Əziz metropolitençilər!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizi Bakı Metropoliteninin istismara verilməsinin 35-ci ildönümü münasibətilə təbrik edirəm, hamınıza uğurlu gələcək arzulayıram.
Bakı Metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir. Keçmiş zamanlarda heç kəs təsəvvür edə bilməzdi ki, ümumiyyətlə, yeraltı dəmir yolu yaratmaq mümkün olacaqdır və Azərbaycan xalqı belə bir böyük sərvətin sahibi olacaqdır. Ancaq bunlar hamısı baş verib və 35 il bundan öncə Bakıda Metropolitenin ilk qatarları sərnişinləri daşımağa başlayıbdır və bu hadisə xəyalları reallığa çeviribdir.
Burada çıxış edən metropolitenin işçisi, hörmətli xanım çox yaxşı bir söz işlətdi. Dedi ki, metropoliten nağıldır. Həqiqətən, doğrudan da nağıldır. Bir də deyirəm ki, bunu keçmişdə təsəvvür etmək mümkün deyildi. İndi artıq biz hamımız, - həm Bakı sakinləri, həm də ümumiyyətlə, Azərbaycan vətəndaşları, - metropolitenin varlığına o qədər adi baxırıq ki, bəzən düşünmək olar, bəli, hər şey ola bilərmiş.
35 illik yubileyin özü də qeyri-adi bir yubileydir. Mən Bakı metropoliteninin 35 illik yubileyini qeyd etmək haqqında sərəncam hazırlanması barəsində göstəriş verərək, düşündüm. Çünki, adətən, 50, 70, 80, 100 illik yubileylər olur. Yubileylər də daha çox böyük elm, mədəniyyət xadimlərinə, yaxud iri mədəniyyət, təhsil müəssisələrinə həsr olunur. Böyük, nadir sənaye müəssisələrinin yubileyləri keçirilir. Ancaq metropolitenə indi çox adam adi bir nəqliyyat vasitəsi kimi baxır. Ona görə də bəziləri də bunu düşünə bilərdi, mənim özüm də sərəncam hazırlanan zaman və onu imzalamamışdan əvvəl düşünürdüm. Düşünərək, qərar qəbul etdim ki, bəli, bu hadisə, yəni 35 il bundan öncə Bakının sakinləri üçün belə gözəl nəqliyyat vasitəsinin işə salınması və bu nəqliyyatın 35 il daim insanlara, Azərbaycan vətəndaşlarına xidmət etməsi böyük hadisədir. Ona görə yaşının azlığından asılı olmayaraq, metropolitenin 35 illik yubileyinin keçirilməsini mən tam əsaslı hesab edirəm. Ona görə də o sərəncamı imzalamışam. Artıq bu gün də salonda əhval-ruhiyyəni görərək, metropolitenin nümayəndələrinin, qonaqlarımızın çıxışlarını dinləyərək, bir daha əmin oldum ki, bu yubiley bizim üçün, Azərbaycan xalqı üçün mütləq lazımdır.
Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəvi şəkil alıbdır. Ona görə Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir.
Bakıda metropoliten tikilməsinin tarixi böyükdür. İkinci dünya müharibəsi qurtarandan sonra, 1947-ci ildə Bakıda metropolitenin tikilməsi haqqında qərar qəbul edilmişdi. Bu da təsadüfi deyildi. Çünki o vaxt keçmiş SSRİ-də Bakı şəhəri əhalisinin sayına görə üçüncü yerdə dururdu. Yəni Moskva, Leninqrad, sonra Bakı gəlirdi. Moskva Metropoliteninin tikilib istifadəyə verilməsindən sonra, onun nə qədər vacib olduğunu dərk edəndən sonra, təbiidir ki, çox əhalisi olan bir şəhərdə metropolitenin tikilməsi barədə belə qərar qəbul edilmişdir və işə başlanılmışdı. Ancaq təəssüflər olsun ki, 1953-cü ildə tikinti dayandırılmış və yalnız 1961-ci ildə Bakı Metropoliteninin inşası bərpa edilmişdi. Bunun nəticəsində 1967-ci ildə, 35 il bundan öncə artıq Bakı Metropoliteninin birinci hissəsi hazır olmuşdur. Təxminən 9,9 kilometri hazır olmuşdu və istismara verilmişdi. Bu, təbiidir, Azərbaycanın, Bakının həyatında böyük bir hadisə olmuşdur.
