bu barədə lazımi tədbirlər görməlidir.
Mən pivə zavodunun istifadəyə verilməsinin gecikdirilməsinin səbəbləri barədə danışdım. Mən bunu əvvəl də demişəm, bu gün də deyirəm. Hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq özəl sektorun işinə qarışmamalıdır. Özəl sektor məhsul istehsal edir və öz işini özü görməlidir. Özəl sektorun əsas işinə Vergilər Nazirliyi nəzarət etməlidir. Özəl sektorda insanlara imkan yaratmaq lazımdır ki, onlar işləsinlər, məhsul istehsal etsinlər, vergilərini versinlər. Qalan məsələlərlə bizim işimiz yoxdur.
Açıq demək lazımdır, hüquq-mühafizə orqanları, xüsusən prokurorluq indiyə qədər Azərbaycanda bazar iqtisadiyyatının inkişafına çox zərərlər vurublar. Mən bu barədə fərmanlar vermişəm, bu işlərə qarışmağı qadağan etmişəm. Mən qadağan edirəm, amma gedib əlaltdan o şirkəti, bu şirkəti yoxlayırlar. Bu, nəyə lazımdır? Onların hamısını ancaq Vergilər Nazirliyi yoxlaya bilər. Əgər həmin şirkət qanunsuz iş görürsə, istehsal etdiyi, satdığı malı vergidən gizlədirsə və yaxud başqa qanunsuz işlər edirsə, onda Vergilər Nazirliyinin lazımi tədbirlər görməyə səlahiyyəti vardır.
Hər bir hüquq-mühafizə orqanı, - bir yandan prokuror, o biri yandan polis, yaxud başqası, - icra hakimiyyəti başçısı və sairə gəlib şirkətin işinə qarışsa, onda biz Azərbaycanda bazar iqtisadiyyatını inkişaf etdirə bilmərik. Ona görə də mən bu barədə fikrimi bir daha bildirirəm, xəbərdar edirəm və iş adamlarına da deyirəm ki, belə halların qarşısını alın, ala bilmirsinizsə, şikayət edin, qorxmayın, biz sizin arxanızdayıq.
Bilirsiniz ki, ikinci özəlləşdirmə proqramı qəbul olunubdur. O, həyata keçirilir. İndi atılan ilk addımlar onu göstərir ki, bu, yaxşı həyata keçirilir. Biz bu məsələni bir neçə dəfə müzakirə etmişdik, ancaq bəzi səbəblərə görə onu həll edə bilməmişdik. Bir neçə gün bundan öncə biz toplaşdıq, müzakirə etdik. Mən qəti qərar qəbul etdim ki, özəlləşdirilən müəssisələrin, kolxozların, sovxozların, başqa müəssisələrin indiyə qədər olan borclarının hamısı silinsin.
Bilirsiniz, bu da özəlləşdirməni əngəlləyən amillərdən biridir. Doğrudur, mən bir il, iki il bundan öncə bu məsələni qaldırmışdım. Amma bəzi iqtisadçılar, mütəxəssislər deyirdilər ki, necə ola bilər, axı, bu müəssisənin borcu var. Axı, reallıq odur ki, bu borc 10-20-30 ildir yığılıbdır. Bu borc sovet hakimiyyəti dövründən yığılıbdır. Bu müəssisəni özəlləşdirən adam əgər bütün borcları versə və həmin müəssisənin haqqını ödəsə, onda özünə nə qalır ki? Bunun xeyri nədir?
Mən ona görə Milli Məclisə qanun layihəsi göndərmişəm. Həmin qanun layihəsi bu günlərdə qəbul olunacaqdır. Kim özəlləşdirmədə iştirak edə bilərsə və etmək istəyirsə, bilsin ki, bütün müəssisələrin borclarının hamısı silinəcəkdir. Yəni kim hansı müəssisəni özəlləşdirirsə, o necə deyərlər, ağ vərəqdən başlayacaqdır. Müəssisənin indiyə qədər nə qədər borcu varsa silinir, beləliklə, müəssisəni alıb inkişaf etdirəcəklər.
Hesab edirəm ki, bu, özəlləşdirmənin sürətləndirilməsi üçün çox mühüm, hətta çox cəsarətli bir addımdır. Biz bu addımı atmışıq və özəlləşdirmənin sürətlə inkişaf etdirilməsi üçün böyük imkanlar yaratmışıq. Kim özəlləşdirmədə iştirak etmək istəyirsə, - həm xarici şirkətlər, həm də Azərbaycanın daxili iş adamları, - buyursun, gəlsin, bu imkanlardan istifadə etsin.
Hörmətli dostlar!
Hörmətli qonaqlar!
Bu gün biz pivə zavodunun açılışı, eyni zamanda, Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün yeni böyük bir addımın atılması ilə əlaqədar buraya toplaşmışıq. Mən Fransanın iş adamlarına və bu ölkənin Azərbaycandakı səfirinə üzümü tutaraq deyirəm ki, Fransa şirkətlərinin respublikamızda sərmayə qoyub çox iş görmələri üçün böyük sahələr vardır. Bu sahələrdən istifadə etmək lazımdır. "Kastel" Şirkəti bu barədə nümunə göstərir.
Təbiidir ki, neft sektorunda iştirak edirlər və onların da gözəl nəticələri vardır. Amma bizim qeyri-neft sektorunda Fransanın iş adamları üçün çox böyük imkanlar vardır. Qoy, "Kastel" Şirkətinin bu addımı Fransanın bütün şirkətləri üçün, təkcə Fransa yox, başqa xarici ölkələrin bütün investorları üçün də nümunə olsun. Mən onları bir daha, bir daha Azərbaycana dəvət edirəm.
Bu əlamətdar hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, "Kastel" Şirkəti belə nümunələri daha da artıracaq, hörmətli prezidentə dediyim kimi biz şərabçılıq sahəsində də yeni-yeni işlər quracağıq. Sağ olun.
"Azərbaycan" qəzeti, 17 oktyabr 2000-ci il.