Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın maliyyə naziri Robert Rubin ilə görüşdə söhbətindən - Vaşinqton, "Bleyer haus" iqamətgahı, 31 iyul 1997-ci il


Hörmətli cənab Rubin!

İlk öncə respublikamızın ünvanına söylənilən xoş sözlər üçün Sizə təşəkkürümü bildirir və ölkələrimiz arasında əlaqələrin genişlənməsində ABŞ Maliyyə Nazirliyinin xüsusi rol oynadığını, Amerikanın bu dövlət strukturunun təcrübəsini öyrənməyin ölkəmiz üçün faydalı olacağını ayrıca qeyd etmək istəyirəm.

Nəzərə çarpdırmaq yerinə düşər ki, son illər Amerika-Azərbaycan əlaqələri xeyli genişlənmişdir. ABŞ şirkətləri respublikamızın iqtisadiyyatına getdikcə daha çox sərmayə qoyurlar. Bu baxımdan 1994-cü ildən bəri imzalanmış neft müqavilələrində Amerika Birləşmiş Ştatlarının ən böyük şirkətlərinin iştirakının xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin Amerikaya rəsmi səfəri zamanı imzalanması nəzərdə tutulan yeni neft müqavilələri bu sahədə daha bir mühüm addım olacaq və ABŞ-ın digər şirkətlərinin də ölkəmizə gəlməsi üçün yeni imkanlar açacaqdır. Vurğulayım ki, xarici iş adamlarının Azərbaycana sərmayə qoyması üçün çox əlverişli şərait yaradılıb, onların hüquqları qanunvericiliklə təsbit olunub və əcnəbi investorların ölkəmizdə sərbəst fəaliyyət göstərməsi üçün heç bir maneə yoxdur. Xarici ticarət liberallaşdırılmışdır, özəlləşdirmə proqramı həyata keçirilir və bu prosesdə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Ölkəmizdə makroiqtisadi sabitləşdirmə sahəsində həyata keçirilən tədbirlər və bunların nəticələri barədə danışarkən onu qeyd etmək olar ki, son illər görülən məqsədyönlü işlər istehsalın tənəzzülünün qarşısını almağa, inflyasiyanı cilovlamağa imkan vermişdir. İqtisadi göstəricilər müsbət istiqamətdə dəyişmiş, milli valyutanın - manatın məzənnəsi sabitləşmişdir. Bu isə iqtisadi islahatların ardıcıl aparılmasına, əhalinin yaşayış səviyyəsinin tədricən yüksəldilməsinə kömək edir.

Lakin respublikamızın qarşılaşdığı çətinliklər də az deyildir. Bu problemlərin ən ağrılısı Ermənistanın ölkəmizə ərazi iddiaları ilə başladığı hərbi təcavüz nəticəsində yaranmış və doqquz ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin gedişində Azərbaycana çox böyük zərbələr dəymişdir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan münaqişəyə sülh yolu ilə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, yurd-yuvasından zorla qovulub çıxarılmış bir milyondan çox vətəndaşımızın öz yerlərinə qayıtması üçün bütün imkanlardan istifadə edir.

Biz bu məsələnin həllində dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarına, Minsk qrupunun həmsədrlərindən biri kimi onun fəaliyyətinə çox böyük ümidlər bəsləyirik. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç böyük dövlətin - ABŞ, Rusiya və Fransanın prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair bu il iyunun 20-də Denver şəhərində imzaladıqları birgə bəyanatı yüksək qiymətləndirirəm və ümidvar olduğumu bildirirəm ki, həmsədrlər öz üzərlərinə götürdükləri vasitəçilik missiyasını yerinə yetirəcək və 1997-ci ildə münaqişəyə son qoyulacaqdır.

Xatırladıram ki, hələ yarım əsr bundan əvvəl Azərbaycan neftçiləri və alimləri Xəzərin sualtı sərvətlərini kəşf edib bunların istismarına başlamışlar. İndi isə Azərbaycan bu zəngin neft ehtiyatlarını dünyaya açmışdır və həmin ehtiyatlardan müştərək istifadə olunmasının zəruriliyini bəyan etmişdir.

Hörmətli cənab Rubin, mən görüşümüzdən razı qaldığımı bir daha bildirir və Sizi Azərbaycana səfərə dəvət edirəm.

"Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il