Metropoliten deyəndə, indi hamı metropolitendə işləyən adamları, vaqonları idarə edən, bütün nəqliyyat sistemini idarə edənləri düşünürlər. Ancaq metropoliten deyəndə, iki kollektivi nəzərə almaq lazımdır. Birinci kollektiv inşaatçılar, ikinci kollektiv istismarçılardır. Hər ikisinin işi çətindir. Ancaq istismarçılar inciməsinlər, mən həmişə açıq danışmışam, inşaatçıların işi qat-qat çətindir. Onu görən azdır, çünki bu işlər yerin altında gedir. Nəhayət, yerin altında gedən bu inşaatdan sonra insanların gördükləri hazır metro stansiyaları, hərəkət edən vaqonlar, qatarlardır. Metro vaqonları elə sürətlə gedir ki, insan heç görə bilmir ki, orada, tuneldə nə var, nə yoxdur. Ancaq o tunellərin qazılması, tikilməsi və təhlükəsizlik vəziyyətə gətirilməsi nə qədər ağır və nə qədər çətin işdir.
Biz bu gün metropolitenin 35 illik yubileyini edəndə həm inşaatçıları, həm də istismarçıları nəzərdə tuturuq. Əgər inşaatçıları götürsək, onların yubileyi 35 il deyil, təxminən 42-45 ildir. Çünki 1947-ci ildə inşaata başlanıb, 1953-cü ilə qədər, 6 il inşaat gedib, ondan sonra dayanıbdır. 1961-ci ildə başlanıb, sonra yenə də inşaat 6 il gedibdir. 1967-ci ildə metropoliteni istismara verəndə artıq 12 il idi ki, inşaatçılar bununla məşğul idilər. 12 illik inşaatın nəticəsində 1967-ci ildə birinci hissə istismara verildi. Amma bununla iş qurtarmadı. Ondan sonra inşaat işləri davam etdi. 1969-cu ildən bu işlərə bilavasitə rəhbərlik edən adam kimi mən deyə bilərəm ki, istismarçılar metronu çox gözəl, yaxşı istismar edirlər. Ancaq inşaat davam edir. Metropolitenin o biri hissələrini tikmək lazımdır, yeni xətləri başa çatdırmaq lazımdır.
1967-ci ildən sonra görülən işlər indi 31 kilometrlik sərnişin daşıyan metro tunellərinin, metro xətlərinin olmasına gətirib çıxarıbdır. Amma, ümumiyyətlə, yer altındakı relslərin, tunellərin ümumi uzunluğu 80 kilometrdir. Bunların hamısını inşaatçılar yaradıblar. İnşaatçıların nümayəndəsi burada çıxış edərkən, hesab edirəm, öz fikrini bizə çox yaxşı çatdıra bildi. Mən demək istəyirəm ki, bu gün metropolitenin 35 illik yubileyi ilə əlaqədar məruzə edən metropolitenin rəisi Tağı Əhmədov, istismarçılar tərəfindən çıxış edən xanım, inşaatçılar tərəfindən çıxış edən, 45 il tikintidə işləmiş fədakar insan, ümumiyyətlə, metropolitenin nə olduğunu qısaca, amma olduqca dərin məzmunla çatdırdılar. Düzü, mən çox təsirləndim. Xanımın adı yadımda qalmadı, bağışlasın. Arzu Kərimova - nə gözəl adı var, elə bir şair danışırdı. Yer altındakı metronun nə olduğunu gözəl ifadələrlə göstərmək istəyirdi. İnşaatçı Ağarəhim Rəhimov da fədakar bir insandır. 45 il o cürə işdə ancaq bu sənəti sevən adam işləyə bilər. Bax, belə bir adam bizim gözümüzün qarşısındadır.
Bəli, yüzlərlə, minlərlə, yüz minlərlə belə insanların fədakar əməyi nəticəsində bizim bugünkü gözəl sərvətimiz - Bakı Metropoliteni var. Biz onların hamısına, - dünyasını dəyişənlərə də, bu gün işləyənlərə də, yaxud təqaüddə olanlara da, - həm inşaatçılara, həm də istismarçılara minnətdar olmalıyıq. Mən onlara təşəkkür edirəm. Onların hamısına "sağ olun!" deyirəm və bu sahədə işləyən adamların hamısına gələcəkdə yeni uğurlar arzulayıram.
Bu gün Moskvadan, Kiyevdən, Tbilisidən bizim qonaqlarımız burada təbrik sözləri dedilər. Onlar çox böyük mehribanlıqla, Azərbaycana böyük hörmətlə öz sözlərini bizə çatdırdılar. Bizim bu metropolitençilər kimi, onlar da çox peşəkar insanlardır, bu sahədə on illərlə işləyən adamlardır. Bu da onu göstərir ki, metro elə bir sahədir ki, onu sevən adam ondan ayrılmır və ayrılmaq da istəmir. Demək bu da həmin sahənin xüsusiyyətidir.
Mən təbriklərinə görə, Azərbaycan metropolitençiləri haqqında, Azərbaycan xalqı haqqında, bizim ölkəmiz, dövlətimiz haqqında, o cümlədən mənim haqqımda dedikləri xoş sözlərə görə bütün qonaqlara təşəkkür edirəm. Moskva, Kiyev, Tbilisi metropolitençilərinə, dəmiryolçularına dərin hörmət və ehtiramımı bildirirəm, onlara cansağlığı və gələcək işlərində uğurlar arzulayıram.
Mən bütün qonaqlara, xüsusən Moskvadan gəlmiş qonaqlara rus dilində bir neçə söz deməyə bilmərəm, çünki onlar burada həm təbrik sözləri söylədilər, həm də keçmişdə metro tikintisi ilə və metropolitendən daha yaxşı istifadənin təşkili ilə necə məşğul olduğumuzu xatırladılar. Sözün düzü, siz məni çox kövrəltdiniz. Mən Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə, Siyasi Büronun üzvü olanda digər mühüm sahələrlə yanaşı, dəmir yol nəqliyyatına da, yeri gəlmişkən, nəqliyyat tikintisinə də rəhbərlik edirdim. Hər ikisi mənim səlahiyyət, rəhbərlik dairəmə daxil idi. Deməliyəm ki, orada insanlar çox gözəl işləyirdilər. Dəmir yol nəqliyyatı, metropoliten, nəqliyyat tikintisi hər bir dövlət üçün ciddi sahələr idi. Beş ildən artıq bir müddət ərzində bu sahələrlə məşğul olmağıma və xeyli mühüm qərarlar qəbul etməyimə şad idim. Xatirimdədir, 1983-cü ildə mənim təşəbbüsümlə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Sovet İttifaqında metropolitenin inkişaf etdirilməsinə dair tədbirlər haqqında çox geniş bir qərar qəbul etdi. Həqiqətən, o vaxtlar beş paytaxtda və Rusiyanın, Ukraynanın bəzi iri şəhərlərində metropoliten vardı, məsələn, Xarkovda metropolitenin tikintisinə yenicə başlanmışdı. Yadımdadır, 1980-ci illərdə biz Rusiya Federasiyasının iri şəhərlərində metropolitenlər tikilməsinə dair bir çox qərarlar qəbul etmişdik. Dnepropetrovskda da metro tikintisi haqqında qərar qəbul olunmuşdu. Bu gün mən statistika məlumatına baxdım, bəzi sahələrdə çox şey tikilmiş, bəzilərində isə o qədər də çox tikilməmişdir. Hər halda, qəbul etdiyimiz həmin qərarlar, özü də təkcə onlar deyil, gündəlik əməli işimiz də, böyük rol oynamışdır.
Mən metropolitençilərə, dəmiryolçulara, nəqliyyat tikintisi işçilərinə müraciət edirəm və demək istəyirəm: şadam və xoşbəxtəm ki, o vaxt Sovetlər İttifaqı miqyasında belə mühüm sahəyə rəhbərlik etmək mənə nəsib olmuşdur, bu, mənə çox şey vermişdir. O vaxt mən çox şey öyrəndim, çox şeyi dərk etdim və cəsarətlə deyə bilərəm ki, heç də az iş görməmişəm, ən başlıcası isə, həmin sahələrdə həmişə çox vicdanlı adamlarla, işinə sadiq, öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən, yorulmadan işləyən adamlarla rastlaşırdım. Budur, Moskva, Kiyev, Tbilisi nümayəndələri bu gün buradadırlar. Onlar məhz həmin nəslin, o vaxtlar gördüyüm, birlikdə işlədiyim, birlikdə çalışdığım nəslin nümayəndələridir. Xahiş edirəm, mənim səmimi və ən xoş arzularımı bütün əməkdaşlarınıza, birlikdə işlədiyiniz bütün insanlara yetirin. O vaxtlar birlikdə və dostcasına işlədiyimizə görə onların hamısına "çox sağ olun" deyirəm.
Çox sağ olun!
Bakı Metropoliteni şəhərin həyatında böyük rol oynayır. Artıq burada deyildi ki, gündə 450 min sərnişin daşınır. Bakıda sərnişindaşımanın 30 faizi Bakı Metropoliteninin üzərinə düşür. Metro Bakı kimi böyük şəhərdə nəqliyyatın böyük bir hissəsini təşkil edir. Ancaq iş onda deyil ki, sərnişindaşımanın 30 faizi onun üzərinə düşür. Ümumiyyətlə, metropoliten bütün nəqliyyat vasitələri içərisində ən gözəl nəqliyyat növüdür. Nəyə görə? Birincisi, sərnişinləri mənzil başına çox yüksək sürətlə çatdırır. İkincisi, təhlükəsizlik tamamilə təmin olunur. Üçüncüsü və ən əsası, metropoliten kütləvi nəqliyyat vasitəsidir, hər bir insanın istifadə etmək imkanı olan nəqliyyat vasitəsidir.
İndi Azərbaycanda avtomobillərin sayı günbəgün artır. Avtobus nəqliyyatı Bakıda özəl sektorun hesabına çox yaxşı genişlənibdir. Avtobusların sayı indi istəniləndən də çoxdur. Bu da yaxşıdır. Demək, burada rəqabət var, gediş haqqı ucuzlaşa bilər. Ancaq bunların hamısı metropolitenə uduzurlar. Təbiidir ki, kimin şəxsi avtomobili varsa, avtomobildə gedib-gəlir. Bu, bəlkə də onun üçün daha əlverişlidir. Ancaq yenə sürətinə görə metropoliten ondan üstündür. Yenə də deyirəm, metropoliten hamı üçündür, hamınındır, xalqındır və lap az təminatı olan adamlar da metropolitendən istifadə edirlər və güman edirəm, onlar bundan razı qalırlar. Metropolitenin hamı üçün olması, kütləvi olması, çox yüksək sürətlə insanları daşıması və yüksək texniki səviyyəyə qalxması onu ən qabaqcıl, ən etibarlı, ən rahat, ən gözəl nəqliyyat növü kimi önə çəkir. Ona görə metropoliten deyəndə, bütün xalq üçün nəqliyyat nəzərdə tutulur.
Metropolitenin xüsusiyyəti ondan ibarətdir ki, - Arzu Kərimova bu barədə çox yaxşı dedi, - orada insanlar, sərnişinlər həqiqətən tamamilə dəyişirlər. Məsələn, avtobuslarda, yaxud başqa avtomobillərlə gedənlər içərisində bir-birilə savaşan, açıq deməliyik, bir-birini təhqir edən, hətta bir-birini, - bu ifadəmə görə bağışlayın, - söyən insanlara da rast gəlirsən. Belə insanlar yəqin metro ilə də gedirlər. Amma bunlar hamısı metroda özlərini başqa cür aparırlar. Metroda belə hadisələrə rast gəlmək olmur, bəlkə də rast gəlinir, amma bu, tamamilə nadir bir haldır. Demək, metronun özünün mühiti, onun bütün yaratdığı əhval-ruhiyyə orada, yerin altında insanları tamamilə müsbət mənada dəyişdirir.
Təbiidir, metro işçilərinin işi çox ağırdır. Çünki qatarların iki dəqiqədən bir ardıcıl surətdə bir istiqamətdə, o biri istiqamətə getməsi - bunlar hamısı asan deyildir. İndi onların çoxu müasir cihazlarla idarə olunur. Ancaq yenə asan bir iş deyildir.
Şəhərin başqa yerlərinə nisbətən, metroda tam təmizliyə də rast gəlirsən. Güman etmirəm ki, kimsə metro stansiyasında zibil yerə atsın, döşəməni, yaxud vaqonları zibilləsin. Əgər belələri varsa, mən çox təəssüf edirəm.
Bir sözlə, metropoliten öz quruluşuna görə, xidmət imkanlarına görə - hər şeyə görə digər nəqliyyat növlərindən fərqlənir və ən sevimli nəqliyyat vasitəsidir.
Mən vaxtilə metrodan istifadə edərdim. Keçmişdə Moskva Metropolitenindən çox istifadə etmişəm. Leninqradda oxuyanda da metropolitendən çox istifadə etmişəm. Xatirimdədir, hələ ilk dəfə, gərək ki, 1947-ci ildə idi, Moskvaya gedəndə metropoliteni böyük memarlıq abidəsi kimi seyr edirdim. Bu, tək mənə aid deyil, hamıya aid idi, o vaxt Moskvaya gedən insanlara aid idi. O cümlədən, Azərbaycanın metro stansiyalarının hər biri memarlıq abidəsidir. "Nizami" metro stansiyası bu baxımdan xüsusi fərqlənir. Mən bu işlərlə məşğul olmuşam. Deyə bilərəm ki, 1967-ci ildən sonra tikilən metro stansiyalarının hamısının layihələrinə baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi verirdik. Beləliklə, biz yaxşı metropoliten stansiyaları yaratmışıq. Ona görə metropoliten, eyni zamanda, həqiqətən, mədəniyyət, memarlıq abidəsidir.
Mən dedim ki, metropoliten hamı üçündür. Amma Azərbaycanda metropoliten başqa şəhərdəkilərə nisbətən daha çox hamı üçündür. Çünki sizə bildirmək istəyirəm ki, Azərbaycanda metropolitendə gediş haqqı Müstəqil Dövlətlər Birliyinə daxil olan digər ölkələrin hamısından xeyli ucuzdur. Bilirsiniz ki, bizdə metroda gediş haqqı 250 manatdır. Metrodan istifadə edənlər bunu yaxşı bilirlər. Bu qiymət 1993-1994-cü ildən qoyulubdur, dəyişilmir. Ancaq bütün başqa şəhərlərdə, - Müstəqil Dövlətlər Birliyi ölkələrinə aid olan şəhərləri götürürəm, - gediş haqqı Bakı Metropolitenindəkindən bahadır. Güman edirəm, bizim qonaqlar məni düzgün başa düşərlər. Mən bizim metropolitenin nə qədər ucuz olduğunu əyani surətdə göstərmək üçün gərək o biri metropolitenlərlə müqayisə edəm.
Məsələn, əgər manat hesabı ilə götürsək, Moskva Metropolitenində bir biletin qiyməti 1080 manatdır. Sankt-Peterburqda 880 manat, Novosibirskdə 735 manat, Xarkovda 440 manat, Kiyevdə 440 manat, Tbilisidə 395 manat, Daşkənddə 345 manat, Yerevanda 335 manatdır, - düzdür, orada metropoliten balacadır, cəmi 12 kilometrdir. Müstəqil Dövlətlər Birliyi ölkələrinin paytaxtlarında olan metropolitenlərdən ən kiçiyi Yerevandadır, - Minskdə 320 manatdır. Demək, fərqə baxın. O biri şəhərlərdəki metropolitenlərin gediş haqqı ilə bizimkini müqayisə edəndə, bunların bəziləri 1,5 dəfə, 1,8 dəfə, 2 dəfə, 2,5 dəfə, 3 dəfə, hətta 4 dəfə bahadır.
İndi nə cür olur ki, bu belədir? Biz onlardan dövlətliyikmi? Yox. Metropolitendə gediş haqqının bu səviyyədə saxlanılması üçün Azərbaycanın büdcəsindən ildə təxminən 7 milyon dollar pul ayrılır. Amma, əslində, metropoliten elə bir nəqliyyat vasitəsidir ki, gərək bu, özü-özünü saxlasın və dövlətə qazanc versin. Məsələn, başqa nəqliyyat vasitələrini, elə dəmir yolu, avtobusları götürün. Əgər qazanmasalar, o avtobusları niyə işlədirlər?! İşlətməzlər. Onlar avtobusları işlədərək həm qazanırlar, həm də dövlətə vergi verirlər. Amma metropoliten özünü saxlamaq üçün qazana bilmir. Bunu bilməlisiniz.
Metropolitenin bu cür texniki səviyyədə saxlanması üçün büdcədən pul ayrılır, eyni zamanda, onun işinin rentabelliyini təmin etmək üçün büdcədən subsidiya veririk. Bakı Metropoliteninin rentabelli olması üçün gediş haqqı 1000 manat olmalıdır. Amma bizdə bundan 4 dəfə azdır. Başa düşün, biz metropoliteni bax bu səviyyədə dövlətin hesabına saxlayırıq.
Bilirsiniz ki, biz bu illərdə bazar iqtisadiyyatını tətbiq etmişik. Onun tələblərini hər yerdə həyata keçiririk. Gərək hər bir sahə rentabelli olsun. Özü qazansın və dövlətə vergi versin. Ona görə bir neçə dəfə məsələ qalxıbdır ki, metropolitendə qiymət qaldırılsın. Bu məsələ tamamilə əsaslı qaldırılıbdır. Demək olar ki, biz hər il dövlət büdcəsini hazırlayanda Maliyyə Nazirliyi büdcəni formalaşdırmaq üçün, gəlirləri və xərcləri bir-birinə uyğunlaşdırmaq üçün vəsait axtarır və görür ki, burada imkan var. Çünki qiymət 250 manatdır, əgər bunu heç olmasa 500 manata qaldırsaq, iki dəfə artacaq və dövlətin yükü azalacaqdır. Mənə bir neçə ildir belə təkliflər veriblər. Gələn ilin büdcəsini hazırlayanda da belə bir təklif oldu. Mən bunu qəbul etmədim. Gələn ilə birincisi, həmin qiyməti saxladım, ikincisi də, əgər biz indiyə qədər metronun saxlanması üçün ildə 7 milyon dollar ayırırdıqsa, gələn il üçün bundan iki dəfə çox ayrılıbdır. O cümlədən, "Həzi Aslanov" stansiyasının tikilməsi, ondan sonrakı işlərin görülməsi üçün.
Beləliklə, bilin, indiyə qədər Bakıda metropolitendə qiymət sabitdir, 250 manatdır. Özü də bütün ölkələrdəkindən, şəhərlərdəkindən ucuzdur. Mən gələn il də bu qiymətin saxlanılması üçün göstəriş vermişəm. Ancaq sonrakı illərdə bir az düşünmək lazımdır. Ümumiyyətlə, siz bilməlisiniz, məsələn, əgər qiymət 1000 manat olmalıdırsa və metrodan istifadə edən hər bir insan 250 manat verirsə, deməli, dövlətin hesabına ona 750 manat qalır. Bununla biz, görünməsə də, yəni əhaliyə, yəni metrodan istifadə edən adamlara yardım göstəririk.
Təkcə bu deyildir. Məsələn, elektrik enerjisindən istifadə olunmasını götürün. Satılan enerjinin haqqının cəmi 20 faizini yığmaq mümkün olur. 80 faizini almaq mümkün olmur. Qazın haqqı ondan da az yığılır. Beləliklə, insanların elektrik enerjisindən, qazdan, sudan istifadə üçün vermədikləri pulların hamısını hesablayanda ildə 350 milyon dollar təşkil edir. Əgər elektrik enerjisinin, qazın, suyun pulunu hamı versəydi, biz büdcəyə, - indi bizdə büdcə 1 milyard 200 milyon dollardır, - azı 300 milyon dollar əlavə edərdik. Bununla da maaşların daha da çox artmasını təmin edə bilərdik. Əgər bunu artırmaq mümkün deyilsə, demək, hökumət elektrik enerjisinin pulunu almadığı adamlara, qazın pulunu almadığı adamlara, suyun pulunu almadığı adamlara sosial yardım göstərir. Onlara pulsuz elektrik enerjisi verir, qaz verir, su verir. Ümumiyyətlə, bizim maliyyə vəziyyətimiz belədir.
Mən metro haqqında dedim. Amma bunu deyərək, eyni zamanda, sizə çatdırmaq istədim ki, biləsiniz, metro çox gözəl nəqliyyat vasitəsidir, bundan sonra da ondan yaxşı istifadə etmək lazımdır. Amma bu, dövlətə nəyə başa gəlir, siz bunu bilməlisiniz. Ona görə də bilməlisiniz ki, əgər bütün bu vəsaitlər toplansaydı, bizim büdcənin həcmi daha da çox olardı, maaşları da daha çox artıra bilərdik. Gələn il üçün dövlət büdcəsinə Milli Məclisdə baxılır. Deyə bilərəm ki, biz gələn il demək olar, bütün sahələrdə büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan vətəndaşlarımızın hamısının maaşlarını artıracağıq. Çox ciddi artıracağıq, gözə görünən qədər artıracağıq.
Metronun 35 illik yubileyi, həqiqətən, bizim bütün xalqımızın yubileyinə çevrilir. İndi Bakıda 2 milyon əhali yaşayır. Gündə Bakıya kənardan gələn adamlar təxminən 300-400 min təşkil edir. Azərbaycanın rayonlarından, başqa ölkələrdən gələnlərin əksəriyyəti metrodan istifadə edir. Başqa ölkələrdən gələnlərə də biz çox ucuz metro xidməti göstəririk.
Bu yubiley günü bir daha demək istəyirəm ki, metronun tikilməsi və bu səviyyəyə gətirilməsi çox çətin iş idi. Mən Rəhimovun sözlərinə yenə qayıtmaq istəyirəm ki, inşaatçılar böyük fədakarlıq göstərməsəydilər, metronu bu cür tikmək mümkün deyildi.
Mənim xatirimdədir, 1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud, tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər.
Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm. Bilirsiniz, birincisi, metronun maliyyələşdirilməsi Moskvadan xüsusi xətlə gəlirdi. O vaxtlar onun Azərbaycanın dövlət büdcəsinə aidiyyəti yox idi. Bu, mərkəzləşmiş maliyyələşdirmə idi. Haraya vəsait vermək olar, hara vermək olmaz - bunu Moskva, Nazirlər Soveti, Mərkəzi Komitə müəyyən edirdi. Hər il gələn il üçün metronun tikintisinin vəsaitini almaq üçün biz mərkəzlə nə qədər iş aparırdıq. Məhz bizim apardığımız o gərgin işlərin nəticəsində vəsaitləri ala bilirdik. Amma təkcə vəsaitin alınması deyildi. Ondan sonra bəzi şəhərlərdə metronun tikilməsinə başlandı. Metronun tunellərində istifadə olunan çuqun tübinqlərin və başqa ləvazimatın istehsalını istənilən səviyyədə etmək mümkün deyildi. Çünki zavodlar buna hazır deyildi.
Mənim xatirimdədir, Moskvada Nəqliyyat Tikintisi Nazirliyinin kollegiyalarında biz bu məsələni bir neçə dəfə müzakirə etmişdik. Göndərilən tübinqlər Bakı üçün kifayət etmirdi. Mən orada öz imkanlarımdan istifadə edərək, təbiidir ki, Bakının bütün tələbatını artıqlaması ilə ödəyirdim. Çünki Bakıda işləməsəydim də, mənim qəlbim, ürəyim burada idi. Ona görə də mənim orada işləməyim və bilavasitə bu sahə ilə də məşğul olmağım o illərdə, ondan sonrakı illərdə metro inşaatının çox sürətlə getməsi üçün çox kömək etdi, çox böyük amil oldu. Beləliklə, 1969-cu ildən mən bununla məşğul olmuşam. İndi də müstəqil dövlətimizdə məşğul oluram.
Mən dedim ki, metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir. Ancaq bu, azdır. Biz metro inşaatını davam etdirməliyik. Bu il "Həzi Aslanov" stansiyası açılacaqdır. Ancaq məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər.
"Məşədi Əzizbəyov" metro stansiyası vasitəsilə Bakı şəhərini hava limanı ilə birləşdirmək mənim o illərdən olan fikrimdir. Bəli, bu, o illərin layihəsində var. Bu, mənim fikrimdir, bunu edəcəyik. Əgər bunu etsək, insanlar üçün nə qədər rahatlıq yarada bilərik. Amma bir o deyil, başqa xətlər də var. Bunlar hamısı müstəqil Azərbaycanın vətəndaşlarına daha yaxşı şərait yaratmaq üçündür. Onlara daha yaxşı, etibarlı, təhlükəsiz nəqliyyat xidməti göstərmək üçün lazımdır.
Mən bu bayram günü hamınızı, bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Bu sahədə işləyən insanlara bir daha təşəkkür edirəm. Bildirmək istəyirəm ki, müstəqil Azərbaycan dövləti və onun prezidenti bundan sonra da metro tikintisinə böyük diqqət yetirəcək və mövcud metronun yüksək səviyyədə istifadə edilməsini daim öz nəzarəti altında saxlayacaqdır.
Bayramınız mübarək olsun!
Metropolitençilərə yeni-yeni uğurlar arzulayıram!
"Azərbaycan" qəzeti, 7 noyabr 2002-ci il.